Mövzu 3.Kommunikasiya prosesində qrammatik normanın rolu Nitq mədəniyyətinin nəzəri əsaslarından danışılarkən, adətən, ədəbi dilin normaları öz plana çıxır. Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir. Nisbi sabitliyi yaradır. Ədəbi dilin normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafik və leksik normalarında daha çox özünü göstərir. Orfoqrafiya qaydalarında dəfələrlə edilən dəyişikliklər, onlarla sözün yeni qaydalara uyğun yazılması, eləcə də dilin lüğət tərkibində bir sıra sözlərin ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları bu dəyişikliyə, yeniləşməyə sübutdur.
Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. “Ədəbi dilin normalaşdırılması o deməkdir ki, onun lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası və işlənmə məqamları, tələffüz tərzi və yazılış qaydası müəyyən prinsiplərə tabe edilir, sözdüzəltmə ümumi ənənəvi qaydada aparılır, ədəbi dil dialektlərə, loru dilǝ, jarqonlara qarşı qoyulur” .Ədəbi dilin normalarını pozanlar ictimaiyyət tərəfindən məzəmmət olunurlar. Fransa, Latviya və digər inkişaf etmiş ölkələrdə dil qanunlarını pozanlar hətta cəzalandırılır. Məhz bu normaların sayəsində nitqin bütün şəraitində - məişətdə, istehsalatda, ictimai-siyasi mühitdə, təhsildə və s. Yerlərdə dil özünün müxtəlif ünsiyyət fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilir.
Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: fonetik normalar, leksik normalar, qrammatik normalar, orfoqrafik normalar, orfoepik normalar, üslub normaları. Bu normalardan, xüsusilə dilin leksik vahidlərindən yerində, məqamında məqsədəuyğun istifadə edildikdə mədəni nitqə nail olmaq mümkündür.
“Danışan və yazan şəxs öz fikirlərinin ifadəsində dil vasitələrindən məqsədəuyğun ifadə edirsə, onun nitqi aydın, dəqiq, məntiqi, təsirli, zəngin,düzgün olacaqdır. Nitq fəaliyyətində dil normalarının və məqsədəuyğunluq normasının ittifaqı nitqdə aşağıdakı üslubi keyfiyyətləri yaradır: düzgünlük, dəqiqlik, aydınlıq, məntiqilik, ardıcıllıq, ifadəlilik, məqamlıq, ahəngdarlıq. Məhz bu keyfiyyətlərə malik olmaqla dil öz funksiyasını (anlaşma, məlumat vermək və təsir göstərmək) lazımi səviyyədə, üslubi meyarlara uyğun şəkildə yerinə yetirə bilər”.
Qrammatik normalar. Dilin qrammatik quruluşunun nitq prosesində fəaliyyətini nizamlayır. Bu normalara dilin öz təbiəti, qanunauyğunluğu, dildə axıcılıq, rəvanlıq, ardıcıllıq və s. Tələblərin gözlənilməsi baxımından məqbul sayılan əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin sıralanması, qrammatik kateqoriyaların işlənməsi və s. İlə bağlı qaydalar daxildir. Qrammatik normalara aşağıdakıları misal göstərək. Söz kökündən sonra əvvəlcə sözdüzəldici (söz yaradan), sonra isə sözdəyişdirici şəkilçi (qrammatik funksiyanı yerinə yetirən) İşlənir. Məsələn, arı-çı-lıq-dan, sənət-çi-lər və s. Miqdar və qeyri-müəyyən sayından sonra işlənən isim cəm şəkilçisi qəbul etmir: beş qələm, xeyli adam, dörd göz otaq əvəzinə beş qələmlər, xeyli adamlar, dörd göz otaqlar demək düzgün sayılmır. Nitq kommunikasiyasında sözlər müəyyən düzülüş qaydasına malik olur: mübtəda cümlənin əvvəlində, xəbər sonunda, təyin isim və isimlə ifadə olunan üzvdən əvvəl, tamamlıq ismi və feli xəbərin, zərflik xəbər, xəbər qrupunun əvvəlində işlənir.
Bir qrammatik qaydaya görə cümlədə və ya abzasın əvvəlində işlənilən isimlər sonra gələn cümlədə (eləcə də abzasda) şəxs əvəzlikləri və ya münasib sözlərlə, ifadələrlə əvəz olunmalıdır. Bu eyni söz və ya ifadənin təkrarını aradan qaldırmaqla nitqin ahəngdarlığını təmin edir. Amma bu qaydaya həmişə əməl olunmur. Məsələn, M.M.Nəvvabın pedaqoji görüşləri ilə bağlı yazılmış avtoreferatda yanaşı gələn iki səhifədəki on beş abzasın hamısı “M.M.Nəvvab” sözü ilə başlanır. Belə hal, heç şübhəsiz ki, yazılı nitq üçün qüsur sayılır.Deyilənlərdən əlavə digər kateqoriyaların, məsələn, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və sairənin ədəbi dildə işlədilməsi ilə bağlı qrammatik normalar mövcuddur.
Həm yazılı, həm də şifahi nitqdə qrammatik normalardan uzaqlaşma halları tez-tez müşahidə olunur. Məsələn:
Uzlaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar.
Bir neçə maşın torpaqları həyətə tökdülər.
G.Aslanov 12 nəfərlik ailəsi ilə beton döşəmənin üstündə yaşayırlar.
Har bir ailə qurmaq istəyən gənclər uçota götürülür.
İdarə əlaqəsinin pozulması ilə bağlı qüsurlar:
Ustalar 1400 oturacaq stullar təmir etdilər.
Bir çox ölkələrin müşahidəçilər seçkidə iştirak etdilər.
Birinci cümlədə stullar, ikinci cümlədə müşahidəçilər sözləri müəyyən təsirlik halında işlənməlidir.
Yanaşma əlaqəsinin pozulması ilə bağlı qüsurlar.
Azərbaycanın bütün həyatının sahələri Avropaya inteqrasiya olunur (Olmalıdır: həyatının bütün sahələri).
Bizim daha da dostluğumuz artdı (olmalıdır: daha da artdı).
Ç) Eyni və ya yaxınmənalı sözlərin təkrar olunması ilə bağlı qüsurlar:
Ona müvəffəqiyyət uğuru arzu edirəm.
Bu fəaliyyət XX əsrin əvvəlində daha da fəallaşdı.
Kompüterdə kompüteri öyrənirəm.
Yaşarın yazdığı yazını oxudum və s.
Bu qaydalar dövlət tərəfindən təsdiq olunur, onun tələblərinə əməl etmək hamı üçün vacib sayılır.