Novellalar romani



Yüklə 0,85 Mb.
səhifə3/10
tarix22.04.2017
ölçüsü0,85 Mb.
#15234
1   2   3   4   5   6   7   8   9   10

−Ondan arxayın ol. İtə-qurda ağız açıb neçə aya topladığını bircə gecədə qazanacaqsan. – Çopur kişi qoltuq cibindən çıxardığı dəst əsginasdan şax bir onluq ayırıb ona uzatdı. – Hələlik bunu götür. Bu gün daha bağlarda gəzib, fala-zada baxma. Xətrin nə istəsə, al yeginən.

Mat-məəttəl qalan qaraçı təşəkkür etməyə başqa söz tapmadı:

−Canım canına qurban, pəhləvan kişi!

−İndi gedəcəyik, evimi sənə nişan verəcəyəm. Özün də məndən aralı, dalda gələrsən. Axşam hava qaralanda yolunu gözləyəcəyəm. Yaxşımı?

Anjella gözlərini döydü.

−Qapını arxadan bağlamayacağam, açıb içəri girərsən.

Şəhərdə bütün günü Şeyxanaətaur bağında bekar oturan və həmişə də gözləri yol çəkən dəllal Sərxanı köhnə daşkəndlilərin çoxu tanıyırdı. Qızıl pul alıb-satanlar, həyət-bacasını müştəriyə satanlar, mülkünü dəyişmək istəyənlər, kirayə otaq axtaranlar birinci növbədə onun yanına gələrdilər. Cah-cəlal içində firavan yaşamağın rahat yolunu tapmış Sərxan, əslində Şeyxanaətaur bağının gözətçisi idi. Hər il bu aylarda arvad-uşağını yaylağa göndərər, özü isə şəhərdə qalıb mənzilinin, mal-dövlətinin keşiyini çəkərdi. Ailəsi qayıdandan sonra o da istirahətə gedib, dincəlməyi yaddan çıxarmazdı.

İndi Sərxanın tək, evin xəlvət olduğu bir vaxtda gözəl qaraçı qızı onun girinə lap yerində keçmişdi. Ancaq gündüzün günorta çağı Anjellanı mənzilinə aparmağa ehtiyat edirdi. Məhəllədə qonum-qonşulardan görən olsa, söz arvadının qulağına çatacaq, qiyamət-həşir qopacaqdı.

Təzə tanışlar xiyabanların arası ilə dinməz-söyləməz üzüyuxarı qalxaraq bağın dəmir darvazasından geniş caddəyə çıxdılar. Bir az da getdikdən sonra sola buruldular. Şərtləşdikləri kimi qız on-on beş addım arxada gəlirdi.

Darısqal və yoxuş bir küçədə yaşıl qapının ağzında çopur kişi ayaq saxladı. Dönüb o tərəfə-bu tərəfə nəzər yetirdi. Ətrafı sakit və kimsəsiz görcək ehtiyatla arxaya çevrildi. Əli ilə Anjellanı çağırdı. Qaraçı qız asta addımlarla irəlilədi. Sərxan tez-tələsik özünü içəri saldı. Ancaq qapını tamam örtmədi. İkicə dəqiqə keçməmiş Anjella astanaya ayaq basanda, yarımqaranlıq dəhlizdə onun titrək pıçıltısını eşitdi:

−Görən olmadı ki?!

Qız, qorxudan daha da eybəcərləşmiş çopur kişinin sifətinə heyrətlə baxıb, başını tərpətdi.

−Yox.. – Sonra sadəlövhlüklə soruşdu. – Bayaq tapşırdın qaş qaralanda gəlim... Bəs, məni indi niyə çağırdın?

Sərxan arxadan qapını kilidlədi.

−Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır. Bir də... canım canına qurban, sənin üçün nə təfavütü?.. – O dönüb qızın saçlarını tumarladı. – Hə... indi nə qədər xətrin istəyir fala bax, danış, gül, şıltaqlıq elə... Lap mayallaq aş.

Çopur kişi Anjellanı geniş, işıqlı bir otağa gətirdi. Qaraçı evin yağlı boyalarla işlənmiş bərbəzəkli divarlarına, hündür, naxışlı tavanına və qiymətli əşyalarına heyran qaldı. Yuxarı başda künclərdə, içərisi par-par parıldayan büllur qab-qacaqla dolu, şabalıd rəngli iki əkiz servant qoyulmuşdu. Qarşı divarda, tül pərdəli pəncərələrin arasında qədim, zəngli saat asılmışdı. Qapıdan sağda dolabça üstdə radioqəbuledici, solda isə ağ örtüyə geydirilmiş piano vardı. Evin ortasındakı dəyirmi mizin ətrafında altı-yeddi kreslo düzülmüşdü.

Kişinin xırıltılı səsi qızı diksindirdi:

−Bura bax... Adın nə oldu?

−Anjella.

−Hə! Ənjillə bala, qəribsilənmə, otur, dincəl.

O, arxadan yaxınlaşıb qaraçının mərmər kimi hamar çiyinlərindən tutaraq sıxdı; seyrək, cod tüklü üzünü qızın yanaqlarına yapışdırdı. Anjella boynunda, boğazında hərarətli bir nəfəs duydu.

−Əyləş. Mən bu dəqiqə gəlirəm, − deyə Sərxan aralandı və pəncərələrin sumağı məxmər pərdələrini örtərək yan otağa keçdi. İçəri qaranlıq çökcək, servantdakı büllurlar və tavandan asılmış iri qəndil qırmızımtıl şölə saçdı; divarın yuxarısından vurulmuş köhnə Səmərqənd bazarını təsvir edən ipək xalçadakı rənglər dəyişdi. Sanki birdən-birə Səmərqənddə gün batdı, bazara axşam düşdü.

Burada olan hər şeyə maraqla diqqət yetirən qaraçı qız həsrətlə köks ötürdü və keçib yorğun halda kreslolardan birində əyləşdi. Ev sahibinin qalın haşiyəli, zərli çərçivəyə salınmış fotoşəkli üzbəüz divardan ona baxırdı.

“Bəh! Bəh! Bu idbarı nə qəşəng çəkiblər!.. – deyə istehza ilə güldü. – Sifətindəki çopurluğu da silib yoxa çıxarıblar. Bəs necə! Pulun gücünü nə bilmisən?! Kasıb olsaydı, elə şəkli də özü kimi eybəcər düşərdi. – Anjella gözlərini məchul bir nöqtəyə dikərək fikrə getdi. – Görəsən, bu köpəkoğlu nəçidir?.. Hər kim isə, çox varlı adamdır. Bəxtəvər arvadının başına! Yəqin qulluqçusu da əlinin altındadır. Sən bir otağın böyüklüyünə, təmtərağına bax! Elə bil muzeydir. Kaş saxlayaydı məni beş-on gün burda qalaydım. Doyunca yeyib, yatardım. Yorğan-döşəkdə yox, lap elə orda, qapının ağzında, xalça üstə uzanardım.

Sərxan gəldi. O, əl-üzünü yumuşdu; seyrək çal saçlarını odekalonla isladıb, yana daramışdı. Əynində qırmızı-göy zolaqlı pijama, ayaqlarında yumşaq qara məst vardı. Qoltuğunda ağ qətfəyə bükülü pal-paltar tutmuşdu.

−Adın yenə fikrimdən yayındı, − deyə qızın qarşısında dayanıb gözlərini marıtladı:

−Anjella.

−Hə! Yadıma düşdü! Ənjillə, dur, keç duşun altına, bir az sərinlən. Al, yüngül dəyişək də hazırlamışam sənin üçün. Çıxandan sonra öz paltarlarını geymə, istidir. Elə bunu keçir əyninə, vəssalam.

Sərxan o biri evdən tapıb gətirdiyi kiçik qızının qolsuz, nimdaş xalatını qətfənin arasında qıza uzatdı.

Anjella dəhlizə keçəndə kişi onu qucaqlayıb üzündən öpərək, hamamxanaya ötürdü. “Rahathulqumdur, zalım balası!” – deyə əllərini bir-birinə sürtə-sürtə yenə yataq otağına girdi; çarpayısının qalın döşəyi altından nəsə çıxarıb ovcunda sıxaraq zala keçdi. Kreslolardan birini ayağının altına çəkdi, üstünə qalxıb, əlindəki şeyi fotoşəklin dalında gizlətdi...

Yarımca saat sonra köhnə dəllal təzə məşuqə ilə yemək stolunun arxasında üz-üzə oturmuşdu. Anjella daha da gözəlləşmişdi. Əynindəki qırmızı güllü, ağ qolsuz xalat boyuna gödək, bədəninə dar gəldiyindən onu çox balaca göstərirdi. Atlas parlaqlı qara saçları aşağı axaraq sifətinin yarısını örtmüşdü. Yaxşı qurulanmamış qollarında su damcıları şəffaf muncuq təkin işıldayırdı.

Ailəsini yola saldığı gündən, belə bir vüsalın arzusu ilə yaşayan çopur kişi indi gördüyünə inanmırdı. Qarşısında əyləşən cavan qaraçı qızın gözəlliyindən vəcdə gələrək, boşalan qədəhlərə şərab süzür, alma-armud soyur, şokolad, marmelad, peçenye qutularını ona tərəf çəkir, xətri istəyən təamlardan dadmasını xahiş edirdi. Özünü onsuz da tam sərbəst aparan Anjella ev sahibinin canfəşanlığından təəccüblənsə də, danışmır, hətta bundan bir növ həzz alırmış kimi fərəhlənirdi. Arada fürsət tapdıqca qızın belindən, boynundan yapışan Sərxan yerində rahat otura bilmirdi. Gözləmədən nail olduğu bu xoş təsadüfün ləzzəti onu şərabdan artıq xumarlandırırdı:

−Eh... Adın yenə yadımdan çıxdı!.. – deyə qədəhini çiyni bərabərinə qaldırıb beşinci kərə sağlıq söyləməyə hazırlaşan çopur dəllal qaraçıya baxdı.

Qız ucadan qəhqəhə çəkdi.

−Eyib olsun səninçün, pəhləvan kişi! Nə huşsuz adamsan? Bir dənə Anjella da deyə bilmirsən?..

−Məni qınama, göyçək bala, yaddaşım yaman xarablaşıb. Çox vədə evdə arvad-uşağımın da adını unuduram. Bəzən öz əlimlə qoyduğum bir şeyi saatlarla axtarıram... Qərəz... Ənjillə xanım, pərvərdigar dövlət barədən səni də məğmum eləməyib. Bəli, bəli, təəccüblənmə. Mən hələ keflənməmişəm. Nə danışdığımı yaxşı anlayıram. Sənin dövlətin – gözəlliyindir! Maşallah, bu dəqiqə hamamdan təzə çıxmış məlaikəyə oxşayırsan. Sağ ol! Heç vaxt solmasın gözəlliyin.

−Canım canına qurban, pəhləvan kişi! Mən ömrümdə bu qədər təriflənməmişdim.

−Paho!.. Eşitməmisən, zər qədrini zərgər bilər?! İç!. İç mənim...

Sərxan badəsini butulkanın dalında gizlətdi.

−Daha mənə vermə... başım gicəllənir... – deyə Anjella neçənci kərə boşaltdığı qədəhi stolun üstünə qoymaq istəyəndə salıb sındırdı; ixtiyarsız olaraq gözləri yumuldu... və o özünü qəribə bir aləmdə hiss etdi...

Anjella gözlərini açanda özünü çılpaq halda, çopur kişi ilə bir yataqda uzanmış gördü. Bədənində ağrı, döşlərində, dodaqlarında gizilti duydu... Bayırda qaranlıq idi. Qucaq-qucaq ulduz səpələnmiş lacivərd göylərdə ətrafına halə salmış ay pəncərənin tül pərdəsi arxasından içəri baxırdı. Otaqda gecə lampası – mərmər bayquşun gözləri atəş böcəyi kimi işıldayırdı.

Anjella dikəldi, ikiəlli başını tutdu. Beyni sancırdı, hələ sərxoşluqdan ayılmamışdı. Gözləri dumanlanırdı.

Qız yan-yörəsinə baxdı, əyninə geyməyə bir şey axtardı. Lakin heç nə tapa bilmədi. Qalxıb pəncələri üstə pişik kimi səssiz addımlarla zala keçdi və ara qapını yavaşca örtərək çilçırağı yandırdı. Burada ertədən gördüyü səliqədən əsər-əlamət qalmamışdı. Anjellanın oturduğu yerdə xalça zibillənmişdi. Stolun al şərabla ləkələnmiş süfrəsi üstündə boş butulkalar, bulaşıq qədəhlər, meyvə qabığı, şüşə qəlpələri, konfet, şokolad qırıntıları bir-birinə qarışmışdı. Qızın paltarı kreslonun başından asılmışdı, tuflilərinin hər tayı bir tərəfə tullanmışdı. Anjella tənbəl-tənbəl geyindi. Hamamxanaya keçib əl-üzünü yudu, saçlarını daradı, özünü qaydaya saldı və yenə zala qayıtdı. O, çopur kişi ilə bura gəlməzdən əvvəl aralarında olan söhbəti xatırladı:

“...Sən nə dilbilməz uşaqsan! Başa düş, təklifimdən boyun qaçırmasan, sən gəlib mənim evimdə qalacaqsan... Yeyəcəksən, içəcəksən, sonra da ipək yorğan-döşəkdə xumarlanacaqsan. Anladın?..

−Pul da verəcəksən mənə?

−Ondan arxayın ol. İtə-qurda ağız açıb, neçə aya topladığını bircə gecədə qazanacaqsan...”

Anjellaya bu cür təkliflər dəfələrlə edilmişdi, sonrasına da hərə bir mükafat boyun olmuşdu. Ancaq heç kəs onu əvvəlcədən belə şirnikləndirməmişdi. Fürsət düşdükcə ürəyinə yatan oğlanlarla, kişilərlə vaxt keçirməyi, əylənməyi isə özü üçün qəbahət sanmamışdı. Həmişə də ilişdiyi tilsimdən bir bəhanə ilə yaxa qurtarıb salamat qaçmışdı. Anjella çopur kişiyə də kələk gəlib asanlıqla aradan çıxacağına əmin idi. Lakin acqarına içdiyi güclü şərab qızın iradəsini zəiflətmiş, ixtiyarını əlindən almışdı. Sonra nələr olduğundan o, əsla xəbərsiz idi...

“Səni görüm bu evdən meyitini qaldırsınlar! Çopur şarlatan!” – deyə kişini qarğıdı.

Əslində Anjella itirdiyinə o qədər də heyfsilənmirdi. Bu əhvalat gec-tez bir gün olacaqdı. Onu başqa nigarançılıq narahat edirdi. Əgər uşağa qalarsa...

Bayaqdan cansız təki hərəkətsiz dayanmış qaraçı qız fikirləşirdi. İndi neyləsin? Getsinmi? Yoxsa... Yoxsa, ismətinin qabaqcadan vəd olunan haqqını almaq üçün ev sahibinin yuxudan oyanmasını gözləsin?

Anjella saata baxdı. Hələ səhərin açılmasına çox qalmışdı. Xorultusu otağı başına götürmüş çopur kişi yəqin ki, günortaya qədər yatacaqdı.

Qız möhkəm susamışdı, dil-dodağı qurumuşdu. Stol üstündəki limonad butulkaları isə boş idi. O, qədəhlərdən birini şərabla ləbələb doldurub qurtum-qurtum içəndə nəzərləri yenə qarşı divardakı şəklə sataşdı. Sərxan qalın haşiyəli, zərli çərçivədən baxaraq gülümsəyirdi. Anjella boşaltdığı qədəhi var qüvvəsi ilə ona çırpmağa qəlbində ehtiyac duydu. Ancaq çəkindi. Sonra vazadakı almalardan birini, ən irisini götürüb dişlədi. Başı gicəllənirdi. Əzgin halda yaxındakı kresloda əyləşdi. Anjella qəşş edib gülmək istəyirdi. O, şəklə göz vurdu və tək otaqda öz-özü ilə danışmağa başladı:

−Ey, qoca kaftar, şit-şit hırıldama. Düzünü de, mənə nə verəcəksən? Bax, xəsislik eləsən, səs-küy salıb, səni biabır edəcəyəm. Niyə? Ona görə ki, sən çopursan, iyrəncsən!.. Bəs bunu nəzərə almırsan? Əməlli-başlı səxavət göstərsən, gəbərməzsən ki! Çaqqal!..

Anjella əlindəki almanı axırıncı kərə dişləyib, puçalını tolazlayaraq şəklin şüşəsinə çırpdı. Bununla da ürəyi soyumadı. Stoldan götürdüyü şokolad parçasını qədəhin dibində qalmış şəraba batıraraq islatdı.

−Dayan... dayan, gör indi sənə neyləyəcəyəm! – deyə yaxındakı kreslonu təpiyi ilə vuraraq divara sarı itələyib, onun üstünə qalxdı. – Sən eybəcər, çopur olduğun halda, şəkildə nə üçün belə yaraşıqlısan?.. Hə?.. Eşidirsən? Mən kiminləyəm?.. Cavab versənə?! Niyə susursan?..

Anjella əlindəki yaş şokoladla şəklin sifətində qəhvəyi nöqtələr düzərək ev sahibinin çopurluğunu təzədən bərpa elədi. – Bax... sən əslində beləsən!... Tfu gözlərinin içinə! Əbləh!

O, bir az da irəli əyilib hirslə şəklə tüpürəndə müvazinətini itirdi, yıxılmamaq üçün qollarını yana açdı və çərçivəyə toxunaraq onu yerindən oynatdı. Anjella aşağı hoppancaq, döşəməyə balaca, qara bir düyünçə düşüb cingildədi. Qız heyrətləndi. Başını qaldırıb əvvəlcə divarda mıxdan bir böyrü üstə asılmış zərli çərçivəyə, sonra da qarşısındakı qara, məxmər düyünçəyə baxdı. “Bu nədir?!” – deyə ona əlini vurmağa qorxurmuş kimi donub qaldı. Və bir anlığa başına gələn pisliyi unutdu... Sərxoşluqdan ayıldı. Lakin nə edəcəyini kəsdirə bilmədi. Bu dəm eşitdiyi anlaşılmaz bir səs otağın divarlarında əks-səda tapdı. Anjella diksinərək geri sıçradı. Duruxdu. Saat idi. Dördün zəngini vururdu. O, əllərini sinəsində çarpazladı. Sanki bununla çırpınan ürəyini sakitləşdirmək istədi. Barmaqlarının ucunda ehtiyatla irəliləyib yavaşcadan, lap yavaşcadan ara qapını açdı, içəri boylandı. Arxası üstə uzanmış çopur kişi yorğun div kimi ağır yuxuda idi. Anjella qapını çəkdi. Tələsik irəli atılıb, düyünçəni qamarlayaraq yerdən qaldırdı; qulağına yaxınlaşdırıb şaxşaxsayağı cingildətdi. Bu dəqiqə özünü ən müdhiş bir vəziyyətdə hiss edən qaraçı qızın bütün vücudu əsirdi, taqətsiz dizləri qatlanmaq dərəcəsinə gəlirdi. Düyünçənin ağzı nazik ciyə ilə möhkəm bağlanmışdı. Anjella onu dırnaqları ilə aça bilmədi; dişinə salıb, qırdı. Çopur kişinin xorultusu daha bərkdən eşidilirdi. Qıza elə gəldi ki, indicə ara qapı çırpılacaq, yataq otağından insan yox, vəhşi bir pələng üstünə atılıb, onu didəcək, parçalayacaqdır.

Anjella düyünçəni başı aşağı edəndə... ovcuna tökülən qızıl pulların parıltısındanmı, sevincdənmi, yoxsa vahimədənmi gözləri hədəqəsindən çıxdı. Gördüklərinin həqiqətdə olduğuna inanmadı. Lakin bu yuxu deyildi. Qara məxmər düyünçədəkilər eyzən qızıl idi! Qızıl onluqlar!.. Qızıl beşliklər!.. Anjella onları oyaqlıqda, öz ovcunda tutmuşdu!

Artıq, vaxtı itirmək olmazdı. “Tezliklə buranı tərk edib, qaçmalıyam!” – deyə o, ildırım sürəti ilə fikirləşdi və düyünçənin ağzını bərk-bərk bağlayaraq yaxasında gizlətdi. Qaraçı qız dəhlizə atıldı. Heyhat!! Küçə qapı kilidlənmişdi! Anjella sarsıldı, daş kimi yerində donub qaldı. Sonra yenə zala cumdu. Quş çevikliyi ilə sıçrayıb pəncərəyə hoppandı; aşağıdan, yuxarıdan cəftələri açdı. Qız başını çıxarıb bayıra ötəri bir nəzər fırlatdı. Küçəni adamsız gördü. Sol tərəf qaranlıq idi, sağ tərəf işıq. Anjella cəld səkiyə tullandı; arxaya baxmadan sol yana üz tutub qaçdı, uzaqlaşdı və tezliklə gecənin qaranlığında əriyib yox oldu...

Həmin əhvalatdan bir həftə sonra fikirdən ürəyi partlamış çopur kişinin cənazəsi çiyinlərdə qəbiristana aparılanda, Anjella Bakıda kirayə etdiyi otaqda, yumşaq çarpayıda uzanıb xumarlanırdı.

Qaraçı qızını, onun özü kimi küçələrdə dolaşan yurdsuz-yuvasız rəfiqələri, əcnəbi bir filmdə gördükləri gözəl aktrisa Anjellaya oxşatdıqları üçün belə çağırırdılar. Əslində isə adı Yeganə idi.

ALTINCI NOVELLA

Yeganə, küçələrinə ilk dəfə ayaq basdığı izdihamlı şəhərdə özünü nabələd kimi aparmadı. Tinbaşı ona söz atıb, sataşan cavanlara, ardınca düşərək cürbəcür təkliflər edən cahillərə əhəmiyyət vermədən, gəzə-gəzə ucqar məhəllələrdən birinə gəldi. Neçə qapını döydü, otaq kirayələmək istədi... tapa bilmədi. Nəhayət, axşamtərəfi Təzə pirin yaxınlığında əlahiddə kiçik həyət-bacanın sahibi olan Səltənətlə sövdələşməyə başladı:

−Xanım, tək adamam, mənim üçün daxma küncündə köhnə bir çarpayı da qoysan, bəsimdir. Canım canına qurban! İnan ki, sənə xeyirdən başqa zərərim dəyməyəcək, − deyə inildəyə-inildəyə yalvardı. Səltənət imtahanedici nəzərlərlə Yeganəni aşağıdan-yuxarı diqqətlə süzdü, sonra qayğıkeşliklə soruşdu:

−Nə əcəb ərə getməmisən indiyəcən?

Qız bütün məharətini toplayaraq, zavallı, məhzun bir görkəm aldı:

−Getmişdim, xanım... Bəxtim gətirmədi... ayrıldım. Elə onunçun da avara-sərgərdan qalmışam.

−Bəs, kişinin əmlakından-zaddan heç nə çatmadı sənə?

−Xeyr... Kəbinsiz yaşayırdım onunla. Ancaq... evdən çıxanda ürəyinə rəhm düşdü, bir az pul-para verdi. Sağ verməyəydi heç... Çopur köpəkoğlu!..

−Əslin haralıdır? Bakıda qohum-əqrəban yoxdur?

−Yoxdu, xanım. Mən Daşkənddə doğulub, böyümüşəm. Atasız, anasız yetim qızam. Bura gəldiyim cəmi üç-dörd gündür... Xaraba vağzalın sement döşəməsi üstündə yatmaqdan qol-qabırğam sancır. Allahı sevirsənsə, məni qapıdan qaytarma...

Məhəllədə qonşular Səltənəti xeyirxah, ismətli, həlim bir qadın kimi tanıyırdı. Həyət bütövlükdə ona məxsus olsa da, aşağı mərtəbədəki iki göz otağı heç vaxt özününkü bilməzdi. Rayondan instituta oxumağa gələn qohum uşaqları illərlə orda məskən salar, nəinki pul verməz, üstəlik arvadın yorğan-döşəyini də işlədərdilər.

Səltənətin yaşı əllini haqlamışdı. Birçəkləri yavaş-yavaş ağarırdı. Girdəsifətli, dolubədənli bu qadının qalın, çatma qaşları, uzun, xurmayı hörükləri və iri döşləri vardı. Xırda, qonur gözlərinin ifadəsində hələ də gəncliyin əlamətləri sezilirdi. Ətli ağ buxağında mərmər parçası kimi bir xal qaralırdı.

Cavan yaşlarından dul qalan Səltənət mərhum kişisinin xatirəsini əziz tutaraq daha ərə getməmiş, bütün mehrini, məhəbbətini təkcə qızı Fəridəyə bağlamışdı. Qadın, fərzəndini böyüdüb köçürdükdən sonra neçə vaxt idi ki, ikinci mərtəbədəki üçgözlü mənzildə tənha yaşadığından darıxırdı. Onsuz da otaqlarından birini dəyər-dəyməzinə kirayəyə verməyə adam axtarırdı. Ancaq tanımadığı bu kimsəsiz cavan qızı evinə buraxmağa ehtiyat edirdi.

Yeganənin ərindən təzəcə boşandığını eşidəndə, Səltənətin ürəyi kövrəldi. “Taleyin üzü qara olsun!” – deyə fikrini dəyişdi:

−Canım canına qurban, ay xanım...

Onu yola gətirdiyinə sevinən qız, darvazadan həyətə gircək ətrafa göz gəzdirdi. Hər yan təmiz və səliqəli idi. Yeganə Səltənətin ardınca ensiz pilləkənlə yuxarı qalxdı. Dəhlizin başında, mətbəxlə yanaşı bir otağı ona göstərən ev sahibəsi sözə başladı:

−O daxma on dörd kvadratdır. Verəcəyəm sənə, yığışıb oturacaqsan içində. Adını da dəftərə bir aydan tez yazdırmayacağam. Bilirsən, neyçün?

−Bəli, bilirəm, xanım...

−Hə.. adam balası kimi əməlli aparsan özünü, qalıb yaşayacaqsan. Yox, əgər görsəm ki, oyan-buyanlıq elədin, deycəyəm: “Xoş gəldin!”

−Siz nə danışırsınız, xanım?! Məndən elə şeylər gözləməyin! Oyan-buyanlıq nədir?.. Sabahdan qulluğa girib işləyəcəyəm. Amma... Mən istərdim, aşağıdakı otaqlarda qalım. Sizi narahat eləməyim...

−Onlara təzə həmxana köçüb.

−Nə deyirəm ki...

Həmin gündən Yeganə bu həyətdə kirayənişin oldu.

Bir qapısı işıqlı aynabəndə, digəri küçəyə açılan parket döşəməli otağın divarlarına çəhrayı güllü mavi kağız çəkilmişdi. Əşyası, əsasən, bir dəyirmi stoldan, üç kətildən və qoşa dəmir çarpayıdan ibarət idi. Hündür tavandan asılmış köhnə qəndilin üstünə yüngülcə toz qonmuşdu.

−Bax... elə sən də mənim balamsan. Utanma, nə gərəyin olsa, istəynən, − deyə birinci axşam ilk tanışlıqdan sonra Səltənət Yeganədən öz xidmətini əsirgəməmişdi.

Qaraçı qız düşdüyü şəraitdə yalqız keçinməyə darıxsa da, dözməyə məcbur idi. Artıq o, fala baxmağı tərk etmişdi. İllərlə yanında gəzdirdiyi ayna parçasını hələ Daşkənd vağzalında qatara minməzdən qabaq perrondakı zibil qutusuna tullamışdı. Çopur dəllalın evindən gətirdiyi qızılları isə döşəmədən çıxardığı parket taxtaların altında, xırda düyünçələrdə gizlətmişdi.

Səhərlər iş axtarmaq bəhanəsi ilə şəhərə çıxan Yeganə günortayadək dükan-bazarı ayaqdan salır, evinə lazım olan şeylərin ən yaxşısını alıb gətirirdi. Mətbəxdə kartof-soğan təmizləmək, ət doğramaq əziyyətinə qatlaşmamaq üçün bəzən naharını və axşam yeməyini də restoranlarda, kafelərdə edirdi.

İndi keçmiş qaraçı qızını – Şeyxanaətaur bağının xiyabanlarında dolaşan Anjellanı tanımaq çox çətin idi. Yeganəni hər dəfə həyətdə təzə qiyafədə görən qonşu qadınlar pəncərələrini açıb həsədlə ona baxaraq, öz aralarında pıçıldaşırdılar:

−Zalım qızı yaman varlı yerdəndir!

−Mən bilən, təmiz azərbaycanlı deyil. Qarışıqdır.

−Yeriyəndə necə də döşünü qabağa verir...

−Nə əcəb bu çağacan müştərisi tapılmayıb?!

Bircə ay sonra Yeganənin daxması təzə mebellərlə, qiymətli xalılarla gəlin otağı kimi bəzəndi. Şkafda pal-paltarına, bufetdə qab-qacağına yer darısqallıq etdi.

Bəli, qonşu qızın söz-söhbəti həyətdən – küçəyə, küçədən – məhəlləyə, məhəllədən – şəhərə yayıldı.

Hərdən anasıgilə gələn Fəridə aynabənddə Yeganə ilə rastlaşıb, görüşəndə, nədənsə, qəlbində ona qarşı gizli bir ikrah oyanırdı. Təzə həmxanalarının danışığını, hərəkətlərini bəyənmirdi.

−Ay arvad, sən bir az ayıq ol. Hamıya eyni gözlə baxma. Evə buraxdığın bu qız heç yaxşı adama oxşamır, − deyirdi. Səltənət isə Fəridə ilə razılaşmırdı.

−Hələ ki, ondan pis iş görməmişəm. Bilmirəm sən nə üçün belə fikirləşirsən? Sirkə tünd olar, öz qabını çatladar... Mənə neyləyəcək?!

Bir axşam qapısının döyüldüyünü eşidən Yeganə qramafonda oxutdurduğu qaraçı mahnısını yarımçıq kəsib, ayağa qalxdı.

−Kimdir! – Xəbər aldı. Səltənət xoş sifətlə içəri girdi.

−Mənəm, göyçək balam. Salaməleyküm... Evdə tapılmırsan. Çoxdandır üzünü görmürəm. Elə ürəyim istədi sənə bir baş çəkim...

−Belə xoş gəlib, səfa gətirmisən, xanım. Buyur, əyləş... – Yeganə ona yer göstərdi. – Vallah, səndən inciməyə haqqım var. Bura köçdüyüm, az qala üç aydır, cəmisi üç dəfə qapımı açmısan. Axı, mənim səndən savayı kimim var?..

−Onu düz deyirsən, bala. Ancaq gələndə o qədər xəcalət verirsən ki, adam heç bilmir neyləsin... – Səltənət oturduğu yerdə fırlanıb dörd dövrəsinə göz gəzdirdi. – Maşallah, nə əntiqə şeylər almısan evinə... Sağlığına qismət! Belə baxıram, yaxşı qulluğa girmisən.

Yeganə bufetdən lələ-gülə çıxararaq, büllur vazalara töküb, stolun üstünə düzdü.

−Xeyr, hələ işləmirəm. Arabir o ayrıldığım kişi pul göndərir. İt kimi peşmandır! Yazır ki, yığış gəl, barışaq...

−Sən nə fikirdəsən bəs?

−Gözüm atırdı onunçün! İki dünya bir ola, yenə razılıq vermərəm!..

−Deyəsən, varlıdır kişi.

−Mənə heç nəyi lazım deyil. Qadam onun çopur sifətinə!

−Neçə il yaşadınız bir yerdə?

−Az. Lap az, − deyə Yeganə gülməkdən özünü güclə saxladı.

Səltənət vazadakı kağız badamdan birini götürüb ovcunda dənələdi.

−Qızım, bilirsən, qədəvü-qəza insan başına gələr. Axı, ömrünü tənhalıqda niyə puç eləyəsən?! Nə çoxdur şəhərdə oğlanlar... Minnətləri olsun sənin təkin cavanəzənə...

−İstəmirəm ərə getmək. Adamlara etibar yoxdur.

−Elə danışma! Sən yaşda qadın üçün tək keçinmək çətindir.

Zahirdə özünü utancaq, sadədil göstərən Yeganə, batində əməlindən qalmırdı. Səltənət ara-sıra onun evdə gecələmədiyindən duyuq düşsə də, qızın üzünə vurmurdu. Bu minval ilə aylar dolandı... bir il, iki il keçdi.

Artıq kirayənişinin ev sahibinə əvvəlki münasibəti dəyişmişdi. Yeganə məskən saldığı həyətdə yerini möhkəmləndirmişdi, daha Səltənətlə hesablaşmaq istəmirdi. Qadın bir deyəndə, o, iki cavab qaytarırdı.

−Mən açıqxasiyyət bir qızam. Yanıma hər cür adam gələ bilər. Bunun heç kəsə dəxli yoxdur. Əgər mənim həyat tərzimi bəyənmirsənsə, başına çarə qıl!..

Son zamanlar Yeganənin bir para ləyaqətsiz hərəkətlərinə qarşı narazılıq edən Səltənət, belə tənəli sözləri tez-tez eşidirdi. “Kaş onda ürəyim daşa dönəydi, bu nacinsi həyətin qapısından içəri buraxmayaydım! – deyə indi Fəridəyə haqq qazandıran arvad, dizinə döyərək, özünü danlayırdı. – Qonşular arasında həyadan-abırdan getdim. Mən hardan biləydim ki, üzdə mələk görünən bu qız əslində ifritə imiş?!”

Yeganə Əkrəmlə gəzib, dolandıqdan sonra, oğlanın onunla evlənmək fikrində olduğunu yəqin etcək, təzədən Səltənətin qılığına girdi.

−Ay xala, sən hər şeyə görə məndən incimə. Bilirəm, bir-iki dəfə olub ki, xətrinə dəymişəm. Axı, mən diliyanmış neyləyim?! Acığımı kimə töküm?.. – deyə arvadın ürəyini almağa çalışdı. – Gərək bağışlayasan. Sabah başqasının evinə köçəndə dalımca qarğımayasan...

Səltənət sevindi: “Sabah başqasının evinə köçəndə... Yoxsa, qız ərə getməyə hazırlaşır?! Allah ağzından eşitsin! O günü görsəydim, nəzir-niyaz verərdim...”

−Açıq danışsana, bala. Sözlü adama oxşayırsan.. Olmaya istəyənin var?..

Yeganə əzilib-büzüldü:


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin