SƏADƏT BARƏDƏ FƏSİL
197
O! Biz çox xoşbəxt yaşayırıq, düşmənçilik edənlər içində düşmənçilik etməyənlər; düşmənçilik edən insanlar içində yaşayırıq biz, düşmənçilik etməyənlər.
198
O! Biz çox xoşbəxt yaşayırıq, xəstələr içində xəstə olmayanlar; xəstə insanlar içində yaşayırıq biz, xəstə olmayanlar.
199
O! Biz çox xoşbəxt yaşayırıq, üzülənlər içində üzüntü bilməyənlər; üzülən insanlar içində yaşayırıq biz, üzüntü bilməyənlər.
200
O! Biz çox xoşbəxt yaşayırıq, baxmayaraq ki, heç nəyimiz yoxdur. Biz sevinclə qidalanacağıq, işıq saçan tanrılar kimi.
201
Qələbə nifrət yaradır; məğlub olmuş qüssədə yaşayır. Səadətdə yaşayır sakit olan, qələbədən və məğlubiyyətdən imtina edərək.
202
Ehtirasdan böyük alov yoxdur; nifrətdən böyük bəla yoxdur; bədəndən böyük fəlakət yoxdur; sakitliyə bərabər səadət yoxdur.
203
Aclıq1 - ən böyük xəstəlikdir; sankharalar2 - ən böyük zülmdür; bu barədə həqiqi biliyə malik olan üçün Nirvana - ən böyük xeyirdir.
204
Sağlamlıq - ən böyük qələbədir; məmnunluq – ən böyük xəzinədir; etibar – ən yaxşı qohumdur; Nirvana – ən böyük xeyirdir.
205
Tənhalığın şirinliyini və sakitləşmənin şirinliyini dadaraq, qorxu və günahdan o kəs qurtulur ki, o, dhammanın müqəddəsliyini duyur.
206
Nəciblərə baxmaq xoşdur; onların cəmiyyətində olmaq – xeyirdir. Səfehləri görməyən kəs qoy həmişə xoşbəxt olsun.
207
Zira səfehlərin cəmiyyətində dolaşan, uzun müddət əzab çəkir. Səfehlərlə olmaq, düşmənlə olmaq kimidir, həmişə bədbəxtlik gətirir, müdriklərlə olmaq isə səadətdir – qohumlarla görüş kimi.
208
Ona görə də: Ay ulduz yolu ilə getdiyi kimi, müdrikin, bilənin və çox elmlinin, çox şeyi yaşamışın, möminin, nəcibin, – bax belə bir yaxşı və ağıllı insanın dalınca getmək lazımdır.
-
Dostları ilə paylaş: |