Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə2/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   2   3   4   5   6   7   8   9   ...   50

 

Qısaltmalar 

م ------------------------Səllallahu Əleyhi Vəsəlləm (Allahın səlamı onun üzərinə olsun) 

ا/ٍ -----------------Radiyallahu ənh / Radiyallahu ənha (Allah ondan razı olsun) 

×-----------------------Əleyhissəlam (ona səlam olsun) 

/-------------------------Rəhiməhullah (Allah ona rəhmət etsin) 

AMEA Əİ---------------Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu 

AÜİFD------------------Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi 

AÜTAD-----------------Ankara Üniversitesi Tarih Araştırmaları Dergisi 

AzSSR EA--------------Azərbaycan Sovet Sosialist Respublikası Elmlər Akademiyası 

C. ------------------------Cild 

CBÜSBED--------------Celal Bayar Üniversitesi Sosyal Bilimler Enstütüsü Dergisi 

CÜİFD-------------------Cumhuriyet Üniversitesi İlahiyat Fakültesi Dergisi 

DAAD-------------------Dinbilimleri Akademik Araştırmalar Dergisi 

DÜSBED ---------------Dumlupınar Üniversitesi Sosyal Bilimler Enstütüsü Dergisi 

EÜSBED----------------Erciyes Üniversitesi Sosyal Bilimler Enstütüsü Dergisi 

FÜİFD-------------------Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi 

İA-------------------------İslam Ansiklopedisi 

İHK-----------------------İl Halk Kütüphanesi 

BYEK------------------- Bölge Yazma Eserler Kütüphanesi 

KSU----------------------King Saud University 

Ktbx----------------------kitabxana 

MEB---------------------Milli Eğitim Bakanlığı 

Nr.------------------------Nömrə 

Nşr.-----------------------Naşir, nəşr edən 

S. -------------------------Sayı 

s. -------------------------Səhifə 

SÜİD--------------------Selçuk Üniversitesi İlahiyat Dergisi 

SÜİFD------------------Sakarya Üniversitesi İlahiyat Fakültesi Dergisi 

SÜTAD-----------------Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi 

SYEK-------------------Süleymaniye Yazma Eserler Kütüphanesi 

TDV---------------------Türkiye Diyanet Vakfı 

Trc.----------------------Tərcümə edən 



trz. ----------------------tarixsiz 

TTK--------------------Türk Tarih Kurumu 

VGMK-----------------Vakıflar Genel Müdürlüğü Kütüphanesi 

v. -----------------------Vərəq 

və.s---------------------və sair 


GİRİŞ 

TƏDQİQAT ÜSULU VƏ MƏNBƏLƏRİN XÜLASƏSİ 

Elmi  tədqiqatlarda  əsasən  deduktiv  metoda  üstünlük  verilir.  Tədqiqatlarda,  həmçinin 

təhqiqatlarda,  deduktiv  metodun,  yəni  faktlar  və  dəlillərin  göstərdiyi  istiqamətdə 

irəliləyərək problemin həllinə nail olmağın sözsüz ki, böyük əhəmiyyəti var. Buradakı 

araşdırmada da bu metoda üstünlük verilmişdir. Çünki məlumat sahibi olmadan fikir, 

qənaət  sahibi  olmaq  zərərli  olmaqla  yanaşı,  həm  də  təhlükəlidir.  Hər  şeydən  əvvəl 

tədqiqatın  əhatə  etdiyi  tarixi  zaman  dilimini  müəyyənləşdirmək  lazım  gəlir  və  biz 

burada orta əsrlərdə yaşamış azərbaycanlı alimlər haqqında söhbət açacağıq. Həyat və 

fəaliyyətlərini  araşdıracağımız  şəxslərin  böyük  əksəriyyəti  dini  elmlər  sahəsində 

tanınmış  azərbaycanlılardır.  Bunların  əksəriyyəti  fiqh,  yəni  İslam  hüququ  sahəsində, 

eləcə  də  hədis,  təfsir,  qiraət,  kəlam  sahələrində  ixtisaslaşmış  alimlərdir.  Onlardan 

bəziləri həm də öz dövrünün tanınmış filoloq və ədəbiyyatşünaslarıdır. Bununla yanaşı 

tibb,  riyaziyyat,  astronomiya  kimi  dəqiq  elm  sahələrinə  aid  alimlərin,  həmçinin  orta 

əsrlərdə  yaşamış  bəzi  azərbaycanlı  dövlət  xadimlərinin  bioqrafiyalarına  da  yer 

verilmişdir.  Burada  bioqrafiyalarını  qələmə  aldığımız  dini  elmlər  sahəsində  fəaliyyət 

göstərmiş  azərbaycanlı  alimlər  sələfi,  əş’ari  və  maturidi  etiqadi  cərəyanlara  mənsub 

şəxslərdir.  Aralarında  mö’təzilə  və  xəvaric  kimi  cərəyanlara  mənsub,  öz  dövrünün 

tanınmış  bir  neçə  aliminin  bioqrafiyalarına  da  rast  gələcəksiniz.  Fütuvvət  və  təsəvvüf 

əhlinə  mənsub  təriqət  şeyxlərinin  bioqrafiyaları  araşdırılarkən  müəyyən  kriteriyalar 

əsas  götürülmüşdür.  Məlum  olduğu  kimi  sufi  təriqətlərinə  mənsub  bəzi  tanınmış 

simalar  istər  yaşadıqları  dövrdə,  istərsə  də  sonrakı  dövrlərdə  ciddi  tənqidə  məruz 

qalmışdırlar. Burada həyat və faəliyyətlərinə yer verdiyimiz azərbaycanlı sufilərin söz, 

hal, hərəkət və əsərlərinin Qur’an və səhih hədislərlə zidd olmamasına, yaxud onların 

hədis,  hədis  üsulu,  fiqh,  fiqh  üsulu,  təfsir,  təsfir  üsulu,  qiraət,  kəlam  kimi  dini  elmlər 

sahəsində  əsər  qələmə  almış  olmalarına  diqqət  yetirilmişdir.  Haqqında  bioqrafik 

məlumat verilən şəxslərin adları əslən mənsub olduqları Azərbaycan şəhərlərinə görə, 

şəhər adları isə əlifba sırasına görə sıralanmışdır. Haqqında məlumat verilən şəxsin adı 

titul,  ləqəb,  künyə,  ad,  ata  adı,  əcdad  və  nisbə  formasında  düzülmüşdür.  Məsələn: 

‚Əllamə Tacəddin Əbü’l-Həsən Əli ibn Abdullah ibn Əbu Bəkr Ərdəbili‛də titul-əllamə


ləqəb-Tacəddinkünyə-Əbü’l-Həsənad-Əliata adı-Abdullahbaba adı-Əbu Bəkrnisbə-

Ərdəbili  formasında  düzülmüşdür.  Sonu  ‚əd-din‛lə  bitən  ləqəblərin  daşınması  orta 

əsrlərdə  İslam  coğrafiyasında  xeyli  yayılmışdı.  Künyə,  yəni  şəxsin  öz  oğlunun  adı  ilə 

tanınması və nisbə, yəni şəxsin hansı ölkə, şəhər, millət, etnik qrup və tayfaya mənsub 

olduğunu  bildirməsi  isə  qədim  ərəb  ənənəsinin  İslamı  qəbul  etmiş  digər  millətlərə  də 

keçməsindən  irəli  gəlir.  Ərəb  cəmiyyətində  hələ  İslamdan  əvvəl  ‚ənsab‛  elmi,  yəni 

nəsəbin bilinməsi və oğul atası olmaq mühüm əhəmiyyət kəsb edirdi. 

İrəlidə  ayrı-ayrı  şəxslərin  bioqrafiyasını  oxuyarkən  müxtəlif  dini,  elmi  və  fəlsəfi 

cərəyanlar,  ictimai  hərəkatlar,  elm  sahələri,  mədəni  və  iqtisadi  münasibətlərin 

mahiyyətinin  daha  asan  və  dərindən  dərk  edilə  bilinməsi  üçün  sözü  gedən  dövrdə 

İslam dünyasında mövcud olmuş dini və fəlsəfi cərəyanlar haqqında əvvəlcədən ətraflı 

məlumat  veriləcəkdir.  Haqqında  söhbət  açılacaq  şəxslər  İslam  coğrafiyasının  müxtəlif 

yerlərində  yaşadıqları  və  bu  coğrafiyada  mövcud  olan  sivilizasiyanın  mənsubu 

olduqları üçün sivilizasiya, mədəniyyət məfhumları, İslam sivilizasiyasının yaranma və 

inkişafı  proseslərinə  nəzər  salınacaqdır.  Bundan  başqa  Azərbaycanın  tarixi  coğrafiyası 

mövzusuna  da  geniş  yer  veriləcək,  bu  haqda  ortaya  atılan  bəzi  əsassız  və  məsnədsiz 

iddiaların çürüdülməsinə də çalışılacaqdır.  

Monoqrafiyanın  əsas  hissəsinin  bioqrafiyalardan  ibarət  olduğunu  nəzərə  alaraq  hər 

şeydən  əvvəl  orta  əsr  İslam  coğrafiyasında  tarixçiliyin,  ələlxüsus  bioqrafik  tarixçiliyin 

yüksək  inkişaf  səviyyəsinə  çatdığını  və  bu  sahədə  çox  dəyərli  əsərlərin  qələmə 

alındığını  qeyd  etmək  yerinə  düşəcəkdir.  İslam  dünyasında  siyasi  hadisələrin  gedişatı 

tarix elminin və tarixçiliyin inkişafına da əsaslı şəkildə təsir etmişdir. VIII-IX əsrlərdən 

etibarən  siyasi  tarix  sahəsində  ən  dəyərli  əsərlərin  müəllifləri  saray  katibləri, 

bürokratlar  olmuşdurlar.  Çünki  tarixçilik  artıq  ayrı-ayrı  sülalələrin  tarixini  yazmaq 

ənənəsinə çevrilmişdi. Bu səbəbdən siyasi tarix qələmə almaqdan mümkün qədər uzaq 

qalmağa  çalışan  din  alimləri  bioqrafiya,  tərcüməyi-hal  kitabları  yazmağa  üstünlük 

vermişdirlər.  Orta  əsrlərdə  yaşamış  bir  çox  müsəlman  tarixçi  alimləri  peyğəmbərlərin 

varisləri  hesab  etdikləri  üçün  onların  həyatlarına  dair  qələmə  alınmış  tarixi  əsərlərin 

İslam  ümmətinin  həqiqi  tarixi  olduğunu  düşünmüşdürlər.  Buna  görə  də  mühəddis, 



fəqih,  müfəssir,  qari,  filoloq,  ədib,  şair,  filosof  və  təbiblərin  həyatı  haqqında  yüzlərlə, 

minlərlə kitab və risalə qələmə alınmışdır

1

.    


Tədqiq  olunan  dövrə  və  mövzuya  aid  mənbə  materilların  böyük  hissəsini  ərəb, 

müəyyən hissəsini isə farsca və türkcə qələmə alınmış əsərlər təşkil edir. Yuxarda qeyd 

etdiyimiz kimi hələ İslamdan əvvəl ərəb cəmiyyətində ‚ənsab‛ elmi mühüm əhəmiyyət 

kəsb  edirdi.  Tarixçilər  tərəfindən  cahiliyyə  dövrü  adlandırılan,  ərəblərin  İslamdan 

əvvəlki tarixi bütün mənfilikləri ilə yanaşı ərəblərin qəhrəmanlıq çağıdır. Ələlxüsus çöl 

ərəblərinin,  yəni  bədəvilərin  başlıca  öyünc  mənbəyi  igidlik,  şairlik,  nüfiz  və  sərvət 

sahibi olmaq idi. Bu bədəvilər arasında qəbilə, soy-kök təəssübkeşliyinin yaranması və 

möhkəmlənməsinə  səbəb  olmuşdu

2

.  Hər  bir  ərəb  qəbiləsinin  ata-babasının  adlarının 



yazıldığı  ‚nəssabə‛  adlanan  soy  ağacları,  şəcərələr  tərtib  olunurdu.  Bu  şəcərələr  hətta 

ərəb millətinin iki ulu əcdadı hesab olunan Ədnan və Qəhtana qədər gedib çıxırdı. Bu 

ənənə  İslam  tarixçiliyinin  meydana  gəlməsi  və  inkişaf  etməsində  böyük  rol 

oynamışdır

3

.  ‚Rical‛,  ‚təbəqat‛,  ‚təzkirə‛  tipli  ensklopedik  tərcümeyi-hal  kitablarının 



meydana  gəlməsində  bu  amil  mühüm  yer  tutmuşdur.  Xüsusən  mühəddislərin 

yazdıqları  əsərlərdə  ayrı-ayrı  şəxslərin  adları,  xronoloji  ünsürlər,  vəfat  tarixləri 

dəqiqliklə  müəyyən  edilərək  qeyd  edilmişdir.  Bununla  yanaşı  haqqında  məlumat 

verilən  şəxslərin  həyatlarında  yaşanmış  mühüm  hadisələr  nəql  edilmiş,  şairlərin 

şerlərindən,  alimlərin  hikmətli  sözlərindən  nümunələr  iqtibas  edilmişdir.  Alimlərin 

elmi və ədəbi şəxsiyyəti bütün təfərrüatı ilə oxucuya çatdırılmağa çalışılmışdı. Burada 

istifadə etdiyimiz bu tərz kitabların ən əhəmiyyətlilərindən biri Əbu Sə’d Əbdülkərim 

əs-Səm’aninin  Kitabü’l-Ənsab  adlı  əsəridir.  1113-cü  ildə  Xorasanın  Mərv  şəhərində 

dünyaya  gəlmiş  əs-Səm’ani  1167-ci  ildə  Mərvdəki  Əhmədiyyə  mədrəsəsində  vəfat 

etmişdir.  Sözü  gedən  əsər,  haqqında  məlumat  verilən  şəxslərin  nisbələrinin  əlifba 

sırasına  görə  düzülərək  tərtib  edildiyi  bioqrafiya  və  coğrafiya  kitabıdır.  Kitabü’l-Ənsab 

öz sahəsinə dair mühüm mənbələrdən biridir. Əsər ilk dəfə Londonda 1912-ci ildə nəşr 

olunmuşdur. Daha sonra 1961-1969, 1980-ci illərdə Heydərabadda və 1976-1982-ci  ildə 

                                                 

1

 Ramazan ŞEŞEN, Müslümanlarda Tarih-Coğrafya Yazıcılığı, s. 82-83, İstanbul 1998. 



2

 Cavad ƏLİ, Müfəssəl fi Tarixü’l-Ərəb Qəblə’l-İslam, C. II, s. 533-534, Bağdad 1993; Neşet ÇAĞATAY,  İslam Dönemine 



Dek Arap Tarihi, s. 128, 138, Ankara 1989. 

3

 Ahmet ÖNKAL, ‚Araplarda Ensab İlmi ve İslam Tarihi Açısından Önemi‛, SÜİD, S. 3, Konya 1990, ss. 117-132. 



Dəməşqdə  nəşr  olunmuşdur.  Kitabü’l-Ənsab  Ömər  əl-Barudi  tərəfindən  4  cild  halında 

1988-ci  ildə  Beyrutda  çap  edilmişdir.  Biz  burada  göstərilən  sonuncu  nəşrdən  istifadə 

etmişik.                  

Bioqrafiyalar  sahəsində  ən  çox  müraciət  etdiyimiz  əsərlərdən  biri  də  1179-1229-cu 

illərdə yaşamış Şihabəddin Yaqut ər-Rumi əl-Həməvinin Mu’cəmü’l-Büldan adlı əsəridir. 

Müəllifin öz bioqrafyası da xeyli maraqlı və rəngarəngdir. Nisbəsindən də göründüyü 

kimi  o,  Rumlu,  yəni  Anadoluludur.  Uşaq  vaxtı  Anadoluda  əsir  alınaraq  Bağdada 

gətirilmiş, Həmalı tacir Əsgər ibn İbrahim tərəfindən kölə bazarından satın alınmışdır. 

Ağası  onun  yaxşı  təhsil  almasını  təmin  etmiş  və  müxtəlif  ölkələrə  özünün  təmsilçisi 

olaraq  ticarət  səfərlərinə  göndərmişdi.  1199-cu  ildə  ağası  tərəfindən  köləlikdən  azad 

edilmiş  və  azad  şəxs  kimi  Əsgər  ibn  İbrahimin  yanında  işləmişdi.  Lakin  bir  müddət 

sonra  sabiq  ağası  ilə  arası  dəymişdi.  İran,  Xorasan,  Azərbaycan,  Misir  və  Şam 

diyarlarını  gəzən  Yaqut  əl-Həməvi  moğolların  ilk  hücumu  vaxtı  sahib  olduğu  bütün 

mal-dövləti qoyaraq Xorasandan Suriyaya qaçmağa məcbur olmuşdu. Səyahətləri vaxtı 

İslam  coğrafiyasının  müxtəlif  şəhərlərindəki  kitabxanaları  gəzərək  yazacağı  əsərlər 

üçün  material  toplamışdı.  1224-cü  ildə  Misirdə  Mu’cəmü’l-Büldanı  yazıb  bitirmişdi.  Bu 

əsər əslində əlifba sırasına görə tərtib edilmiş coğrafi lüğətdir. Müəllif ölkələr, regionlar 

və  şəhərlər  haqqında  coğrafi  məlumatlarla  yanaşı  həmin  yerlərdən  yetişmiş  məşhur 

alimlər  haqqında  da  məlumat  vermişdir.  Yaqut  əl-Həməvi,  orta  əsr  müəlliflərinin  bir 

çoxundan fərqli olaraq, nəql etdiyi tarixi-coğrafi və bioqrafik məlumatı aldığı mənbə və 

ya  şəxsin  adını  da  qeyd  etmişdir.  Burada  Mu’cəmü’l-Büldanın,  müasir  tədqiqatçılar 

tərəfindən ən çox istifadə edilən, 5 cild halındakı Beyrut nəşrindən istifadə olunmuşdur.   

Dəməşqli Əbdülhəyy ibnü’l-İmadın (1622-1679) Şəzəratü’z-Zəhəb fi Əxbari mən Zəhəb adlı 

ümumi bioqrafiya əsəri bu sahədə ən çox müraciət olunan mənbələrdəndir. İbnü’l-İmad 

bu  əsərində  1592-ci  ilə  qədər  İslam  coğrafiyasında  yaşamış  alimlər  və  tanınmış 

şəxsiyyətlərin  həyatından  bəhs  etmişdir.  Əsər  bir  neçə  dəfə  nəşr  olunmuşdur. 

Əbdülqadir Arnavud əsəri təqiq edərək 1986-1991-ci  illərdə 10 cild halında Dəməşqdə 

nəşr etmişdi. Burada sözügedən nəşrdən faydalanılmışdır.    

Şafi’i  məzhəbinə  mənsub  fəqihlərin  həyat  və  elmi  fəaliyyətlərindən  bəhs  edən  təbəqat 

kitabları ən çox müraciət etdiyimiz mənbələrdəndir. Belə ki, orta əsrlərdə Azərbaycan 



coğrafiyasında  yaşayan  müsəlmanların  böyük  əksəriyyəti  bu  fiqhi  məzhəbin 

mənsubları  olmuşdurlar.  Şafi’i  təbəqatlarından  Cəmaləddin  Əbdürrəhim  Əsənvinin 



Təbəqatu’s-Şafi’iyyə, Əbu Bəkr ibn Qazi Şuhbənin Təbəqatu’s-Şafi’iyyə, Təqiyəddin ibnü’s-

Səlah  Şəhrəzurinin  Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə,  Tacəddin  Əbdülvəhhab  Sübkinin 



Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, İbn Kəsir əl-Ənsarinin Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə adlı 

əsərləri  tez-tez  müraciət  etdiyimiz  bioqrafik  mənbələrdir.  Ümumiyyətlə  fiqhi 

məzhəblərə, yəni hüquq məktəblərinə aid təbəqat kitabları İslam dünyasının elm tarixi 

ilə  maraqlanan  tədqiqatçılar  üçün  əvəzedilməz  mənbələrdir.  Fiqhi  məzhəblərlə  yanaşı 

hər  bir  elm  sahəsinə  aid  alimlərin  həyat  və  fəaliyyətlərindən  bəhs  edən  təbəqat 

kitablarını bu kateqoriyaya daxil etmək olar. Əbdürrəhman Hənbəlinin Zeyl Təbəqatu’l-



Hənabilə,  Muhyəddin  ibn  Əbü’l-Vəfanın  Cəvahirü’l-Muziyyə  fi  Təbəqatü’l-Hənəfiyyə

Zeynəddin  ibn  Qutlubuğanın  Tacü’t-Tərcim  fi  Təbəqatü’l-Hənəfiyyə,  Əlaəddin  Əli 

Xınalızadənin  Təbəqatü’l-Hənəfiyyəsi  burada  istifadə  olunmuş  hənəfi  və  hənbəli 

fəqihlərinin  tərcümeyi-hallarından  bəhs  edən  əsərlərdir.  Bundan  başqa  təfsir,  hədis, 

qiraət  və  tibb  sahəsində  öz  dövrünün  tanınmış  elm  adamlarının  bioqafiyalarının 

yazıldığı  təbəqat  kitablarına  da  müraciət  edilmişdir.  Bunlardan  ən  əhəmiyyətliləri 

sırasında  Şəmsəddin  Davudinin  Təbəqatü’l-Müfəssirin  adlı  İslam  dünyasında  yetişmiş 

təfsir  alimlərinin  bioqrafiyalarına  dair  əsərin  adını  çəkmək  olar.  İbn  Əbdülhadi  əd-

Diməşqinin Təbəqatu-Üləmai’l-Hədis adlı dörd cildlik əsərində məşhur hədis alimlərinin 

həyat  və  fəaliyyətindən  bəhs  edilmişdir.  Burada  əsərin  1997-ci  il  Beyrut  çapından 

istifadə  edilmişdir.  Əsərlərinə  ən  çox  müraciət  etdiyimiz  müəlliflərdən  biri  də  türk 

mənşəli alim Şəmsəddin Zəhəbidir. 1273-cü  ildə Dəməşqdə dünyaya gələn alimin ata-

babaları  Anadoludan  köçüb  Şam  diyarında  məskunlaşmışdırlar.  Şəmsəddin  Zəhəbi 

təfsir,  hədis,  hüquq  və  tarix  sahəsində  dərin  biliyi  ilə  fərqlənmişdi.  Gənclik  illərində 

İslam  coğrafiyasının  başlıca  elm  və  mədəniyyət  mərkəzlərini  gəzərək  şeyxülislam 

Təqiyəddin  ibn  Teymiyyə,  şeyx  Yusif  əl-Mizzi,  şeyx  Elməddin  Qasım  əl-Birzali,  İbn 

Dəqiq  əl-İd  kimi  öz  dövrünün  tanınmış  alimləri  ilə  görüşüb  onların  elmi  bilik  və 

fikirlərindən  faydalanmışdı.  Şəmsəddin  Zəhəbi  ümumilikdə  müxtəlif  elm  sahələrinə 

dair  235  əsərin  müəllifidir.  Bunlardan  148-i  tarixə  aiddir.  Şəmsəddin  Zəhəbi  istifadə 

etdiyi tarixi mənbələr haqqında təfsilatlı məlumat verməsi və xronoloji ardıcıllığa dəqiq 



riayət etməsiylə seçilir.  Onun Kitab Təzkərətü’l-Hüffaz  adlı əsəri  ilk dövr hədis hafizləri 

və 


mühəddislərin 

tərcümeyi-halının 

öyrənilməsi 

baxımından 

əvəzedilməz 

mənbələrdən biridir. Müəllifin Mizanü'l-E'tidal fi Nəqdi’r-RicalMüştəbih fi Əsmai’r-Rical 

adlı  əsərləri  də  yenə  hədis  alimləri  və  hədis  raviləri  haqqında  qiymətli  məluatların 

toplandığı  əsərlərdir.  Şəmsəddin  Zəhəbinin  Siyəru  Ə’lamü’n-Nübəla  adlı  əsəri  isə  24 

cildlik  bioqrafik  ensklopediyadır.  Bu  əsər  İslamın  ilk  günlərindən  müəllifin  vəfat 

tarixinə  (1347)  qədərki  təqribən  altı  əsrlik  dövrdə  yaşamış,  müxtəlif  elm  sahələrində 

şöhrət  tapmış  alimlər,  dövlət  və  mədəniyyət  xadimləri  haqqında  çox  dəyərli 

məlumatları ehtiva etməkdədir.  

XII  əsrdə  Azərbaycanda  yaşamış  hədis  alimləri  haqqında  hafiz  Əbu  Tahir  Əhməd  əs-

Süləfi  İsfəhaninin  (1083-1181)  verdiyi  məlumatlar  son  dərəcə  əhəmiyyətlidir.  Belə  ki, 

məşhur  azərbaycanlı  filoloq,  Xətib  Təbrizi  adı  ilə  şöhrət  tapmış  Əbu  Zəkəriyyə  Yəhya 

Təbrizinin  tələbələrindən  biri  olub  ondan  ərəb  qrammatikası  dərsləri  alan  hafiz  Əbu 

Tahir  əs-Süləfi  1107-ci  ildən  etibarən  təhsil  almaq  məqsədiylə  səyahətə  çıxmış,  İslam 

coğrafiyasının  başlıca  elm  və  mədəniyyət  mərkəzlərini  gəzmişdi.  O  cümlədən 

Azərbaycanın  Marağa,  Miyanə,  Təbriz,  Ərdəbil,  Xoy,  Düveyn,  Şirvan,  Tiflis,  Dərbənd 

kimi  şəhər  və  vilayətlərini  gəzərək  buradakı  hədis  alimləri  ilə  görüşmüş  və  onlardan 

dərs  almışdı.  Əbu  Tahir  əs-Süləfi  bu  elmi  səyahətlərində  görüşdüyü  alimlərin 

bioqrafiyası  və  onlardan  aldığı  dərslərin  xülasəsini  özünün  Mu’cəmü’s-Səfər   



Ərbəinü’l-Büldaniyyə adlı əsərlərində qeyd etmişdir.  

XII  əsrdə  Azərbaycanın  şəhərlərini  gəzərək  buradakı  alimlərdən  hədis  dərsləri  almış 

digər  bir  alim  də  1105-ci  ildə  Dəməşqdə  dünyaya  gəlmiş  Əli  ibn  Əsakirdir  (öl.  1175). 

1134-cü  ildə  Suriyadan  yola  çıxan  İbn  Əsakir  Azərbaycan,  İran,  Xorasan  və 

Mavəraünnəhrin  böyük  şəhərlərinə  səyahətlər  etmiş,  buraların  qabaqcıl  alimlərinin 

dərslərini dinləmək fürsəti tapmışdı. İbn Əsakir öz dövrünün tanınmış mühəddis, fəqih 

və  tarixçilərindən  biridir.  Onun  tarix  sahəsində  qələmə  aldığı  ən  məşhur  əsəri  Tarixu-

Mədinəti-Diməşqdir.  Əsər  1995-2000-ci  illərdə  Mühibbəddin  əl-Əmrəvi  tərəfindən 

Beyrutda 80 cild halında nəşr edilmişdir. Bu əsər Dəməşq şəhərinin müfəssəl tarixidir. 

Əsər  Dəməşqin  yerləşdiyi  coğrafiyanın  üstün  cəhətləri,  topoqrafiyası,  saraylar, 

imarətlər,  məscidlər,  məktəblər,  mədrəsələr,  kilsələr,  karvansaraylar,  hamamlar, 



meydanlar, kanallar və digər tikililəri haqqındakı ətraflı məlumatlarla başlanır. Sonrakı 

cildlərdə  isə  Dəməşqdə  yetişmiş,  həmçinin  buraya  köçüb  gəlmiş  və  bir  müddət 

Dəməşqdə  yaşamış  müxtəlif  elm  sahələrinə  mənsub  alimlər,  xəlifələr,  sərkərdələr, 

şəhərin qaziləri, canişinləri, hökmdarları haqqında geniş məlumat verilir.  

Elmi  dairələrdə  İbnü’l-Fuvati  kimi  tanınan  Kəmaləddin  Əbü’l-Fəzl  Əbdürrəzzaq  ibn 

Əhməd əş-Şeybaninin (1244-1323) Təlxis Məcməü’l-Adab fi Mu’cəmü’l-Əlqab adlı əsəri də 

orta əsrlərdə yaşamış görkəmli azərbaycanlıların həyat və elmi yaradıcılığını öyrənmək 

baxımından  əvəzedilməz  mənbələrdən  biridir.  Əsilzadə  ailəsinə  mənsub  İbnü’l-Fuvati 

14  yaşında  ikən  Bağdadın  işğalı  vaxtı  moğollara  əsir  düşmüş,  Nəsrəddin  Tusinin 

vasitəçiliyi  ilə  əsirlikdən  azad  edilmişdi.  O,  Nəsrəddin  Tusinin  istəyi  ilə  Marağa 

rəsədxanasındakı  kitabxananın  müdiri  olmuşdu.  1280-ci  ildə  Bağdada  qayıdaraq 

Müstənsiriyyə  mədrəsəsi  kitabxanasının  müdirliyinə  təyin  olunmuşdu.  Daha  sonra 

Azərbaycana  qayıtmış,  Olcaytunun  hakimiyyəti  illərində  (1304-1306)  Elxanilərin 

sarayında xidmət etmişdi. Bu və sonrakı illərdə Azərbaycanın əksər böyük şəhərlərini 

gəzmişdi.  Ərəb  filologiyası,  tarix,  astronomiya  və  fəlsəfə  sahəsində  yaşadığı  dövrün 

tanınmış  alimlərindən  olan  İbnü’l-Fuvati  ana  dili  olan  ərəbcə  qədər  farscanı  da 

mükəmməl  bilən  nadir  orta  əsr  ərəb  müəlliflərindəndir.  Hənbəli  məzhəbinə  mənsub 

olsa  da  fəlsəfəyə  məyyal  olması  səbəbiylə  İbnü’l-Fuvati  müasiri  olan  digər  hənbəli 

alimlərinin  tənqidinə  məruz  qalmışdı.  Onun  fəlsəfəyə  marağı  ehtimal  ki,  dostu  və 

hamisi Nəsrəddin Tusinin təsiri ilə meydana çıxmışdı. İbnü’l-Fuvatinin Təlxis Məcməü’l-



Adab  fi  Mu’cəmü’l-Əlqab  adlı  əsəri  nəhəng  bioqrafik  ensklopediyadır.  Alimin  50  cilddə 

tərtib etdiyi bu əsərin günümüzə sadəcə IV və V cildləri gəlib çatmışdır. Daha doğrusu 

indiyə  qədər  sadəcə  bu  iki  cild  aşkar  edilmişdir.  Zahiriyyə  kitabxanasında  tapılan  IV 

cild  Dr.  Mustafa  Cavad  tərəfindən  1962-1967-ci  illərdə  Dəməşqdə  4  cüz  halında  nəşr 

edilmişdir.  Əsərin  V  cildi  isə  Hindistandakı  əlyazma  əsər  kitabxanalarından  birində 

aşkar  edilmiş  və  Muhəmməd  Əbdülqüddus  əl-Qasımi  tərəfindən  1937-1947-ci  illərdə 

Lahorda  ‚Oriental  College  Magazine‛də  nəşr  edilmişdir.  Mərhum  akademik  Ziya 

Bünyadov  bu  cildlərdə  görkəmli  azərbaycanlılar  haqqında  verilmiş  məlumatları 

tərcümə və nəşr etmişdir. Bu haqda aşağıda ətraflı məlumat veriləcəkdir. Biz bu əsərin 

sadəcə Dr. Mustafa Cavad tərəfindən nəşr edilmiş IV cildinin 2-ci və 3-cü cüzlərini əldə 



edərək  tədqiq  edə  bilmişik.  V  cilddəki  məlumatları  isə  Ziya  Bünyadovun 

tərcüməsindən faydalanaraq oxucuya çatdırmağa çalışdıq.      

Buraya qədər sadaladığımız müəlliflərin əsərlərində VIII-XIII əsrlərdə yaşamış alim və 

mütəfəkkirlərin bioqrafiyaları üstünlük təşkil etmişdir. Misirli tarixçi Şəmsəddin Əbü’l-

Xeyr  əs-Səxavinin  (1427-1497)  Zəvu’l-Lami’  fi  Üləmai’l-Qərnü’t-Tasi’  adlı  8  cildlik 

əsərində  XV  əsrdə  yaşamış  bir  sıra  məşhur  azərbaycanlı  alimin  tərcümeyi-halına  rast 

gəlmək  mümkündür.  əs-Səxavini  digər  bioqraf  tarixçilərdən  fərqləndirən  ən  əsas 

xüsusiyyəti onun tənqidçiliyidir. Onun əsərlərini bioqrafya və tarixi baxımdan qiymətli 

qılan  digər  bir  amil  də  Məkkə  və  Mədinədə  təhsil  alması,  daha  sonra  bir  müddət 

burada tədrislə məşğul olması və 1466-1473-cü illərdə hər il həcc ziyarətində olmasıdır. 

Məkkə  və  Mədinədə  uzun  müddət  yaşaması  ona  İslam  dünyasının  ən  müxtəlif 

yerlərindən  həcc  ziyarəti  üçün  Hicaza

4

  gələn  XV  əsr  alim,  mütəfəkkir  və  dövlət 



xadimləri ilə şəxsən görüşüb tanış olma fürsəti vermişdi. Burada əs-Səxavinin ünsiyətli 

xarakterə sahib olması da mühüm rol oynamışdır.  

XIV-XV  əsrlərdə  yaşamış  azərbaycanlı  alimlərin  bioqrafiyalarına  geniş  yer  verilmiş 

digər  bir  əsər  misirli  mühəddis,  fəqih  və  tarixçi  İbn  Həcər  əl-Əsqəlaninin  (1361-1449) 



Dürərü’l-Kaminə  fi  Əyanü’l-miəti’s-Saminə,  Lisanü’l-Mizan,  İbnai’l-Ğumr  bi  Əbnai’l-Umr 

kimi çoxcildli əsərləridir. 

XV əsrin birinci yarısı, xüsusilə də XVI əsrin əvvəllərindən etibarən Misirin də Osmanlı 

dövlətinə  birləşdirilməsindən  sonra  başda  İstanbul  olmaqla  Anadolunun  böyük 

şəhərləri  alimlər,  mədəniyyət  və  incəsənət  xadimləri  üçün  cazibə  mərkəzinə 

çevrilmişdi.  Türk  alimi  İsaməddin  Taşköprüzadənin  (1495-1561)  əsərləri  Osmanlı 

dövlətindəki alimlər, elmi fəaliyyətlər, elm tarixi, tədris müəssisələri və ictimai-mədəni 

həyat  haqqında  həqiqətən  əvəzedilməz  mənbələrdir.  Onun  Şəqaiqü’n-Nu’maniyyə  fi 



Üləmai-Dövləti’l-Osmaniyyə  adlı  əsəri  Osmanlı  dövlətində  yaşamış  alimlərin 

bioqrafiyalarını ehtiva edir. Əsərdə Osmanlı dövlətinin quruluşundan (1299) 1555-ci ilə 

qədərki  dövrdə  Osmanlı  dövlətində  yaşamış  müxtəlif  elm  sahələrinə  aid  alimlərin  və 

din  xadimlərinin  tərcümeyi-halları  on  təbəqəyə  ayrılaraq  təfsilatı  ilə  yazılmışdır. 

Ümumilikdə  bu  əsərdə  371  alimin  və  150  din  xadiminin  bioqrafiyası  mövcuddur. 

                                                 

4

 Hicaz-Ərəb yarımadasının Qırmızı dəniz sahilindəki, Məkkə və Mədinə şəhərlərinin də daxil olduğu hissəsi. 



Taşköprüzadənin  Mövzuatü’l-Ülum  adı  ilə  məşhur  olmuş  ‚Miftahü’s-Səadə  və 

Misbahü’s-Siyadə‛  adlı  əsəri  İslam  dünyasının  elm  tarixi  sahəsində  ən  dəyərli 

əsərlərdən  biridir.  Burada  müəllif  300-ə  qədər  elm  sahəsindən,  bu  sahələrin 

mövzularından və qələmə alınmış əsərlərdən təfərrüatlı şəkildə bəhs edir.  

Elm  tarixi  sahəsində  Anadoluda  yetişmiş  nadir  zəkalardan  biri  də  heç  şübhəsiz  Hacı 

Xəlifə  adı  ilə  tanınan  Katib  Çələbi  Mustafa  ibn  Abdullahdır  (1609-1657).  48  illik 

ömründə 25-dən çox əsər qələmə almış Katib Çələbinin müasir tədqiqatçılar tərəfindən 

ən  çox  müraciət  olunan  əsəri  Kəşfü’z-Zünun ən  Əsami’l-Kütb  və’l-Fünundur.  Əsər  İslam 

dünyasında elmlər, yazılan və tərcümə edilən əsərlər haqqında qələmə alınmış ən geniş 

miqyaslı və zəngin bir neçə mənbədən biridir. Katib Çələbi bu əsərində on mindən çox 

müəllifə  aid  ərəb,  fars  və  türk  dillərində  qələmə  alınmış  15  mindən  çox  əsərin  adını 

maddələrə  ayıraraq,  gözəl  bir  üslub  və  tərtibatla  sadalamış,  haqqında  məlumat 

vermişdir.  

Azərbaycanın  elm  tarixi,  daha  dəqiq  desək  keçmiş  dövrlərdə  yaşamış  azərbaycanlı 

alimlərin  həyat  və  elmi  fəaliyyətləri  ən  az  tədqiq  olunmuş  mövzulardan  biridir.  Bu 

mövzuda  əsərinə  müraciət  etdiyimiz  əcnəbi  tədqiqatçılardan  biri  Şərif  Əbdülhəyy 

Hüseynidir  (ö.  1923).  Məlum  olduğu  kimi  Hindistanda  qurulmuş  müsəlman-türk 

dövlətləri bu ölkənin  bir sıra şəhərini elm və mədəniyyət mərkəzinə çevirmişdilər. Bu 

şəhərlər dünyanın müxtəlif yerlərindən elm, mədəniyyət və incəsənt xadimlərini özünə 

cəlb  edirdi.  Nüzhətü’l-Xəvatir  və  Behcətü’l-Məsami’  və’n-Nəvazir    adlı  əsərində  Şərif 

Əbdülhəyy Hüseyni hindli və Hindistana gəlib burada yaşamış müsəlman elm, dövlət 

və mədəniyyət xadimlərinin həyatına dair çox dəyərli məlumatlar vermişdir. Bunların 

arasında onlarla azərbaycanlı da var. 

Sırf  orta  əsrlərdə  yaşamış  azərbaycanlı  alim  və  mütəfəkkirlərin  həyatına  dair  müasir 

tədqiqatçılar tərəfindən qələmə alınmış ən tanınmış əsər 1986-cı ildə nəşr edilmiş Zakir 

Məmmədovun  Orta  Əsr  Azərbaycan  Filosof  və  Mütəfəkkirləri  adlı  kiçik  həcmli  əsəridir. 

Əsərdə orta əsrlərdə yaşamış bir sıra azərbaycanlı alim və mütəfəkkirin həyatı və elmi 

yaradıcılığı işıqlandırılmışdır.  



Bu mövzuda ilk tədqiqatlardan biri də Fazil Seyidova məxsusdur. Onun ‚Azərbaycanın 

Görkəmli Simaları‛

5

 adlı  məqaləsində bir sıra azərbaycanlı alim və təsəvvüf ərbabının 



bioqrafiyası  qeyd  olunmuşdur.  Həmçinin  Ziya  Bünyadovun  ‚Vidnıye  Deyateli 

Azerbaydjana  v  Soçinenii  İbn  al-Fuvati‛

6

,  ‚Novıye  Materialı  o  Vidnıx  Deyatelyax 



Azerbaydjana  ve  Epoxu  Srednevekovya‛

7

  və  ‚Novıye  Materialı  o  Vidnıx  Deyatelyax 



Azerbaydjana‛

8

 adlı məqalələri də sözü gedən mövzuya dair sanballı tədqiqatlardandır. 



Mərhum akademik bu məqalələrində Cəmaləddin Qıfti, Səlahəddin Səfədi, Şəmsəddin 

Səxavi,  İbnü’l-Fuvati  kimi  orta  əsr  ərəb  müəlliflərinin  əsərlərindəki  azərbaycanlı  alim, 

ədib  və  dövlət  xadimlərinin  bioqrafiyalarına  dair  materialların  tərcüməsini  oxucuya 

çatdırmışdır.  

Bu  mövzuda  qələmə  alınmış  ən  həcmli  əsər  heç  şübhəsiz  Məhəmməd  Əli  Tərbiyətin 

(1875-1940)  Danişməndani-Azərbaycan  adlı  əsəridir.  Əsər  farscadan  Azərbaycan 

türkcəsinə  tərcümə  edilərək  1987-ci  ildə  Bakıda  nəşr  olunmuşdur.  Məhəmməd  Əli 

Tərbiyətin  bu  əsəri,  tədqiqat  metodu  baxımından  xırda  qüsurların  olmasına  rəğmən, 

Azərbaycanın  görkəmli  şəxsiyyətlərinin  bioqrafiyası  sahəsində  yazılmış  ən  həcmli 

əsərdir.  Lakin  əsər  Azərbaycan  dilinə  tərcümə  edilərkən  müəyyən  xətalara  da  yol 

verilmişdir. Hər şeydən əvvəl qeyd edim ki, müəllif istifadə etdiyi mənbələri dəqiqliklə 

oxucuya  çatdıra  bilməmişdir.  Yəni  mənbələrin  adı  müəllif,  cild,  səhifə,  nəşr  yeri  və  ili 

göstərmədən  qeyd  olunmuşdur.  Yer,  şəxs,  əsər  və.s  adlarına  səhifəaltı  qeydlərdə 

(deepnotes) aydınlıq gətirilməmişdir. Mütərcimlər, məncə heç  lüzum yox ikən, mənbə 

adlarını  tərcümə  etmək  zərurəti  hiss  etmişdirlər.  Halbuki  mənbə  adlarının  tərcümə 

edilmədən, olduğu kimi qeyd olunması tədqiqat üsulunun təməl qaydalarından biridir. 

Üstəlik  mənbə  adlarının  tərcüməsində  səriştəsizlik  açıq-aşkar  sezilir.  Məsələn  ‚Zeyli-

Şəqaiq‛  ‚Lalə  Sapı‛  kimi  tərcümə  olunmuşdur.  Halbuki  bu  yuxarıda  haqqında 

məlumat  verdiyimiz  Taşköprüzadənin  Şəqaiqü’n-Numaniyyə  adlı  əsərinə  yazılmış  bir 

neçə zeyldən, yəni əlavədən hansısa biridir. M. Tərbiyət bunun hansı müəllifin ‚zeyl‛i 

olduğunu  qeyd  etməyərək  sadə  ‚Zeyli-Şəqaiq‛  yazmış,  mütərcimlər  isə  bunu  hərfi 

                                                 

5

 SSRİ EA AzF Xəbərləri. Nr. 9, Bakı 1944, ss. 40-45.   



6

 AzSSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq ser., Nr. 2, Bakı 1979, ss. 61-66. 

7

 AzSSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq ser., Nr. 2, Bakı 1980, ss. 59-67. 



8

 AzSSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq ser., Nr. 3, Bakı 1980, ss. 62-68. 



tərcümə  etmişdirlər

9

.  Müəllifin  yol  verdiyi  və  mütərcimlərin  də  tənqidi-müqayisəli 



tədqiqat aparmadan tərcümə etdikləri digər bir xəta məşhur həkim Qəzənfər Təbrizinin 

yaşadığı dövrlə bağlıdır. M. Tərbiyət Qəzənfər Təbrizi haqqında ‚hicri qəməri XII-XIII 

(XVIII-XIX)  əsrin  alimlərindəndir‛

10

  deyə  qeyd  etmişdir.  Halbuki  Qəzənfər  Təbrizi 



miladi  XIII  əsrdə  Anadoluda  yaşamış  və  mövlana  Cəlaləddin  Ruminin  şəxsi 

həkimlərindən biri olmuşdur

11



Orta  əsrlərdə  yaşamış  azərbaycanlı  elm  xadimləri  və  mütəfəkkirlərin  həyatı  ayrı-ayrı 



monoqrafiyaların  da  mühüm  hissəsini  təşkil  etmişdir.  Bunlardan  Ziya  Bünyadovun 

Azərbaycan Atabəyləri Dövləti adlı əsərinin adını çəkə bilərik. Burada müəllif Eldənizlərin 

hakimiyyəti  illərində  (1136-1225)  Azərbaycanda  yaşamış  tanınmış  elm,  mədəniyyət və 

incəsənt xadimlərinin həyat və fəaliyyətləri ilə bağlı təfərrüatlı məlumat vermişdir. Belə 

əsərlərdən biri də Sara Aşurbəylinin Şirvanşahlar Dövləti adlı monoqrafiyasıdır. Əsər VI-

XVI əsrlər Şirvanın siyasi, iqtisadi və mədəniyyət tarixi ilə bağlı sanballı tədqiqatlardan 

biridir.  Burada  həmçinin  sözü  gedən  dövrdə  Şirvanda  yaşamış  görkəmli  elm, 

mədəniyyət  və  incəsənət  xadimləri  haqqında  da  məlumat  verilmişdir.  Son  iki  əsər 

azərbaycan və rus dillərində bir neçə dəfə nəşr olunmuşdurlar. 

Malik  Mahmudovun  Ərəbcə  Yazmış  Azərbaycanlı  Şair  və  Ədiblər  adlı  əsərində  orta 

əsrlərdə yaşamış bir sıra azərbaycanlı şair, ədib, elm və mədəniyyət xadiminin həyat və 

elmi  yaradıcılığı  dərindən  araşdırılmışdır.  Bu  əsər  1983  və  2006-cı  illərdə  Bakıda  nəşr 

olunmuşdur.  Malik  Mahmudovun  Xətib  Təbrizinin  Həyat  və  Yaradıcılığı  adlı  əsəri  də 

sözü  gedən  mövzuda  aparılmıs  dəyərli  tədqiqatın  nəticəsidir.  Əsər  tanınmış 

azərbaycanlı ədib, şair, mühəddis, müfəssir Əbu Zəkəriyya Yəhya Təbirizinin həyatı və 

elmi fəaliyyəti ilə bağlı ən böyük tədqiqatdır.  

İranlı tədqiqatçı alim Səid Nəfisinin müəllifi olduğu Tarixi-Nəzm və Nəsr dər İran və dər 



Zebane-Farisi  adlı  iki  cildlik  əsər  farsca  əsər  qələmə  almış  alim,  şair,  mütəfəkkir  və.s 

görkəmli  şəxslərin  həyat  və  elmi  yaradıcılığı  ilə  bağlı  dəyərli  məlumatları  ehtiva  edir. 

Bunların arasında çox sayıda azərbaycanlı da var.  

                                                 

9

 Bax: Məhəmməd Əli TƏRBİYƏT, Danişməndani Azərbaycan, (Trc. İ. Şəms-Kəndli Q), s. 189, Bakı 1987. 



10

 Bax: TƏRBİYƏT, Danişməndan, s. 65. 

11

 Süheyl ÜNVER, Selçuklu Tababeti, s. 66, 93, Ankara 1940. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin