1903-cü il 2 may – Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin 14-cü sayında "Öz müxbirlərimizdən. Bakı" başlıqlı ilk yazısı çap edilir. Bu yazısında o, "Şərqi-Rus" qəzetinin nəşrini alqışlayır və yazır: "Şükr və min dəfə şükr! Ki biz Qafqaz müsəlmanları da bir qəzet sahibi olduq”.
1903-cü il 14 may –“Şərqi-Rus” qəzetində əmisi oğlu və yaxın mücadilə dostu Məhəmməd Əli Rəsuloğlu ilə birlikdə “Hümmət və qeyrət vaxtıdır” məqaləsi çap edilir. Bu yazıda elm öyrənməyin vacibliyi xüsusi olaraq belə vurğulanır: “Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib, elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kişiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir”.