Ayrılıq bizləri hara apardı?
Bizi birləşdirən, bizi bağlayan,
Qəlbimdən qəlbinə bir körpü vardı...
İndi nə sən varsan, nə də mən varam!
Ayrılıq bizləri hara apardı?
Ayrıldı sinəmdən qəlbimin təni,
Gedişin pis günə salıbdır məni.
Tapdığım yerdə də itirdim səni,
Ayrılıq bizləri hara apardı?
Bizə qəsd elədi sanki bu yollar.
Nə unutmaq olar, nə dönmək olar...
Bizdən geri qalan söylə nələr var?
Ayrılıq bizləri hara apardı?
Düşündük, hər şeyi atıb silmişik,
Deyəsən həsrəti asan bilmişik.
Bəlkə böyümüşük, dəyişilmişik,
Ayrılıq bizləri hara apardı?
Mənə ölü demə
Mənə ölü demə, ölməmişəm mən.
Görsən atəşimi yanıb solarsan.
Bir gün də qarşında məni görərsən,
Təəccüb içində donub qalarsan.
Mənə ölü demə, diriyəm axı.
Əgər sən sağsansa, mən necə ölüm?
Bu yazıq eşqimin nədir günahı?
Sən hey öldürsən də, yaşayır, gülüm!
Mənə ölü demə, öldürmə məni.
Bu qədər ümidim getməsin hədər.
Göz yaşı içində güldürmə məni,
Görsən hələ sağam, ürəyin gedər.
Mənə ölü demə, ölə bilmirəm.
Sənsiz nə yaşamaq, nə ölmək olar!
Bu dərdi kimsəylə bölə bilmirəm.
Ölsəm ruhumda da məhəbbətin var.
Dostları ilə paylaş: |