Amma fevralın 25-dən 26-na keçən gecə o qanlı hadisə baş verdi. Elman Məmmədov ürək ağrısı ilə o faciəni danışır:
Fevralın 25-də təxminən gecə saat 11-in yarısında dəhşətli atışma başlandı. Hərbçilər bütün istiqamətlərdən şəhəri atəşə tuturdular. Gecə saat 1-ə yaxın fin evləri tərəfdən camaat qaçmağa başladı. Gecə saat 2-yə kimi davam gətirə bildik. Axırda qalmağın qeyri-mümkünlüyünü hiss edib geriyə qayıtdım. Gördüm ki, evimizdə 40-a qədər adam var. Camaatı da götürüb gəldim dəmiryolu körpüsünün yanına. Gördük 500-600-ə yaxın adam da burda toplaşıb. Rəhmətlik Əlif Hacıyev də burda idi. Fikirləşdik ki, camaatı qırğına verməməkdən ötrü keçilməz bir sədd tapaq. Çünki ermənilər adətən keçilən yollarda dayanıb pusqu qurarlar. İnanmazlar ki, çətin yoldan keçib gedək... Hava işıqlaşanda Əsgəran-Naxçıvanik yoluna çatdıq. Sən demə, ermənilərin əsas pusqu yeri elə bura imiş. Camaatı başladılar qırmağa. Burada çoxlu uşaq və qadın həlak oldu. Adamların bir hissəsi Gülablı kəndinə sarı getdi və orada 200 nəfərədək adamı ermənilər girov götürdü. Biz şəhərin sağ qalmış sakinləri üçün atəşlə sipər yaratdıq və onların bir qismi Ağdama çata bildi. Biz isə ermənilərin (doqquz yoldaşımla) mühasirəsindən çıxa bilmirdik. Orda bir xəndək vardı. Güllələrdən qorunmaq üçün girdik xəndəyə. Amma ermənilər gördü bizi. Hər yandan atəşə tutdular. Yoldaşımız Müşfiqi də vurub yaraladılar. Olduq beş yaralı. Müşfiqin halı lap pis idi. Elə inildəyirdi ki, yaram ağırdır, dəyməyin. Ona bir qranat verdik ki, özünü qorusun. Çünki bura təhlükəli idi və biz daha qala bilməzdik. 200 metrə kimi sürünüb yerimizi dəyişdik. Heç özümüz də bilmədən uzanmışıq iki erməni səngərinin arasında. Qəfildən yaxınlığında uzandığımız səngərdən dəhşətli atışma başladı. Hara atdıqları bilinmirdi. Bir müddətdən sonra güllə səsləri kəsildi. Axşam saat 8-dən səhərə kimi biz fırlanıb, fırlanıb eyni yerə gəlib çıxmışıq. Duman olduğundan heç yanı görə bilmirdik. Hava işıqlaşanda yolu çətinliklə müəyyənləşdirib gəlib çıxdıq Ağdama. Həmin yerdən Ağdama 10-15 dəqiqəlik yol idi. Amma biz neçə saat orda fırlanmışdıq. Ağdama gəlib çatanda əl-ayağımız bütövlükdə donmuşdu. Ağdamda öyrəndim ki, bəzi qəzetlər həlak olmağım haqda yanlış məlumat verib. Ağdama çatan kimi bir az özümə gəlib getdim qərargaha. Qərargahda heç kim yox idi. Fevralın 27-də respublikanın prezidentinə, Ali Sovetin sədrinə, Baş nazirə zəng vurdum ki, onlarla danışım. Lakin heç biri cavab vermədi. Amma bilirdim ki, ordadırlar. Özləri qaçır mənimlə danışmaqdan. Şuşaya - Rəhim Qazıyevə zəng vurdum. İlk məlumatı verdim ki, hər yerə yayıb çatdırsın. Bu vaxt bir oğlan dedi ki, bəs televiziya Xocalı haqqında yalnış məlumat verib. Axır ki, Ağdamdakı respublika nümayəndəliyini tapıb hirslə dedim: Sağ olun! Sağ olun ki, bu xalqı qırdırdınız! Yenə sağ olsun rəhmətlik Allahverdi. Neçə xocalını girovdan qurtardı, neçəsinin meyidini gətirdi. Allahverdi bu işi heç bir dövlət tapşırığı olmadan görürdü. Sonra Moskvaya gedib iki saat qırx dəqiqə mətbuat konfransı keçirdim. Bizim televiziya təəssüflər ki, həmin konfransın cəmi 10 dəqiqəsini verdi. O faciəli gündə çoxlu qohumum qırıldı. Anam həlak oldu, qaynatamın iki oğlu, iki nəvəsi, iki yeznəsi öldü, xalamın əri və oğlu öldü, iki nənəm iki uşağı ilə öldü. Çox, çox adamım qırıldı o faciədə. Əslində orda ölənlərin hamısı mənim doğmalarımdı...
GİROVDAKILARI GÖZLƏYƏNLƏR
Həp cahan qanlı bir kitab əlan,
Bu, fəqət bir səhifədir ondan.
Qopuyor hər tərəfdə min fəryad...
H. CAVİD
И
ndi hər yanda min fəryad qopur. Göylərin ulduzları sönük, günəşi görünməzdir. Dünən sevinib gülən, şadlıq və məstanəlik içində xumarlanan dünyamız qara günə bürünüb matəm beşiyindədir. Matəmə bürünmüş dünyamızın bir parça qara torpağında dəstə-dəstə gəzişən insanlar sonsuz kədərin ağır yükünə dözə bilməyib əyilə-əyilə gəzirlər. İnsana ölüm gülləsindən də sərrast atılıb ağır dərd gətirən bir zərbə də varmış: əsarətdə, girovda doğma bir adamı gözləmək! İntizarla, həyəcanla gözləmək! Hər zaman onun görünəcəyi və gəlib bağlı qapını açacağı ümidi ilə gözləmək!
Biçarə xocalılar, zillət içində çeynənən xocalılar! Hər gün zəif bir ümid işığı ilə yollara boylanıb girovda qalan doğmalarını gözləyir! Çoxu doğmalarının, qohumlarının öldü-qaldısından xəbərsizdir! Eləcə girovda sanıb həsrətlə qayıdacağı ümidindədir! Amma xocalılar yaxşı bilir ki, o cəhənnəm alovundan az, çox az adam sağ qayıdıb gəlir. Yalnız inamın zəif, sönük bir şöləsinə boylana- boylana qalıblar.
Girovda kimlər qalıb? Onlardan bir xəbər-ətər varmı?
Məmmədova Cəmilə:
- Ermənilər üç dayımı öldürüb girovda: Səlimov Fəxrəddin, Səlimov Araz, Səlimov Mikayıl. Arazla Fəxrəddin evli idi, Mikayılın isə 24 yaşı vardı. Milisdə işləyirdi. Arazın iki qızı, bir oğlu qalıb. Hələ nə qədər girovda qohumlarımız qalıb!
Girovdakı qohumlarım:
Məmmədov Saday Süleyman oğlu.
Əliyeva Sürəyya - xalamdır.
Haqverdiyev Şahin Məşdi oğlu. Aeroportda milisdə işləyirdi.
Əliyev Ağəli.
Paşayev Ələddin Bəhlul oğlu. 1961-ci ildə anadan olub.
Zeynalov Tofiq Aslan oğlu.
Zeynalov Eldar Aslan oğlu.
Bu adamlar girovda sağdırmı görən? Vaxtsız, vədəsiz ömürlərini qırıb ölüm dənizinə atmayıblar ki, onları? Yenə doğma elə, obaya qayıda biləcəklərmi? Aylarla gözü yolda qalanlarını sevindirəcəklərmi?
Suallar cavabsızdır, sonu görünməzdir...
Quliyev Anahid:
- Girovda qalan qohumum birdirmi, ikidirmi? Allah ermənilərə zülm etsin. Atamı, anamı, bacımı, əmimi girovda saxlayırlar. Heç birindən düz-əməlli xəbərimiz yoxdur. Elə bir-iki dəfə orda görən olub. Bir-bir adlarını deyim:
Əliyev Ülfət İman oğlu.
Əliyeva Çiçək Ələsgər qızı.
Əliyev Firdovsi İsa oğlu.
Əliyeva Heyran Mürşüd qızı.
Abbasov Savalan - babamdır. 80 yaşında.
Süleymanov Tofiq. Tələbə.
On iki gün meşədə qalmışam. Anam yanımda donub öldü. Hər yanımız meyidlə dolu idi. İki bacım da yanımda idi. Gecələr canavarlar üstümüzə hücum çəkirdi. Tez ocaq qalayıb qorunurduq. Arvadlar ağlaşır, qışqırışırdılar. Min bir işgəncə ilə gəlib çıxdım Qarağacı qəbiristanlığına. Qəbir daşlarının üstündə azərbaycanca yazıları görəndə bildim ki, ermənilərin arasından çıxmışıq. İndi də girovda qalan qohumlarımın yolunu gözləyirəm.
Girovdakı qohumlarım:
Hümbətov Talış İsgəndər oğlu. 55 - 60 yaşında.
Mahmudov Əliman. 42 yaşında.
...Girovda qalanını gözləyənlər çoxdur. Lap çoxdur. Heç kim ümid çırağını söndürmək istəmir. Əgər meyidi tapılmayıbsa, deməli sağ qala bilər. 30 yaşlı oğlunu gözləyən Hürü xala da bu ümidlə yaşayır. Ciyərparasının qayıdacağına inanır. Məhsəti türkü olan Çaxalov Vəhdinin də faciəsi də böyükdür. Min bir müsibətlərdən sonra Xocalıda məskən salan Vəhdinin indi altı nəfər yaxın adamı gəlib çıxmayıb. Vəhdi də onları girovluqda hesab edir. Vidadi Əliyev isə əsəbi halda deyir: "Qaynatam altı nəfər ailə üzvü ilə birlikdə yoxdur. Yəqin ki, ermənilər girov saxlayır: Üç qızı, oğlu, həyat yoldaşı, özü, Allah bilir ki, hansı müsibətdədirlər.
...Xocalılar ağır dərd içində girovda qalan doğmalarını gözləyir. Kimdən xəbər gəlir, kimdən isə heç bir səs-soraq yoxdur. Həsrətli yollara hər gün minlərlə həsrətli göz dikilir. Xocalılar girovdakıları gözləyirlər.
MÜSTƏNTİQ NARAZIDIR
Azərbaycan Respublikası prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Aydın Rəsulovla söhbət edirik. Xocalı faciəsi üzrə təhqiqat aparan müstəntiq narazılıqla deyir: - Xocalı faciəsinin əsas günahkarı ermənilərdir. Dinc camaatımızı qırıb qətlə yetirən də onlardır. Xankəndində olan 366-cı alayın da cinayətkarlığı çoxdur bu faciədə. Amma burda günahı olan bir qrup adam da var. Təəssüflər olsun ki, həmin adamlar bizim millətlərdən olanlardır. Bu adamlar - keçmiş rəhbərlik və o vaxt bəzi vəzifələrdə çalışanlar idi. Biz o adamlardan hələ də ifadə ala bilmirik. Çoxu qaçır, gizlənir, çoxu da açıqca boyun qaçırır. Şübhəsiz ki, gec- tez günahı olanlar cəzalandırılacaqlar.
Müstəntiq Aydın Rəsulov bəzi istintaq materialları ilə məni tanış edir. Görüşüb söhbət edə bilmədiyim çoxlu Xocalı sakinlərinin ağrılı ifadələri var bu sənədlərdə.
NƏZAKƏTİN FACİƏSİ
İsmayılova Nəzakət Lətif qızı. 19 yaşında. - Nəzakət əvvəl Xankəndində yaşayırdı. 1989-cu ildə Xankəndindən qovulduqdan sonra Xocalıya gəlir. Xocalı şəhər tikiş fabrikində işləyir. Xocalı faciəsində Ağdamda olub. Nəzakət doğma adamlarını itirib o hadisədə.
Həyat yoldaşı İsmayılov Vidadi və onun başqa qohumları Xocalıda həlak olublar.
Xocalını müdafiə edəndə Nəzakətin doğma qardaşı Quliyev Zakir həlak olub.
Nəzakətin yaxın qohumu İsmayılov Səməndər həmin o hadisədə meşədə donub.
NARXANIMIN GÖZ YAŞLARI
Məmmədova Narxanım Heydərəli qızı. 37 yaşında. – Narxanım Ermənistanın Basarkeçər rayonundandır. Ailəlidir. 6 uşağı var. 1988-ci ildə Narxanımı ailəsi və uşaqları ilə birlikdə Ermənistandan - öz dədə-baba yurdundan qovublar. Narxanım o zaman tikilib böyüməkdə olan Xocalı şəhərinə pənah gətirib. Amma bu torpaq da onun üzünə gülmədi. Bu yeri də ermənilər ona çox gördü. Fevralın 25-dən 26-na keçən gecə ermənilər onların yaşadığı evi mühasirəyə alıb atəşə tutdular. Atılan güllədən qonşuları Sara Yusifova və onun qızı 5 yaşlı Natəvan Yusifova həlak oldu. Sonra ermənilər onların evinə qranat atdılar. Nəticədə Nəzakətin həyat yoldaşı Məmməd Məmmədov, oğlanları Mürşüd və Əhməd yaralandılar. Bundan sonra ermənilər evə soxulub onları tutub Əsgərana apardılar. Əsgəran milis idarəsində həyat yoldaşını, 16 yaşlı oğlu Möhləti, 7 yaşlı oğlu Söhbəti ayırdılar ondan. Sonra Narxanımın üstündə olan pulları və qızıl şeyləri tutub aldılar. Narxanımın başına gətirilən oyunlar bununla da bitmədi. Vəhşi ermənilər qadını təhqir etməyə başladılar. Uşaqlarının gözü qabağında qadını zorlayır, alçaldıcı hərəkətlər edirdilər. 2 gün ona bu işgəncələri verəndən sonra bir erməni ilə dəyişib əsirlikdən azad etdilər. Narxanımın həyat yoldaşı və iki oğlundan bu günə kimi xəbəri yoxdur.
ŞƏRQİYYƏNİN GÖRDÜYÜ DƏHŞƏTLƏR
Həsənova Şərqiyyə Fərhad qızı. 52 yaşında. - Şərqiyyənin əsli Xocalıdandır. 6 uşağı var. Fevralın 25-i gecəsində ermənilərdən xilas olmaq üçün meşəyə qaçıblar. Meşədə qızı Mehribanı 3 yaşlı oğlu ilə birlikdə itirib. İndiyə kimi xəbər tutmayıb. Naxçıvanik tərəfə çatanda onları hər yandan gülləyə tutublar. Həyat yoldaşı Həsənov Allahverdi ayağından yaralanıb. Onun gözü qabağında Zamin, Şöhrət və Əlif Hacıyev həlak olublar. O faciədə Şərqiyyə qohumu Səltənətin və onun iki qızının, nəvəsinin də ölümünün şahidi olub. Ermənilər "Qaraqayada" Şərqiyyənin qardaşı Həmzəni, oğlu Etibarı və onun nişanlısı Çiçəyi vəhşicəsinə qətlə yetiriblər. Şərqiyyənin bacısı əri Məhəmmədi də orda qətlə yetiriblər. Başqa qohumu Saray da üç uşağı ilə donub həlak oldu. Sarayın xalası Bağırova Zöhrə də soyuqdan donub öldü.
Bu faciəli ölümlərin hamısını Şərqiyyə bacı gözləri ilə görüb.
AEROPORT MİLİSİNİN GÖRDÜKLƏRİ
Məmmədov Nizami Teymur oğlu. 22 yaşında. – Nizaminin əsli Xocalıdandır. Xocalı aeroportunda milis işləyirdi. 25 nəfər yoldaşı ilə mayor Əlif Hacıyevin başçılığı altında aeroportu qoruyurdu. Fevralın 25-də ermənilər Xocalıya hücum etdilər. Aeroportu əsas "Qaladərəsi"ndən gülləyə tuturdular. Saat 10-dan sonra aeroportu qorumaq artıq mümkün deyildi. Ona görə də Əliflə birlikdə aeroportdakı stansiyanı partlatdılar, sonra geri çəkilib 1500-ə kimi adamı qoruyub Ağdama aparmaq istədilər. Adamların çoxu ayaqyalın idi. Onlar Naxçıvanik istiqamətindən adamları çıxarmaq istəyirdilər. Amma 26-cı günü səhər tezdən ermənilər zirehli texnikadan "Qaraqaya" istiqamətindən odlu güllələrlə adamları qətlə yetirdilər. Həmin o dəhşətli anlarda Nizami çox yaxın adamını itirdi.
Atası Məmmədov Teymur ağır yaralandı.
Bacısı qızı Sevda (7 yaşında) güllədən həlak oldu.
Bibisi Həsənova Afiqə, həyat yoldaşı Vaqif və 3 oğlu, iki qızı ilə həlak oldu.
İstəkli dostu Əlif Hacıyev də orda həlak oldu.
Ölənlərin sayı yüzlərlə idi. Nizami 30-a yaxın adamla böyük əziyyətlər çəkib, Ağdamın Şelli kəndinə gəlib çatdı.
TALEHİN DƏRDİ BÖYÜKDÜR
Orucov Taleh Əli oğlu. 21 yaşında. - Əsli Ermənistandandır. 1988-ci ilin iyulunda doğma yaşayış yerini məcburi tərk edib. Böyük çətinliklərdən sonra Xocalıda yurd salıblar. Ermənilər Xocalıya hücum edəndə ailə üzvləri və qohumları ilə birlikdə qonşuları Cəmilənin zirzəmisində gizləniblər. Gecə milli ordudan mayor Tofiq gəlib və tezliklə şəhərdən çıxmağı lazım bilib. 40 nəfərə kimi adam meşəyə girmək istəyəndə ermənilər onları tutublar. Ermənilərin əsir aldıqları 40 adamdan 15-ni elə orda Talehin gözü qabağında güllələyiblər.
Qardaşı arvadı Orucova Məleykə və onun qızı Natəvanı.
Məleykənin on beş yaşlı bacısı Məlahəti.
3. Nazimi, Kifayəti, Bəhramı, Muğanı, onun bacısı Simuzəri, anasını Talehin gözü qabağında güllələyiblər.
Ermənilər bir çox "könüllü"nün başını elə orada, onların yanında kəsiblər. Qalan adamları isə Stepanakertə aparıblar. Ermənilər Talehin gözü qabağında anasına əzab verib, qızıl dişlərini söküblər. Sonra anasını, onu və 12 yaşlı bacısını əsirlikdən buraxıblar. Atası Əli, qardaşları Nəbi və Famil hələ də ermənilərin əlində əsirdir.
BƏSTİNİN ÖLƏN QARDAŞI
Bəndəliyeva Bəsti Məşədi qızı. 38 yaşında. Əsli Xocalıdandır. 3 uşağı var. - Fevralın 25-də ermənilər hər yandan onların evini atəşə tutdular. Atılan mərmilərdən biri həyətlərindəki "Moskviç"i yandırdı. Sonra düşən mərmidən evlər yandı. Məcbur olub, meşəyə qaçdılar. Yolda mindən çox adam gördülər. Qardaşı Davud və Əlif Hacıyev də orda idi. Səhəri günü ayın 26-da Naxçıvanik tərəfə çatanda ermənilər camaatı qırmağa başladı. Həyat yoldaşı Zakir itkin düşdü orda. Bəsti qardaşı Davuddan xahiş etdi ki, ermənilərin əlinə düşməmək üçün onu güllələsin. Lakin qardaşının ürəyi gəlmədi və doğma bacısına təskinlik verdi. Bəsti çox ölümlər gördü orda. Əlif Hacıyev, Zərifə, Zöhrə, Rəşid, Ramil həlak oldular onun gözü önündə. Hələ bu tanıdığı adamlar idi. Bəsti bir təhqiredici hadisə də gördü orda: ermənilər 16 yaşlı bir qızı saçından sürüyüb harasa aparırdılar. Bəstigil çətinliklə Ağdamın Şelli kəndinə çatdılar. Qardaşı Davud geri qayıtdı ki, adamlara kömək etsin. Davudu orda öldürüb ermənilər. İkinci qardaşı Şahini Dəhrazda girov götürüblər və indiyə kimi bir xəbər yoxdur. Üçüncü qardaşı Cavanşir həyat yoldaşı Bənövşə ilə xəstəxanada müalicə olunurlar. Qardaşı qızı iyirmi yaşlı Heyrananı iki uşağı ilə birgə ermənilər öldürüblər. Heyrananın təkcə 7 yaşlı bir oğlu salamat gəlib çıxıb.
ŞİKARIN ATASINI ÖLDÜRDÜLƏR
Hüseynov Şikar Mürşüd oğlu. 32 yaşında. Evlidir. Üç uşağı var. - Hadisə başlayanda Şikar həmyerliləri ilə birlikdə Abdal-Gülablı kəndi istiqamətinə getdilər. Amma ermənilər gördü onları. Hər yandan üstlərinə yağış kimi güllə yağmağa başladı. İki nəfər yaralandı, ikisi həlak oldu. Şikar qardaşı ilə gəlib Abdal-Gülablıya çatsa da orda dayanmadı. Geri qayıdıb yaralıları daşımağa başladı. Onların dəstəsində olan iki yüzə yaxın adamdan 40 - 50-si sağ qalmış, qalanı həlak olmuş, ağır yaralanmışlar. Şikar öyrəndi ki, Şelli istiqamətində atası Hüseynov Mürşüd həlak olub. Bacısının yoldaşı Əliyev Əbülfət də nahaqcasına qətlə yetirilib. Bacısı Heyran və həyat yoldaşı Firdovsi Əliyev, uçaqları Elçin və Elgizdən isə heç bir xəbər yoxdur. Yalnız bir bacısı oğlu - Əliyev Mehdi çətinliklə də olsa Ağdama gəlib çatıb.
ELDARIN QIZINI ÖLDÜRDÜLƏR
Hümbətov Eldar Şükür oğlu. 52 yaşında. 11 uşağı var. - Eldar Xankəndində yaşayırdı. 1988-ci ildə ermənilər onu Xankəndindən qovub. Min bir çətinlikdən sonra gəlib Xocalıda yaşayırdı. 20 adamla birlikdə gəlib Abdal-Gülablı kəndinə çıxıblar. Başqa dəstədə olan qohumlarını isə ermənilər Dəhraz yaxınlığında qətlə yetiriblər, girov tutublar. Qızı Hümbətova Anaxəti və arvadının bacısı Kərimova Firəngizi ermənilər öldürüb. Oğlu Hümbətov Hümbəti əlindən yaralayıblar. Bacısının əri Zeynalov Tofiq üç qardaşı ilə itkin düşüb. İndiyə kimi bir məlumat alınmayıb.
QARDAŞ BACILARININ MEYİDİNİ AXTARIR
İmanov Həsən Səfər oğlu. 50 yaşında. - Həsən Ağdam aeroportunda dispetçer işləyirdi. Xocalıda çoxlu qohumu yaşayırdı. Xocalı faciəsini eşidən kimi doğmalarını soraqlamağa başladı. Qaraqaya istiqamətində doğma bacısı Mahmudova Rozanın və onun oğlu Akifin meyidini tapdı. O biri bacısı Dilarə də 6 yaşlı oğlu ilə birgə meşədə öldürülmüşdü. Başqa bir qohumu Zeynalova Çiçəyi tikə-tikə doğramışdılar. Qohumları Əzimov Həsənbala və onun arvadı Pərvanənin, dayısı nəvəsi 6 yaşlı Aynurun meyidini özü gətirdi Ağdama.
ŞAHMAR KİŞİ BACI HƏSRƏTİNDƏ
Əliyev Şahmar Əliabbas oğlu. 61 yaşında. 8 uşağı var. - Fevralın 25-də ermənilər Xocalıya hücum edəndə Şahmar 400-ə yaxın adamla Kətik istiqamətinə getdi. 4 gün meşədə qaldı. Çoxlu ölənləri, soyuqdan donanları öz gözləri ilə gördü. Meşədə ermənilər onun istəkli bacısı Vəliyeva Zəhranı öldürdülər. Şahmarın yanında tanışı Səfərəli və Səlimə 3 nəvəsi ilə donub öldülər. Şahmargil 4 gün meşədə qaldıqdan sonra Dəhraz kəndinə doğru getdilər. Dəhrazda ermənilər onları əsir aldılar. Kəndə gətirib bütün qiymətli şeylərini götürdülər. Özünü sonra buraxdılar. Şahmar kişi bacısının meyidini aparmaq üçün ermənilərə 10 min manat pul verdi. Şahmar kişinin oğlu Kamil isə yaralı vəziyyətdə Bərdədə yatırdı.
BACI QARDAŞLARINI GÖZLƏYİR
Əliyeva Yeganə Hüseyn qızı. 29 yaşında. - Fevralın 25-də ermənilər Xocalıya hücum edəndə Yeganə anası, qardaşı Lətif və Lətifin həyat yoldaşı Sevillə birgə ikinci qardaşı Məmmədov Sadayın evinin zirzəmisində gizləndilər. Səhərə kimi qaldılar orda. Sonra zirzəmidən çıxdılar. Çünki ev yanırdı. Birlikdə Qarqar çayına tərəf getdilər. Çayı keçmək istəyəndə ermənilər onları tutdular. Güllə ilə vurub Sadayı yaraladılar. Lətifin yoldaşı Sevili isə öldürdülər. Onu, anasını və qardaşı Lətifi Xankəndinə apardılar. Stepanakertdə onları avtobusda saxlayırdılar. Çörək vermir, başlarına min bir oyun açırdılar. 4 gün burda saxlayandan sonra hərbi maşına mindirib "Qırmızı bazara" apardılar. Füzuli rayonunda saxlanılan bir neçə erməni əsiri ilə onları dəyişdilər. Yeganə bu günə kimi də qardaşı Lətifdən və Sadaydan bir xəbər almayıb.
ZOYA XANIM OĞLUNDAN XƏBƏRSİZDİR
Əliyeva Zoya Əli qızı. 36 yaşında. - Ermənilər şəhərə hücum edəndə Zoya anası Əliyeva Çiçək və qardaşları Rüfət, Əbülfət, oğlu Ülfətlə meşəyə qaçdılar. 150-yə yaxın adamla üç gün meşədə dolaşdılar. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donub həlak oldular. Ermənilər onları tutmaq istəyəndə Həsənov Mehdi adlı bir tələbə oğlan atışmağa başladı. Mehdi ermənilərə əsir düşmək istəmirdi. Onu vurub güllə ilə öldürdülər. Mehdi ilə birlikdə Nadir adlı bir oğlan və Zahirə adlı bir qadın da öldülər atışmada. Onları tutub Dəhraza gətirəndən sonra aralarından 11 nəfər oğlanı seçib ayırdılar. Onların arasında Zoyanın oğlu Ülfət də vardı. Zoya bu günə kimi də oğlundan xəbər tutmayıb. Yalnız bir dəfə eşidib ki, sevimli oğlu Əsgəranda girov saxlanılır. Zoyanın dərdi bununla da bitmir. Anası Əliyeva Çiçək, babası doxsan yaşlı Savalan kişi meşədə qalıblar. Öldü-qaldılarından bir məlumat yoxdur hələ.
ASLANIN AĞRISI
Zeynalov Aslan Bəhram oğlu. 61 yaşında. 7 övladı var. - Ermənilər Xocalıya girəndə Aslan kişi ailə üzvləri ilə birlikdə Əsgəran istiqamətindəki meşəyə qaçdı. Bir müddət orda qalandan sonra Dəhraz tərəfə gəldilər. Orda çoxlu adamla birlikdə mühasirəyə düşdülər. Atışmada həyat yoldaşı Sayalını və qızı Validəni yaraladılar. Milis işçisi Yunis Rəşid oğlunu isə Aslan kişinin gözü qabağında öldürdülər. Çoxları ağır güllə yarası aldı o döyüşdə. Yaxın qohumu Şəmilin meyidini çətinliklə Ağdama gətirdi Aslan kişi. Amma oğlu Nadirdən dəqiq məlumatı yoxdur. Dəhrazda ermənilər tərəfindən öldürüldüyünü eşidib. Lakin ata inanmır oğlunun ölümünə.
TEYMURUN QƏM YÜKÜ
Məmmədov Teymur İxtiyar oğlu. 55 yaşında. Beş övladı var. - Ermənilər Xocalıya hücum edəndə o da ailəsi ilə birgə Kətik tərəfə qaçdı. Dəstədə minə qədər adam vardı. Ermənilər hər yandan onları atəşə tuturdular. Sabahı günü Ağdamın Şelli kəndinə keçmək istədilər. "Qaraqaya" deyilən yerə çatanda yenə adamları atəşə tutmağa başladılar. Ölənlərin sayı-hesabı yox idi. Teymur kişinin 7 yaşlı nəvəsi Sevinc həlak oldu. Həyat yoldaşının bacısı Afiqə, üç oğlu və həyat yoldaşı Vaqiflə qətlə yetirildilər. Qızı Mətanətin qaynatası Zəkəriyyə və onun həyat yoldaşı Şura, oğlu Taleh, bir yaşlı nəvəsi Seymur, qızı Zərifə iki yaşlı qızı ilə Teymurun gözü qabağında öldürüldülər. Teymur özü isə çətinliklə gəlib Ağdama çatdı.
RİZVANIN ANASI YANINDA DONDU
Hüseynov Rizvan Ramiz oğlu, 25 yaşında. - Ermənilər Xocalını tutanda biz baş götürüb Kətik tərəfə meşəyə qaçdıq. Yanımızda 200-ə qədər adam vardı. Fevralın 27-də gecə meşənin soyuğuna və şaxtasına dözə bilməyən Rizvanın anası Şərqiyyə arvad donub öldü. Meşədən çıxmaq məqsədi ilə Dəhraz istiqamətinə üz tutdular. Dəhrazda ermənilər hər yandan onlara atəş açdılar. Rizvanın gözü önündə Mehdi, Zəhra, Bəbir və çoxlu balaca uşaq həlak oldu. 150-ə yaxın adamı ermənilər girov götürdü. Onların arasından 12 nəfər Milli ordu formalı oğlanları seçib harasa apardılar. Aparılanlar arasında Rizvanın qardaşı Siyavuş, bacısının əri Zakir, Zakirin qardaşı Əliyar da vardı. Ermənilər bütün gecəni qalan əsirləri qarın üstündə, açıq havada saxladılar. Fevralın 28-də onunla birlikdə daha 35 nəfəri də dəyişib buraxdılar. Rizvan indiyə kimi qardaşı Siyavuşun və başqa qohumlarının taleyindən nigarandır.
ÖVLAD DAĞI YAMANDIR
Quliyev Qaryağdı Soltan oğlu. 47 yaşında. 7 övladı vardı. - Hadisə başlayanda o öz ailəsi və həyat yoldaşının bacısı uşaqları ilə birlikdə Kətik tərəfə - meşəyə qaçdılar. Meşədə 500-ə kimi adam vardı. Dəhraz istiqamətinə çıxanda ermənilər hər yandan atəş açdılar. Çoxlu ölən oldu. Sonra başqa istiqamətə üz tutdular. Qardaşı Tahir yolda soyuqdan dondu. Özü çətinliklə gəlib Abdal- Gülablıya çatdı. Sabahı günü gedib qardaşının meyidini gətirdi. Abdal-Gülablıda Qaryağdı kişi çox dəhşətli məlumatlar aldı. Öyrəndi ki, 12 yaşlı qızı Rəvanə, 9 yaşlı Nuranə, 7 yaşlı oğlu Şükür həlak olublar. Qaynı Sədaqətin 12, 4 və 7 yaşında qızları donub ölüblər. Qaryağdının həyat yoldaşı Quliyeva Sara və qohumu Kərimov Rəşid haldan düşdüklərinə görə meşədə qalıblar.
İRADƏ NƏLƏR SÖYLƏYİR?
Ələsgərova İradə Rəşid qızı. 27 yaşında. - Fevralın 25-i gecəsi ermənilərin əlinə düşməmək üçün anası Şərqiyyə, bacısı Həlimə dörd uşaqla evin zirzəmisində gizlənmişdilər. Amma evlərinin lap yaxınlığında erməni dilində danışıq eşidirdilər. Qorxudan qaçıb qonşudakı zirzəmiyə doluşdular. Az keçməmiş oraya 2 əli avtomatlı erməni daxil oldu. Ermənilər onların bütün pullarını və qızıllarını tutub aldılar. Sonra onları mağazanın yanına apardılar. Mağazanın yanında əsir tutulmuş çoxlu adam vardı. Ermənilər onları götürüb Stepanakertə apardılar. 4 gün internat məktəbin binasında saxladıqdan sonra onları Əsgəran rayon Milis İdarəsinə gətirdilər. Martın 1-də onları dəyişib Ağdama buraxdılar. İradə məhz Ağdamda başlarına gətirilən faciələrin, qırılan qohumlarının dərdini, həmyerlilərin ağrısının böyüklüyünü başa düşdü. Öyrəndi ki, qardaşı Murad iki uşağı ilə meşədə donub. Uşaqlarından birinin 4, digərinin 2 yaşı vardı. Hər üçünün meyidini gətirib Ağdamda basdırdılar. Danışırdılar ki, Muradın bütün qızıl dişlərini ermənilər yarıb çıxarıbmış. İradənin bacısı əri Hüseynov Çingizdən isə bu günə kimi bir xəbər yoxdur. Bəziləri onun girovda qaldığını söyləyirlər.
ŞAHİNİN GÖRDÜKLƏRİ
Heydərov Şahin Zülfüqar oğlu. 36 yaşında. Əsli Xocalıdandır. Bərdədə yaşayır. - Hadisə baş verəndən iki gün sonra Ağdama gəlib meyidxanada qohumlarını axtardı. Meyidxanada xalasının - Səfərova Pərinin meyidini tapdı. Xalası başından qəlpə yarası almışdı, ayağının biri isə kəsilmişdi. Fevralın 29-da Şahin tanışları ilə "Qaraqaya" tərəfə meyid gətirməyə gedib. Naxçıvanik kəndindən çox da aralı olmayan bu yerdə o 80-ə yaxın meyid görmüşdü. Meyidlər qorxulu bir vəziyyətə salınmışdı: Hamısının başı kəsilmişdi. Milis mayoru Əlif Hacıyevin də meyidini orda görmüşdü. Yaxın qohumlarından Səlimov Fəxrəddinin, Səlimov Mikayılın meyidini görmüşdü. Mikayılın bədənində şişlə yandırılmış 100 yanıq yeri vardı. Onlar həmin gün Ağdama 80-ə yaxın meyid daşıdılar. Meyidlərin çoxunda şişlə yandırılmış izlər vardı. Milli ordu formasında olan 3 meyidin isə başı bədəndən kəsilib atılmışdı. Onların şəxsiyyətini müəyyənləşdirmək qeyri-mümkün idi.
Dostları ilə paylaş: |