Allah-taala ittihad barədə buyurur: “Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur...”2 “Tövhid” bir etmək, “ittihad” bir olmaqdır. Orada [tövhid barəsində Allah buyurur]: ”Allahla yanışı başqa tanrı qəbul etmə!” Burada [isə ittihad barəsində Allah buyurur]: “Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə.”
Çünki tövhiddə, [zahirən] riyakarlıq nöqsanı var, amma ittihadda yoxdur.
Deməli, nə vaxt yeganəlik mütləq olsa və insanını zehnində, [özü və Allah arasında] ikililik hiss etməyəcək şəkildə möhkəm yer tutsa, ittihada çatmış olar. İttihad heç də bəzi dardüşüncəli adamların düşündüyü kimi deyil ki, elə fikirləşirlər ki, ittihad, bəndə ilə Allahın bir olmasıdır: تعالی الله عن ذلک علوا کبیرا
Bəlkə [ittihad] odur ki, hamı onu görür və belə bir riyakarlığa ehtiyacları yoxdur ki, desinlər ki, Ondan qeyri hər nə varsa, Ondandır, deməli hamı birdir. Əslində [ittihadda batini gözlər] Allahın təcəlla nuru ilə aydınlıq tapıb Ondan qeyrisini görmürlər, [belə olan halda] görən, görmək və görüş [məfhumunu itirib] aradan qalxar və hamı bir olar.
Və Hüseyn bin Mənsur Həllacın duasıdır ki deyir: “Mənimlə Sənin aranda, mənim varlığım mənimlə döyüşə qalxmışdır. Ey Allah! Öz lütfünlə mənim bu varlığımı aradan götür.” Duası müstəcab olur; varlığı aradan qalxır ki, nəhayətdə deyə bilsin: “Bu mənəm ki istəyirəm və istədiyim şey də elə mənəm.”
Bu məqamda məlum olur ki, o kəs ki, dedi: “Ənəl-həqq” və o kəs ki, dedi: “Pakam mən, mənim şənim necə də yüksəkdir” – heç də Allahlıq iddiası etməmişdir, əslində öz varlığının inkarını və özündən qeyrisinin varlığının isbatını iddia etmişdir.
Altıncı fəsil
Vəhdət
Allah-taala vəhdət barəsində buyurur: “(Allah buyuracaq:) Bu gün hökm kimindir? (Heç kəsin qımıldanmağa belə cürəti çatmadığından Allah Özü cavab verəcəkdir:) “Bir olan (heç bir şəriki, bənzəri olmayan), qəhr edən (qadir) Allahındır!”1 “Vəhdət” yeganəlik mənasındadır. Bu [məqam] ittihaddan üstündür, çünki mənası birlik olan ittihaddan çoxluq qoxusu gəlir, lakin vəhdətdə belə bir nöqsan yoxdur. Orada (vəhdətdə) sükun, hərəkət, fikir, zikir, seyr, süluk, tələb, talib, mətlub, nöqsan, kamal – hamısı aradan qalxar.
“Nə vaxt ki, söhbət Allaha yetişdi, sakit olun (susun)!”2