1933-cü il 8 mart – M.Ə.Rəsulzadə 2 saylı Ekspozituranın rəhbəri olan polyak Xaraşkeviçlə görüşür, “Azərbaycan Milli Mərkəzi”nin fəaliyyəti ilə bağlı onu məlumatlandırır. Eyni zamanda Ə.M.Topçubaşov ailəsinin ciddi ehtiyac içində yaşadığını bildirir. Qeyd edir ki, Ə.M.Topçubaşovun böyük oğlu xarici sayıldığı üçün ona iş tapmaq mümkün deyil. Böyük qabiliyyəti olan kiçik oğlu isə məcburiyyətdən təhsilini dayandırıb. M.Ə.Rəsulzadə Xaraşkeviçi Ə.M.Topçubaşovun ailəsinə kömək etməyə razı salır.
1933-cü il mart –Varşavada yazdığı anketdə M.Ə.Rəsulzadə “İstanbulda Azərbaycanlı Tələbələr” Cəmiyyəti haqqında məlumat verir. Qeyd edir ki, bu cəmiyyət Türkiyədə təhsil alan tələbələrdən ibarətdir, 24 üzvü vardır. İdarə Heyətinin sədri Mehmet Əli bəydir (M.Ə.Rəsuloğlu). Bu, mədəni-maariflənmə və xeyriyyə formalı cəmiyyətdir. Öz üzvlərinə maddi və mənəvi dəstək verir. Əsasən də türk ictimaiyyətini Azərbaycan xalqının həyatı və mübarizəsi ilə tanış edir.
1933-cü il 19 noyabr – Varşavada “Azərbaycanda Milli Hərəkat” adlı çox əhəmiyyətli bir məqaləsini yazır və 1934-cü ilin yanvarın 12-də bu yazı 2 saylı Ekspozituraya daxil olur.