Dördüncü fəsil Zahidlərin dediklərindən
◘Bir zahid bir qaziyə deyir: “Mən istərdim sən bu vəzifədən uzaq olasan. Lakin indi ki, bunu öz öhdənə almısan, onda səkkiz şeyə riayət et: Danlaqdan qorxma, tə`rifə ürək bağlama, işdən çıxarılmaqdan qorxma, hökmü bilsən də məşvərət etməkdən imtina etmə, haqq sənə mə`lum olsa, onu bəyan etməkdən ötrü bir an da yubanma, qəzəbli halda qəzavət etmə, nəfsani istəklərə uyma və nə qədər ki münaqişə tərəflərinin hər ikisi hazır olmayıb, bir tərəfə qulaq asma.”
◘Səkkiz şey səkkiz şeyin bəzəyidir: heysiyyət, izzəti-nəfs fəqirliyin, şükr var-dövlətli olmağın. Səbr bəlanın, təvazö nəcabətin, helm alimin, özünü kiçik tutmaq elm öyrənənin, ağlamaq qorxunun, xüşu da namazın.
◘Hər kəs səkkiz şeyi tərk etsə, səkkiz şey əldə edər. Boş-boş və faydası olmayan danışığı tərk edən hikmət əldə edər, yersiz baxışları tərk edən qəlbin xüşusunu əldə edər, çox yeməkdən çəkinən şəxs ibadətin ləzzətini dadar, dünya məhəbbətini qəlbindən çıxaran kəsə axirət məhəbbəti nəsib olar, başqaların eyiblərini axtarmaqdan çəkinən şəxsin diqəti öz eyiblərinə yönələr və onları islah etməklə məşğul olar, Allahın zatı barədə düşünməkdən çəkinən kəs nifaqdan amanda olar, camaatla düşmənçilik etməyən kəs onların məhəbbətinə nail olar və hər kəs bədənini bəsləməkdən əl çəksə, asayiş əldə edər.
◘Səkkiz xüsusiyyətin ardınca gəzdim, bütün dünya və axirət xeyrini həmin şeylərdə tapdım:
1. Qüdrət və məqam əldə etmək istədim, onu elmdən başqa bir şeydə görmədim. Elm və bilik ardınca gedin ki, həm dünyada, həm də axirətdə əzəmət sahibi olasınız.
2. Böyüklük axtardım, bunu təqvadan başqa bir şeydə görmədim. Təqvalı olun ki, böyüklük əldə edəsiniz.
3. Var-dövlət əldə etmək istədim, bunu qənaətdən başqa bir şeydə görmədim. Qənaət edin ki, ehtiyacsız olasınız.
4. Asayişi əldə etmək istədim. Bunu nalayiq və fərsiz insanlardan uzaq olmaqda gördüm. Bu cür insanlarla yoldaşlıq etməkdən uzaq olun ki, rahatlıq əldə edəsiniz və Allahın əzabından amanda qalasınız.
5. Salamatlıq ardınca gəzdim, bunu Allaha itaətdən başqa bir şeydə görmədim. Allaha itaət edin ki, salamat qalasınız.
6. Xüzu və təvazö ardınca gəzdim, bunu haqqı qəbul etməkdən başqa bir şeydə görmədim. Haqqı qəbul edin ki, təkəbbürdən uzaq olasınız.
7. Həyatın ləzzətini axtardım, bunu nəfsani istəkləri tərk etməkdə gördüm. Nəfsin istəklərini tərk edin ki, həyatın ləzzətini da dadasınız.
8. Camaatın tə`rifinin ardınca getdim, bunu səxavətdən başqa bir şeydə görmədim. Səxavətli olun ki, yaxşı ad qazanasınız.
◘Rum hakimi Qeysər bir keşişdən soruşdu:
–Ən böyük hikmət nədir?
–Keşiş cavab verdi:
–Öz qədir-qiymətini bilmək.
–Ən kamil əql hansıdır?
–Elmin hüdudlarını aşmamaq.
–Ən böyük helm nədir?
–Söyüş qarşısında səbr etmək.
–Heysiyyətin ən böyük qoruyucusu nədir?
–Abırı qorumaq.
–Ən kamil mal-dövlət hansıdır?
–Haqqı ödənilmiş mal (yə`ni, vacib vergiləri ödənilmiş mal)
–Ən yaxşı səxavət nədir?
–Təqva və ixlas.
–Ən yaxşı sultan kimdir?
–Qüdrətli olduğu halda helmi hər kəsdən artıq, qəzəb halında cəhli hər kəsdən az və qüdrətin davamlı olmasını yalnız və yalnız ədalətli olmaqda görən sultan.
Nəticə Dili qorumaq barədə
◘Əziz qardaş! Dilinin bacardığın qədər qoru! Bu üzv Allahı zikr etməkdən ötrü, Qur`an oxumaq, insanları irşad etmək, dini və dünyəvi məsələlər barədə öz hacətlərini ödəmək üçün ötrü yaradılmışdır. Əgər dildən yaradılış hədəflərindən başqa şeylərdən ötrü istifadə etsən, böyük ziyana uğramış olarsan. Dilini səkkiz şeydən qoru:
1. Yalan söz danışmaqdan. İstər ciddi olsun istərsə də zarafatyana. Əgər yalan zarafata adət etsən, tədricən yalan deməklə həddi aşacaqsan. Bil ki, yalan kəbirə günahlardandır.
2. Verdiyin və`də xilaf çıxmaqdan. Məbada, yaxşılıq və`dəsi verib, sonra ona xilaf çıxasan! Gərək yaxşılığın əməldə olsun, dildə yox. Əgər naçar qalıb və`də vermiş olsan, heç vaxt ona xilaf çıxma. Yalnız, zəruri hallar istisnadır. Və`dəyə xilaf çıxmaq münafiqlik əlamətidir. İkiüzlülük də napak əxlaqdan irəli gəlir.
3. Qeybətdən. Bir çox hədislər əsasında mə`lum olmuşdur ki, qeybət etməyin çox böyük günahları var.
4. Camaatın narahatlığına və incikliyinə səbəb olan höcət və mücadilə etməkdən. Bil ki, bu, cəhl və nadanlıq əlamətidir.
5. Özünü tə`rifləməkdən. Bu çox pis xüsusiyyətdir. Allah-təala buyurur: “Özünüzü tə`rifləməyin ki, Allah təqvalıları daha yaxşı tanıyır.” Bir hikmət sahibindən soruşdular: “Xoşa gələn düz, lakin pis söz nədir? “Cavab verir: “Özünü tə`rifləmək.”
6. Müsəlmana lə`nət etməkdən. Bu işdən var gücünlə çəkin!
7. Allahın yaratdıqlarına nifrin etməkdən. Hətta, əgər sənə zülm etmiş olsa da. Çünki, hədislərdə gəlib: “Məzlum şəxsin intiqam üçün zalım barəsində etdiyi duanı Allah qəbul edər. Lakin gördüyü zülmdən artıq nifrin edərsə, həmin miqdarda zalımın onun boynunda haqqı var.”
8. Nalayiq zarafat və məsxərədən. Dilini bu cür narəva sözlərdən qoru. Çünki bu, insanın abrını aparar, onun alçalmasına, düşmənçiliyə, qəlblərdə kin və ədavətin cücərməsinə səbəb olar. Heç kəslə zarafat etmə, əgər səninlə də zarafat etsələr cavab vermə ki, qoy söhbətin mövzusu dəyişsin. O kəslərdən ol ki, özünü ağır apararaq ləğv və bihudə işlərdən uzaq gəzir.
Bütün bunlar dilin afətləridir. Bunlardan xilas olmaqdan ötrü təklikdə olmaq və zəruri hallardan başqa bir söz deməkdən çəkinmək üçün ciddiyyət göstərmək lazımdır. Bu dildən özünü möhkəm qoru! Bu dil vasitəsi ilə hər iki dünyanın həlakətinə mə`ruz qalarsan.
Doqquzuncu bölmə Doqquz tərkibli nəsihətlər Birinci fəsil Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər
◘Doqquz şeyin doqquz afəti var: danışığın afəti yalan, elmin afəti unutmaq, helmin afəti ağılsızlıq, ibadətin afəti süstlük, xoş təbiətli olmağın afəti boşboğazlıq, şücaətin afəti zülm, səxavətin afəti minnət, gözəlliyin afəti lovğalıq, əsil-nəcabətin afəti iftixardır.
◘Peyğəmbər (s) Xeybərin fəthindən sonra üzünü müsəlmanlara tutub onları doqquz şeydən çəkindirdi: zina müqabilində muzd ödəmək, heyvanları pul müqabilində cütləşdirmək, qızıl üzük taxmaq, itə qiymət qoymaq (ov iti, çoban iti, evi və bağ-bostanı qoruyan itlər istisnadır.), ipək paltar geymək, yırtıcı heyvanların ətindən istifadə etmək, qızılı qızıla, gümüşü gümüşə satarkən artıq-əskikliyə yol vermək, uğur və nəhs işləri və s. məsələləri təhqiq etməkdən ötrü astronomik araşdırmalar aparmaq.
◘Mənim ümmətimə doqquz şeydən günah yazılmaz: Səhv, unutqanlıq, zorla məcburiyyət, qüdrəti çatmadığı şeydən ötrü, zərurət, ürəyə pis şey gəlmək (məqsəd budur ki, bu cür şeylərin, məsələn, səfərə çıxarkən qarşısında qara pişik keçməyin və s. bu kimi işlərin günahı bağışlanmışdır, lakin, bunlara e`tina etmək olmaz.) və qəlbə gələn vəsvəsələr, məsələn, hər hansı bir şəxs barədə pis fikirləşmək, bu da nə qədər ki dilə gəlməyib, günah hesab olunmaz.
◘Allah-təala İslamı mənim əlimlə rövnəqləndirdi, Qur`anı mənə nazil etdi. Kə`bəni mənim əlimlə açdı, məni bütün insanlardan üstün etdi, dünyada məni bəşərin sevinc və şadlıq vasitəsi, Qiyamət günündə isə məhşərdə toplaşan insanların ziynəti qərar verdi, məndən qabaq behiştə daxil olmağı bütün peyğəmbərlərə, eləcə də, bütün ümmətlərə mənim ümmətimdən qabaq haram etdi. Məndən sonra canişinliyi Qiyamətə qədər əhli-beytimə həvalə etdi və mənim dediyim hər bir şeyə qarşı çıxan şəxs Allaha qarşı kafir olmuşdur.
◘Cabir deyir: “Bir gün Həzrət Peyğəmbərin (s) hüzurunda idim. Üzünü Əliyə (ə) tutub buyurdu: “Ey Əbəlhəsən! İstəyirsənmi ki, sənə bir müjdə verim?” Əli (ə) ərz etdi: “Bəli, əlbəttə, ya Rəsuləllah!” Peyğəmbər (s) buyurdu: “Elə indicə Cəbrail nazil olub Allah tərəfindən xəbər gətirdi ki, sənin şiələrinə doqquz imtiyaz verilib: ölüm zamanı rahatlıq və xoş münasibət, vəhşət zamanı qəlbi aramlıq, (axirət və qəbir) qaranlığından nur, (Qiyamət) qorxusundan amanda olmaq, əməllər haqq-hesab olunarkən fəzl və kərəm, Sirat körpüsündən asanlıqla keçmək, behiştə digər insanlardan qabaq daxil olmaq və nəhayət, nurları öndən və sağdan onlara doğru tələsər.”
◘Allah-təala mənə doqquz şey tapşırıb, mən də onları sizə tövsiyə edirəm: gizlində də, aşkarda da ixlaslı olmaq, qəzəbli olanda da, halın xoş olduğu vaxtda da ədalətli olmaq, yoxsul olanda da, varlı olanda da iqtisada riayət etmək, zalımı bağışlamaq, məni məhrum edənə əta etmək, məndən əlaqəni kəsənlə əlaqə yaratmağa çalışmaq, sükutumun təfəkkür, danışığımın zikr və baxışımın ibrət olmasını.
◘Bir gün bir yəhudi öz dostuna dedi: “Gedək bu peyğəmbəri görək.” Dostu dedi: “Peyğəmbər demə. Çünki eşitsə öz-özünə fəxr edər.” Onlar Peyğəmbərin (s) hüzuruna gəlib soruşdular: “Doqquz açıq-aşkar hökmü olan ayə hansılardır? “Peyğəmbər (s) buyurdu: “Allaha şərik qoşmayın, israf etməyin, zina etməyin, Allahın möhtərəm bildiyini nahaqdan öldürməyin, günahsızı öldürmək üçün qoluzorluların çənginə verməyin, cadu ilə məşğul olmayın, pakdamən qadınlara böhtan atmayın, döyüşdən qaçmayın və xüsusən, siz israillilər, şənbə günü həddi aşmayın.” Yəhudilər Peyğəmbərin (s) əlindən öpüb onun peyğəmbərliyinə şəhadət verdilər.
Dostları ilə paylaş: |