Naturizm və ya animatizm təbiət qüvvələrinin şəxsiləşdirilməsi, fiziki dünyada baş verən hadisələrin sakrallaşdırılması, başqa sözlə desək, təbiətə sitayiş etməkdir. Naturizm nəzəriyyəsində belə bir fikir irəli sürülür ki, ictimai inkişafın erkən dövrlərində insanlar ildırım, fırtına, zəlzələ, vulkanlar, günəş və ay tutulması, eləcə də digər təbiət hadisələri qarşısında qorxu və dəhşətə qapılmış, təbiət qarşısında aciz olduğunu başa düşmüş, bunun nəticəsində də təbiət hadisələrini tanrılaşdırmışlar.