Prof. Səlahəddin Xəlilov (baş redaktor).
ISSN 1810-9047
AFSEA-nın və Redaksiyanın ünvanı:
Bakı AZ1014, Bülbül prospekti, 33
Tel.: (994-12) 498-17-45; Faks: (994-12) 598-13-01
E-mail: jurnal@felsefedunyasi.org
©AFSEA, 2010
©Azərbaycan Universiteti, 2010
MÜNDƏRİCAT
REDAKSİYA ŞURASINDAN
Ramiz Mehdiyev–
Təfsirçinin təfsiri 203
İ Ç İ N D E K İ L E r 210
Təfsirçinin təfsiri 203
Redaksiya Şurasından
Ön söz əvəzi:
Fəlsəfə, elm və siyasət
Azərbaycanda inkişafın, siyasi sabitliyin indiki mərhələsində elmi ictimaiyyəti düşündürən məsələlərin müzakirəsinə böyük ehtiyac var. Mövcud vəziyyət bu müzakirələrin səmərəli olmasına imkan verir, konkret nəticələr əldə ediləcəyinə inam yaradır.
Belə məsələlərdən biri də fəlsəfə, elm və siyasətin qarşılıqlı əlaqəsi məsələsidir. Əgər elm dünyanın, obyektiv gerçəkliyin dərk olunmasına, fəlsəfə bizim ideallarımızın formalaşmasına xidmət edirsə, siyasət gerçəkliyi ideallarımız və maraqlarımız əsasında yenidən qurmağa, ictimai münasibətlərin daxili potensialını müvafiq məcraya yönəltməyə xidmət edir və bu istiqamətdə real fəaliyyət göstərilməsini nəzərdə tutur. Bu mənada siyasət sadəcə hakimiyyət uğrunda mübarizə olmayıb, həm də bu hakimiyyətdən sosial idealların realizasiyası üçün istifadə edilməsi, ictimai iradənin təzahürüdür. Hakimiyyət isə, heç də F.Nitsşenin təqdim etdiyi kimi, sadəcə özünütəsdiq olmayıb,1 həm də M.Fukonun baxışlarına uyğun olaraq mürəkkəb strateji situasiyada sosial subyektlərin fəaliyyətini tənzim edən güc sahəsidir.2 İ.Priqojin də belə hesab edir ki, siyasi nizam ancaq qanun və sərəncamlarla əldə edilmir; ilk növbədə ictimai sistemlərin daxili özünütənzimləmə tendensiyaları nəzərə alınmalıdır.3 Bunun üçün isə öncə elmi tədqiqata ehtiyac yaranır.
Ölkədə elmin inkişaf etdirilməsi üçün bütün dövlət miqyasında həyata keçirilən vahid elm siyasəti olmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri də elmin və təhsilin milli inkişaf konsepsiyasının hazırlaması ilə yanaşı, onların realizasiyası üçün konkret tədbirlər həyata keçirilməsindən ibarətdir. Bu, ölkənin inkişafı üçün son dərəcə mühüm məsələdir və onun intellektual potensialının səfərbər olunmasını tələb edir. Ən əsası odur ki, ölkəmizdə elmin inkişaf etdirilməsi üçün qətiyyətli mövqe, siyasi iradə vardır. Bu iradənin fəaliyyət proqramına və siyasi kursa çevrilməsi istiqamətində fəaliyyət artıq başlanmışdır. Belə bir siyasi kursun hazırlanması və gerçəkləşdirilməsi işində filosofların da üzərinə böyük məsuliyyət düşür. Belə ki, bunun üçün öncə elmin fəlsəfəsi və sosiologiyası ilə bağlı olan bir sıra fundamental məsələlərə aydınlıq gətirilməlidir. Güman edirik ki, ölkəmizdə elmşünaslığın müstəqil bir fənn kimi formalaşmasına, bir tərəfdən, elm və təhsilin, digər tərəfdən də, elm və ictimai həyatın daha optimal şəkildə əlaqələndirilməsi işində elmşünaslığın nailiyyətlərinə və qabaqcıl ölkələrin praktikasına istinad edilməsi çox vacibdir.
İstənilən nəzəri elm sahəsi ilk növbədə öz tətbiqi ilə dəyər kəsb edir. Uzun müddət fəlsəfəni praktikadan uzaq, ifrat mücərrəd və metaelmi bir sahə kimi başa düşənlər ictimai hadisələrin gedişinə daha böyük tarixi zaman intervalında baxsalar, fəlsəfi təlimlərin də gec-tez praktik nəticələrə gətirdiyinə əmin ola bilərlər. Həm də bu nəticələr bütövlükdə dövrün ab-havasını müəyyən edir, tarixin gedişatına, strateji inkişaf istiqamətlərinə təsir göstərir. Məlum olduğuna görə, tarixən fəlsəfi fikir ümumiyyətlə insan düşüncəsinin, nəzəri idrakın sinkretik ifadəsi olmuşdur. Bütün elmlər zaman-zaman fəlsəfədən ayrılmışdır. Dəqiq elmlərin, təbiətşünaslığın müstəqil tədqiqat sahəsi kimi formalaşması, sosial müstəvidə institutlaşması və ictimai tərəqqinin strukturunda müstəqil yer tutması əslində Qərb sivilizasiyasının formalaşmasına gətirib çıxarmışdır. Bütün müasir elmi-texniki nailiyyətlərin, innovasiyaların, nou-xauların təməlində məhz bu böyük ayrılma, bəlkə də daha dəqiq demiş olsaq, doğuluş prosesi dayanır. Qərb dünyasında bu doğuluşun tarixi XVII-XVIII əsrlər göstərilir. Məhz həmin dövrdə – Avropada elm dinin təsirindən azad olmaqla yanaşı, fəlsəfədən də ayrılmışdır. Orta əsrlərdən başlayaraq ilahiyyatın təsiri altına düşmüş fəlsəfənin özü də bundan sonra dinə nəzərən müstəqillik əldə etmiş, daha çox dünyəviləşmişdir. Sonrakı mərhələdə dinşünaslığın da nisbi müstəqil elm sahəsi kimi ayrılması fəlsəfəni xeyli yüngülləşdirmiş və o öz inkişafının daha azad bir mərhələsinə qədəm qoymuşdur.
Öz predmetini xeyli konkretləşdirən və artıq yükdən azad olan fəlsəfə artıq elmlə paralel inkişaf etməyə başlamışdır.
Lakin XIX-XX əsrlərdə fəlsəfədən ikinci böyük ayrılmalar başlandı. Pedaqoji elmlər, hüquq elmləri, psixologiya, sosiologiya, politologiya – hamısı əvvəlcə fəlsəfənin bətnində yetişmiş və məhz kifayət qədər yetişdikdən, metodoloji təmələ malik olduqdan sonra müstəqil surətdə inkişaf edərək ictimai həyatın və dövlət-hüquq sisteminin nəzəri-konseptual və tətbiqi-elmi bazası kimi formalaşmışdır.
XX əsrdən etibarən artıq yeni diferensiallaşma prosesləri gedir. Nə vaxtsa fəlsəfədən ayrılmış elmlər artıq o qədər uzaqlaşmışlar ki, onların metodoloji bazasını təmin etmək üçün yeni ayrılmalar baş verir. Məsələn, fəlsəfə ilə pedaqogikanın qovşağında etika fənni, fəlsəfə ilə sənətşünaslığın qovşağında estetika fənni artıq kifayət dərəcədə nisbi müstəqillik əldə etmişdir. Fəlsəfə ilə təbiət elmləri arasında mövqe tutan elmin metodologiyası, elmin sosiologiyası və nəhayət, elmşünaslıq da xeyli dərəcədə müstəqil tədqiqat sahələrinə çevrilmişdir.
Dəqiq elmlərin özlərinin hədsiz dərəcədə diferensiallaşması və fəlsəfədən uzaqlaşması ilə yanaşı, həm də onların yenidən öz ilkin təməlinə qayıdışı istiqamətində inteqrativ proseslər gedir. Yəni yeni əlaqələndirici və sinkretik elm sahələri, yeni universal metodologiyalar yaranır. Başqa sözlə desək, elmin metodologiyası da fəlsəfədən ayrılaraq müstəqillik qazanmağa çalışır. Bir zamanlar kibernetikanın oynadığı rola müvafiq olaraq, ümumi sistem nəzəriyyəsi və sinergetikanın inkişafı sayəsində fəlsəfə ilə xüsusi elmlər arasında sanki yeni körpülər salınır. İndi ekologiya, davamlı inkişaf nəzəriyyəsi və s. bu kimi sahələr də özlərinin əlaqələndirici mövqeyinə görə fənlərarası elm statusu kəsb edirlər.
Bu ayrılma hadisələrindən sonra “fəlsəfə öz missiyasını artıq bitirmişdir”, indi daha metafizik düşüncələrə vaxt ayrılmasına ehtiyac yoxdur, – deyənlərin sayı artmışdı. XX əsrdə fəlsəfəyə münasibət doğrudan da dəyişmiş, bəzi ölkələrdə fəlsəfənin konkret əməli-tətbiqi elmlər olan ictimai-siyasi fənlərlə əvəz edilməsi tendensiyası üstünlük təşkil etmişdir.
Lakin təcrübə göstərir ki, bütün bu ayrılmalara baxmayaraq, fəlsəfənin potensialı nəinki tükənməmiş, hətta o, yeni funksiyalar kəsb etməklə, daha da aktuallaşmışdır. Diferensiallaşma artdıqca, ayrı-ayrı elmlərin tədqiqat sahələri konkretləşərək məhdudlaşdıqca, bu sahələrin əlaqələndirilməsinə ehtiyac da artmış, əks proses olan inteqrativ tendensiyalar üçün də zərurət yaranmışdır. İctimai həyatın müxtəlif rakurslarının vahid dünyagörüşü mövqeyindən nəzərdən keçirilməsinə, dəyərləndirilməsinə və yönəldilməsinə olan ehtiyac ancaq fəlsəfi tədqiqatlar sayəsində ödənilə bilər. Avropa və ümumiyyətlə Qərb dünyası ara-sıra fəlsəfəyə və mənəvi amillərə göstərilmiş etinasızlığın acısını indi-indi duyur. Son dövrlərdə Qərbin mənəvi böhranı, Avropanın süqutu mövzularında tədqiqatlar xeyli artmışdır. Orada indi mənəviyyatın prioritetliyinə qayıdış istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Bizdə isə Avropanın təcrübəsini nəzərə almaq, ibrət götürmək əvəzinə, bu səhvləri təkrar etmək cəhdləri müşahidə olunur.
Ölkəmizdə demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu, elmin təşkili və idarə olunması, habelə elmi-fəlsəfi yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Qərbin təcrübəsi göstərir ki, maarifçilik fəaliyyəti və fəlsəfi biliklərin yayılması məsələləri təkcə dövlətin deyil, cəmiyyətin də vəzifələri sırasına daxildir. Müxtəlif yaradıcılıq birliklərinin, qeyri-hökumət təşkilatlarının fəaliyyətində fəlsəfəyə maraq öncül yerlərdən birini tutmalıdır. Təəssüf ki, bizim ölkədə Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Aşıqlar Birliyi və s. bu kimi təşkilatlar geniş miqyaslı fəaliyyət imkanlarına və ənənələrinə malik olduqları halda, fəlsəfə sahəsində hələ də buna bənzər qurumlar yoxdur. Düzdür, bu sahədə də bir sıra qeyri-hökumət təşkilatları yaradılmışdır. Lakin təəssüf ki, bu təşkilatlara kifayət dərəcədə ictimai dəstək verilmir. Fəlsəfə klassiklərinin dilimizə tərcüməsi, fəlsəfi biliklərin yayılması, mətbuatda və televiziyada təbliği ilə bağlı layihələr çox azdır və nəzərə alsaq ki, beynəlxalq fondlar bu cür layihələri həvəslə maliyyələşdirmir, onda alternativ maliyyə dəstəkləri axtarılmalıdır. Lakin təəssüf ki, qeyri-hökumət təşkilatlarına dəstək məqsədi ilə yaradılmış xüsusi dövlət qurumunun imkanlarından da milli fəlsəfi fikirlə bağlı fəaliyyətin gücləndirilməsi işində, demək olar ki, istifadə olunmur. Bunun səbəbi heç də dövlətin fəlsəfi ictimaiyyətə və ictimai-siyasi elm nümayəndələrinə etinasızlığı ilə bağlı deyil. Əsas səbəblərdən biri bu sahədə çalışan alimlərin öz iş yerlərindən və vəzifə borclarından fərqli olan ictimai fəaliyyət ənənələrini kifayət qədər mənimsəyə bilməmələri, qüvvələrin bu istiqamətdə səfərbər olunmamasıdır. Digər tərəfdən, Nizamnaməsinə görə eyni mərama xidmət edən həddindən artıq çoxlu təşkilat yarandıqda, kimə dövlət dəstəyi vermək məsələsi də çətinləşir. Məsələn, Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutu, o vaxt institut belə adlanırdı, 2002-ci ildən fəaliyyət göstərən Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının işinə dəstək vermək əvəzinə, alternativ qurumlar yaratmaqla qüvvələri xeyli dərəcədə parçalamış oldu. İnstitutda görülməli olan işlər ictimai təşkilatın fəaliyyəti ilə qarışdırıldı. Bir dənə sanballı jurnal buraxmaq əvəzinə, institutda paralel surətdə 4-5 jurnal buraxılırdı ki, onların da əsas vəzifəsi dissertantların elmi ekspertizadan keçməyən məqalələrini öz pulları ilə çap etməkdən ibarət idi. Halbuki, bizcə, institutun Elmi Xəbərlərinin ciddi elmi meyarlar əsasında çap olunması çoxlu sayda keyfiyyətsiz jurnalların buraxılmasından daha məqsədəuygundur. Bu deyilənlər Bakı Dövlət Universitetinin Fəlsəfə fakültəsinə də aiddir. Onun vəzifəsi sadəcə tədrislə məhdudlaşmır; fakültə ölkəmizdə fəlsəfi və ictimai fikrin təbliğində də fəal iştirak etməlidir.
Son illərdə Azərbaycan ali məktəblərinin tədris planlarında fəlsəfəyə və ictimai-siyasi fənlərə ayrılan saatların azaldılması, bu fənlərin bir çoxunun ixtisar edilməsi, orta məktəblərdə “İnsan və cəmiyyət” fənninin tədrisi üçün hələ də müəllim kadrlarının hazırlanmaması, kütləvi informasiya vasitələrində fəlsəfi fikir tariximizə və ümumiyyətlə mənəvi təkamülə, dünyagörüşünün genişlənməsinə xidmət edən verilişlərə çox az yer ayrılması, habelə, mədəniyyətşünaslıq və maarifçilik yönlü verilişlərin azlığı, mədəni-mənəvi dəyərlərin yetərincə təbliğ olunmaması – bütün bunlar bizi narahat edir.
Gənc nəslin siyasi təfəkkür mədəniyyətinin formalaşması həm də tarixi həqiqətlərinin üzə çıxarılması ilə sıx surətə bağlıdır. Azərbaycanın ictimai-siyasi fikir tarixində və siyasi həyatında ən mühüm dövrlərdən biri ötən əsrin 20-ci illəridir. Həmin dövrdə yaranmış mürəkkəb şəraitin, ideoloji və geosiyasi mənzərənin və ideya mübarizəsinin işıqlandırılması böyük əhəmiyyətə malikdir.
Jurnalımızın bu sayında böyük mütəfəkkir, ictimai-siyasi xadim və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 140 illiyinə həsr olunmuş məqalələr işıq üzü görür. Fəlsəfi fikir ya elm vasitəsilə, ya əxlaqi-mənəvi dünyagörüşü, ya da ictimai şüura və sosial-siyasi fəaliyyətə yön verməklə son nəticədə insanların cari həyatına öz təsirini göstərmiş olur. Elə şəxsiyyətlər də vardır ki, ideyadan başlayaraq onun ictimai həyatda gerçəkləşməsinə qədər bütün mərhələlərdə fəal iştirak edir, dünyanı kənardan seyr etməklə qalmayaraq dünyaya fəal münasibətin parlaq nümunəsini göstərirlər. N. Nərimanovun həm bir maarifçi, həm özünəməxsus əqidə sahibi, həm də öz əqidəsini ictimai-siyasi həyatda gerçəkləşdirən bir şəxsiyyət kimi milli fəlsəfi fikir prizmasından tədqiq olunmasına böyük ehtiyac var. İndiyədək Nərimanovun ya bir yazıçı və maarifçi kimi, ya da dövlət xadimi kimi fəaliyyəti az-çox dərəcədə öyrənilmiş olsa da, onun məfkurəsinin özünəməxsus cəhətləri araşdırılmamış və ona kor-koranə surətdə bir bolşevik kimi yanaşıldığına görə onun şəxsiyyəti və ictimai-siyasi statusu arasındakı ziddiyyətlər öz düzgün izahını tapa bilməmişdi. Bu baxımdan da jurnalımızda bu mövzunun tədqiqinə start verilmiş, milli-fəlsəfi və ideya-siyasi fikrin tarixinə dair yeni araşdırmaların təməli qoyulmuşdur.
Son vaxtlar azərbaycanlı sosial fəlsəfə və sosiologiya tədqiqatçılarının beynəlxalq elmi forumlarda iştirakı müntəzəm xarakter almışdır. Sosiologiya doktoru Ə.Süleymanovun Göteborqda (İsveç) keçirilən XVII Ümumdünya Sosiologiya Konqresində, prof. S.Xəlilov və f.e.d. K.Bünyadzadənin Bergendə (Norveç) 60-cı Beynəlxalq Fenomenologiya Konqresində təmsil olunması buna daha bir sübutdur. Jurnalımızda bu elmi forumlar barədə məlumat verilmişdir.
Azərbaycan fəlsəfi fikrinin dünya fəlsəfəsinə inteqrasiyası daha bir hadisə ilə təsbit olunmuşdur. Jurnalımız The Philosopher`s İndex-ə daxil edilmişdir. Bundan sonra çap etdiyimiz bütün məqalələr haqqında qısa məlumat ingilis dilində bütün dünya kitabxanalarına çatdırılacaqdır. Bu isə həm müəlliflərin, həm də Redaksiya Şurasının məsuliyyətini daha da artırır.
Dostları ilə paylaş: |