Yaş, fərdi və cinsi xüsusiyyətlərlə mənimsəmə arasındakı əlaqədə qanunauyğunluq. Bir sıra fizioloji və psixoloji tədqi- qatlar və müşahidələrlə isbat olunmuşdur ki, pedaqoji prosesdə müvəffəqiyyətin səviyyəsi ilə şagirdlərin (tələbələrin) yaş, fərdi və cinsi xüsusiyyətləri arasında müəyyən asılılıq mövcuddur. Eyni pedaqoji tədbir eyni məzmunda və eyni üsullarla müxtəlif yaş dövrlərində keçirildikdə anlaşılmazlıq və çətinliklər yaranır. Səbəbi budur ki, müxtəlif yaş dövrlərinin özünəməxsus xüsusiyyətlərinə laqeydlik göstərilir. Halbuki, diqqət, hafizə, təxəyyül, təfəkkür, iradə və s. psixoloji proseslər, habelə fizioloji və fiziki proseslər müxtəlif yaş dövrlərində başqa-başqa xüsusiyyətlərə malik olur. Bu xüsusiyyətlər pedaqoji proses zamanı nəzərə alındıqda müvəffəqiyyətə yol açılmış olur.
Təlim və tərbiyə işində uğur qazanmaq üçün yaş dövrlərinə xas olan fiziki, fizioloji və psixoloji xüsusiyyətləri nəzərə almaq nə qədər vacibdirsə ayrı-ayrı uşaqları,yeniyetmə və gəncləri səciyyələndirən fərdi xüsusiyyətlərlə hesablaşmaq da bir o qədər zəruridir.
Pedaqoji prosesdə fərdi xüsusiyyətləri nəzərə almamaq halları müəllimin (tərbiyəçinin) işini xeyli çətinləşdirir. Uşaqların, şagirdlərin (tələbələrin) fərdi xüsusiyyətlərini diqqət mərkəzində saxlayan müəllim (tərbiyəçi) öz işində uğura bel bağlaya bilər.
Tədris tapşırıqlarının verilməsində, tərbiyəvi tədbirlərin planlaşdırılıb həyata keçirilməsində cinsi xüsusiyyətlərə məna verilməsi də pedaqoji prosesin səmərəsini artıran amilə çevrilir.
Göründüyü kimi, psixoloji, fizioloji və fiziki xüsusiyyətlərlə mənimsəmə və tərbiyəlilik arasında müəyyən asılılıq mövcud- dur: pedaqoji proses zamanı gənc nəslin yaş, fərdi və cinsi xüsusiyyətləri nə qədər diqqətlə nəzərə alınırsa təlim-tərbiyə işinin səviyyəsi bir o qədər yüksəlir. Həmin qanunauyğunluğun qanun formasında ifadəsi belədir: pedaqoji prosesdə yaş, fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması qanunu.
Dostları ilə paylaş: |