evdə olmalısan. Firuz gələcək. İclas olacaq. 5-in yarısında gələcəyəm.
340
Yusif”. Amma yığıncağa gecikmişdi, gəlib çıxanda polisin
hardansa xəbər tutub mənzilə basqın elədiyini, on altı nəfəri
həbsə aldığını öyrənmişdi.
Həmin günlərdə yoldaşları arasında olmadığından əməl-
li-başlı xəcalət hissi duymuşdu, onlar da sorğu-sualda Yusif
Vəzirin adını çəkməmişdilər. Xoşbəxtlikdən məsələ çox
böyümədi, əməllərində ictimai təhlükəli bir şey olmadığını
görüb yoldaşlarını azad elədilər.
Həmyerlilər cəmiyyətini qurdular, üstəlik, tələbələri türk
dilinə alışdırmaq məqsədilə İslam Tələbələri Nəşriyyat Heyəti
də yaratdılar. Nəşriyyat Hеyəti Hacı bəy Axundovun başçılı-
ğı altında buraхdığı Həsən bəy Zərdabinin “Su, torpaq, hava”
kitabıyla yanaşı onun “Məlikməmməd” nağılını da çap elədi.
“Peterburq, Moskva və Varşavadan aldığımız məktublardan məlum
olur ki, – onda yazmışdı, – müsəlman tələbələrinin yüzdə beşi ana
dilinə lazımınca malik deyillər; ona görə... bayatı, el nəğmələri, ata-
lar sözü, qaravəlli, məsəllər, ağı, vəsfi-hal və nağıllar kimi şeylər də
toplanıb çap olunacaqlar…” Bu işə ianə göndərənlər də vardı:
Hacı Zeynalabdin iyirmi beş manat göndərmiş, Ceyhun bəy
“Hacı Kərim” kitabının satışından aldığı məbləği vermiş, Sal-
yandan tacir Nəcəfəli və Mirzə Əbdüləziz hərəsi beş manat
yollamış, Hacıtərxanda, Bakıda, Aşqabadda, Salyanda, Ordu-
badda nəşrlərini yaymağı boynuna götürənlər də tapılmışdı...
Onda Dikaya küçəsindəki on bir saylı evdə kirayələdiyi
mənzil qərargahı xatırladırdı...
Hərdən Parisdən – Ceyhun bəydən, Peterburqdan – Üze-
yir bəydən xəbər tuturdu. Ceyhun bəy Şuşanın və Bakının
həsrətini çəkirdi, Üzeyir bəysə “Arşın mal alan” operettası
üzərində işləyirdi. Şuşada baş verən əhvalatı, tacir Behbuda-
lının oğlu Məcidin başına gələni qələmə almışdı. Onun gözəl
səsi vardı, görüb-tanımamış evlənməkdən boyun qaçırıb ar-
şınmalçı paltarı geymiş, həyətbəhəyət gəzib parça satmışdı.
Axır ki, yarına-yarısına çar ordusunun polkovniki Abbasqulu
bəy Vəkilovun həyətində rast gəlmiş, onun qızı Firuzəyə vu-
341
rulmuşdu. Qız da arşınmalçıya könül veribmiş. Abbasqulu
bəy, təbii ki, Tiflisdə Müqəddəs Nina Gimnaziyasını bitirən
Firuzənin adi arşınmalçıya getməsinə razı olmamış, Məcidlə
Firuzə də qoşulub Tiflisə qaçmışdılar. Bu əhvalatı Şuşada
hamı bilirdi, Üzeyir bəyin də yaddaşında qalmışdı.
Payızın axırlarında xəbər tutudu ki, konservatoriyanın
rektoru Aleksandr Qlazunov “Arşın mal alan”ı çox bəyənib,
onu “Rusiyada ilk operetta” adlandırıb, Üzeyir bəy də libretto-
nu Bakıya, Müslüm Maqomayev və Hüseynqulu Sarabskiyə
göndərib ki, tamaşaya hazırlasınlar. Hüseynqulu quruluş ve-
rib, həm də Əsgər rolunda səhnəyə çıxıb, Müslümsə dirijor-
luq eləyib, Əhməd Ağdamski, Ələkbər Hüseynzadə, Hənifə
Terequlov, Gülsabah xanım, Olenskaya digər rolları oynayıb-
lar, Tağıyevin teatrında göstərilən premyera böyük uğurla
keçib...
Sonra Birinci Dünya müharibəsi başladı, hər şey alt-üst
oldu...
Bununla belə, təhsilini bitirib Vətənə qayıdanların yerini
Şövkət Məmmədova, Mirzə Abbasov, Rüstəm Əliyev, Ağahü-
seyn Kazımov, İlyas Qayıbov, Lətif bəy Mahmudbəyov,
Qəzənfər Musabəyov, Qənbər bəy Rəfibəyov, Ağaverdi
Rəhimov, Mehdi bəy Sarıcalinski, Abbas bəy Sultanov, Tağı
Şahbazi, Mustafa bəy Topçubaşov, Mustafa Quliyev, Cəlil
Məhəmmədzadə... tutmuşdular.
Şövkət xanımla dərhal dostlaşdılar. O Tiflisdə musiqi
məktəbini bitirəndən sonra Milana getmiş, orda məşhur
müğənni Luici D’Ambroziodan dərs almış, sözün həqiqi
mənasında, Milanda tanış olduğu, Kiyev Politexnik İnstitu-
tunda oxumağa gələn Yakov Lyubarskiyə qoşulub qaçmışdı,
konservatoriyada, Aleksandra Şperlinqin sinfində oxuya-
oxuya Reynqold Qliyerlə, opera solistləri Flora Paşkseniya-
Dzerjinskaya, Vorents Motvidlə verdiyi konsertlərdə həm
klassik Avropa operalarından ariyaları, həm də Azərbaycan
xalq mahnıları ifa eləyirdi.
342
Bir dəfə hamının sevə-sevə “Mixo” çağırdığı gürcü dostla-
rı Mixeil bərk xəstələndi. Həkim müayinəsindən belə məlum
oldu ki, oğlanın müalicəsinə bir ətək pul lazımdı. Ağlına nə
gəldisə, özünü Şövkətin yaşadığı, Rubanovların evindəki
mənzilə saldı.
“Şövkət, kömək elə, – az qala, yalvardı, – Mixonu xilas
eləmək lazımdı, onun nəfinə konsert verməyə razı ol!”
Şövkət belə qəfil xahişdən karıxdısa, boyun qaçırmadı, əri
və Yusiflə bütün gecəni oturub konsertin proqramını hazırla-
dı. Uğurla keçən konsertdən sonra Mixonu toplanmış vəsaitlə
müalicəyə yola salanda özünü dünyanın ən bəxtəvər adamı
sayırdı...
Bütün bunlar iyirmiillik zaman məsafəsinin o tərəfində
qalmışdı...
***
...Sovet sərhədində sənədlərini yoxlayanda (bəxtindən ça-
madanını ötəri yoxladılar, görünür, onları kağız-kuğuz maraqlan-
dırmırdı) qatar yenicə yaranmış dövlətin içərilərinə doğru
irəliləyəndə qəlbini yenilik duyğusu bürümüşdü: bu onun
tanıdığı ölkəydi, amma hələ naməlum dövlət idi. Kiyevdə,
Qalisiyada, Simferopolda, Odessada olduğu vaxtlar bu dövlət
rüşeym halındaydı, xalq sancı çəkən ana kimi qıvrılır, yeni
varlığı dünyaya gətirməyə çalışırdı.
O körpə doğulub, bir qədər böyüyüb; sancıların şahidi
olan adamsa körpənin doğulmasını görməmişdi, onu tanı-
mırdı, amma tanımaq istəyirdi, buna görə də hər şeyi hədsiz
maraqla baxırdı. Yol yoldaşı olan alman professorun sifətində
də eyni maraq vardı, bu yeni quruluşda gördüklərini cidd-
cəhdlə dərk eləməyə çalışırdı...
Moskvada bircə gün qaldı. Nərimanov daha yox idi ki, gö-
rüşüb içindəki səksəkəni bir qədər toxtatsın. Olan-qalan pu-
lunu vağzala yaxın bankda sovet rubluna çevirib nahar elədi,
sonra “Moskva-Bakı” qatarına bilet alıb elə vağzalın ətra-
343
fındakı küçələri yorulanacan gəzdi. Çamadanını yüksaxlama
yerinə vermək istəmirdi, elə bil, kimlərinsə dərhal eşələyib
sirrini aşkara çıxaracaqlarından qorxurdu. Bura tanımadığı
ölkəydi, içindəki səksəkə hələ ötüb-keçməmişdi, heç yox ola-
na da oxşamırdı. Amma artıq bu ölkənin vətəndaşıydı, onun
havasıyla yaşamalı, qayğılarını bölüşməli, keçmişi unutmağa
çalışmalıydı.
Qatarda yerini tutanda fikirləşdi ki, hələ hər şey itiril-
məyib. Bacısı Qönçə oğlu Nuşirəvanla Bakıya pənah gətirər,
ər sarıdan taleyi gətirməyən bacısıyla bir-birinə həyan olub
yaşayarlar.
Cəmi-cümlətani iki sutkadan sonra tale gəmisi nicat
sahilinə yan alacaqdı...
Hələ 1926-cı il aprelin ilk günüydü, Moskva havasında ya-
zın nəfəsi güclə duyulurdu...
Yusif Vəzir bir daha hiss elədi ki, nagahan səksəkə hələ də
onun yol yoldaşıdı...
|