I FƏSİL. Yerli özünüidarəetmə orqanlarının formalaşmasının əsas prinsipləri və ümumi srtukturu. 1.1. Yerli özünüidarəetmə orqanlarının mahiyyəti , yaranma səbəbləri. Hal-hazırda yerli özünüidarəetmə anlayışına nəzəri cəhətdən verilmiş tərifə elmi, hüquqi və ya siyasi ədəbiyyatda nadir hallarda təsadüf olunur. Eyni zamanda bir sıra alimlər buna cəhd edirlər.Məsələn: V.İ.Fadeyev hesab edir ki, yerli öünüidarəetmə- müəyyən ərazi üzrə bütün sakinlərin marağı nəzərə alınmaqla bələdiyyə mülkiyyətinin idarə edilməsi, əhali tərəfindən yerli əhəmiyyətli məsələlərin müstəqil sürətdə həll edilməsini təmin edən vətəndaşların fəaliyyəti və təşkilatlar sistemidir.1 Yerli özünüidarəetmənin Avropa Xartiyasında yerli özünüidarəetmə, yerli əhalinin maraqları öz məsuliyyəti və qanun çərçivəsində yerli özünüidarəetmə orqanlarının kifayət qədər dövləti işlərin reqlamentləndirilməsi və idarə edilməsi olan hüquqi və real qabiliyyətidir.2 Hazırda yerli özünüidarəetmə məfhumuna iki aspektdə yanaşmaq olar:
1. Yerli özünüidarəetmə vətəndaşların, yeli cəmiyyətin işlərini müstəqil idarə etmək hüququdur.
2. Yerli özünüidarəetmə konstitusion quruluşun əsaslarından biridir, hakimiyyətin təşkilinin əsas, başlıca prinsipidir. Bu isə hakimiyyət bölgüsü ilə yanaşı idarəçilik sistemini müəyyənləşdirir.
Yerli özünüidarəetmənin əsas məqsədlərindən biri- adamları birləşdirmək, onlarda idarə etmək ideyasını formalaşdırmaqdır. Ən mühüm təsisatlardan biri olan yerli özünüidarəetmənin daha da inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas məqsədinə çevrilməsidir.Yerli özünüidarəetmə ilkin xalq hakimiyyəti orqanıdır. O, həm də hər bir ölkənin ictimai və dövlət həyatının demokratik təşkili ilə zəruri ünsürüdür. Yerli idarəçiliyin araşdırılmasında « yerli əhəmiyyətli məsələlər » , « yerli məsələlər » anlayışına diqqət yetirmək lazımdır. Yerli əhəmiyyətli məsələlərə - kommunal təsərrüfat ( bələdiyyə yaşayış fondunun yerli işləri, sanitar vəziyyəti üzrə idarəçilik və s.) məsələlərini aid etmək olar.
Yerli özünüiadarəetmə əhaliyə ən yaxın sahə olduğundan yerli əhəmiyyətli məsələlərin həlindən çox şey asılıdır. Yerli özünüidarəetmə məsələlərində vətəndaş ilk növbədə sakin, sonra isə siyasi münasibətlərin iştirakçısıdır.
Beləliklə, dövlət işləri « yerlər » üçün olduqca əhəmiyyətlidir, eyni zamanda lokal aktlar ümumdövlət fəaliyyətinin vəziyyətini müəyyənləşdirir. Bu baxımdan, Azərbaycan Respublikası demokratik, hüquqi dövlət kimi dövlətin bütün siyasətini insana ləyaqətlə yanaşılmasına və onun azad inkişafının təmin edilməsinə yönlətməlidir.
Cəmiyyətin yaranıb, inkişaf etdiyi dövrlərdən başlayaraq hər bir insan qrupu qarşısında duran məsələləri həll etmək üçün müxtəlif üsul və vasitələr arayaraq bu fəaliyyəti çoxşaxəli formada həyata keçirmişdir. Bəşəriyyətin bütün in kişafı ərzində öz həllini gözləyən sosial, siyasi iqtisadi və s. problemlərin kompleks şəkildə araşdırılması zəruriyyəti yaranmışdır.3 Siyasi problemlərin həllində cəmiyyət üzvlərinin siyasi maariflənməsi, dövlətin və cəmiyyətin idarə olunmasında onların iştirakının təmin edilməsi və formaları, dövlət idarəçilik üsulu, siyasi rejim, dövlət idarəçilik mexanizmi mühüm rol oynayır. Heç şübhəsiz bu və ya digər məsələ heç bir zaman ideal sonluğa qədər həll edilmir. Çünki həyatın dinamik inkişafı daim təkmilləşən cəmiyyətin hər hansı bir məsələsinə yeni yanaşma tələb edir.
Ümumiyyətlə, cəmiyyətdə problemlərin mövcud olduğuna tənəzzül əlaməti kimi deyil, tərəqqi üçün təkanverici amil kimi baxmaq lazımdır. Bu problemlər isə dövlət və onun orqanları tərəfindən deyil, həm də cəmiyyət üzvlərinin iştirakı ilə həll edilir. Onların həmin məsələlərin həllində iştirakı və bu iştirakın formaları xüsusi əhəmiyyət kəsb edir.
Yerli əhəmiyyətli məsələlərin yerli əhali tərəfindən özünüidarəetmə üsulu ilə həll edilməsi, əhalinin özünüidarəetmə fəaliyyətinin genişlənməsi yuxarıda göstərilən həll olunmalı olan problemlərdəndir. Həm də bu problemlərin həllində ayrı-ayrı şəxslər və fərdi mənafelər deyil, kollektiv formada ərazi prinsipinə əsaslanan , məhəlli qupların mənafeləri əsas götürülür ki, bu da öz növbəsində özünüidarəetmənin sosial təbiətini izah edir.
Yerli özünüidarəetmə haqqında nəzəriyyələr demokratik- hüquqi dövlət quruculuğu dövründə, XIX əsrin birinci yarısında dövlətlə şəxsiyyət, yerli və mərkəzi orqanların qarşılıqlı münasibəti üzrə mühakimələr əsasında yaranmışdır. Nisbi mərkəzdən qaçma və muxtariyyatı nəzərdə tutan yerli özünüidarəetmə müxtəlif siyasi qüvvə və hərəkatların diqqətini cəlb edərək hakimiyyət uğrunda mübarizədə əlverişli şüara çevrilmişdir. Onlar XVIII- XIX əsrlərdə aparılan islahatlarla bağlıdır.
Alimlər yerli özünüidarəetnə haqqında nəzəriyyələrin sayının müəyyənləşdirilməsinə müxtəlif cür yanaşmışlar. Əsasən yerli özünüidarəetmə haqqında beş nəzəriyyə fərqləndirilir :
1. Azad icma nəzəriyyəsi;
2. Özünüidarəetmənin ictimai nəzəriyyəsi;
3. Özünüidarəetmənin dövlət nəzəriyyəsi;
4. Bələdiyyə idarəçiliyinin dualizmi nəzəriyyəsi;
5. Sosial xidmət nəzəriyyəsi.
Azad icma nəzəiyyəsi XIX əsrin əvvəllərində alman müəllifləri tərəfindən işlənib
hazırlanmışdır. Bu nəzəriyyənin məqsədi dövlətin icmanın işlərini müdaxiləsinin məhdudlaşdırılması zərurətini əsaslandırmaqdan ibarət idi. Icma dövlətdən əvvəl mövcud olmuşdur. Sonuncu icmalar siyasi və iqtisadi motivlər üzrə birliyin nəticəsində yaranmışdır. Dövlət yaranmazdan əvvəl icma bütün məsələlərin həllində müstəqil qurum idi. O, xarici təsirlərdən azad idi. Icmanın yaratdığı dövlətin meydana çıxsı ilə onların vəziyyəti dəyişir. Bir sıra amillərdən asılı olaraq, icmalar dövlətin zəruriliyini tanımağa və ondan asılı olmağa məcbur oldular. Icmalar öz azadlıqlarının bir hissəsindən imtina etməli oldular. Dövlətin yaranması ilə azad icmanın mütləq müstəqilliyi məhdudlaşdı.4 Azad icma nəzəriyyəsi təbii hüquq ideyalarına söykənirdi. 1831-ci il Belçika Konstitusiyasına əsasən qanunverici, icra , məhkəmə ilə yanaşı bələdiyyə hakimiyyətini də təsbit edirdi. Lakin bu cür yanaşma təcrübədə özünü doğrultmadı. Bələdiyyənin dördüncü hakimiyyət kimi fərqləndirilməsi cəmiyyət və dövlətin vahidliyi və bütövlüyü üçün təhlükəlidir.
Azad icma nəzəriyyəsinin tərəfdarları göstərir ki, icmanın öz işlərini idarə etməsi insan hüquq və azadlıqları kimi təbii və ayrılmaz xarakter daşıyır, icma taixən dövlətdən əvvəl yarandığı üçün icma idarəçiliyinə hörmət etməlidir.5 Hüquq nəzəriyyəsi də geniş yayılmışdır. Bu nəzəriyyənin nümayəndələri Q.Yelmenen, E.Mayer, N.Korqunov, V.Çiserin olmuşdur. Onların fikrincə, özünü idarəetmə orqanları dövlət orqanı deyildir, lakin dövlət onların müstəqilliyini və toxunulmazlığını tanıyaraq tam şəkildə bir sıra hökumət səlahiyyətlərində güzəştə gedir. Öznüidarəetmənin təsərrüfat və ictimai nəzəriyyəsi və onun mahiyyəti özünüidarəetmənin yerli təsərrüfat məsələləri üzrə idarəçilikdən ibarət olmalıdır. Təsərüfat xarakterli məsələlərin həlli yerli özünüidarəetmədə ön plana çəkilmişdir. Lakin tarixi təcrübə göstərir ki, özünüidarəetmə orqanlarının fəaliyyəti təkcə təsərrüfat məsələləri ilə məhdudlaşmır. Öz səlahiyyəti daxilində funksiyaların həyata keçirilməsi özünüidarəetmə orqanlarının kütləvi hakimiyyət orqanı olmasını göstərir.
Özünüidarəetmənin təsərrüat və ictimai nəzəriyyəsi azad ( təbii ) icma nəzəriyyəsi kimi dövləti cəmiyyətə qarşı qoyur. Bu nəzəriyyənin ən zəif cəhəti onun tərəfdarlarının özünüidarəetmə orqanlarının qeyri – dövlət kütləvi- hüquq işlərinin dəqiq siyahısını tərtib edə bilməməsidir. Hal-hazırda tam şəkildə sırf yerli təsərrüfat məsələlərinin fərqləndirilməsinə nail olunmamışdır.
Yerli özünüidarəetmənin siyasi nəzəriyyəsi R. Qneyst tərəfindən yaradılan siyasi nəzəriyyəyə görə , yerli özünüidarəetmənin mahiyyətinin onun öz vəəzifəsini əvəzsiz olaraq yerinə yetirən yerli əhalinin fəxri nümayəndələri tərəfindən həyata keçirilməsi təşkil edir. Bu nəzəriyyənin yumşaq forması olan O.Mayer təliminə görə özünüidarəetmə vəzifə və funksiyalarının əsas məşğuliyyət növü deyil, əlavə olaraq yerinə yetirilməsidir.6 Bu təlimin tərəfdarları yerli özünüidarəetmədə ictimai elementlərin cəlb edilməsinin hüquqi baxımdan daha çox siyasi xarakter daşımasını qeyd edirlər.
Özünüidarəetmənin dövlət nəzəriyyəsi Lorenn Şteyn və Rudolf Qneyst tərəfindən işlənmişdir. Bu təlimə görə yerli özünüidarəetmə mahiyyət etibarilə dövlət idarəetmə orqanıdır, onalrın mahiyyəti xüsusi, təbii olmayıb bütövlükdə dövlət tərəfindən yaradılaraq tənzim edilir. Dövlət özünüidarəetməsi nəzəriyyəsinin tərəfdarlarının fikrincə yerli özünüidarəetmənin səlahiyyətinə daxil olan məsələlər eyni zamanda dövlət idarəetmənin vəzifəsinə aiddir. Eyni vəzifənin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən icra edilməsi bu orqanın qeyri dövlət xarakteri daşımasını təkzib edir. Bu nəzəriyyəyə görə, özünüidarəetmənin dövlətdən ayrılması cəmiyyətdə ciddi ziddiyyətlərə , iki hakimiyyətliliyə və dövlətin məhv olmasına gətirib çıxara bilər. Tarixi təcrübəyə əsasən dövlətdə sabitlik olduqda özünüidarəetmə səmərəli fəaliyyət göstərir.
Özünüidarəetmənin dövlətlə əlaqəsi onun dövlət işləri, vergi siyasətinin həyata keçirilməsində , özünüidarəetmə haqqında qanunların qəbul edilməsi , seçkilər ictimai qaydanın təmin edilməsində, sosial təminatda ifadə olunur.
Özünüidarəetmənin siyasi nəzəriyyəsi real həyata daha yaxındır.Dövlətin mövcud olduğu cəmiyyətdə yerli özünüidarəetmə dövlətdən asılı olur. Dövlət qanun qəbul etməklə yerli özünüidarəetmənin mövcud olub –olmaması məsələsini həll edir. Bələdiyyə fəaliyyətinin ikili xarakteri öz əksini bələdiyyə idarəçiliyində dualizm nəzəriyyəsində tapmışdır. Bu nəzəriyyəyə görə bələdiyyə orqanları müvafiq idarəçilik funksiyaların dövlət inzibati mairliyinin aləti kimi yerli maraqları nəzərə almaqla həyata keçirir.
Sosial xidmət nəzəriyyəsi əsasında bələdiyyələrin əsas vəzifəsinə öz əhalisinə xidmətin təklif olunması aiddir.Bu nəzəriyyəyə görə bələdiyyə fəaliyyətinin əsas məqsədi yerli sakinlərin yaxşı yaşayışıdır. Özünüidarəetmədə dövlətçilik və ictimaililiyin nəzərə alınması cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Bu iki əsasın köməyi iə vacib ictimai –dövlət vəzifələri həll olunur.
Bəzi ölkələrdə (məsələn,Böyük Britaniyada) yerli özünüidarəetmə və idarəetmə məsələləri konstitusiya hüququnun deyil,inzibati hüququn normaları ilə tənzim olunur.Lakin bu hüquq sahələrinin tətbiq edildiyi münasibətlər arasında dəqiq fərq qoyulmur.Yerli idarəetmə haqqında əsas müddəalar əksər ölkələrin konstitusiya hüququnda nəzərdən keçirilir.Lakin bəzi postsosialist ölkələrdə və başqa dövlətlərdə xüsusi bələdiyyə hüququ sahəsi və elmi formalaşmaqdadır.
Yerli özünü idarəetmənin yaranmasının əsas səbəblərindən biri dövlətin inzibati-ərazi bölgüsüdür.Dövlətin (federasiyalarda-federasiya subyektlərinin) ərazisi inzibati-ərazi vahidlərinə bölünür.Yalnız çox kiçik dövlətlərdə (Aruba,Bəhreyn,Malta,Nauru,Tuvalu və s.) belə bölgü yoxdur. Həlqələrin sayından asılı olaraq, inzibati-ərazi bölgüsünün aşağıdakı növləri vardır: 1) ikihəlqəli: vilayətlər ( quberniyalar, dairələr, əyalətlər ) –icmalar (munisipilər,kommunalar) ; 2) üçhəlqəli :vilayətlər-rayonlar-icmalar; 3) dördhəlqəli: regionlar-vilayətlər-rayonlar –icmalar. Məsələn, ikihəlqəli bölgü Bolqarıstanda , üçhəlqəli Çində, dördhəlqəli Fransada mövcuddur.Belə vahidlərin hər birində onu idarə etmək üçün ya təyin olunan vəzifəli şəxs (Finlandiyada qubernator, Polşada voyevoda, Bolqarıstanda vilayət müdiri), ya təyin olunan vəzifəli şəxs və vətəndaşlar tərəfindən seçilən şura (Fransa departamentində prefekt və baş şura), ya da yalnız seçkili şura, onun seçkili sədri və seçkili mer (Böyük Britaniyanın qraflıqlarında, Fransanın kommunalarında) vardır.7 Ərazi kollektivinin dövlət hakimiyyəti və kütləvi kakimiyyətin həyata keçirilməsindəki rolu böyükdür. Yerlərdə, yəni inzibati-ərazi vahidlərində, inzibati muxtariyyət rayonlarında idarəetməni həyata keçirən orqanların xarakteri iki amillə müəyyən edilir: 1) ərazi kollektivinin dövlət hakimiyyəti və kütləvi hakimiyyət anlayışına müxtəlif yanaşma və 2) inzibati-ərazi vahidlərinin “təbii” və “süni” vahidlərə bölünməsi doktrinası.
Əksər dövlətlərdə belə bir konsepsiya qəbul olunmuşdur ki, yalnız mərkəzi orqanlar (parlament, dövlət başçısı, hökumət və s.), onların yerlərdəki nümayəndələri (təyin edilən qubernatorlar, prefektlər, komissarlar), habelə məhkəmələr dövlət hakimiyyəti orqanlarıdır.Yerlərdəki seçkili orqanlara və onların təşkil etdiyi idarələrə gəldikdə isə onlar ərazi kollektivlərinin yerli özünüidarəetmə və idarəetmə orqanları hesab edilir. Bu da kütləvi hakimiyyətdir, lakin dövlət hakimiyyəti deyil, ərazi kollektivləri hesab edilən (heç də bütün inzibati-ərazi vahidləri ərazi kollektivləri hesab edilmir) inzibati-ərazi vahidlərində yaşayan əhalinin hakimiyyətidir. Belə yanaşmanın mənbəyi əvvəllər böyük nüfuza malik olmuş “icma nəzəriyyəsi”dir.
Yerli özünüidarəetmə orqanları öz səlahiyyətlərinə aid məsələlər üzrə müstəqildir və mərkəzi orqanlar həmin səlahiyyətlərə aid bu və ya başqa məsələni necə həll etmək barədə onlara göstəriş vermək hüququna malik deyildir (məsələn, yerli büdcədə təhsil məqsədləri üçün nə qədər vəsait ayırmaq, çayın üstündən körpü salmaq və ya kənd klubu tikmək barədə və s.). Yerli özünüidarəetmə orqanları qanunları pozduqda mərkəzi orqanlar müdaxilə etmək hüququna malikdirlər.Totalitar sosializm ölkələrində sovetlər sistemindən fərqli olaraq, yerli özünüidarəetmə orqanları bir-birinə tabe olmur: yerli özünüidarəetmə orqanlarının hər bir həlqəsi özünə məxsus olan səlahiyyətləri həyata keçirir.
Yerli özünüidarəetmə orqanları mərkəzi dövlət orqanlarının tapşırığı ilə onların bəzi səlahiyyətlərini də həyata keçirə bilər.Bu halda dövlət orqanlarının onlara konkret göstərişlər vermək hüququ vardır.Bunun üçün yerli özünüidarəetmə orqanlarına zəruri maddi və maliyyə vəsaitləri də verilir.Yerli özünüidarəetmə orqanlarının hüquqi statusu müfəssəl şəkildə xüsusi qanunlarla (bəzi postsosialist ölkələrdə özünüidarəetmənin əsasları haqqında qanunlarla), habelə onların qəbul etdiyi xartiyalarla,nizamnamələrlə və ya hətta Braziliyada olduğu kimi, yerli üzvü qanunlarla (yerli özünüidarəetmə orqanlarının qəbul etdiyi və onların hüquqi statusunu tənzim edən aktlar belə adlanır) tənzim olunur.
Lakin bəzi ölkələrdə yerli özünüidarəetmənin başqa-“dövlət” nəzəriyyəsi qəbul olunmuşdur : bu orqanlar mərkəzi hakimiyyətin davamı olaraq mərkəzin –nazirliklərin agentləri kimi nəzərdən keçirilir.Belə yanaşma çox vaxt onunla əsaslandırılır ki, yerli özünüidarəetmə orqanları vəsaitlərin əsas hissəsini dövlət büdcəsindən alırlar, prinsipial məsələlər üzrə onların siyasəti isə dövlət orqanları ilə vəhdət təşkiletməli və mərkəzdən müəyyən edilməlidir.
“Təbii” və “süni” inzibati-ərazi vahidləri - yuxarıda qeyd edilmiş ikinci amil, yəni inzibati-ərazi vahidlərinin müxtəlif təbiətə malik olması, bütövlükdə yerli orqanların quruluşu ilə müqayisədə onların statusuna prinsipial yanaşmaya daha az təsir edir.Bir çox ölkələrdə qəbul olunmuş elmi konsepsiyaya müvafiq olaraq, “təbii” və “süni” inzibati-ərazi vahidləri fərqləndirilir. “Təbii” vahidlərə müxtəlif növ yaşayış məntəqələri, kəndlər və şəhərlər aiddir.Adətən,orada insanlar su mənbəyi ətrafında birgə yaşayış üçün tarixən və “təbii olaraq” qruplaşmışlar.Onlar idarəetmə üçün müxtəlif şəxsləri –başçıları və ya ağsaqqalları seçir və özlərinin kollegial idarəetmə orqanlarını -yığıncaqlarını və ya şuralarını yaradırlar.Bu forma müasir hüquqda icma (kommuna) özünüidarəetməsi adını almışdır.Hüquqda şəhərlər də icma hesab edilir, lakin iri şəhərlərin səlahiyyətləri genişdir.Hazırda yaşamağa qabil olmayan xırda icmaların iriləşməsi meyli müşahidə olunur.Niderlandda onların sayı iki dəfə, Almaniyada isə üç dəfə azalmışdır.
Dövlət orqanlarının aktları ilə ölkə ərazisinin rayonlaşdırılması “süni” inzibati -ərazi vahidlərinin –voyevodalıqlarının, quberniyaların, vilayətlərin, rayonların və s. meydana gəlməsinə səbəb olmuşdur. Ərazi kollektivləri hesab edildikdə, bu vahidlərdə seçkili özünüidarəetmə orqanları yaradıla bilər və ya yalnız yuxarıdan təyin olunan məmurlar fəaliyyət göstərə bilər ( Polşada voyevodalar, Bolqarıstanda vilayət müdirləri, Tailandda qubernatorlar bə s.). Seçkili orqanların mövcudluğu regional özünüidarəetmənin, təyin olunan məmurların mövcudluğu isə regional dövlət idarəetməsinin olması demekdir. Seçkili regional özünüidarəetmə orqanları (adətən, onlar icma vahidlərində olduğu kimi, şuralar adlanır ) yerli özünüidarəetmənin regional inzibati idarələrini yaradırlar. Bu , yerli özünüidarəetmənin səlahiyyətlərinə aid işləri idarə edən məmurlardır. Dövlət regional idarəetməsinin də öz inzibati idarələri –qubernatora,voyevodaya və ya prefektə tabe olan məmurlar aparatı vardır. Demokratikölkələrdə təyin olunan dövlət idarəetmə orqanları yalnız regional səviyyədə olur, lakin yarımdemokratik, avtoritar və totalitar regimli ölkələrdə icmalara da dövlət nümayəndələri təyin olunur (lakin az-az hallarda ). Bununla bərabər, bir çox ölkələrdə aralıq inzibati -ərazi vahidləri – rayonlar və dairələr mövcuddur. Başqa inzibati ərazi vahidlərindən fərqli olaraq, bu vahidlərdə nümayəndəli orqanlar seçilmir. Həmin əraziləri təyin olunan məmurlar və ya yuxarı şuraların nümayəndələri idarə edir.8 Konstitusiya hüququnun marksist-leninçi konsepsiyasında bu və ya digər fərqlər ( dövlət hakimiyyəti və yerli özünüidarəetmənin siyasi hakimiyyəti arasında fərq, icma və regional özünüiadrəetmə və idarəetmə arasında fərq ) nəzərdə tutulmur. “Bütün hakimiyyət Sovetlərə!” şüarına müvafiq olaraq, sovetlər tipli bütün orqanlar –xalq sovetləri, zəhmətkeş deputatları sovetləri, deputat məclisləri və s. bütün ölkə ərazisində yeganə tamhakimiyyətli orqanlar hesab edilir. Onlar vətəndaşlar tərəfindən seçilir ( bəzi ölkələrdə müəyyən dövrlərdə yalnız zəhmətkeş vətəndaşlar tərəfindən seçilirdilər ) və şaquli xətt üzrə bir-birinə tabedir. Onlar bələdiyyə muxtariyyətinə malik deyiller.Sovetlər dövlət orqanı hesab edilir.
Bütün bunları ümumiləşdirərək qeyd edə bilərik ki, yerli özünüidarəetmə dedikdə, əhalinin rifahını təmin etmək məqsədilə yaradılan yerli ərazi birliyi nəzərdə tutulur.Bu sistem yerli əhəmiyyətli məsələləri öz məsuliyyəti ilə dövlətin qüvvədə olan qanunvericilik aktlarına müvafiq şəkildə həll edir. Bələdiyyə mənaca ərəb sözü olub şəhər idarəsi deməkdir. Bu orqanların seçkili olması və yerli əhəmiyyətli məsələlərin həllində kifayət qədər müstəqilliyi başlıca əlamət kimi çıxış edir. Belə ki, bələdiyyənin özünün xüsusi icra aparatı, bələdiyyyə mülkiyyəti formasında maddi bazası , yerli vergiləri müəyyənləşdirmək və yığmaq, normativ aktlar qəbul etmək səlahiyyəti ola bilər. Bəzi ölkələrdə isə yerli özünüidarə orqanları daha böyük səlahiyyətə malikdirlər. Geniş mənada özünüidarəetmə müəyyən ərazidə məskunlaşmış əhalinin əsas hüquq və azadlıqlarının qorunmasına, yerli problemlərin həllinə fəal və mütəşəkkil qaydada qoşulmasını təmin edən demokratik institutdur.
Yerli özünüidarəetmənin əsas məqsədlərindən biri insanları birləşdirmək, onların hər biri üçün əlverişli olan məqsədlər əsasında bu birlikləri müəyyən bir sosial topluma çevirməkdir. Yerli özünüidarəetmə idarəetmənin aşağı pilləsi olub demokratik dövlətin ayrılmaz bir əlaməti hesab olunur. Real hakimiyyətə malik yerli özünüidarəetmə orqanlarının mövcudluğu səmərəli və eyni zamanda vətəndaşa daha yaxın idarəetmə sisteminə təminat verir. Yerli özünüidarəetmə inkişaf etmiş vətəndaş cəmiyyətinin əlamətlərindən biridir.