Plan 1:Geofizika haqqında ümumi məlumat Geofizika yer haqqında elmlər silsiləsinə aid olub, yerin fizikasını, yəni, təbiətini öyrənir. Geofizika kəşfiyyat və mədən geofizikasına ayrılır. Kəşfiyyat geofizikası bir neçə üsullara bölünür:
1) Seysmik kəşfiyyat
2) Elektrik kəşfiyyat
3) Qravimaqnit kəşfiyyat
4) Radiometrik kəşfiyyat
5) Maqnit kəşfiyyat
Bu üsullar içərisində ən geniş istifadə olunanı seysmik kəşfiyyat üsuludur. Bu üsulun əsasını elastiki dalğaların xüsusiyyətlərinin öyrənilməsi təşkil edir. Seysmik kəşfiyyat üsulundan həm quruda, həm də dənizdə geniş istifadə olunur.
Elektrik kəşfiyyatı zamanı elektromaqnit sahəsi, qravimaqnit kəşfiyyat zamanı qravitasiya sahəsi, radiometrik kəşfiyyat zamanı isə radioaktiv sahələr öyrənilir. Bu fiziki sahələr təbii və ya suni ola bilər.
Təbii sahələr yer kürəsində öz-özünə təbii amillərin təsiri ilə yaranır. Suni sahələr isə xüsusi generatorlar vasitəsilə yaradılır. Kəşfiyyat geofiziki üsullarının növündən asılı olmayaraq hər birinin məqsədi yer qabığının daxili quruluşunu öyrənməsidir. Bu isə faydalı qazıntı yatağlarının axtarışı və kəşfiyyatına imkan verir.
Mədən geofizikası quyu sütunu boyunca yerin daxili quruluşunun ətraflı öyrənilməsinə imkan verir. Mədən geofizikası karotaj üsullarının məcmusudur. Quyu sütunu boyunca suxurların fiziki xüsusiyyətlərinin dəyişməsini öyrənən üsul karotaj adlanır. Bu üsullara həmçinin quyuların geofiziki tədqiqat üsulları deyilir və QGT şəklində yazılır. Öyrənilən fiziki xüsusiyyətlərin növündən asılı olaraq karotaj üsullarının bir sıra modifikasiyaları mövcuddur:
1) Elektrik karotaj üsulu - süxurların təbii və süni elektrik xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır. Bu üsulun bir sıra növləri vardır:
1.1. Quyu potensialı üsulu - QP
1.2. Fərz olunan xüsusi müqavimət üsulu - FXM
1.3. Yan karotajı - YK və yan karotajı zonlaması üsulu - YKZ
1.4. İnduksiya karotajı - İK
1.5. Mikro karotaj üsulları - MK
2) Radioaktiv karotaj - süxurların təbii və süni radioaktivliyinin öyrənilməsinə əsaslanır. Bu üsullar 2 hissəyə ayrılır:
1. Qamma hissəcikləri ilə əlaqədar olan üsullar. Buraya qamma karotajı - QK və qamma qamma karotajı QQK daxildir.
2. Neytron hissəcikləri ilə əlaqədar olan üsullar. Buraya neytron qamma karotajı - NQT və implus neytron karotajı - İNK daxildir.
3) Akustik karotaj üsulu - Mühitdə eninə və uzununa elastik dalğaların yayılma xüsusiyyətlərinin öyrənilməsinə əsaslanır.
4) Quyuların texniki vəziyyətə nəzarət üsulları.
Geofiziki işlər əsas 2 mərhələyə bölünür:
1) İnformasiyanın toplanması.
2) Alınmış informasiyaların interpritasiyası. Geofiziki məlumatların interpritasiyası 2 cür olur: kəmiyyət və keyfiyyət.
Kəmiyyət interpritasiyası geofiziki məlumatların rəqəmli emalını nəzərdə tutur. Bu zaman tədqiq olunan obyektin ölçüləri və fiziki parametrləri təyin olunur.
Keyfiyyət interpritasiyası zamanı tətbiq olunan obyektin növü və yeri təyin edilir.