XV FƏSİL
ŞAHZADƏ VƏ XƏLİFƏ ƏSƏD BƏY
Lev Nussimbaum
Berlin
Oktyabr 1922-ci-iyun 1924-cü illər
Əsəd bəy!..
Günlərin birində “İslamiyyə”dəki türk tanışıyla Berlindəki
Osmanlı konsulluğuna, imamın Hafiz Şükrünün yanına
getmişdilər. İmam onu süzüb soruşmuşdu:
“İsmi-şərifin nədi, övladım?”
Həmin məqamda duruxmuş, qəfildən yadına Bakıda az-
saylı dostlarından biri olan Əsəd bəy Əsədullayev düşmüş-
dü: o bir dəfə, az qala, adaş olduqlarını başa salmışdi; sən
demə, “Lev” də, “Əsəd” də ərəb dilində “şir” deməkmiş.
“Əsəd bəy!” – Özü də təəccüblənə-təəccüblənə dillənmişdi.
“Türk-müsəlmansanmı?” – İmam onun görkəmindən türk
olmadığını başa düşüb gülümsünmüşdü.
“Özümü müsəlman sayıram, – Leo birbaşa cavabdan yayı-
nıb inamla dillənmişdi. – Müsəlmanlığı qəbul eləmək istə-
yirəm”.
232
“İstəməklə müsəlman olmurlar, övladım, – İmam şəfqətlə
demişdi, – dərk eləməklə müsəlman olurlar. Görürəm, hələ
həyat təcrübən azdı, islamı dərk eləməyə çalış. Qurani-Şərifi
oxu, özünü hazır sayanda gələrsən”.
Əlbəttə, istəyinin rəsmiləşdirilib-rəsmiləşdirilməməsinin
Leodan ötrü fərqi yox idi: əqidə Abram Nussimbaumun
əmlakı, yaxud Almaniyada yaşamaq izni deyildi ki, möhürlü
sənəd istəsinlər. Leo şərqlidi, özünü müsəlman sayır, üstəlik,
Əsəd bəy adını götürüb, vəssalam.
Elə Leopold Veys də onu Əsəd kimi qəbul elədi. Nə olar,
maraqlıdı, cəlbedicidi, qeyri-adidi, Şərqi xatırladan nəsə var.
Lazım gələndə ad, lazım gələndə titul, lazım gələndəsə ləqəb
kimi istifadə eləmək olar. Onsuz da tanışlıq verdiyi adamlara
yəhudi olduğundan çox, Gürcüstandan, ya da Azərbaycandan
gəldiyini deyir, qoy milliyyəti barədə kim necə istəyir, elə də
fikirləşsin.
Lev Nussimbaum belə vəziyyətdən məmnun idi.
Yeni tanışı Leopold Veysə heyran qalmışdı, bir buna bax,
cəmi iyirmi iki-iyirmi üç yaşı var, amma gör nələr eləyib:
evdən qaçıb, orduya qoşulub, universiteti atıb, ailəsindən baş
götürüb gedib, kino çəkilişini nəinki gözlərilə görüb, hətta re-
jissor assistenti də olub, frau Qorkidən müsahibə götürüb,
müxbir olub, Şərqi gəzməyə yollanıb, özünə inamı, savadı,
dünyagörüşü adamı təəccübləndirir – idişi əməlli-başlı bilir,
yəhudilərin tarixindən xəbəri var, ərəbcəni öyrənir...
Öz millətinə münasibət baxımından Abram Nussimbaum
liberal mövqedə dayanırdı: bunu frau Şulte müəyyən
eləmişdi. Görünür, daha çox Bertanın təsirilə Leoya uşaq yaş-
larından yəhudiliyi və idişi öyrətməmişdilər. Leo bəzən elə
indi də yəhudilərin başqalarından nəylə fərqləndiklərini dərk
eləməkdə çətinlik çəkirdi. Məsələn, rus tanışı Viktor Yelaginlə
bu Brailovski, Zaderman, Pasternaklar arasında nə fərq var?
Arada Brailovski yəhudilər, onların taleyi, tarixi missiyası
barədə nəsə danışmışdı, amma indi bütün bunları qavraya-
caq halda deyildi.
233
Ata Vladimir Nabokov öldürüləndəsə antisemitlər barədə
danışmağa başladılar; bir neçə ay sonra yaşadıqları ölkənin
xarici işlər naziri Valter Ratenau güllələndi, yenə antisemitləri
asıb-kəsməyə, sionizm barədə söz açdılar: bəs bütün millətlər
yəhudilərə qarşıdılar, onlar əcdadlarının torpaqlarına qayıt-
malı, öz dövlətlərini qurmalıdılar, həmin yersə Qüds, yəni
Yerusəlim mərkəz olmaqla Fələstin torpaqlarıdı.
Sonra Brailovski oxuyub-eşitdiklərini danışdı: sən demə,
yüz illər ərzində baş verən bütün inqilablar yəhudi masonla-
rın əməliymiş, məqsəd yalnız ölkələrdəki mövcud quruluşla-
rı sarsıtmaq, qarmaqarışıqlıq yaratmaq, masonların köməyilə
bütün xalqları yəhudilərə tabe eləməkmiş. Masonluq nədi?
Masonluq da çar Solomonun məbədinin tikintisinə başçılıq
eləyən Xiromla bağlıdı: Xirom kütlə üzərində qeyri-adi
hakimiyyətə malikmiş, istedadlı memar, heykəltəraş, dəmirçi
olmaqla yanaşı, bütün işçiləri özünə sözsüz tabe eləməyi ba-
carırmış. Sonra bu əsasda gizli təşkilatlar yaradıb, ayrı-ayrı
ölkələrdə, bütün dünyada hakmiyyəti ələ keçirməyə başla-
yıblar. Rusiyada inqilabı da onlar törədiblər; Lenin də, Stalin
də ana tərəfdən yəhudi imişlər, Trotskidən, o birilərdən da-
nışmağasa ehtiyac yoxdu; bolşevizm də masonların ideyasıdı,
sosial inqilablar vasitəsilə dünyanı ələ keçirməkdi; Rusiyada-
kı çevrilişi də elə bu Almaniyadakı mason bankirlər
maliyyələşdiriblər.
Leo onun dediklərinə Ratenau öldürüləndən sonra daha
çox inanmağa başladı. Sən demə, Milyukovyu da, Ratenaunu
da eyni təşkilatın – “Yəhudilərin təkəbbürünə qarşı
Assosiasiya”nın üzvləri öldürüblərmiş, məqsədləri ölkədə
yəhudilərin hökmranlığına son qoymaq imiş, onları da Rusi-
ya mason-bolşeviklərilə gizli əlaqələrdə günahlandırırlarmış.
İstefada olan kapitan Lüdviq Müller fon Hauzenin on il əvvəl
yaratdığı o təşkilat hətta “Sion müdriklərinin protokolları”nı
almayınca çevirib yayıblarmış ki, hamını mason-semit plan-
lardan xəbərdar eləsinlər. Sən demə, Versal konfransında
234
məğlubiyyətə uğradılmış Almaniyanın taleyini də ancaq
yəhudi masonlar həll eləyiblərmiş: Lloyd Corc da, Klemanso
da mason bankirlərin puluyla baş nazir olublarmış; İtaliya-
dan gələn baron Sonnino yəhudiymiş; Vilson da Volfson imiş;
Corcun müşaviri sionist Filipp Sassune, Klemansonun şəxsi
katibi iudey Mandel, Vilsonun heyəti yəhudilər – Brauk, Var-
burq, Morgentau, Şiff, Brandeys – imiş; indi, məsələn, Alma-
niyada rəhbər işçilər arasında yəhudilərin sayı almanlardan,
azı iki dəfə çoxdu.
Əlbəttə, bütün bunlar maraqlı, cəlbediciydi, amma hələ
Leonun düşüncələrinə hakim kəsilə bilmirdi. Əlinə pul
düşəndə Kurfyurstendamma cumub filmlərə baxır, hər dəfə
də vəcdə gəlmiş, həyəcanlı halda qaranlıq zaldan çıxanda, az
qala, özünün başqa adam olduğuna inanmağa başlayırdı.
Atasının öz qayğıları vardı: yenə hər gün səliqəylə geyinir,
əsasını götürüb qocaəfəndi yerişilə oğlunun təhsilini davam
etdirməsi üçün xeyriyyə cəmiyyətlərinə, ya sorağını eşitdiyi
varlıların yanına pul axtarmağa gedirdi. Aradabir frau Köpke
tək, ya da keçmiş əsirlərdən kiminləsə gəlir, mütləq Leoya
“yardım” gətirirdi. Bəzən də Abram Nussimbaum üz tutdu-
ğu adamın yanından bir neçə yüz markalıq çeklə qayıdır,
otaqda məmnun halda vurnuxa-vurnuxa planlar qururdu.
***
Leopold Veyslə görüşdən az sonra Şərqə marağını əməli
surətdə də göstərməyə başladı: əlbəttə, Bakıdan bəri çamada-
nında gəzdirdiyi, ən çətin vaxtlarında belə satmadığı çərkəzi
çuxası daha əyninə olmazdı, artıq on yeddi yaşında ucaboy
oğlana çevrilmişdi; amma əvəzində köhnə paltarlar dükanın-
dan kübar türk uşaqlarının geyindiyi pencək-şalvar, fəs ala
bildi, təmizləyib saxladı ki, vaxtı çatanda özünü göstərsin.
Elə o vaxtdan Fridrix Vilhelm Universitetində Şərq dilləri
seminariyası olduğundan, həmin seminariyada da türk və
ərəb dilləri öyrədildiyindən xəbər tutdu. Heç atasıyla da
235
məsləhətləşmədi, seminariyaya getdi, qəbul olunması barədə
ərizə yazıb altına “Əsəd bəy Nussimbaum, Gürcüstanlı” imzası
qoydu. Bəxtindən orta təhsili olub-olmadığını, gimnaziyada
oxuyub-oxumadığını soruşmadılar. Qəbul olunduğunu
eşidəndə Leo sevincindən, az qala, ağlını itirəcəkdi.
Bununla da bir qədər yeknəsəq həyatı qəfildən dəyişib
daha coşqun ritmə düşdü. Əlbəttə, yeni hobbisini, atası bir
yana, ən yaxın dostlarına belə demədi. Səhər obaşdan durur,
tələsik qəlyanaltı eləyib Şarlottenburqdakı evlərindən çıxır,
az qala, şəhərin o biri başında yeləşən universitetə cumurdu.
Piyada gedirdi, əvvəla, metroya, tramvaya-filana artıq xərc
ayırmaq istəmirdi, ikincisi də yolboyu düşünməyə,
mühazirəçilərdən eşitdiklərini götür-qoy eləməyə vaxtı olur-
du. Əvvəlcə seminariyadakı mühazirələr o qədər də döşünə
yatmırdı: professorlar Şərq və Şərq dilləri haqqında quru, öl-
gün səslə danışırdılar, elə bil, ürəklərində sevgi, heyranlıq,
vəcd hiss olunmurdu.
Günorta seminariyadan çıxıb yolüstü aldığı qəlyanaltını
yeyə-yeyə şəhərin o biri başındakı gimnaziyaya qaçır, özünü
də təəccübləndirən sakitliklə, təmkinlə gündəlik dərslərinə
başlayırdı; dərslər başa çatandan sonra yoldaşlarından
müxtəlif bəhanələrlə aralanıb yenə tanış küçələrlə
universitetdəki axşam mühazirələrinə tələsirdi. Gecə masa
arxasında oturmaq, nələrisə oxumaq-yazmaq lazım gəlirdi,
amma çox tab gətirə bilməyib yuxuya gedir, atası oyadandan
sonra sərxoş kimi yatağına sərilirdi. Gecə yuxularında profes-
sorların ölgün, ehtirassız səslə təsvir elədikləri Şərq canlanır,
hərəkətə gəlir, öz sarayları, məscidləri, minarələri, bazarları,
meydanları, səhraları, dənizlərilə bütün həyatını doldururdu.
Leo başında şahanə çalma, əynində ipək əba, barmağında al-
maz üzük o şəhərləri, səhraları, dənizləri dolaşır, dolaşırdı.
Bütün bu gizlilik – Brailovskinin danışdıqlarından təsir-
lənib oxşatdığı kimi, “masonsayağı” fəaliyyət – Leonu yorur-
du. Belə vaxtlarda hisslərini daha sərbəst ifadəsinə can atır,
236
hətta gimnaziyaya belə “türk geyimi”ndə getməklə, fəs qo-
yub, monokl taxmaqla, susqun, təkəbbürlü görünməklə dost-
tanışlarını təəccübləndirir, bundan xüsusi zövq alırdı.
“Leo lap dəli olub, – Jozefina və Lidiya Pasternaklar öz
aralarında pıçıldaşırdılar, – hər yerdə fəslə gəzir, Osmanlı im-
periyasını tərifləyir, hətta, tələb eləyir ki, onu ancaq “Əsəd
bəy” çağırsınlar. Səbəbini soruşduq, deyir, artıq müsəlmanlığı
qəbul eləmişəm. Heç inanmaq olmur!”
“Bir buna bax, müsəlman şahzadəsi, xəlifə olub! Təlxəklik
eləmə görək!” – Sinif yoldaşları fəsinin qaytanından dartıb
onu ələ salırdılar.
Məktəbin tinində qəzet satan keçmiş ağqvardiyaçı zabit bir
dəfə istehzalı təbəssümlə dedi:
“Cavan oğlan, deyəsən, fəsin “bəy” sözü kimi, yarım ildən
artıqdı Türkiyədə belə qadağan edildiyindən xəbərin yoxdu!
Onlar indi Avropaya can atırlar, sən hara gedirsən?”
“Bu nə gürcü ləhcəsidi belə? – Vladimir Nabakov poetik
məşğələlər vaxtı istehzayla gülürdü. – Sənə heç yaraşmır...”
Atası da Leonun bu əməllərindən xoşlanmırdı. Təəccüblə
qaşlarını çatıb oğlunu süzür, başını bulayırdı: “Sən özünü
necə istəyirsən, elə apara bilərsən, amma mən müsəlman
şahzadə olmamışam, səni inandırıram ki, heç vaxt da olmaya-
cağam! Yoxsa təlxəkliyini sirr kimi saxlamaq üçün qapını
mənim üzümə bağlamaq istəyirsən?”
Leo cavab vermirdi, bununla belə, yolundan dönmək fik-
rində də deyildi. Nə olar, atasının şahzadə, xəlifə, yaxud şeyx
olmadığı həqiqətdi; o da həqiqətdi ki, olsa-olsa, ikinci gildiya
taciri olan Abram Nussimbaum heç neft sənayeçisi, milyonçu
da deyil. O, demək olar, hər səhər “ölü canlar” – öz aksiyaları-
nı belə adlandırırdı – satmaq üçün “Russland” hərracına ge-
dir, bəzən bəxti gətirib kimisə hərifləyə bilirdi, amma ildən-
ilə sovet quruluşunun dağılacağına bəslənən ümidlər azaldı-
ğından kafelərdən birində oturub “Moskvada görüşmək”
şərəfinə badə qaldıran mühacirlərə kədərlə baxırdı.
237
Amma bu cür ikili həyat yaşamaq Leo Nussimbaumun xo-
şuna gəlirdi. Öz fantaziya və üllüziyalarından başqa kənar
təsirlərə uymamaq özünəinamını artırır, onu oynadığı rolun
düzgünlüyünə inandırırdı. Gərgin həyat tərzi sanki Leoya
əlavə qüvvə verirdi; düzdü, geyimini, ləhcəsini, ədalarını,
həyata baxışlarını ələ salırdılar, amma belə vaxtlarda daha
dözümlü, təmkinli və vüqarlı görünməyə çalışır, bu da onu
təbdən çıxara bilməyən yaşıdlarının, az qala, düşməncəsinə
münasibətinə səbəb olurdu. Kinayəli, həqiqətlə fantaziyanı
qarışdırıb danışmağı, həmsöhbətlərini çaşdırıb-heyrətlən-
dirməyi mənimsəmişdi, bundan da əməlli-başlı zövq alırdı.
Elə həmin vaxtlarda da ilk sevgiyə oxşar duyğunu hiss
elədi. Sarışın gözəl Yevgeniya Flattın artıq yetərincə həyat
təcrübəsi vardı, oxuya-oxuya manekenliklə məşğul olur, son
dəb geyimlərini nümayiş etdirirdi; bununla belə, oxumaqla
arası yox idi, daim bəzənib-düzənirdi. Gözəlliyi, hətta, Leo-
nid Pasternakın da diqqətini çəkmiş, portretini işləmişdi. Leo
Yevgeniyaya, demək olar, vurulmuşdu, var-gücüylə çalışırdı
ki, xoşuna gəlsin, bundan ötrü, az qala, dəridən-qabıqdan
çıxırdı. Amma bədbəxtlikdən rəqibi vardı: qızın ətrafında Jorj
Litader adlı bir tip də fırlanırdı.
Nəticədə sarışın gözəl heç birinə qismət olmadı, özünün
dediyi kimi, “gonbul, nəzakətli, çox savadlı və ağıllı, üstəlik,
varlı” bir adama qoşulub Amerikaya getdi. Əlbəttə, Yevgeni-
ya Jorja – təkəbbürlü rəqibinə qismət olsaydı, daha çox əzab
çəkərdi, bununla belə, qızın yaşlı, gonbul, amma varlı adamı
ondan üstün tutması çoxdan gəldiyi qənaəti bir daha
möhkəmləndirdi: həyatda çox şeyi pul həll eləyir, Leo, sənin
də kifayət qədər pulun olanda o cür gözəllər özləri ayağına
gələcəklər!
“Müsəlmanlığı qəbul eləməsi” də hələ ancaq özündən ötrü
idi. Əslində, seminariyaya yazılmaqla yanaşı, Berlinin islam
aləmilə də yaxından tanış olmağa çalışırdı. “Əsəd bəy” türk
vətənpərvərlərinin, Orta Asiya milli dövlətlərinin keçmiş
238
nazirlərinin çoxluq təşkil elədikləri “İslamiyyə” cəmiyyətinə
də gedirdi, “Bolşevizmə qarşı rus-alman liqası”na da üzv ol-
muşdu, monarxiyalı sovet quruluşunun tərəfdarı olan “Gənc
ruslar ittifaqı”na da girmişdi...
***
Leopold Veysi tez-tez xatırlayırdı, Brailovski onun səfərdən
qayıtdığını xəbər verəndəsə həyəcanlandı: adam Şərqdə olub,
Allah bilir, nələr görüb-eşidib, başına hansı macəralar gəlib!
İstirahət günü görüşə biləcəklərini öyrənəndə lap səbrini itir-
di, az qala, yuxusu ərşə çəkildi.
Şarlottenburqdakı yay kafesində, masalardan birinin arxa-
sında ayağını ayağının üstünə aşırıb oturmuş Leopold Veys
onun nəzərində əsl fateh idi. Görüşəndə də köhnə tanışlar
kimi əl tutdu.
“Hə, Əsəd bəy, məni unutmamısan ki? – Gülə-gülə soruş-
du. – Dərslərin necə gedir?”
“Dostumuz müsəlmanlığı qəbul eləyibmiş, – Brailovski
xəbər verməyə tələsdi. – Həm də gizlicə. Mən də bu günlərdə
xəbər tutmuşam”.
“Belə de! – Leopold Veys heyrətlənib əlini sirli-sirli gülüm-
səyən Leonun çiyninə vurdu. – Əgər doğrudan belədisə,
deməli, bundan ötrü sanballı əsası var”.
Təbii ki, söhbət dərhal Leopoldun səfəri mövzusuna keçdi.
O Şərq günəşindən bir qədər yanmış sifətindəki məmnun
ifadəylə Qüdsə necə gedib çıxdığını, Fələstində nələr baş ver-
diyini, dayısı və doktor Veysmanla söhbətlərini, Şərqi və isla-
mı içindən öyrənməyin zəruriliyi barədə məsləhətləri danış-
dı. Leo maraqla qulaq asırdı, hətta ofisiantın bayaqdan
gətirdiyi qəhvə belə, soyumuşdu. Sonra Konstantinopoldan,
Muhamməd Əsəd Ərbili Həzrətlərilə görüşündən danışanda
Leo bərk həyəcanlandı, hətta, dözə bilməyib stulunu
müsahibinə bir qədər yaxın çəkdi.
Hər şey Leodan ötrü nağıla oxşayırdı: qədim Konstantino-
polun dar küçəsində təkkə, təkkənin bir hücrəsində uzun ağ
239
saqqallı, əmmaməli və əbalı şeyx, şeyxin ətrafında cavan
müridlər, zikr mərasimi... Leopold Veys Fələstinin şəhər və
kəndlərinə, Qahirəyə səfərləri barədə danışandasa lap
gerçəklik hissini itirdi.
Aralarındakı fərq ağlagəlməz dərəcədə böyük idi: Leopold
artıq Şərqi içəridən öyrənirdi, hər şeyi öz gözlərilə görür, Leo-
Əsəd bəysə burda, Berlində özlərini müsəlman adlandıran
adamlarla, mühacirət tör-töküntülərilə oturub-durur; Leo-
pold şeyxlə, Muhamməd Əsəd Həzrətlərilə həmsöhbət olur,
Leo-Əsəd bəysə özünü “hind xacəsi” adlandıran Əbdül Cab-
bar Xeyrinin moizələrinə qulaq asmaq məcburiyyətindədi;
Leopold Qüds, Qahirə və Konstantinopol məscidləri və
camelərinin möhtəşəm mənzərəsinə tamaşa eləyir, Leo-Əsəd
bəysə Hannoverştrassedəki tütün və tər iyindən beyin çatla-
yan dar otağa; Leopold din xadimləri arasında dolaşır, Leo-
Əsəd bəysə cəmiyyətə gəlib-gedənlərin yarısının ingilis və
rus casusu olmasından şübhələnir. Əlbəttə, Berlində ara-sıra
əsl müsəlmanlarla da rastlaşır, amma belələri çox azdı, Leo-
Əsəd bəyin az müddətdə öyrəndiklərindən artıq bilmirlər.
“Şərqə bir daha qayıtmaq fikriniz var?” – Leo axır ki,
gerçəkliyə qayıdıb Leopolddan soruşdu.
“Əlbəttə, – Leo sirli-mənalı görkəm aldı, – hiss elədim ki,
daha Şərqdən, islam aləmindən ayrı yaşaya bilmərəm. Bir ay-
lığa burda işlərimi yoluna qoymağa, qəzetlərin birilə sərfəli
müqavilə bağlamağa gəlmişəm, avqustun ortalarında yola
düşəcəyəm. Artıq öz missiyamı yerinə yetirmək vaxtım çatdı”.
Leo o missiyanın nədən ibarət olduğunu soruşmadı, bu-
nun nə demək olduğunu bilirdi: Şərqi və İslamı içindən
öyrənməkdi, vəssalam. Şübhəsiz, gözəl missiyadı, nə vaxtdı
Leo-Əsəd bəy də bunu arzulayır, amma fəaliyyət meydanı
dardı, hələ təhsilini başa vurmalı, iş tapmalı, maddi
vəziyyətini düzəltməlidi...
Leopold Veys gəldiyi kimi də yoxa çıxdı. Brailovskinin
dediyinə görə, artıq Şərq ölkələrini dolaşırdı. Leo-Əsəd bəysə
240
o ilin payız-qışını gərgin qaçhaqaçda keçirdi. Qarşıda gimna-
ziyanın buraxılış imtahanları dururdu, Leo Nussimbaum bü-
tün diqqətini seminariyadakı mühazirələrə yönəltdiyindən,
üstəlik, gimnaziyadakı dərslərdə də gizlicə seminariyanın
mühazirələrini oxuduğundan, imtahanları qorxu və
həyəcanla gözləyirdi.
Abram Nussimbaum da narahatlıq keçirirdi: oğlu axır ki,
gimnaziyanı bitirib Vilhelm fon Humboldt universitetində
ciddi ixtisas arxasınca gedəcəkdi. Əlbəttə, bu geyim-kecim,
şahzadə, xəlifə, milyonçu-filan hamısı yeniyetmə fantaziya-
sından törəyib, tezliklə unudulub gedəcək.
Ərəb, türk dillərinə, Yaxın Şərqin coğrafiyasına, tarixinə
aludəçilik imtahanlarda özünü göstərdi. Leo-Əsəd bəyin latın
dilindən, riyaziyyatdan “səviyyəsi” pis qiymətlə müəyyən
edildi. İmtahan komissiyasının Romanovlar nəslindən olan
ahıl sədri şagirdin tarixlə bağlı biliyindən məmnun qaldı, bu
da o biri fənlərdən “günahlarını” yumağa kömək elədi. Axır
ki, birtəhər kafi qiymətlə kamal attestatını ala bildi – fasilələrlə
də olsa, on il davam eləyən məşəqqət başa çatdı. Əlbəttə,
irəlidə onu uğurlu gələcək gözləyir – Leopold Veysin missi-
yasını Leo Nussimbaum da yerinə yetirəcək!
Gimnaziyayla vidalaşması fiziki və zehni gərginliyini xey-
li azaltmışdı...
Şərq Seminariyasına “Gürcüstanlı tələbə” kimi qeyd olun-
du, amma növbəti ilin avqustundasa fon Humboldt
universitetinə yazılanda Rusiyadan olduğunu dedi, noyabrda
kurslara gedəndə özünü gürcü kimi qələmə verdi – bütün
bunlar Leodan ötrü əhəmiyyətsiz şeylər idi, başlıcası, arzula-
dğına yetmək, istədiyi həyatı yaşamaqdı...
Dil öyrənməyin zəruriliyi də lap amanını kəsirdi: bir halda
ki, özünü müsəlman kimi aparmağı qərara almışdı, gərək
ərəb və türk dillərini biləydi, gələcək perspektivləri üçünsə
ingilis dili vacib idi. Əvvəlcə türk-ərəb dilləri kurslarına yazıl-
dı. Qəribəydi, ərəbcəni asanlıqla mənimsəsə də, türkcənin
241
öhdəsindən heç cür gələ bilmirdi, ona görə də növbəti yay
ingilis dili və İslam tarixilə yanaşı, türk dilinə də vaxt sərf
elədi – amma nəticə sevindirici deyildi.
Pasternakların evində yığışdıqları axşamlar Şərq hekayəçisi
rolunu müzakirəsiz Leo Nussimbaum üzərinə götürürdü. Ba-
şına yığılan yaşıdlarının heç biri onun qədər gəzib-
görməmişdilər, bolşeviklər Rusiyadan qovandan elə burda –
Berlindəcə məskən salmışdılar. Amma Leo-Əsəd bəy Qafqa-
zı, Orta Asiyanı, İranı dolaşıb Konstantinopolda, Romada,
Parisdə, Hamburqda olub – bəyəm, bu on səkkiz yaşlı gənc
üçün azdı?!
Üstəlik, Leonun gördüklərini bəzəyə-bəzəyə, şişirdə-
şişirdə, məcəra, detektiv elementləri qata-qata nağıl eləməsi
hamını cəlb eləyirdi. Buxara əmirinin sarayındakı təmtəraq,
İrandakı qızılgüllər və fırlanan dərvişlər, yaxud Gürcüstanın
dağlarında şeytana sitayiş eləyən tayfa, ya da xevsurların sö-
yüş yarışı və öküz döyüşü keçirmələri, illah da İranda Yavər
xanın onlara əylənmək üçün oğlan uşağı göndərməsi...
ağlagəlməz əhvalatlara oxşayırdı, inanmaq çətin də olsa,
həddən artıq maraqlıydı. Əslində, Leo onlardan başqa
münasibət də gözləmirdi; əksinə, bir qədər şübhə içində qal-
maları daha şirnikdiriciydi. Başlıcası, Leonun öz fantaziyala-
rının, gücünü, arzuladıqlarını həqiqətə oxşatmaq bacarığını
sınaqdan keçirməsiydi, buna da uğurla nail olurdu.
“Ay səni, Leo, – yarıtəqdir-yarışübhəylə başlarını bulayır-
dılar, – gör bir nələr danışırsan...”
“Ay səni, Leo, gör bir nələr danışırsan!” – Vaxtilə frau Şulte
də onun uşaq fantaziyalarını eşidəndə belə demişdi...
“Ay səni, Leo, gör bir nələr danışırsan”, – Abram Nus-
simbaum da oğlunun xəyal gücündən heyrətlənəndə belə de-
yirdi...
Amma indi o böyümüşdü, şübhəsiz, fantaziyaları da bö-
yümüşdü.
O artıq Leo-Əsəd bəy idi!
242
Düzdü, tanışları hər fürsət düşəndə onu istehza hədəfinə
çevirirlər; hətta Corc Litor kinayəsini açıq-aşkar bildirir, “O
müsəlman-filan deyil, mənim kimi adi rus yəhudisidi” deyir,
bütün bunlar Əsəd bəyi yolundan döndərə bilməyəcək!..
|