Novellalar romani



Yüklə 0,85 Mb.
səhifə7/10
tarix22.04.2017
ölçüsü0,85 Mb.
#15234
1   2   3   4   5   6   7   8   9   10

Əkrəm gəlib vağzala çatdı. Çəliyini mərmər döşəməyə döyəcləyə-döyəcləyə perrona keçdi. Soruşub öyrəndi: bəridəki qatar indicə yola düşəcəkdi. O, lap daldakı vaqona mindi. İçəri girmədi, elə qapı ağzında küncə qısılıb dayandı. Bir azdan paravoz dərindən nəfəsini dərib, fısıldadı. Qatar yerindən tərpəndi, tədricən sürətini artırdı. Təkərlər Əkrəmin ayağının altında çaqqıldayırdı. Elə bil onlar da Yeganənin sözlərini hecalara bölüb, dönə-dönə təkrar edirdi: “A-ta-sı sən de-yil-sən!.. A-ta-sı sən de-yil-sən!..”

−Ay yoldaş, biletiniz?! – deyə müşayiətçi arvadın səsi Əkrəmi xəyaldan ayırdı.

−Mənim biletim yoxdur, bacı. Düşəcəyəm...

−Siz də qəribə danışırsınız? Guya başqa sərnişinlər düşməyəcəklər?

−Düşəcəklər... Ancaq mən onlar kimi qatar dayananda yox... bax... – Əkrəm açıq qapıya yan aldı. – Bax... Mən belə... sürətlə gedə-gedə atılacağam... – O, özünü qaranlığa tulladı. Arxadan müşayiətçi arvadın vahiməli bağırtısı eşidildi: “Vay!!!” Əkrəm bir müddət fəzada, çəliyi əlində çapalaya-çapalaya uçdu... sonra quyu kimi dərin, soyuq yarğanın daşlı-kəsəkli dibinə yıxıldı... Qatar fit verib, uzaqlaşdı...

...Dan yeri söküləndə ətraf azacıq işıqlandı. Quşların civiltisi eşidildi. Əkrəm əzilib, parçalanmış sifətində, bədənində sərin, yumşaq bir əlin gəzdiyini duydu, kirpiklərini ağır-ağır qaldırdı. Yanında yenə ülvi görkəmli, ağ xalatlı o gənc qadını gördü. Hərəkətsiz... dinməz. Xəfifcə gülümsəyirdi. Üzündən şəfqət yağırdı... gözlərindən səadət.

−Fəridə?! – Əkrəm həkimi tanıyınca dikəldi.

−Bəli. Mənəm... Təzədən tutulmuş bəbəklərinizə, bədəninizin zədələnmiş yerlərinə məlhəm qoydum. Əlim yüngüldür, tez sağalacaqsınız. Mən o məlhəmi müharibədə yaralanan döyüşçülərin qanına bulaşmış ən zərif güllərin, çiçəklərin ləçəklərindən...

Qadın sözünü qurtarmamış qeybə çəkildi. “Fəridə!! Fəridə!! Fəridə!! Məni burada tək qoyub, hara gedirsiniz?..”

Əkrəm öz səsinə hövlnak yuxudan oyananda, təpədən-dırnağa qədər tər içində idi...

ON BİRİNCİ NOVELLA

Dörd divar arasında tək-tənha, sükuta qulaq asmaqdan bezən Əkrəm, nəhayət, özünə münasib iş tapmışdı. Məhəllədən çox da uzaqda olmayan korlar klubunda həftədə üç dəfə şahmat dərnəyinin məşğələlərini aparırdı.

Lakin onu, indi başqa şeylər karıxdırırdı. Yeganənin evdə gündən-günə dəyişən münasibəti, dözülməz rəftarı Əkrəmi ciddi düşünməyə məcbur edirdi. O, qadının hikkəsi, ərköyünlüyü müqabilində yumşaqlıq göstərdikcə, əvəzində sərtlik, qəddarlıq görürdü. Yenə təkcə bunlar olsaydı, dərd yarı idi. Təzəliklə, Yeganənin haqqında qulağına xoşagəlməz söhbətlər dəyirdi.

Günün ikinci yarısı idi. Kimsəsizlik Əkrəmi darıxdırdı. Keçib radioqəbuledicini qurdu. Dalğatutan əqrəbi miqyas xətlərinin üstündə sağa-sola gəzdirdi. Otağa gur sədalar doldu. Qahirədən caz musiqisi verilirdi...

İstambulda diktor sakit, aydın bir tələffüzlə ədəbi parça oxuyurdu: “...Letif, yanında oturanların işitecekinden korkuyormuş kibi, gizin kulağına ekildi. O, hiç bir vakit şimdiki kadar şev kete yakinlaşmamişti. Kiz onun siqan kefesini yanaqinde hiss edince bütün vücudu titredi. Fakat, geri çekilmedi. Kalb çirpintisiyle Letif hep yeni bir haber bekledigi halde, oğlanın ateş kibi siçak dodaklari kizin yanağına dokundu...”

Tehranda tar-qaval çalırdılar. Fars xanəndəsi zəngulə vururdu:

“Rəftarı canan xub əst,

Göftari canan xub əst...”

Əkrəm Bakını tutdu. Studiyadan kolxozçu qadın danışırdı. Qurulmuş qrammofon kimi birnəfəsə deyirdi:

“...Bizim briqada keçən ayın planını artıqlaması ilə yerinə yetirmişdir. Bundan əlavə öhdəçilik hesabına...”

Axıradək qulaq asmadı. Radionu söndürdü. Bu yeknəsəqlik onu çoxdan bezikdirmişdi. Nəcib bir insanla üz-üzə oturub dərdləşmək üçün qəlbində dərin ehtiyac duydu. Nə vaxt papiros yandırdı, haçan aynabəndə gəldi, bilmədi. Qəfəsdəki bülbül oxuyurdu. Onun, ahəngdən-ahəngə keçərək, necə şövqlə, şaqraqlıqla cəh-cəh vurduğuna valeh olan Əkrəm, arada pilləkəni kiminsə çıxdığını da eşitdi. Addımlarından ayırd etdi: “Gələn qadındır. Özü də yastıdaban çəkmələrdədir. Nə üçünsə çox ehtiyatla qalxır... Görünür, yad adamdır...”

Ayaq səsləri yaxınlaşdı... Axırıncı pilləyə yetişəndə bir an yubandı... Sonra astanaya adlayıb, dayandı.

− İcazə olar?

− Buyurun.

− Salaməleyküm. Qonaq istəmirsiniz?

Əkrəmin yanaqları dartındı, sifəti güldü.

− Əleykəssalam. Bağışlayın, kimdir? Tanımadım...

− Səltənətin qızıyam.

− Buyurun... Ancaq özü evdə yoxdur.

− Hara gedib?

− İşdən zəng vurmuşdu. Tapşırdı, qızım gəlsə, ona de, bir-iki saat yubanacağam, fabrikdə iclasımız var.

− Sağ olun.

Bu səs Əkrəmə tamam başqa bir qadını elə xatırlatdı ki!.. Lakin kimi? Bilmədi. Səltənətin qızı, çıxmağa hazırlaşanda, geri qayıdıb xahiş elədi:

− Zəhmət olmasa, anama deyərsiniz nigaran qalmasın. Uşaq indi babatdır. Qızdırması enib.

− Baş üstə. Xəstə sizinkidir?

− Bəli, oğlumdur. Bağçada möhkəm soyuqlamışdı.

− Öyrətmək olmasın, sizə bir məsləhət verim. Moruq mürəbbəsini isti çaya tökün, ona içirin. Çox yaxşı kömək eləyir... Yadımdadır, uşaq vaxtı soyuqlayanda, anam məni elə sağaldardı.

Səltənətin qızı gülümsədi:

− Mən həkiməm. O müalicəni də bilirəm. Qorxuram mürəbbəyə dadanar, sonra lap tez-tez xəstələnər.

Qadının zarafatyana cavabını eşidən, Əkrəmi yenə fikir götürdü. “Mən bunu tanıyıram! Deyəsən, odur! Bu saat özündən xəbər alacağam!..”

O, ayağa durdu, qarşısındakı stolun qırağından tutub, dayandı.

− Bağışlayın... Ürəyinizə ayrı şey gəlməsin. Sizdən bir söz soruşacağam.

Səltənətin qızı məsələni duymuşdu:

−Buyurun...

Əkrəm qımışdı:

−Ancaq gizlətməyin... Adınız Fəridə deyil?

−...


−Niyə dinmirsiniz?

−Bəli. Düz tapmısınız...

−Demək, onda vağzaldan bura qədər məni faytonla gətirən siz idiniz?

−Mən idim.

Əkrəm uşaq kimi sevindi; nə deyəcəyini bilmədi.

−Bəs o vaxt niyə tanışlıq vermədiniz?..

Fəridə qısıldı:

−Özüm istəmədim... Bəlkə siz də mənim yerimdə olsaydınız, elə edərdiniz.

−Hər halda, burada nə isə var, gizlədirsiniz... O gündən sonra mən sizin barənizdə çox düşünmüşəm... Hətta bir yol yuxuda gözlərimi də açmısınız!..

−Nə danışırsınız? Mən?

−Bəli, siz. O yuxunun xeyfi hələ də başımdan çıxmayıb. Özünüz də elə mərhəmətli idiniz ki...

−Mən, həqiqətən, eləyəm. Xəstələrimə qarşı çox həssasam. – Fəridə utana-utana soruşdu. – Davadan qabaq siz məni görməmişdiniz?

−Yavaş-yavaş yadıma düşür... Görmüşdüm. Ancaq adınızı eşitmişdim. Bir-iki dəfə yoldaşınızla bura – anangilə gəlmişdiniz. Onda oğlunuz yox idi...

−Bu yaxında dörd yaşı tamam olacaq...

−Adını nə qoymusunuz?

−Şahindir... Axı, atası təyyarəçi idi.

−O zaman sizin qapqara saçlarınız vardı...

−İndi ağarmağa başlayıb.

−Uzun hörükləriniz topuğunuza dəyərdi...

−İndi kəsdirmişəm.

−Heyf onlardan! Niyə?

−Müharibə dövrü əl-üz yumağa sabun tapılmırdı... Hörüklərin hayına qalan kimdi?!

−Onu daha deməyin.

Fəridə bu arada təəssüflü baxışlarla Əkrəmi süzdü.

−Mən isə sizi subay vaxtınızdan tanıyıram. Bir dostunuz da vardı. Həmişə də cüt gəzərdiniz...

−Elədir... – Əkrəm Sərdarı xatırlayınca kövrəldi. Demək, sizin əriniz də qayıtmadı.

Bir an susdular. Beş il əvvəlki Fəridənin dumanlı surəti sanki qaranlıqlar içərisindən Əkrəmə baxdı. Girdə, əsmər sifətli, məsud baxışlı, qonur gözlü ucaboy bir qız gördü. Qara, şahmar hörükləri zərif belinin ortasında qıvrılırdı. Boynu, qaz boğazı kimi hamar və yaraşıqlı idi. Qulaqlarında balaca sırğalar parıldayırdı.

−Tələsmirsinizsə, əyləşin. Mən də təkəm, darıxıram. – deyə Əkrəm qadına təklif etdi.

Fəridə oturmadı. Qollarını sinəsində çarpazlayıb, divara söykəndi.

−Yaxşıdır, narahat olmayın...

−Bir azdan gedərsiniz. Yolüstü məni də korlar klubuna tərəf ötürərsiniz. Küçədə xəndək qazıblar, tək keçə bilmərəm...

Əkrəm stulu altına çəkdi. Cibindən papiros çıxarıb yandırdı.

−Bu zəhrimara cəbhədə öyrəndim, tərgitdim, gəldim burda yenə başladım.

−Sizi kim məcbur edir, atın getsin. Nikotin insan orqanizminin düşmənidir.

−Eh!.. Adamın o qədər dərdi-səri var ki!.. – O, ah çəkib əli ilə gözlərini göstərdi. – Nə edim?.. Taleyim belə imiş!.. İndi mən heç kimə lazım deyiləm.

Fəridə mütəəssir oldu:

−Anam deyir, davanın lap qurtarhaqurtarında bu hala düşmüsünüz.

Əkrəm papirosunu sümürüb, başını tərpətdi.

−Bəli. Mən hərbi xəstəxanaya gedəndən dörd gün sonra atışma kəsildi, müharibə bitdi. Ona qədər də iki dəfə yüngülcə yaralanmışdım, heç Yeganəyə yazmamışdım. Axırıncı kərə qiyamət qopdu, dəhşət oldu... Yer-göy bir-birinə qarışdı. Evlər kibrit qutusu kimi havaya uçurdu. Təsəvvür etmək çətindir. Gərək gözünlə görəsən... Mayın beşi idi... Başınızı ağrıtmıram ki?

−Xeyr. Xahiş edirəm, danışın, − deyə Fəridə gəlib onunla üzbəüz oturdu. Əkrəm, xaraba qalmış qaranlıq xanimanın şüşəsiz pəncərələrini xatırladan gözlərini işığa zilləyib, fikrə getdi. Xəyalən özünü cəbhədə, barıt qoxuyan odun, alovun içində, güllə vıyıltıları arasında gördü...

...Mayın beşi idi. Sovet qoşunları Berlinin yaxınlığında cəngəlliklərdən axan çayın sahilində dərin səngərlərdə, tranşeylərdə, topdağıtmaz zirzəmilərdə məskən salmışdı. Artilleriya bir qədər arxada idi. Səhərdən axşamadək atışma ara vermirdi. Düşmən şəhəri nəyin bahasına olursa-olsun təslim etmək istəmirdi. Komandanlığın əmri ilə Əkrəmin piyada hissəsi fürsət tapınca köhnə qayıqlarla, sallarla çayı üzüb o taya keçmişdi. Üçüncü gündü radiostansiyalar zədələnib sıradan çıxdığından qərargahla rabitə pozulmuşdu. Vəziyyət dəqiqəbədəqiqə gərginləşirdi. Hərbi ləvazimat qurtarmaq üzrə idi. Ərzaq isə çoxdan kəsilmişdi. Əkrəm öz vzvodu ilə, düşmən sularında lövbər salmış, hər cür ehtiyatı tükənən tənha bir gəminin durbinsiz kapitanı vəziyyətində qalmışdı. Atışma aman vermədiyindən obaşdandan patron, çörək gətirməyə gedən iki əsgər də arxadan qayıda bilməmişdi.

Artıq hava işıqlaşırdı. Düşmənin mövqeyi hündürdə olduğundan çayın hər qarışını aydın görürdü. Axşam qaranlığı düşənə kimi hissə ciddi təhlükə qarşısında durmalı idi. Aclıq, ölüm – hər ikisi vəhşi canavar timsalında dişlərini qıcıyıb, addım-addım irəliləyirdi.

Əkrəm, köməkçisi starşinanı çağırıb vzvodu ona tapşırdı:

−Mən arxaya gedirəm, − dedi. – Gülləyə mümkün qədər qənaət edin. İndiki vəziyyətdə qurğuşun qızıldan qiymətlidir. Əcəl imkan versə, nahara kimi sizə ərzaq da, patron da çatdıracağam.

−Bu çox qorxulu risqdir, yoldaş leytenant! Günün günorta çağında o enliliyində çayı necə keçəcəksiniz?! Orada görünən hər qaraltıya düşmən snaryadı dolu kimi yağdırır!..

−Başqa çarə yoxdur! Mən sualtı üzməliyəm. Döyüşçülərdən iki nəfərini – nisbətən qüvvətlilərini yanıma göndərin. Deyin, hərəsi özü ilə möhkəm kabel sarılmış dolu bir baraban gətirsin!

Bakılı olmağı, Xəzər sahilində yaşamağı Əkrəmin köməyinə burada yetməli idi! O, üzməyi yaxşı bacarırdı. Sualtı getməkdə yoldaşlarından heç biri ona çatmazdı. Yayda, Pirşağı dənizində çiməndə cavanlar Əkrəmə həsəd aparırdılar. Suya baş vurdumu, haradan, nə vaxt çıxacağını bilmək çətindi. Nəfəsi də qaralmazdı. Sərdar zarafatla dostunu “Əkrəm Delfin” adlandırardı.

İndi isə şərait tamam başqa idi; onlarca pənah, ümid gözləyən əsgərin taleyi qarşısında çox ciddi, hərbi bir imtahan verəcəkdi. Bu sınaqda o, ya salamat qalıb başqalarına həyat bəxş edəcək, ya da düşmənin qəfil gülləsindən qızıl qanı çayın sularına qarışacaq, həlak olacaqdı...

Cəngəlliyin qurtaracağında sahilə on beş-iyirmi addım qalmış, Əkrəm döyüşçüləri saxlayıb, onlara izahat verdi:

−Siz burada oturacaqsınız. Mən hər iki barabandan kabellərin ucunu o taya çəkəcəyəm. Gözünüz qabaqda olsun, nə vaxt yaşıl fişəng atılsa – siqnaldır! Kabelləri güllə yeşiklərinə və ərzaqla yüklənmiş kiçik qayığa bağlayacağam! Ehtiyatla, həm də yubanmadan dartacaqsınız. Qayıq sahilə çıxcaq, içindəkiləri daşıyıb, starşinaya təhvil verəcəksiniz. Aydındırmı?

−Aydındır, yoldaş leytenant! – deyə hər ikisi bir ağızdan səsləndi. – Sizə müvəffəqiyyət arzulayırıq!

−Çalışın barabanların diski rahat fırlansın, üzməyinə maneçilik törətməsin!

−Oldu!

Əkrəm soyundu. Kabellərin ucunu səliqə ilə belinə bağladı. Döyüşçülərlə əl tutub, zarafatla kürəklərinə şappıldatdı:



−Bilirəm, acsınız. Eybi yoxdur. Bir az da dözün, − dedi və güldü. – Elə mən də sizinlə yeyənəm...

Vzvod komandiri bu sözlərlə onlara təkcə təskinlik deyil, sanki çörək də verdi...

Əkrəm kolların seyrəkləşdiyi yerə qədər gəlib dayandı; sağına, soluna baxdı. Bu tərəfdə atışma nisbətən azalmışdı. Uzaqlardan topların boğuq gurultusu gəlirdi. Günəşin gözqamaşdırıcı işığında buludsuz, mavi göy qübbəsi tər-təmiz silinmiş şüşə təkin parıldayırdı. Çay həzin-həzin axaraq sahil qumlarına astadan sözsüz mahnı oxuyurdu. Qarşıdakı təpəlikdə kimsəsiz kəndin evləri ağarırdı. Arabir yaşıllıqlar da görünürdü.

Əkrəm yerə yatdı, sürünə-sürünə qabağa irəlilədi. Suya yenicə çatmışdı ki, arxadan döyüşçülərdən hansınınsa səsini eşitdi:

−Yoldaş leytenant! Maxorka yadınızdan çıxmasın!..

O, sinədolusu nəfəs çəkdi və çaya baş vurdu. Bədənində vicvicə hiss etdi. Bir-iki qol atıb, nisbətən dərinə üzdü. Ayaqları daha torpağa dəymirdi. Su soyuq idi. Haradansa Sərdar yadına düşdü. “Gərək, indi də məni görəydi!” – deyə ani olaraq fikrindən keçirdi. Sahildən xeyli uzaqlaşmışdı. Arxası üstə çevrildi, sifətini azacıq bayıra çıxardı. Bir daha dərindən nəfəsini dərdi və yenə aşağı endi. Yolun çoxu hələ qabaqda qalmışdı. Ardınca dartıb apardığı kabel yavaş-yavaş ona ağırlıq edirdi. Əkrəm arxayın idi; snayper gülləsinin hədəfinə çevrilməsəydi, üzəcəkdi. Gözü yolda qalan döyüşçülərə yemək, patron, maxorka da çatdıracaqdı. “Görəsən, obaşdannan o taya göndərdiyim əsgərlər sağ-salamatdırlarmı? Başlarına bir qəza gəlməyib ki? Zirək oğlanlardı... Ancaq belə yerdə zirəkliyin də o qədər əhəmiyyəti yoxdur. Ehtiyatla hərəkət etmək lazımdır. Yəqin ata-babalarımız belə sınaqlardan çox çıxıblar. “Ehtiyat igidin yaraşığıdır” – nahaq deməyiblər...” Qarşı sahildə yerin bağrını dəlib, parçalayan top gülləsi onun fikirlərini dağıtdı. Sonra lap yanında suya dalbadal bir neçə qəlpə töküldü. “Yaxşı ki, kabelləri kəsib-doğramadı. Zəhmətim hədər gedəcəkdi...” Əkrəm başını çıxarıb irəli baxdı. Çoxunu getmişdi, azı qalmışdı. İndi çayın dərin yerində idi. Artıq, kabelləri arxasınca çəkmək ondan böyük qüvvə tələb edirdi. Həm də aşağıya, suyun dibinə dartılırdı. Üzmək bacarmayan ağır bir adamı çiyninə alıb aparmaq bundan asan olardı. Yaxşı ki, papirosu tərgitmişdi. Yoxsa, təngiyərdi, bu təzyiqə ciyərləri tab gətirməzdi.

...Əkrəm quruya ayaq basanda elə bildi ki, bu dəqiqə köks qəfəsi partlayacaq, ürəyi qopub yerə düşəcək, sudan çıxarılmış balıq kimi çapalayacaqdı.

O, tövşüyə-tövşüyə kolların arasına yıxıldı. Qolları, qıçları özününkü deyildi. Əzalarına sanki min-min iynə batırdı – gizildəyirdi. Kabel bədənini kəsmişdi. Lakin Əkrəm heç nəyin fərqinə varmadı; daşlı-kəsəkli tikanlı torpağa sərələndi. Necə yorulduğunu, ancaq indi hiss etdi. Yer ahənrüba kimi bütün ağrılarını, sızıltılarını çəkib canından çıxarırdı.

Çox yubanmaq olmazdı. O, kabellərin ucunu sahildəki kiçik bir ağacın kötüyünə düyünlədi. Sonra düşmənin gözündən yayınmaq üçün kollardan qırıb öz üstünü örtdü və... bu vəziyyətdə asta-asta təpədəki evlərə tərəf sürünməyə başladı...

Əkrəm bu taya göndərdiyi əsgərləri tapcaq, onlardan birinin paltarını soyundurub, əyninə geydi və tələsik qərargaha yollandı. Vəziyyəti danışdı... Komandanlığın yeni göstərişini aldı. Ehtiyat ərzaqla, sursatla yüklənmiş araba geri qayıtdı. Bu dəfə o, tək deyildi; ağır yeşikləri, dolu kisələri, konserv qutularını kənddən çayın qırağına daşımaq üçün iki döyüşçü də köməyə gəlmişdi.

Sonrakı əməliyyat təhlükə altında aparılsa da, buna çox vaxt sərf olunmadı...

Əkrəm, düşmənin zənnini azdırmaq məqsədi ilə, əvvəlcə sahildə böyrü üstdə atılmış qayıqlardan birini dikəldib, boş-boşuna suya buraxdı. Çaydakı qaraltı almanların gözündən yayınmadı, tez onu gülləbaran elədilər. Lakin adamsız qayığın hərcayı üzdüyünü görcək, bir qədərdən sonra atışmanı kəsdilər. Artıq, gözləməyin mənası yox idi. Vəziyyət dəyişə bilərdi. İkinci − əsas qayığın “reysə çıxmağının” məqamı yetişmişdi.

Əkrəmin tapşırığı ilə əsgərlərdən biri təpəyə qalxıb, göyə yaşıl fişəng buraxdı. Araya gərgin intizar çökdü. İki... Üç... Beş... On saniyə ötdü...

Burnundakı halqadan kabellərə bağlanıb, suya salınmış kiçik qayıq ağır-ağır yerindən tərpəndi və çayın məcrasına maili tərzdə o biri sahilə istiqamət aldı...

Düşmən bu dəfə daha etinasız tərpəndi; bir neçə güllə atmaqla kifayətlənib susdu. Onlar da qayığa yox, suya dəydi. Fərəhdən vzvod komandirinin ürəyi dağa döndü... Lakin... Sevinc faciə ilə nəticələndi!

Əkrəm, axşamadək döyüşçülərlə birlikdə kimsəsiz kənddə yubanmağı, qaranlıq düşəndə imkan tapıb, o taya keçməyi qət etmişdi. Ayrı sayaq da mümkün deyildi. Ona görə də bayaqkı ərzaqdan özləri üçün ayırıb qoyduqlarını götürərək kəndə çəkildilər. Üçlükdə süfrə açıb yeməyə təzəcə başlamışdılar ki...

Göydə qulaqbatırıcı gurultu qopdu.

−Alman təyyarələridir! – deyə pəncərədən boylanıb baxan döyüşçü onlara xəbərdarlıq etdi. Cəld bayıra qaçdılar. Ətrafı uğultu qarışıq fışqırıq, sonra isə dəhşətli gurultu bürüdü... Yer, sanki mehvərindən ayrılıb silkələndi... Torpaq lərzəyə gəldi... Evlər uçdu... Ağaclar kötüyündən qopdu... Bomba, dolu kimi yağırdı... Əkrəm sıçrayıb yaxındakı xəndəyə tullanmaq istəyəndə... qəfildən sifətini od bürüdü, gözlərindən qığılcım çıxdı. Əlləri ilə üzünü qapadı, müvazinətini saxlaya bilmədi, yıxıldı.

Düşmən təyyarələri kəndi darmadağın edib, dağıtmışdı. Hər tərəf yenə əvvəlki dinməz sükuta qərq oldu...

Əkrəm barmaqlarının arasından isti bir şeyin sızdığını duydu. Gözlərini açıb baxmaq istədi, heyhat – heç nə, heç nə görmədi! Dünyaya zülmət çökmüşdü...

Müsahibinin çox düşündüyündən darıxan Fəridə təvəqqe elədi:

−Mən sizi gözləyirəm, danışın...

Əkrəm evə gəldiyi müddət ərzində bu xahişi Yeganənin dilindən eşitməmişdi. O, öz ərinin hansı vəziyyətlərə düşdüyünü xəbər almamışdı, nədən kor olduğu ilə maraqlanmamışdı. İndi yad bir qadın mütəəssir oturub, onun halına acıyırdı.

−Mayın beşi idi... – deyə Əkrəm kədərlə udqunub sözə başlamaq istəyəndə, telefonun zəngi eşidildi.

−Bircə dəqiqə...

−Buyurun.

İçəri keçəndə, Fəridə qalxıb qolundan tutdu, onu astanaya qədər müşayiət etdi. Əkrəm otağın küncündə dayandı; aparatı axtardı. Dəstəyi qaldırıb, qulağına yaxınlaşdırdı:

−Eşidirəm.

−Yeganəgilin evidir bura?

−Bəli, nə buyururdunuz?

−Necədir, indi vəziyyəti?

Əkrəm gözlərini döydü:

−Yeganəyə nə olub?! Hardandır? Kimdir danışan?

−Teatrdandır, rejissorlardan biridir. Nigaran qalmayın... Yəqin həkimə gedib. Bayaq məşqdə özünü yaxşı hiss etmirdi. İcazə istədi, evə buraxdım. Dedim, bir öyrənim, görüm nə təhərdir... Doktor Aslan, sizsiniz? Səsinizdən tanımadım...

−Xeyr. Mən Aslan deyiləm!

−Yox?! Soruşmaq ayıb olmasın, bəs siz Yeganənin nəyisiniz?

−Yoldaşıyam... Əri.

−Necə yəni − əri?!

−Bilmirəm nə cür izah edim? Evlisiniz?

−Evliyəm...

−Demək, siz arvadınızın ərisiniz?! Başa düşdünüz?

−Özümkünü başa düşdüm, sizinkini yox!

Dəstək asıldı. “Dud!.. Dud!.. Dud!..”

Əkrəm donub qaldı. “Bu adi telefon zarafatlarından idimi? Yoxsa... doğrudan da Yeganəyə bir şey olmuşdu?! Görəsən teatrdan haçan çıxmışdır? Bəs, Aslan kimdir?.. Bu evlə nə əlaqəsi?” Birdən, Fəridənin onu gözlədiyi yadına düşdü, aynabəndə çıxdı.

−Fəridə! – deyə dilağız elədi. – Bağışlayın, sizi çox yubatdım...

Cavab gəlmədi.

−Fəridə!

Fəridə getmişdi...

ON İKİNCİ NOVELLA

“Xozeyin zərgər”in oğlu Zakirin yaşı otuzu keçmişdi. O, məktəbin hələ səkkizinci sinfindən oxumağın daşını atmış, uzun zaman avara-sərgərdan gəzdikdən sonra atasının köməyi ilə saatsaz dükanında işə düzəlmişdi. Bir yerdə oturmağa alışmayan Zakir, oradan çıxıb istiqraz alverinə girişdiyindən tutulmuş və müharibə illərini top, güllə səslərindən uzaqlarda keçirmişdi. Anası, gözünün ağı-qarası olan bircə oğlunu dustaqlıqda da korluq çəkməyə qoymamışdı. Hər məktubunda bir-iki “lumu” istəyən Zakir, sovqat qutularının ikiüzlü faneri arasında evdən göndərilən qızıl beşlikləri, onluqları almış, orda xırıd eləyib xərcləmişdi.

İndi ildən artıq idi ki, “Xozeyin zərgər” fərzəndinə şəhərdə münasib qulluq tapmadığından, ona dinclik verirdi. Arvadı isə tanış, qohum evlərini qapı-qapı gəzərək, hər yerdə ağızdolusu oğlunu tərifləyib, ləyaqətli gəlin axtarırdı.

Atasının pulları hesabına əyyaşlığa qurşanan Zakir vaxtını sərxoşluqda, qadınlarla əylənməkdə və qumarbazlıqda keçirirdi. Hər dəfə restoranlarda stolun haqqını ödəyəndə, məşuqələrinə qiymətli hədiyyələr bağışlayanda, kartda uduzanda “paxanın qəmi kəm!” – deyərək varlı bir kişinin övladı olduğu ilə qürrələnirdi.

Lakin üç-dörd ay əvvəl “oğrular” haradansa, duyuq düşüb gecəynən “Xozeyin zərgər”in evini yarmış, vəzndə yüngül, qiymətdə ağır nəyi vardısa, hamısını aparmışdılar. Bu əhvalatdan “qəzəblənən” Zakir, atasından bir qədər yol xərci qoparıb “şübhələndiyi adamların izinə düşərək” Rostova, Moskvaya, oradan da Riqaya getmişdi.

Əslində isə evi silib-süpürən “Xozeyin zərgər”in öz oğlu idi. Həmişə “iyirmi bir” oyununda verdiyi kartları altdan barmağındakı üzükdə oxumaqla rəqiblərini udmağa adət etmiş Zakir, bu dəfə “yanmışdı” – fırıldağının üstü açılmışdı. Sonradan hər şey tərsinə − onun zərərinə çevrilmişdi. “Uduzduqlarını bu həftənin içərisində verməsən, özünü ölmüş bil!” – deyə zərgər oğlunu hədələmişdilər. Zakirin, atasını soymaqdan başqa çarəsi qalmamışdı. Borclarını qəpiyinə kimi qaytarmağa məcbur olmuşdu; qalan pulları da götürüb, arxasınca çoxdan süründüyü cavan bir xanımla uzaq şəhərləri gəzməyə çıxmışdı...

Aslanın məktubundan hikkələnən və ondan nəyin bahasına olursa-olsun acıq almağa can atan Yeganə, ertəsi gün Zakirə zəng çaldı. Telefona cavab vermədilər. İşə gedəndə hər ehtimala qarşı yolunu “Xozeyin zərgər”in evinin yanından saldı. Küçədə “səndə-məndə” oynayan uşaqlardan birini dilə tutub, cibinə konfet tökdü və Zakiri bayıra çağırtdırdı:

− Salam, qaçaq oğlan! – deyə gülə-gülə onunla görüşdü. – Bizi yaddan çıxarmısan... Belə baxıram, çox ciddi işlərlə məşğulsan, vaxtı çatdıra bilmirsən.

Hələlik bu gəlişin səbəbini anlamayan Zakir Yeganəni gözaltı süzüb, cavab verdi:

− İki ay idi, Bakıda deyildim.

− Haradaydın? Yəqin gəzməyə getmişdin?

− Yox... Məsələ ayrı cürdür. – Zakir işin əslini ona açmağı məsləhət bilmədi; yanına keçdi. – Paxanla aramız möhkəm dəyib. Evdən acıq eləmişdim.

− Barışdınız?

− Onu yola gətirmək çətindir.

− Axı, nə olub ki, sizə? Aranızda pişik asqırıb?

− Heç soruşmasan yaxşıdır...

Zakir Yeganəni qarşı səkiyə keçirdi; döngəni burulub, aşağı endilər.

− Gələndən sonra telefonla zəng vursaydın, xəncərinin qaşı düşərdi.

Oğlan günahkar görkəm aldı:

− İslam zəifdir... Boş zəng vurmaqdan nə çıxar?..

Sabir bağının qabağından ötəndə, Yeganə saatına baxıb, yavaşıdı.

− Tələsən yerin yoxdur?

− Xeyr.

− Əyləşək burada beş-on dəqiqə. Teatrın vaxtına da hələ xeyli var...



− Nə deyirəm ki.

Əldən-ayaqdan uzaq, sakit bir yerdə oturdular. Yeganə nə düşündüsə, çantasını açdı, bir dəstə pul çıxarıb Zakirə uzatdı.

− Al, ürəyini qısma.

Oğlan, həyalı qız kimi əzilib-büzüldü.

− Sən məni utandırırsan...

− Götür! Yenə lazımın olsa, məndən çəkinmə. – Yeganə, ətir qoxuyan qırmızı yüzlükləri qatlayıb Zakirin pencək cibinə basdı. – Ancaq bu başdan deyirəm, borc vermirəm. Qaytarmaq barədə fikirləşsən, inciyərəm! Eşitdin?

− Vallah, bilmirəm bu nə xəcalətdir...

− Xəcalətli düşmənin olsun. Sənə kədərlənmək yaraşmır.

Sonra söhbət Əkrəm barədə getdi:

− O dəfə küçənizdən keçirdim, gördüm qapınızda qara eynəkli birisi dayanıb. Bildim ki, ərindir...

− Bəli, ərimdir!.. – deyə Yeganə düşüncəli halda onun sözünü təsdiqlədi. – O da mənə bir dərd olub. Kaş, heç gəlməyəydi! Təkcə korumuz əskik idi!.. Ah!.. Dur, gedək! Mən də bir cür bədbəxtəm!


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin