Neriman Qurban indd


XXVII FƏSİL VYANA VƏ NYU-YORK ARASINDA  Muhamməd Əsəd bəy



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə22/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   18   19   20   21   22   23   24   25   ...   175
VI FƏSİL

ÜFÜQDƏN O YANDAKI DÜNYA



 Lev Nussimbaum

 Tiflis-Batum 

 İyun-dekabr 1920-ci il

 ...Leo Nussimbaumsa ömrünün cəmi bir ilini keçirdiyi bu 

şəhəri xatırlamırdı...

 Bir yaşlı uşağın yadında nə qalar axı?

 Amma Tiflis ona qəribə tərzdə tanış gəlirdi. Elə bil, şəhəri 

ikiyə bölən nəhəng çayı, onun üzərində dikilən dağları, Na-

rınqalanı, Metex qalasını, kilsələri, məscidləri, az qala, bir-bi-

rinin üzərində ucalan evləri nə vaxtsa görmüşdü. Ata-anası-

nın  Tiflis  barədə  danışdıqlarını  xatırlamırdı,  ümumiyyətlə, 

xatırladığı  qədər,  özünə  qəsd  eləyənəcən  nə  anası,  nə  də 

indiyəcən atası bu şəhərdən danışmışdılar. Sanki Tiflis onla-

rın yaddaşında yara yeriydi, toxunsaydılar, qaysağı qopacaq-

dı. Abram və Bertanın Tiflisdə çəkilmiş bir şəklini də tapma-

mışdı,  görünür,  ya  çəkdirməmişdilər,  ya  da  atası  faciədən 

sonra yandırmışdı ki, ona keçmişini xatırlatmasın.



99

 Atasının sabiq ortağı və dostu Zaza Eristavinin evi Na-

rınqalaya doğru dikələn yoxuşun başlanğıcındaydı, dediyinə 

görə, bura müharibə başlanan il köçmüşdü. Abramdan cəmi 

üç yaş cavan olmasına, iki dəfə də evlənməsinə baxmayaraq, 

övladı  olmamışdı,  xəstəhal  arvadı,  qulluqçususu  və 

nökərindən  ibarət  külfət  saxlayırdı.  Leo  və  frau  Şulteni 

gürcülərə xas səxavətlə qarşılaşmış, hətta on beş yaşlı oğla-

nın gürcü çaxırı içməsinə də nail olmuşdu. Ömründə ilk dəfə 

içkinin dadına baxan Leo o axşam özünü Tiflisin fatehi say-

mışdı.

  Bakıda  gördüklərinin,  təhlükəli  yolda  başına  gələnlərin 



təsirindən  yavaş-yavaş  çıxan  oğlan  təkcə  eyvandan  şəhərin 

mənzərəsinə tamaşa eləməklə qalmayıb küçələri dolaşmağa 

da  başlamışdı.  Şəhərdə  hələ  əmin-amanlıq  idi,  dükanlar, 

meyxanalar,  bazarlar  qaynayırdı,  adamlar  kilsələrə, 

məscidlərə, hamamlara üz tutur, arxayınca gəzib-dolaşırdılar. 

Amma  Leo  bunun  gərginliklə  dolu  sakitlik  olduğunu  dərk 

eləyirdi. Yolda gördüklərindən əlavə ev sahibi də danışmışdı 

ki,  qırmızıların  qoşunları  sərhədi  keçmək  üçün  Moskvadan 

işarə gözləyirlər, üstəlik, fürsət yoxsulu olan ermənilər Lori, 

Borçalı və Cavaxetiyə soxulmaq üçün hazır dayanıblar. Belə 

çıxırdı ki, irəlidə onları daha ağlagəlməz hadisələr gözləyir.

 Leo küçələrdə dolaşa-dolaşa Bakıyla Tiflis arasındakı ox-

şarlıqları və fərqləri ayırd eləməyə çalışırdı. Oxşarlıq o qədər 

də çox deyildi: Bakıdakı kimi, burada da varlı və kasıb vardı, 

bu  onların  geyimindən,  mindikləri  eşşəkdən,  atdan,  yaxud 

faytondan, yaşadıqları evlərdən məlum olurdu. Amma fərq-

lərə addımbaşı rast gəlmək mümkün idi: Tiflisin çayı, dağı, 

təbii bulaqları vardı, burda hava neft qoxumurdu, həm də ad-

dımbaşı kintolara rast gəlirdin, bir də... avropasayağı geyin-

miş üzüaçıq qadınlar həddən çox idi. Aradabir çadralı qadın-

larla da rastlaşırdı, amma fikrincə, Tiflis Bakıdan daha artıq 

Avropa şəhəriydi. 

 Hadisələrin gedişindən belə məlum olurdu ki, Tiflisdə çox 

duruş gətirməyəcəklər, atası gəlib çıxan kimi, yola düşəcəklər, 




100

ona  görə  də  fürsəti  əldən  verməməyə,  şəhəri  doya-doya 

gəzməyə çalışırdı.

  Fikirləşdiyi  kimi  də  oldu.  Atası  yorğun,  üzgün,  ancaq 

bolşeviklərin caynağından qurtulduğuna görə, xoşbəxt halda 

gəlib çıxanda məlum oldu ki, artıq Gürcüstanın taleyi də həll 

olunub, bir neçə ay çəkməz ki, qırmızıların ordusu Tiflisə də 

girər. Abram  Nussimbaum  bu  barədə  Bakıda  da  eşitmişdi, 

yolda  rastına  çıxan  adamlar  da  danışmışdılar,  eşalonlarla 

sərhədə  doğru  gələn  qoşunlarısa,  öz  gözlərilə  görmüşdü. 

Bəxtindən hələ sərhəddə ciddi nəzarət yox idi, milli ordunun 

əsgərləri Gəncəyə getmiş, qırmızılarsa, indiyədək onların ye-

rini  tuta  bilməmişdilər,  gürcü  əsgərlərisə,  görünür,  huma-

nizm duyğularına qapılıb sərhədi keçmək istəyənlərin qarşı-

sını almırdılar.

Bununla  belə,  getmək  barədə  qəti  qərara  gəlmələri,  az 

qala, bir aydan çox çəkdi. Bu müddətdə Gəncədə baş verən 

hadisələrdən  xəbər  tutdular;  deyilənə  görə,  on  minlərlə 

gəncəli  qətlə  yetirilmişdi,  bir  o  qədər  adam  da  yollarda 

pələsəng olmuşdular, Gürcüstanın o səmtindəki sərhədboyu 

qəza larda elə bir kənd tapmazdın ki, gəncəli qaçqın olmasın; 

üstəlik,  Batum  yolu  da  qaçqınlarla  doluydu,  əllərinə  keçən 

miniklə limana, oradan da İstanbula can atırdılar.

 Abram baş götürüb qaçdığı doğma şəhərində qəfəsə salın-

mış  şir  kimi  vurnuxurdu.  Tiflisdə  qala  bilməzdilər,  doğma 

şəhəri də olsa, əvvəla, Basyanın həmişə canlı xatirələri onun 

rahat yaşamasına imkan verməz, ikincisi də qırmızılar gəlib 

sərhəddə dayanıblar, gec-tez bu şəhəri də tutub yağmalaya-

caqlar.  Bu  şəhərdən  getmək  də  ağırdı.  Bu  qədər  xatirələri 

özüylə  necə  götürüb  aparsın,  bu  xatirələr  onu  başqa 

məmləkətlərdə  rahat  yaşamağa  qoyacaqdımı?  Əlbəttə,  hələ 

cibində qiymətli kağızlar, bir müddət keçinməyə pulu vardı, 

Bakıdakı evini satmamışdı, yəqin bolşeviklər tamam əlindən 

almazdılar – oğlu və onun dayəsiylə yaşamağa, heç olmasa, 

iki-üç otaq verərdilər – amma qırmızı terrordan canını qurta-



101

racağına  inanmırdı.  Qəfildən  evə  soxulan  meşin  gödəkcəli, 

meşin  kepkalı,  belləri  mauzerli  adamlar  elə  beləcə  də 

demişdilər:

“Bura bax, səni hələ güllələmirik, çünki öz adamlarımızı 

yetişdirənəcən  bizə  lazımsan.  Get  işlə,  şura  hökumətinə 

xidmət elə”.

 Amma Abram iri çamadana və iki bağlamaya ən lazımlı 

şeyləri, bir də xatirələrini yığıb dabanına tüpürdü, bəxtindən 

sağ-salamat gəlib gəncliyinin şəhərinə çata bildi. Bundan son-

rası taledən asılıydı.

 İndi Tiflisdə ilişib qalmışdı, getməklə qalmaq arasında ça-

palayırdı. Az qala, hər gün doğmalarının qəbrinə baş çəkir, 

sonra olan-qalan dost-tanışları axtarırdı. Axtardıqları qırmı-

zıların nəfəsini yaxında olduğunu duyub İstanbula, Romaya, 

Parisə, Berlinə, okeanın o tayına üz tutmuşdular. Tanışlardan 

təkcə Zaza Eristavini tapdı, o da dünyaya baxası vəziyyətdə 

deyildi, ticarətdə sınıq çıxıb içkiyə qurşanmışdı, ayıq vaxtı ol-

murdu. Elə Abramı da uzun müddət tanımadı, sonra qucaq-

layıb hönkür-hönkür ağladı:

 “Məhv elədim, – ağlaya-ağlaya dedi, – öz ağlımın ucbatın-

dan  hər  şeyi  məhv  elədim.  Arvadım  da  uşaqları  götürüb 

Kutaisiyə getdi. İndi mən kimə lazımam?”

 Zazanın dərdi özünə bəs idi, hər halda köhnə dostluqları 

xətrinə bir qədər pul verdi, amma ona bundan artıq kömək 

eləyə bilməyəcəyini başa düşüb ürək ağrısıyla çıxıb getdi. Al-

lah Abrama həmtayfalarına xas olan ağıl, hər cür vəziyyətdən 

çıxmaq qabiliyyəti, şəraitdən öz xeyrinə istifadə eləmək baca-

rığı vermişdi, bundan sonra da özünə bir gün ağlayacaqdı. 

Tiflisdən necə Bakıya gedib ikicə ilin ərzində varlı-hallı ada-

ma çevrilmişdisə, indi də həyatını yoluna qoymaq üçün bir 

yol tapacaqdı...

 Bütün bunlarsa Leonun vecinə deyildi, ondan ötrü başlıca 

şey günlərin macərayla keçməsiydi.

  Demək  olar,  hər  axşam  atası  ev  sahibiylə  çaxır  içə-içə 

getmək  planını  müzakirə  eləyirdi.  Zaza  qət  eləmişdi,  hətta 




102

qırmızılar  Tiflisi  tutsalar  belə,  doğma  şəhərindən  çıxıb 

getməyəcəkdi, ondan ötrü burda can vermək qürbətdə yaşa-

maqdan min dəfə yaxşıydı. Abram Nussimbaumda doğuldu-

ğu şəhərə bu cür xəstəhal bağlılıq hissi yox idi. Bəlkə, atasının 

Tiflisə Malorossiyadan gəlməsini, elə Malorossiyada da başqa 

yerdən  peyda  olmasını  yaddaşı  unutmamışdı,  ona  görə  də 

Bakıdan təəssüflənmədən ayrıldı, İstanbulda, Parisdə, yaxud 

Berlində eyni rahatlıqla yaşaya biləcəkdi. Başlıcası buydu ki, 

dar  gün  üçün  yığdığı  qızıl  külçələr,  sikkələr,  əsginazlar, 

qiymətli kağızlar və sənədlər etibarlı yerdə, şalvarının asta-

rındaydı, oğluna bir gün ağlayana qədər qolundan tutacaqdı.

 Yol Leonu həmişə həyəcanlandırırdı. Xəyallarında dönə-

dönə getdiyi, şahzadə, prins, sərkərdə, quldurbaşı, sevgilisini 

axtaran aşiq kimi gəzdiyi yerləri öz gözlərilə görmək istəyi 

ona  rahatlıq  vermirdi.  Zarafat  deyildi,  on  beş  yaşında 

Azərbaycanı,  Türküstanı,  Buxaranı,  İranı  dolaşmış,  indisə 

gəlib Gürcüstana çıxmışdı, burdan Osmanlı məmləkətinə, or-

dan  da  Avropa  ölkələrinə  gedəcəkdi.  Belə  bir  tale  kimin 

bəxtinə düşmüşdü? Dost-tanışlarını, məktəb yoldaşlarını bir-

bir gözünün qabağına gətirirdi: yox, heç kəsin! 

 Əslində, oğlanlarla münasibət saxlamağa meyilli deyildi, 

çünki  Leonun  üstünlüyünü,  qeyri-adiliyini  qəbul  eləmək 

istəmirdilər; qızlarsa güləş sifətli, daim maraqlı şeylər danı-

şan, duyğularını hərəkətə gətirən oğlana meyil göstərirdilər. 

Yəqin, Aşurbəyovlar  da,  Əsədullayevlər  də,  Nağıyevlər  də, 

Dadaşovlar  da  çıxıb  gedəcəklər,  bəlkə  də  artıq  İstanbulda, 

yaxud  Avropadadılar.  Amma  hamıdan  varlı  olan  Tağıyev 

getmədi,  var-yoxunu  təzə  hökumətə  verib  Mərdəkandakı 

evinə  çəkildi.  Leo  bunu  eşidəndə  inana  bilməmişdi:  ömrün 

boyu qazandığını o rəzil kütləyə necə vermək olardı?

 

***



 Ata-anasının qəbrinə baş çəkəndən, qohumlarından kimin 

sağ  qaldığını  öyrənəndən  sonra  vəziyyətin  get-gedə  daha 




103

təhlükəli şəkil aldığını dərk eləyən Abram, nəhayət, qət elədi: 

nə  qədər  ki  imkan  var,  getmək  lazımdı.  Hələ  bolşeviklərin 

başı  Bakıda  ən  vacib  işlərə  qarışmışdı:  Moskvaya  neft 

göndərməli, ac-yalavac əsgərlərini yedirib-geyindirməli, “is-

tismarçı qaniçənləri” aşkara çıxarmalı, orda-burda baş qaldı-

ranları sorğu-sualsız güllələməliydilər. Başlıcası, ölkədə qay-

da yaratmaqdı, sabah yerindəcə güllələnənlərin, Nargin ada-

sına  aparılıb  qurşuna  düzülənlərin,  həbsxanalarda  işgəncə 

verilənlərin  haqq-hesabını  soruşanda  gec  olacaqdı.  Abram 

Nussimbaum  burda  ələ  keçsəydi,  bolşeviklər  ona  rəhm 

eləməyəcəkdilər – buna əmin idi.

  Üç  at  almaqdansa,  bir  araba,  ya  da  fayton  kirayələmək 

daha ucuz başa gələr, həm də rahat olardı. Amma indiki vaxt-

da bu da müşkülə çevrilmişdi. Zaza deyirdi, Batuma gedən 

çoxdu,  ağlagəlməz  məbləğ  verirlər,  təki  birtəhər  özlərini  li-

mana çatdırsınlar. Elə o günlərin birində bolşeviklərin əlindən 

Tiflisə  qaçıb  gəlmiş  Fətəli  xan  Xoyskinin  öldürüldüyünü 

eşidəndə Abramın  əsəbləri  gərildi.  Düzdü,  Xoyskini  xüsusi 

tapşırıqla öldürmüşdülər, amma belə bir hadisəni onun başı-

na da gəlməyəcəyinə kim zəmanət verə bilərdi. Bəlkə, kimsə 

şalvarının  astarında  gizlətdiyi  var-dövlətindən  xəbər  tutub, 

ya da Fövqəladə Komissiya artıq arxasınca adam göndərib, 

günlərin  birində  qabağına  çıxıb  gözlərinin  içinə  baxa-baxa 

gülləni alnına sıxacaq?

 Sıxıntılı aylar bir-birinin ardınca ötür, getmək üçün fürsət 

gözləyirdilər. Axır ki, payız günlərinin birində Zaza Eristavi-

nin az-çox münasib qiymətə tutduğu faytonla yola çıxdılar. 

Leo  içində  sevdiyi  çərkəzi  geyimi,  bir  neçə  kitab,  şəkillər, 

köynək-şalvar,  alt  paltarı  olan  çamadanını,  atası  paltar  və 

sənədlərlə  dolu  çamadanını,  dünya  malında  gözü  olmayan 

frau Şulte kitablar, ən zəruri şeylər yığdığı boğçasını fayto-

nun yük yerinə qoydular, Zaza Eristavi və ailəsilə vidalaşıb 

yola  düşdülər.  Əlbəttə,  Leo  atla  getməyə  üstünlük  verərdi, 

çünki  həm  istiydi,  həm  də  dağları,  vadiləri,  çayları,  düzən-



104

likləri,  yol  adamlarını...  görmək  olurdu. Amma  atası  başqa 

fikirdəydi:

 “At belində tez nəzərə çarparıq, oğlum. Fayton səfərimizə 

xeyli sanbal verir, adamlar fikirləşəcəklər, gedən, güman ki, 

nüfuzlu zatdı”.

  “Gərək  çərkəzi  paltarımı  geyinəydim,  –  Leo  gülürdü,  – 

deyərdilər ki, hansısa knyazın oğludu...”

 “Hə, sənə söz çatdırmaq olmur, – Abram başını bulayıb 

üzünü dayəyə tutdu. – Yox, frau Şulte, mənə belə gəlir, İstan-

bul Leonun təhsil alması üçün münasib yer deyil. Ola bilsin, 

Parisə gedəcəyik”.

 “Berlinə getməyinizi məsləhət görərdim, axı Leo fransız 

dilini  kifayət  qədər  mənimsəyə  bilmədi,  alman  dilindəsə 

gözəl danışır”, – frau Şulte ümidlə ağasını süzdü.

 “Sizin sayənizdə, – atası başını tərpətdi, – bəlkə də haqlı-

sınız”.

  Faytonçunun  dediyinə  görə,  adətən  dörd-beş  günə 

getdikləri yolu doqquz günə başa vurmalı oldular. Yollar at-

eşşəklə,  cürbəcür  arabalar,  faytonlar,  karetlərlə  dolu  oldu-

ğundan özlərinə yemək, atlara alaf, dincəlməyə yer tapana-

can xeyli vaxt itirməli olurdular. Yolüstü meyxanalarda qa-

rınlarını  doydurur,  kəndlilərdən  pendir-çörək,  mer-meyvə 

alır, az dincəlir, tez tərpənməyə çalışırdılar. Abram hər dəfə 

aldıqlarının haqqını vermək üçün əlini cibinə salanda sifətini 

qayğı bürüyürdü: hər şey od qiymətinəydi, pulun dəyəri qal-

mamışdı,  üstəlik,  tələbat  çox,  təklifsə  nisbətən  az  olduğun-

dan, qızğın alver eləmək lazım gəlirdi. 

  Amma,  elə  bil,  bütün  bunlar  Leonu  maraqlandırmırdı, 

gözlərini geniş açıb ətrafa sonsuz maraqla baxır, xəyalının qa-

nadlarında  uçurdu.  Həmin  məqamda,  əslində,  Tiflisətrafı 

kəndlərdən birində yaşayan ortayaşlı tatarın ikiatlı faytonun-

da getmirdi, şahzadəsayaq ağ çərkəzi çuxa geymiş, yaraq-ya-

saq qurşamış, ağ atın belində şahanə vüqarla oturmuş halda, 

başının dəstəsilə əlçatmaz ənginliklərə doğru çapırdı. Sonra 



105

özünü Avropanın sakit, gözəl şəhərlərinin birində görür, ar-

zusunda olduğu həyatı yaşayırdı.

***


Batum onları ağlagəlməz qələbəliklə qarşıladı. Şəhər qay-

nar qazanı xatırladırdı. Bu yaxınlaracan Bakı neftini, Qafqa-

zın cürbəcür mallarını Avropaya, Avropadan ehtiyac duyu-

lanlarısa  Qafqaza  daşıyan  gəmilərin  yan  aldığı  liman  indi 

mühacir  kütləsinin  toplaşdığı  yerə  çevrilmişdi.  Dağılmış, 

bolşeviklərin əlinə keçmiş çar imperiyasının hər yerindən baş 

götürüb Avropaya üz tutanlar burda yığışmışdılar. Milyon-

çular, knyazlar, bəylər, xanlar, mülkədarlar, ziyalılar, tacirlər, 

qoçular...  basırıq  sala-sala,  bir-birini  itələyə-itələyə  limanda 

qaynaşır,  İstanbula  gedəcək  paroxodlara  düşmək  üçün 

dəridən-qabıqdan çıxır, dil tökürdülər.

 Abram başa düşdü ki, arzuladığı gəmiyə minmək bir neçə 

həftə, bəlkə də bir neçə ay çəkəcək. İrəlidə tam naməlumluq, 

arxada təhlükə vardı, bu məqamda özünü qəddar ovçuların 

qovub yuvasına saldığı tülkü kimi hiss eləyirdi. Əlbəttə, artıq 

geri dönmək də olmazdı, qəsdinə duranlar rahatlıq verməyə-

cəkdilər, dəri gödəkcəli, dəri kepkalı, beli mauzerli adamlar 

gec-tez Tiflisə yetişəcək, “istismarçı qaniçəni” divara söykəyib 

alnına güllə sıxacaqdılar. Ona görə də bütün bacarığını, sərf 

eləyib,  lazım  gəlsə,  var-yoxunu  töküb  Simurq  quşu  misalı 

həmin  paroxoda  minməli,  bu  məşəqqətdən  qurtarmalıydı, 

həm də təkcə öz canını yox, oğlunun və frau Şultenin həyatını 

da xilas eləməliydi.

  Liman  şəhərinin  bu  qələbəliyi,  əksinə,  Leonu  vəcdə 

gətirmişdi. Ömründə bu qədər adamın bir yerdə olduğunu 

görməmişdi, hətta Qızılsuda, Buxara bazarlarında, Ənzəli li-

manında da belə qələbəliklə, bu qədər çoxdilli insan kütləsilə 

qarşılaşmamışdı. Aradabir qulağına Azərbaycan türkcəsində 

sözlər  də  dəyirdi  –  görünür,  Bakıdan,  Gəncədən  qaçanlar 

idilər. Avropa geyimli, ağqvardiyaçı mundirli, çərkəzi çuxalı, 




106

əbalı-əmmaməli, gimnaziya formalı kişilər, şlyapalı, çarşablı 

qadınlar, bu qələbəlikdən özlərini itirmiş uşaqlar, fürsətə sa-

lıb pul qazanmaq istəyən yerli sakinlər... istidən tər tökə-tökə 

ora-bura vurnuxurdular.

 Əvvəlcə daldalanmağa yer lazım idi. Abramın ağlagəlməz 

sürətlə işləyən beyni bu tünlüyün doğurduğu qarmaqarışıqlı-

ğın  içində  işıq  ucu  tapdı:  Tiflisdəki  firmasında  bir  batumlu 

acar işləyirdi, bir dəfə – az qala, iyirmi il əvvəl – iş dalınca bu 

şəhərə gələndə onun qohumunun evində bir neçə saatlıq qo-

naq olmuşdular, həmin adam indiki vaxtda qonaq saxlamasa 

da, yəqin münasib qiymətə yer tapa bilər. Faytonu fəhmlə ya-

dına salmağa çalışdığı səmtə sürdürdü.

  Bəxtindən  ikiqatlı,  eyvanlı,  limana  baxan  evi  asanlıqla 

tapdı. Görünür, uzun illər ərzində bu cür gəlişlərə alışmış ev 

sahibi təəccüblənmədi, üstəlik, nə vaxtsa evində qonaq olan 

adamı da xatırladı. Yox, Mövludun indi harda olduğunu bil-

mir, bir neçə il olardı ki, əlaqələri kəsilib, amma onun dostuna 

kömək əli uzadar. Ömər faytonçuqarışıq hamını həyətə dəvət 

elədi, çay süfrəsi açdırdı, gələnlər dinclərini alanacan üst qat-

dakı otaqların birini hazırlatdı, heç qiymət-filan da kəsmədi. 

Amma Abram öz-özlüyündə qət elədi ki, orta qiyməti öyrənib 

ev sahibinin xəcalətindən mütləq çıxacaq. Yaxşı ki, faytonçuy-

la haqq-hesabı elə Tiflisdəykən kəsmişdi, indi şalvarının asta-

rındakı əsginazları çıxarmaq naqolay olardı.

 ...Limanın mənzərəsi Leonu həyəcana gətirmişdi. Uzaq-

larda başı qarlı dağlar, aşağıda mavi dəniz, cürbəcür gəmilər, 

saya  oturmuş  yük  gəmiləri,  yelkənli-yelkənsiz  qayıqlar, 

hərəkətsiz yük qatarlarının yığışdığı dəmiryol xətti, at, eşşək, 

öküz,  camış  arabalarının,  faytonların,  karetlərin  bir-birinə 

söykəndiyi şose yolu, adamlar qaynaşan liman körpüsü bü-

töv bir tabloya oxşayırdı. Ev sahibinin onları ailə sayıb üçünə 

də bir otaq verməsi, atasının çaşqın görkəmi, frau Şulteninsə 

əksinə, sakit siması (onsuz da ikinci qatdakı iki otaqdan birini 

yarıavropa geyimli qadın tutmuşdu, güman ki, o da İstanbula 



107

yola düşəcək paroxodu gözləyirdi) oğlanı heç maraqlandır-

mırdı.

Səhəri  gün  Abram  Nussimbaum  vəziyyətdən  xəbər  tut-



maq üçün limana getdi, Leo da frau Şultenin etirazlarına fikir 

vermədən onun dalınca yollandı. Əlləri ciblərində, qayğısız 

halda sahil boyu gəzişmək, arabir rast gələn yerli və mühacir 

qızlara baxmaq, qəhvəxanaların masaları arxasında əyləşmiş 

cürbəcür  geyimli,  müxtəlif  dillərdə  danışan  adamlara  göz 

qoymaq xoşuna gəlirdi. Bakıda dayəsinin və mühafizəçilərinin 

daimi “qayğısı” ucbatından belə sərbəst anları az olmuşdu. 

İndi Leo özünü böyümüş, yeni dünyanın, üstəlik, Avropanın 

kandarında dayanmış yetkin adam sayırdı.

Axşam qayıdanda atasının frau Şulteyə şikayətləndiyinin 

şahidi oldu:

“Başa düşürsünüz, frau Şulte, indi bizim Azərbaycan pas-

portumuz  heç  nəyə  yaramır,  Gürcüstan  pasportumuz  da 

yoxdu.  Pasportsuz  da  bilet  satmaqdan  qəti  imtina  elədilər. 

Neyləyəcəyimi bilmirəm”.

“Yəqin,  bu  limanda  yığışanların  əksəriyyəti  elə  bu 

vəziyyətdədi. – Frau Şulte ona ürək-dirək verməyə çalışırdı. 

Ola bilməz ki, bir çıxış yolu tapılmasın”.

 “Tiflisdə tədarük elədiyim pulumuz da tükənir, – Abram 

köksünü  ötürdü,  –  olan-qalanımdan  satmasam,  yolxərci  də 

düzəlməyəcək”.

“Siz  ev  sahibiylə  məsləhətləşin,  bəlkə,  bir  çıxış  yolu 

göstərdi”, – frau Şulte məsləhət verdi.

Amma  ev  sahibi  Abramı  ürəkləndirən  bir  söz  demədi. 

Pasport məsələsinə görə hökumətlə əlaqəsi olan axtarıb tap-

maq  lazımıydı,  qiymətli  şeyləri  satmaqsa,  ondan  da  çətin 

məsə ləydi. Limana yığışan adamların, az qala, hamısı nəsə – 

qızıl  külçəsi,  sikkə,  qızıl  şamdan,  gümüş  xəncər,  üzük,  bo-

yunbağı... – satırdılar, alansa az idi, həm də hər şey dəyərdən 

düşmüşdü, bir üzüyün puluna üç-beş gün ancaq dolanmaq 

olurdu.



108

  Günlər  acıbağırsaq  kimi  uzanırdı. Abram  Nussimbaum 

hər gün səhər tezdən çıxır, axşamacan limanda dolaşır, axşam 

yorğun-arğın  geri  dönür,  eyni  şikayət  dolu  səslə  başına 

gələnləri danışırdı. Leo da atasından sonra gedir, küçələri do-

laşır,  sahildə  vurnuxur,  qəhvəxana  müştərilərinə,  qayğısız-

qayğısız gəzən qızlara, mühacir qızların dalınca düşən yerli 

oğlanlara baxırdı. Bakıdakı həyatı ona bu cür yaşamaq imka-

nı  verməmişdi,  indisə  yad  şəhərdə  özünü  necə  aparacağını 

bilmirdi,  ona  görə  də  xəyallarının  və  fantaziyalarının 

kölgəsində daldalanmalı olurdu.

***


Günlərin birində Abram Nussimbaum evə kefikök halda 

qayıtdı:  axır  ki,  həkimlərdən  birinə  yol  tapıb,  “hörmətini 

eləyib” peyvənd olunması haqqında arayış yazdırmış, italyan 

paroxodu  “Kleopatra”ya  bilet  ala  bilmişdi.  Üstəlik,  bəxti 

üzünə gülmüş, köhnə tanışı, vaxtilə Batumda yaxşı vəzifə tut-

muş  knyaz  Zaxari  Mdivaniyə  rast  gəlmişdi.  Zaxarinin 

hökumət orqanlarıyla yaxşı əlaqəsi varmış, ondan ötrü Gür-

cüstan pasportu düzəldəcəyinə söz veribmiş. Əlbəttə, Abram 

da borclu qalmamışdı, nəticədə şalvarının astarı bir qədər də 

yüngülləşmişdi, amma bu onun sevincinə kölgə salmaq iqti-

darında deyildi.

“Bilirsiniz, frau Şulte, – deyirdi, – bəxtimiz necə gətirdi! 

Konstantinopola  çatanacandı,  ordan  Avropaya  bir  addım 

qalır!”


  “Görünür, Allahın  mərhəməti  üstümüzdən  əskik  deyil-

miş, – frau Şulte yaşaran gözlərini sildi. – ümidvaram, pas-

port məsələsi də düzələr”.

 “Leo, oğlum, gedirik, başa düşürsən?! – Ata sevincindən 

onun saçlarını qarışdırdı. – Sənə söz vermişəm, Avropadan 

təhsil alacaqsan, atanın ümidlərini doğruldacaqsan!”

 Əlbəttə, Leo Avropaya gedəcək, məşhur universitetlərin 

birində oxuyacaq, avropalı həyatı yaşayacaq, hamının tanıdı-




109

ğı,  hörmət  elədiyi  adam  olacaqdı.  Onda  qadınlara  belə 

həsrətlə  baxmayacaqdı,  özləri  onun  xoşuna  gəlmək  üçün 

dəridən-qabıqdan  çıxacaqdılar.  Çünki  Leo  bu  veyl-veyl 

gəzən,  qızların  dalınca  düşən,  bir-birinə  nifrət  eləyən,  bir-

birilə dalaşan yaşıdlarının heç birinə oxşamırdı.

  Zaxari  Mdivaninin  havayı  vəd  verməklə  arası  yoxmuş: 

dediyini elədi, pasportları gətirdi, üstəlik, məlum oldu ki, özü 

də  Avropaya  üz  tutmaq  qərarına  gəlib:  Gürcüstan  Milli 

hökuməti  nə  qədər  müqavimət  göstərsə  də,  daxildəki 

bolşeviklərin və Azərbaycan tərəfdən get-gedə artan qırmızı 

təhlükənin qarşısında duruş gətirə bilməyəcəkdi.

  “Mən  Vətənimi  sevirəm,  –  Zaxari  deyirdi,  –  amma 

üstümüzə gələn o nəhəng və iyrənc qüvvənin qarşısında du-

ruş gətirə bilməyəcəyimizi də dərk eləyirəm”.

 Leo da Zaxarinin oğlu Aleksiylə dostlaşmışdı. Paroxoda 

minəcəkləri günü gözləyə-gözləyə sahildə dolaşır, adamlara 

baxır, qarşılaşacaqları dünyayla bağlı fikirlərini bölüşürdülər.

 Əlbəttə, üfüqdən o yandakı dünya tamam başqaydı, orda 

müharibə  getmirdi,  hökumətləri  yıxmır,  adamları 

həbsxanalara doldurmur, sorğu-sualsız güllələmirdilər.

  O  dünyada  böyük,  gözəl,  səliqəli  şəhərlər  vardı,  həmin 

şəhərlərin geniş küçələri əzəmətli binaları, yaraşıqlı qadınları 

vardı...


  O  dünyada  əmin-amanlıq  içində  oxumaq,  abırlı  işlərdə 

çalışmaq, ecazkar kurortlarda dincəlmək, kefin istədiyi yerə 

getmək olurdu...

 Leo aradabir ayaq saxlayıb əlini qərbə uzadır, gözlərində 

xəyalpərvər parıltıyla deyirdi:

 “Ora! Avropaya!”




110


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin