adam vüqarla, müdrik adamsa təbəssümlə keçir”, – Asiya haqqın-
da yazdığını bu kəlamla bitirmişdi. Fikrincə, artıq yolunu
cəsarətlə keçməlidi, ona görə də Əlimərdan bəylə qürurunu
itirmədən üz-üzə gəlməliydi. Əlbəttə, Əlimərdan bəy onun
Məmməd Əmin bəylə söhbətindən xəbər tutub, Müsavatdan
çıxmaq qərarını bilir, bəlkə, Parisə gələndən bəri onu yolux-
madığından da inciyib, indisə bütün bunların yeri deyil, qar-
daşını xilas eləmək üçün hər şeyə göz yummalıdı. O da düz-
dü ki, Ceyhun bəy ona Əlimərdan bəyin çətinliklərini deyib,
bununla belə, ən azı, nüfuzundan istifadə eləyib Mir Abdulla-
ya yardım göstərməlidi. Şübhəsiz, oğulları Ələkbər bəyi,
Rəşid bəyi, Ənvəri dəniz kənarına göndərmək onun atalıq
borcudu, amma ağsaqqal kimi çarəsiz vəziyyətdə olan
Azərbaycan türkünün də qolundan tutmalıdı.
Əlimərdan bəyin vaxtilə Napoleonun iqamətgahı olan
Sən-Klüdə kirayələdiyi mülk onun qaldığı barakla müqa-
yisədə saraya oxşayırdı. Əlbəttə, mühacirətdə olsa da, hələ
dövlət başçısı sayılırdı, cürbəcür millətlərin, ölkələrin nüfuz-
lu adamlarını qəbul eləyirdi, daha abırlı yaşamalıydı. Amma
indi gerçəklik bu idi ki, qardaşı müalicə olunmaq üçün gündə
on səkkiz frank tapa bilmirdi, o – Əlimərdan bəyin başçılıq
elədiyi dövlətin sabiq elçisisə gündə elə on səkkiz franka qara
fəhlə işləyib güzəranını birtəhər yola verirdi.
250
Əlimərdan bəy müsafirini qonaq otağında qarşıladı, Yusif
Vəzir ilk baxışdaca onun dəyişdiyini, qocaldığını, yorulduğu-
nu sezdi. Altmış yaşını yenicə haqlamışdı, amma, hər halda,
beş-altı il əvvəlki qədər çevik və cavan deyildi.
Heç biri ötüb-keçənlərə, siyasi söhbətlərə toxunmamağa
çalışırdı.
“Əfv eləyin, Parisə gələndən sizi yoluxmağa imkan tapma-
dım, – Yusif Vəzir mümkün qədər təmkinli olmağa çalışırdı.
– Mən gələndə Lozannada idiniz, sonra eşitdim ki, konfransla
məşğulsunuz, sonra da mən iş ucbatından vaxt tapmadım”.
“Əhvalınızı Ceyhun bəy danışdı, – Əlimərdan bəy yel
xəstəliyinə tutulmuş barmaqlarını ovuşdura-ovuşdura
dilləndi. – Təəssüf eləyirəm ki, sizə kömək eləmək üçün heç
bir imkanımız yoxdu”.
Səbrini basıb Mir Abdullanın vəziyyətini danışdı:
“Mən özüm üçün heç bir şey təmənnasında deyiləm, za-
vodda işləyib həyatımı təmin eləyirəm. Xəstə bir Azərbaycan
türkü üçün yardımınızı əsirgəməyin”.
“Sizi gözəl anlayıram, – Əlimərdan bəy təəssüflə əllərini
yana açdı. – Amma nəzərə alın ki, hökumətimizin Avropaya
göndərdiyi səksən nəfərin hamısının taleyilə maraqlanmağa
məcburam. Bakıdakı bolşevik hökuməti onları taleyin
ümidinə buraxdı, o cavanlardan təhsilini yarımçıq qoyanlar,
güzəran ucbatından həbsxanaya düşənlər, hətta, intihara əl
atanlar belə oldu. Hamısı bizim övladlarımızdı. Təəssüf ki,
büdcəmizdə bir frank belə yoxdu, müraciət eləyəndə
xəcalətimizdən cavab da verə bilmirik!”
Ortalığa ağır sükut çökdü. Nəhayət, Yusif Vəzir ayağa
qalxıb şlyapasını götürdü.
“Aydındı. Narahat elədiyimə görə üzr istəyirəm”.
Görünür, Əlimərdan bəy də naqolay vəziyyətdən tez qur-
tulmaq istəyirdi, gətirilən qəhvəni içməsini belə təkid eləmədi.
“Ümüdavaram ki, mənə qarşı inciklik saxlamayacaqsınız,
– dedi. – Bir çıxış yolu tapılsa, Ceyhun bəy vasitəsilə xəbər
çatdırıram”.
251
Sağollaşıb çıxdı. Həyətdə nəvələrilə əylənən Pəri xanıma
və qızı Sara xanıma doğru nəzakətlə baş əyib qapıya doğru
getdi.
***
...Müalicəsinə pul tapılmadığından Mir Abdulla Parisə
ağır vəziyyətdə qayıdıb yatağa düşdü. Bir müddət “Şorite”
xəstəxanasında yatdı, sonra həm pulsuzluq, həm də ümidsiz-
lik ucbatından evdə yatmalı oldu. Həkimlərin dediyinə görə,
artıq xəstəlik binəvanın bağırsaqlarına da keçmişdi. Məcbur
qalıb xəstəyə qulluqçu tutdu, hər istirahət günü qardaşına
baş çəkir, Ceyhun bəyin, Mirinin dostlarının cüzi yardımı,
özünün qənaət eləyib artırdığı pulla qulluqçunun haqqını,
dava-dərmanın dəyərini, xəstənin yeməyini təmin eləməyə
çalışırdı. Hər ay Hans da müəyyən miqdarda yardım
göstərirdi – amma bütün bunlar kifayət eləmirdi.
O günlərdə Mir Abdulla kiminsə məsləhətilə Məmməd
Əmin bəyə də məktub yazıb kömək istəmişdi. Məmməd
Əmin də təəssüfünü bildirib şəfa diləklərilə üç dollar
göndərmişdi. Bundan xəbər tutanda olan-qalan səbrini də
itirdi: deməli, hər şey bura qədərmiş...
Bu da azmış kimi, qəfildən işini də itirdi: Sitroenin
avtomobilləri artıq nüfuz qazanmışdı, o da Klişidə işlərinin
həcmini azaldıb Avropanın digər yerlərinə üz tutmuşdu.
Həmin günlərdə Kommunistlərin Mərakeşdəki müharibəyə
qarşı təşkil elədikləri tətilin iştirakçısı olduqlarını bəhanə
gətirib işçilərdən canlarını qurtarmağa başladılar. Əvvəlcə
“sidi”ləri – Fransa koloniyalarından olanları, sonra digər
əcnəbiləri işdən azad elədilər. Hans Günter də siyahıya
düşənlərin arasındaydı, artıq daha ucuz yerli işçi qüvvəsi ta-
pırdılar.
Hansın Süzanla Münhenə qayıtmaq qərarını eşidəndə
amansız zərbə almış kimi düşünüb-daşınmaq qabiliyyətini
itirdi. Cəmi üç gündən sonra Hans Günteri və arvadını yola
252
salıb iş tapmaq ümidilə kirayələdiyi miskin daxmaya köçən-
dəsə tənhalıq hissinin ağırlığından bağırmaq istədi. Hansdan
sıxıntılı həyatını dolduran xatirələr, təxminən dörd yüz
səhifəlik əlyazması, ümid dolu sözlər qalmışdı. İndi söykən-
məyə təkcə tale yoldaşı Mənsurun nikbinliyi vardı. Mənsur
tez-tez ona baş çəkir, gözlərini və dişlərini parıldada-parılda-
da ürək-dirək verirdi:
“Çox fikir eləmə, qurban, inşallah, bir qapı açılar...”
Hər gün Mənsurla şəhərciyi gəzir, zavodların, fabriklərin
qapısında iş gözləyənlərə qoşulur, rədd cavabı alandan sonra
küçələri dolaşır, ya da şəhərin kənarındakı təpəliyə qalxıb
oturur, bir tikə yavan çörək yeyir, ordan-burdan söhbət
eləyir, bəzən də elə oturduqları yerdəcə mürgüləyib həyatın
məşəqqətini bir anlığa da olsa, unudurdular. Axşamlar
Mənsurun oğlu Səid bir qab şorba gətirir, eynilə atası kimi,
gözlərini, dişlərini parıldada-parıldada gülümsəyirdi. Şorba-
nı içəndən sonra daxmanın ağzında, daşın üstündə oturub
acı papirosun tüstüsünü ciyərlərinə çəkə-çəkə düşüncələrə
dalırdı.
Axır ki, lokomotiv deposunda “manevra” – qara fəhlə işi
tapdılar. İş də depoda işləyənlərin hamısının əmrinə qulaq
asmaqdan, tapşırdıqları işi sözsüz-sovsuz yerinə yetirməkdən
ibarət idi. Bəzən onları lokomativ qazanlarını təmizləməyə,
ya ağır dəmir hissələri həyətin bu başından o başına daşıma-
ğa göndərirdilər. Get-gedə o da Mənsura oxşamağa başladı:
hisli-paslı işdən sonra əllərinin, üz-gözünün çirkini yuya-yu-
ya qəlbində hamıya qarşı qəzəbin artıb-çoxaldığını hiss
eləyirdi.
Həyatın lap dibinə enmək, daim çıxılmazlıq girdabında ça-
palamaq niyə onun taleyinə yazılmışdı? Bu qədər itkilərdən
sonra taleyi niyə daha bir qardaş itkisini rəva görmək
istəyirdi? Heç olmasa, elə bu Mənsurun ailəsi, oğlu-qızı,
çarəsiz qalanda getməyə Vətəni vardı, amma o bu nemətlərin
ikisindən də məhrum idi.
253
O günlərin birində də Mənsur yaralandı, ağır dəmir əlinin
üstünə düşmüş, biçarəni xəstəxanaya aparmışdılar. Yeganə
ümid yeri olan işi buraxıb onun yanına qaça bilməzdi, axşam-
lar da o qədər yorulurdu ki, ancaq bir tikə çörək yeyib yatağa
sərilməyə macal tapırdı. Beləcə, az qala, iki ay Mənsurdan
xəbər tuta bilmədi.
Yenə son ümidlə Məmməd Əmin Rəsulzadəyə məktub
yazdı. Bunu Mirabdulla xahiş eləmişdi, o da könlünə dəymək
istəmədi. Əslində, üç dollar məsələsindən sonra keçmiş əqidə
yoldaşından çox incimişdi, yəqin, Müsavat firqəsindən çıx-
maq barədə bəyanını unudar: bunu şəxsi söhbətində deyib,
iki il keçsə də, hələ əməli addım atmayıb, Məmməd Əmin bəy
o vaxt dediklərini ani qızğınlığın səbəbi saya bilər, ya da
tərəddüd keçirdiyini düşünə bilər. Məktubunda istiqraz
barədə yazmış, əfkari-ümumiyyə naminə xəstəyə yardım
göstərmələrini xahiş eləmişdi. Amma budur, ondan quru, so-
yuq, hətta bir qədər sərt cavab aldı: fikrincə, istiqraz məsələsi
vəhydən başqa bir şey deyil, bunu iddia eləmək yaxşı
nəticələrə səbəb olmaz.
Son aylarını, bəlkə də günlərini yaşayan xəstənin yanına
boş əllə, quru ümidlərlə getmək, çox kədərliydi, amma başqa
bir qapı açılmırdı ki, açılmırdı. Ceyhun bəyin başı “Arşın mal
alan”ın tamaşasına hazırlığa qarışmışdı, bir dəfə gəlib xəstəni
yoluxmuş, gedəndə masanın üstünə əlli frank qoymuşdu.
Mirabdullanın dediyinə görə, sıxıntısı üz-gözündən oxunur,
düz-əməlli kömək eləyə bilməməyinin əzabını çəkir. Bir dəfə
Aslan Nansidən gəlibmiş, nə yollasa əlinə düşən iki yüz fran-
kın yarısını vermişdi. Amma bütün bunlar dəryadan damlay-
dı: növbəti ayın kirayə pulunu ödəmək vaxtı çatmışdı, ayda
iki-üç dəfə çağırılan həkimə pul vermək, qulluqçunun haqqı
ödəmək, ərzağa pul vermək lazımıydı.
Bu tərəfdən də depoda fəhlələr iş şəraitinin ağırlığı
üzündən tətil elədilər, o tətilə Yusif Vəzirlə Mənsur qoşuldu.
Amma tətil ümid bəslədikləri nəticəni vermədi, üstəlik,
işlərini də itirdilər.
254
Yenə iş axtarmaq əzabları başlandı...
Yenə ümidsizlikdən bağırmaq dərəcəsinə çatdı...
Yenə səhərlər zavodların, fabriklərin, depoların qarşısında
toplaşan adamlara qoşulur, aclıqdan, taqətsizlikdən gözlərinə
qaranlıq çökənəcən gözləyir, rədd cavabı alandan sonra
küçələrdə dolaşır, yeriməyə taqəti qalmayanda rastına çıxan
yerdə oturub papirosun acı tüstüsünü ciyərlərinə çəkirdi...
Axır ki, elektrik naqilləri zavodunda iş tapdı...
Amma buna heç iş də demək olmazdı, əlacsızlıqdan
getməli olmuşdu...
Az sonra o işi də itirdi...
Mirinin get-gedə ağırlaşan xəstəliyi, qarşıda onları göz-
ləyən uzun qış, gündən-günə özünü daha açıq-aydın göstərən
ehtiyac amanını kəsmişdi...
|