Maddə 10. Birbaşa qarışıq daşımalar 1. Dəmir yol, dəniz, daxili su, hava və avtomobil nəqliyyatı birbaşa qarışıq daşımalar sistemini təşkil edir.
2. yüklərin, sərnişinlərin, baqajın və poçtun vahid nəqliyyat sənədi üzrə müxtəlif nəqliyyat növləri ilə daşınması (birbaşa qarışıq daşımalar) zamanı nəqliyyat müəssisələrinin qarşılıqlı münasibətləri, həmçinin bu daşımaların təşkili qaydası müvafiq nəqliyyat növləri müəssisələri arasında qanunvericiliyə uyğun olaraq bağlanmış birbaşa qarışıq daşımalar haqqında sazişlərlə müəyyən olunur.
Maddə 11. Daşıma haqqı 1. Əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, yükün, sərnişinin, baqajın və poçtun daşınmasına görə haqq müqavilə ilə (sazişlə, kontraktla) müəyyən edilir.
2. Dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsini təmin etmək, yaxud nəqliyyat sahəsində inhisar fəaliyyətini məhdudlaşdırmaq və haqsız rəqabətin qarşısını almaq üçün nəqliyyat xidmətlərinin ayrı-ayrı növlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənən (vahid) tariflər tətbiq edilə bilər.
3. Müştərinin tələbi ilə yerinə yetirilən və mövcud tariflərdə nəzərdə tutulmamış iş və xidmətlərin haqqı onunla daşıyıcı arasında əldə olunan razılıq əsasında ödənilir.
4. Daşıma haqqının ödənilməsi ilə bağlı mübahisələr qanunvericiliyə və daşıma müqaviləsinə uyğun olaraq tənzimlənir.
Maddə 12. Yükün, sərnişinin və baqajın təyinat məntəqəsinə çatdırılmasının müddəti Daşıyıcı yükü, sərnişini və baqajı ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələr, nizamnamələr, daşıma qaydalarına dair normativ hüquqi aktlar və müqavilələr ilə müəyyən edilmiş müddətdə təyinat məntəqəsinə çatdırmalıdır.
Maddə 13. Sərnişinlərin hüquqları Sərnişinlər aşağıdakı əsas hüquqlardan istifadə edə bilərlər:
üzürsüz səbəbdən daşımanın göstərilən vaxtdan gec başa çatdırılmasına görə kompensasiya almaq;
daşıma başlayana qədər bileti təhvil verib, daşımanı həyata keçirən nəqliyyat müəssisəsindən (daşıyıcıdan) ödənilmiş məbləği geri almaq.
Daşıyıcının qaytardığı məbləğin miqdarı, qaytarma və kompensasiya verilməsi qaydaları ayrı-ayrı nəqliyyat növləri üzrə normativ hüquqi aktlarla müəyyən edilir.
Daşımanı davam etdirməkdən imtina edən daşıyıcı sərnişinin təyinat məntəqəsinə çatdırılmasını öz hesabına təmin etməli, yaxud müqavilənin pozulması nəticəsində sərnişinə vurulmuş bütün zərəri ödəməlidir.