Şabran rayonu ərazisində, Gilgilçayın hər iki sahilində bir-birindən 220 metr aralı iki divardan ibarət gil-daş sədlərdir. Ərəbdilli mənbələrdə "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzərə töküldüyü yerdən başlayan səddin divarları Babadağın zirvəsinə doğru 60 kilometrə qədər uzanır. Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalalarıiçərisində ən oynaq silueti olan abidədir. V əsrdə inşa edilmiş Çıraqqala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi.
44
Muğan Babazanlı yaşayış yeri
Çuxanlı, Salyan rayonu
Salyan rayonunun Çuxanlı kəndi ərazisində yerləşən, e.ə. I minilliyə aid yaşayış yeridir. Yaşayış məskəni Ələt-Astara magistral yolunun tikintisi zamanı aparılan qazıntılar nəticəsində aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya qrupu qədim yaşayış məskənində araşdırmalar aparıb. İlkin nəticəyə görə, bu ərazidə eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinədək yaşayış olub. Ərazinin keçmişindən təfsilatı ilə xəbər verən bu tapıntının unikallığı ondadır ki, burada yaşayış yeri ilə məzarlıq bir ərazidə yerləşir və eyni dövrə aiddir. Aparılan araşdırmalar zamanı 5 küp qəbir və 5 torpaq qəbir tapılıb. Bunların arasında həm uşaq, həm də böyüklərə aid qəbirlər var. Arxeoloq Arif Məmmədov bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən küp qəbirlərdən birinin üzərində şamanizmlə bağlı təsvirlər verilib.[78]