GƏRƏK OLAR
Elə düşüb ki, qonşum işdən gələndə mən işə gedirəm. O, gündüzlər
işləyir, mən axşamlar. O, zavodların birində mühəndis, mən də məktəblərin
birində müəlliməm. Doğrudur, qonşuluğumuzun on beş ildən artıq tarixi
var, ancaq Mürsəllə yaxın əlaqəmiz, get-gəlimiz yoxdur. Demək olar ki,
bizim tanışlıq və ya dostluğumuz qonşuluqla başlanır və qonşuluqla bitir.
İlk dəfə mən onu müharibədən əvvəl küçəmizdəki on bir nömrəli evə
köçəndə görüb təbrik etmişəm. O da mənə ya qapıda rast gəlir, salamlaşır,
ya ümumşəhər yığıncaqlarında görüşüb əhvallaşırıq. Yaxın münasibətimiz
olmadığından bizim əhvallaşmağımız da dilucu və rəsmi olur. Söhbətimiz,
bir-biri ilə o qədər də maraqlanmayan, ancaq qəbul olunmuş nəzakət
qaydalarına riayət üçün edilən və qəlib şəklinə düşmüş müxtəsər və
mülayim sual-cavabdan ibarət olur:
- Salam!
- Əleykəssalam!
113
- Necəsiniz?
- Sağ olun, duaçı varıq. Siz necəsiniz?
- Çox sağ olun!
- Ayrı nə var, nə yox.
- Sağlığınız.
- Havalar da pis deyil.
- Bəli xoş keçir.
- Daha nə var, nə yox?
- Daha səlamətlik, bu yana tələsirəm.
-Di hələlik!
- Xoş getdiniz!
Deyə bilərəm ki, bu mükalimə Mürsəllə mənim aramda, yalan olmasın,
hər görüşdə təkrar olunur. Bəzən bir-iki kəlmə o yan-bu yana olsa da,
məzmun dəyişmir.
Bəs nə üçün biz söhbəti dərinləşdirmir, ya uzatmınq. Bəlkə bizim bir-
birimizlə danışmağa sözümüz yoxdur.
Belə deyil, danışmağa söz var.
Bəlkə işə tələsirik, bundan artıq dayanmağa vaxtımız olmur.
Belə də deyil. Ürəyin istəyən adamla danışmağa, əhvallaşmağa vaxt
tapılar. Axşam işi də ki, ləğv olunub.
Bəlkə bir-birimizi istəmirik, yaxınlıq etməyə meylimiz yoxdur.
Bunu da deyə bilmərəm. Çünki Mürşəl mənim üçün həm qonşu, həm də
yaxşı bir mütəxəssisdir. Mənim texnika sahəsində çalışan mütəxəssislərin
işinə və söhbətinə meylim, marağım çoxdur. Ola bilər ki, Mürsəlin məndən
acığı gəlir, xoşlanmır. Haqqı danışmaq lazımdır, bunu mən hiss etməmişəm,
kişiyə şər ata bilmərəm.
Soruşacaqsınız ki, yaxşı, bəs sizin aranıza daş dığırlayan kimdir. Niyə
yaxınlaşmırsınız.
Bunun səbəbini, əslinə baxsan, özüm də yaxşı bilmirəm. Ancaq son
zamanlar Mürsəllə mənim aramızdakı bu sərinlik birdən-birə gözlənmədən
çəkildi. Buna da səbəb bir hadisə oldu ki, bu hekayədə onu sizə danışmaq
istəyirəm.
Mürsəl orta yaşlı, boydan uca, candan sağlam, xoşsifət, ağbəniz,
qalınqaş bir kişidir. Mən qapıdan çıxıb trolleybus ayağına yönəlməkdə,
Mürsəl də trolleybusdan düşüb on bir nömrəli evin daş pilləkənlərinə tərəf
gəlməkdə.
Onu da deyim ki, Mürsəlin qazancı yaxşıdır. Çox yaxşıdır. Bunu mən
nədən bilirəm. Əlbəttə ki, onun idarəsindən, vəzifəsindən, həm-
114
karlar ittifaqı kitabçasından xəbərim yoxdur. Ondan bilirəm ki, Mürsəl
işdən evə qayıdanda əlidolu gəlir. Gözümlə görmüşəm. Xüsusən hər il,
hökumət qərarilə mallar ucuzlaşandan sonra, Mürsəlin bazarlığı çox olur. O,
qoltuğu dolu, tər basmış bir halda özünü evə salır. Qapını ayağı ilə açır.
Mürsəlin aldığı ərzaq şeyləri ilə işim yoxdur. Məni maraqlandıran bu olub
ki, Mürsəl nə olsa (bahalı, ucuzlu, böyük, xırda) küçə qapısında açıb tökür,
sanki bazarlığını qonum-qonşuya, yoldan ötənlərə göstərmək istəyir.
Deyəsən kişi bunu şöhrət bilir, bundan zövq alır. Görürsən qapıya yetişən
kimi əlindəki iri qutunun kəndirini qırdı, ağzını açdı, oradan bir parıldayan
elektrik çayniki, stol lampası, ya uşaq kino cihazı, ventilyator çıxartdı;
qutunu kağızları ilə qapıda qoyub içəri getdi. Ya görürsən çəkmə, papaq, üst
köynəyi, yazı cihazı, stol saatı... Bunların da kağızını açıb tökəndən sonra
içəriyə apardı.
Doğrusu, qonşumun bu xasiyyəti mənə qəribə gəlmişdi. Çünki belə bir
hərəkət, yəni aldığı şeyləri camaat qabağında açıb tökmək, hamıya
göstərmək, mənim fikrimcə, yaxşı deyil. Buna görməmişlik deyərlər.
Dünyada əlbəttə ki, elə adamlar da var. Elə adamlar var ki, təzə
paltosunu, kostyumunu göstərmək üçün şəhəri küçə-küçə gəzir,
qaranlıqlaşana qədər gəzir. Yorulub dildən düşsə də, gəzir.
Nədənsə mənə elə gəlirdi ki, bu xasiyyət Mürsələ yaraşmır, heç
yaraşmır. Bir adam gəlib qonşum haqqında bunları danışsaydı, mən
inanmazdım və o adamı bəlkə də bir az danlardım.
İndi bunları mən öz gözümlə görürəm. Mürsəl içəri girəndə qapıda
qoyub getdiyi, kənara atdığı cürbəcür biçimli, markalı rəngli qutuları, iri
qalın kağızları, bağlama kəndirlərini öz gözümlə görürəm, yenə də gözümə
inanmağım gəlmir. Ona görə inanmağım gəlmir ki, belə bir "görməmişliyi",
ya "şöhrətpərəstliyi" Mürsələ yaraşdıra bilmirəm.
Deyirlər, söz adamın ürəyini dələr. Günün birində qət etdim ki, bu işi
hökmən qonşumun nəzərinə çatdıracağam. Acığı da gəlsə deyəcəyəm. Qoy
bilsin ki, kənardan baxanlar danışırlar, onun bu xasiyyətinə yaxşı demirlər.
Qoy bilsin ki, bazardan bol-bol ev ləvazimatı, sənaye malları alan minlərlə
adam var. Amma heç kəs aldığını küçədə açıb elan etmir. Bu, mədəni
adama yaraşan xasiyyət deyil. Bu, adamı hörmətdən salar.
Söz vaxtına çəkər. Aprelin əvvəlləri idi. Saat beş, ya altı olardı. Evdən
çıxıb trolleybusa tərəf gedirdim. Mürsəlin yenə, öz qaydasında
115
qapıda bir bağlamanı, kub şəklində, yaraşıqlı və üstü yazılı qutunu açdığını,
içindən çıxartdığı uzun büllur vazaların kağızını soyub tökdüyünü gördüm.
O, işarə ilə mənə salam verdi. Vazaları qucağına alıb içəri gedəndə mən onu
haqladım.
- Mübarəkdir, büllur almışsınız! - dedim.
- Bəli, güldanlardan xoşum gəlir.
Mürsəl mənim ötəcəyimi güman edirdi. Mən isə səsimin ahəngini bir
qədər dəyişdim:
- Qonşu, sizə bir söz deyəcəyəm, gərək acığınız tutmasın. Ya ərk bilin,
ya də özünütənqid sayın. Çoxdan ürəyimdə gəzən bir sözü sizə deməyi qət
etmişəm.
Mürsəl gözləmədiyi bir söhbətə müntəzir, həm də xeyli maraq etdiyini
gizlədə bilməyən bir tövrlə dayandı. Sonra qolumdan tutub içəri çağırdı:
- Buyurun, buyurun! Acığım tutmaz. Yaxşı məsləhətinizi eşitməyə
hazıram. İllah da ki, siz kimi bir müəllim yoldaşdan ola.
- Qonşu, görürəm siz doğrudan da əsil qaygikeş, ailəcanlı bir
yoldaşsınız. Mən hər dəfə sizi qoltuğu dolu görəndə sevinirəm. Sevinirəm
ki, bizim yaxşı ziyalılarımız bütün sevinc və şənliklərini, bayramlarını məhz
ailələri ilə birlikdə keçirirlər. Amma bir şey mənə qaranlıqdır ki, onu
sizinlə, elə-belə sual şəklində məsləhətləşmək pis olmaz.
Mənim sözüm, deyəsən Mürsəldə maraq oyatmışdır. O, müntəzir
gözlərini diqqətlə mənə zilləmişdi. Mətləbi hara gətirəcəyimi aramsız
gözləyirdi. Mən tənqidimə sual rəngi verdim:
- Bu ki siz aldığınız şeyləri qapıda hər dəfə açıb tökür, qutudan,
qəzetdən çıxanrsınız ha, doğrusu, bunun mənası mənə bir qədər aydın deyil
axı. Şükür, sizin gözəl eviniz, otaqlarınız, ailəniz. Nə olar ki, aldıqlarınızı
açmamış evə gətirəsiniz. Evdəkilərin özü də bir az maraqlanar, sonra
mübarək deyərlər. Mən görürəm ki, siz bazarlığı, şübhəli sovqat kimi, lap
qapı ağzında açırsınız, hamının gözü qabağında! Uşaqlar buradan həmişə
qutu daşıyırlar. Bir dəfə ananızın onlara acıqlandığını da eşitmişəm...
Mən illərdən bəri ürəyimdə bir ağrı kimi yatıb qalan və qaldıqca
ağırlaşan bu sözləri dedikcə, bir yüngüllük, rahatlıq duyurdum. Mənə elə
gəlirdi ki, haçandan bəri zehnimə yüklənən bu ağırlıqdan indicə
qurtarmışam. Qəddimi düzəldib ətrafıma bir baxdım. Mürsəllə daha
müfəssəl danışa bilərdim. Ancaq buna ehtiyac görmədim. Çünki mənim
116
ilk işarəmin hərifə kifayət etdiyi məlum idi. Mürsəl qucağındakı vazaları
ehmallıca taxtın üstünə qoyub fikirli-fikirli mənə baxır, daha nələr
deyəcəyimi gözləyirdi. Mən isə əlavə bir söz deyəsi deyildim. Çünki oxum
lap hədəfə dəymişdi. Qonşum rəngdən-rəngə düşürdü. Mənim susduğumu
yəqin edəndən sonra göz qapaqlarmı aşağı endirir, yerə, lap çəkmələrinin
ucuna baxırdı. O, çətin suallara tutulan hazırlıqsız bir məktəbli vəziyyəti
almışdı. Başını qaldırıb xoş bir nəzərlə dedi:
- Qonşu, gəl bu söhbəti ayrı vaxta qoyaq. Görürəm siz işə tələsirsiniz.
- Nə eybi var.
- Mən zəhmət verib sizi çağıracağam. Ərkim çatarmı?
- Xoşdur, xoşdur.
Mürsəl doğrudan da məni çağırdı. Mətləbi açıb danışdı. Budur mən
onun dediklərini onun öz sözü ilə sizə danışıram:
"Mənim anamda köhnədənqalma bir xasiyyət var. O, çox yığımcıl
qadındır. Əlinə keçən bir çöpü, mismarı, bir taxta parçasını, konserv
qutusunu götürüb evə gətirər ki, "gərək olar". Bizim evdə olan qutu, karton,
kağız, köhnə paltar, çəkmə, qaloş, qalstuk, stul qıçı, butulka, dərman şüşəsi,
çatdaq boşqab, qırıq nəlbəki, xarab lampoçka, yazılı uşaq dəftəri, sınıq
qələm, sökük zənbil... heç kəsin evində yoxdur. Yalan olmasın, anamın
bəlkə lap gəlinlik günlərində geyib dağıtdığı başmaqları, parça-parça etdiyi
koftalar da evimizdə, sandıqların, yeşiklərin hansı küncündəsə durur. Mən
hərdən cəsarət edib onları atmaq istəyəndə anam acıqlanır:
- Sənə bir maneçiliyi yoxdur ki!
- Axı bu zir-zibili niyə rədd eləmirsən ki, əl-ayaq açılsın, yer
genişlənsin.
- Bunlar hamısı gərək olur.
Bəzən mən lap hövsələdən çıxıram, evi ütil daxmasına oxşadan bu
qadınla az qalıram bir yad kimi reftar edəm. Anam mənalı-mənalı üzümə
baxır. Sonra başımı sığallayır.
- Oğul, - deyir, - ev-eşik yığmaq asan deyil. Sən hələ uşaqsan, hələ
dabanınla qapı açmamışsan. Sən bilmirsən ki, adam hər bir mismar üçün,
bir iynə, bir şüşə üçün məəttəl qalır. Adam öz şeyinin qədrini bilər! Nə olar
köhnə olanda. Köhnənin köhnə, sınığın sınıq yeri
117
var, təzənin də təzə. Niyə atıram, dəli-zad olmamışam ki, malımı çölə atam!
Bir kənarda durub, məndən kira-zad istəmir ki, təzə nəlbəkini qonaq
qabağına qoyaram, ucuzunda özüm çay içərəm, köhnəsini də bağda
işlədərəm...
Mən görürəm ki, qadın lap dağılıb heçə döndərdiyi paltarından da əl
çəkmir. O, bunlarla sanki qırılmaz bir ünsiyyət bağlamışdır. Sanki onun
nəyi isə qiymətli bir şeyi bunlara bağlıdır. O, bu paltar, ya ayaqqabıda
keçirtdiyi günlərdən, ömrünün ötüb gedən günlərindən ayrılmaq istəmir.
Qadının qəribə xasiyyəti var. Haçandan qalma köhnə qalstukları səliqə ilə
yığıb saxlayır, yumurta bişirmək üçün aldığım təzə tayqulpa qıymır,
konserv qutusunda bişirir.
Mən özümü saxlaya bilmirəm. Hirslənirəm, qutunu götürüb küçəyə
atıram.
O mənim əsəbi vəziyyətimi görüb heç nə demir. Sakit görünür. Ancaq
bir dəqiqə keçmədən xəlvəti oğurlanıb küçəyə getdiyini, qutunu götürüb
ətəyinin altında gətirdiyini duyuram. O, bu qutunu gizlədib qiymətli şey
kimi qoruyur.
Mən belə bir naxoşluğa tutulan adamın müalicəsini bilmirəm. Əlacım
ona qalıb ki, bundan sonra evə qutu-qapaq gətirməyim. Qət etmişəm ki, evə
alınan şeylərin qutusunu, kağızını, kəndirini qapıdaca redd edim ki, ev
zibilxanaya dönməsin".
Danışdıqlarından yüngüllük duymuş kimi Mürsəlin rəngi açıldı. O, bir
qədər sükutdan sonra davam etdi:
- Sizi təəccübləndirən işlərim də ancaq bunun üçündür, yoxsa mənim də
şöhrətpərəstdən zəhləm gedər.
Mürsəlgilin ailə sirrini biləndən sonra məni heyrət götürdü:
- Bəlkə, - dedim, - qadının bu xasiyyəti irsidir, nəsildən gəlmədir.
- Necə irsidir ki, bu yazıq heç ata-ana görməyib, əmisinin evində
qulluqçü böyüyüb.
- Yəqin, əmisi yaxşı saxlamırmış.
- Bəli, ona öz uşaqlarının köhnəsini geydirirmiş.
- Daha sən qadını niyə qınayırsan. Uşaqlıqdan həsrət gözü var. Mürsəl
güldü:
- Uşaqlıq yaşından qırx il keçir. Çobanlar gəlib alim olub. İndi ki, həsrət
deyil! İndi onun nəyi çatışmır. Görmür ki, mənim bütün qazancım evə, onun
əlinə gəlir...
118
- Adəti unutmaq naxoşluğuna səbəb olur.
O köhnə məsəldir.
- Anan da köhnə adam deyilmi.
Hər ikimiz çox danışandan sonra qadının köhnə azarına müalicə tədbiri
düşündük.
Mürsəl bu yaxınlarda təzə evə köçməli idi. Güman edirdi ki, "anamın
barxanasını da qoyub gedirik". Ancaq qadın deyəsən, bunu duymuşdu.
Düyünçələrini bir-bir sahmanlayıb yığırdı: "Orada, deyirdi, - mənə otaqdan-
zaddan verərsən, öz şeylərimi yığım, əl-ayağa dolaşmasın..."
Mən Mürsələ bir məsləhət gördüm: "Elə vaxtda köçməlisən ki, anan
şəhərdə olmasın!" Mürsəl bu tədbiri xoşladı və əməl etdi: avqustun
ortalarında qadın bağda olan zaman uşaqları futbola gətirmək məqsədilə
şəhərə gəldi. Həmin günün səhəri, tezdən də köçdü.
Ancaq köçəndə iki yük maşını çağırtdı: biri ev əşyasını təzə evə aparırdı,
o biri də lüzumsuz şeyləri şəhər kənarına atmağa aparırdı.
Köçəndən bir həftə sonra anasını maşına qoyub təzə otaqlara gətirmişdi.
O, parket döşəməsi parıldayan geniş, işıqlı otaqları gəzdikcə "pəh-pəh, -
deyirdi, - oğul, sağlığına qismət olsun!"
Otaqları gəzdikcə gözü nəyi isə axtarırdı: - "Hanı bəs mənim şeylərim.
Hara yığmışsınız onları".
- Hansı şeylərini.
- Köhnə pal-paltarımı, dür-düyünçəmi!
- Odur, sandığında!
- Sandıq o qədər şey tutmazdı, köhnələri deyirəm!
- Köhnələri köhnə evdə qoyduq.
- Ədə, boş danışma, şeyləri göstər. Kağız qutunu görmürəm!
- Ana, o şeyləri buraya gətirmək olardımı.
Qadın birbaş köhnə evə cumdu. Evi bağlı gördü, sahibi bağda idi. Bir
müddət qadin dabanlarını çəkib köhnə evə ayaq döydü. Axırda təngə gəlib
yerində oturdu. Dilindən düşməyən bircə şikayəti bu idi:
- Köhnə evdə mənim çox şeyim getdi. Mənə çox ağır oturdu...
Oğul da deyirdi:
- Düz deyirsən, ana, o ev səndən çox şey apardı. Amma yaxşı ki, apardı,
səni yüngüllətdi.
1953
119
ÖZÜNDƏN NAXOŞ
Людей одиноких по натуре, которые как
рак-отщелник или улитка, стараются уйти
в свою скорлупу, их на этом свете немало.
Антон Чехов
- Naxoş-maxoş bilmirəm. Kim getməsə, məsələsini ümumi iclasa
qoyacagam.
- Bu nə danışır e!
Mirzə Əsgər Abasəlinin dalınca baxa-baxa qaldı. "Ümumi iclasa
qoyacağam!" sözlərini zehnində təkrar etdi, vahiməsi bir az da artdı.
Mirzə Əsgər Abasəlini yaxşı tanıyırdı. Bilirdi ki, dediyini eləyəndir.
Onun adını evdə söyüşlə çəkəndə arvadı soruşurdu:
- Necə adamdır o.
- Əvvəla, demaqoqdur, lap yekəsindən. İkincisi, nanəcibdir. Üçüncüsü,
həyasızdır. Dördüncüsü...
Arvadı onun sözünü kəsdi:
- Sayma, bəsdir, həyasızdan nə desən çıxar.
Abasəli trestdə yerli komitə sədri idi. Keçən həftə qərara alınmışdı ki,
istirahət günü bütün işçilər yığışıb stansiyaya getsinlər, vaqonlardan tökülən
taxta dirəyi maşınlara yükləməkdə vağzal fəhlələrinə kömək etsinlər. Tikinti
materialı o qədər tökülmüşdü ki, yığıb-yığışdırmaq üçün kollektivin bu
qərarı elan olunanda Mirzə Əsgər adəti üzrə etirazını bildirdi:
- Əlbəttə ki, iməciliyə getmək məsələsində naxoşlar nəzərə alınmalıdır!
Bu söz Abasəlinin qulağına çatanda cin başına vurdu. "Belə de xeyrə-
şərə yaramaz adam olarmı" - deyə düşündü və üzünü hesabdarın otağına
tutub ucadan dedi:
- Naxoş-maxoş bilmirəm. Kim getməsə, məsələsini ümumi iclasa
qoyacağam!
* * *
Mirzə Əsgər iyirmi ildi trestdə hesabdar vəzifəsində çalışırdı. Bu iyirmi
il müddətində bir gün olmayıb ki, o, başını qaldırıb desin. "Bu gün kefim
sazdır, yaxşıyam!" Onu həmişə səhhətdən şikayət edən,
120
boyun-başını tutub ufuldayan görərsiniz. Biri baş ağrısından danışanda
Mirzə Əsgər şərik olardı: "Mənim başımın ağrısı kəsmir". Biri ürəkdən, bir
başqası mədədən şikayətləndimi, Mirzə Əsgər qələmi yerə qoyar, çeşməyi
çıxarar və deyərdi:
-Siz, deyəsən mənim naxoşluğumdan xəbər verirsiniz. O şeylər məndə
artıqlaması ilə baş verir. Dərman atmaqdan yorulmuşam.
Mirzə Əsgər həyatında çox ehtiyatlıdır. Yeməyinin, istirahətinin vaxtını
keçirməz. Az qala özü yaşda bir stəkanı, qalaylanmış qaşığı, qəlyanaltı üçün
ayırdığı xüsusi bir yeşiyi var. O yeşikdən butulka ilə qaynanmış su,
kəklikotu, aspirin, cürbəcür vitaminlər çıxar.
"Qrip" sözünü yazanda dəsmalla ağzını tutar, səhər-axşam qoltuğuna
termometr qoyub, hərarətini yoxlayar.
Bir dəfə tramvayda evinə gedəndə yanında oturan bir xanım şübhələndi.
- Yoldaş, - dedi, - sumkanızda toyuq var, nədi.
- Xeyr, mənim sumkam boşdur, bazara getməmişəm.
- Bəs bu qurultu səsi nədir ki, mən eşidirəm. Mirzə Əsgər başa saldı:
- Qoltuğumda qrelka var. Ağrını kəsmək üçün məsləhət görüblər.
Tramvay tərpənəndə zəhrimar yırğalanır. Suyun səsidir!
Axşamlar istirahət vaxtı adamlar kinoya, teatra, stadiona gedəndə Mirzə
Əsgər çarpayısında uzanıb özünü yoxlayardı. Uzunmüddətli və ağır işdən
sonra təmirə gəlmiş maşını usta necə yoxlayarsa, o da özünü eləcə diqqətlə
yoxlayardı. Termometrdə bir şey görməyəndə, güzgü qabağına keçər,
rənginə baxardı. Qoluna, qıçına nəzər salar, ağzını açıb boğazına baxar, "a"
səsi çıxarardı. Evdəkilərin hamısının başına toplanmasını, onunla
maraqlanmasını çox sevərdi. Qapı, pəncərənin düşməni idi. İstidə, küləkdə,
qarda, yağışda evdən çıxmaq istəməzdi. Küçədə də kostyumunun boynunu
qaldırar, belini əyər, divarların dibi ilə yeriyərdi. Çayı soyudub, suyu da
qızdırıb içərdi. Vitamin yox idi ki, Mirzə Əsgər onun kimyəvi tərkibini
bilməsin, dadını yoxlamasın. Onun getmədiyi yaylaq qalmamışdı. Bağ
qalmayıb ayaqlamasın, palata qalmayıb yatmasın, sanatoriya qalmayıb
yaşamasın. Putyovkalar elə tez-tez yazılıb möhürlənərdi ki, deyərdin bu
yumru, yağlı gövdəli, çeşməkli kişinin vücuduna, allah eləməsin, bir
sədəmə toxunsa, dünya alt-üst olar. Həkimlər də onu tanımışdılar. Diaqnoz
qoymaq üçün çox əziyyət çəkirdilər. Daxili üzvlərin birini "şıltaqçı" yazar
və soruşardılar.
121
- Gərək siz böyrəkdən şikayətli idiniz.
- Doktor, indi mədəm də, ürəyim də şıltaqlıq edir.
Mirzə Əsgər istədiyi kurortlara gedirsə, hamısından da narazı gələrdi.
"Necə şeydirsə, mənə düşmür - gün-gündən geri gedirəm" - deyə
şikayətlənərdi.
* * *
İndi Abasəli də üzünü tutub belə bir adama deyirdi: - Naxoş-maxoş
bilmirəm.
Mirzə Əsgər bu dəfə məəttəl qalmışdı ki, getsin, ya getməsin. Güman
edirdi ki, onu iməciliyə çağıranlar o qədər də nainsaf olmazlar. Onu taxta-
şalban daşımağa qoymazlar. Olsa-olsa ondan öz sənətindən istifadə edərlər.
Orada da yazı-pozu, hesab-kitab var axı. Orada da görülən işin hesabını
aparan lazımdır, ya yox! "Məni ancaq bu məqsədlə apara bilərlər, ayrı cürə
olmaz" - deyə düşündü.
Hərdən Mirzə Əsgəri qəzəbli vahimə basırdı: "Həyasızdan nə desən
çıxar! Qorxuram ümumi iclasa qoya, özü də lap pis danışa. Ona məndə tab
hanı? Oradaca ürəyim gedər..."
Bir də görürdün ki, Mirzə Əsgər vücudunda qalan cəsarəti yığıb öz-
özünə belə düşünür:
- Dəli şeytan deyir ki, gəl get! Qoy səni lap iməciliyə aparsınlar. Naxoş
bədən də dözməsin, yıxılıb ölsün. Qanın tökülsün belələrinin - Abasəli kimi
vicdansızların üstünə. Azı beş il həbs versinlər. Eybi yoxdur, mən qəbirdə
yatanda o da getsin dustaqxanaların küncündə sürünsün! Dəli şeytan deyir
ki, elə gəl get, qoy axır əncamı belə olsun!
Səhər tezdən üstü örtülü avtobus gəlib evin qabağında dayandı.
Abasəlinin səsi eşidildi:
- Sabahın xeyir, mirzə! Maşın sizi gözləyir!
Avtobusun içindən deyib-gülmək səsi gəlirdi. Deyəsən adam çox idi, -
deyəsən camaatın hamısı gedirdi. Mirzə Əsgər köynəkcək durub pəncərədən
bir eşiyə baxdı, şikayətli bir dillə arvadına dedi:
- Görürsən də! Bu da mənim istirahət günüm.
- Kefin yoxdur, getmə!
- Necə getməyim, görmürsən aləmi yığıb qapıya! Bu vicdansızlığın hələ
hamısını görmürsən, bunlar hamısı mənim üçün qurulub, getməsəm bəyəm
canım rahat olacaq.
122
Qəlyanaltısını, dərmanlarını, borjom butulkasını sumkaya yığınca,
geyinib çıxınca bir xeyli vaxt çəkdi. Avtobusdan səs gəlirdi:
- Ay mirzə, tez ol, gün-günorta oldu ki!..
Mirzə Əsgərin əlindən yapışıb içəriyə saldılar. Avtobus sürətlə yoluna
davam etdi. Mirzə Əsgər sağa-sola yırğalanaraq düşünürdü. "Necə eləyim
ki, uçot işini mənə versinlər!"
* * *
Stansiya tikinti ləvazimatı yol boyu dağ kimi tökülmüşdü. İdarələrdən
səfərbərliyə alınmış dörd tonluq maşınlar nəfəs almadan dolub şəhərə
yollanırdılar.
Abasəli trest işçilərini sahələrə paylaşdıranda, hərəyə bir iş tapşıranda
Mirzə Əsgər sevinirdi. Görürdü ki, bunu çağıran, taxta daşımağa göndərən
yoxdur. "Deyəsən elə mənimki uçot olacaq" - deyə şadlanırdı.
O, bu fıkirdə ikən Abasəli uzun bir dirəyin başından tutub çağırdı:
- Mirzə, bura gəl, yapış, ataq maşına!
Mirzə Əsgərin gözü bərələ qaldı. "Onu götürməyə məndə can hanı" -
deyə həyəcanla düşündü: Abasəli macal vermədi:
- Qolum düşdü, tez ol, ay mirzə!
Mirzə Əsgər istər-istəməz dirəyi götürməli oldu. Beş addımlıqda
dayanan maşına aparanacan bəlkə ürəyində yüz dəfə Abasəliyə söydü.
Dirəyi qoyandan sonra ona elə gəldi ki, bu saat yıxılıb özündən gedəcəkdir!
Özünü yoxlamaq istəyirdi ki, Abasəlinin səsi eşidildi:
- Mirzə, tez ol, bizim maşın geri qalır, biabır olarıq, yaxın gəl!
Mirzə Əsgər dirəyin ikincisini, üçüncüsünü də götürüb maşına tullamalı
oldu.
Axşam yorğun, əzgin bir vəziyyətdə evə dönən kimi zarıldadı:
- Arvad, mənim yerimi sal! Məndən bir də adam olmaz! Baisin evi
yıxılsın!
Yatağa uzanan kimi onu şirin yuxu apardı. Arvad onun qoltuğuna
termometr qoydu. Nəbzini yoxladı. Bircə şeyə heyran idi ki, həmişə yuxuya
həsrət olan, yuxusuzluqdan şikayətlənən adam, indi, deyəsən div yuxusuna
getmişdir!
123
Neçə saatdan sonra Mirzə Əsgər yuxudan qalxdı, yemək stoluna yanaşıb
tələb elədi:
- Arvad, mənə yemək ver, yaman acmışam!
Qadın kişisinin ömründə görmədiyi şirin bir iştahla xörək yediyini görüb
sevindi.
- Ay Mirzə, - dedi, - ağır iş sənə düşüb, gəlsənə hesab-kitabı buraxıb,
stansiyada iş götürəsən?
1954
İCLAS QURUSU
Əncir qurusu, ərik qurusu, zoğal qurusu - bunlar çox olur, iclas qurusu
isə tək-tək olur.
Bir var ki, gün altında quruyan, bir də var ki, iclaslarda quruyan, suyunu
çəkən, həyat hisslərini itirən.
İclas qurusunu siz tanıyırsınız. Adını bilməsəniz də, özünü yaxşı
tanıyırsınız. Arıq bədənini qabağa əyib, dizini bükərək sürətli addımlarla
gedən adamı siz küçədə, idarə qapılarında, pilləkənlərdə çox görürsünüz.
O haraya tələsir. İclasa!
Qoltuğundakı boz, sürtülmüş qovluq səliqəsiz yığılmış kağız-kuğuzla
doludur.
Bunlar nədir. Protokol! O bütün ömrü boyu başı aşağı, dünyadan
bixəbər, qaşqabaqlı, sifəti bulud kimi tutulmuş, fikirli gəzir.
Nəyi düşünür. Qərarı!..
İclas qurusu üçün gecənin-gündüzün, yazın-payızın, istinin-soyuğun,
yerin-göyün heç bir fərqi, əhəmiyyəti yoxdur. Suların səsindən, çiçəklərin
ətrindən, quşların mahnısından, musiqidən, gülüşdən, şənlikdən uzaq olan
bu qaradinməz adamı görəndə kimisi heyrət edir, çoxunun da acığı gəlir.
Güman etməyin ki, iclas qurusu ancaq ictimai yerlərdə belədir. Siz
düşünürsünüz ki, evinə qayıdıb papağını çıxardanda, arvadı, uşağı ilə
görüşəndə iclas qurusunun halı dəyişmiş olur, üzündə işıq, dodağında
təbəssüm doğur.
124
Yox! Səhv edirsiniz! O iradəli, prinsipli, müstəqim adamdır. Onun şəxsi
ailə həyatı özü də bir növ iclasdır. O, bir dəfə qət etmişdir ki, iclas üçün
yaranmışıq, başımız qərar hazırlamaq, barmaqlarımız protokol yazmaq,
əllərimiz çəpik çalmaq, səsimiz çıxış etmək üçün bizə verilmişdir. Onun
fıkrincə, bütün kainat da mühüm bir iclasdan sonra yaranmış və imzalanmış
bir qərar üstündə dayanır. İnanmırsan, başını qaldır göyə bax. Gör neçə
milyonlarla ulduzlar sədrlik edən ayın başına toplanmışdır. Min illərdən bəri
göydə elə qızğın iclas gedir ki, bəzən gurultusu yerdə qulaqlara düşür.
İclas qurusu arvadı Meyransa ilə belə danışır:
- Yoldaş Meyransa, təklif var ki, mənim corablarımı yuyub qurudasınız!
Meyransa dinməyəndə o ayağa qalxır, qələmin küt ucunu stola döyüb
danışır:
- Cavab üçün söz verilir yoldaş Meyransaya!
İclas qurusunun iclaslar, qərarlar, nitqlər içində keçən və asanlıqla
keçməyən həyatı neçə dəfə ailədə də silkələnmişdir.
On səkkiz il əvvəl Quru, axşam, iclasdan qayıdanda arvadını evdə
görmədi. "Bu hansı iclasdadır gecənin bu vaxtında" - deyə ürəyində
fıkirləşdi. Çox keçmədi qonşu qadın gəlib Qurunu təbrik etdi:
- Quru
qardaş, gözünüz aydın, bir yaxşı qızımz oldu. Meyransa
xanım xəstəxanada sizi gözləyir.
Quru qadına nə muştuluq verdi, nə də cavab. Qəzəb və dəhşət yağan üzü
bir az da qaraldı, gözündə ildırımlar oynadı: "Bu nəyə lazımdır. Görəsən bu
barədə nə qərar olacaq. Eşidənlər nə deyəcəklər".
Uşağı bələyib evə gətirdilər. Quru kağızlar aləmindən baş qaldırıb
baxmadı da. Meyransa ərindən xahiş etdi ki, bir yaxşı ad tapsın. İclas
qurusu bu məsələni kluba iclasa keçirdi. Orada çox ad təklif olundu, ata razı
olmadı, öz təklifində təkid etdi:
- Məruzə!
İclasdakılar qəhqəhə çəkib gülüşdülər və sonra çəpik çaldılar.
Qızın adı qaldı Məruzə.
Məruzə bəsləndi, Məruzə böyüdü. Məruzə oxumağa, nəhayət, diqqətləri
cəlb etməyə başladı.
Məruzəyə kitab, dəftər almaq lazım gələndə İclas qurusu bütün
rəsmiyyəti gözləyirdi. Əvvəlcə qız atasına ərizə yazırdı. Sonra ərizə
125
məktəbə, müəllimin təsdiqinə göndərilirdi. Daha sonra Meyransa qol
çəkirdi. Nəhayət, İclas qurusu mağazindən kitab, dəftər alıb gətirir, qıza qol
çəkdirəndən sonra siyahı ilə verir və vaxt qoyurdu. "Gələn ayın ikinci
həftəsinin sonuna qədər", həmin siyahının bir surətini idarəyə, "nəzarət
üçün" müdirə göndərir, bir üzünü də öz arxivində ehtiyat üçün saxlayırdı.
Gələcəkdə yoxlasalar lazım olar. Məktəb müdiri bir neçə dəfə Məruzəyə
demişdi:
- Qızım, atanı çağır, vacib söz deyəcəyəm!
Quru cavab vermişdi:
- Mən iclasda olacağam!
Qız böyüyəndən sonra İclas qurasunun başağrısı daha da artdı. Qızı çox
yerdən istədilər.
Elçilərin hamısına bir cavab verilirdi:
- Anket
doldurun,
yoxlayıb baxarıq.
Elçilər anket adını eşidib dağılışırdılar.
Ancaq məhəbbətində sadiq blan Əsgər adlı bir şofer İclas qurusundan əl
çəkmədi. Meyransa Əsgərlə qohum olmağa razı idi. Kişinin qılığına girmək
istədi:
- Kişi, Məruzəni istəyirlər axı.
- Konkret danış, kim istəyir və hansı şərtlərlə.
- Şofer Əsgər.
- Ərizəsi yoxdur.
- Bəs niyə havayı danışırsan? Meydanda nə ərizə var, nə anket, nə
zəmanət. Niyə bəs gəlib başımı ağrıdırsan?
Meyransa xahiş ədası ilə dedi:
- Bəlkə vaxt verəsən, iclasın olmayanda elçilər gəlsin, danışasınız.
- Elçini neyləyirəm. Qız istəyən adam şəxsi işini, şəklini göndərsin, tanış
olum, sonra müzakirə edib baxarıq.
İclas qurusu oğlanın adını bir-iki dəfə təkrar edib Meyransaya baxdı,
başını buladı:
- Adı köhnədir, çox köhnədir. Məruzəni almaq istəyənin adı Məruzəyə
layiq olsun gərək!
- Sən deyərsən dəyişər!
İclas qurusu öz qərarını təkrar etdi:
- Dedim şəxsi işini göndərsin, baxıb müzakirə edərik, artıq danışmaq
lazım deyil!
126
Meyransa bir söz deməyib çıxdı.
İclas qurusunun sözlərini Əsgərə çatdırdılar. Əsgər dedi: - Anketimi
getsin idarədən öyrənsin, ancaq mən bu işin daha asan yolla həllini bilirəm.
O özünü belə zəhmətlərə nahaq salıb.
* * *
Bu axşam İclas qurusu oturub protokolları sahmana salırdı. Meyransa da
şkafı açıb təzə paltarlarını geyinirdi. Kişi başını qaldıranda arvadını ayrı bir
həvəs, ayrı bir sevinclə, tələsə-tələsə geyinib-kecinən gördü.
- Hara belə, ay arvad, - deyə təəccüblə soruşdu.
- Heç, balaca iclasımız var!
- Bəs Məruzə haradadır.
- O da öz iclasına gedib, sənə də kağız göndərib.
Meyransa stolun üstündəki kitabın altından əl boyda bir kağız çıxarıb
ərinə verdi:
- Deyirsən, uşaqların qərarı var. Oxu gör necədir.
İclas qurusu kağızı oxuyanda gözü kəlləsinə çıxdı: - "Ata, biz çox
müzakirə elədik, düşündük, daşındıq. Sizə zəhmət vermədən ZAQS-a
getdik. Sabah toyumuzdur, oğlan evində olacaq, iclasdan sonra vaxtın olsa,
buyurub gələrsən. Qızın Məruzə."
İclas qurusu daha da qurudu. Quru uzandı, dik ayağa qalxdı:
- Nece, necə... Özbaşına qərar çıxarıblar... Bu qərarı kim təsdiq edib.
Meyransa təmkinini və mülayimliyini pozmadan cavab verdi.
- Gərək sən təsdiq edəsən də!
İclas qurusu özündən çıxdı:
- Mən onun anketini oxumamış, işini yoxlamamış, müzakirə etməmiş
belə qərarı necə təsdiq edə bilərəm, bu nə intizamsızlıqdır...
Meyransa çəkməsini ayağına çəkib son sözünü dedi:
- Edərsən, etməzsən, özün bilərsən. Mən Əsgərgildə toyda olacağam,
evdən muğayat ol. Qapı-bacanı açıq qoyma! - Meyransa bunu dedi, qapını
çırpıb çıxdı.
Ev dəyirman daşı kimi İclas qurusunun başına dolandı.
1954
|