Suallara cavab. Suallara cavab işi I sinifdən başlanır. Şagirdlər suallara həm yarımçıq, həm də tam cavab verməyi öyrənirlər. Bu sahə nitq inkişafı baxımından daha faydalı olduğundan çox məşq etdirilməlidir. Müəllim hər verilən cavabın düzgünlüyünə və dəqiqliyinə nəzarət etməlidir.
Suallar əsasında cümlə üzvlərinin izahı. Şagirdlər cümlə təhlili zamanı bu və ya digər sözün mübtəda və ya xəbərdənolduğunu deyirsə, niyə bu söz mübtədadır?-sualına cavab verməlidirlər. Bəzən cümlə təhlili zamanı bu “niyələrin” sayını artırmaq da olar: niyə sadədir? niyə mürəkkəbdir? niyə müxtəsərdir? niyə genişdir? və s.
Buraxılmış sözləri yerinə qoymaqla cümlələri tamamlamaq. Müəllim cümlədə müəyyən sözü (və ya sözləri) buraxır, onların yerinə sual yazır. Şagird sualaəsasən sözü tapıb cümləni tamamlayır: Yazda havalar necə olur? Bizi (nə vaxt) gəzməyə (kim) aparacaq? və s.
Cümləni genişləndirmək. Çalışmaq lazımdır ki, şagirdlərcümlələrə daha çox söz artırmaqla genişləndirsinlər. Məsələn: Ziya getdi. Ziya məktəbə getdi. Ziya saat 8-də məktəbə getdi və s.
Dağınıq verilmiş sözlərdən cümlələr qurmaq. I sinifdə 3-4 dağınıq verilmiş sözdən ibarət cümlələr düzəltmək üzrə məşq aparılır. Sonra sözlərin sayı artırılır. Müəllim yazı lövhəsində sözləri yazır və cümlənin birinci sözünü böyük hərflə yazır. Şagirdlərbirinci sözə əsasən digər sözləri də birləşdirib cümlə qururlar. Məsələn: baharda, Çiçək, ağaclar, açır..
Söz birləşmələri tərtib etmək və onları cümlələrdə işlətmək. Müəllimin tapşırığı ilə şagirdlər müəyyən söz birləşmələri tərtib edirlər. Məsələn: mənim bacım, qış gələndə, yaz günü, sərin bulaq, yaşıl çəmən, dərs cədvəli və s. Sonra bu birləşmələrin hər biri cümlədə işlədilir.
2-3 cümlənin bir sadə geniş və ya mürəkkəb cümlə şəklində birləşdirmək. Müəllim yazı taxtasında əvvəlcə iki cümlə yazır: Uşaqlar çəmənlikdən çoxlu çiçək dərdilər. Onlar bu çiçəklərdən çələng hördülər.
Şagirdlər həmin cümlələri bir sadə geniş cümlə kimi yazırlar: Uşaqlar çəmənlikdən çoxlu çiçək dərdilər və onlar bu çiçəklərdən çələng hördülər.
Sonra müəllim yazı taxtasında üç cümlə yazır: 1. Yaz gəlir. 2. Havalar istiləşir. 3. Hər tərəf yaşıllaşır.
Şagirdlər həmin cümlələri bir mürəkkəb cümlə kimi belə yazırlar: Yaz gəlir, havalar istiləşir, hər tərəf yaşıllaşır.