Ali məktəbdə aparılan elmi-tədqiqat işlərinin xeyli hissəsi həmin ali məktəbin ehtiyaclarını ödəməyə yönəlir. Ali məktəbin ehtiyacları isə müxtəlif olur: fənn proqramları tərtib etmək; dərsliklər hazırlamaq; dərs vəsaitləri və metodik göstərişlər yazmaq; mühazirə və seminar məşğələlərini təkmilləşdirmək; praktik və laborator məşğələlərin məzmunu və üsullarını yeniləşdirmək; pedaqoji prosesin qanunauyğunluqlarını üzə çıxartmaq və bu əsasda məsləhətlər vermək; təlim və tərbiyə proseslərini uzlaşdırmağın, pedaqoji prosesin inkişafetdirici imkanlarını üzə çıxartmağın yollarını müəyyənləşdirmək və s. və i. a. Başqa sözlə, ali məktəbdə
aparılan elmi tədqiqat işləri orada təlim, tərbiyə, təhsil və psixoloji inkişaf problemlərinin həllinə də xidmət edir.
Bundan əlavə, respublikamızda sosial-iqtisadi həyatın, elm və texnikaiın, mədəniyyət və incəsənətin bir çox problemləri ali məktəb mütəxəssislərinin tədqiqat obyekti olur.
Ali məktəbdə elmi-tədqiqat işi pedaqoji prosesin tərkib hissəsi kimi. Ali məktəbdə elmi tədqiqat işinin başlıca məqsədi təlim-tərbiyə prosesinin səviyyəsini yüksəltməyə yönəldiyindən, onu pedaqoji prosesdən ayrı təsəvvür etmək düzgün deyil. Ali məktəbdə elmi tədqiqat işi müxtəlif cəhətdən pedaqoji proseslə üzvi şəkildə bağlı olur. Əvvəla, tədqiqat üçün seçilən mövzular pedaqoji prosesdən, yəni təlim, tərbiyə və təhsil problemlərindən irəli gəlir. Məsələn, ixtisasın tələblərinə uyğun gələn kompüter proqramlarının, testlərin, məsələ və misal toplularının, təhlil üçün mətnlərin, müxtəlif formalı əyani vəsaitlərin, maketlərin və s.-in hazırlanmasını müvafiq kafedralar planlaşdırır.
İkincisi, bir sıra kafedralarda tələbələr müxtəlif formalı tədqiqat işinə cəlb edilir. Konkret faktik materialların toplanmasında, qruplaşdırılmasında və sistemə salınmasında tələbələr xüsusilə fəallıq göstərirlər.
Üçünçüsü, elmi-tədqiqat işlərindən alınan nəticələr dərslik, dərs vəsaiti, metodik vəsait, əyani vəsait kimi, mühazirələrdə elmi faktlar kimi pedaqoji prosesdə tətbiq olunur.
Göstərilən səbəblərə görə ali məktəbdə elmi-tədqiqat işi pedaqoji prosesin tərkib hissəsinə çevrilir və təlim-tərbiyənin keyfiyyətini yüksəltməyə xidmət edir.
Elmi tədqiqat işi yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması vasitəsi kimi. Elmi-tədqiqat işinin əhəmiyyəti yalnız pedaqoji prosesə xidməti ilə məhdudlaşmır. Elmi- tədqiqat işi yüksək ixtisaslı elmi pedaqoji kadrların hazırlanmasına da kömək edir. Əvvəla, tədqiqat işi ilə məşğul olan şəxs, istəsə də, istəməsə də psixoloji cəhətdən təkmilləşir: onun elmi-pedaqoji təfəkkürü itiləşir, hadisə və faktları tutuşdurmaq, təhlil etmək, qruplaşdırmaq, ümumiləşdirmək, nəticə çıxartmaq qabiliyyətləri sürətlə formalaşır. Tədqiqatçı müəllimdə intensiv formalaşan bu cür təfəkkür qabiliyyətləri
pedaqoji prosesdə əks səda verir, onun səviyyəsini yüksəldir, tədricən tələbələrin təfəkkürünə süzülür.
Ali məktəbdə müəllimin apardığı elmi-tədqiqat işi çox halda namizədlik və ya doktorluq dissertasiyası ilə nəticələnir. Müəllim dissertasiya müdafiə edir, elmlər namizədi və ya elmlər doktoru alimlik dərəcəsi alır. Alim adını daşımağa başlayan müəllimin məsuliyyəti xeyli artır, o daha səmərəli fəaliyyət göstərməli olur.
Deyilənlərdən görünür ki, ali məktəbdə elmi-tədqiqat işi yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması vasitəsinə də çevrilir.
Dostları ilə paylaş: