Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/24
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#676
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

PLOVDAN SONRA 
 
Bu axşam vağzalda çox get-gəl var idi. Kənardan baxan düşünərdi ki, 
adamlar hörmətli bir qonağı qarşılamağa, ya da yola salmağa toplanıblar. 
Vəziyyət qarşılamaq yox, yola salmaq mərasiminə daha çox bənzəyirdi. 
Əvvələn ona görə ki, əlində şey olan adamlar tələsə-tələsə vaqonlara tərəf 
gedirdilər. İkincisi, ona görə ki, parovozun, vaqonların səmti, duruşu qatarın 
məhz getməyə müntəzir olduğunu göstərirdi. Üçüncüsü... 
Nə başınızı  ağrıdım, vaqon ağzında komalaşanlar, hörmətli müsafırləri 
yola salırdılar. Qatar boyunca uzanan təmiz, asfalt səkilərdə  hərbi 
adamlardan, müəllimdən tutmuş,  əlvan geyimli, ağır gövdəli xanımlara 
qədər çoxlarını görmək olardı. 
Yumşaq vaqonun qabağında dayanan daha çox idi. Yola çıxan bu 
hörmətli müsafır kim ola? 
Bu, Moskvaya oxumağa gedən tələbələrdən, bəlkə  də bizim bəzi alim, 
şair, ya nazir uşaqlarından biri olacaq. 
Adamlar yumşaq vaqonun qabağında Ramizi - onilliyi bu il bitirmiş təzə 
tələbəni mehribanlıqla  əhatə etmişdilər. Kimi şokolad qutusu təqdim edir, 
kimi səbətdə üzüm, kimi kağız torbada başqa meyvələr gətirir, kimi də cüt-
cüt limonad şüşələrini pəncərədə dayananlara verib, Ramizin kupesinə 
ötürürdü. Kabardin palto və  ağ  şlyapa, ağ  əlcək və  ağ  çəkmə geymiş 
alçaqboylu, kök bir qadın isə  hərdən irəli çıxıb, Ramizin yaxasına qonan 
tükü götürür, onun dağınıq saçını  əli ilə geri daramaq istəyirdi. Oğlan isə 
ipək köynəyinin parıldayan metal açarını gah yuxarı, gah aşağı aparır, 
anasının sual və söhbətinə könülsüz, dilucu cavab verməklə kifayətlənirdi. 
Görünür, adam içində ailə söhbətlərindən, ana nəvazişlərindən xoşu 
gəlmirdi. 
Ərknaz xanım hərdən ətrafa boylanır, belə bir oğul anası olduğunu hər 
vasitə ilə gözə verməyə çalışırdı. Hətta atalıq hüququndan istifadə etmək 
istəyən ərinə də macal vermirdi. 
Papirosuna yüngül bir qullab vuran Namazov, oğluna belə tapşırıq 
verirdi: 
- Nə azuqə lazımsa, indidən alaq, daha yollarda düşməyə ehtiyacın 
olmasın! Ramiz, gör ürəyin daha nə istəyir! 
Ərknaz xanım kişisinə etiraz edirdi: 
  

128 
 
- Sən də danışdın ha! Ramiz sənə qız uşağı-zad deyil ki, qaxılıb vaqonda 
otursun, kənara çıxmasın. Yoldur, səyahətdir. Düşəcək də, minəcək də! 
Yolda, məsələn, xoşuna gələn bir meyvə oldu, alacaq da. 
Sən niyə indidən uşağı sinsidirsən, yoxsa pulun xəsisliyini eləyirsən?! 
Namazovun rəngi dəyişdi. Dediyinə peşman oldu. Ramiz də: "Heç nə 
lazım deyil" - dedi, başını  aşağı saldı.  Ətrafındakılar güldülər.  Ərknaz 
xanım özü də güldü. İrəli yeriyib, oğlunun kürəyindən bir şapalaq vurdu: 
- Qorxma, oğul, puldan özünə korluq vermə. Anan ölməyib ki! 
Vallah, öz canım üçün düz deyirəm! 
Axırıncı  zəng vurulana yaxın bir gödək, çalbaş kişi, bir də ortaboylu 
qoca qadın tələsik özlərini səkiyə yetirdilər. Iri bir bağlamanı ehtiyatla 
vaqona çıxarıb, Ramizin yerinə apardılar. Onların dalınca Ərknaz xanım da 
çıxdı. "Uşağın" kupesini, rahatlığını bir də yoxladı. Çox çəkmədi ki, axırıncı 
zəng çalındı, yola salanlar vaqondan düşdülər. Ramiz əvvəl kənardakılarla, 
sonra da valideyni ilə əl verdi, öpüşdü. Ərknaz xanım həyəcan keçirirdi: 
- Qadan alım, Ramiz, qalarsan, tez ol! 
Ramiz qatarın hərəkətini görən kimi cəld vaqonun pilləsinə atıldı. 
Dəsmal eleyə-eləyə vidalaşdı. Vaqon bir an içində onu götürüb getdi. 
Qohumlar, tanışlar, yoldaşlar - hamısı vaqon gözdən itənəcən Ramizə  əl 
eləyir, xeyir-dua verirdilər. Yalnız  Ərknaz xanım gah qırmızı haşiyəli 
balaca ipək dəsmalını gözünə basıb ağlayır, gah da sağ  əlini havada 
tərpədirdi. 
 

  
Kim desə ki, mən övladımı istəmirəm, inanmayın. O, yalan deyir. Elə 
adam ola bilməz ki, doğma balasını istəməsin. Övlad şirin  şeydir. Nəinki 
insan, hətta bütün yaranmışlar balasını istəyir,  əziz tutur. Amma istəmək 
var, istəmək var. 
Ərknaz xanımın oğluna məhəbbəti ayrı bir məhəbbətdir. Qardaş 
görmədiyindənmi, tək bir oğul anası olduğundanmı, Ramizin göz qabağında 
necə tez boy atıb böyüməyini yoldaşlar arasında fərəhlə dönüb-dolaşmasını, 
oxumasını, çalmasını, oynamasını gördüyündənmi, nədənsə, söz və 
söhbətinin  əvvəli də, axırı da Ramizdir. Məclis olmaz ki, Ramizdən 
danışmasın. Hər yerdə deyir ki: 
  
 
  

129 
 
- Ramiz çox qeyrətli, fərasətli uşaqdır. Çox qanacaqlı, mərifətli uşaqdır. 
Çox rəhmli, qabiliyyətli uşaqdır. Onun telefonla ibarəli danışmağını, 
cürbəcür kino artistlərinin təqlidini çıxarmağını,  şəkil çəkməyini, maşın 
sürməyini, qəşəng-qəşəng məktub yazmağını, kostyum seçməyinimi deyim,  
səliqə-sahmanınımı, kefi gələndə çalmağını, oxumağınımı, oynamağımı 
handa bir dəvətnamə ilə konsertlərə getməyinimi, lap baş cərgədə handa bir 
qızla oturmağınımı deyim, ədəb-ərkanını, mərifətini, qanacağınımı, hansını 
deyim!.. 
Münasib məclisin münasib bir yerində söhbət düşəndə  Ərknaz xanım 
oğlundan həvəslə, şirin-şirin danışır. Həmişə eyni sözləri danışsa da, elə bir 
vəcdlə danışır ki, deyərsən bu sözlər "xoruz səsi eşitməmiş" təzə 
xəbərlərdir. "Söhbət düşəndə" dedik. Əslinə baxsan söhbət düşmür, onu 
Ərknaz xanım özü salır. Özü də yeri oldu, olmadı baxmır. Bəlkə ayrı bir 
adam bunu bacarmaz. Ayrı bir mətləb danışılan zaman, yuyulmamış qaşıq 
kimi, aralığa girmək hər adamın işi deyil, "nə  dəxli var!" Amma Ərknaz 
xanım bunu demir və düşünmür. O, Ramiz söhbətini elə ustalıqla başqa 
mətləblərə qatır ki, danışanda, bir də görürsən Ərknaz xanım aralığa girdi: 
- Balam, indikilərə paltar bəyəndirmək olmur. Ramiz iki dəst xalis 
baston, triko kostyum tikdirmiş, bir dəst də atası Tiflisdə komissiyonnudan 
alıb, lap əcərri! Di gəl heç birini bəyənmir. Neyləyəsən, məcbursan ayrısını 
alasan. Cavandır... 
Adamlar Qubanın alma bağlarından, bu il meyvəcatın bol gəlməyindən 
danışanda Ərknaz xanım şikayətini başlayır: 
- Bizim Ramiz bazardan alınan meyvəyə  məhəl qoymur. Vallah, öz 
canım üçün, məhəl qoymur. O deyir: gərək üzümü, özü də  ağ  şanını ya 
dərbəndini meynədən özüm dərəm: almanı, ağacdan özüm üzəm. Atası ona 
keçən il Qusarda bir bağ tutmuşdu, iki minə. Başdan-ayağa almalıq, 
armudluq... 
Camaat beynəlxalq vəziyyətdən, hökumətlər arasında sülh 
yaranmasından danışıb, şükür eləyəndə, Ərknaz xanım fikrini belə bildirir: 
- Bə nədi, o gün hamınınkını Allah saxlasın, Ramiz qəzeti almışdı əlinə, 
sülhün barəsində bülbül kimi elə oxuyurdu, elə oxuyurdu, adamın canına 
yağ kimi yayılırdı. Qonum-qonşu tökülüb, deyəsən lap leksiyadı. Gədənin 
döşündə də mərmər göyərçin qanad açıb, elə biləsən bu saat uçub taxtapuşa 
qonacaq, öz canım üçün! 
Məktəbdən söhbət açılanda, Ərknaz xanımın dəftər-kitabı lap uzanır: 
  

130 
 
- Bizimki ayrı cür uşaqdır! Müəllimlər danışa, görəsən! Belə, bir özgə 
cür uşaqdı. Direktorlar lap məəttəl qalıblar. Bu yaşda uşaqda belə  fərasət! 
Görünməyib axı. Professorlar indidən Ramizin üstündə dava salıblar. Biri 
deyir: mənim institutuma gələcək, o biri deyir: yox, onu özüm dərs 
verəcəyəm. Biri deyir: gərək akademiyalar yanında dərs ala. Səs-sədası 
şəhəri götürüb, bilmirəm necə olacaq, öz canım üçün nənəsi gədənin 
köynəyinə gözmıncığı tikməkdən yorulub.  Özü qoymur, biləndə söküb atır 
bir qırağa. Görmüşdük oğlan üstündə  qızlar sözə  gələr, indi daha 
professorların gözü qalıb gedədə! Vallah, öz canım üçün, elə biləsən bənd 
olublar... 
- Ərknaz xanım, hansı dərsə Ramizin meyli çoxdur? 
- Elə hamısına! Dərs var ki, o bilməsin? Kitab var ki, oxumasın? 
Müəllimlər heyrandır ki, aya, bu yaşda belə baş!.. Belə lap özgə cürdür, 
allah hamınınkını saxlasın... 
 
* * * 
 
Vaqona əyləşəndə adamları zəfəran iyi vurdu. Zəfəran iyi gəlirdi, amma 
birtəhər gəlirdi. Deyəsən bu zəfəran ya qaynanmış, ya qovrulmuş, ya da yağ 
içinə qoyulmuşdu. Sərnişinlər soruşurdular: 
- Bu nə ətir ola, yoldaş konduktor? 
- Mənim də burnuma dəyir. 
- Yoxsa vaqon-restorandan gəlir bu? 
- Xeyr, vaqon-restoranda belə şey yoxdur 
Konduktor vaqonun o biri başına yaxınlaşanda, zəfəran iyinin daha da 
tündləşdiyini duyanda düşündü ki, bu təzə müsafirin, oxumağa gedən 
tələbənin kupesindən gəlir. Ötəndə gözucu nəzər saldı. Pəncərə qabağında 
baş-başa verən, konyak stəkanlarını çaqqıldadan iki gəncin zəfəran-plov 
yediyini görüb, tez ötdü. Çalışdı ki, gənclər onun nəzər yetirdiyini görüb, 
narahat olmasınlar. 
 

 
Doğrudur,  Ərknaz xanım hər yerdə  oğlunu ağız dolusu tərifləməkdən 
doymurdu. Tərifli cavanların heç birindən  əskik saymırdı ki, artıq sayırdı. 
Amma buna onun əsası yox idi. Ramiz orta məktəbdə miyana və  bəlkə 
miyanadan bir pillə  aşağı oxuyan uşaqlardan idi. Ərknaz bunu bilməmiş 
deyildi. Bilsə də, Ramizi tərifləməkdən əl çəkmirdi. Ona 
  

görə əl çəkmirdi  ki,  "Dedi-dedi  ev  yıxır!  O  müəllim  pis  deyər,  bu  pis  
deyər, valideyn də onlara qoşulub pis deyəndə, uşağın adı doğrudan da pisə 
çıxar, sabah ali məktəbə gedəndə onu qapıda dayandırarlar..." 
İkinci  tərəfdən  Ərknaz  xanım  Ramizin  dərsdən  aldığı  qiymətləri  doğru 
saymırdı. Bu qiymətlər bəzən onu təbindən çıxarır, əsəbiləşdirirdi: 
-  Nə  olmuşdu  bəyəm?  Çoğrafıyadan  da  zəif?  Yəni  Ramiz  o  qədər  əfəl 
oldu  ki,  dağların,  dəryaların  adını  da  saya  bilmədi?  Mənim  oğlum  həmin 
dağları aşıb, dəryaları ötüb dönə-dönə gəzməli yerlərə gedəndə, çoxları heç 
Bakıdan qırağa çıxmamışdı. Kislovodskə, Soçiyə, Moskvaya onu atası neçə 
dəfə özü aparıb, indi götürüb coğrafiyadan uşağa iki yazıblar. Yox! Gözləri 
götürmür! Məktəbdəkilər bizim uşağı aşkar gözümçıxdıya salmaq istəyirlər, 
ögey baxırlar, ögey!.. 
Əri   mane   olmasaydı,   bəlkə   Ərknaz   xanım   coğrafıya   müəllimi   ilə 
savaşacaq, kim bilir necə ağır sözlər deyəcəkdi. 
Üçüncüsü də bu idi ki, Ərknaz xanım oğlunun ali məktəbə düzələcəyinə 
arxayın  idi.  Xəyalına  qoymuşdu  ki:  "İmtahan  zamanı  müəllim  tutub 
hazırlaşdıraram,    atası    da    sözü    keçəndir,    tapşırar.    Bir    də    Moskva 
məktəblərinə gedən az olur. Ramizdən yaxşı kimi götürəcəklər..." 
Həmin  il  Moskva  məktəblərində  respublikalardan  gələnlərə  çox  yer 
ayrılmışdı.  İmtahan da,  Ramizin  bəxtindən  yerli  komissiyalarda  olurdu. Bu 
komissiyalarda da Ramizin atasını tanımayan kim idi. 
Vəziyyət belə olsa da, Ramiz imtahanda kifayət qiymətlər yığa bilmədi. 
Oğlunun  adını  qəbul  olunanlar  siyahısında  görməyəndə  Ərknaz  xanım 
təcili bilet alıb oğlu ilə birbaşa Moskvaya  yola düşdü. Neçə qapı döyəndən 
sonra  mərkəzi  qəbul  komissiyasının  məsul  katibinin  yanına  getdi.  Ərinin 
məsul   işlərdə   ömrünü   qoyduğunu,   oğlunun   naxoş   vəziyyətdə   həyəcan 
keçirərək  imtahan  verdiyini,  yerli  komissiyada  "ədalətsizlik  olduğunu", 
yeganə  oğlu  Ramizin  ərizəsi  rədd  edilərsə,  özünü  bədbəxt  ana  hesab 
edəcəyini  xüsusi  bir  həyəcan  və  hiddətlə,  təkid  və  cürətlə  danışdı. 
Haçandansa  Ramizin  məktəb  dram  dərnəyindən  aldığı  təşəkkürnaməni 
paketdən çıxarıb göstərdi: 
- Qabiliyyətsiz uşağa belə təşəkkürnamə verməzlər! 
Çox  haray-həşir  salandan,  dönə-dönə  dilindən  zəmanət  verəndən  sonra 
inşaat  institutunda  hələ  tutulmayan  yerlərdən  birini  Ramiz  aldı.  Təqaüdsüz 
və yataqxanasız olaraq oxumağına icazə verdilər. 
 
 
 
 
 
 
 
 
 
131 

132 
 
Ərknaz xanım bu icazə kağızını alıb Bakıya qayıdandan sonra daha 
yerə-göyə  sığışmırdı. Müəllimlərin, komissiyaların ünvanına acı-acı sözlər 
deyir, daş-qaş parıldayan  şəhadət barmağını silkələyərək, Ramizin 
qeyrətinə, biliyinə  məhz yuxarı  təşkilatlarda "lazımi və layiqli qiymət 
aldığını" bir daha iddia və  təsdiq edir, bədxahlarına sanki acıq verməkdən 
həzz alırdı. 
Ramiz oxumağa gedəndən Ərknaz xanımın yarı canı da onunla getmişdi. 
İndi oğul sözü-söhbətini  əvvəlkindən də beşqat artıq iştaha və  həvəslə 
danışsa da, ürəyini sakit edə bilmirdi. Ramizə halva, şəkər-çörək bişirir, 
səbət-səbət meyvə göndərir, həftəbaşı bir bağlama yola salırdı. Söz yox ki, 
bu bağlamaları poçtla, adi qayda ilə göndərsə, gecikəcəyini, bəlkə xarab 
olacağını güman edirdi. Ona görə  hər dəfə Moskva qatarını yola salmağa 
çıxır, bağlamanın ya xörəyi tanışlardan birinin kupesinə qoyur, oğluna 
teleqram vururdu ki: "Ramiz, ayın fılanında 19-cu qatarı qarşıla. Vaqon 
nömrə filan, dostumuz filankəsdə əmanətin var! Öpürəm. Anan!" 
Ramiz qəbul olunandan sonra poçtalyonlar inşaat institutuna çox get-gəl 
eleyirdilər. Görürdün bu qarabuğdayı  oğlana hey kağız, teleqram, 
bağlamalar gəlir. Poçtalyonlar onu dərsdə, idman meydançasında, konsert 
zalında tapır, tələsik qol çəkdirib gedirdilər. Səhərlər saat doqquzda-onda 
isə Ramizi arıq, büzüşmüş bir oğlanla vağzalda - vaqon ayağında 
"əmanətini" almağa gələn görərdin. Bu əmanətlər onu, demək olar ki, təngə 
gətirmişdi. Gələn  əmanəti alıb minik tapmaq, evə  gətirmək, açıb yerbəyer 
eləmək, taxtanı, torbanı, kağızı aparıb zibilxanaya atmaq özü bir iş idi. 
Ramizdə bu səliqəyə hövsələ yox idi. Bir dəfə üzüm səbətini vaqondan 
götürüb aparmaq istəyəndə milçəklər boğanaq kimi koma ilə uçdu. Səbətin 
altından axan su isə Ramizin təzəcə geyindiyi triko kostyumu buladı. 
Ramiz anasına dönə-dönə yazır, telefonla deyirdi ki: "Göndərməyin, heç 
şey lazım deyil, xörək də, meyvə  də xarab olur, nahaq yerə  zəhmət 
çəkməyin!" 
Buna baxmadan "əmanətlərin" sayı nəinki azalmırdı, hətta günü-gündən 
artırdı. Haçandansa, institutda oxuyan, qurtara bilməyən, möhlət alıb, 
arxivdə kargüzar vəzifəsi daşıyan köhnə bir tələbə İbiş Məsimov Ramizə bu 
işlərdə yaxın köməkçi idi. Hər səhər-axşam  İbiş Ramizin mənzilinin  əziz 
qonağı idi. Onu otaqda kolbasa doğrayan, çay 
  

133 
 
dəmləyən, butulka ağzı açan, yaxmac düzəldən, teatr kassasına zəng vuran 
görərdin  İbiş Ramizin bazarlığına gedir, bələdçiliyini eləyir, paltarını 
yudurdur, münasib qiymətlə çertyojlarının, konspektlərinin surətini 
çıxartdırırdı. Kinoya, teatra, stadiona aparırdı. Mənzil sahibilə sözü 
çəpləşəndə  təzə otaq tapırdı. Ramiz oxumağa gələndən üç dəfə otağını 
dəyişmişdi. Atası ünvanların belə tez-tez dəyişməyinə  təəccüb edəndə, 
Ramiz belə cavab verirdi: 
- Birincisində telefon yox idi, ikincisinin hamamxanası xarab idi, 
üçüncüsünün radiosu işləmirdi... 
- Ola bilməzmi ki, əvvəlcədən bu şərtləri yoxlayasan, ay oğul? 
- Bundan sonra yoxlayacağam, yaxşısını tutacağam, ata! 
Əlbəttə ki, bu cavabları Ramizə  İbiş öyrətmişdi. Ramiz heç vaxt otaq 
dəyişmək istəmirdi, buna hövsələsi də, bacarığı, vaxtı da yox idi. Onu 
otaqlardan ev sahibləri qovurdular. Ona görə qovurdular ki, gəlib-
getməyinin vaxtı yox idi. Gecə yarısı bir də görürdün İbişlə başmaq seyrinə 
çıxdılar, səhərə yaxın qayıtdılar. 
Ramizin etirazlarına atası da, anası da təvazökarlıq adı qoyurdular. 
Göndərilən xörəklərin, meyvələrin yolda xarab olmamasına isə çarə 
axtarırdılar. 
Axşam Ərknaz xanım ərinə, necə deyərlər, göydəndüşmə bir sual verdi: 
- Kişi, təzə təyyarə çıxıb, xəbərin var? 
- Nə təyyarədir? 
- Adını bir təhər deyirlər ey! 
- Reaktiv təyyarə? 
- Həri, aktiv təyyarə, eşitmisən? 
- O təzə deyil, neçə ildi var! 
- Var, bəs mənə niyə demirsən? 
- Sənə nə deyəsiyəm ki? 
- De görüm o aktiv təyyarə buradan Moskvaya neçə saata gedir? 
- Gərək ki, iki saata gedir. 
- Bu yaxşı, belə iş var, mənə niyə demirsən, a sağ olmuş? 
- Neyləmək istəyirsən bəyəm? 
İki saata mən Ramizə paxla-plov çatdırararn ki, lap buğlana-buğlana! 
Ərinin gülməyi, müəyyən bir cavab verməməyi  Ərknaz xanımı 
hirsləndirdi: 
  
 

134 
 
- Burada gülməli nə var, sən gülürsən? Düyü daş kimi olandan sonra 
uşağa çatmaq hara, plov isti-isti çatmaq hara! Bu gün sədri düyüsü isladım, 
sabah danış o təyyarələrdən birində uşağa bir qazan isti-plov göndərək. 
- Elə şey mümkün olmaz! 
Ərknaz xanım alt dodağını dişlədi. Namazovun üzünə dik-dik baxdı: 
- Necə məsul işçisən ki, beş kilo şeyi təyyarədə göndərə bilmirsən? 
- Beş nədi, on beş də göndərə bilərəm. Amma, ay arvad, reaktiv təyyarə 
yük üçün deyil, ayrı məqsəd üçündür. Şey qəbul eləməzlər! 
Ərknaz xanım ərinə hirsləndi: 
- Sənin bəd niyyətini bilirəm, indiyəcən bu təyyarəni məndən 
gizlətməyin də  əbəs deyilmiş. Sən övlad istəyən ata deyilsən. Dənizə 
göndərsələr də, suyunu qurudub gələrsən. Ata olan kəs bir demirsən, axı 
mənim balamdır, həftələrlə dilinə plov dəymir, ev xörəyi görmür... 
Noyabrın axırlarında Namazov Moskvadan bir səliqəli məktub aldı. 
Oxuyub məəttəl qaldı: "Bu nə işdir?" 
 
* * * 
 
 
 
Ramizin sinif yoldaşları yazırdılar. Salam və nəzakət sözlərindən sonra 
yazırdılar ki: "Ramiz çətinliklə instituta qəbul olunmuşdur. Düşünürdük ki, 
bunu nəzərə alar, dərslərinə fəal çalışar, yoldaşlarından geri qalmaz. Təəssüf 
ki, belə deyil. Təkcə onun iki aydı buraxdığı  dərslər bütün qrupdakı 25 
nəfərin hamısının buraxdığı  dərslərin cəmisindən çoxdur. Ramiz çox 
seminarlarda iştirak etmir. Öz çertyojlarında qoyulan suallara cavab verə 
bilmir. Kömək üçün onu qrupumuzun əlaçısı Fikrət Ağayevə təhkim etdik. 
Fikrətlə  cəmisi bir dəfə  məşğələ keçib, "vaxtım yoxdur" - deyə  gəlmir. 
Görünür yaxın adamları da onun xeyirxahı deyildir. 
Ramizin təhsil vəziyyətini Sizə bildirir, atalıq nüfuz və  təsirinizi xahiş 
edirik. Semestrin axırına az qalmışdır. Ramizin sessiyalardan zəif çıxması 
bütün qrupumuzun hörmətini və  dərəcəsini aşağı salacaqdır.  Əminik ki, 
bütün bunları nəzərə alacaqsınız. 
 
                                                                                      
                                                                                            Baqi hörmət!" 
  
 

135 
 
Qrup adından qol çəkən tələbələrdən sonra, dekan da onların fikrinə 
şərik olduğunu bildirmişdi.  
Kişi məktubu Ərknaz xanıma verdi. Ərknaz xanım diqqətlə oxuyandan 
sonra adətincə, dodağını gəmirib, gözünü ərinin üzünə zillədi: 
- Sən buna inanırsan? 
-İnanmamağa nə əsas var? 
Ərknaz xanım səsini ucaltdı və qətiyyətlə dedi: 
- Böhtandır, iftiradır, paxıllıqdır! 
- Tələbələrə nə düşüb sənin oğluna böhtan deyələr? 
- Buradakıların işidir! Uşaq hələ təzəcə dərsə gedib, qoysalar bir yerini 
rahatlasın, qoysalar bir nəfəs alsın! Nə qaçhaqaçdır, nə olub bəyəm? Hələ 
Ramizin qabaqda beş il vaxtı var! 
- Beş ilə baxmır, hər semestrdə dərsini yoxlayırlar. 
- Yoxlasınlar da. Bəyəm bir bizimkidir. Elələri var illərlə orada ilişib 
qalıb. Odur, İbiş altı ildir oradadır, hələ də möhlət alıb, heç onun anası belə 
kağız almır. Ramizi nə gördü gözləri bunların, canım! 
Namazov Ərknaz xanımın hirsləndiyini, təbdən çıxdığını görüb susdu, o 
biri otağa keçdi. Ərknaz xanım isə dəstəyi götürüb, oğlunu telefona çağırdı. 
Kişi  Ərknaz xanımdan xəlvət oğluna bir nəsihət məktubu yazdı, 
institutdan gələn xəbərlərin hamısını bildirdi və  təkid etdi ki, dərslərinə 
yaxşı fıkir versin, vaxtını hədər keçirməsin, oraya oxumağa gedib... 
Ərknaz xanım isə şəkərbura, paxla-plov tədarükü görüb, yaxın günlərdə 
Moskvaya getməyə hazırlaşırdı. 
 

 
Vaxt gözləmir deyirlər, heç kəsi, heç yerdə  və heç nə üçün gözləmir, 
zaman əvvəli, axırı görünməyən güclü bir sel kimi heç nə ilə hesablaşmadan 
axıb gedir. 
Vaxt gəlib çatdı, semestrə yekun vuran yoxlama və imtahanlar cədvəli 
institutun divarlarından asıldı. Tələbə  də, müəllim də  işlərini bu cədvələ 
uyğunlaşdırmağa səy etdi. 
Ərknaz xanım aerodromda yumşaq minik təyyarəsindən düşüb, oğluna 
gətirdiyi sovqatları sevinclə taksi maşınına yığanda Ramiz 21-ci 
auditoriyada yer quruluşu fənnindən yoxlama imtahanı  verirdi.  O,  yazı 
taxtasının qarşısında, əlində tabaşir donub qalmışdı. 
  

136 
 
Çeşməkli professor İvanov əlində qələm Ramizin üzünə mənalı-mənalı 
baxırdı: 
- Bəs niyə belə? 
- ... 
- Bəlkə hazırlaşmamısan? 
- Xeyr, professor, bilirəm, soruşun! 
Professor İvanov fənnin lap əlifbası sayılan suallardan birini də, ikisini 
də təkrar etdi. Ramiz gözlərini döyməkdə davam etdi. Professora yəqin oldu 
ki, bu tələbə  nə orta məktəbdən hazır gəlib, nə  də institutda dərslərə 
hazırlaşıb. 
- Heç gözləməzdim! Uzaq yerdən gəlmisiniz, siz gərək... 
Ərknaz xanım oğlunun imtahana getdiyini eşidəndə ildırım kimi özünü 
instituta saldı. Ramiz anası ilə dilucu görüşüb, qulağına pıçıldadı: 
- Odur ey, gedir, o qoca professor məni kəsib, hələ  vərəqəni təhvil 
verməyib, gör nə eləyirsən, ay ana! Başına dönüm, qurbanın olum! 
Ramiz bu yalvarış sözlərini professora da demişdi, ancaq bir nəticə 
görməmişdi: "Başına dönüm, qurbanın olum!.." Yenə ümidini kəsmir, 
anasının əncam çəkəcəyini zənn edirdi. 
Ərknaz xanım professor İvanovu qapı ağzında haqladı: 
- Yoldaş professor, bir dəqiqə! 
İvanov başı ilə ehtiram işarəsi verdi: 
- Buyurun, xanım, buyurun! 
Ərknaz xanım bir qədər kənara çəkildi. İvanov da yaxına gəlib dayandı. 
- Mən sizi eşitməyə hazıram. 
Ərknaz xanım İvanovun əlindəki portfelə baxdı: 
- Verin mən saxlayım, sizə zəhmət olar! 
Bu söz professora təəccüb gəlsə də, mülayim cavab verdi: 
- Eybi yoxdur, siz sözünüzü deyin, eşidirəm! 
- Bəlkə bu otaqların birində yer tapıb əyləşdiniz. Sizə ayaq üstə 
zəhmət olar. 
Professor yaxındakı otağa tərəf getməyi  Ərknaz xanıma işarə etdi. 
Ərknaz xanıma yer göstərdi, sonra da özü oturdu. Burada söhbətə mane ola 
bilən bir kəs yox idi. Dib tərəfdə bir qız oturub nəsə siyahı tutur, hərdən 
telefonla danışırdı. Ərknaz xanım alçaq səs və xahiş ədası ilə İvanova belə 
müraciət etdi: 
  

137 
 
-  Əvvəla, mən özümü xoşbəxt hesab eləyirəm ki, sizin kimi böyük bir 
alim ilə tanış oldum. Əlbəttə ki, bunlar bizləri çox başı ucalıqdır... 
İvanov onun bu istiqamətdə danışmağına yol verməmək üçün qolundakı 
saata baxıb dedi: 
- Buyurun, mənə aid sözünüzü buyurun, xahiş edirəm, buyurun! 
Ərknaz xanım mətləbə keçdi: 
- Yoldaş professor İvanov, Sizin tələbəniz Ramizin atası  məsul işçidir. 
Vaxtı yoxdur. Çox mühüm tapşırıqlar ilə  məşğuldur. Gələ bilmədi, xahiş 
etdi ki, sizə çox-çox salam-dua yetirəm... 
Professor bu sözlərə də bir cavab tapmaqda çətinlik çəkən kimi susurdu. 
Saata baxdı, təkrar soruşdu: 
- Rica edirəm, buyurun görüm mənə aid qulluq... 
Ərknaz xanım davam etdi: 
- Oğlum Ramizin sizin dərsdən yaxşı qiymət almamağını  eşidib, mən 
özüm gəlmişəm... 
Professor tələbənin qrupunu, sinfini, familiyasını soruşdu, xatırladı: Hə! 
O mənim dərsimdən zəifdir. 
- Atası məsul işçidir... 
- Məsul, ya qeyri-məsul, xanım, bizə tələbə lazımdır, oxuyan 
tələbə! 
- Orası düzdür, yoldaş professor, indi bu uşağın işinə bir əncam 
çəkmək lazımdır. 
Professor başı ilə təsdiq etdi: 
- Əlbəttə ki, əlbəttə ki, lazımdır, bu vəziyyətdə qoymaq olmaz. 
Əlbəttə ki, əncam çəkmək vacibdir! 
Ərknaz xanımın gözləri parıldadı, ürəyi yerinə gəldi: "Düzələcək". 
- Çox sağ olun, çox var olun, bir təhər düzəldin! 
İvanov bir qədər fikirli kimi başını  aşağı saldı. Çeşməyini çıxartdı, 
təzədən gözünə taxdı: 
- Məncə, Ramizin işini orada, yaşadığınız  şəhərdə daha tez və yaxşı 
düzəldə bilərsiniz. 
Ərknaz xanımın sifəti ciddiləşdi, gözləri böyüdü: 
- Necə? 
- Necəsi budur ki, onuncu sinfə qaytarmaq, müəllimlərdən xahiş etmək 
olar ki, ciddi tələbkarlıqla oxutsunlar, proqramı kamil öyrətsinlər. 
Özünüzün də gözünüz üstündə olar. Kontrol lazımdır hər gün, hər saat... 
  

138 
 
Elə bil Ərknaz xanımın qabarıq sinəsindən iti bir ox vurdular. Ürəyində 
professora qarğış tökdü: "Ay səni görüm "onuncu sinif' deyən dilin 
qurusun!" 
İçini çəkdi, rəngi dəyişdi, oturduğu yerdən dik qalxdı, hirslə, bir az, da 
ucadan dedi: 
- Bəs geriyə qayıtmaq, ay professor, tələbənin, belə igid bir oğlanın 
qeyrətinə toxunmazmı! İnsaf harda qaldı? 
Professor İvanov çiyinlərini çəkdi, bir söz demədi. Qeyrət məsələsindən 
demək istəyirdi, ancaq demədi. Qarşısəndakı qadın olduğu üçün, ana olduğu 
üçün demədi, o demək istəyirdi ki: "Qeyrəti olan tələbəyə  əlbəttə ki, 
toxunar. Amma qeyrəti olan tələbə heç bu hala düşməz! Burası da var axı, 
qızım!.." 
Bu dəqiqə  İbiş  mənzildə süfrə  tədarük edir, təzə  gəlmiş plov qazanını 
ocaq üstünə qoyurdu. 
1955 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin