Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/24
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#676
1   2   3   4   5   6   7   8   9   10   ...   24

ƏR VƏ ARVAD 
 
Qarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik. Bir gün 
komandir məni çağırdı: 
- Sənə, - dedi, - tapşırıq var. Şəhərə adam aparacaqsan! 
Apardıqlarımın əsir olduğunu biləndə sevindim. Nədənsə mən, bunları, 
Hitler ağlına uyub gələn bu sarı qulları görmək istəyirdim. Alman dilini 
bilməsəm də, onlarla maraqlanırdım. Güman edirdim ki, onları anlamaq 
üçün dindirmək o qədər də lazım deyil. Sifətlərindən çox şey oxumaq olar. 
Birinci səfərdən sonra daha bir də mən öz batalyonumuza qayıtmadım. 
Sənətim cəbhədən arxaya, düşərgəyə  əsir daşımaq oldu. Almanların 
sifətində axtardığımı da oxudum. Onlar göygöz, uzun və iri çənəli, 
müstəqim və yekə burunlu, qaşqabaqlı, yerəbaxan adamlardır. Gözlərindən 
əlamət yağır, deyirsən bu, əlində  bıçaq, kəsməyə getdiyi ətliyi  əlindən 
qaçırmış və bir də tutacağından ümidini kəsmiş bir qəssabdır. 
Vaxtı ilə maraqlandığım əsirlər, indi mənə eyni ölçü və qəlibdən çıxmış, 
fris adlanan kibrit qutuları kimi bir-birinə oxşar, adi, quru görünürlər. Mən 
onların yalnız sayını yadımda saxlayıram. 
Ancaq birini və onunla əlaqədar bir mənzərəni unutmamışam, 
unutmayacağam. 
Mən bütün müharibə boyu heç vaxt bu qədər işləməmişdim. Biz hər 
vasitədən, hər dəqiqədən istifadə edib əsirləri lazımi yerlərə  gətirdik.  Əsir 
de ki, qurtarmırdı. Göydən yağan qarın sayı vardı, ön cəbhədən bizə  tərəf 
ötürülən  əsirlərin sayı yox idi. İndi mən düşmən ölüsünü əsirdən faydalı 
sayırdım. "Heç olmasa, - deyirdim, - bu lənətə  gəlmiş  oğlu bizə başağrısı 
vermir". 
  

88 
 
Şiddətli yanvar şaxtası  kəsib tökürdü. Elə bürünmüşdük ki, ancaq 
gözlərimiz işıldayırdı. Tonyarımlıq maşında 11 nəfər  əsir gətirirdik. Yol 
qarovulu, deyəsən təkər səsindən bizi tanımışdı. Maşını dayandırdı. Yeni və 
topal bir alman soldatını maşına çıxartdı, getməyimizə icazə verdi. Topal 
özünü maşının küncünə yıxdı. Mən dil bilməsəm də, dərhal soruşardım ki: 
"Ay həpənd, bir qıçla Berlindən bura gəlmisən, bəlkə sənin iki qıçın olaydı, 
onda neylərdin?" Adətən əsir düşənlər yemək istəyir, soyuqdan şikayətlənir, 
yalvarırlar. Topalda bunu görmədim. O, yalın olsa da, aylardan bəri 
qırxılmamış üzündə və sıx saqqalında buz bağlansa da, əzab çəkdiyini hiss 
etdirmirdi. Güman edirdim ki, bu, möhkəmlikdən, ya məğrurluqdandır. 
Sonra bildim ki, bunların heç biri deyil, topalın işlərində ayrı sirr var. 
Topal kürəklərini maşının divarına söykəmiş, bir qıçı ilə çömbəltmə 
oturmuş, ayıq və iri gözlərini mənim üzümə dikmişdi. Belə baxışları biz tez 
seçirik və gözdən qoymuruq. Ürəyimə  gəldi ki: "Bəlkə bu hərif məni 
xamlamaq, qaranlıqda cumub, əlimdən silahı qapmaq istəyir. Bəlkə o özünü 
maşından yerə atmaq niyyətindədir". 
Bunlar inanmalı  zənlər deyil. Tək tutulmuş topal bir soldat nəyə ümid 
edib silaha tamah sala bilər? Özünü maşından atması isə ölümü satın 
almaqdır.  Əksinə, bəlkə  də onun belə ayıq-sayıq dayanması sevincdəndir. 
Komandirinin əlindən qurtarıb, qurbağa ilan əlindən qurtaran kimi, görəsən 
haçan qollarını qaldırıb, özünü bizim səngərə atıb. 
Olmadı, uzun və  şaxtalı yolda topal məni rahat buraxmadı. Hətta ona 
müraciət edib acdığını, papirosdan korluq çəkib-çəkmədiyini soruşdum. 
Başı ilə rədd etdi. 
Maşınımız artıq gurultu və atışına səslərindən uzaqda, demək olar ki, 
dərin arxada idi. Gecənin və  qışın lap oğlan vaxtı idi. Qarı  xışıldadaraq, 
ötən maşını və arabir öskürək səslərini nəzərə almasaq, kainat donmuş buz 
parçasına bənzəyirdi. Qəhrəmanlarımıza arxalanaraq, səssiz yatan sovet 
kəndləri sanki yenicə azad olduqları faşizm zülmünün acılarını unutmaq 
üçün dincəlirdilər. Bu ağaclıq həyətlər içində, kirəmitli evlərdə yaşayanları 
xəyalıma gətirib, ürəyimdə deyirdim: "Dincəlin, dincəlin, analar, atalar, 
balalar! Üstümüzə gələn yağıları tutmuşuq, budur, mənim qarşımda yazıq-
yazıq dayanıblar. Sovet qanunu icazə versəydi, bu gecə, elə lap bu saat mən 
hamımızın acığını, keçirdiyiniz təhlükəli günlərin, yuxusuz gecələrin, yanan 
xanimanların, qarətlərin heyifini, öldürülən ata və oğulların hamısının 
  
 
 
  

89 
 
qanını alardım..." Onlar - cəbhəyə xidmət üçün bütün günü zəhmət çəkib tər 
tökən sovet kəndliləri mənim bu xitabımı  eşitməsələr də, arxayındırlar. 
Onlar öz talelərini Kommunist partiyasına, Stalinə, Qızıl Orduya 
tapşırandan bəri fədakar çalışmağa, arxayın və qayğısız dincəlməyə adət 
etmişdilər. Ehtimal ki, onlar bu saat mənim  əsir aparan maşınımın səsini 
eşidir, ürəklərinə ancaq bu gelir: "Əsgərlərimizdir, nə lazımsa edirlər". 
Topal rahatlanmırdı. Ayağını qabağına qoyub, qurdalanırdı. Ondan 
sorğu-sual edir, ona yalvarır, ya canını aradan çıxardığı üçün təşəkkürmü 
edirdi? Bəlkə don vurmağından qorxurdu, şaxta kəsik yerə daha bərk təsir 
edir. Bu adam kəsik qıçının yerini tutmalı, sızıldamalı idi. Soyuqdan 
qorunanlar  şinellə ayaqlarını örtür, saman içinə soxulurdular. Topal isə 
ayağını qabağına qoyub nə isə qurdalanırdı. Mən  əyilib işarə ilə ondan 
soruşdum: "Nə olub ayağına? Bəlkə döyənəyin-zadın var? Tısbağa başını 
qınına çəkən kimi topal dərhal qıçını altına çəkib gizlətdi. Elə mahir oturdu 
ki, kənardan baxan deyər: "Yazığın iki qıçı da kəsilib". Bəlkə qorxudan 
elədi? Mən onunla artıq məşğul olduğumu qəbahət bilib, özümü danladım: 
"Şikəst adamdır, - dedim, - nə işin var!" -Üzümü o biri yana çevirdim, topalı 
öz öhdəsinə buraxan kimi dayandım. Yarım saat çəkmədi ki, yenə topalın 
qurcuxduğunu sezdim. Silaha söykənib altdan fikir verirdim. Bu dəfə 
topalın qıçı qabağa çıxmamışdı. Sağ  əli dala getmişdi, nə isə qurdalanır, 
saman xışıltısı içində  hərdən ayaqqabısının altından üzülən mıxların səsi 
təkrar olunduqca, hərif ara verib, mənə və ətrafındakılarına baxmırdı. Artıq 
topalın nə ilə  məşğul olduğu mənə  məlum idi. İşarə ilə qarovul yoldaşımı 
çağırdım. Hərə bir yandan tutub, topalın qollarını sarıdıq, sonra çəkməni 
çıxardıb yoxladıq. Padoş altından bir büküm kağız çıxarıb, fənər işığında 
baxdıq. Alman hərfləri ilə yazılmışdı. Yoldaşım almanca bilsə  də, heç bir 
şey demədi. Yəni axıra qədər oxumağa macal da olmadı. Kağız içindən bir 
cüt mirvari qaşlı  qızıl sırğa çıxdı. Yoldaşım kağızı büküb, hamısını  mənə 
tapşırdı: "Bunu, - dedi, - uzağa aparmaq lazım deyil, səhra xəstəxanasına 
təhvil verərsən..." 
Deyəsən, topal müalicə olunası idi. Ürəyimdə dedim: "Bu əsir bizə ucuz 
başa gəlməyəcək, qorx ki, həkimlərdən qıç iddia eləyə!" Səhər açılhaaçılda 
G.  şəhərindən on iki kilometr aralı, səhra xəstəxanasına getmək üçün biz 
topalla düşməli olduq. Topalı qabağıma qatıb, aparıram. Əlbəttə ki, padoşun 
arasından yalnız kağızlar çıxsaydı, 
  
 

90 
 
bu adamın böyük xəfiyyə, ya kəşfiyyat işləri ilə  məşğul olduğunu zənn 
edərdim. Sırğaları görən kimi hərifin "fəziləti" məlum oldu. Gündə 
tutduğumuz qarətkərin biri də budur. Sırğaları  da  ya  qızına, ya arvadına, 
kim bilsin, bəlkə də, bir qıçı ilə təşrif aparacağı Berlin fahişəxanalarında ilk 
rast gəldiyi mütrübə verəcək idi. Bu gümandan, ya hansı bir duyğudansa 
darıxırdım. Sənətim mənə qəribə gəldi. Tez qayıtmaq arzusu ilə yeyinlədim, 
topalı da tərpətdim. O, qoltuq ağacı ilə iri addımlar atır, nə buzdan, nə 
qardan qorxurdu. Sanki mənim süngümdən qurtulmaq üçün bacardıqca 
yeyin, bacardıqca aralı gedirdi: 
- Urus! 
Mən bu səsi eşidəndə döyükdüm. Çağıran kimdir, haradan, kimi çağırır! 
Cığır kimi dar yolda heç kəs yox idi. 
- Urus, səndən xahiş edirəm! 
Daha da təəccübləndim. Topal rusca bilirmiş! 
Mən ona geri dönməyə və dayanmağa icazə vermədim. Topal yerişinin 
sürətini və ahəngini dayandırmadan xahişini mənə söyləyirdi. Üç addım 
aralı arxada getsəm də, topalın sözlərini yaxşı eşidirdim. Bu anda kənardan 
baxan deyərdi: "Topal arxadakına yox, yanınca gedən görünməz bir adama 
xitab edir". 
- Rus, səndən xahiş edirəm ki, məni özün öldür! 
- Faşist, buna mən boyun oluram, ştabda işinə baxarlar. O dünyalıq 
olsan, xahişinə əməl olunar! 
- Sırğalar sənin halalın, gəl sən məni öldür. 
Əvvəl gülməyim gəldi, sonra da hirsim tutdu: 
- Belə danışsan, - dedim, - avtomatla cavab alacaqsan! Meyitini cığırda 
qoyacağam! 
Mən çaxmağı tərpədəndə topal diksindi, geri baxıb yalvardı: 
- Əl saxla, qələt elədim! 
Mən topalı daha da yeyin getməyə, susmağa məcbur etdim. 
Xəstəxanaya çatanacan o, nə bir kəlmə danışdı, nə öskürdü, nə  də 
asqırdı. 
Əsiri həyətdə, darvaza ağzında saxlamışdım. Təhvil gözləyirdim. Başı 
sarıqlı bir qadının "Vaqner" deyə qışqırıb, həyətə atıldığını gördüm. Topal 
bu səsdən diksindi. Almanca nə isə  tələsik bəzi sözlər dedi və qadını 
özündən kənar etməyə çalışdı. Nəzarətçi qadını tutub, içəri apardı. Mən də 
topalı kənara çağırıb saxladım. Beş dəqiqə çəkmədi ki, xəstəxana rəisi çıxdı. 
Mən əsiri də, onun ayaqqabısının 
  

91 
 
altından çıxan  şeyləri də  təhvil verdim. Bildiklərimi danışdım, qayıtmağa 
icazə istədim. Rəis mane oldu: 
- Dayanın, - dedi, - bu matahınız bizə lazım olmayacaq. Sabaha qədər 
gözləyin, bəlkə aparmalı oldunuz. 
 
* * * 
 
 
Mənə bir gecə istirahət verilmişdi. 
Dünyada çox ləzzətli  şeylər var ki, adam onların qədrini ancaq əldən 
çıxanda bilir. Əsgərlikdə, cəbhə  həyatında yuxudan alınan ləzzəti heç 
şeydən almaq mümkün deyil. Yuxu, həsrətlə adı  çəkilən  şeylərdən biridir. 
Doğrudur, topalın taleyi ilə, onunla görüşə  gələn yaralı qadın ilə, rəisin 
qəbul etmək istədiyi "matah" ilə maraqlanırdım. Bilmək istəyirdim ki, 
görəsən bu nə əhvalatdır. Tutduğumuz adam nəçidir? Ancaq yuxu, istirahət 
bu marağıma üstün gəldi. Qarovul otağında başımı  əleyhqaz çantasının 
üstünə qoyduğumu bildim, bir də  səhər qarovul rəisinin səsinə oyandım. 
Xəstəxana siyasi işçiləri topalın xasiyyətnaməsini müəyyən etmişdilər. Sən 
demə, həmin bu topalın adı Vaqnerdir. Özü Berlində eses deyilən jandarm 
dəstələrində "adam döymək vəzifəsində" çalışarmış. Sonra Hitler onu 
Stalinqrada göndərmişdir ki, orada döyülməli adamlar çoxdur, arvadı - 
həmin bu başı sarıqlı qadın onu davaya yola salanda çox tapşırıqlar 
vermişdi: 
- Vaqner, - demişdi, - kimi döyəcəksən, çoxmu, azmı döyəcəksən mənə 
dəxli yoxdur. İstəyirsən gündə yüz adam döy, öldür. Bundan xanımına bir 
şey çıxmırsa, zəhmətin hədərdir. Yeddi ildir sənin evində arvadam, bu yeddi 
ildə azı bir yeddi yüz adam döymüşsən, çoxunun nəfəsini kəsmişsən, mənə 
nə  mənfəəti çıxıb? Söz olanda da bəhanə  gətirirsən ki: "Dustaqdır, 
dustaqdan nə qopardım!" Di buyur, bu da əsir, bu da urus! Gedirsən, 
qulluğun öz yerində, evinə, arvadına da bir gün ağla! Bax bu mənim üst-
başım, bu da boyun-boğazım. Üzüyə, sırğaya, saata həsrətəm. Daha bu 
gündə də məni bəzəməsən, bizimki getdi! Açığını deyirəm, cəbhədən mənə 
hədiyyə göndərməsən, sənə dua eləməyəcəyəm. Allah səni partizan 
gülləsindən qorumayacaq! 
Vaqner arvadına vədə veraıişdi: 
- Mariya! Mənim  əlləşdiyim, çarpışdığım hamısı  sənin üçün deyilmi? 
Özümə qalsa yeddi yüz nədir, yeddi adam döyüb çörəyimi çıxardaram. 
Sənin güzəranını yaxşılaşdırmaq, tələblərini ödəmək üçün 
  

92 
 
mən bu peşəni tutmuşam. Doğrudur, indiyəcən korluq olub, amma daha 
bundan sonra yox! Odur, qoşunumuz basıb Asiyanın lap sərhədlərinə gedib. 
Oralarda o qədər yağlı adamlar var ki, Allah canıma dəyməsə, kötək altında 
hamısının dərisini soyacağam. Sənin bir ayağın poçtda olacaq! Həftədə bir 
bağlama alacaqsan! Parçasından, qızılından, qumaşından... Rusiya dəryadır 
- yemək, dağıtmaqla qurtaran deyil, kefini kök elə! 
Bu  söhbətlər Mariyanın ürəyinə  yatmışdı.   Ərinin  sinəsinə yaslanmış, 
əzizlənmişdi: 
- Bir cüt qızıl sırğa göndərəcəksənmi? 
- Mütləq taparam. 
- İpək parça da istəyirəm. 
- Arxayın ol! Stalinqrad Özbəkistanın qapısıdır. Özbəklərin ipəyini 
sən də geyməyəcəksən, bəs kim geyecək! 
- Saatsız qayıtma ha! 
- Saat nədir, qızıl qolbaq da olacaq! 
- İnanım sənə? 
- Etiqadını möhkəm elə! 
- Vaqner, bəlkə bunları alanacan sənə güllə dəydi. 
- Mariya, əmin ol, mənə urus gülləsi kar etməz! Sən bağlama gözlə! 
- Mən də sənə vaqon-vaqon salam, öpüş göndərərəm! 
Deyəsən, bu yerdə Vaqnerin yadına vacib bir şey düşdü: qayıdıb 
Mariyasının alnından öpdü: 
-  Əzizim, - dedi, - Rusiya çox soyuq olur. Salamla, öpüşlə  qızışmaq 
olmaz. Bacarsan, rast gəlsə,  əlinə keçsə, sən də  mənə bir cüt uzunboğaz 
çəkmə tədarük elə. 
- Özün oradan taparsan! 
- Deyirlər zabitlər macal vermir. Ayaqqabını özləri götürürlər. 
Mənim rütbəm balacadır. Qorxuram verməyələr. Sən gözdə-qulaqda ol! 
Ər-arvad öpüşüb-görüşüb ayrılmışdılar. 
 
* * * 
 
Vaqner xanımına vəfalı  çıxmışdı. Səfərindən ay yarım sonra Mariyaya 
bir cüt ipək corab göndərmiş, üzr istəmişdi: "Mariya, bu siftəsidir, 
Kislovodskdan bir fəhlənin ayağından çıxarmışam. Çək ayağına, dalısını 
gözlə!" 
  
 

93 
 
Bundan sonra Mariya tamam bir ay gözləmiş,  ərindən bir xəbər 
almamışdı. Ünvanına təcili teleqram vurmuş, sifarişləri haqqında 
soruşmuşdu. Vaqner cavab verirdi ki: "Sırğa hazırdır, gələn tapıb, göndərə 
bilmirəm!" Mariya bu şad xəbəri eşidən kimi komandirdən izin alıb,  ərini 
ziyarətə  gəldi. Ürəyində dedi: "Həm ziyarət, həm ticarət! Kişinin  əl-ayaq 
elədiyi  şeyləri gətirərəm. Soldatlar səliqəsiz olurlar. İndi Urusyət 
kəndlərində  yığışdırmalı çox ev şeyi var. Bir-iki çamadan doldurub 
gətirsəm, qənimətdir". 
Bu iştahla səfərə çıxan xanım, Stalinqrad yolunda faciə xəbərini eşitdi. 
Vəziyyət necə idisə, Mariya gedən vaqonu stansiyaların birində açıb 
qoydular. Qatarlar ağzını  qərbə çevirmişdi. Düzü-dünyanı tutan qarın sayı 
var idi, Stalinqrad cəbhəsindən qaçan zabitin, soldatın sayı yox idi. Mariya 
ərinin yoldaşlarını bir gündə gördü ki, görməsə idi ondan yaxşı idi. İndi o, 
sırğanı yaddan çıxarmışdı, başının hayında idi. Haman axşamkı  şaxta 
Mariyanın qulaqlarını ixtisar edib, sırğa qayğısından qurtardı. Ayağını 
qoruyan,  əri üçün gətirdiyi boğazlı  çəkmə oldu. Mariyanın hər dəqiqəsi: 
"Neyləyim - necə eləyim?" ilə keçirdi ki, Sovet qoşunları bir həmlə ilə 
stansiyanı  əhatə edib, soldatları  və Mariyanı  əsir tutdular. Mariyanı 
qulaqlarını müalicə üçün xəstəxanaya aparmışdılar. 
Mariya Vaqnerə  çəkmə  gətirmişdir. Halbuki Vaqner özünə  qıç axtarır. 
Vaqner arvadına sırğa gətirmişdir; arvadı isə qulaq hayındadır. Mən 
bunların - bu qarətçi  ər-arvadın gözlərində yanıb-sönən canavar iştahına 
tamaşa eləmək istəyirdim. 
1943 
 
 
İKİ ANANIN BİR OĞLU 
 
O zaman bizim şəhərdə idarələr yerlərini tez-tez dəyişərdi. Uzun müddət 
bir binada qalan idarə az olurdu. Belə idarələrdən biri də çay kənarında, 
balaca bağ içindəki uşaq bağçası idi. Bu bağça mənim yolumun üstündə idi. 
Hər səhər-axşam buradan ötərdim. Ərik və gilas ağaclarının altında oynaşan 
quşlar kimi budaqdan-budağa, səkidən-səkiyə hoppanan uşaqlara tamaşa 
etməkdən doymazdım. Uşaqlıqda bağçada yaşamadığımdanmı, keçən 
günlərin  şirin xatirəsindənmi, nədənsə buradakılara qibtə edər, saatlarla 
taxta məhəccərə söykənib baxardım. 
  

94 
 
Bir dəfə evə qayıdanda, bağça qabağında izdiham gördüm. Hamıda bir 
həyəcan, təəssüf qarışıq sevinc duyulurdu. Adamlar bağçaya baxırdılar. 
Bağça həyəti isə izdihamdan görünmürdü. Hər kəsdən soruşdumsa, 
müəyyən cavab demədilər. Səslər gəlirdi: 
- Su verin! 
- Anasının bəxti üzdə imiş. 
- Dayan bir görək! 
Mən qapı  ağzından səkiyə  çıxıb, həyətə baxdım.  İki qadın oturmuşdu. 
Biri yaşlı, başına ağ dəsmal örtmüş xidmətçi idi. O birisi, tirmə şallı, cavan 
və yaraşıqlı bir gəlin idi. Deyəsən hər ikisi ağlayırdı. Tirməli gəlin lap cavan 
idi. Qucağında uşaq olmasaydı, ona hamı on səkkiz yaşlı  qız deyərdi. 
Halbuki, o, neçə bala böyütmüş təcrübəli qadınlar kimi uşağı öpüb əzizləyir, 
bu qolundan o qoluna verir, bir tərəfdən ovutmaq istəyir, o biri tərəfdən də 
özü ağlayırdı. Bağrına basır, öpür, hərdən başını qaldırıb adamlara baxır, 
ipək dəsmalla gözünün yaşını silirdi. O birisi, ağ dəsmal örtmüş qadın, uşağı 
gəlinin əlindən almaq istəyirdi, ala bilmirdi. 
İçəridən gələn çeşməkli bir kişi hər iki qadının qolundan tutub qaldırdı. 
Onlar pilləkənlərdən çıxıb otaqlara girəndən sonra, adamlar dağılışmağa 
başladılar. Mən tərbiyəçiyə yanaşıb soruşdum: 
- Bacı, o qadınlara nə olub? 
- Heç nə, - dedi, - şükür allaha ki, xata sovuşdu. 
- Nə xata idi? 
Tərbiyəçi mənim marağımı görüb yer göstərdi. Mən pilləkən ağzındakı 
kürsüdə oturdum. O nə üçünsə  aşağı  həyətə düşdü və tez qayıtdı. Sanki 
bayaq dediklərinin ardını danışırdı: 
- Şükür ki, xata sovuşdu. O gördüyün tirməli gəlin uşağın anasıdır. 
Neçə gündür kənddə imiş. Bu gün qayıdıb oğlunu görmək üçün bağçaya 
gələndə, uşaqlar yuxarı mərtəbədə nahar yeyirlərmiş. Uşaq anasının "İdris", 
- deyə səsini eşitcək, sevincək eyvana qaçıb, məhəccərə dırmaşanda, təpəsi 
üstə yerə gəlib. 
- Bir şey olmayıb ki? Salamatdırmı? 
- Necə bir şey olmayıb? O hündürlükdə eyvandan daş  səkilərə düşən 
necə salamat qalar? Uşaq yerə dəysə idi, o saat canı çıxacaqdı. 
Xoşbəxtlik olub ki, Nazimə arvad görüb... 
- Göydən yerə gələn uşağı görməyin bir faydası varmı? 
- Arvadın igidliyinə bax da! Görüb də, uşağı ölümdən qurtarıb da! 
 
  
 

95 
 
- Kimi dediniz? 
- Nazimə! Burada tərbiyəçidir. Nazimə  kənardan bunlara baxırmış, 
uşağın yıxıldığını görəndə, arvad özünü irəli atıb, göydə onu top kimi tutub. 
Özü yıxılıbsa da, uşağa bir şey olmayıb. 
- Deməli salamatdır? 
- Bəli, salamatdır, ona heç nə olmayıb. 
- Bəs gəlin nə üçün ağlayırdı? 
- Necə ağlamasın? Uşağın düşdüyünü görən kimi özündən gedib. 
Ağlamazmı? Mənim ürəyim hələ yerinə  gəlməyib. Uşaq salamat 
qurtaranda, elə bil, dünya bizim oldu. Adam istəyir yaxşılıq olsun, ürəklər 
xoş olsun! 
"Nazimə!"  Bu  ad  mənə tanış idi, ancaq mən tanıdığım Nazimənin 
buralarda olacağını güman etməzdim. Tərbiyəçi sözünü qurtarıbmış kimi, 
əllərini önlüyünün cibinə qoydu və içəriyə baxıb, yavaşca mənə işarə elədi: 
- Budur, Nazimə özü gəlir. 
Mən dönəndə gördüm ki, odur, özüdür. 
- Nazimə, siz hara, bura hara? - deyə soruşdum. 
O gülümsədi: 
- Mənim əsil yerimdir, burada işlədiyim az qala beş il olur. 
- Bu gün, - dedim, - hamı sizin igidliyinizdən danışır... 
- Uşağı bir xoşbəxt təsadüf saxladı, mən də bir səbəb oldum. 
Neçə il əvvəl, biz Ozan küçəsində yaşayanda, həmin bu Nazimə 
qonşumuz idi. Ucaboy, üzü xallı, qarayağız, həmişə yeyin yeriyən bir 
qadın idi. Bəzən qapımızı  bərk-bərk döyər, sanki vacib bir iş üçün tələsik 
evə girib, üzünü anama tutar, mərhəmət uman bir səslə deyərdi: 
- Xeyransa, darıxıram, darıxıram, ay bacı! 
Mən tez patefonu götürər, ya tarı əlimə alardım. Anam məni danlardı ki, 
sən öz işinə get! 
Sonralar bildim ki, Nazimə ancaq öz evlərində darıxır, anam da, başqa 
qonşular kimi, uşaqlarını onun gözündən yayındırır. 
Qadının dərdi nə idi? 
Nazimə on beş ildən artıq idi ki ərə getmişdi.  Əri saatsaz Əli arvadını 
sevirdi; özü başıaşağı, dinc və pul qazanan bir kişi idi. Demək olar ki, iki 
nəfərdən ibarət olan bu ailənin heç zaman və heç nədən korluğu olmamışdı. 
Əli evini zəmanəyə layiq qurtarmaqdan başqa, Naziməyə də hər cür paltar 
və zinət şeyləri almışdı. Hər qış onu kəndə, atası 
 

96 
 
evinə qonaq göndərər, hər yayı Şimali Qafqaza, mədən sularına müalicəyə 
aparardı. Ancaq bunların heç biri Naziməyə  təsəlli deyildi. Çünki 
Nazimənin övladı yox idi. O, evdə oturduğu zaman döşənmiş, bəzəkli 
otağını dərin və daimi bir sükut içinə batmış görərdi və bu zaman bilməzdi 
nə etsin. Öz əli, öz səliqəsi ilə düzdüyü ev şeyləri - çarpayıdan tutmuş 
sandığa, xalçalardan tutmuş gümüş qablara qədər, hər şey dərin sükut içində 
sahibinə baxıb, sanki soruşurdu: 
- Bizi 
kimə tapşırırsan? Hanı sənin balaların? İllər ötdükcə Nazimə 
bu hissin ağırlığını daha artıq duyurdu. Bədənnüma güzgü qabağında 
dayanıb başını darayanda, saçlarındakı  ağ tükləri görəndə sinəsindən sərin 
və dərin bir ah qopurdu. Ona elə gəlirdi ki, bura, bu bəzənmiş və həmişə öz 
səliqəsində qalan otaq ev deyil, qocalmaq, ölümü gözləmək üçün bir 
tənhalıq guşəsidir. Eyvana çıxar, çiçəyini təzəcə töküb, meyvələrini 
böyütməkdə olan ərik ağacı gözünə sataşardı. Dayanıb  ətrafı dinləyəndə, 
haradansa gülən, ya oynayan uşaqların səsi ucalanda,Nazimə saatlarla 
dinləmək istərdi. Səslər sönüb uzaqlaşanda Nazimə tez həyətdən çıxar, 
şəhər küçəsinin izdihamına səssizcə qarışardı. 
Naziməni uşaq bağçasında xidmətə məcbur edəndə də ancaq bu ehtiyac 
olmuşdu. O burada, uşaqlar arasında bir tərbiyəçi kimi keçirdiyi vaxtda 
özünü ana kimi duyur və xoşbəxt hiss edirdi. 
Qohumlarımızdan birinin uşağını yoxlamaq üçün bağçaya getmişdim. 
Naziməni görmədən qayıtmaq istədim. Mən onu balaca otaqda ahıl bir kişi 
ilə oturub söhbət edən gördüm. Bu onun əri idi. Hər ikisi ayağa qalxıb, məni 
çağırdı: 
- Buyurun! 
Qadın nə qədər israr etdisə, içəri girmədim. 
- Buyurun, nə qulluğunuz var? 
- Xoşbəxt olasınız, sizdən xahişim budur ki, gözünüz bu uşağın üstündə 
olsun, - deyə dil tökdüm. 
- Arxayın olun, mən ona öz balam kimi baxıram. 
Nazimə "bala" sözünü elə  şirin, eyni zamanda elə bir həsrətlə dedi ki, 
özü də utandı. 
Mən razılıq elədim. 
- Sizin qayğıkeşliyinizi görmüşəm, - dedim. - Siz baxan uşaq ana qüssəsi 
çəkməz. 
Nazimə başını  aşağı saldı, üzü dalana baxdı. Mən gördüyüm hadisəni 
xatırlatmaq istəyirdim. 
  

97 
 
- Eyvandan yıxılan uşağı xilas etdiyiniz yadınızdadırmı? 
Nazimə fərəhləndi, üzündə təbəssüm oynadı, gözləri parıldadı. 
- Oğulluğa götürmüşəm, - dedi. - İdrisi oğulluğa götürmüşəm. 
Hər həftə uşağı bizə gətirirlər. 
- Necədir? Sizə "ana" deyib yovuşurmu? 
Bu sualdan qadının üzündəki təbəssüm küləkdən sönən bir şam kimi 
söndü. Simasına kədərli bir qaranlıq çökdü, kirpikləri uzun gözlərini yerə 
dikmiş halda, soyuq bir ah çəkib, "bəli!"dedi və qapını açıb, ərinə baxdı: 
- Vaxtdır ha! 
-  Bu saat. 
Kişi bu sözü deməmişdi ki, tənəffüsün bitdiyini bildirən zəng səsi bütün 
binanı başına aldı. 
Mən sualımdan peşman oldum. 
- Hər birimiz sənə  oğuluq, - deyə Nazimənin kədərinə cavab vermək 
istədim. 
- Əlbəttə ki, - dedi, - böyütdüklərimin hərəsi mənə bir oğul kimi əzizdir. 
Zəng səsinə yerlərindən qalxıb həyətə tökülən,  əl-ələ verib oynayan 
uşaqları görən kimi Nazimənin bütün ələmləri dağıldı; üzü güldü. 
Çoxlarının bezdiyi və uzaq qaçdığı inadlı,  şıltaqçı  və  ağlağan uşaqları 
Nazimə sanki əfsunla  ələ alır, sakit edir, yoluna qoyurdu. Tərbiyəçi və 
xidmətçilər çox uşağın anasından qabaq Naziməni çağırır, onunla 
danışırdılar. Evində  və  kənarda bəzən  əsəbi, qaraqabaq, qaradinməz 
görünən bu qadının burada, bağçada kədərləndiyini, ya hirsləndiyini görən 
olmamışdı. "Uşaq səsi mənim ürəyimi açır", - deyərdi. Müxtəlif yaşlı, 
müxtəlif xasiyyətli, müxtəlif tələbli uşaqların bir-birinə qarışan səs-küyü 
başqalarının qulağını  qıdıqladığı halda, Naziməyə  nəşə verərdi. Bəzən o, 
qanadını açmış cücəli toyuq kimi həyətin ortasında dayanar, ətəklərində 
sallanan balalarının sözlərinə, qışqırtılı söhbətlərinə sakitcə qulaq asardı. 
Onların nazı ilə oynamaqdan, onların qarşısında, yeri gələndə, bir uşaq kimi 
kiçilməkdən çəkinməzdi. O, uşağın sakit baxmasından, dil açıb 
danışmasından, gülümsəməsindən, oynamasından, hətta ağlamasından 
böyük bir həzz alardı. Birisini razı salıb susdurduqdan sonra, başqa 
şıltaqçıya yaxınlaşar, indi başqa bir dil, başqa bir üsulla onun könlünü 
açmaq istərdi. 
  
 

98 
 
* * * 
 
Dünən biz dəstə ilə vağzala,  əsgərləri qarşılamağa getmişdik. Hərə bir 
hədiyyə götürmüşdü. Mənim də  əlimdə bir dəstə gül var idi. Bunu kimə 
təqdim edəcəyimi bilmirdim; çünki gələnlərin arasında nə qohumum, nə də 
şəxsi dostum var idi. Onların hamısına eyni hiss və münasibət bəslədiyim 
halda, bir dəstə gülü kimə verə idim? 
Düşündüm ki, "hansının döşündə çox nişan olsa, ona verəcəyəm. Sonra 
dedim: "Yox! Gözləyəcəyəm, hansının adamı olmasa, hansına hədiyyə 
düşməsə, gülü ona verəcəyəm..." Bu da xoşuma gəlmədi. Əvvəlcədən belə 
şeyi kəsdirməyin lüzumsuz olduğunu zənn etdim. "Gülü mənim  əlimdən 
alan bir zirək tapılmamış olmaz", - dedim. 
Zəng çalındı, hamımız vağzal səkilərindən ötüb, yolun qırağında 
dayandıq. Çox çəkmədi, bayram mərasimini andıran bəzəkli qatar gəldi, 
ağır və  əzəmətli nəfəsi ilə aləmə  səs saldı, sinə dolusu köksünü ötürüb 
dayandı. Pəncərədən boylananlan salamlayan musiqi və alqış  səsləri bir-
birinə qarışdı. Hamımız vaqon qapılarına yönəldik. Gələnlər əsgərlərin yerə 
enməsinə macal vermirdilər: qucaqlaşan kim, öpüşən kim, ikiqat olub var 
gücü ilə bir-birinin əlini sıxan kim... Dərhal əsgərlərin döşü gül dəstələri ilə 
doldu. Dördüncü vaqonun pəncərəsindən boylanıb gələnlərə baxan bir əsgər 
mənim gözümə sataşdı. Güman etdim ki, o burada düşməyəcəkdir, sadəcə 
tamaşa edir. 
Birdən onun: "Ana!" - deyə səsləndiyini və əli ilə adamlar arasında kimə 
isə  işarə etdiyini gördüm. Çəhrayı paltarlı, başıaçıq bir qadın: "İdris!" - 
deyib özünü irəli atdı. Ana-bala bir anda elə qucaqlaşıb, bir-birinə sarıldılar 
ki, hamının nəzəri onlara tərəf çevrildi. Uzun ayrılıq, intizar və 
təhlükələrdən salamat və qalib çıxıb, belə bir gündə bir-birinə qovuşan ana-
balaya baxmaq hamıya xoş idi. Adama elə  gəlirdi ki, bunlar, indiyəcən 
aralarında maneələr, məsafələr olan bu istəklilər artıq heç bir vaxt bir-
birindən ayrılmayacaqlar. Mən gül dəstəsini bu oğlana, hamıdan, hər kəsdən 
qabaq anasını axtarıb tapan oğula verməyi kəsdirdim. Daha irəli yeridim
onların yanında müntəzir dayandım, ayrılmalarını gözlədim. 
Qadın oğlunu öpüb, sevincindən ağlayırdı. 
Nədənsə bu görüş  və bu göz yaşı vaxtilə  uşaq bağçasında gördüyüm 
mənzərəni yadıma saldı. Tirməli gəlin bütün sadəliyi və gözəlliyilə  gəlib 
gözümün qabağında dayandı. 
  

99 
 
Mən gülü İdrisə təqdim edəndə, razılıq edib əlimi sıxdı. Biz izdihamla 
vağzal qapılarına yaxınlaşıb, yavaş-yavaş pilləkənlərdən endik. Maşına 
oturduq. İdris anasından soruşdu: 
- Atam hanı? 
- Rayondadır. 
- Evdə nə var, nə yox? 
- Salamatlıqdır, hamı səni gözləyir, gəldiyindən heç kəsin xəbəri yoxdur. 
Sanki İdrisin yadına bir şey düşdü: 
- Nazimə nənədən mənə bir xəbər! 
- Salamatdır. Hər gün soruşur. 
- Yenə bağçadamı olur? Onu yuxuda görmüşəm. 
Qadının gözünə diqqətlə baxanda, barmağımı dişlədim: "Odur, özüdür". 
Mən belə bir oğlanın Naziməyə, o sonsuz qadına nənə deməsinə sevindim. 
İyirmi il əvvəlki ipək dəsmalla göz yaşını silən cavan gəlin, odur, təmkinli 
bir əsgər anasıdır. Onun saçlarına dən düşsə, gözləri bir o qədər dərinləşsə, 
dodaqları solsa da, gəncliyindəki məlahət itməmişdir. O zaman Nazimənin 
qarşısında minnətdarlıqla göz yaşları tökən ana, indi alicənablıqla oğlunu ilk 
dəfə ona təqdim edir. İdrisin bir dəfə  nənə dediyi sonsuz qadını xoşbəxt 
etmək istəyir. Mən bunları xatırlayıb, açıq ana ürəyinin qapalı aləmini 
düşünürdüm. 
- Nazimə sizin nəyinizdir? - deyə soruşdum. 
İdris dedi: 
- Nənəmdir! 
Anası əlavə etdi: 
- Uşaqlıqda buna oğul deyib. 
- Yoxsa, eyvandan özünü atan uşaq... 
Qadın mənim üzümə baxdı: 
- Deyəsən İdrisi tanıyırsınız? 
- İdrisi yox, Nazimə xalanı tanıyıram. 
İdris dedi: 
- Özümü danışıb sizə? Düz deyirsiniz, eyvandan özünü atan mən 
olmuşam. 
Mən əhvalatı danışanda, İdris zarafata saldı. 
- Körpəlikdən, - dedi, - mən ana yolunda canımdan keçən olmuşam. 
Qədrimi bilən gərək! 
Bunu deyib şoferə tapşırdım: 
  

100 
 
-Qardaş oğlu, onları evə qoy, uşaq bağçasına sür, Nazimə ananı götürək. 
Maşın dayanan kimi cəld düşdüm. Şoferlə bağçaya muştuluq aparmağa 
getdim. Nazimə xalanın saçı ağarmış, qəddi bir qədər əyilmiş, səsi də boyu 
kimi alçalmışdı. 
- Xala, - dedim, - gəl əyləş maşına, oğlun İdris səni çağırır. 
Qadın diksinmiş kimi, düzəlib şax durdu. 
- Doğrumu deyirsiniz? 
Şofer israr edəndə, inandı. 
- Neçə ildir ondan xəbər yox idi. 
- İndi özü gəlib. 
Qadın az qaldı qanadlanıb uçsun. 
Biz Naziməni  İdrisgilə  gətirdik. Bütün ailə onun ayağına qalxdı; onu 
yuxarı başa keçirtdilər. İdris onunla uzun-uzadı qucaqlaşdı. 
Nazimə  İdrisin çiyinlərindən tutub üzünə baxır, sanki vuruşmalarda 
keçirtdiyi macəraları onun gözündə oxumaq istəyirdi. 
- O ağır günlərdə heç yadına düşürdümmü? 
İdris doğma oğul kimi danışırdı: 
- Bir gün də yadımdan çıxmamışsınız! 
Nazimə əllərini göyə qaldırıb şükür edirdi. 
- Mənim də oğlum var! Mən də əsgər böyütmüşəm... 
Bunu deyib, İdrisi təkrar qucaqlayırdı. 
 
1945 
 
 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin