Torpaq sürüşməsi və uçqunlar. Torpaq sahələrinin üzərindəki tikililərlə
birlikdə yamacın sürüşməsi, Qafqaz dağ silsiləsinin şimal-şərq və cənub
yamaclarında, xüsusən də, İsmayıllı (Girdmançay hövzəsində), Ağsu (Ataçay
hövzəsi), Şamaxı (Qozluçay , Pirsaatçay ətraflarında) və Xızı rayonlarında daha tez-
tez baş verir. Belə hallar həmçinin Şabran, Zaqatala, Qusar, Oğuz rayonlarında da
müşahidə edilir. Talış dağları zonasında, o cümlədən Yardımlı çökəkliyində də güclü
sürüşmələrə rast gəlinir. Sürüşmə və uçqun halları Qobustan ərazisinin dağlıq
hissəsini, Qaradağ və şərqi Abşeronun təpəlik ərazilərini də əhatə edir. Bir çox
hallarda geniş sürüşmələrə sel və zəlzələlər də səbəb olur.
Məsələn, 1986-cı ildə İsmayıllı rayonunda sürüşmə məhz zəlzələ nəticəsində baş
vermişdir.
Daşqınlar və subasmalar. Respublikanın ərazisində fəaliyyətdə olan əsas 4 su
qovşağı (Şəmkir, Mingəçevir, Araz, Sərsəng) və 6 su hövzəsinin (Arpaçay,
Akstafaçay, Vayxır, Ceyranbatan, Yuxarı Xanbulaq, Xaçınçay) bəndləri, zəlzələ
nəticəsində yaxud digər səbəblərdən yarılarsa, böyük ərazilərdə fəlakətli daşqın və ya
subasma zonaları yarana bilər. Belə bir hadisə baş verərsə, respublika tabelikli
şəhərlərin, rayon mərkəzlərinin, yaşayış məntəqələrinin əraziləri, dəmir yolu xətləri,
avtomobil yolları, körpülər, rabitə və elektrik xətləri müxtəlif dərəcədə dağılar və ya
su altında qala bilər.
Qeyd olunan su qovşağı və su hövzələrinin törədə biləcəyi fəlakətli subasma
zonalarının ümumi sahəsi 20.000 kv.km təşkil edir ki, nəticə etibarı ilə, orada 1
milyondan çox əhali evsiz-eşiksiz qalar, xalq təsərrüfatına isə külli miqdarda ziyan
dəyər.
Respublika ərazisinin böyük bir hissəsi şimal sərhədlərindən başlayaraq Bakı,
Sumqayıt kimi iri şəhərlər də daxil olmaqla cənub sərhədlərinədək (800 km), Xəzər
dənizi sahilində yerləşir.
Son illər dəniz səviyyəsinin 1,5 m-dən çox qalxması nəticəsində, Xəzər ətrafı
zonalarda, xüsusən Abşeron yarımadasında və Lənkəran-Astara bölgəsində bir çox
müəssisələrin və yaşayış məntəqələrinin suyun altında qalmaq təhlükəsi yaranmışdır.