Mİr cəlal seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/24
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#676
1   ...   16   17   18   19   20   21   22   23   24

Altıncı fəsil 
 
Nəhayət, gözlənilən vaxt gəlib çatdı. Gündüz saat ikidə məsul işçilərin, 
mütəxəssislərin, mətbuat nümayəndələrinin hüzurunda Verdiyev İslama söz 
verildi. Verdiyev əlində  iş qovluğu kürsüyə  çıxanda, dal cərgələrə göz 
gəzdirdi. Gəldiyevi görmədi. Ürəyinə bir qorxu düşdü ki: "Görəsən harda 
qaldı". 
Pəncərənin qabağında, apaşe geymiş Vahidi oturan görəndə  təəccüb 
elədi: "O hara, bura hara? Onu kim çağırıb?". 
Vahidin orada olması Verdiyevin təşvişini daha da artırdı: kürsüyə 
keçən kimi bir udum su içdi. Nəzərini qabağına açdığı iş qovluğuna dikib 
dilləndi: 
- Görürsünüz bu geniş, asfaltlı, müntəzəm küçələri... 
Neçə vaxtdan bəri hazırladığı müqəddiməni bitirəndən sonra "partiyanın 
rəhbərliyi altında institutun tarixi qələbələrə doğru addımladığından" 
danışmağa, qrammofon kimi ötməyə başladı. Lakin gözlənilmədən verilən 
tutarlı suallar onu çaşdırdı. Verdiyevin zəhri yarıldı. Niyyəti, planı pozuldu. 
Soyuq tər vücudunu islatdı. Gözləri alacalandı, zala baxa bilmədi. Sədr 
onun üzünə ittihamnamə oxuyurınuş kimi bir az yaxın gəldi, səsini ucaltdı: 

354 
 
Yoxsa tələbələri, müəllim heyətini aldatmaq sizə asan gəlir? Həmin 
iştaha ilə də bizi, iclası aldatmaq istəyirsiniz?! - Verdiyev susur, sədr suallı 
nəzərlə heyran-heyran ona baxırdı. - Çox qəribədir! Qoy yoldaşlar danışsın, 
görək institutda nələr olur, bunun baisi kimdir, nədir!.. 
Vahidin, Muxtarın açıq,  ətraflı  və  hərarətli danışığından sonra sədrin 
təklifi ilə bir qərar qəbul olundu ki, inşaat institutunda rəhbər işçilərə 
möhkəm əl gəzdirilsin. 
Verdiyev qan-tər içində dəhlizə çıxanda Muxtarın üzünə baxdı. Muxtar 
yan təbəssüm, yarı ciddi soruşdu: 
- Orden siyahısını neylədiniz? 
Verdiyev heç nə demədi. Yarım saat əvvəl quş kimi hoppanıb çıxdığı 
pilləkənləri indi qocalar kimi yavaş-yavaş, ehtiyatla enirdi; sanki arxada, 
iclas zalında nəsə qoyub gəlmiş, yaddan çıxarmışdı. Ancaq yaddan çıxan bir 
şey yox idi. Yalnız vidalaşmalı, burada qoyub getməli olduğu vəzifəsindən, 
şöhrətindən nigaran idi. Əlini qoltuq cibinə atdı, biletinin orada, yerində 
olduğunu duyub sevindi. Sanki onun da alınacağından qorxub addımını 
yeyinlətdi. 
Gəldiyevi evdə oturub onu gözləyən gördü. Verdiyev salam-kalam 
eləmədi, hirs ilə soruşdu: 
- Ədə, bəs harda qalmışdın? Nə qırdı-qaçdı imişsiniz ə! 
- Məni çağırmamışdılar. Elə bildim axşam olacaq. Suraxanıya məruzəyə 
getmişdim. 
- Adamı  tək qoyub əkilirsiniz? Gördün köpəkoğlu başımıza nə oyun 
açdı? Bir balsatan bütün institutun rəhbərliyini iki quruşluq elədi! 
- Necə bəyəm? 
- Necəsini sənə çatdırarlar. 
- Bizə gələndə səni görən olmadı ki? 
- Yox! 
- Heç? 
- Heç kəs. Nə olub ki? 
- Elə-belə soruşdum. - Verdiyev bunu deyib papağını başına qoydu: - 
Dəyəsi yerim var, - deyə çıxdı. 
Gəldiyev də durdu: 
- Elə  mən də gedirəm. Danış görüm, axı iclasda nə oldu? Ordendən-
zaddan... 
  
 

355 
 
- Nəticəsi məlum deyil. Sən hayana gedirsən? 
- Elə-belə, şəhərə sarı. 
Verdiyev dayandı: 
- Aşağı, ya yuxarı? 
- Aşağı. 
- Mən yuxarı gedirəm, hələlik... 
Gəldiyev əl çəkmək istəmədi. 
- Söhbətim var, yavaş! 
Verdiyev götürüldü: 
- Tələsirəm, sonra, sonra danışarıq. 
Geldiyev onun dalınca baxa-baxa qaldı. 
 
 
* * * 
 
Axşamüstü süfrəyə oturanda Ağca xanım Gəldiyevə sevincli bir xəbər 
verdi: 
- Deyəsən, müsabiqədə udursan, gözün aydın! Proyektbyürodur, nədir, 
yoldaşların gəlmişdilər, əsərin üzünü verdim apardılar. 
Gəldiyevin boğazı qurudu, tikəsi əlində qaldı, gözü bərəldi. 
- Kimə verdin, ay arvad? Niyə verdin?.. 
- Deyir, sədr özü baxacaq. 
- Arvad, nə qayırmısan! Nə danışırsan? 
Durub yazı stolunun küncünə, lülə kağızların boş yerinə baxdı. Fəlakət 
görmüş kimi dizinə döydü. 
- Qazandım... Yaxşı qazandım... 
Gəldiyev köynəyinə od doldurulmuş kimi, evdə o yan-bu yana ha 
vurnuxdu, papağım başına qoyub çıxdı. Yenə qayıtdı. Nə getməyə yeri 
qalmışdı, nə oturmağa səbri. Quyruğu basılmış ilan kimi fısıldaya-fısıldaya 
o yan-bu yana keçib söyür, köksünü ötürür, dodağını gəmirirdi. Ağca xanım 
elədiyinə, dediyinə peşman olmuşdu. Ancaq ərinin həmişə bu dolaşıq işlər 
içində çapaladığını xatırlayıb, əlini tovladı: 
- Qurtarmaz, bu partlamışın cəncəl işləri qurtarmaz! Görəsən yenə  nə 
fırıldağı var! 
Hava qaranlıqlaşanda Gəldiyev köhnə pencəklərindən birini geydi, yol 
papağını başına qoyub, evdən çıxdı. Nə Ağca xanım bir söz soruş- 
  

356 
 
du, nə  də o bir cavab dedi. Ancaq ürəyində Verdiyevin sözlərini təkrar 
edirdi: 
- Gördün köpəkoğlu başımıza nə oyun açdı! Bir balsatan bütün institut 
rəhbərliyini iki quruşluq elədi. 
 
Yeddinci fəsil 
 
Beşcə gün bundan əvvəl plan idarəsmin kiçik zalında müsabiqə heyəti 
iclas edirdi. On yeddi layihədən "Ürək" adı ilə verilən layihə ikinci 
mükafata, "Salam" adlı bir başqası isə üçüncü mükafata namizəd 
göstərilirdi. Heyət üzvləri rəyə  gələndən sonra müntəzir oturub, zərflərin 
açılmasım gözləyirdilər. Poladov ayağa qalxdı: 
- Yoldaşlar, - dedi, - aydındır ki, ancaq qazanan əsərlərin paketini 
götürməliyik. Başqalarının açmağa ehtiyac yoxdur. 
Gəldiyev tez iki zərfi sədrin qabağına qoydu: 
- Yoxdur, - dedi - qazanmayanları, niyə açıb avtoru utandıraq. Poladov 
göy zərfi cəsarətlə  cırıb, iki qatlanmış kağızı  əlinə aldı, oxudu. Hamı 
diqqətlə dinləyirdi. "Ürək" adlı proyekti mən Gəldiyev Kərim Abbas oğlu 
çəkmişəm. Bu mənim  əsərimdir". Verdiyev ayağa qalxıb, Gəldiyevi 
qucaqladı: 
- Bərəkallah  əlinin qabiliyyətinə!  İndi daha ölsəm də arzum qalmadı; 
yoldaş Poladov, gördünüz, yaxşı proyekti yenə də institutumuzun yetirməsi 
çəkdi. 
Oturanlar da Gəldiyevi təbrik etdilər. Gəldiyev sevincindən qızarınış, 
pörtmüş halda gözünü sədrin əlinə dikmişdi. Nədənsə sədrdə bir soyuqluq 
görürdü. Poladov ikinci zərfi açdı. "Salam" layihəsinin müəllifı Kirovabad 
pambıq zavodu inşaatında işləyən qocaman bir mühəndis idi. Sədr nə 
demək istəyirdisə, Vəzirbəyli soruşdu: 
"Ürək" layihəsinə mən də baxmışam. Bu necə şeydir? Təəccüblüdür! 
Gəldiyev tez dedi: 
- Professor, bu ayrısıdır, sən deyən "Ürək" deyil. Bizdə iki "Ürək" vardı: 
biri elə, biri belə! 
Vəzirbəyli dinmədi. Xəyalına nə gəldisə, üzünü məclisə tutdu: 
  
 
  

357 
 
- Yoldaşlar, cavan bir mühəndis var, tanınmamış olmazsınız. Vahid! 
Onun layihəsinə kim baxıb? 
Gəldiyev dilləndi: 
- Onu nə bilmək olar? Proyektlərə ad yazılmayıb ha! 
- Yox, o elə iş olmasın gərək! Çox qabiliyyətli mühəndisdir. 
Gərək ki, iştirak eləyir, işləyirdi. İştirak eləyir, yaxşı da fıkirləri, planları 
var, neçə dəfə mənim yanıma məsləhətə gəlib. 
Verdiyev dedi: 
- Professor, Gəldiyevin proyektində də təzə fikir az deyil. 
- A   Ola bilər. Tanışdırlar. Gəldiyev bizə danışan kimi, ona da danışıb 
da! 
Vəzirbəyli alnını qaşıdı, çeşməyini gözündən alıb sildi və yenə də taxdı: 
- Güman eləmirəm. Vahid məğrur adamdır. Kim oxuyub onun 
layihəsini? 
Heç kəs cavab vermədi. Poladov Gəldiyevdən soruşdu: 
- Resenziyaya verilməmiş əsər varmı? 
Bu danışıqlar Gəldiyevin canına elə üşütmə salmışdı ki, az qalırdı, dişi 
bir-birinə dəyib şaqqıldasın. 
- Bağlı konvertdir, nə bilim kimindir? On yeddi proyekt gəlib, hamısına 
baxılıb. 
Vəzirbəyli dedi: 
- Bu məsələ, Bayıl, Zığ məsələsi, yaşıllaşma, metro planı... Bunlar daha 
hansı layihələrdə var. 
Verdiyev hirsləndi: 
- Canım, bunları çox adam yazıb, deyib, ancaq layihə çəkə bilməyiblər. 
Vahid olanda göydən-zaddan gəlməyib ki... 
Vəzirbəyli ayağa qalxdı: 
- Mən görürəm ki, Vahidin proyekti aralıqda yoxdur. Bəlkə kişinin 
əməyi itib. Niyə axtarmayaq? İki dəqiqə mənə möhlət verin. 
Vəzirbəyli telefona yaxın gələndə  Gəldiyevin ürəyi tıp-tıp ilə köksünü 
dəlmək istədi: 
- Görünür yoldaş Vəzirbəylinin gizli imzalardan xəbəri var! 
Gəldiyev bunu deməklə  Vəzirbəylinin hiylə  işlətdiyinə  işarə vururdu. 
Professor isə səmimi anladı: 
  

358 
 
-  İmzadan yox, yaxşı  əsərlərdən xəbərim var! Çəkənlərin çoxunu 
tanıyıram. Vahidin özünə üç dəfə məsləhət vermişəm, o əsərin taleyi məni 
maraqlandırmasın? 
Poladov tələb etdi: 
- Soruşun özündən görək? 
Vəzirbəyli zəng elədi, Vahid tapılmadı. Evinə telefon elədi: 
- İndi harda olar o? Plan idarəsindən danışırlar... 
Vəzirbəyli məyus olub telefonun dəstəyini yerinə qoydu. 
- O işə çox ümid bəsləyirdim: məəttəl qalmışam, bəlkə çatdıra bilməyib. 
Axı o, gecə-gündüz çalışırdı. 
Verdiyev professorun dediklərinə məna verdi. 
- Qorxuram bizim belə müzakirəmiz bütün jürinin işini hörmətdən sala. 
Necə yəni, olan əsərlər buradadır. Resenziyalar da burada, fıkirlər məlum! 
Mükafat da təyin olunub, qurtarıb. Daha durub təzədən əsər axtarmağa nə 
ad qoyaq? 
Verdiyevin dedikləri Vəzirbəylini qəzəbləndirdi. 
- Yoldaş İslam Verdiyev, üzdə olmayan əsərlərlə də maraqlanmaq bizim 
vəzifəmizdir. Çoxları istərdi ki, Vahidin özü də üzdə olmasın. 
Professorun bu işarəsindən Gəldiyev güllə  dəymiş kimi, yerində 
hərəkətsiz qaldı. Verdiyev söz tapa bilmədi. Vəzirbəyli sədrə döndü: 
- Tələbəmdir, eləsi hər il yetişmir, hər adamdan çıxmır. Onun işini mən 
görmək istəyirəm. Mən baxdıqlarımın heç biri Vahidin qələminə oxşamır. 
Professorun hərarətli və etimadlı danışığı hamının diqqətini cəlb etmişdi. 
Bu halda qapıçı gəldi. 
- Bir oğlan gəlib, yoldaş Poladov. 
Vəzirbəyli əl elədi: 
- Nayıbov deyil? 
- Bəli, Nayıbov Vahid. 
- Gəlsin! 
Vahid əlində dəsmal, təngnəfəs içəri girdi. Poladov soruşdu: 
- Siz müsabiqəyə əsər hazırlayırdınızmı? 
- Bəli, hazırlamışam. 
- Bəs hanı! 
- Sizdə! 
- Əsərinin adı nə idi? 
  
 
  

359 
 
- "Açıq kitab". 
Vəzirbəyli heyrət edən bir tövrlə qollarını açdı: 
- Mənə rast gəlməyib. 
Üzvlərdən biri də şərik oldu: 
- Mən də oxumamışam. 
Vəzirbəyli Verdiyevdən soruşdu: 
- Bəlkə sizin əlinizə keçib! 
- Xeyr. O adda əsər görməmişəm. 
Vahidin rəngi qaçdı: 
- Təxminən bir ay olar ki, mən gətirib qeyd elətdirmişəm. İtsə, bilmirəm 
daha mən nə edecəyəm. 
Vəzirbəyli Verdiyevə eşitdirdi: 
- Gördünüz, yoldaş Verdiyev, mən bir şey hiss etməsəm demərəm. 
Nəsə qaranlıq gəlir. 
Sədr Gəldiyevdən soruşdu: 
- Bu nə işdir? 
Gəldiyev özünü ağır tutdu: 
- Gələn əsərlərin hamısı resenziyaya verilib. 
Onun cavabı Poladovu lap şübhəyə saldı. Vahiddən soruşdu: 
- Əsərini görsən tanıyarsanmı? 
- Ana övladını tanıyan kimi! 
Poladov zəngi basıb, texniki katibi çağırdı: 
- Gətir bura işlərin hamısını. 
Verdiyev razı olmadı: 
- Yoldaşlar, - dedi, - bu cəncəl məsələdir. İclas işi deyil. Tapşıraq katibə 
yoxlasın, sonra müzakirə edərik. 
Vəzirbəyli qoymadı: 
- Yox, yox, bu saat həll edəcəyik. 
Vahid lülələnmiş, cürbəcür kağızları bir-bir nəzərdən keçirib ötürdü: 
- Yox, bu deyil, bu mənim xəttim deyil... 
Başa çıxanda sədr Gəldiyevin üzünə baxdı: 
- Hanı bəs? 
- Olan budur ki, var! 
Vəzirbəyli dedi: 
- Mən görürəm ki, Vahidin işi ortalıqda yoxdur. - Üzünü Gəldiyevə 
tutdu: - Bir zəhmət çək, öz proyektini bura ver! 
  

360 
 
Gəldiyev onun nə demək istədiyini anladı və ağardı: 
- Professor, bu lap hörmətsizlik oldu ha. 
- Baxmaq istəyirəm, niyə ayrı rəng verirsən? 
- Yoldaş Poladov, xahiş edirəm nəzərə alınsın ki, mənim mükafat almış 
əsərimi şübhə altına salmaq istəyirlər. 
Verdiyev də şərik oldu: 
- Professor, sizdən gözləməzdim. Çox qəribədir. 
Poladov danışığı kəsmək istədi: 
- Yoldaş jüri üzvləri, gəlin siz bu məsələni mənə etibar edin, arxayınlıqla 
məşğul olarıq. 
Bu təklif Verdiyevin də ürəyindən idi: 
- Bizim institut işçilərinin də başı qarışıqdır, məruzəmiz-zadımız var, 
xahiş edirəm bu müzakirəni, sədr demiş, arxayın vaxta qoyaq... 
 
Səkkizinci fəsil 
 
Vahid evə  gələ bilmədi, deyəsən onun əsil işi indi, layihəsi qəbul 
olandan və hökumət adamları onu təbrik edəndən sonra başlanırdı. 
Becərdiyi bağın tamaşasından həzz alan bağban kimi, şəhərin ən uca yerinə 
- Dağüstü parka getdi. Qaralmaqda olan axşam üfüqlərini, göylərə səpilən, 
get-gedə qızaran ulduzları, bir nəhəng kimi yatıb dincələn Xəzəri seyr etdi. 
"Yeni Bakı"nın quruluşu, həyatı, insanları  qədər də  təbiəti təzələnməlidir. 
Şəhərə yaşıl don geydirməli. Çoxqatlı binalar, universitet, kitabxana, 
muzeylər, saraylar, klublar, rəsədxana... Uca çinar, qələmə, qarağac,  şam, 
həmişəcavan ağacları içində görünməz olmalıdır. Eyvanlardan üzüm 
salxımları sallanmalı; bağçalarda güllər dəstələnməlidir. Dənizdən gəmi ilə 
gələnlər dünyanın ən gözəl bir şəhərinə yanaşdıqlarını güman etməlidirlər. 
Bu mənim şəhərim! Məni böyüdən, mənim böyütdüyüm yerlər yenə də dilə 
gəlin, qoyun aləm bilsin! 
Öz işinin ağası olan adamların sərbəst qələmi ilə Şərqin qapısında, yeni 
tarixində böyük bir kitab yazılmışdır. Murmanskdan Bəsrə körfəzinə, 
Lamanşdan Vladivostoka qədər uzanan yollarda gəzənlər - yer, su, hava 
səyyahları - ruslar, azərbaycanlılar, özbəklər, kazaklar, türkmənlər, 
fransızlar, italyanlar, yaponlar, çinlilər, hindlilər... qaralar, 

361 
 
ağlar, oxumuşlar, avamlar, hərə öz dilində, hərə öz əqidəsində bu kitabı 
oxuyacaqlar. Bu kitabın dağlardan sahillərə  qədər açılan parlaq vərəqləri 
kimi, məzmunu, mənası açıq və aydındır. Rahatlıq bilməyən buruqlarda, 
göylərə baş vuran zavodlarda, çoxqatlı  mənzillərdə, məktəblərdə, müalicə 
evlərində, süzüb gedən maşınlarda, trolleybuslarda körpələr də, uşaqlar da, 
gənclər də, qocalar da, məşhurlar da, sayalar da, əmr verən komandanlar da, 
eşidən döyüşçülər də, milislər də, xörək bişirən qadınlar da xoş  səslə 
deyəcəklər. 
- Sədaqət, məhəbbət qalib gələn yerdə hər şey məğlub olar. 
 
Doqquzuncu fəsil 
 
Gəldiyev ehtiyatla, ağır-ağır yoxuşu çıxdı. Səkiyə ayaq basanda Vahidin 
evi gözü önündə dikəldi, rəngi getmiş, divardan çətin seçilən uca, taylı qapı 
Gəldiyevə tanışdı. 
İki ay yarım bundan qabaq, mülayim bir qış axşamında bu qapını 
"ziyarət" etməli olmuşdu. Ancaq o zaman Gəldiyevin iradəsi davamsız idi. 
O, iş görmək istəyən adam üçün bu açıq, aşkar yerdə  gəzinməyin, 
görünməyin yaxşı olmadığını xəyalına gətirdi. Sonra düşündü ki, görən olsa 
deyərəm: "Təmiz havaya çıxmışam! Bu yalana inanmazlar!" 
Ürəyində xeyir ilə şəri dəyişdirdi. Şər deyirdi: "Hərif ilə qərəzli olduğun 
məlumdur. Bircə nəfər şahid çıxsa ki, filankəsi axşam tin başında gördüm, 
işin bitdi. Keç qapının dalında dur!" "Bəlkə evdən bayıra çıxan oldu? 
Deyərəm Vahidi görməyə  gəlmişəm. Axşama qədər işdə, idarədə niyə 
görmürsən? Tez yayınar, qaçaram! Yaylı qapı açılanda səsdən biləcək, 
dalınca düşəcəklər: lampoçkanı burub boşaldaram!" 
Şərin sözü kəsilir, Gəldiyevin tədbirləri qətiləşirdi. "Lənət  şərə" deyib 
qapıya yanaşdı.  Əllərini belində çataqladı, dalını qapıya söykəyib tamaşa 
edirmiş kimi durdu. Sonra kürəyi ilə güc gəldi. Ağır, yaylı qapının bir tayı 
ləngər ilə aralanmağa başladı. Qapı yavaş, lakin yanıqlı bir səs çıxardı. 
Sanki bir fəlakət olacağını demək istəyirdi. Qapı arasında çəhrayı qurşaq 
göründü, get-gedə enləndi. Qapı o qədər açıldı ki, bir adam içəri keçə 
bilərdi. Gəldiyev axırıncı  dəfə anlaşılmaz bir hövl ilə küçənin sağ-soluna 
nəzər saldı, ilan kimi sürüşüb içəri girdi. 
  

362 
 
Qapının tayını yavaşca örtdü, çəhrayı qurşaq nazilib yox olanda, qapının 
səsi də  kəsildi. Gəldiyev barmaqları ucunda yeriyib pilləkəni çıxdı. 
Məhəccərin üstünə qalxmamış, düşmək üçün əl yeri, ayaq yeri bələdlədi, 
dırmaşıb lampoçkanı burdu. Lampoçka barmaqlarını yandırsa da, hərəkətini 
yavaşıtmadı.  İşıq sönəndə deyəsən göydən, naməlum köməkçi bir əl onun 
müdhiş çiyinlərini örtmək üçün qara və ağır bir pərdə saldı. Zülmətdə hər 
şey bir-birinə qovuşdu. Gəldiyev qaranlıqda özünü qınına salınmış  xəncər 
kimi hiss etdi. Ancaq, xəncər iş görəndən sonra qınına qoyulur. Siyrilmək, 
bu pərdəni bir an üçün də olsa götürmək lazım gələcək. 
"Yox! Bir də bu dəhliz Vahidin sağlığında işıqlanmayacaq. Mən işimi 
elə qınımda görəcəyəm. Qaraquşunkunu Allah yuvada yetirər. Mən hərifın 
üstünə getməyəcəyəm, o mənim üstümə gələcək. Hüquq ilə yanaşsan, mən 
heç müqəssir deyiləm; budur mən bu qaranlıq pilləkənlərdə dinc həyat 
sürürəm. O qapını açıb buraya soxulanda, mən necə dayanım, bəlkə  məni 
öldürməyə gəlir, bəlkə boğmaq istəyir, qorunmalıyam, ya yox!" 
Bu xəyallar Gəldiyevə  həm gülünc, həm də  dəhşətli görünürdü. 
Haçandansa  əlini xəncərin dəstəsinə atmışdı. Dəstəni elə  bərk sıxdı ki, az 
qaldı barmaqlarından qan dama. 
İçəridən səs gəldi. Gəldiyev divar dibinə çəkildi. Deyəsən oxuyurdular. 
Qadın səsi, Qarabağ şikəstəsi. 
- Odur, o! Şikəstə oxu... Bir saatdan sonra da ağı deyəcəksən... 
İntiqam hissi canavar kimi Gəldiyevin içini gəmirirdi. Kürəyini buz 
divara söykəmişdi, ürəyi daş kimi bərkimiş, əsəbləri ağac kimi qabarmışdı. 
Əli xəncərin dəstəsində müntəzir dayanıb, gözlərini qapıya zilləmişdi. 
Qapı açılanda xəncər Vahidin ürəyinə sancılacaq, qan fışqıracaq, isti 
yara Vahidin sinəsini qarpız kimi açanda, Gəldiyevin ürəyi sərinləyəcəkdi. 
Yox, onda yox, Rübabə, dili şikəstəli qız Vahidi bu kökdə gördüyü zaman! 
Hə! 
"Bir quş olub kənardan baxaydım. Vahidin cənazəsi  əsgi kimi düşüb 
qalanda... qan qapıda göl duranda... Rübabə lampoçkanı yandıracaq...  İşıq 
olsun,  ərinin ayağı ilişməsin. Baxanda, yaxın gələndə, dizinə döyüb nalə 
çəkəcək... O nalə mənə bəsdir... Yanğımı söndürməyə bəsdi! Onu istəyirəm, 
hə, onu!" 
  

363 
 
Mahnı  təkrar eşidildi.  İntiqam hissindən tələsdiyindənmi, vahimə 
duyduğundanmı, nədənsə, Gəldiyevin canına üşütmə düşdü, bədəni yarpaq 
kimi  əsdi,  əsəbləri sim kimi gizildədi, tükləri qalxdı, dişi-dişinə  dəydi, 
"Bismillah!" deyib, bir pillə  aşağı endi. Dodağını çeynədi.  İkiəlli xəncərin 
dəstəsindən tutub, gərnəşirmiş kimi qollarını şax saxladı. Az qaldı xəncərin 
qayışı qopsun. Bir ayağını irəli, birini geri qoydu, bu saat Vahid daxil 
olacaqmış kimi hazır dayandı. Gözünü qapıya dikdi. Nəfəsini oğurladı. 
İçəridən bir qız uşağı çıxıb kibrit çəkdi: 
- Bacı, - dedi, - bura gəl! 
Kibrit yanıb qurtarmamış qız birini də çəkdi. Yenə qışqırdı: 
- Bacı, tez ol! 
Rübabə hay verdi: 
- Dayan telefon eləyim, bu saat! 
Gəldiyev yəqin etdi ki, onun hənirtisini duymuşlar: "Rübabə milisə zəng 
edir". 
Papağını gözünün üstünə basdı, pencək boğazlığını qaldırıb götürüldü. 
Rübabə şaqqıltı ilə örtülən qapının səsinə çıxanda, Gəldiyev az qala beş 
küçə ötmüşdü. O, dala baxmadan tövşüyə-tövşüyə  Çəmbərəkəndə  tərəf 
yüyürdü. Kənardan baxan onun şey qaçırdığını, ya gündüzdən oralarda 
qiymətli bir şey qoyub gəldiyini güman edərdi... 
     O  gecənin hövlündən Gəldiyev yorğan-döşəyə düşdü. Bir həftə yatdı. 
Ağca xanımın əzabını artırdı. "Soyuqlamışam" deyə neçə dəfə küpə saldırdı. 
Bunlar hamısı  təcrübəsizliyin acı  nəticələri, intiqam yolunun ilk məşqləri 
idi. 
 
* * * 
 
Gəldiyev nahaq yerə qorxu, vahimə çəkir. Qapını açan, kibrit çəkən uşaq 
Vahidin altı yaşlı bacısı  Nəzirə idi, dəhlizdən köhnə başmaqlarını 
götürürdü. Başmağının bir tayında cücü görmüş, çimçəşdiyi üçün Rübabəni 
çağırmışdı. Rübabə isə Vahid üçün idarəyə zəng edirdi. 
Bu vaxtlar Rübabənin ən sevincli günləri idi. Onun ailəsinə doğan səadət 
günəşini gecə də görmək olardı. Moskvadan da teleqram alınmışdı. Vahidin 
layihəsini bəyənmişdilər. 
  
 
  
 

364 
 
Rübabə Vahidin planı ilə tikiləcək böyük şəhəri - bütün bir əzəmət 
dünyasını  nəzərinə  gətirirdi; göylərin bir qatına çəkilmiş, qabaq-qabağa 
duran, ağaclar ilə  əhatə olunan yaraşıqlı binaların çiçəkli eyvanlarından 
aləmə musiqi yayılır. 
"Mən də Vahidə deyəcəyəm sənətkarlar evində özümüzə otaq ayırsın. 
Eyvanda oturum, dağlar ayağımın altında qalsın, uçan təyyarələri, 
trolleybusları quş kimi görüm. Yox, mən bu evdən çıxmayacağam. Vahidlə 
ilk dəfə bu otaqda deyib-gülmüşük. Bu otaqda biz sıxılmışıq, qüssələnmişik, 
axırda da sevinmişik. Vahid buranı çox sevir, onun istəyi mənim üçün hər 
şeydir. Vahid bu gün gecə: "Rübabə, ürəyim ata-baba yerimizi istəyir!" Mən 
rədd etmərəm. Köçüb gedər, lap rayonda yaşayaram. O, mənəvi iş ilə çox 
məşğuldur. Mən onun istirahətini,  əsəb sakitliyini təmin etməliyəm. Çox 
işləməyə qoymayacağam. Yaxşıca bir dincəlməlidir. Utancaqlığa baxmaz. 
İki ay ona vaxt lazımdır. İş həmişə var, can ələ düşməz..." 
Rübabə bu fıkirləri ilə otaqdan-otağa keçir, bülbül yuvasını  bəzəyən 
kimi, hər şeyi yeni bir qayda ilə düzüb qurmaq istəyirdi. Gah telefona qaçıb 
yar-yoldaşın təbrikinə  təşəkkür deyir, gah piano çalır, gah Füzulinin 
divanını açıb oxuyurdu. Bu kitabı görəndə Rübabə  həm sevinir, həm 
kədərlənir, həm rahat olur. Həm əsəbiləşir, həm inciyir, həm dincəlir, həm 
qayğılarını unudur, həm xiffət çəkir, həm təsəlli duyur, həm iztiraba düşür, 
həm ağlayır, həm gülür, həm alovlanır, həm fəxr edir, həm utanırdı. 
Məcnunun gəzdiyi o isti, tənha çöllər, çılpaq dağ-daş, hər şey dilə gəlir o, 
böyük, köməksiz aşiqin halına ağlayırdı. Sətirlərdə Leylinin "Qeys" deyə 
fəryadı  eşidilirdi. Sözlər - şairin qələmindən tökülən odlar bütün kainatı 
yandırırdı. Qəlbin nə böyük tarixi, nə geniş aləmi var. 
Nə üçün bu nurani kişinin önündə diz çökmürük? Nə üçün onun 
ziyarətinə həsrət çəkmirik? Nə üçün qızlar əl bağlayıb Leylinin qəzəllərini 
oxumurlar? 
Vahid də bu gün xoş bir xatircəmliklə, məmnunluqla evə qayıtdı. 
Dünəndən bəri duyduğu ürək rahatlığı ömrü boyu çəkdiyi bütün iztirabları 
unutdurmuşdu. İndi daha hər şey yoluna qoyulmuşdu. Nə düşmənlər, nə üz 
görən dostlar, nə paxıllar, nə etinasız idarə başçıları, nə yaxşı gün aşnaları - 
heç kəs, heç kəs işləyənin, yaradanın  əl-qolunu tuta bilmədi, yolunu kəsə 
bilmədi. Hamısı, daşa dəymiş kaşı kimi çilik-çilik olub getdi. Əmək və 
hünər, sədaqət, məhəbbət üstün gəldi. 
  

365 
 
Bu sevinc aləmində nə Vahid, nə də Rübabə ailənin aydınlığına çökmək 
istəyən qaranlığı seçməmişdilər. Yalnız balaca Nəzirənin çəkdiyi kibrit bu 
qaranlığı qaçırtmışdı... 
 
* * * 
 
Zahirdə  ədavət guya soyumuşdu. Vahid Gəldiyev adlı bir bədxahın 
varlığını da unutmuşdu. İndi Gəldiyev onunla bir yerdə işləmir. Vahidin işi 
çox olsa da axşamlarını evdə mütaliədə, istirahətdə keçirir. 
Gəldiyev onun qulluq işini bilsə də, ailəsindən xəbərsizdir. Ağca xanım 
onun yanına gəlib-gedən corabçı bir qadın vasitəsilə Rübabənin həyatını 
soruşur. Corabçı qadının ögey əmi qızısı Vahidin evində qulluqçudur. Ağca 
xanım  ərinin maraqlandığını bildiyindən, hər dəfə corabçıdan söz alır: 
"Tarçı qızı necədir?" 
Corabçı da həmişə Rübabədən fərəhlə danışır. Qapılarında qara maşın 
dayanmasından, həftəbaşı bir şənlik qurmasından, yaylaq tutmasından ağız 
dolusu danışır. Bu söhbətlər Ağca xanımı  məngənə kimi sıxır, düşünür, 
bilmir acığını kimin üstünə töksün. 
Corabçıdan eşitdiklərini, bir az da alt-üst ilə Gəldiyevə danışır. Gəldiyev 
içini yeyir, əlacsız qalıb çımxırır: 
- Di qoymazsan bir tikə dincələk? Çox xoş xəbər gətirmisən! 
Ağca xanım diksinib çəkilir. 
- Özün deyirdin ki!.. 
Ağca xanım düşmən ilə maraqlandığına peşman olurdu. 
Unutmaq istəyir, bacarmırdı. Ona elə gəlirdi ki, bütün bu uca binalarda, 
tül pərdələrin dalında Rübabə yaşayır, piano səsləri onun barmaqlarından, 
mahnılar onun dodaqlarından qopur; küçələrdə süzən maşınlar, hamısı, 
hamısı onlar üçündür... 
Bunları düşündükcə  Gəldiyevin də vücudu od tutub yanır, sinəsindən 
qopan ahlar az qala dil-dodağını yandırırdı. Ocağa düşınüş ilan kimi qıvrılır, 
durur-oturur, oturur-durur, uzanır-qalxır, axırda  əllərini peysərində 
çataqlayır, sanki "yeni bir şey çıxsın" deyə başını  bərk-bərk sıxır, yastığa 
söykənir, gözlərini səqfdən ayırmadan plan tökür, tədbir axtarırdı. Bir 
zamanlar o, mütərəddid idi, bu sualın cavabı ilə uğraşırdı: "Etməlimi?" 
- Özüm qələt elədim atamla!.. 
  
 

366 
 
Vahidin işləri onun tərəddüdlərinə son qoydu. O, güman etmişdi ki, 
Vahid ictimai bir ləkə tapandan, vəzifəsindən uzaqlaşmalı olandan sonra 
Rübabə peşmanlayacaq, taleyini beləsinə bağladığına  əfsuslar deyəcək, 
baisə lənətlər oxuyacaq, Rübabənin bu günündə Gəldiyev yanaşacaq, ondan 
üz döndərmədiyini bildirəcək, Rübabə Vahiddən  əl çəkəcək, Gəldiyevdən 
dördəlli yapışacaq... 
Vahidin işi günü-gündən rəvac tapırdı.  İş yerində, mühəndislər içində 
böyük, kiçik hamı onu tanıyır, yada salırdı. Rübabənin də ona məhəbbəti 
birə-min artırdı. Corabçının deməyinə görə, "Rübabə Vahidsiz bir tikə çörək 
yemir, onsuz bir məclisə ayaq basmır, hətta onun başını da özü darayır, 
qalstukunu da özü bağlayır, üst-başını şotkalamamış bayıra buraxmır". 
Bu gün inşaatçılar ittifaqı binasında onu təbrik edənlər, başına yığılan 
qəzetçilər, fotoqrafçıları görəndən sonra bəlkə on dəfə ürəyində təkrarladı: 
"Etməli". 
İndi corabçıdan bir söz eşidən kimi sualı xatırlayır, bu cavab 
qulaqlarında qətiyyətlə səslənir: 
"Mütləq etməli!!!" 
Bu cavabından yeni bir sual doğmuşdu: "Nə etməli?" 
Həmin bu xoş yay axşamında, demək olar ki, Gəldiyev son sualın 
cavabını da tapmışdı. Bu, son cavab olacaqdır. Mübahisə  kəsiləcək, 
cavanlıq aləmindəki münaqişələrinin hökmü veriləcəkdi. 
Gəldiyev bu iştaha ilə Vahidin qapısına gəlmişdi. 
Rübabə gündüzdən getmişdir. Qulluqçu istirahətdədir, gec gələcək. 
Deməli Vahid təkdir, əsil iş görməli gecədir! 
Geldiyev  əvvəl küçə qapısını sanballadı, açıq olduğunu görüb sevindi. 
İlk səfərdə etdiyi kimi, tədriclə qapını açıb, özünü dəhlizə saldı. Bu yerlər 
ona o qədər məhrəm gəldi ki... işığı keçirmədi, cəsarətlə pilləkənləri çıxdı, 
dayanıb qulaq asdı. Qabaqkı otaqda səs-səmir yox idi. Qapıya təkan verəndə 
bağlı olduğunu bildi. Açar yerinə diqqət elədi,  əlcəkdən tutub gücünü 
yoxlayırmış kimi, bir bərk silkələdi. Çəkilib qulaq asdı. Sükutdan ürəyi 
arxayınlaşdı. Qayıdıb küçə qapısını yavaşca açdı, arasına kərpic itələdi, 
qaranlıqda yox oldu. Yarım saat çəkmədi ki, cibində bir dəstə açar gəldi. 
Qapının açar yerini qurdaladı. Açarları bir-bir salıb çıxardı. Dördüncü açar, 
deyəsən, elə bu qapı 
 
 
  

367 
 
üçün qayırılmışdı. Yağ kimi hərləndi, iki dəfə buranda qapı aralandı. 
İçəridən isti hava gəldi. Gəldiyev sürüşüb, divar peçinin böyründə dayandı. 
Eşik qapı  dəhlizə açılırdı. Dəhlizdən həm döşənmiş salona, həm də 
Vahidin otağına yol var idi. Bu qapıların heç biri açar ilə bağlanmazdı. İndi 
Gəldiyev, mehriban bir xanımanı dağıtmaq üçün nəfəsini dərir, özünə ürək 
verir, qüvvə toplayırdı. Otaq qapılarında salınan xalçalar, sakit və səliqəli ev 
şəraiti, həmişə dosta açılan qapılar, yarasanı qovan kimi Gəldiyevi çaşdırdı. 
Gülüş səsi eşidəndə lap özünü itirdi. Bir əli xəncərin dəstəsində, bir əli də 
yaxasını  yırtdı, salona cumulmaq istədi. Gözünün ucu ilə içəriyə baxdı. 
Qəribə bir hiss onun qanına yeridi. Buralar heç nalə yerinə oxşamırdı. Pis 
məqsəd bu evlərə uymurdu. Əyilib yuxarıya diqqət edəndə Vahidin 
çarpayıda uzandığını, başı üstə oturan uşaq ilə danışıb oynadığını seçdi. 
Yəqin ki bacısıdır; bu dəqiqə qardaşsız qalacaqdır. 
- Niyə yatmırsan, bala? 
-Yuxum gəlmir! 
Vahid uşağı yanına alıb oynadır, dilə tutub yatırmaq istəyirdi, uşaq isə 
Rübabəyə öyrənmişdi, onsuz yatmaq istəmirdi.  Şaqqıltı duyan bala pişik 
kimi Nəzirə qapıya sarı döndü: 
- Kimdir o, qağa? 
Gəldiyevin gözləri uşağın  şəhadət barmağına sataşanda xəncəri siyirib, 
göyə qaldırdı. Uşaq qışqrıb dəhlizə  işarə edəndə Vahid dik qalxıb, qapıya 
tərəf getdi. Onun dik yerişi və  ağır addım səsləri bir an içində  Gəldiyevi 
çaşdırdı; o özünü pilləkənlərdən yerə atdı. Vahid qapıdan çıxanda ancaq 
onun dabanını görə bildi. Dalınca yüyürdüsə də hansı tərəfə qaçdığını təyin 
edə bilmədi. Qorxan, ağlayan uşağın yanına qayıtdı. Qapıdakı top açarlara 
baxıb xəyalında: "Cinayət! Cinayət!" dedi. Uşağı yanına alıb, qapıya çıxdı. 
Rubabə gələnə qədər içəri qayıtmadı. 
Rübabənin də, Vahidin də  Gəldiyevə gümanı gedirdi. Ancaq heç biri 
bunu dilinə gətirmədi, getdi. 
Gəldiyev lap gecə yarısı, pörtmüş, dili-dodağı təpimiş halda evinə gəldi. 
Yetişən kimi vəsiqələrini, dəftərçələrini yığıb qoltuq cibinə qoydu və 
soruşdu: 
- Mənim bir pastel qayışım var idi?.. 
  
 

368 
 
Ağca xanım əlləri qoltuğunda oturub gözləmişdi: 
- Neyləyirsən? 
- Səfərim var. 
- Nə səfər? 
- Zaqatalaya göndərirlər. 
Ağca xanım deməyə söz tapmadı: 
- Sən də gedirsən, hə? 
- Getməsəm atamı yandırarlar. Partiyniyəm. Bilet-zad alınıb, tez ol! 
Ağca xanım istədi öz vəziyyətini dilə  gətirsin,  ərini danlasın, bunun 
faydasız olduğunu bilib susdu. Ürəyindən keçdi: "Görəsən, nə fəndi var". 
Ağca xanım tərpənməmiş Gəldiyev qayışı tapdı, çamadanı da boşaldıb, 
hazırladı. Öz pal-paltarlarını da gətirdi. 
Bunu görən Ağca xanımın ürəyindəki boşluq genişlənir, çırpıntı artırdı: 
- Neçə vaxta gedirsən? 
Gəldiyev qayışı bərk çəkib bağlaya-bağlaya dedi: 
- Bilmək olmaz! Nə bilirəm! 
- Havaxt qayıdacaqsan? 
- Asılıdır yerli təşkilatdan. Həmişəliyə saxlasalar, əlbəttə qayıda 
bilməyəcəyəm. Yox, müvəqqəti olsa, görək də... 
Gəldiyevin tələsdiyini, gözünü qapıdan kəsmədiyini görən Ağca xanım 
şübhəyə düşdü: 
- Sənə nə olub, belə hövldəsən? 
- Hövldə olmayım neyləyim, vaxta az var. Sonra mənə kim təzədən bilet 
tapacaq. Səfər özü tələsikdir. Bu saat çağırıb  əmr veriblər  əlimə ki, gərək 
çıxasan. 
Gəldiyev zənn edirdi ki, Ağca xanım özü haqqında bir şey deyəcək, ya 
getmək istədiyini bildirəcək, ya mane olacaq. Ağca xanımın bu barədə heç 
danışmaması ona qəribə gəldi: "Yəqin hərif razıdır, məni o yana ötürüb, özü 
şəhərdə  əl-qol açacaq. Ev xəlvət, uşaq-muşaq da yox, çoxdandır axı 
sərbəstlik görmür. Yəqin xəyal edir ki, ərim rayonda eşşək kimi işləyəcək, 
pul göndərəcək, mən də həmin pul ilə aşnalara məclis quracağam. Hay-hay! 
Axmaq qızı daha demir ki, sabah ayağımı rayona qoyan kimi kəbin kağızını 
göndərəcəyəm..." 
Qadının əlləri qoltuğunda dümdüz dayanıb səfərə gedən kişisinə tamaşa 
elədiyini, bu gedişin aqibətini duymuş kimi, məzlum və naçar 
  

369 
 
baxdığını görəndə  Gəldiyevin ürəyi köyrələn kirai oldu. Ancaq məna 
vermədi. 
- Hər halda vəziyyəti sənə yazacağam, hələlik! 
Doğrudur, Ağca xanım onun səfər xəbərini çox məyusluqla qarşılamışdı, 
lakin dediklərini eşitmirdi. Ürəyində öz dərdləri ilə məşğul idi. 
Gəldiyev onun qapısından çıxan birinci kişi deyildi. Çoxları  gəlib-
getmişdi. Həvəslə, eşqlə, gülər üz, şirin dillə  gəlmiş, rəsmi soyuq 
xudahafızlə getmişdilər. 
Ağca xanım gəncliyindən qalma qürur, tələbkarlıq hisslərini çox vaxt 
boğmağa, Gəldiyevlə barışıb yaşamağa səy etmişdi, ancaq görürdü ki, 
mümkün olmayacaqdır. 
Gəldiyev getdi, özü görünməz, ayaq səsləri də daha eşidilməz oldu. 
Ağca xanım içəri döndü, evə çökən sükut və  tənhalığı dinlədi, qırmızı 
döşəmədən göy səqfə  qədər şəkilli divarlara, rəngi getmiş qapıya, dolu və 
boş boçkaya qədər hər şeyə baxdı. Deyəsən, onlar bir sirri soruşurdular. 
Ağca xanım səs eşitmiş kimi döyükdü, ətrafına boylandı. Qulağının 
cingiltisini, ürək döyüntüsünü, ağırlaşan nəfəsini dinlədi. Deyəsən, 
Təbarəkdən bu yana gələn və qucağında qızışıb gedənlərin sonuncusu, həm 
də  ən amansızı  həmin bu Gəldiyev idi. Gəldiyev onun sinəsindəki az-çox 
hərarəti, ümid işığını tamam söndürüb getdi. 
Xəyalət onun nəzərini küçəyə, cərgə ilə düzülən və  pəncərəsindən 
kənara işıqlar saçan otaqlara çəkdi. Bu evlərdə yüzlərlə ailələr olur; 
qadınlar, kişilər, qızlar, gəlinlər, balalar, körpələr məsud yaşayırlar. Səhər 
açılan kimi qalxıb gedirlər, günün bir hissəsini iş deyilən ailə  həyatından 
uzaq bir aləmdə keçirirlər. Axşamüstü oradan evə sevinc, səadət,  şirin 
söhbət, əyləncə, həyat ləzzəti gətirirlər. 
- Bunları birləşdirən nədir? Nə üçün mənim tifaqıma  əsən küləklər 
bunlara  əsmir? Nə üçün o kişilər məni tapmır? Nə üçün bu səadət mənə 
yaraşmır... 
Ağca xanımın ürəyindən qopan həsrətli bir səs pıçıldaşırdı: "Mən də 
hökumət idarəsində oturaydım, qolu çirməkli görünəydim; mənim də 
cərgələrdə yerim, dəftərlərdə adım, işlərdə payım olaydı; mən də 
işləyəydim, yorulaydım, çalışaydım, həftəm, ayım, cüməm, məzuniyyətim 
olaydı. Danlanaydım, mənə  də  ərk olunaydı; ağır-yüngül sözlər deyiləydi; 
mən də bu minlərin biri olaydım..." 
 

370 
 
Səhər-səhər iş paltarında tramvaya minən, nahar vaxtı qayıdan 
qadınların, kişilərin həyatı ona ideal göründü: 
"Azadlıq deyilən bir leysan yağışı onların həyatını yuyub ağartmışdır. 
Qanun deyilən bir əl onların üzünə ismət deyilən bir pərdə  çəkmişdir. 
Qanun... Məni də qanunla doğub, qanunla bələdilər. Qanunla adaxladılar, 
Quran ayəsi, təkbir səsi ilk siğəm oldu. Axund yola salanda başımı 
qucaqlayıb, gözlərimin içinə baxırdı. O mənim bəbəklərimdə  gələcək 
günahlarımı görməkmi, yoxsa təlqin etmək, hidayətdə saxlamaqmı 
istəyirdi?.. Həmin qanunlar mənə üç şey verdi: təbarəld, işrət məclislərini, 
tənhalığı! Həmin qanunlar məndən üç şey aldı: ismətimi, gəncliyimi, 
oğlumu..." 
Ağca xanımın gözünə yuxu getmirdi. Ömrünün əziz günlərini keçirdiyi, 
həmişə deyib-güldüyü evdə indi şaxta, qış soyuqluğu duyulurdu. Hər  şey 
ona düşmən görünürdü. Gözü İzzətin yatağına sataşanda ürəyi alışıb-
yanırdı. Balaca yorğan, çəkili balınc, döşəkağı, çarpayı örtüsü səs-səsə verib 
çağırırdılar: "İzzət, İzzət!" 
Ağca xanım səsini onların sesinə qatıb, uşağını haraylayırdı: "İzzət, 
körpəm, əzizim, haradasan, gəl yat!" 
Birdən yadına düşdü ki, İzzət çoxdan yatmışdır. Yaş torpaqlar üstündə, 
qaranlıq məzarda, sal daşlar altında həmişəlik yatmışdır! 
Qadın bu təsəvvürə inana bilmədi, ayağa qalxdı. İki əli ilə başına vurub 
saçlarını yoldu. Çəngə ilə  əlinə  gələn tükləri yaylıq kimi gözlərinə basıb 
nalə çəkdi. Üzü üstə döşəməyə düşüb hönkür-hönkür ağladı... 
...Gözəl bir yay səhəridir. Uşaq bağçasında bayram keçirirlər.  Şənlik 
qurtarmışdı. Hədiyyə paylanır, qırmızı sap ilə bağlanmış  təzə qutularda 
çoxlu şeylər var. Hər kəs aldıqca "sağ ol" deyib, anasına qoşulur, oynaya-
oynaya evlərinə gedir. 
İzzət uçuq bir divara söykənib durur. Mürəbbiyə ona hədiyyə vermək 
istəyir.  İzzət gəlmir. Yoldaşları deyir: "Müəllim, anasından qorxur", Ağca 
xanım bu yandan qışqırır: "İzzət, İzzət, get al. Qorxma, sən də al!" 
İzzət eşitmir. Ağca xanım çəpərdən hoppanıb, uşağın əllərindən tutmaq 
istəyir. Bağça, mürəbbiyə, hədiyyələr, sahildən ayrılan gəmi kimi uzaqlaşır. 
Analar uşaqlarını aparırlar. Deyəsən divar da gedir. Ağca xanım yeridikcə 
divar qaçır, uşağı aparır. Divarın kölgəsi qatılaşır, 
  

371 
 
uzanır, uzandıqca Ağca xanımdan uzaqlaşır. O, "Oğul, oğul!" deyir. İzzət 
eşitmir. Ancaq uşaqlar gedən tərəfə baxır. Səs düşür, uşaqlar quş olub dəstə 
ilə uçurlar. Oxuya-oxuya uçuq divarın üstündən ötürlər.  İzzət də qollarını 
açır, yoldaşları onu çağırır.  İzzət ha can atır, qalxa bilmir, dönüb anasına 
baxır: 
"Ana, bəs mənim qanadlarım hanı?.." 
Ağca xanım özünə gələndə vücudunun sanki yanıb külə döndüyünü, ona 
görə  də yüngül olduğunu güman etdi. Bu saat xəfif bir külək  əsəcək, onu 
göyə sovuracaq, hər şey bitəcəkdi. Əlini üzünə vuranda yaş duydu. Bu tər 
deyildi. Su tökmüşdülər, yanmışı da bir həyata qaytarmaq, əzablarla daha 
bərk yandırmaq istəyirdilər.  Əllərini yerə verib qalxmaq, divar dibində 
İzzəti görmək istədi. 
Üfüq seçilirdi. Gecənin nə vaxtıdırsa, səs-səmir kəsilmişdi. Bu görünən 
damlar, ağaclar, qulaq kəsilib Ağca xanımın nalələrini dinləyirdi. Bəs işığı 
kim söndürmüşdü? 
- Yadıma düşdü: "Uşaq rahat yatsın" deyə özüm söndürmüşəm. 
Ağca xanım qalxıb, stolüstü çırağı yandırdı, dönüb çarpayıya baxdı. 
Orada davam edib duran, sanki, qiyamətəcən duracaq olan boşluq, vay 
xəbəri kimi onu oxladı; diz çökdü, qəlbindən yanıqlı bir "uf" qopdu; göz 
qapaqları  ağırlaşdı, kirpiklərindən daş asılmış kimi oldu; gözü qaraldı, 
xəyalı uçurumlarda yox oldu. Qorxunc təsəvvürlərdən ayrılmaq üçün özünə 
güc verib gözlərini açdı. Budur, həmişəki məhrəm isti ev öz qaydasındadır. 
İçi rəngbərəng qablarla dolu bufet, qablarda nə xörək çəkilməmişdir, nə 
qonaqlar qarşılanmamışdır... Ağır açılıb-örtülən komodun gözlərində 
paltarın sayımı var? Ağca xanım bu libasları geyinib, yenə süzə bilməzmi? 
Üzüklər, sırğalar, boyunbağılar, qolbaqlar, ətəklilər, mirvarilər... 
Ağca xanım evinin bəzənmiş ziyafət süfrəsini açıb, özünü qonaqlar 
arasında zənn etdi; qalxıb qulluq etmək istədi. 
Onlar hanı? Komodun üst gözünü çəkib, böyük albomu çıxartdı.  İllər 
uzunu qapısının, süfrəsinin, vücudunun məhrəmi olan adamlar buradadırlar; 
onlar Ağca xanımı görən kimi hamısı birdən dilə  gəldilər: "Əyləş dizim 
üstə!", "İç bu badəni! Mənim xatırıma", "Həyatım qədər sevdiyim", "Məni 
səndən ancaq ölüm ayıra bilər", "Nə gözəl şairanə bir xilqət". 
Bu sözlər Ağca xanıma salam və xudahafız kimi idi. Ancaq o bu 
sözlərin sahibini axtarırdı: 
  

372 
 
- Hanı? Haradasınız? Heç olmasa biriniz? Tək biriniz? 
Ağca xanım  şəkillərin üstünə  qışqırır, heç bir cavab almırdı. Albomu 
peçə atıb kibrit çəkdi. Alov vərəqlərə yayıldıqca  şəkillər tüstü içində 
görünməz oldu. 
Ağca xanımın ağ günləri də beləcə, his kimi qaralmış, puç olub 
getmişdi: 
- Nə gözəl uyğunluq! 
İntiqam almış kimi bir yüngüllük duydu. Komodun gözünü açdı, ipək, 
qumaş paltarları, zər-zivəri hərrac kimi evin ortasına, bir-birinin üstünə 
qaladı: evi naftalin iyi götürdü. Hər köynəyə baxdıqca yaxasını açan əlləri, 
hər üzüyü gördükcə,  əlini öpən soyuq dodaqları, hər sırğa parıldadıqca, 
hiyləli sözləri, hər saat əlinə  gəldikcə, keçirdiyi dəqiqələri, hər çəkmə 
gözünə dəydikcə, xəlvət gəzdiyi yerləri xatırladı... 
Bütün bu pal-paltar, vücuduna daraşan ilan kimi göründü. Zinətlər  əfı 
dərisindəki pullar kimi parlayırdı. Bu ilan onu tilsimə, kəməndə salıb 
boğmuş, qaraltmış, üzmüş, qurutmuşdu; onu balasından məhrum etmiş, 
həyat çırağını söndürmüşdü. Ağca xanım atadan qalma, ağır və şax sallanan 
pərdələrə  əl atdı, bərk-bərk tutub çəkdi, dəmir halqalar o yan-bu yana 
sürüşür, dəstəyi buraxmırdılar. Ağca xanım evində həmişə ata mirası deyib 
əzizlədiyi piləkli məxmərə altdan-yuxarı  qəzəblə baxdı. Qucaqlayıb var 
gücü ilə  çəkdi, ağac qırıldı; pərdələri bulud kimi bükdü; pəncərələri açdı. 
Eşikdən gələn sərinlikdən qadın titrədi. Başı  əzilmiş ilan kimi büküm-
büküm olan paltarları  ağac ilə  çəngələyib çölə atdı; sandıq  şeylərini də 
həyətə tökdü, bundan bir rahətlik duyub, təkrar evin sükutunu dinlədi. 
Lakin nə şəkillər, məktublar, nə də zinətlər onu mal kimi satın alan, top 
kimi atıb oynadan kişiləri uzaqlaşdırırdı. Sanki onlar indi də görünməz bir 
yol ilə onun boynuna sarılırlar. Əllərini yaxasına atdı, çəkib koftasını cırdı. 
Meyvəsi yoluşdurulmuş  ağac kimi pozulmuş, qurumuş taxta sinə-sinə 
baxdı. Saralmış *bənizinə  nəzər saldı. Bütün vücudundan bir pərişanlıq 
yağırdı. Dolu sifəti çəyirdək kimi qurumuşdu. 
Bəli, hər  şey bu daş kitabda - bu aynada yazılmışdır. Hamısı, hamısı 
burada həkk olunmuşdur. Bunlar əsrlərcə oxunacaqdır. 
Ağca xanımın əlinə keçən həvəngdəstə güzgünün ortasına dəyəndə daş 
ayna yaz səması kimi birdən  şaqqıldadı, ay kimi parçalandı. Bundan da 
Ağcanın ürəyinə bir sərinlik çökdü. 
  

373 
 
Yenə  İzzət gözünə göründü. O, səsəmi gəldi? Torpaqlar altından baş 
qaldırıb, şikayətmi edir? 
Ağcanın canına bir əsmə  gəldi. Bədəni ağac kimi silkələndi. Qol-
qanadında həyat adına nə qalmışdısa xəzəl kimi ələndi.  Əlini atıb,  ət 
bıçağını götürdü, bir istədi küləklər və boranlar oylağı olan ürəyini 
parçalasın; sinəsindən çal-çarpaz dağ  çəkib, dərdini yazsın, bala busəsinə 
büzülməyən dodaqlarını doğrasın. Biləklərini sıxdılar, damarlarında qan 
dayandı, bütün bəndləri boşaldı. Yerə düşən bıçağı ayaqladı. 
Nə hiss iləsə qapını çırpıb, özünü çölə atdı. Sanki gözü bunları, ömrünün 
əziz və  zəlil günlərini danışan  şeyləri, gəncliyinin taleyini xəbər verən ev 
əmlakını görməsə dincələcəkdi, gecə qaranlıqları onun əsəblərini su kimi 
oxşayacaqdır. 
Bir kölgə kimi yeridi, eyvandan ötüb qonşu dama çıxdı, dalda bir yer 
tapdı; üzünü aşağılara, döş-döşə verib yatan uca və alçaq binalara, muncuq 
kimi düzülən işıqlara, qır gölü kimi görünən dənizə, sahilin qızıl sütunlarını 
parçalayan dalğalara tutdu. Göydən yerə  qədər bütün aləmdə bir 
məmnunluq, müəyyənlik duyulurdu. Görünən, görünməyən adamların, 
hamının  yeri, vəzifəsi, işi,  əhəmiyyəti var idi. Hamı rahat-farağat və razı 
idi. Bu böyük, mürəkkəb aləmdə heç bir şey artıq deyildi. 
Bax, o dənizin içərilərinə soxulan qara burun, o təpəcik də lazımdır. 
Kənarlarını dalğalar döyəcləyən körpü sütunları, sınıq qayıqlar, suyu 
sıxışdırıb içərilərə qovan daş, çınqıl, tar-taxta, dəmir... hamısı, tramvay, 
asfalt yolla süzülüb gedən maşın, sularda ağaran yelkən, qılınc kimi göyləri 
yaran təyyarələr... Hamısı lazımdır, hamısı bir məqsəd üçündür. İşıqlar tel-
telə verib, yolçuların qədəmlərinə nur səpir; milislər nizam gözləyir, 
keşikçilər qoruyur; tramvaylar adamları mənzilinə aparır... 
Budur, bir ailə görüşdən gəlir. Bir başqası görüşə gedir. Kimi nişan 
aparır. Biri gəzməyə  çıxır, o birisi gəzintidən qayıdır. Bir ayrısı eyvanda 
oturub  əylənir, biri oxuyur, biri çalır, biri qəh-qəh çəkir. Məsud, xoş bir 
ahəng... 
Yox! Bunların hamısı zahirən belədir. Hamı üzünü dağlıq hissəyə 
çevirib qır dama, bu damda daş kimi dayanan qartala baxır... Möhtəşəm 
binalar, küçələr, sallanan fənərlər, gəzənlər, dayananlar... Hamı  Ağca 
xanıma tamaşaya durmuşdur; sanki bu damın indicə yıxılacağını, 
  

374 
 
kimə isə  zərər vuracağını gözləyirlər. Baxışlar tənəlidir, istehza edirlər, 
hamı  ağız-ağıza verib, ucadan və hiddətlə deyir: "Sən artıqsan! Sən nəyə 
lazımsan!.." 
"Sudan xilas dəstələri məni keçmişin  əzab dəryasından, peşmançılıq 
alovundan xilas edə bilməzlərmi? Buna şəhərin qüdrəti çatmazmı? Mən 
yeni şəhər tikən, şəhəri yenidən tikən şəhəri yenidən tikən adamdan kömək 
ala bilmərəmmi?.." 
Qonum-qonşunun həyətdəki səs-küyünü eşidəndə  Ağca xanım bir cani 
kimi uzaqlaşıb getdi. 
Qonşular həyəti qiymətli şeylərlə dolu gördülər. Qadının dəli olduğunu, 
bəlkə də özünü öldürdüyünü güman edib, evə yüyürdülər. Qapılar taybatay, 
ev isə sahibsiz idi. Küçəyə adam qaçırtdılar, su quyusuna çıraq salıb 
baxdılar... Zirzəmini, pilləkən altını, vanna otağını gəzdilər. Ağca xanımdan 
bir nəm-nişan yox idi. Paltarlarının, ayaqqabısının evdə olmasından yəqin 
etdilər ki, bir yerə getməyib. Səhərə  qədər axtardılar. Odunların altına, 
köhnə  təndir uçuğuna, qonşu damlara, həyətlərə baxdılar. Tramvay altına 
düşməsindən  şübhələndilər. Zəng vurub "Təcili yardımdan" soruşdular. 
Ağca xanımın yox olması  xəbəri rayona çatdı. Fövrən evə iki milis gəldi: 
şeylər siyahıya alındı, şahidlər qol çəkdi, qapı möhürləndi. 
Kainat rəncbərinin xırman işi bitir, göy üzünə səpilmiş xaş-xaş dənələri, 
gündüz böyük bir tığ  təşkil etmək üçün yığılır, səhər açılırdı. Ötən axşam 
haralardansa kəmənd kimi atılan və get-gedə tündləşib bir qaranlıq olan 
kölgələr, sanki yuvalarına çəkilir, bəndlərinə bağlanırdı. Səhər açılırdı. 
Zülmətin gücündən bir-birinə qarışan varlıqlar, durulan suda daş-qum 
kimi ayrılmağa, seçilməyə başlayır, səhər açılırdı. Göyərən və ağ ləpələri ilə 
torpaqları  aşırıb, həyat işığına çıxan bitki kimi, günəş üfüqdən boylanır, 
göyə lalə yarpaqları tökülür, səhər açılırdı. 
Qaranlığın amansız hökmü ilə torpağa bağlanmış, hərəkətdən qalmış 
mexluqat, həmin bu sabah işığı ilə  həyat və  sərbəstlik alır, yer üzünü 
şənləndirmək üçün hərəkətə gəlir. Səhər açılırdı. 
Tramvaylar, fabrik fitləri, radio dalğaları, samovar nəğmələri, saat 
zəngləri səs-səsə verib, insanlara "Sabahın xeyir" deyir, səhər açılırdı... 
  

375 
 
Vahid Nayıbovun ev qapısı  həmişəki sakitliyi ilə aralandı  və örtüldü. 
Əlində  zənbil olan qulluqçu cəld və yeyin addımlarla pilləkənləri enəndə 
dəhlizdə bir adam seçdi: 
"Qapını kim açıb?" deyə  xəyalından bir sual ötdü. Yadına düşdü ki, 
əmisinin maşını  səhər tezdən Rübabəni gətirmişdi. Ala-toranda ayaq üstə 
dimdik, heykəl kimi görünən adam qulluqçunun canına vahimə saldı. Qız 
qayıtmaq istədi, çətinliklə dilləndi: 
- Kimsən? 
Qaraltıdan cavab çıxmadı. Qulluqçu bir də soruşdu: 
- De, kimsən? 
Qaraltının dinməz-söyləməz, yavaş addım ilə  gəldiyini görən qulluqçu 
geri-geri pilləkənləri çıxmağa başladı: 
- Kimsən? Ay, kimsən? 
Qaraltı dayandı, boğuq səs eşidildi: 
- Vahidi görəcəyəm! 
Qulluqçu qayıdıb, tez yataq otağının qapısını  tıqqıldatdı, qorxulu bir 
səslə Rübabəyə dedi: 
- Vahidi istəyirlər, xanım bacı! 
Rübabə qulluqçunun təlaşını duydu: 
- Qız, sənə nə olub? 
- Dəhlizdə bir adam dayanıb. 
Vahid qulluqçunun səsini eşidən kimi geyindi, pencəyini çiyninə salıb 
çıxdı. Pilləkənlərin lap başında xəyal kimi hərəkətsiz dayanıb baxan bir 
qadın gördü. Qadını tanıya bilmədi. Ancaq onun vəziyyəti nəsə qeyri-adi bir 
hadisədən xəbər verirdi. 
Rübabəni içəri qaytardı, dəhlizin işığını yandırdı, müdhiş bir heykəl 
kimi dayanan, savaşdan, davadan çıxmış, qatil əlindən qurtulmuş kimi bir 
adam gördü: rəngi qaçmış, saçları dağılmış, yaxası parçalanmış, üzündə 
iztirab oxunurdu. Vahid ömründə belə adam görməmişdi, nəzərini onun 
üzündən götürmədi: 
- Gəlin! 
Qadın dinmədi. Gur və dağınıq saçları altından baxan və alov saçan 
gözləri ilə sanki nəsə deyirdi. Qaşları çatılmış, sifəti sillə  dəymiş kimi 
qızarmışdı. Enmiş köksündən, qalxmış çiyinlərindən, damarlar atmış 
boğazından, müvazi xətlərlə doğranmış alnından məlum idi ki, bu nələr 
yaşamış, nə iztirablar keçirmişdir. Vahid adi bir dəlinin, ya 
  

376 
 
azğının evə soxulacağından, bir iş baş verəcəyindən çəkinib, qapını örtmək 
istədi. Qadının simasında, duruşunda və sükutundakı intizar buna mane 
oldu. Bir də təkrar etdi: 
- Gəlin! Gəlin içəri! 
Qadın sanki çətinliklə dilləndi: 
- Mən çox gəlmişəm... Bir addım da siz gəlin! 
Bu sözü deyərək qadın nə qımıldandı, nə əlini tərpətdi. Zənn edərdin ki, 
bu onun sözü deyil, qeyri yerdən gəlmə bir səsdir. Yaxud bunu dili, dodağı 
yox, bütün vücudu dedi. Vahidin şübhəsi daha da artdı. Aldığı cavab 
haradan, nə cəhətdən və nə səbəbdənsə qadının ona bağlı, onunla əlaqədar 
olduğundan xəbər verirdi. Qadın məhrum bir səslə dedi: 
- Qapınıza gəlmişəm, qovmayın, Vahid! 
Vahid qadının gözlərindəki şikayəti duydu. İndi qadın onun gözünə bir 
müəmma yox, fəlakətə uğramış bir yazıq kimi göründü: 
- Buyurun içəri! 
Qadın tərpənmədi: 
- Mənə doğru bir addım da siz atın! 
Bu söz Vahidi yenə şübhəyə saldı, kömək istəyən adamın sözü deyil, bu, 
tələb edən, uman, həm də yaxın bir adamm sözüdür. Vahid dillənmək 
istəyirdi. Qadın əllərini açdı, əyilən kimi oldu: 
- Rübabəyə kəniz gəlmişəm, götürün! 
Rübabə yad adamdan öz adını  eşidəndə qapıya çıxdı. Qadın birdən 
vurulmuş kimi üzü üstə yıxıldı, hönkürtü vurdu. 
- Astanana gəlmişəm, - dedi, - mənim başımı  kəs, ya məni el içinə 
qaytar! 
Rübabə onun qolundan tutub, içəri gətirdi. Vahid düşündü: "Buna nə 
olub?" O biri otağa keçəndə Rübabə ərinin qulağına pıçıldadı: 
- Gəldiyev bunu da bədbəxt edib... 
Vahid təəssüf və hiddətlə başını tərpətdi. Rübabə xahiş etdi: 
- Yazıqdır, ona arteldə-zadda iş düzəlt. 
- Kömək lazımdır! 
Sabahısı gün qəzetlər Vahid ilə əlaqədar dörd yeni xəbər yazdılar: Ağca 
xanımın sərgüzəştini, "Açıq kitab" layihəsinin müsabiqədə udduğunu, 
Kərim Gəldiyevin partiyadan qovulduğunu, inşaat institutunda havanın 
təmizlənməsi ilə əmələ gələn şadlığı. 
 
  
 
  

377 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin