Qısaltmalar
م ------------------------Səllallahu Əleyhi Vəsəlləm (Allahın səlamı onun üzərinə olsun)
ا/ٍ -----------------Radiyallahu ənh / Radiyallahu ənha (Allah ondan razı olsun)
×-----------------------Əleyhissəlam (ona səlam olsun)
/-------------------------Rəhiməhullah (Allah ona rəhmət etsin)
AMEA Əİ---------------Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu
AÜİFD------------------Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi
AÜTAD-----------------Ankara Üniversitesi Tarih Araştırmaları Dergisi
AzSSR EA--------------Azərbaycan Sovet Sosialist Respublikası Elmlər Akademiyası
C. ------------------------Cild
CBÜSBED--------------Celal Bayar Üniversitesi Sosyal Bilimler Enstütüsü Dergisi
CÜİFD-------------------Cumhuriyet Üniversitesi İlahiyat Fakültesi Dergisi
DAAD-------------------Dinbilimleri Akademik Araştırmalar Dergisi
DÜSBED ---------------Dumlupınar Üniversitesi Sosyal Bilimler Enstütüsü Dergisi
EÜSBED----------------Erciyes Üniversitesi Sosyal Bilimler Enstütüsü Dergisi
FÜİFD-------------------Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi
İA-------------------------İslam Ansiklopedisi
İHK-----------------------İl Halk Kütüphanesi
BYEK------------------- Bölge Yazma Eserler Kütüphanesi
KSU----------------------King Saud University
Ktbx----------------------kitabxana
MEB---------------------Milli Eğitim Bakanlığı
Nr.------------------------Nömrə
Nşr.-----------------------Naşir, nəşr edən
S. -------------------------Sayı
s. -------------------------Səhifə
SÜİD--------------------Selçuk Üniversitesi İlahiyat Dergisi
SÜİFD------------------Sakarya Üniversitesi İlahiyat Fakültesi Dergisi
SÜTAD-----------------Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi
SYEK-------------------Süleymaniye Yazma Eserler Kütüphanesi
TDV---------------------Türkiye Diyanet Vakfı
Trc.----------------------Tərcümə edən
trz. ----------------------tarixsiz
TTK--------------------Türk Tarih Kurumu
VGMK-----------------Vakıflar Genel Müdürlüğü Kütüphanesi
v. -----------------------Vərəq
və.s---------------------və sair
GİRİŞ
TƏDQİQAT ÜSULU VƏ MƏNBƏLƏRİN XÜLASƏSİ
Elmi tədqiqatlarda əsasən deduktiv metoda üstünlük verilir. Tədqiqatlarda, həmçinin
təhqiqatlarda, deduktiv metodun, yəni faktlar və dəlillərin göstərdiyi istiqamətdə
irəliləyərək problemin həllinə nail olmağın sözsüz ki, böyük əhəmiyyəti var. Buradakı
araşdırmada da bu metoda üstünlük verilmişdir. Çünki məlumat sahibi olmadan fikir,
qənaət sahibi olmaq zərərli olmaqla yanaşı, həm də təhlükəlidir. Hər şeydən əvvəl
tədqiqatın əhatə etdiyi tarixi zaman dilimini müəyyənləşdirmək lazım gəlir və biz
burada orta əsrlərdə yaşamış azərbaycanlı alimlər haqqında söhbət açacağıq. Həyat və
fəaliyyətlərini araşdıracağımız şəxslərin böyük əksəriyyəti dini elmlər sahəsində
tanınmış azərbaycanlılardır. Bunların əksəriyyəti fiqh, yəni İslam hüququ sahəsində,
eləcə də hədis, təfsir, qiraət, kəlam sahələrində ixtisaslaşmış alimlərdir. Onlardan
bəziləri həm də öz dövrünün tanınmış filoloq və ədəbiyyatşünaslarıdır. Bununla yanaşı
tibb, riyaziyyat, astronomiya kimi dəqiq elm sahələrinə aid alimlərin, həmçinin orta
əsrlərdə yaşamış bəzi azərbaycanlı dövlət xadimlərinin bioqrafiyalarına da yer
verilmişdir. Burada bioqrafiyalarını qələmə aldığımız dini elmlər sahəsində fəaliyyət
göstərmiş azərbaycanlı alimlər sələfi, əş’ari və maturidi etiqadi cərəyanlara mənsub
şəxslərdir. Aralarında mö’təzilə və xəvaric kimi cərəyanlara mənsub, öz dövrünün
tanınmış bir neçə aliminin bioqrafiyalarına da rast gələcəksiniz. Fütuvvət və təsəvvüf
əhlinə mənsub təriqət şeyxlərinin bioqrafiyaları araşdırılarkən müəyyən kriteriyalar
əsas götürülmüşdür. Məlum olduğu kimi sufi təriqətlərinə mənsub bəzi tanınmış
simalar istər yaşadıqları dövrdə, istərsə də sonrakı dövrlərdə ciddi tənqidə məruz
qalmışdırlar. Burada həyat və faəliyyətlərinə yer verdiyimiz azərbaycanlı sufilərin söz,
hal, hərəkət və əsərlərinin Qur’an və səhih hədislərlə zidd olmamasına, yaxud onların
hədis, hədis üsulu, fiqh, fiqh üsulu, təfsir, təsfir üsulu, qiraət, kəlam kimi dini elmlər
sahəsində əsər qələmə almış olmalarına diqqət yetirilmişdir. Haqqında bioqrafik
məlumat verilən şəxslərin adları əslən mənsub olduqları Azərbaycan şəhərlərinə görə,
şəhər adları isə əlifba sırasına görə sıralanmışdır. Haqqında məlumat verilən şəxsin adı
titul, ləqəb, künyə, ad, ata adı, əcdad və nisbə formasında düzülmüşdür. Məsələn:
‚Əllamə Tacəddin Əbü’l-Həsən Əli ibn Abdullah ibn Əbu Bəkr Ərdəbili‛də titul-əllamə,
ləqəb- Tacəddin, künyə- Əbü’l-Həsən, ad- Əli, ata adı- Abdullah, baba adı- Əbu Bəkr, nisbə-
Ərdəbili formasında düzülmüşdür. Sonu ‚əd-din‛lə bitən ləqəblərin daşınması orta
əsrlərdə İslam coğrafiyasında xeyli yayılmışdı. Künyə, yəni şəxsin öz oğlunun adı ilə
tanınması və nisbə, yəni şəxsin hansı ölkə, şəhər, millət, etnik qrup və tayfaya mənsub
olduğunu bildirməsi isə qədim ərəb ənənəsinin İslamı qəbul etmiş digər millətlərə də
keçməsindən irəli gəlir. Ərəb cəmiyyətində hələ İslamdan əvvəl ‚ənsab‛ elmi, yəni
nəsəbin bilinməsi və oğul atası olmaq mühüm əhəmiyyət kəsb edirdi.
İrəlidə ayrı-ayrı şəxslərin bioqrafiyasını oxuyarkən müxtəlif dini, elmi və fəlsəfi
cərəyanlar, ictimai hərəkatlar, elm sahələri, mədəni və iqtisadi münasibətlərin
mahiyyətinin daha asan və dərindən dərk edilə bilinməsi üçün sözü gedən dövrdə
İslam dünyasında mövcud olmuş dini və fəlsəfi cərəyanlar haqqında əvvəlcədən ətraflı
məlumat veriləcəkdir. Haqqında söhbət açılacaq şəxslər İslam coğrafiyasının müxtəlif
yerlərində yaşadıqları və bu coğrafiyada mövcud olan sivilizasiyanın mənsubu
olduqları üçün sivilizasiya, mədəniyyət məfhumları, İslam sivilizasiyasının yaranma və
inkişafı proseslərinə nəzər salınacaqdır. Bundan başqa Azərbaycanın tarixi coğrafiyası
mövzusuna da geniş yer veriləcək, bu haqda ortaya atılan bəzi əsassız və məsnədsiz
iddiaların çürüdülməsinə də çalışılacaqdır.
Monoqrafiyanın əsas hissəsinin bioqrafiyalardan ibarət olduğunu nəzərə alaraq hər
şeydən əvvəl orta əsr İslam coğrafiyasında tarixçiliyin, ələlxüsus bioqrafik tarixçiliyin
yüksək inkişaf səviyyəsinə çatdığını və bu sahədə çox dəyərli əsərlərin qələmə
alındığını qeyd etmək yerinə düşəcəkdir. İslam dünyasında siyasi hadisələrin gedişatı
tarix elminin və tarixçiliyin inkişafına da əsaslı şəkildə təsir etmişdir. VIII-IX əsrlərdən
etibarən siyasi tarix sahəsində ən dəyərli əsərlərin müəllifləri saray katibləri,
bürokratlar olmuşdurlar. Çünki tarixçilik artıq ayrı-ayrı sülalələrin tarixini yazmaq
ənənəsinə çevrilmişdi. Bu səbəbdən siyasi tarix qələmə almaqdan mümkün qədər uzaq
qalmağa çalışan din alimləri bioqrafiya, tərcüməyi-hal kitabları yazmağa üstünlük
vermişdirlər. Orta əsrlərdə yaşamış bir çox müsəlman tarixçi alimləri peyğəmbərlərin
varisləri hesab etdikləri üçün onların həyatlarına dair qələmə alınmış tarixi əsərlərin
İslam ümmətinin həqiqi tarixi olduğunu düşünmüşdürlər. Buna görə də mühəddis,
fəqih, müfəssir, qari, filoloq, ədib, şair, filosof və təbiblərin həyatı haqqında yüzlərlə,
minlərlə kitab və risalə qələmə alınmışdır
1
.
Tədqiq olunan dövrə və mövzuya aid mənbə materilların böyük hissəsini ərəb,
müəyyən hissəsini isə farsca və türkcə qələmə alınmış əsərlər təşkil edir. Yuxarda qeyd
etdiyimiz kimi hələ İslamdan əvvəl ərəb cəmiyyətində ‚ənsab‛ elmi mühüm əhəmiyyət
kəsb edirdi. Tarixçilər tərəfindən cahiliyyə dövrü adlandırılan, ərəblərin İslamdan
əvvəlki tarixi bütün mənfilikləri ilə yanaşı ərəblərin qəhrəmanlıq çağıdır. Ələlxüsus çöl
ərəblərinin, yəni bədəvilərin başlıca öyünc mənbəyi igidlik, şairlik, nüfiz və sərvət
sahibi olmaq idi. Bu bədəvilər arasında qəbilə, soy-kök təəssübkeşliyinin yaranması və
möhkəmlənməsinə səbəb olmuşdu
2
. Hər bir ərəb qəbiləsinin ata-babasının adlarının
yazıldığı ‚nəssabə‛ adlanan soy ağacları, şəcərələr tərtib olunurdu. Bu şəcərələr hətta
ərəb millətinin iki ulu əcdadı hesab olunan Ədnan və Qəhtana qədər gedib çıxırdı. Bu
ənənə İslam tarixçiliyinin meydana gəlməsi və inkişaf etməsində böyük rol
oynamışdır
3
. ‚Rical‛, ‚təbəqat‛, ‚təzkirə‛ tipli ensklopedik tərcümeyi-hal kitablarının
meydana gəlməsində bu amil mühüm yer tutmuşdur. Xüsusən mühəddislərin
yazdıqları əsərlərdə ayrı-ayrı şəxslərin adları, xronoloji ünsürlər, vəfat tarixləri
dəqiqliklə müəyyən edilərək qeyd edilmişdir. Bununla yanaşı haqqında məlumat
verilən şəxslərin həyatlarında yaşanmış mühüm hadisələr nəql edilmiş, şairlərin
şerlərindən, alimlərin hikmətli sözlərindən nümunələr iqtibas edilmişdir. Alimlərin
elmi və ədəbi şəxsiyyəti bütün təfərrüatı ilə oxucuya çatdırılmağa çalışılmışdı. Burada
istifadə etdiyimiz bu tərz kitabların ən əhəmiyyətlilərindən biri Əbu Sə’d Əbdülkərim
əs-Səm’aninin Kitabü’l-Ənsab adlı əsəridir. 1113-cü ildə Xorasanın Mərv şəhərində
dünyaya gəlmiş əs-Səm’ani 1167-ci ildə Mərvdəki Əhmədiyyə mədrəsəsində vəfat
etmişdir. Sözü gedən əsər, haqqında məlumat verilən şəxslərin nisbələrinin əlifba
sırasına görə düzülərək tərtib edildiyi bioqrafiya və coğrafiya kitabıdır. Kitabü’l-Ənsab
öz sahəsinə dair mühüm mənbələrdən biridir. Əsər ilk dəfə Londonda 1912-ci ildə nəşr
olunmuşdur. Daha sonra 1961-1969, 1980-ci illərdə Heydərabadda və 1976-1982-ci ildə
1
Ramazan ŞEŞEN, Müslümanlarda Tarih-Coğrafya Yazıcılığı, s. 82-83, İstanbul 1998.
2
Cavad ƏLİ, Müfəssəl fi Tarixü’l-Ərəb Qəblə’l-İslam, C. II, s. 533-534, Bağdad 1993; Neşet ÇAĞATAY, İslam Dönemine
Dek Arap Tarihi, s. 128, 138, Ankara 1989.
3
Ahmet ÖNKAL, ‚Araplarda Ensab İlmi ve İslam Tarihi Açısından Önemi‛, SÜİD, S. 3, Konya 1990, ss. 117-132.
Dəməşqdə nəşr olunmuşdur. Kitabü’l-Ənsab Ömər əl-Barudi tərəfindən 4 cild halında
1988-ci ildə Beyrutda çap edilmişdir. Biz burada göstərilən sonuncu nəşrdən istifadə
etmişik.
Bioqrafiyalar sahəsində ən çox müraciət etdiyimiz əsərlərdən biri də 1179-1229-cu
illərdə yaşamış Şihabəddin Yaqut ər-Rumi əl-Həməvinin Mu’cəmü’l-Büldan adlı əsəridir.
Müəllifin öz bioqrafyası da xeyli maraqlı və rəngarəngdir. Nisbəsindən də göründüyü
kimi o, Rumlu, yəni Anadoluludur. Uşaq vaxtı Anadoluda əsir alınaraq Bağdada
gətirilmiş, Həmalı tacir Əsgər ibn İbrahim tərəfindən kölə bazarından satın alınmışdır.
Ağası onun yaxşı təhsil almasını təmin etmiş və müxtəlif ölkələrə özünün təmsilçisi
olaraq ticarət səfərlərinə göndərmişdi. 1199-cu ildə ağası tərəfindən köləlikdən azad
edilmiş və azad şəxs kimi Əsgər ibn İbrahimin yanında işləmişdi. Lakin bir müddət
sonra sabiq ağası ilə arası dəymişdi. İran, Xorasan, Azərbaycan, Misir və Şam
diyarlarını gəzən Yaqut əl-Həməvi moğolların ilk hücumu vaxtı sahib olduğu bütün
mal-dövləti qoyaraq Xorasandan Suriyaya qaçmağa məcbur olmuşdu. Səyahətləri vaxtı
İslam coğrafiyasının müxtəlif şəhərlərindəki kitabxanaları gəzərək yazacağı əsərlər
üçün material toplamışdı. 1224-cü ildə Misirdə Mu’cəmü’l-Büldanı yazıb bitirmişdi. Bu
əsər əslində əlifba sırasına görə tərtib edilmiş coğrafi lüğətdir. Müəllif ölkələr, regionlar
və şəhərlər haqqında coğrafi məlumatlarla yanaşı həmin yerlərdən yetişmiş məşhur
alimlər haqqında da məlumat vermişdir. Yaqut əl-Həməvi, orta əsr müəlliflərinin bir
çoxundan fərqli olaraq, nəql etdiyi tarixi-coğrafi və bioqrafik məlumatı aldığı mənbə və
ya şəxsin adını da qeyd etmişdir. Burada Mu’cəmü’l-Büldanın, müasir tədqiqatçılar
tərəfindən ən çox istifadə edilən, 5 cild halındakı Beyrut nəşrindən istifadə olunmuşdur.
Dəməşqli Əbdülhəyy ibnü’l-İmadın (1622-1679) Şəzəratü’z-Zəhəb fi Əxbari mən Zəhəb adlı
ümumi bioqrafiya əsəri bu sahədə ən çox müraciət olunan mənbələrdəndir. İbnü’l-İmad
bu əsərində 1592-ci ilə qədər İslam coğrafiyasında yaşamış alimlər və tanınmış
şəxsiyyətlərin həyatından bəhs etmişdir. Əsər bir neçə dəfə nəşr olunmuşdur.
Əbdülqadir Arnavud əsəri təqiq edərək 1986-1991-ci illərdə 10 cild halında Dəməşqdə
nəşr etmişdi. Burada sözügedən nəşrdən faydalanılmışdır.
Şafi’i məzhəbinə mənsub fəqihlərin həyat və elmi fəaliyyətlərindən bəhs edən təbəqat
kitabları ən çox müraciət etdiyimiz mənbələrdəndir. Belə ki, orta əsrlərdə Azərbaycan
coğrafiyasında yaşayan müsəlmanların böyük əksəriyyəti bu fiqhi məzhəbin
mənsubları olmuşdurlar. Şafi’i təbəqatlarından Cəmaləddin Əbdürrəhim Əsənvinin
Təbəqatu’s-Şafi’iyyə, Əbu Bəkr ibn Qazi Şuhbənin Təbəqatu’s-Şafi’iyyə, Təqiyəddin ibnü’s-
Səlah Şəhrəzurinin Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, Tacəddin Əbdülvəhhab Sübkinin
Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, İbn Kəsir əl-Ənsarinin Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə adlı
əsərləri tez-tez müraciət etdiyimiz bioqrafik mənbələrdir. Ümumiyyətlə fiqhi
məzhəblərə, yəni hüquq məktəblərinə aid təbəqat kitabları İslam dünyasının elm tarixi
ilə maraqlanan tədqiqatçılar üçün əvəzedilməz mənbələrdir. Fiqhi məzhəblərlə yanaşı
hər bir elm sahəsinə aid alimlərin həyat və fəaliyyətlərindən bəhs edən təbəqat
kitablarını bu kateqoriyaya daxil etmək olar. Əbdürrəhman Hənbəlinin Zeyl Təbəqatu’l-
Hənabilə, Muhyəddin ibn Əbü’l-Vəfanın Cəvahirü’l-Muziyyə fi Təbəqatü’l-Hənəfiyyə,
Zeynəddin ibn Qutlubuğanın Tacü’t-Tərcim fi Təbəqatü’l-Hənəfiyyə, Əlaəddin Əli
Xınalızadənin Təbəqatü’l-Hənəfiyyəsi burada istifadə olunmuş hənəfi və hənbəli
fəqihlərinin tərcümeyi-hallarından bəhs edən əsərlərdir. Bundan başqa təfsir, hədis,
qiraət və tibb sahəsində öz dövrünün tanınmış elm adamlarının bioqafiyalarının
yazıldığı təbəqat kitablarına da müraciət edilmişdir. Bunlardan ən əhəmiyyətliləri
sırasında Şəmsəddin Davudinin Təbəqatü’l-Müfəssirin adlı İslam dünyasında yetişmiş
təfsir alimlərinin bioqrafiyalarına dair əsərin adını çəkmək olar. İbn Əbdülhadi əd-
Diməşqinin Təbəqatu-Üləmai’l-Hədis adlı dörd cildlik əsərində məşhur hədis alimlərinin
həyat və fəaliyyətindən bəhs edilmişdir. Burada əsərin 1997-ci il Beyrut çapından
istifadə edilmişdir. Əsərlərinə ən çox müraciət etdiyimiz müəlliflərdən biri də türk
mənşəli alim Şəmsəddin Zəhəbidir. 1273-cü ildə Dəməşqdə dünyaya gələn alimin ata-
babaları Anadoludan köçüb Şam diyarında məskunlaşmışdırlar. Şəmsəddin Zəhəbi
təfsir, hədis, hüquq və tarix sahəsində dərin biliyi ilə fərqlənmişdi. Gənclik illərində
İslam coğrafiyasının başlıca elm və mədəniyyət mərkəzlərini gəzərək şeyxülislam
Təqiyəddin ibn Teymiyyə, şeyx Yusif əl-Mizzi, şeyx Elməddin Qasım əl-Birzali, İbn
Dəqiq əl-İd kimi öz dövrünün tanınmış alimləri ilə görüşüb onların elmi bilik və
fikirlərindən faydalanmışdı. Şəmsəddin Zəhəbi ümumilikdə müxtəlif elm sahələrinə
dair 235 əsərin müəllifidir. Bunlardan 148-i tarixə aiddir. Şəmsəddin Zəhəbi istifadə
etdiyi tarixi mənbələr haqqında təfsilatlı məlumat verməsi və xronoloji ardıcıllığa dəqiq
riayət etməsiylə seçilir. Onun Kitab Təzkərətü’l-Hüffaz adlı əsəri ilk dövr hədis hafizləri
və
mühəddislərin
tərcümeyi-halının
öyrənilməsi
baxımından
əvəzedilməz
mənbələrdən biridir. Müəllifin Mizanü'l-E'tidal fi Nəqdi’r-Rical, Müştəbih fi Əsmai’r-Rical
adlı əsərləri də yenə hədis alimləri və hədis raviləri haqqında qiymətli məluatların
toplandığı əsərlərdir. Şəmsəddin Zəhəbinin Siyəru Ə’lamü’n-Nübəla adlı əsəri isə 24
cildlik bioqrafik ensklopediyadır. Bu əsər İslamın ilk günlərindən müəllifin vəfat
tarixinə (1347) qədərki təqribən altı əsrlik dövrdə yaşamış, müxtəlif elm sahələrində
şöhrət tapmış alimlər, dövlət və mədəniyyət xadimləri haqqında çox dəyərli
məlumatları ehtiva etməkdədir.
XII əsrdə Azərbaycanda yaşamış hədis alimləri haqqında hafiz Əbu Tahir Əhməd əs-
Süləfi İsfəhaninin (1083-1181) verdiyi məlumatlar son dərəcə əhəmiyyətlidir. Belə ki,
məşhur azərbaycanlı filoloq, Xətib Təbrizi adı ilə şöhrət tapmış Əbu Zəkəriyyə Yəhya
Təbrizinin tələbələrindən biri olub ondan ərəb qrammatikası dərsləri alan hafiz Əbu
Tahir əs-Süləfi 1107-ci ildən etibarən təhsil almaq məqsədiylə səyahətə çıxmış, İslam
coğrafiyasının başlıca elm və mədəniyyət mərkəzlərini gəzmişdi. O cümlədən
Azərbaycanın Marağa, Miyanə, Təbriz, Ərdəbil, Xoy, Düveyn, Şirvan, Tiflis, Dərbənd
kimi şəhər və vilayətlərini gəzərək buradakı hədis alimləri ilə görüşmüş və onlardan
dərs almışdı. Əbu Tahir əs-Süləfi bu elmi səyahətlərində görüşdüyü alimlərin
bioqrafiyası və onlardan aldığı dərslərin xülasəsini özünün Mu’cəmü’s-Səfər və
Ərbəinü’l-Büldaniyyə adlı əsərlərində qeyd etmişdir.
XII əsrdə Azərbaycanın şəhərlərini gəzərək buradakı alimlərdən hədis dərsləri almış
digər bir alim də 1105-ci ildə Dəməşqdə dünyaya gəlmiş Əli ibn Əsakirdir (öl. 1175).
1134-cü ildə Suriyadan yola çıxan İbn Əsakir Azərbaycan, İran, Xorasan və
Mavəraünnəhrin böyük şəhərlərinə səyahətlər etmiş, buraların qabaqcıl alimlərinin
dərslərini dinləmək fürsəti tapmışdı. İbn Əsakir öz dövrünün tanınmış mühəddis, fəqih
və tarixçilərindən biridir. Onun tarix sahəsində qələmə aldığı ən məşhur əsəri Tarixu-
Mədinəti-Diməşqdir. Əsər 1995-2000-ci illərdə Mühibbəddin əl-Əmrəvi tərəfindən
Beyrutda 80 cild halında nəşr edilmişdir. Bu əsər Dəməşq şəhərinin müfəssəl tarixidir.
Əsər Dəməşqin yerləşdiyi coğrafiyanın üstün cəhətləri, topoqrafiyası, saraylar,
imarətlər, məscidlər, məktəblər, mədrəsələr, kilsələr, karvansaraylar, hamamlar,
meydanlar, kanallar və digər tikililəri haqqındakı ətraflı məlumatlarla başlanır. Sonrakı
cildlərdə isə Dəməşqdə yetişmiş, həmçinin buraya köçüb gəlmiş və bir müddət
Dəməşqdə yaşamış müxtəlif elm sahələrinə mənsub alimlər, xəlifələr, sərkərdələr,
şəhərin qaziləri, canişinləri, hökmdarları haqqında geniş məlumat verilir.
Elmi dairələrdə İbnü’l-Fuvati kimi tanınan Kəmaləddin Əbü’l-Fəzl Əbdürrəzzaq ibn
Əhməd əş-Şeybaninin (1244-1323) Təlxis Məcməü’l-Adab fi Mu’cəmü’l-Əlqab adlı əsəri də
orta əsrlərdə yaşamış görkəmli azərbaycanlıların həyat və elmi yaradıcılığını öyrənmək
baxımından əvəzedilməz mənbələrdən biridir. Əsilzadə ailəsinə mənsub İbnü’l-Fuvati
14 yaşında ikən Bağdadın işğalı vaxtı moğollara əsir düşmüş, Nəsrəddin Tusinin
vasitəçiliyi ilə əsirlikdən azad edilmişdi. O, Nəsrəddin Tusinin istəyi ilə Marağa
rəsədxanasındakı kitabxananın müdiri olmuşdu. 1280-ci ildə Bağdada qayıdaraq
Müstənsiriyyə mədrəsəsi kitabxanasının müdirliyinə təyin olunmuşdu. Daha sonra
Azərbaycana qayıtmış, Olcaytunun hakimiyyəti illərində (1304-1306) Elxanilərin
sarayında xidmət etmişdi. Bu və sonrakı illərdə Azərbaycanın əksər böyük şəhərlərini
gəzmişdi. Ərəb filologiyası, tarix, astronomiya və fəlsəfə sahəsində yaşadığı dövrün
tanınmış alimlərindən olan İbnü’l-Fuvati ana dili olan ərəbcə qədər farscanı da
mükəmməl bilən nadir orta əsr ərəb müəlliflərindəndir. Hənbəli məzhəbinə mənsub
olsa da fəlsəfəyə məyyal olması səbəbiylə İbnü’l-Fuvati müasiri olan digər hənbəli
alimlərinin tənqidinə məruz qalmışdı. Onun fəlsəfəyə marağı ehtimal ki, dostu və
hamisi Nəsrəddin Tusinin təsiri ilə meydana çıxmışdı. İbnü’l-Fuvatinin Təlxis Məcməü’l-
Adab fi Mu’cəmü’l-Əlqab adlı əsəri nəhəng bioqrafik ensklopediyadır. Alimin 50 cilddə
tərtib etdiyi bu əsərin günümüzə sadəcə IV və V cildləri gəlib çatmışdır. Daha doğrusu
indiyə qədər sadəcə bu iki cild aşkar edilmişdir. Zahiriyyə kitabxanasında tapılan IV
cild Dr. Mustafa Cavad tərəfindən 1962-1967-ci illərdə Dəməşqdə 4 cüz halında nəşr
edilmişdir. Əsərin V cildi isə Hindistandakı əlyazma əsər kitabxanalarından birində
aşkar edilmiş və Muhəmməd Əbdülqüddus əl-Qasımi tərəfindən 1937-1947-ci illərdə
Lahorda ‚Oriental College Magazine‛də nəşr edilmişdir. Mərhum akademik Ziya
Bünyadov bu cildlərdə görkəmli azərbaycanlılar haqqında verilmiş məlumatları
tərcümə və nəşr etmişdir. Bu haqda aşağıda ətraflı məlumat veriləcəkdir. Biz bu əsərin
sadəcə Dr. Mustafa Cavad tərəfindən nəşr edilmiş IV cildinin 2-ci və 3-cü cüzlərini əldə
edərək tədqiq edə bilmişik. V cilddəki məlumatları isə Ziya Bünyadovun
tərcüməsindən faydalanaraq oxucuya çatdırmağa çalışdıq.
Buraya qədər sadaladığımız müəlliflərin əsərlərində VIII-XIII əsrlərdə yaşamış alim və
mütəfəkkirlərin bioqrafiyaları üstünlük təşkil etmişdir. Misirli tarixçi Şəmsəddin Əbü’l-
Xeyr əs-Səxavinin (1427-1497) Zəvu’l-Lami’ fi Üləmai’l-Qərnü’t-Tasi’ adlı 8 cildlik
əsərində XV əsrdə yaşamış bir sıra məşhur azərbaycanlı alimin tərcümeyi-halına rast
gəlmək mümkündür. əs-Səxavini digər bioqraf tarixçilərdən fərqləndirən ən əsas
xüsusiyyəti onun tənqidçiliyidir. Onun əsərlərini bioqrafya və tarixi baxımdan qiymətli
qılan digər bir amil də Məkkə və Mədinədə təhsil alması, daha sonra bir müddət
burada tədrislə məşğul olması və 1466-1473-cü illərdə hər il həcc ziyarətində olmasıdır.
Məkkə və Mədinədə uzun müddət yaşaması ona İslam dünyasının ən müxtəlif
yerlərindən həcc ziyarəti üçün Hicaza
4
gələn XV əsr alim, mütəfəkkir və dövlət
xadimləri ilə şəxsən görüşüb tanış olma fürsəti vermişdi. Burada əs-Səxavinin ünsiyətli
xarakterə sahib olması da mühüm rol oynamışdır.
XIV-XV əsrlərdə yaşamış azərbaycanlı alimlərin bioqrafiyalarına geniş yer verilmiş
digər bir əsər misirli mühəddis, fəqih və tarixçi İbn Həcər əl-Əsqəlaninin (1361-1449)
Dürərü’l-Kaminə fi Əyanü’l-miəti’s-Saminə, Lisanü’l-Mizan, İbnai’l-Ğumr bi Əbnai’l-Umr
kimi çoxcildli əsərləridir.
XV əsrin birinci yarısı, xüsusilə də XVI əsrin əvvəllərindən etibarən Misirin də Osmanlı
dövlətinə birləşdirilməsindən sonra başda İstanbul olmaqla Anadolunun böyük
şəhərləri alimlər, mədəniyyət və incəsənət xadimləri üçün cazibə mərkəzinə
çevrilmişdi. Türk alimi İsaməddin Taşköprüzadənin (1495-1561) əsərləri Osmanlı
dövlətindəki alimlər, elmi fəaliyyətlər, elm tarixi, tədris müəssisələri və ictimai-mədəni
həyat haqqında həqiqətən əvəzedilməz mənbələrdir. Onun Şəqaiqü’n-Nu’maniyyə fi
Üləmai-Dövləti’l-Osmaniyyə adlı əsəri Osmanlı dövlətində yaşamış alimlərin
bioqrafiyalarını ehtiva edir. Əsərdə Osmanlı dövlətinin quruluşundan (1299) 1555-ci ilə
qədərki dövrdə Osmanlı dövlətində yaşamış müxtəlif elm sahələrinə aid alimlərin və
din xadimlərinin tərcümeyi-halları on təbəqəyə ayrılaraq təfsilatı ilə yazılmışdır.
Ümumilikdə bu əsərdə 371 alimin və 150 din xadiminin bioqrafiyası mövcuddur.
4
Hicaz-Ərəb yarımadasının Qırmızı dəniz sahilindəki, Məkkə və Mədinə şəhərlərinin də daxil olduğu hissəsi.
Taşköprüzadənin Mövzuatü’l-Ülum adı ilə məşhur olmuş ‚Miftahü’s-Səadə və
Misbahü’s-Siyadə‛ adlı əsəri İslam dünyasının elm tarixi sahəsində ən dəyərli
əsərlərdən biridir. Burada müəllif 300-ə qədər elm sahəsindən, bu sahələrin
mövzularından və qələmə alınmış əsərlərdən təfərrüatlı şəkildə bəhs edir.
Elm tarixi sahəsində Anadoluda yetişmiş nadir zəkalardan biri də heç şübhəsiz Hacı
Xəlifə adı ilə tanınan Katib Çələbi Mustafa ibn Abdullahdır (1609-1657). 48 illik
ömründə 25-dən çox əsər qələmə almış Katib Çələbinin müasir tədqiqatçılar tərəfindən
ən çox müraciət olunan əsəri Kəşfü’z-Zünun ən Əsami’l-Kütb və’l-Fünundur. Əsər İslam
dünyasında elmlər, yazılan və tərcümə edilən əsərlər haqqında qələmə alınmış ən geniş
miqyaslı və zəngin bir neçə mənbədən biridir. Katib Çələbi bu əsərində on mindən çox
müəllifə aid ərəb, fars və türk dillərində qələmə alınmış 15 mindən çox əsərin adını
maddələrə ayıraraq, gözəl bir üslub və tərtibatla sadalamış, haqqında məlumat
vermişdir.
Azərbaycanın elm tarixi, daha dəqiq desək keçmiş dövrlərdə yaşamış azərbaycanlı
alimlərin həyat və elmi fəaliyyətləri ən az tədqiq olunmuş mövzulardan biridir. Bu
mövzuda əsərinə müraciət etdiyimiz əcnəbi tədqiqatçılardan biri Şərif Əbdülhəyy
Hüseynidir (ö. 1923). Məlum olduğu kimi Hindistanda qurulmuş müsəlman-türk
dövlətləri bu ölkənin bir sıra şəhərini elm və mədəniyyət mərkəzinə çevirmişdilər. Bu
şəhərlər dünyanın müxtəlif yerlərindən elm, mədəniyyət və incəsənt xadimlərini özünə
cəlb edirdi. Nüzhətü’l-Xəvatir və Behcətü’l-Məsami’ və’n-Nəvazir adlı əsərində Şərif
Əbdülhəyy Hüseyni hindli və Hindistana gəlib burada yaşamış müsəlman elm, dövlət
və mədəniyyət xadimlərinin həyatına dair çox dəyərli məlumatlar vermişdir. Bunların
arasında onlarla azərbaycanlı da var.
Sırf orta əsrlərdə yaşamış azərbaycanlı alim və mütəfəkkirlərin həyatına dair müasir
tədqiqatçılar tərəfindən qələmə alınmış ən tanınmış əsər 1986-cı ildə nəşr edilmiş Zakir
Məmmədovun Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri adlı kiçik həcmli əsəridir.
Əsərdə orta əsrlərdə yaşamış bir sıra azərbaycanlı alim və mütəfəkkirin həyatı və elmi
yaradıcılığı işıqlandırılmışdır.
Bu mövzuda ilk tədqiqatlardan biri də Fazil Seyidova məxsusdur. Onun ‚Azərbaycanın
Görkəmli Simaları‛
5
adlı məqaləsində bir sıra azərbaycanlı alim və təsəvvüf ərbabının
bioqrafiyası qeyd olunmuşdur. Həmçinin Ziya Bünyadovun ‚Vidnıye Deyateli
Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛
6
, ‚Novıye Materialı o Vidnıx Deyatelyax
Azerbaydjana ve Epoxu Srednevekovya‛
7
və ‚Novıye Materialı o Vidnıx Deyatelyax
Azerbaydjana‛
8
adlı məqalələri də sözü gedən mövzuya dair sanballı tədqiqatlardandır.
Mərhum akademik bu məqalələrində Cəmaləddin Qıfti, Səlahəddin Səfədi, Şəmsəddin
Səxavi, İbnü’l-Fuvati kimi orta əsr ərəb müəlliflərinin əsərlərindəki azərbaycanlı alim,
ədib və dövlət xadimlərinin bioqrafiyalarına dair materialların tərcüməsini oxucuya
çatdırmışdır.
Bu mövzuda qələmə alınmış ən həcmli əsər heç şübhəsiz Məhəmməd Əli Tərbiyətin
(1875-1940) Danişməndani-Azərbaycan adlı əsəridir. Əsər farscadan Azərbaycan
türkcəsinə tərcümə edilərək 1987-ci ildə Bakıda nəşr olunmuşdur. Məhəmməd Əli
Tərbiyətin bu əsəri, tədqiqat metodu baxımından xırda qüsurların olmasına rəğmən,
Azərbaycanın görkəmli şəxsiyyətlərinin bioqrafiyası sahəsində yazılmış ən həcmli
əsərdir. Lakin əsər Azərbaycan dilinə tərcümə edilərkən müəyyən xətalara da yol
verilmişdir. Hər şeydən əvvəl qeyd edim ki, müəllif istifadə etdiyi mənbələri dəqiqliklə
oxucuya çatdıra bilməmişdir. Yəni mənbələrin adı müəllif, cild, səhifə, nəşr yeri və ili
göstərmədən qeyd olunmuşdur. Yer, şəxs, əsər və.s adlarına səhifəaltı qeydlərdə
(deepnotes) aydınlıq gətirilməmişdir. Mütərcimlər, məncə heç lüzum yox ikən, mənbə
adlarını tərcümə etmək zərurəti hiss etmişdirlər. Halbuki mənbə adlarının tərcümə
edilmədən, olduğu kimi qeyd olunması tədqiqat üsulunun təməl qaydalarından biridir.
Üstəlik mənbə adlarının tərcüməsində səriştəsizlik açıq-aşkar sezilir. Məsələn ‚Zeyli-
Şəqaiq‛ ‚Lalə Sapı‛ kimi tərcümə olunmuşdur. Halbuki bu yuxarıda haqqında
məlumat verdiyimiz Taşköprüzadənin Şəqaiqü’n-Numaniyyə adlı əsərinə yazılmış bir
neçə zeyldən, yəni əlavədən hansısa biridir. M. Tərbiyət bunun hansı müəllifin ‚zeyl‛i
olduğunu qeyd etməyərək sadə ‚Zeyli-Şəqaiq‛ yazmış, mütərcimlər isə bunu hərfi
5
SSRİ EA AzF Xəbərləri. Nr. 9, Bakı 1944, ss. 40-45.
6
AzSSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq ser., Nr. 2, Bakı 1979, ss. 61-66.
7
AzSSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq ser., Nr. 2, Bakı 1980, ss. 59-67.
8
AzSSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq ser., Nr. 3, Bakı 1980, ss. 62-68.
tərcümə etmişdirlər
9
. Müəllifin yol verdiyi və mütərcimlərin də tənqidi-müqayisəli
tədqiqat aparmadan tərcümə etdikləri digər bir xəta məşhur həkim Qəzənfər Təbrizinin
yaşadığı dövrlə bağlıdır. M. Tərbiyət Qəzənfər Təbrizi haqqında ‚hicri qəməri XII-XIII
(XVIII-XIX) əsrin alimlərindəndir‛
10
deyə qeyd etmişdir. Halbuki Qəzənfər Təbrizi
miladi XIII əsrdə Anadoluda yaşamış və mövlana Cəlaləddin Ruminin şəxsi
həkimlərindən biri olmuşdur
11
.
Orta əsrlərdə yaşamış azərbaycanlı elm xadimləri və mütəfəkkirlərin həyatı ayrı-ayrı
monoqrafiyaların da mühüm hissəsini təşkil etmişdir. Bunlardan Ziya Bünyadovun
Azərbaycan Atabəyləri Dövləti adlı əsərinin adını çəkə bilərik. Burada müəllif Eldənizlərin
hakimiyyəti illərində (1136-1225) Azərbaycanda yaşamış tanınmış elm, mədəniyyət və
incəsənt xadimlərinin həyat və fəaliyyətləri ilə bağlı təfərrüatlı məlumat vermişdir. Belə
əsərlərdən biri də Sara Aşurbəylinin Şirvanşahlar Dövləti adlı monoqrafiyasıdır. Əsər VI-
XVI əsrlər Şirvanın siyasi, iqtisadi və mədəniyyət tarixi ilə bağlı sanballı tədqiqatlardan
biridir. Burada həmçinin sözü gedən dövrdə Şirvanda yaşamış görkəmli elm,
mədəniyyət və incəsənət xadimləri haqqında da məlumat verilmişdir. Son iki əsər
azərbaycan və rus dillərində bir neçə dəfə nəşr olunmuşdurlar.
Malik Mahmudovun Ərəbcə Yazmış Azərbaycanlı Şair və Ədiblər adlı əsərində orta
əsrlərdə yaşamış bir sıra azərbaycanlı şair, ədib, elm və mədəniyyət xadiminin həyat və
elmi yaradıcılığı dərindən araşdırılmışdır. Bu əsər 1983 və 2006-cı illərdə Bakıda nəşr
olunmuşdur. Malik Mahmudovun Xətib Təbrizinin Həyat və Yaradıcılığı adlı əsəri də
sözü gedən mövzuda aparılmıs dəyərli tədqiqatın nəticəsidir. Əsər tanınmış
azərbaycanlı ədib, şair, mühəddis, müfəssir Əbu Zəkəriyya Yəhya Təbirizinin həyatı və
elmi fəaliyyəti ilə bağlı ən böyük tədqiqatdır.
İranlı tədqiqatçı alim Səid Nəfisinin müəllifi olduğu Tarixi-Nəzm və Nəsr dər İran və dər
Zebane-Farisi adlı iki cildlik əsər farsca əsər qələmə almış alim, şair, mütəfəkkir və.s
görkəmli şəxslərin həyat və elmi yaradıcılığı ilə bağlı dəyərli məlumatları ehtiva edir.
Bunların arasında çox sayıda azərbaycanlı da var.
9
Bax: Məhəmməd Əli TƏRBİYƏT, Danişməndani Azərbaycan, (Trc. İ. Şəms-Kəndli Q), s. 189, Bakı 1987.
10
Bax: TƏRBİYƏT, Danişməndan, s. 65.
11
Süheyl ÜNVER, Selçuklu Tababeti, s. 66, 93, Ankara 1940.
|