Мустягил тящсил сийасяти



Yüklə 312 Kb.
səhifə2/4
tarix25.12.2016
ölçüsü312 Kb.
#3083
1   2   3   4
Əmək vərdişləri və texniki tərəqqi
Bəşər tarixinin ilk mərhələsi, daha doğrusu tarixdən əvvəlki dövr, müxtəlif coğrafi bölgələrdə nə qədər müxtəlif və rəngarəng olsa da, bütün xalqlar üçün əsasən eyni səciyyə daşımışdır. Daha doğrusu, müasir dövrün uzaqlığından baxanda təfərrüatlar nəzərə çarpmır.

İnsanın bir insan kimi, cəmiyyətin üzvü kimi, formalaşması prosesi təbii mühitin spesifikasından qismən asılı olsa da, daha çox ümumi cəhətlərə malik olmuşdur.

Bu ümumilik ən çox texniki tərəqqidə özünü göstərir. Texnika dedikdə XXI əsrdə yaşayan adamların ağlına ilk növbədə elektronika, traktor, kompüter, raket, mürəkkəb avtomat qurğular düşür. Lakin müasir həddə gəlib çatana qədər texnika uzun tarixi inkişaf yolu keç­mişdir. Biz daha artıq xışın, kotanın, dəryazın, hətta belin, toxanın, rəndənin, çəkicin texniki tərəqqidə mühüm bir mərhələ olduğunu unuduruq. Halbuki onlar bu gün də istifadə olunmaqla davam edir. Digər tərəfdən də, keçmişimiz üçün ənənəvi olan texnika bizim həyat tərzimizə daxil olmuş, bədii ədəbiyyatda və incəsənətdə də öz əksini tapmışdır. Bu texnika növləri bizim üçün doğmadır, çünki bizim milli mədəniyyətimizin tərkib hissəsidir. Çünki onları biz başqa xalqlardan hazır şəkildə almışıq. Onları bizim ulu babalarımız özləri ixtira edib, təkmilləşdirib və istifadə ediblər.

Müasir texnika isə, çox təəssüf ki, əsasən xarici ölkələrdə, baş­qa xalqların yaradıcılığının məhsulu kimi meydana gəlir və bizim həyatımıza hazır şəkildə daxil olur. Bu da bir ölkənin başqa ölkədən iqtisadi və texnaloji asılılığına gətirib çıxarır.

Bəli, proseslər öz təbii axını ilə getdikcə təbii-tarixi proses özü­nə ən optimal yol seçir və müxtəlif regionlarda özü-özünü təkrar edir.

Lakin elə ki, nisbətən sürətli inkişaf yolu keçən xalqlar müəy­yən mütəşəkkillik qazandıqdan sonra həmin tarixi inkişaf yolunun hələ aşağı pilləsində olan xalqlarla təmasda olur, onda təbii-tarixi pro­ses kənar təsirə məruz qalır.

Texnikada daha artıq milli mədəniyyətin tərkib hissəsi olur. İn­san ilə texnika arasındakı daxili vəhdət pozulur, ahəng və bu ahən­gin bərpa olunması üçün xüsusi məqsəd yoxdur.

Lakin bütün bunlar tarixin sonrakı mərhələlərində baş verir. Tarixin ilk mərhələsində isə texniki tərəqqi insanın inkişafının tərkib hissəsi kimi həyata keçir. Texnikanın tarixi maddi istehsal başlandığı vaxtdan başlanır. Onu yaradan əsas səbəb insanın təbii ehtiyaclarıdır. İnsan yaşamaq üçün yeməlidir, geyməlidir. Təbiətin dəyişkən və bəzən də sərt iqlimindən qorunmaq, daldalanmaq üçün özünə münasib yer tapmalıdır. Lakin insan heyvanlardan fərqli olaraq bütün ehtiyac­ları­nın təbiətdə hazır şəkildə olan şeylər hesabına ödəyə bilməz.

Heyvanlar alətsiz fəaliyyət göstərir. Onlar yalnız öz təbii or­qan­larının – əqlin, ağızın və s. köməkliyi ilə özlərini təbiətdə hazır olan qidalarla təmin edir. İnsan isə alətlərdən istifadə etməklə öz təbii or­qanlarının imkanlarını artırır. İnsanın ilkin istifadə etdiyi alətlər tə­biətdə hazır şəkildə mövcud olan şeylərdir. Ucu iti daş parçaları, düz, hamar və möhkəm ağac budaqları və s. insanın əlinin imkanlarını artırmaq üçün, onu daha bərk və daha uzun etmək üçün istifadə olunurdu. Sonralar tədricən bu vasitələr digər təbii vasitələrin kö­məyilə istifadə üçün daha yararlı vəziyyətə salındı.

İstehsal vasitələrinin – alətlərin hazırlanması və təkmilləşdiril­məsi prosesi bəşəriyyətin bütün sonrakı tərəqqisinin əsasında durur. Əvvəlcə, təbiətdə hazır şəkildə olan şeylərdən istifadə edə bilmək üçün əl özü təkmilləşir. İnsan alətdən istifadə etmək vərdişləri qazanır. Son­ra alətlərin özünü təkmilləşdirmək üçün insan digər alətlərin kömə­yindən istifadə edir və yeni əməliyyatlar aparmalı olur. Bu əməliyyat­la­rın dəfələrlə təkrar olunması nəticəsində yeni əməli vərdişlər for­malaşır.

İnsanın ilk tarixi inkişaf dövründə əldə etdiyi əməli vərdişlərin çoxu onun özündə instinktiv şəkildə mövcud idi. Bəzi vərdişlər isə hey­vanlar, quşlar və hətta həşərat üçün instinktiv həyati fəaliyyətin əsa­sını təşkil edirdi. Belə ki, hörümçək tor hörməyi, arı pətək düzəlt­məyi, qarışqa yeri qazaraq yuva tikməyi və s. kortəbii surətdə baca­rırdı. Lakin bütün bu əməliyyatldar zamanı onlar ancaq təbiətdə hazır olan şeylərdən, özləri istifadə edirlər. Siçan ağacı hansı isə bir alətlə yox, öz dişləri ilə kəsirdi. Arı çiçəklərdən şirəni öz orqanizminin ver­diyi imkan sayəsində çəkirdi. İnsanın təbii orqanları, əli, ayağı, ağzı isə hər ansı xüsusi bir fəaliyyətə uyğunlaşmışdı. O öz təbii orqanları­nın qabiliyyətini artırmaqdan ötrü müxtəlif məqsədlər üçün müxtəlif əş­yalardan istifadə etməli olurdu. Alətlər isə çox müxtəlif idi. Bu isə in­sanın daha hərtərəfli, universal fəaliyyət göstərməsinə meydan açır­dı.

İnsanın istifadə etdiyi bütün təbii vasitələr içərisində onun son­rakı həyatında ən çox rol oynamış olan vasitə oddur. Təbii şəkildə möv­­cud olan odun bəzi xüsusiyyətləri, qızdırmaq, yandırmaq, işıq salmaq heyvanat aləminə də bəlli idi. Lakin bu xüsusiyyətlər dərk olunmadığından ancaq qorxu hissi doğururdu.

İnsan qorxu səddini keçərək odu ram etdikdən sonra yəni onu arzu olunan bir şey kimi qəbul edib istədiyi vaxtda od əldə etməyin qaydasını öyrəndikdən sonra bütün heyvanat aləmi ilə müqayisədə böyük üstünlük qazanmış oldu. Nağıllarda, hekayələrdə, multiplika­siya filmlərində insanın dostu və başlıca silahı kimi təsvir olunan «qır­mızı çiçək» məhz odun metaforik işarəsidir. Oddan vəhşi heyvanlara qarşı mübarizə vasitəsi kimi, qızınmaq üçünmü, qidaların hazırlan­ması, bişirilməsi üçünmü istifadə etmək və bununla bağlı olan əməli vər­dişlərin qazanılması texniki tərəqqinin bir istiqamətidir. Lakin əsas məsələ oddan istifadə etməzdən əvvəl onu əldə etməyin qaydasını bil­məkdir. Sürtmə yolu ilə od əldə edilməsi o dövrdə insanın ən böyük texniki nailiyyəti idi.

Od sonralar əmək alətlərinin düzəldilməsində, metalların istə­nilən formaya salınmasında mühüm vasitə oldu, daha mükəmməl alət­lər yaradılmasına xidmət etdi.

İnsanın tarixən ilk praktik fəaliyyət prosesində əldə etdiyi əməli biliklər tədricən toplanaraq gerçəklik haqqında geniş, hərtərəfli, sis­tem­li biliklər toplusunun əldə edilməsi üçün əsas oldu. İnsan ətra­fın­dakı şeylərin xassələrini öyrəndikcə, daha böyük əməli nailiyyətlər əldə etdiyini gördükcə gerçəkliyi məqsədli surətdə öyrənməyə başladı. İlk nəzəri biliklər yarandı. Əməli və nəzəri biliklərin bölgüsü getdikcə dərinləşdi. Gerçəkliyi dəyişdirmək deyil, sadəcə olaraq öyrənmək istə­yən adamların sayı getdikcə artdı. İlk elmi biliklər və alimlər yarandı. Əldə edilmiş biliklər gec və ya tez əməli fəaliyyət sahəsində istifadə olun­mağa başladı. Elmlə texnikanın tarixi ittifaqı belə başlandı.

İnsanın öz maddi tələbatını ödəmək üçün göstərdiyi fəaliyyət getdikcə daha çox vasitəli xarakter daşımağa başladı. İnsanlar yalnız bu gün üçün olan ehtiyaclarını düşünməklə kifayətlənmədi. Gerçəklik haq­qında daha çox bilik əldə etdikcə, səbəbiyyət əlaqələrini dərk etdikcə bir qism hadisələrin necə cərəyan edəcəyini irəlicədən görmək, onları proqnozlaşdırmaq imkanı açıldı.

Yuxarıda qeyd edildiyi kimi, yaşayış üçün zəruri olan məhsul­ların təbiətdən hazır şəkildə tapılması heç də həmişə asan olmur. Ya­xud bu məhsulların təbiətdə necə yetişdiyini, onların xassələrini öy­rən­dikcə insan məhz özünə lazım olan məhsulların yetişməsi üçün la­zı­mi şərait yaratmağa çalışır. İnsan ilkin özünü təminat vasitəsi olan ovçuluq heç də həmişə uğur gətirmir. Ov alətləri nə qədər qədər tək­milləşsə də burada təsadüf həlledici rol oynayırdı. Heyvanların istə­nilən vaxt faydalana bilmək üçün onlarla müntəzəm əlaqə yaradılmalı idi. Bəzi heyvanların tədricən əhliləşdirilməsi insanların həm öz qida tələbatını ödəməsi, həm də onlardan iş qüvvəsi kimi istifadə olunması imkanı yaradırdı. Digər tərəfdən lazımlı bitkilərə qulluq edilməsi, təbii yolla bitən bitkilərin təsadüfi surətdə məhv olmasının qarşısını almaq cəhdləri və nəhayət, onların məqsədyönlü surətdə əkilib çoxaldılması sivilizasiyanın çox mühüm şərtlərindən biri olan əkinçiliyin yaran­masına səbəb oldu. Vəhşi heyvanların əhliləşdirilməsi – maldarlığın yaranması və qida, geyim və s. məqsədlər üçün istifadə olunan faydalı bitkilərin əkilib – becərilməsi – əkinçiliyin yaranması bəşəriyyətin tə­rəq­­qisində sürtmə yolu ilə od əldə edilməsinin kəşfindən sonra ən bö­yük nailiyyət idi. Bununla böyük ictimai miqyasda əmək bölgüsünün əsası qoyulmuş oldu.

Maldarlıq və əkinçiliyin inkişafı iki mühüm şərtlə bağlı idi. Bi­rincisi, heyvanları əhliləşdirmək, onları qoruyub saxlamaq və onların yal­nız ətindən deyil, müntəzəm surətdə verdikləri əlavə məhsullardan (süd, yun və s.) istifadə etmək üçün, faydalı bitkiləri əkib-becərmək üçün əvvəlcə onların üzərində müşahidələr aparmaq, onların necə çoxal­­dığını, böyüdüklərini, nə kimi xassələrə malik olduqlarını öy­rən­mək lazım idi. Daha sonra bitki və heyvanat aləmində öz məqsəd­lərinə uyğun dəyişikliklər yaratmaq üçün insan həmin bilikləri tətbiq et­məli, yeni əməli vərdişlər qazanmalı idi. Həm əkinçilik, həm də mal­darlıq sahəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün yeni tipli əmək alətləri lazım idi. Beləliklə həmin dövrdə yeni əməli vərdişlərin və əmək alətlərinin yaranması – texnikanın inkişafı və əsasən yeni əmək sahələrinin: əkinçilik və maldarlığın tələblərinə uyğun surətdə baş verirdi.

İnsanın təbitət haqqında bilikləri artdıqca və bilavasitə isteh­lakdan, yəni təbiətdən bilavasitə yarınmaqdan vasitəli istehlaka keç­dikcə alətlərin növü də artır, zənginləşirdi. Alətlərin nədən, hansı ma­te­rialdan düzəldilməsinin də çox böyük rolu var idi. Təbiətdə hazır şəkildə tapılan daş, sümük, ağac və s. mürəkkəb texniki qurğuların ya­radılması üçün kifayət deyildi.

Yeni daş dövründə, neolitdə (b.e.ə. 5000-3000 illər) adamlar artıq hamarlanmış, pardaqlanmış daş alətlərdən istifadə edirdi. Əmək alətlərinin yaradılması xüsusi əməli vərdişlər və biliklər tələb etdiyin­dən bu işi daha hamı yox, onu daha yaxşı bacaran və ancaq alət dü­zəltməklə məşğul olan adamlar – sənətkarlar görməyə başladı. Əgər ey­ni adamlar həm əkinçilik, həm də maldarlıqla məşğul olurdularsa, alət düzəldilməsi ilə tamam başqa adamlar məşğul olmağa başladı. Torpaqdan, kənddən ayrılmış olan və getdikcə daha çox ixtisaslaşan sənətkarların meydana gəlməsi şəhərlərin yaranmasına və inkişafına böyük təkan verdi. İlk tam əmək bölgüsü də bu vaxtdan başlandı.

Sənətkarlığın müstəqil əməli fəaliyyət sahəsinə çevrilməsi, şə­hərlərin yaranması, digər tərəfdən də alətlərin düzəldilməsində metal­lardan istifadə olunmasına başlanması texnikanın inkişafında yeni bir mərhələ açdı. Sivilizasiyanın təməli qoyuldu.

Metallardan istifadə edilməsi, əlbəttə, birdən-birə metal alət­lərin düzəldilməsindən başlanmayıb. Metallar əvvəlcə qədim insanları öz parıltısı ilə cəlb edib, onlardan əyləncə və zinyət şeyi kimi istifadə olu­nub. Məsələ burasındadır ki, heç də bütün metallar təbiətdə saf halda rast gəlmir. Ən çox qızıl və mis ayrılıqda, külçə halında rast olu­nur. Həm də onları tapmaq asan məsələ deyildi. Təsadüfi deyil ki, «me­tal» sözünün özü də yunan dilində «axtarmaq» mənasını verir. İn­sanlar təbiətdə hazır şəkildə əldə etdikləri şeyləri tədricən öyrənir, on­lardan hansı məqsədlə istifadə etmək mümkün olduğunu müəyyənləş­dirməyə çalışırdılar. Teofrastın dediyi kimi, əldə olunan şeylər ya əy­ləncə, ya fayda üçün, ya da həm əyləncə , həm də fayda üçün istifadə olunurdu. Əldə olunmuş metallara da insanlar tədricən xeyir, fayda baxımından yanaşmağa başladı. Daş alətlər daha bərk olduğundan in­sanlar mis əldə etdikdən sonra da uzun müddət daş alətlərdən isti­fadə edirdilər. Hər şey misin əridilib başqa metallarla qarışığından dü­zələn bürünc əldə edilənə qədər beləcə davam edirdi. Amma bürünc alətlər öz keyfiyyətinə görə daş alətlərdən xeyli üstün olduğuna görə b.e.ə. III-II minilliklərdə daha çox bürünc alətlər yayılmağa başladı. Bununla da daş dövrü bürünc dövrü ilə əvəz olundu.

Metalların əridilməsi və onlardan tökmə yolu ilə müəyyən for­malı alətlər düzəldilməsi texniki vasitələrin müxtəlif yeni növlərinin yaradılmasına imkan açdı. Digər tərəfdən də metaldan düzəldilən kə­sici alətləri daha yaxşı itiləmək olurdu. Metal alətlərin düzəldilməsi və təmir edilməsi ayrıca bir peşə sahəsinin yaranmasına səbəb oldu ki, müasir dövrdə bu sənət dəmirçilik kimi məlumdur.

Həmin dövrdə təkərlərin düzəldilməsi və heyvanların gücündən is­tifadə edilməsi yük daşınmasını xeyli asanlaşdırdı və insanların fəa­liy­yət dairəsini genişləndirdi.

Yeni əməli vərdişlər qazandıqca insan təbiətdə baş verən və özü­nün yaratdığı hadisələr haqqında bilikləri qaydaya salmağa və qeydə almağa ehtiyac hiss edirdi. Müxtəlif simvolların, rəqəmlərin, heroqliflərin və daha sonra yazının üzə çıxması, ölçü əməliyyat­ların­dan istifadə edilməsi, ilk hesab üsullarının kəşfi əməli biliklərlə yanaşı elmi biliklərin də tədricən formalaşdığına dəlalət edirdi. Elmi bilik­lərin sonrakı inkişafı müasir sivilizasiyanın artıq daha çox qərarlaşdığı dövrə – e.ə. I minilliyə təsadüf edir.

Şüurun nisbi müstəqillik əldə etməsində, biliklərin və nitqin yaranmasında neytral müşahidənin rolu böyük olmuşdur. Seyr özünə maddi fəaliyyətdən fərqli olan ikinci çıxış yolu tapır. Bu yol məntiqi təfəkkürdən və onun nəticəsi olan biliklərdən keçərək, dil və nitq vasitəsilə maddi dünyaya gətirib çıxarır. Biliklər sözlə ifadə olunduq­dan sonra ayrıca bir fərdə mənsub olaraq qalmır – ictimailəşir. Bu mər­hələdə biliklərin ictimai sintezi və tətbiqi yeni səviyyəli və yeni ma­hiyyətli praktika doğurur. Mənəvi və maddini özündə üzvi surətdə bir­ləşdirən və bir fərd miqyasında həyata keçən praktika indi getdikcə daha böyük ictimai miqyas alan mürəkkəb proseslə – praktikadan baş­lanan və çoxpilləli idrak yolu keçərək yenə də praktika ilə ta­mam­lanan yeni keyfiyyətli praktika mərhələsinə keçid prosesi isə müasir dövrdə elmi-texniki tərəqqi ilə bağlıdır. Əvvəllər bu keçid bir fərd miqyasında baş verirdi. Hər kəs öz zehni biliklərini əməli fəaliyyətə tət­biq etmək üzərində özü düşünürdü. Lakin müasir dövrdə bütöv sosial sistem olan elmdən maddi istehsala keçidin təmin olunması ic­timai miqyaslı xüsusi fəaliyyət tələb edir.


İnsan həyatı çoxcəhətli və zəngindir. Ehtiyaclar müxtəlif ol­duğundan insanın qarşısına qoyduğu məqsədlər də, əldə etdiyi biliklər də, yiyələndiyi vərdişlər də müxtəlif olur. Ona görə də, əməli fəaliyyət heç də təkcə maddi istehsalla məhdudlaşmır; o həm zehni fəaliyyəti (elm, incəsənət və s.), həm də fiziki fəaliyyətin şüurlu surətdə həyata keçirilən digər (istehsaldan fərqli) aspektlərini (məişət, nəqliyyat, id­man, hərbi sahə və s.) əhatə edir. Hər bir məqsədəuyğun fəaliyyətin müm­künlüyü üçün müəyyən obyektiv vasitələr lazımdır ki, bunların məcmuyu da texnikanın məhz həmin fəaliyyətə uyğun olan növlərini təşkil edir.

Müasir tədqiqatların çoxunda «texnika» və «maşın» anlayışları eynihüquqlu anlayışlar kimi, bəzən isə hətta sinonim kimi işlədilir. Halbuki, «texnika» anlayışına maşınla yanaşı sadə alət də, bu alət və maşınlardan istifadə vərdişləri də daxiddir. Bu anlayışa hələ Aristo­telin əsərlərində də müraciət edilmişdir və heç də istehsal texnikası mə­nasında – əmək vasitələri, yaxud maşın məna – deyil, müvafiq sahə­də­ki qabiliyyət, mənimsənilmiş vərdişləri mənasında. Bu heç də birtərəfli yanaşma nəticəsi olmayıb, texnika tarixində olduqca mühüm bir ob­yektiv ifadəsidir. Təsadüfi deyil ki, texnika dilində sənətkarlıq, qabi­liyyət, bacarıq mənasını verir.

Bəşər tarixi, əmək tarixi ilə birgə başlanır. Əmək ümumiyyətlə fəaliyyətdən fərqli olaraq məhz ilk əməli vərdişlərin və praktik bilik­lərin formalaşması ilə müşayiət olunur. Zira əmək məqsədəuyğun fəa­liyyətdirsə və məqsədəuyğunluq hər bir konkret şəraitdə dəyişdirici tə­sir­lərin istənilən istiqamətlərə deyil, yalnız müəyyən üstün istiqamətə yönəldilməsidirsə, bu həm də o deməkdir ki, həmin istiqamətdəki iş vaxtaşırı olaraq təkrar edilməlidir. Müəyyən işi uğurla təkrar etmək üçün isə bu işə aid zəruri bilikləri yadda saxlamaq tələb olunur. De­məli, əməyin formalaşması prosesi praktik biliyin formalaşması ilə paralel surətdə həyata keçir.

Beləliklə, məqsədəuyğun fəaliyyət öz-özünə mümkün deyil. Onun icrası müəyyən zəruri vasitələr hesabına mümkündür. İnsan ilə əmək predmetinin əlaqəsi – əmək adlandırdığımız proses ilk növbədə müəyyən əməli vərdişlərə yiyələnmiş əlin fəaliyyəti sayəsində həyata keçir. Əlin imkanlarını artırmaq üçün düzəldilmiş süni vasitələr ol­madıqda, xüsusən ilk tarixi dövrlərdə təbii vasitələrdən istifadə vər­diş­ləri mühüm rol oynamışdır. Əlin özünün idarə olunması, onun pred­met üzərində ustalıqla əməliyyat aparması əməli fəaliyyətin uğurla nə­ti­cələnməsi üçün zəruri şərt idi. Deməli, ustalıq, qabiliyyət, əmək vər­dişləri o dövrün əsas texniki vasitəsi idi. Nəsillərin əvəzlənməsi şə­ra­itin­də əməyin formalaşması prosesinin bütövlüyünü, kəsilməzliyini tə­min edən məhz bu vərdişlərin nəsildən-nəslə ötürülməsi olmuşdur. Vərdişlər ayrı-ayrı fərdlərin məxsusi fəaliyyətlərində müxtəlif məzmun daşımamış, müəyyən sabitliyə və ümumiliyə malik olmuş, bütövlükdə ictimai fəaliyyətin xarakteristikası kimi çıxış etmişdir.

Sonrakı tarixi inkişaf mərhələsində əməyin texniki vasitələrinə vərdişlərlə birlikdə süni alətlər də daxil olmuşdur. Bu alətlər onlardan istifadə etmək qaydaları – yeni keyfiyyətli əməli bilik texnologiya ilə birlikdə meydana gəlmişdir. Yeni texnologiya əməkçi adam qarşısında müvafiq əməli vərdişlərə yiyələnmək tələbini qoymuşdur. Yeni alətlər, yeni texnologiya və yeni vərdişlər nəsildən-nəslə ötürülərək təkmilləş­miş və ictimai tərəqqinin həmin dövr üçün başlıca səciyyəsinə çev­rilmişdir.

Fərz edək ki, alətlər qalmış, lakin onlardan istifadə etmək qay­daları yeni nəslə çatmamışdır. Onda bu alətlərin özlüyündə bir xeyri ola bilərmi? Yox. Bu halda eyni bir tarixi inkişaf mərhələsi təzədən ke­çilməli olardı. Yeni nəsil bu alətləri ondan istifadə qaydaları ilə bir­likdə təzədən kəşf etmək məcburiyyəti qarşısında qalardı.Əgər biz in­sanın məqsədəuyğun fəaliyyətinə xidmət edən və bir fərd miqyasından kənara çıxaraq ictimailəşən, obyektivləşən (ondan istifadə edənlərin şəx­siyyətindən asılı olmayan) vasitələri müəyyən bir terminlə istifadə etmək istəyiriksə, onda bu terminə əmək alətləri ilə birlikdə mütləq bu alətlərdən istifadə vərdişlərini də daxil etməliyik. İstifadə qaydası mə­lum olmadıqda alət, alətsiz isə istifadə qaydası heç nəyə yaramır. La­kin alətdən istifadə qaydası hələ texnikaya yox, əməli biliyə aiddir və texnologiya anlayışında əhatə olunur. Lakin bu bilik başın sərən­ca­mın­dan çıxıb, əlin sərəncamına kecdikdə, qabiliyyətə çevrildikdə vər­diş anlayışında əhatə olunur və texniki vasitə kimi çıxış edir. Vərdiş və alət üzvi surətdə bağlıdır və vahid sistemə daxildirsə onları ayırıb müx­təlif terminlərlə ifadə etməklə ictimai fəaliyyət haqqında tamam­lanmış təsəvvür əldə oluna bilməz.

Texnikanın inkişafında sonrakı ən mühüm mərhələ işçi ma­şınların kəşfi (sənaye inqilabı) ilə bağlıdır. İşçi maşınların əsas funk­siyası bundan ibarətdir ki, əmək predmeti üzərində əvvəllər bilavasitə insanın gördüyü işi indi maşın görür. K.Marks yazır: «Hər bir mü­kəmməl maşın qurğusu bir-birindən çox fərqli olan üç hissədən: mü­hər­rik maşından, ötürücü mexanizmdən və nəhayət alət-maşınından, yaxud iş maşınından ibarətdir... Əgər biz yaxud əsl iş maşınına yaxın­dan nəzər salsaq ki, həmin maşın çox zaman xeyli dəyişilmiş şəkildə olsa da, ümumiyyətlə və bütünlükdə sənətkar və manufaktura fəhləsi tərəfindən işlədilən eyni apparat və alətlərdən ibarətdir; lakin bunlar daha əl alətləri deyildir, mexanizmin alətləridir, yaxud mexaniki alət­lərdir».1 Beləliklə, maşınlar nəinki təkcə canlı əməyi, həmçinin fəh­lənin özünü və onun peşə alətini əvəz edir.

Əslində maşın insanın görə bildiyi işlərin yalnız o hissəsini əvəz edə bilir ki, onlar vərdiş hesabına görülmüş olsun. Deməli, bilavasitə fəaliyyət üçün və ya sadə alətlər vasitəsilə işləmək üçün əsrlərdən bəri qazanılmış olan əvvəlki vərdişlər maşınla əvəz edilir və nəticədə on­ların əksəriyyəti gərəksizləşir və sıradan çıxır. Lakin əgər bu vərdişləri maşın əvəz edirsə, bu heç də texnikanın təkcə maşınlarla məhdud­laş­ması demək deyildir, zira indi də yeni vərdişlər – maşınları idarə et­mək vərdişləri formalaşmağa başlayır.

Beləliklə, texnikanın inkişafının müxtəlif mərhələlərində əvvəl­cə sadə alətlər, sonra isə maşınlar bu vaxta qədər vərdişlərin bir qis­mini əvəz etmiş və yeni vərdiş formalarının yaranmasına səbəb ol­muşdur.

Əgər bu iki tərəf: vərdişlər və əmək vasitələri arasında qarşılıqlı keçidlər mövcuddursa, deməli onları əks etdirməli olan anlayışın (tex­nika) stabilliyi yalnız onların hər ikisinin əhatə edilməsi sayəsində ödə­nilə bilər. Hələ indəyədək fəlsəfi fikirdə «vərdiş» anlayışının ma­hiyyəti düzgün aydınlaşdırılmamışdır. Vərdiş – şüur hadisəsindən da­ha çox obyektiv hadisədir, daha doğrusu, obyektivləşmiş, özgələşmiş şüurdur. Necə ki, alət-texnika, maşın-texnika əslində elmi-praktik bi­lik­lərin, konstruktor təxəyyülünün insandan kənardakı şeylərdə özgə­ləşməsidir, eləcə də vərdiş-texnika praktik biliklərin insanın öz əlində özgələşməsidir.

Müvafiq əməli vərdişə malik olan əl alətlə birləşdikdə «canlı əmək» yaranır. İnsanın «mən»i isə prinsipcə bu sistemdən kənarda ola bi­lər. Əslində corab toxuyan qadın tamam başqa mövzuda fikirləşib danışa bildiyi kimi, dəzgah işlədən peşəkar usta da mənən həmin dəzgaha bağlı olmur. Burada bağlayıcı vasitə yalnız əldir ki, o da mad­di olduğundan onun funksiyası prinsipcə maşına da keçirilə bilər.

Doğrudan da, texnikanın hər bir sonrakı inkişaf mərhələsində əlin əvvəlki, funksiyasını əvəz edən, insanın əməli vərdişlərinə «yiyə­lənmiş» olan maşınlar peyda olur. Kompleks maşının strukturuna in­sanın bu va ya digər funksiyasını əvəz edən müxtəlif komponentlər daxil edildikcə o daha çox avtomatlaşmış olur. İnsan özü isə canlı avtomat olmaq xüsusiyyətindən getdikcə azad olur və daha çox məhz şüurlu varlıq kimi fəaliyyət göstərir, yaradıcı əməklə məşğul olur. La­kin bunula belə, müəyyən peşə sahələrində nə qədər ki, insan əməyini hələ avtomatla əvəz etmək mümkün olmamışdır, əməli biliklərin vər­diş halına keçməsinə, insan əlinin avtomatlaşmasına böyük ehtiyac vardır. Məsələn, cərrah üçün tibbi biliklərə yiyələnmək hələ kifayət deyil. Bu işdə qazanılmış biliklərin vərdiş halına keçməsi daha mühüm şərtdir. El arasında yaxşı cərrah haqqında, yaxşı usta haqqında söy­lənən «əlləri qızıldır» ifadəsi də təsadüfi deyil. Burada beyinin «qızıl» olması köməyə gəlmir, məhz əllər «qızıl» olmalıdır. Yəni əl qeyri-şüuri surətdə qazanılmış vərdiş əsasında hərəkət etməlidir.

Digər tərəfdən də, hər bir konkret situasiya özünəməxsus cə­hət­lərlə fərqləndiyindən yalnız standart vərdiş əsasında işləyən əllər heç də həmişə uğur gətirə bilməz. Situasiyanı düzgün qiymətlən­dir­mək və hər bir məqamda məhz tələb olunan vərdişləri avtomatik su­rətdə işə salmaq üçün müstəqil düşüncə, vəziyyəti qısa müddətdə təıtil edərək qərar çıxarmaq qabiliyyəti də tələb olunur. Deməli, insanın əvvəlcədən, tədricən yiyələnmiş olduğu müxtəlif səpgili əməli vərdişlər toplusu vahid mərkəzdən şüurlü surətdə tənzim olunur.

Beləliklə, primitiv əmək həmişə yalnız eyni bir vərdişin işə düş­məsinə əsaslanırsa və burada aşkar şüur komponenti yoxdursa, nis­bətən mürəkkəb əmək formaları belə vərdişlər çoxluğunun aşkar şüur sayəsində, elə bil ki, müəyyən proqram əsasında fəaliyyətə cəlb olun­masını nəzərdə tutur. Belə mürəkkəb əmək daha sadəcə avtomatla əvəz edilə bilmir, «süni intellektlə» təmin edilmiş avtomatlara – robot­lara ehtiyac yaranır.

Fəaliyyət sahələrinin müxtəlifliyinə uyğun olaraq robotlar da yalnız istehsala xidmət etmir. Nəqliyyat, təbabət, məişət robotları get­dikcə daha çox yayılır. Texnikaya yalnız geniş planda yanaşdıqda ay­dın olur ki, elmi-texniki tərəqqinin rolunu təkcə istehsalın inkişafına olan təsirlə izah etmək cəhdi nə qədər də qusurludur. İnsanın ən qə­dim ixtiralarından olan od ilk dəfə istehsal sahəsində deyil, məişətdə istifadə olunmuşdur. Onun ictimai tərəqqidə oynadığı rol isə heç də əmək alətlərinin rolundan geri qalmır. Qədim dövrün ən böyük ixtira­larından olan sadə əmək alətləri heyvan qüvvəsindən istifadə edilməsi və sürtmə yolu ilə od alınması, heç şübhəsiz, insanın praktik bilikləri ilə bağlı idi.

Elmlə əlaqə texnikanın sonrakı inkişaf mərhələsində mümkün ol­muşdur. Texnikanın elmlə əlaqə xüsusiyyətlərinin daha dəqiq araş­dırıla bilməsi üçün elm, texnika, elm texnikası anlayışlarından başqa, texniki elm, texniki bilik, elmi-texniki bilik, elmi-texniki fənn və s. bu kimi anlayışların da müqayisəli təhlilinə böyük ehtiyac vardır.

Elm texnikası həm elm, həm də texnikanın mühüm ünsür­lərin­dən biridir. Bəs texniki elmlər hansı sistemə daxil olur? İkinci təbiətin, texniki qurğuların özünəməxsus qanunauyğunluqlarını əks etdirmək baxımından texniki elmlər elm sisteminə daxildir. Texnika isə bu halda yalnız həmin fənnin predmeti kimi çıxış edir.

Əgər təbiətşünaslıq fənləri «təbii təbiəti» öyrənirsə, texniki elm­lər «süni təbiəti», nə vaxtsa insan yaradıcılığının məhsulu olan, lakin sonralar müstəqil mövcudluq dövründə yenidən tədqiqat predmetinə çevrilən texniki qurğuları, onların iş prinsipini və s. tədqiq edir. Nə vaxt­sa unikal fərdi fəaliyyət sayəsində ixtira olunan obyekt indi nor­mal düşüncənin, şablon təfəkkürün obyektinə çevrilir, məntiqi sxem­lərə salınır. Əldə edilən biliklər fənn kimi formalaşaraq tədris olunur.

Əslində texniki qurğular tam obyektiv, insanla əlaqəsini kəs­miş, ondan asılı olmadan işləyən sistem olsa idi, onları da təbiət­şünaslığın predmetinə daxil etmək olardı (bu halda «ikinci təbiət» təd­ricən «birinci təbiətin» strukturuna daxil olur, onunla qaynayıb-qarı­şır, il­kin ziddiyyətlər aradan qalxır). Lakin texnika təbii obyektlərə nəzərən bir sıra spesifik cəhətlərə malikdir və onun strukturunda in­san kom­ponenti, mənəvi yaradıcılığın özgələşmiş, maddiləşmiş for­maları və s. iştirak edir.

Biz yuxarıda koqnitiv biliklərin maddi fəaliyyətin strukturuna daxil olmasının spesifik cəhətlərini araşdıraraq göstərmişdik ki, əgər əməli biliklər bilavasitə maddi fəaliyyətlə bağlıdırsa, koqnitiv biliklər müstəqilliyə malikdir və maddi fəaliyyətlə müəyyən aralıq vasitə sayə­sində əlaqələnir. Bu vasitə zəncirinin mərkəzi ünsürü texnikadır. Tex­nika öz funksiyasına görə insanın təbiəti dəyişdirməsinə xidmət etsə də, öz iş prinsiplərinə görə insanın təbiəti dərk etməsinə əsaslanır. Bununla da texnika koqnitiv biliklərin də əməli nəticə verməsinə sə­bəb olur.

Texnikanın bizim tərəfdar olduğumuz konsepsiyasına görə bu anlayışda yalnız müəyyən əməliyyatların icrasına xidmət edən maddi predmetlər (əmək alətləri və s.) deyil, həm də onlardan istifadə vər­dişləri əhatə olunur. Bu vərdişlər məhz müvafiq əməli biliklərin «av­tomatlaşmış», qeyri-şüuri hala keçmiş formasıdır.

Texnika insanın təbiətlə qarşılıqlı təsiri prosesində insanla tə­bi­ət arasında dayanır və istər-istəməz sual ortaya çıxır: texnika qarşılıqlı təsirdə olan bu iki tərəfə nəzərən nə isə üçüncü bir tərəfdirmi? Əgər belə deyilsə, onda texnika bu iki tərəfdən hansına aiddir? Heç birinə və hər ikisinə?! Yuxarıda qeyd etdiyimiz kimi, texnika maddi kompo­nentləri ilə «ikinci təbiətə» daxil olsa da, ondan istifadə qaydasının, texnologyanın vərdişə çevrilmiş, «maşınlaşmış», «texnikalaşmış» tərə­fini də əhatə edir. Lakin bu istifadə qaydaları koqnitiv yox, əməli bi­lik­lərdir, bu biliklərin «texnikalaşmış» variantı isə bizim yuxarıda təd­qiq etdiyimiz formaya, fəaliyyətdən ayrılmayan, müstəqilliyə malik olmayan əməli biliklərə uyğundur. Bu isə əməli biliklərin ən ilkin, ən pri­mitiv formasıdır. Lakin tarixən ən ilkin olan bu forma hər cür peşə­­kar fəaliyyətin son həddi, final momentidir.

Burada biz əməli biliklərin bu cür mühüm kəyati əhəmiyyəti üzə­rində geniş dayanmadan, texnikanın məhz maddi komponentin «tə­bii təbiətdən» fərqli və bu «süni təbiətdə» insani ünsürün iştirakı, onun spesifikası məsələsinə nəzər salaq. Texniki sistem məhz insanın bilavasitə iştirakı ilə işə düşür. Primitiv texniki sistemlərdə insanın payına çox iş düşür, başqa sözlə fiziki əmək hələ çoxluq təşkil edir. Tex­nika təkmilləşdikcə insan üçün olan «pay» azalır, işin çoxu ma­şınla, «süni təbiət» prosesləri vasitəsilə görülür. Təsadüfi deyil ki, işçi maşınların kəşfi sənayedə inqilabın özəyi hesab edilir. Məhz işçi ma­şınlar insanı fiziki əməkdən azad edir. Nəyin hesabına? Maddiləşmiş, tə­biətə tətbiq olunmuş zehni əməyin hesabına. Burada biz koqnitiv biliklərin texnikada iştirakı məsələsi ilə qarşılaşırıq. Əməli biliklərə (baxılan halda – texnologiyaya) uyğun olan fiziki fəaliyyət qismən ma­­­şın­lar tərəfindən əvəz olunduğu, qismən də insanın özü tərəfindən icra olunduğu halda, koqnitiv biliklər «süni təbiətin», texniki sistemin iş prinsipində öz əksini tapır; məlum qanunauyğunluq üzrə işləyən maddi sistem düzəldilir və deməli, ideal formada, bilik halında texniki sistemə daxil olmur.

Koqnitiv biliklər elmi biliklərin əsasını təşkil etdiyindən elmi biliklər də texnikada öz əksini yalnız maddiləşmiş şəkildə tapır; yaxud dərk edilmiş təbiətin prinsipləri əsasında onun müvafiq hissələrinin, ayrı-ayrı təbii hadisələrin süni analoqlarını – modellərini yaratmaq və işə salmaqla insan təbiət hadisələrini müəyyən üstün (insanın məna­feyinə uyğun gələn) istiqamətə yönəltməyə çalışır.

Burada biz habelə elmin, elmi biliyin nə kimi bir yolla əməli fəa­liyyət sahəsi ilə əlaqələndiyinin şahidi oluruq. Elmi biliklərin heç də əməli biliklər zəminində deyil, koqnitiv biliklərin zəminində formalaş­dığını göstərməklə, biz elmin bütövlükdə praktika sahəsinə daxil ol­ma­dığını, ona nəzərən nisbi müstəqilliyə malik olduğunu izah etmiş­dik. Digər tərəfdən də elmin məhz praktik tələbatla əlaqədar inkişaf et­diyi inkarolunmaz həqiqətdir. İlk baxışda bir-birinə zidd görünən bu iki hal elmin daxili mürəkkəbliyindən ikili funksiyasında irəli gəlir.

Elmin ikili təbiəti – bir tərəfdən, sosial-mədəni, digər tərəfdən də praktik bir hadisə kimi çıxış etməsi əksər hallarda unudulsa da, son vaxtlarda bir sıra tədqiqatlarda bu məsələyə diqqət yetirilmişdir. Əla­mətdar haldır ki, iqtisadçı akademik A.İ.Ançişkin də elmin sosial-mədəni hadisə olmasını nəzərə alır və yalnız bununla yanaşı elmin prak­tik, iqtisadi funksiyasını tədqiq edir. A.İ.Ançişkin yazır: «Elmin məzmunu və onun inkişaf məntiqi ilk növbədə idrakın obyekti ilə müəyyən olunur, texnika isə özündə iki başlanğıcı – elmi və praktik başlanğıcları ehtiva edir. Bu, həm də onu göstərir ki, elmin praktik ehtiyaclara meyli eyni zamanda onun texnika ilə birləşməsi dərə­cəsindən baş verir; yalnız texnika ilə vəhdətdə elm təkcə sosial-mədəni hadisə olmaq hüdudundan kənara çıxır, praktiklik kəsb edir, bila­vasitə məhsuldar qüvvəyə çevrilir».1 Burada elmin ikili təbiəti çox ay­dın nəzərə alınmışdır. Bircə bunu qeyd etmək lazımdır ki, elmin prak­tik funksiyasını texnika ilə məhdudlaşdırmaq düz deyil.

Elm ictimai həyatın bütün sahələrinə nüfuz etməklə praktik is­tifadə miqyası baxımından texnikanın sərhədlərini çoxdan keçmiş­dir. Texnikanın əhatə dairəsini dəqiq təsəvvür edə bilmək üçün insan-təbiət münasibətində insanın vasitəçi sistemlə münasibətinin müxtəlif spe­sifik formalarını nəzərdən keçirmək lazımdır. Bu münasibətin kə­nar hallarından biri (sərhəd şərti) maddi fəaliyyətin subyekti olan in­sanın əslində vasitəçi texniki sistemə bir ünsür kimi daxil olmasıdır. Bu zaman insan-təbiət münasibətində birinci tərəf heç də bilavasitə maddi fəaliyyətin subyekti olan insan yox (zira o bir ünsür kimi aralıq mərhələyə texnikaya daxil olur), həmin texniki sistemi ixtira edən, quraşdıran və adam-robotlarla birlikdə bütöv bir mexanizm kimi işə salan insandır. Beləliklə, baxılan kənar halda, icraçı insan yaradıcı in­sanla təbiət arasında vasitəçi sistemə daxil olur. Elmin müasir inkişaf mərhələsində bu nisbət özünü daha aydın şəkildə biruzə verir və in­san-insan münasibətinin daha bir çaları da ortaya çıxmış olur. Elm və texnikanın müasir mərhələdəki inkişafı yeni mənəvi, əxlaqi problemlər qoymuş olur və bunların həlli müxtəlif ictimai-iqtisadi sistemlərdə müxtəlif olur.
***


Yüklə 312 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin