14. Oxu təlimi zamanı oxu xətaları Oxu prosesində baş verən nöqsanlar Ötürmə-oxu zamanı səslərin, hecaların ya da sözlərin bir hissəsinin, söz birləşmələrinin ya da bütün bir sətrin oxunmadan keçilməsidir.
Ötürmənin iki növü məlumdur: birincisi, şagirdin tanımadığı və ya anlamadığı sözləri bilərəkdən oxumaması; ikincisi, səs, heca ya da sözlərin fərqində olmadan edilən ötürmədir. Bəzi ötürmələr diqqətsizliklə bağlı olsa da, tez-tez söz, heca, hərf buraxılaraq oxuma səhifə üzərində göz izləməsinin düzgün aparılmadığına işarədir. Bu səhvə tez-tez yol verən uşaqların oxuyacağı mətni barmaqla izləyərək oxuması faydalıdır.
Əlavəetmə-mövcud mətndə olmayan səsin, hecanın, sözün oxuma prosesində yazılı materiala daxil edilməsidir. Əlavələr oxunan cümləyə başqa məna verə biləcəyindən və cümlənin mənasını dəyişdirəcəyindən oxu səhvi kimi qiymətləndirilir. Əlavələr çox az sayda olarsa, narahatlığa əsas yoxdur, lakin çox tez-tez rast gəlinirsə, burada şagirdin diqqətsizliyi, diqqət dağınıqlığı problemi olduğuna işarədir.
Təkraretmə -təkraretmə bir sözün və ya cümlənin geriyə dönərək yenidən oxunmasıdır. Söz şagirdə tanış olduğu halda özünə inamsızlıq səbəbi ilə yenidən təkrar oxuyur. Bu hal reqressiya adlanır və oxu sürətini aşağı salmaqla bərabər oxuyub anlamanın keyfiyyətini də aşağı salır. Şagirdin özünə inamı artdıqca oxu tərəddüdlərində, təkrarlamalarında azalma müşahidə edilir.Yenicə oxumağa başlayanların oxu texnikasının xüssusiyyətlərindən biri də tez-tez baş verən reqressiya (geriyə qayıtmadır). Uşaqlar sözdə eyni hecanı, cümlədə eyni sözü bir neçə dəfə təkrarlamalı olurlar. Bu ondan irəli gəlir ki, uşaqlar sözləri hecalarla, fasilələrlə oxuduqlarından axırına çatanda əvvəli yaddan çıxır. Ona görə də geriyə qayıdırlar ki, həmin hissələri əlaqələndirsinlər. Sözlər nə qədər böyük, çoxhecalı və mənaca çətin olarsa, geriyə qayıtma, təkrarlama o qədər çox olur. Şagirdlər təkrarlamağa ona görə meyillidirlər ki, sözlərin təkrarı onları cümlədə birləşdirməyə və mənanı başa düşməyə kömək edir. Ona görə də ilk dövrlər belə geriyə qayıtmanı nöqsan hesab etmək düz deyil.
Tərsinə çevirmə-hərflərin, hecaların və ya sözlərin yer dəyişdirərək ya da geriyə çevrilməsidir. Daha çox birinci sinif şagirdlərində rast gəlinən problemdir. Tərsinə çevirərək oxumanın 4 növü vardır: 1)bütöv sözü; 2)sözün bir hərfini; 3)hərflərin sırasını; 4)sözlərin sırasını tərs çevirərək oxuma.
Kökləri bir-birinə bənzər, eyni hərf tərkibinə malik sözlər xüsusən, kiçikyaşlılar tərəfindən səhv oxunur. Bu cür səhvlərə yol verən şagirdlərə yanıltmaclar oxutmaq faydalıdır. Bir-birinə simmetrik olan b-d, m-n, u-n kimi hərflər, bundan başqa f-t, c-e, a-o, c-ç, s-ş və s. bu kimi bir qrup hərflərin oxunuşu zamanı hərflər verilmiş qarşılığı ilə əvəzlənərək səhv oxunur.
Tələffüz xətaları-burada əsas amil düzgün tələffüz qaydasına-orfoepik normalara əməl edilməməsidir. Bəzən şivə və dialektlərdə danışma da öz mənfi təsirini göstərir. Məktəblərdə düzgün yazı qaydaları öyrədildiyi kimi düzgün tələffüz qaydaları da öyrədilməli, bununla bağlı ardıcıl iş aparılmalıdır.
Yanlış oxuma-oxu zamanı intonasiyaya, durğu işarələrinin tələblərinə əməl etməmək yanlış oxuya gətirib çıxarır. İbtidai siniflərdə müəllim çox diqqətli olmalı hər bir şagirdin oxu bacarıqlarının düzgün istiqamətdə formalaşması qayğısına qalmalıdır.
Reqressiya- reqressiyalar oxunmuş hissəni təkrar oxumaq məqsədilə gözlərin geri hərəkətidir. Bu nöqsanların ən geniş yayılmışıdır. Bəzi şagirdlər özləri də hiss etmədən həm çətin,həm də asan mətni iki dəfə oxuyurlar. Ləng oxu zamanı həcmi 100 söz olan mətn üçün reqressiyaların sayı 10-15-ə çatır.
Aydındır ki, gözlərin bu qədər tez-tez geri hərəkətləri oxunun sürətini azaldır. Əksər şagirdlər həm çətin, həm də asan mətnləri eyni dərəcədə ləng oxuyurlar. Lakin müəllim bu cür oxunun islahına calışmalıdır. Reqressiyalarsız oxu necə olur? Qaydanın məzmunu: İstənilən çətinlik dərəcəsində olan mətni yalnız bir dəfə oxumaq, gözlərin qayıdış hərəkətləri (reqressiyalar) yolverilməzdir. Yalnız oxu başa çatdıqdan və oxunmuşların mənası başa düşüldükdən sonra zəruri olarsa, mətni bir daha oxumaq olar. Bu qayda oxunun qanunu olmalıdır. Mətn hansı çətinlik dərəcəsində olursa-olsun, gözlər yalnız irəli getməlidir. Heç bir qayıdış hərəkətinə yol vermək olmaz. Məqsəd düzgün oxumağı öyrənməkdir.
Bu yolda ilk addım reqressiyaların tamamilə ixtisar edilməsidir. Belə ki, dəfələrlə oxunması lazım olan çoxlu çətin və mürəkkəb kitablar vardır. Buna baxmayaraq hətta bu cür mətnləri belə birinci dəfə oxuyarkən “reqressiyalarsız oxu qaydası”na sözsüz riayət edilməlidir. Çətin mətnlərin təkrar oxunması mümkündür, bəzən mütləqdir, lakin bütün hallarda təkrar oxu faktından əvvəl oxunan hissənin mənasının başa düşülməsi lazımdır. Əksər hallarda şagirdlər oxuduqları mətn üzərində düşünmür, oxu zamanı başqa bir şey haqqında fikirləşdiyinə görə heç bir şey anlamırlar. Ona görə də dəfələrlə oxuduqları mətnə qayıdırlar. Belə oxunun effektivliyindən söz açmağa dəyməz. Ona görə ki, oxu ləng olmaqla (təkrar oxuya 2-3 dəfə çox vaxt sərf olunur), mətnin mənasının başa düşülməsi və yadda saxlanılması keyfiyyəti də çox aşağı səviyədə olur. Belə halların, yəni reqressiyalı oxunun qarşısının alınması ibtidai sinif müəllimlərinin şagirdlərin oxusuna daha diqqətlə və məsuliyyətlə yanaşmasını tələb edir.
Artikulyasiya. Oxu zamanı dodaqların, dilin və digər tələffüz orqanlarının hərəkəti özlüyündə oxunun sürətini yalnız zahirən azaldır. Əslində isə onlar daim gizli hərəkətdə olurlar. Artikulyasiya aparatının mikrohərəkətlərinin intensivliyi hər şeydən əvvəl oxunun inkişaf səviyyəsindən və mətnin çətinliyindən asılıdır. Müəyyən olunduğu kimi sözləri tələffüz etmək vərdişi şagirdlərin əksəriyyətinə xasdır. O, şagirddə oxumağı öyrənərkən formalaşır. Şagird sözləri hərf-hərf, sonra heca-heca,nəhayət, bütövlükdə səsləndirir. Nəticədə görünən və tələffüz olunan söz arasında möhkəm reflektor əlaqə yaranır və mətni əvvəlcə ucadan, sonra pıçıltı ilə, sonra isə daxildə söyləmək vərdişi formalaşır və hər bir vərdiş kimi o da çox davamlıdır.
Dar görü sahəsi. Görüş sahəsi dedikdə, gözlərin mətnə bircə dəfə nəzər yetirməklə dəqiq qavradığı hissəsi başa düşülür.Ənənəvi oxu zamanı hərf, söz, ən yaxşı halda isə iki-üç söz qavranıldıqda görüş sahəsi çox dardır. Bunun nəticəsində gözlər çox sıçrayış edir və nəzəri saxlayır. Bu üsulu nəzərin parçalanması ilə oxu üsulu adlandırmaq olar. Görüş sahəsi nə qədər geniş olarsa, göz hər dayandıqda bir o qədər çox informasiya qavranılır, bu dayanmaların da sayı bir o qədər az olur, nəticədə isə effektiv oxu alınır. Sürətlə oxuyan şagird nəzərini bir dəfə saxlayaraq iki-üç sözü deyil, bütöv bir sətri, bütöv cümləni, bəzən isə bütöv bir abzası qavraya bilir.
Diqqətin təşkil olunma səviyyəsi. Diqqət oxu prosesinin katalizatorudur. Ləng oxuyan adamın diqqəti kənar düşüncələrə, əşyaya yayınır və mətnə maraq azalır. Buna görə də mətnin hissələri mexaniki olaraq oxunur və oxunmuş hissənin mənası dərk olunmur. Belə şagird kənar şeylər haqqında düşündüyünü hiss edən kimi çox vaxt həmin parçanı yenidən oxumağa məcbur olur.