Novellalar romani



Yüklə 0,85 Mb.
səhifə9/10
tarix22.04.2017
ölçüsü0,85 Mb.
#15234
1   2   3   4   5   6   7   8   9   10

− Bağışlayın... indicə niyə otboy verdiniz?.. Siz ki, elə istədiyiniz yerə düşmüşdünüz...

Zakir heyrətləndi:

−Bura haradır?..

−Yeganənin evi.

−Mənimlə danışan kimdir?

−Tamamilə təsadüfi, kənar bir şəxs.

−Başa düşmürəm... Yad adamın onunla nə əlaqəsi?

−Bu sualı eyni ilə mən də sizə verə bilərəm...

−...


−Gələndə Yeganəyə nə deyim?

−Heç nə!


−Onda qulaq asın: mənim sizə iki kəlmə tövsiyəm var.

Zakir kişiləndi:

−Buyurun!

−Mən sizi tanımıram. Adınızı da eşitməmişəm. Evlisiniz, subaysınız, əyyaşsınız bilmirəm. Bunlar məni əsla maraqlandırmır. Məqsədim, ancaq sizi qandırmaqdır.

−Mən qazdan ayığam. Mətləbə keçin...

−Dediyim odur ki, ərini başqalarına dəyişən bir qadın, sizin təki namərdə də sədaqətli olmayacaq. Aldanmayın!..

Zakirin, bu dəfə də dəstəyi asmaqdan savayı əlacı qalmadı.

...Yeganə qapıdan girəndə, Əkrəmin sifətini dəhşət bürümüşdü. Sanki içərisində ağır bir yara sızlayır, ona dözülməz əzab, işgəncə verirdi.

−Sənə nə olub yenə? – deyə qadın dilucu xəbər aldı. – Zəhmindən adam qorxur...

−Rica edirəm, cəfəng danışıqlarınla məni hövsələdən çıxarma! Avadanlığımı çamadanıma yığ, gedirəm!

Əkrəmin bu sərt cavabı Yeganənin yeddi qatından keçdi. Ancaq səbrini toplayıb, haldan çıxmadı.

−Hara gedirsən?

−Haradan gəlmişdim, ora!

Qadın, paltosunu çiynindən sürüşdürüb, mıxdan asdı.

−Sən dünəndən xoflusan. Bilmirəm nə eşitmisən...

−Mən təkcə dünən yox, ordudan qayıdan gündən sənin barəndə çox sözlər eşitmişəm! Əbəs yerə deyilənlərə inanmırdım! İndi mənə hər şey əyandır!..

Yeganə qeyzləndi; yataq otağından çamadanı götürüb, aynabəndin ortasına fırlatdı.

−Qaranlıq quyuya daş atmaq sənin köhnə şakərindir!

−Qaranlıq quyu sənin qəlbindir ki, dibi hiylə-fəsadla doludur!

−Mən aktrisayam, haqqımda çox şayiə çıxararlar... Soyuqqanlı ər hər dedi-qoduya uymamalıdır.

Əkrəm acı-acı güldü:

−Aktrisa!.. Bəli... Sən, həqiqətən, həyatda pozğun qadın rolunu məharətlə oynayan dublyorsuz bir aktrisasan.

Yeganə, təpiyini yerə vurub, hikkə ilə çığırdı:

−Sus!.. Məni təhqir eləmə! Bu ixtiyarı sənə kim verib?!

−Sənin ləyaqətsizliyin! – deyə Əkrəm, cibindən Aslanın məktubunu çıxararaq onun üzünə çırpdı. – İfritə!

Döşəməyə düşən kağızı, qadın xəttindən tanıyınca etirafdan başqa çıxış yolu qalmadı:

−Belə, əcəb eləmişəm! Gizlətmirəm: sən burada olmayanda birisi ilə gəzmişəm. Sonra nə sözün?!

−İndi də boynunda uşaq, o biri dəyyusla görüşürsən! – Əkrəm əlini telefona tərəf uzatdı.

Yeganə, paltosunun cibindən siqaret çıxarıb, yandırdı. Kibrit qutusunu hirslə stolun üstünə tulladı. Tüstüdən gözlərini qıyaraq, nifrət qarışıq bir istehza ilə ərini süzdü.

−Gec ayılmısan! – dedi və çırtma ilə siqaretin külünü yerə tökdü. – Qədrimi bilmədin!..

−Axı, sən nə istəyirsən?

Qadın, elə bu suala bənd imiş kimi, özündən çıxdı, əl-qol ata-ata səsini qaldırdı:

−Mən həyatın bütün nemətlərini dadmaq, firavan yaşamaq, gəzmək, dolanmaq istəyirəm! Mən istəyirəm hər günüm, hər saatım xoş əyləncələrdə, şənliklərdə keçsin... Deyim... gülüm... şadlanım!.. Başa düşürsənmi?! İstəyirəm məni oxşayıb, əzizləsinlər... tərifləsinlər... Anlayırsanmı?! Bu nəvazişləri sən Əkrəmdə görmürəm! Onun üçün də başqalarında axtarıram! Dünya iki olsaydı, mən bu dünyadan köçüb, o birisinə gedərdim. Bəlkə, istədiklərimi orada tapardım!..

Yeganə sərt bir hərəkətlə çevrilib yataq otağına, oradan da zala keçdi. Bir azdan, ərinin pal-paltarını gətirib, səliqəsiz halda çamadana yığmağa başladı:

−Neyləyim ki, mən bədbəxtəm! Könlüm arzular qəbiristanıdır...

Çənəsini ovcuna söykəyib dayanmış Əkrəm, sanki daşa dönmüşdü. Heç qımıldanmırdı da. Xəyalı, onu ötüb arxada qalan illərə aparmışdı – mənalı sandığı mənasız məhəbbətlə yaşadığı çağlara! “Heyf o təmiz, izafi duyğulardan! Hamısı bica getdi! Sabun köpüyü kimi şişdi, partladı, yox oldu!..”.

−Buyur! – deyə Yeganə çamadanı örtüb, dikəldi. – Bu da sənin avadanlığın!

Əkrəm küncə söykədiyi əsasını götürdü. Qara şüşəli çeşməyini çıxarıb, gözünə taxdı. Qövr edən ürəyinin hökmü ilə Yeganəyə son sözünü dedi:

−And içirəm, anamın o müqəddəs qəbrinə ki, sənin üzünü görmədiyim üçün kor olduğuma bu gün peşman deyiləm!

O, çamadanını qaldırdı, təpiyinin zərbi ilə qapını açıb, pilləkənləri endi...

ON DÖRDÜNCÜ NOVELLA

Baharın ilıq nəfəsi qışın qarını əritdi...Fəridənin qayğısı Əkrəmin kədərini dağıdan kimi.

İkinci ay idi Səltənət qızı evinə köçmüşdü: daha köhnə həyətlərinin qapısını açmırdı.

Yeganə: “ – Bütün işlərin fitnə-fəsadı sənsən! Axır ki, dilin dinc durmadı, məni şeytanladın! – deyə arvada hədə-qorxu gəlmişdi. – Eybi yoxdur, görərsən, bu xəbərçilik sənə neçəyə oturacaq!..”

Səltənət haqsız ittihamdan yanıb-yaxılmışdı. Həyatında bəlkə də, ilk dəfə sakit təbiətinin xilafına səsini ucaldaraq çımxırmış, ona yeddi qatından keçən cavab qaytarmışdı:

“ – Yalansa, allah qənimin olsun! Mən o fikrə düşsəydim, ərin sənə çoxdan arxa çevirmişdi. Ancaq səhv eləmişəm. Gərək vaxtında susmayaydım. Heyf o günlərə ki, Əkrəm səninlə keçirdi”.

Səltənətin sərt sifətini görən, ondan bu tənəli sözləri eşidən Yeganə sarsılmışdı.

“ – Necə?! İndi sən də mənim üzümə durursan?! Hə?.. Yaxşılıqlarımın əvəzini qaytarırsan?!”

“ – Başına dəysin mənə elədiyin yaxşılıqlar! – deyə arvad lap hövsələdən çıxmışdı. – Onu bil ki, mən acından ölərəm, sənin kimi mürvətsizə möhtac olmaram!”

Səltənət özünü hörmətdən salmaq istəməmişdi; aynabəndin qapısını çırpıb pilləkənləri enəndə, məsələdən xəbər tutan və onsuz da Yeganənin əlindən çoxdan yığmış həmxana qadınlardan ikisi yuxarı hücum çəkməyə hazırlaşmışdı. Lakin Səltənət qoymamışdı.

Bir axşam o, nəvəsini gəzdirməyə çıxanda yolüstü Əkrəmə dəydi; ana-bala təkin qarşı-qarşıya əyləşib, xeyli dərdləşdilər.

−O ev Məkkə, Mədinə ola, mən yenə ora üz çevirmərəm! – deyə arvad ürək yanğısı ilə gileyləndi. – Yeganədən onsuz da sidqim çoxdan sıyrılmışdı. Sən gedəndən sonra o məlunun sifətini hər görəndə qeyzlənirdim. Gec də olsa, ağıllı hərəkət elədim.

Müsahibini dinlədikcə köhnə hadisələr bir-bir Əkrəmin beynində təzələndi:

−Bilirəm... sən də, Fəridə də çox sirri məndən gizlədirdiniz. Başqa əlacınız da yox idi. Ürəyimə dağı dağ üstdən çəkdirmək istəmirdiniz... Elə buna görə də məndən qaçırdınız; rastlaşmağa, söhbətləşməyə ehtiyat edirdiniz... – Əkrəmin sözlərinin sonunda təəssüf duyuldu. – Eh!.. Keçənə güzəşt deyərlər. Təqsirlərin hamısı özümdə oldu. O zaman anamın baxışlarından oxumuşdum – bu işə ürəkdən razı deyildi...

Səltənət ona təskinlik verdi:

−Zərərin yarısından qayıtmaq da xeyirdir, bala. Heç vecinə alma. Yüz eləsini sənin bir tükünə dəyişmərəm.

−Mən Yeganədən ayrıldığıma heyfsilənmirəm. Gərək bu məsələyə çoxdan əncam çəkiləydi. Nə isə... Keçib... Məni başqa şey narahat edir. O, boyludur. Sabah uşaq doğulandan sonra tərbiyəsi ilə kim məşğul olacaq?!. Necə böyüyəcək?!

−Başa düşürəm səni... Neyləyəsən... – Qarı söhbəti dəyişdi. – Yaxşı, bu gözəl havada evdə niyə oturmusan? Çıxsana sən də bizimlə gəzməyə.

−Gedərdim. Ancaq... – deyə Əkrəm tərəddüd elədi. – Bir uşaq.. bir mən... sənə əziyyət olar.

−Heç əziyyəti-zadı yoxdur.

Şahin də ikiəlli onun ətəyindən yapışıb yalvarmağa başladı:

−Cedək!.. Sən nənəmin canı, cedək!...

Əkrəm uşağın ipək saçlarını tumarladı:

−Onda qoy, paltarımı dəyişim, bu dəqiqə gəlirəm...

...Sonralar, beləcə tez-tez başmaqseyrinə çıxmaq bir növ adət şəkli aldı. Balaca Şahinin qırıq-qırıq danışdığı şirin, məzəli sözlər Əkrəmə təkliyi unutdurdu...

Bir dəfə Fəridə də onlara qoşuldu. Dördlükdə şəhərə çıxdılar.

Gün hələ batmamışdı. Hər yanda baharın təravəti hiss edilirdi. Bağlar, bağçalar adamın üzünə gülümsəyirdi.

Yol boyu Əkrəmi dalğın görən Fəridə, zarafatla ona eşitdirdi:

−Mən sizin kampaniyanızda artıq deyiləm ki?

−Xeyr! Bu nə sualdır? Əksinə, sizsiz, kampaniyamızda nəsə bir boşluq, çatışmazlıq var idi...

−Bəs, onda... niyə susursunuz?

−Çünki Şahin hamımızın əvəzində danışır.

−Uşaq bir mafar verir ki!.. – deyə Səltənət də söhbətə qarışdı. – Namxuda, maşallah, elə bil dilotu yeyib...

Əkrəmin təklifi ilə gəzinti gəmisinə mindilər, sahildən uzaqlaşdılar.

Səltənət məftun halda gözlərini Bakının işıqlarına zilləmişdi... Şahin şadlığından atılıb-düşürdü, əl çalırdı, çığırırdı. Fəridə oğluna baxaraq fərəhlənirdi... Əkrəm ətrafın axşam mənzərəsini görürmüş kimi xoşallanmışdı. Üzündə sakit, məmnun ifadələr gəzirdi.

Körfəzdə çalınan musiqi, büllur dalğalar arasında beşiksayağı yırğalana-yırğalana irəliləyən gəmini müşayiət edir, sərnişinlərə layla deyirdi.

Bu gəzintidən Əkrəmə ifrat bir ləzzət bəxş olunurdu. Dənizin təmiz, sərin havası ciyərlərinə dolub-boşaldıqca, qəlbinə təzə, xoş duyğular süzülür, ona mənən rahatlıq verirdi. Sanki neçə illərdən bəri itirdiyi gəncliyini, bu axşam hansı insaflı bir ürəyin sahibisə özünə qaytarmışdı.

−Fəridə xanım...

−Eşidirəm.

−Şəhərdən çox aralanmışıq? – deyə arada Əkrəm marağını gizlədə bilmədi.

−Bir bu qədər də getsək, Nargin adasına çatarıq.

−Paho... Xeyli yol gəlmişik ki!

Gəmi istiqamətini dəyişdirdi. Geriyə qayıdırdı. Bayaqkı musiqi daha eşidilmirdi. Şahinin də səs-küyü yatmışdı.

Əkrəm yenə xəbər aldı:

−Yəqin indi dəniz çox gözəldir, eləmi? Hamı susur... Tamaşa edir...

−Bəli, − deyə Fəridə gözləri önündəki füsunkar mənzərəni onun da təsəvvüründə canlandırmağa çalışdı. – Ay gipgirdə − başımızın üstündədir... Xəzərin göy sinəsinə projektor təkin uzun... gümüşü bir zolaq salıb. Küncinin “Dnepr üzərində gecə” tablosu yadınızdadırmı?

−Yadımdadır... lap yaxşı...

−Bax, eləcə. O şəklə bir də Bakının işıqlarını əlavə edin...

−Çox sağ olun!.. İnanın ki, sizin sözlə çəkdiyiniz mənzərə mənə o rəssamın təsvirindən də xoş gəldi!

“Gipgirdə ay... Xəzərin göy sularında uzun, gümüşü bir zolaq... və uzaqda Bakının işıqları...” Fəridə sanki bir anlığa öz gözlərini ona verdi. Əkrəm baxdı, gördü... Təbiətin canlı bir lövhəsi beynində həkk olundu.

“Eh!.. Doğrudan da, nə gözəl, nəcib insanlar varmış dünyada!” – deyə qəlbinin ən dərinliklərində pıçıltı titrədi. Şahinin cingiltili səsi onu xəyaldan ayırdı:

−Çatdıq! Çatdıq!

Səltənət qalxıb, nəvəsinin əlindən yapışdı.

Gəmi körfəzə yan alırdı. Fəridə Əkrəmin qolundan tutdu:

−Tələsməyək, qoy camaat düşsün, biz lap axırda çıxarıq, − deyə cocuğu ehtiyatlı olmağa çağıran bir ana nəvazişi ilə Əkrəmə eşitdirdi.

...Saat onu keçmişdi. Dəniz körpüsünün taxta pillələrini encək, Fəridə hamılığa müraciətlə soruşdu:

−Evə tələsmirsiniz?

−Mən yox! – deyə birinci Şahin dilləndi.

Əkrəm güldü:

−Onda, mən də yox. – Sonra Fəridəyə sarı döndü. – Bəlkə, ananız gedib, dincəlmək istəyir?

Səltənət Şahini qucaqladı:

−Evin kişisi gəzmək istəyəndən sonra, mən nəkarəyəm, − dedi və uşağın yanağından öpərək xəbər aldı. – Noğul balam, yuxun yoxdu ki?

Şahin başını silkələdi.

...Axşamdan keçmiş geri döndülər. Əkrəmi küçə qapılarına kimi ötürdülər.

−Düzü, mən öz minnətdarlığımı bildirməyə söz tapmıram, − deyə o, ayrılanda dönə-dönə razılıq etdi. – Gecəniz xeyrə qalsın...

Əkrəm Səltənətin, Şahinin, axırda da Fəridənin əlini sıxdı.

− Xeyrə qarşı. Darıxmayın...

Getdilər.

O, yenə yalqızladı, əvvəlki tənhalıq bərpa oldu. Ancaq bu dəfə Əkrəmin qəlbinə rahatlıq və təsəlliverici xoş duyğular axdı. “Xeyrə qarşı! Darıxmayın...” Bu kəlmələr Fəridənin dilindən qopmuşdu...

Ürək, insan aləminin hökmdarı deyilmi?! Onun qəsdinə durmaq, sərəncamından qaçmaq çətindir. Bunu Əkrəm də bacarmadı...

Son günlərini o, Fəridəsiz, Fəridə ilə keçirirdi. Lakin bu qiyabi varlığın üzüntüsü əyani yoxluğun təəssüfündən ağır idi. Onsuz da sirrini pünhan saxlaya bilməyəcəkdi, gec-tez hər şey açılacaqdı.

Bir yol yenə dördlükdə gəzişirdilər. Şahinin şıltaqlıq elədiyini görən Səltənət qızına dedi:

− Yəqin uşaq acıb. Evdən çıxanda heç nə yemədi. Bir az tələssək yaxşıdır.

Fəridənin əvəzinə Əkrəm dilləndi:

− Xala, əziyyət olmazsa, onu siz aparın. Yarım saata biz də qayıdarıq.

− Çox yubanmayın, başınıza dönüm. Anası gəlməyincə bu saqqalı ağarmışı yatırmaq müsibətdir...

Qarı nəvəsini “pişim-pişim”lə dilə tutub, tramvay dayanacağına yönəldi.

Bulvarın daş hasarı üstdə, arxası dənizə tərəf oturmuş Fəridə mat-məəttəl Əkrəmə baxdı. Onun geniş alnına tökülən çal saçlarına, xırda, göy ləkələrlə örtülmüş məyus sifətini, çapıq qaşını, qara çeşməyi altda tez-tez kirpik çalan, giləsi puç gözlərini, sanki bu dəqiqə danışmağa hazırlaşan qalın dodaqlarını lap yaxından, diqqətlə süzdü. Çoxdan tanıdığı bu insana qarşı qəlbində olan hörmət, mərhəmət bir anlığa gizli məhəbbətə çevrildi. Fəridənin qarşısında dayanmış Əkrəm papirosunu sümürərək fikirləşir, bəlkə də deyəcəyi sözləri ölçüb-biçirdi.

− Keçən dəfə mən sizinlə dəniz havasında gəzəndən sonra elə möhkəm yatdım ki... Səhərisi anam oyatmasaydı, işə gecikəcəkdim, − deyə qadının səsi araya çökən uzun sükutu qırdı.

Əkrəm papirosunu suya tulladı:

− Mən əksinə − o gecə heç yatmadım...

− Niyə?


− Özüm də bilmirəm... sübhün gözü açılana kimi elə hey düşündüm...

− Nə barədə düşünürdünüz?

Qadının sorğusuna Əkrəm qeyri-müəyyən cavab verdi:

− Soruşmayın...

Söhbət mətləbin kənarında fırlanıb, bununla da bitdi. Evə sarı döndülər.

− Siz bu axşam sözlü adama oxşayırsınız. Ancaq... nədənsə ürəyinizi məndən gizlədirsiniz.

− Doğrudur, Fəridə. Sizi yubandırmaqda məqsədim vardı. Fikrimi dəyişdim.

− Niyə?


− O qənaətə gəldim ki, elə... bir dost kimi qalsaq yaxşıdır.

− Bəs siz nə istəyirdiniz?..

Əkrəm iri bir söyüdün çətiri altında ayaq saxladı:

− Şübhəsiz, hər istəyin də bir ölçüsü, hüdudu olmalıdır. O həddi keçməyə mənim cəsarətim çatmadı.

Fəridə qolundan tutub, onu yaxındakı skamyaya tərəf çəkdi:

− Əyləşin.

Oturdular.

− Danışın.

Əkrəm ehtiyat elədi:

− Ətrafımızda adam yoxdur ki?

− Varsa da, bizdən uzaqdadır.

Xeyli intizardan sonra nəfəsini dərib, tələsmədən, xüsusi bir məntiqlə sözə başladı Əkrəm:

− Həyat çox mürəkkəbdir, Fəridə! Yolları kələ-kötür, daş-kəsəklidir... Mən bu yaşımda az bərkdən-boşdan çıxmamışam. İstiyə, soyuğa düşmüşəm; acını, şirini dadmışam. Adamların yaxşısını da görmüşəm, pisini də. – O, dizlərinə dirsəklənib, yumruqlarını yanaqlarına dirədi. – İndi həyata kor baxıram. Ancaq... insanların səsi, nəfəsi, sualı, cavabı mənə hər şeyi anladır. Sevinci kədərdən, məhəbbəti nifrətdən ayırıram. Mən sizi də həmin instinktlə tanımışam. Son zamanlar aramızda yaranan ünsiyyət, sizin münasibətiniz, rəftarınız məni çox düşündürür. Bilmirəm, bəlkə də səhv edirəm... İstəyirəm... əlbəttə, əgər bu vəziyyətim sizi zinhara gətirməyəcəksə... elə həmişə mənimlə bir yerdə olasınız... Bizim evdə. Yaşayaq ömrümüzün axırına kimi, bir-birimizin başına dolanaq. Sizin gələcəyiniz üçün, Şahinin xoşbəxtliyi üçün nə lazımsa, mən əlimdən gələni əsirgəməyəcəyəm. Ancaq fikirləşin. Bunu, məbadə, mərhəmət xatirinə edəsiniz!.. Mən öz rahatlığımı başqasının əzab-əziyyəti hesabına qurmağa əsla razı deyiləm... – Əkrəm yenə bir papiros yandırdı. – Sizə deyəcəyim bunlar idi...

Fəridə gözlərini üfüqlərlə birləşən Xəzərin nəhayətsiz ənginliklərinə zillədi. Bədirlənmiş ay dənizin qaranlıq köksünə gümüşü zolaq salmışdı.

− Mən sizə inanıram, Əkrəm! – dedi. Və onun əlindən papirosu alıb, ayaqları altına atdı, tapdaladı. – Daha çəkməyin bunu!.. Bəzən insanın taleyini həyat özü müəyyən edir...

Bakılıların Abşeron bağlarına, yaylaqlarına köçmək mövsümü başlanmışdı. Havalar gündən-günə qızırdı.

“ – Elə bilirəm, bu yayı biz də bir yana getməliyik, − deyə, keçən həftə Əkrəm Fəridə ilə məsləhətləşmişdi. – Şahini iyul, avqust aylarının bürküsündə şəhərdə saxlamaq olmaz”.

İndi həmin vaxt yetişmişdi; yola hazırlaşırdılar. Fəridə çamadanları qablaşdırırdı. Səltənət qarı mətbəxdə Əkrəmin xalası ilə dərdləşirdi:

− O bircə nəvəmin əziz-xələf canıyçün, bu xəbəri ki, qızımın dilindən eşitdim, sevindiyimdən gözlərim yaşardı. Dedim, təki xoşbəxt yaşayasınız, ay bala. İkiniz də cavansınız, qədrinizi bilin...

Müsahibi onun sözünü təsdiqlədi:

− Fəridə bu evə ayaq basandan Əkrəmin eyni açılıb. Şahini bir hovur yanından buraxmır. Odur, bax, bayaqdan oturub eyvanda, uşağa şahmat öyrədir... Sağ olsun qızın, yaxşı cüvanəzəndir. Elə mənə də çox mehribandır, pərvanə kimi başıma fırlanır. Srağagün ikisi də ha illah elədi ki, sən də yığış bizimlə gedək, razılaşmadım...

− Mənim də saqqızımı oğurlamaq istədilər. Dedim, bu dəfə yox, yengidə, inşallah, hamılıqla gedərik.

Eyvandan eşidilən Əkrəmin şən qəhqəhəsi arvadların söhbətini kəsdi. Fəridə bir anlığa işdən ayrılıb, sevincək xəbər aldı:

− Nə olub ki, orada?! Niyə gülürsən?..

Əkrəm uğuna-uğuna qadına tərəf döndü:

− Şahinə... at fiqurunun yolunu öyrədirəm, soruşur, bəs dayça necə yeriməlidir?..

Fəridə məzəmmət qarışıq bir fərəhlə oğluna baxdı istər-istəməz qımışdı:

− Şeytansan, heç tayın yoxdur!

Əməlindən qanadlanan Şahin atılıb Əkrəmin boynundan asıldı. Sonra ürəyindən nə keçdisə, birdən-birə qaşları çatıldı, sifəti ciddiləşdi; məyus halda, uşaq sövq-təbiiliyi ilə maraqlandı:

− Sən doğyudan mənim atamsan?!

Əkrəm Şahini köksünə sıxdı:

− Bəli! Sən də mənim oğlumsan!

− Davadaydın, cəlmisən?

− Hə... Davadaydım... Sən bunu hardan bilirsən?

− Anam deyirdi, atan fyontdadı...

Ara qapıdan onların sual-cavabı Fəridənin qulağına çatsa da, özünü eşitməməzliyə qoymuşdu.

− Əvvəl Əsrəf idi adın, sora Əçrəm nösün oldu?

− Mən adımı dəyişdim ki, düşmənlər məni tanımasın.

− Onu da anam mənə danısıb... Bəs biz öz evimizdən bura nösün köçdük?

− Bura ona görə köçdük ki, sən sabah böyüyəndə məktəbə getsən yolun yaxın olsun. Başa düşdün? O evi də nənənə verdik.

− İçisi də bizimdi! Oyda da nənəm var, buyda da! – Şahin totuq əllərini şappıldada-şappıldada Əkrəmin qara çeşməyinə baxdı. – Ata, sənin cözləyin niyə belədi?

− Mən öz gözlərimin işığını uşaqlara bağışlamışam, oğlum.

− İndi cöymüysən?

− Görürəm... Bax, sənin saçların qapqaradır. Burnun fındığa oxşayır... Dodaqların qırmızı...

Şahin ovcu ilə tez onun ağzını qapadı:

− Yox! Buynumu düz demədin! – O, stol üstündəki şahmat taxtasından at fiqurunu götürüb soruşdu. – Hə! Əyəm bilsən bu nədi?

Əkrəm barmaqlarının ucu ilə fiqura toxuncaq dedi:

− Dayçadır!

− Düzdü! Bəs bu nədi?

Şahin indi də “topu” göstərdi. Ancaq dala çəkilib, onu uzaqda tutdu, Əkrəmin əlini yaxınlaşdırmasına imkan vermədi.

− Şahdır!

− Yox... bilmədin, bilmədin...

− Qəşəng oğlum, onda bundan sonra mən görməyəndə, səndən xəbər alaram. Məni başa salarsan... Yaxşımı?

− Yaxşı.


Qatarın vaxtına hələ üç-dörd saat qalmış Səltənət qızına yaxınlaşıb dedi:

− Sizin üçün yola toyuq soyutması hazırlamışam... Mən bir evimizə dəyim, gəlirəm.

− Çox yubanma, ana, gecikərik.

... Qarının getdiyi ilə başılovlu, hıçqıra-qıçqıra qayıtdığı bir oldu:

− Bu nə işdir, ay Fəridə?!! Yatsaydın, yuxuda da görməzdin!.. Biabırçılıqdan necə qurtaracağıq?!. Onun üzünə necə baxacağıq?!. – Səltənət dili-dodağı əsə-əsə, ovcundakı teleqramı qızına uzatdı. – Ərin Əşrəf ölməyib!.. Sən demə, o, itkin düşübmüş!.. Gəlir!..

ON BEŞİNCİ NOVELLA

Yeganənin sədaqətinə Zakir necə şübhə edə bilərdi?! Əkrəmdən sonra qadın bütün varlığı ilə − ruhən, mənən və cismən onun idi. “Mən sənin yolunda canımdan da keçməyə hazıram!” – demişdi. Və bir ara Zakiri bərli-bəzəkli mənzilinə gətirib, artıq boşalmaqda olan qızıl düyünçəsini gərəksiz bir şey kimi ortaya atmışdı: “Bunlar hamısı sənə qurbandır! Nə qədər xətrin istəyir, götür, xərclə, mənə səndən başqa heç nə lazım deyil!..”

Zakir Yeganəgildən evlərinə, dəryada ləl-cavahirat qapan qəvvas sevinci ilə qayıtmışdı...

Sabahısı teatrda tamaşa gedirdi. Zal adamla dolu idi. Qabaq cərgədən üç yeri Zakirin anası, xalası və bibisi tutmuşdu. Onlar əsərdə xörəkpaylayan qız rolunu oynayan Yeganəyə baxmağa gəlmişdilər.

Pərdə açılcaq, arvadların arasında pıçhapıç düşdü. Nəhayət, uzun intizardan sonra restoran göstərilən şəkildə, nimçənin böyrünü çəngəllə döyəcləyən müştəri “kellerşa!” – deyə çağıranda, ağ önlük bağlamış, kök, sarışın bir qız içəri girdi. Zakirin anası marağını gizlədə bilməyib irəli əyildi, diqqətlə baxdı; xalası, bibisi qeyri-ixtiyari əl çaldı...

Lakin... tənəffüs zamanı üçlükdə keçirilən ayaqüstü müzakirədə hərə öz rəyini söylədi. Qızı bəyənmədilər. Tamaşadan yarımçıq çıxıb, dağılışdılar...

Axşam evdə anası ilə Zakirin arasında qəribə bir dialoq başlandı:

− Getdin, gördün qızı?

− Gördüm.

− Necədir? Xoşuna gəldi?

− Yox! Əsla, ürəyimə yatmadı.

− Nəyi?

− Əvvəla, mənə yaraşmaz ki, gəlinim teatrda əfsiyant ola. Bu bir! İkincisinə qalanda, burnu yekə... Saçları sapsarı, saman rəngində. Əndamını da porsuq kimi piy basıb, fısıldaya-fısıldaya yeriyir... O nədir?! Şəhərdə bəyəm qız qəhətliyi-zaddır?!. Xalan da, bibin də şəbədə eləyib, ağız büzdülər.



Zakir hövsələdən çıxdı:

− Ay arvad, sənə deyəndə ki, bir az gözlə, gətirərəm evimizə, baxarsan, qulaq asmırsan! Durub o saat teatra cumursan. O burun, o gövdə, o saç... heç biri özününkü deyil! Qondarmadır... Anladın?!

Yeganə Zakirin təklifi əleyhinə, onun ailəsi ilə görüşməkdən çəkinmişdi. Boylu olduğunu duysaydılar, məsələ pozulacaqdı. Vaxt ötdüyündən bircə çıxış yolu vardı – bu işi beş ay yubatmaq!

−Bəs sonra? – deyə Zakir xəbər almışdı. – Sonra körpəni neynəyəcəksən?

−Eh!.. Sən də gör nəyin fikrini çəkirsən. Bir parça canlının izini itirməyə nə var ki!..

Ona görə də Zakir evlərində Yeganənin söhbətini salanda “gəlini” görməyə can atan anasını başından eləmişdi: “Çox maraqlanırsansa sabah get, teatrda bax: xörəkpaylayan qızı oynayan odur!”

İndi arvad, oğluna göz verib, işıq vermirdi:

−Ay bala, o dediyin doğrudanmı öz geyimində, öz sir-sifətində yaraşıqlıdır?

−Ondan şəhərdə bir dənədir, ana!

−Bəs niyə göstərmirsən qapılarını mənə?

Bu dəfə də Zakirin dadına yalan çatdı:

−Qızgil yaslıdır. Yaxın adamları ölmüşdü, hələ ili çıxmayıb. Başa düşdün? Beş ay gözləməliyik...

Arvad heç beş gün də gözləmədi! Bir axşam xəlvəti sivişib harasa yollandı. Oğlu kefli olduğundan, ertədən yatmışdı, onun gedişindən xəbər tutmadı. Zakir yuxudan anasının səsinə oyandı!

−Allah mübarək eləsin, ay bala! Axır ki, gördüm gəlinimizi! Maşallah, çox gözəl qızdır... Boy.. buxun...

−Harada gördün?

−Tiyatrın qabağında!.. Hələ xeyli söhbət də eləmişəm onunla...

Arvad özündən məmnun halda göz-qaşını oynadaraq çarpayının qırağında əyləşdi. – Qapıçıdan təvəqqe eləmişdim. Yeganə gələndə uzaqdan göstərdi mənə. Baxdım, daha dayana bilmədim. Cumdum birbaş xalangilə, ordan da bibingilə. İkisini də götürüb yenə qayıtdım ora. Dayandıq ta... saat on birə kimi. Adamlar dəstə-dəstə çıxdı... Tiyatır boşaldı... Haçandan-haçana gördüm budu ha, bizimki gəlir. Əynində yaşıl toxunma qovta, altdan da sürüşdüm-düşdümdən modnı tuman. Arvadlara him-cim elədim: “Mən söhbətə tutacağam, siz qıraqdan baxın!..” Yeganəciyəz böyrümdən keçəndə... “Krasnı Moskva”nın iyi vurdu məni. Tez yan aldım ona: “Ay qızım, siz də bu tiyatırda işləyirsiz?..” Dedi: “Bəli!” Başına meynəqurdu rəngində interesni bir şlyapa qoymuşdu, böyründə də tovuz quşunun lələyi... Dedim: “Mənə bir nəfər lazımdır, bilmirəm tanıyarsınız, ya yox...” Saçları da ki, qapqara şəvə... Tökülüb çiyinlərinə. Soruşdu: “Kimdir, xala? Adı nədir?” Gülməkdən özümü güclə saxladım: “Adı – zaddır, − dedim. – Ağakərim.” Başını silkələyəndə qızıl sırğaları yelləndi: “Xeyr, tanımıram.” Uzaqlaşmaq istədi, Ərəbzəngi kimi kəstim yolunu: “Bəs Əlimərdanı necə? Qulamhüseyni necə?..” Ağlıma nə ad gəldi toqquşdurdum... Təəccüblə dodaqlarını büzüb, ürkək maral təki baxdı üzümə: “Arvad dəli olub, nədir?!.” Ürəyimdə dedim: “Dəli olaram da...”


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin