Zərflik budaq cümlələri. Zərflik budaq cümlələri baş
cümlədəki hərəkətin icra tərzini, zamanını, yerini, hərəkət
və ya əlamətin dərəcəsini, kəmiyyətini, səbəbini, məqsədini,
şərtini və s. bildirir. Dilimizdə zərfliyin müxtəlif məna növləri
olduğu kimi, zərflik budaq cümləsinin də rəngarəng budaq
cümlə növləri işlənməkdədir. Başqa sözlə, dilimizdə zərflik
budaq cümləli tabeli mürəkkəb cümlələrin aşağıdakı növləri
vardır:
1. Tərz budaq cümləsi; 2. Dərəcə budaq cümləsi; 3. Zaman budaq cümləsi; 4. Yer budaq cümləsi; 5. Kəmiyyət budaq cümləsi; 6. Səbəb budaq cümləsi; 7. Məqsəd budaq cümləsi; 8. Şərt budaq cümləsi; 9. Qarşılaşdırma budaq cümləsi; 10. Nəticə budaq cümləsi. Güründüyü kimi, dilimizdə zərflik budaq cümlələrinin
hər birinə uyğun eyni adlı cümlə üzvü işlənməkdədir. Yalnız
Gülarə Abdullayeva
278
nəticə budaq cümləsinə uyğun olan nəticə zərfliyi yoxdur.
Əslində, sadə cümlələrdə nəticə məzmunu cümlənin predikatı
vasitəsi ilə nəzərə çatdırılır. Səbəb zərfliyi predikatda nəzərdə
tutulan iş, hərəkətin səbəbini bildirdiyi kimi, predikat da
nəticəni ifadə edir. Səbəb və nəticə bu cür sıralanmaqla cümlə
mürəkkəbləşdikdə nəticə budaq cümləli tabeli mürəkkəb cümlə
əmələ gəlir. Məsələn, Mən yadammı ki, belə danışırsan? (İ.Şıxlı) Gör nə günə qalmışam ki, mənim döydüyüm adam mənə qahmar çıxır? (İ.Şıxlı) Tərz budaq cümləsi. Tərz budaq cümləsi zərflik
budaq cümlələrinin bir növü olub, baş cümlədəki hərəkətin
icra tərzini,yəninecə, nə şəkildə, nə vəziyyətdə icra
olunduğunu bildirir. Baş cümlədə tərz zərfliyi yerində işarə
əvəzliyi ilə ifadə olunmuş qəlib söz olur və mənası budaq
cümlə vasitəsilə izah edilir, aydınlaşdırılır. Baş cümlədə tərz
zərfliyinin yerliyi, qəlibi əksər hallarda işlənir, az hallarda isə
nəzərdə tutulur. Məsələn,Ancaq o elə danışırdı, Yusifgil də eşidirdilər. (B.Bayramov) Ağcaqanadlar adamı elə sancırdılar ki, onların xortumu dəyən yer bir saat göynəyirdi. (İ.Şıxlı) Hər iki nümunədə baş cümlə əvvəl, budaq cümlə sonra
işlənmişdir. Budaq cümlə baş cümləyə birincidə intonasiya,
ikincidə isə ki bağlayıcısı ilə bağlanmışdır. Hər iki nümunədə
baş cümlədə zərfliyin elə sözü ilə ifadə olunmuş yerliyi, qəlibi
işlənmiş və budaq cümlə vasitəsilə izah olunmuşdur.
Baş və budaq cümlənın yerinə, bağlayıcı vasitələrə
görə tərz budaq cümləsinin iki tipi var:
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir,
budaq cümlə baş cümləyə əksər hallarda ki bağlayıcısı, bəzən
də intonasiya ilə bağlanır. Məsələn,Elə bir cəza verəcək ki, sənə, cəhənnəm əzabları onun yanında muştuluq olacaq. (F.Kərimzadə) Soyuğun qorxusundan elə geyinmişsiniz ki, ancaq iki gözünüzü görmək olar. (S.Qədirzadə) Dilimizdə tərz budaq cümləsinin I tipi çox işlənir və
ifadə etdiyi mənaya görə aşağıdakı qruplara ayırmaq olar:
Müasir Azərbaycan dili
279
1. Nəticə bildirənlər; 2. Müqayisə bildirənlər. 1. Tərz budaq cümlələrinin bir hissəsi baş
cümlədəki iş, hərəkətin, hal-vəziyyətin meydana çıxma
tərzini bildirməklə yanaşı, nəticə məna çalarına da malik
olur. Bu zaman baş cümlədə əksər halda elə, belə qəlib
sözləri işlənir və budaq cümlə baş cümləyəki bağlayıcısı ilə
bağlanır. Belə budaq cümlələrin əvvəlinə nəticədəsözünü də
artırmaq olar. Məsələn, Bu sözlər ürəyinə elə toxunmuşdu ki, özünə yer tapa bilmirdi. (Mir Cəlal) Bir az sonra səni Xəzinə qayasından elə diyirləyəcəyəm ki, heç ruhun da inciməyəcək. (Y.V.Çəmənzəminli) Yaş paltar onu elə qucmuşdu ki, yanuvuz koftasının üstündən baxanda bədənin titrədiyi görünürdü. (C.Bərgüşad) Onların başı söhbətə elə qarışmışdı ki, İvan Filippinin içəri girməsindən belə xəbərləri olmadı. (İ.Şıxlı) Atam məni elə çaşdırıb ki, nə danışdığımı da bilmirəm. (İ.Şıxlı) 2. Tərz budaq cümlələrinin bir qismində baş
cümlədəki işin icra vəziyyəti müqayisə yolu ilə
müəyyənləşdirilir. Bu zaman baş cümlədə elə, belə qəlib
sözləri işlənir, budaq cümlə baş cümləyə ki bağlayıcısı ilə
bağlanır. Budaq cümlənin əvvəlində elə bil (ki), sanki, deyəsən, guya (ki), deyirsən, deyərdin və s. kimi modal
sözlər işlənərək baş və budaq cümlənin müqayisə
məzmununu gücləndirir. Məsələn, Nəriman əmi birdən qəddini elə düzəltdi ki, elə bil farağat komandasına duracaqdı. (İ.Əfəndiyev) Elə dil tökür ki,deyirsən, bütün həyatı onun əlindədir. (M.İbrahimov) Sənin adam yerinə qoymadığın o uşaq dünən bir oxuyurdu ki, deyərdin, bağda bülbül cəh-cəh vurur. (Ə.Cəfərzadə) Salmanın ürəyi elə şiddətlə çırpınırdı ki, sanki sinəsini yarıb çıxacaqdı. (Ə.Hacızadə) Sona arxasını misterə və tacirə çevirib elə cəld gedirdi ki, deyəsən, yağı daşan adam evinə qaçırdı. (Mir Cəlal) Özünü elə aparırdı, guya heç nə onu maraqlandırmır. (İ.Şıxlı) Özünü elə aparır, guya elm dəryasıdır.(İ.Şıxlı) Gülarə Abdullayeva
280
II tip. Budaq cümlə əvvəl, baş cümlə sonra işlənir,
budaq cümlə baş cümləyə necə (ki), nə cür (ki), nə təhər (ki) bağlayıcı sözləri ilə bağlanır. Bağlayıcı sözlərə ki ədatı
qoşulmadıqda budaq cümlənin xəbərində -sa, -sə şəkilçisi
işlənə bilir. Bunların heç biri olmadan, bağlayıcı söz tək də
işlənə bilər.
Bağlayıcı sözlərə müvafiq olaraq baş cümlədə
qarşılıq bildirən elə, eləcə, eləcə də, o cür, o təhər və s.
sözlərdən istifadə edilir. Həmin sözlər məntiqi vurğu altında
aktuallaşdırılır. Məsələn, Sən necə tapşırmışdın, o cür də yazmışam. Mebeli necə istəyirsinizsə, elə yerləşdirək. O vaxt atam bax həmin yerdə necə dayanmışdı, sən də elə durmusan. Tərz budaq cümləsinın bu tipində baş cümlədə
qarşılıq bildirən söz işlənməyərək təsəvvür də edilə bilir.
Məsələn, Mebeli necə istəyirsiniz, yerləşdirək. Dərəcə budaq cümləsi. Dərəcə budaq cümləsi baş
cümlədəki hərəkət və ya əlamətin dərəcəsini bildirir və
quruluşca tərz budaq cümləsinə çox yaxındır. Məsələn, Axırda iş o dərəcəyə çatır ki, bizim ən namuslu adamlarımızı ləkələməyə, gözdən salmağa çalışırlar. (Ə.Vəliyev). Dərəcə budaq cümləli tabeli mürəkkəb cümlələrin
budaq cümlə komponenti hərəkət və əlamətin dərəcəsini
bildirməklə yanaşı, nəticə çalarına da malik olur, hərəkət və
əlamətin həmin dərəcəsindən doğan nəticəni də bildirir.
Buna görə də dərəcə budaq cümləsi bir qayda olaraq
nəticə məna çalarına malik olur.
Baş və budaq cümlənn yerinə, bağlayıcı vasitələrə
görə dərəcə budaq cümləsinin də iki tipi vardır:
I tip. Bu tipdə baş cümlə əvvəl, budaq cümlə sonra
işlənir, budaq cümlə baş cümləyə əksər halda ki bağlayıcısı,
bəzən yalnız intonasiya ilə bağlanır. Baş cümlədə o dərəcə, o dərəcədə, o dərəcəyə, o qədər, o yerə, o məqama kimi qəlib
sözlər işlənir və budaq cümlə vasitəsi ilə izah edilir. Məsələn,
Müasir Azərbaycan dili
281
Qocanın sözləri o qədər gözlənilməz səsləndi ki, hətta qızlar da ağızlarındakı quru pendir-çörəyi çeynəmələrinə ara verdilər. (Elçin) İş o məqama çatdı ki, dəlilər meydanın hər tərəfində öz yerlərini tutdular.(“Koroğlu”) Dərəcə budaq cümləsi baş cümlədə daha çox sifət
və zərflə ifadə olunan üzvlərə aid olur. Məsələn,
Torağaylar səs- səsə verib o qədər gözəl, o qədər məlahətli oxuyurlar ki, adam durub baxmaq, dayanıb dinləmək istəyir. (Ə.Vəliyev). Yağış elə şiddətlə yağırdı, lap sütuna bənzəyirdi. (Mir Cəlal) və s.
Əlamətin dərəcəsini bildirən qəlib sözlər baş
cümlədə təyinə, feli xəbərə də aid ola bilər. Məsələn, O qədər dərin fikrə getmişdi ki, anası Sara xanımın gəlib onun yanında dayanmasını bilməmişdi. (F.Kərimzadə) O qədər köyrəlmişdi ki, dindirəndə az qalırdı ağlasın. (Ə.Vəliyev) – cümlələrindən birincisində budaq cümlə baş
cümlədə frazeoloji vahidlə ifadə olunan feli xəbərin ismi
hissəsinə aid təyinin (dərin), ikinci cümlədə isə feli xəbərin
(kövrəlmişdi) dərəcəsini bildirir.
II tip: Bu tipdə budaq cümlə əvvəl, baş cümlə
sonra işlənir, budaq cümlə baş cümləyənə dərəcədə (ki), nə qədər (ki), nə yerə (ki) və s. bağlayıcı sözlərlə bağlanır.
Budaq cümlənin sonunda -sa, -səşəkilçisi işlənə də bilər,
işlənməyə də. Baş cümlədə qarşılıq bildirən söz kimi o dərəcəyə, o dərəcədə, o qədər, o yerə sözləri olur.
Məsələn,Nə dərəcədə desən,o dərəcədə gözəldir. Nə dərəcədə çalışmışdınsa, o dərəcədə də əməyin qiymətləndirildi. Zaman budaq cümləsi. Zaman budaq cümləsi baş
cümlədəki hərəkət və ya əlamətin zamanını bildirir. Məsələn, Səni o vaxt bağışlayaram ki, bütün səhvlərini etiraf edəsən. Baş və budaq cümlənin yerinə, bağlayıcısı vasitələrə
görə zaman budaq cümləsinin iki tipi vardır:
Gülarə Abdullayeva
282
I tip. Bu tipdə baş cümlə əvvəl, budaq cümlə sonra
işlənir, budaq cümlə baş cümləyə ya yalnız intonasiya ilə, ya da
intonasiya və ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə budaq
cümlənin o zaman, o vədə, o vaxt, elə bir vaxtda, onda sözlərindən ibarət yerliyi, qəlibi olur və budaq cümlə
vasitəsilə izah edilir. Məsələn, Bir də o vaxt ayıldım ki, onun böyründə dayanıb var qüvvəmlə əl çalıram. (İ. Hüseynov) Birlik o zaman olar ki, hər tayfa öz çörəyini yesin. (M.İbrahimov) Qeyd. O vaxt, o zaman, onda sözləri baş cümlədə işlənib budaq cümlə tələb etdikdə zaman budaq cümləli tabeli mürəkkəb cümlə formalaşır. Məsələn, Onda mənə məlum oldu ki, sənin heç nədən xəbərin yoxdur. – cümləsini sadələşdirməklə mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə olduğunu görmək olar. Sadələşdikdə budaq cümlə tərkib şəklində baş cümlədə mübtəda yerində dayanar: Onda mənə sənin heç nədən xəbərin olmadığı məlum oldu. Lakin cümlədə onda sözünün təyinatını dəyişməklə - qəlib sözə çevirməklə zaman budaq cümləsi formalaşdırmaq olar: Məsələ mənə onda məlum oldu ki, artıq iş-işdən keçmişdi. Belə cümlələr sadələşdikdə qəlib söz atılır, budaq cümlə tərkib şəklində onun yerinə keçir: Artıq iş-işdən keçəndə məsələ mənə məlum oldu. II tip. Zaman budaq cümləsinin bu tipində budaq
cümlə baş cümlədən əvvəl gəlir və ona aşağıdakı bağlayıcı
vasitələrlə bağlanır.
1. Budaq cümlə baş cümlədən əvvəl işlənir və ona
ki bağlayıcısı ilə bağlanır. Bu cür cümlələrdə intonasiya xüsusi
rol oynayır. Budaq cümlənin əvvəlində elə, indicə, yenicə, təzəcə tipli sözlər işlənə bilir və bu zaman intonasiyanın rolu
bir qədər azalır. Məsələn, İşığı yenicə yandırmışdı ki, hasarın o tayından ikimərtəbə evin eyvanından qızı Telli onu səslədi. (S.Rəhman) Yəhya dəftərini açıb başlamaq istəyirdi ki, ispalkomu çağırdılar. (Mir Cəlal) Bulağın axarına yenicə çatmışdı ki, kiminsə arxasınca gəldiyini hiss edib geri döndü. (İ.Şıxlı) İçəri keçmək istəyirdi ki, arxadan səs eşitdi. (İ.Şıxlı)
Müasir Azərbaycan dili
283
Zaman budaq cümləsinin bu növü baş cümləyə yalnız
intonasiya ilə də bağlana bilir. Məsələn, Bu sözləri deyib qurtarmamışdı, dəhşətli partlayış min illik qayaları göyə qaldırdı. (İ.Əfəndiyev) 2. Zaman budaq cümləsi baş cümlədən əvvəl gələrək
ona yalnız ki ədatı ilə bağlanır. Bu zaman ədat budaq
cümlənin daxilində işlənir. Baş cümlədə onda, o zaman, o vaxt tipli qarşılıq bildirən sözlər işlənə də bilər, işlənməyə
də. Məsələn, Tonqal ki alov tutdu, onun tüstüsü olmaz. (B.Vahabzadə) Üzünə ki baxıram, dil-dodağı dolaşır. (C.Cabbarlı) Əsər ki bir balaca ruhuna yatmadı, qurtardı. (İ.Hüseynov) 3. Budaq cümlə baş cümlədən əvvəl gələrək ona elə ki bağlayıcısı sözü ilə bağlanır. Məsələn,Elə ki göbələk başını qaldırdı, onda ehtiyatlı ol. (İ.Hüseynov) Elə ki Zeynəbi görürdü, kişinin fikri hara isə uzaqlara gedirdi. (İ.Şıxlı) 4. Zaman budaq cümləsi baş cümlədən əvvəl gəlir
və ona o zaman ki, o gün ki, o vaxt ki, bir zaman ki, onda ki və s. bağlayıcı sözlərlə bağlanır. Məsələn,O gün ki fəsli yaz olur, Gecə gündüz taraz olur. (A.Səhhət) O gün ki aləmə yayıldı şölən, Dağlar öz donunu lalədən biçdi. (S.Vurğun) O vaxt ki müsahibinin sözlərini eşitdi, əvvəlcə qulaqlarına inanmadı. (M.İbrahimov) Bəzən poetik dildə baş və budaq cümlənin yeri dəyişə
bilər. Məsələn, Ah, necə kef çəkməli əyyam idi, Onda ki övladi vətən xam idi. (M.Ə.Sabir) 5. Budaq cümlə baş cümləyə nə qədər, nə qədər ki, necə ki bağlayıcısı sözləri ilə bağlanır. Məsələn,Nə qədər qolumda qüvvət var, qılınc vurmağa hazıram. (Ə.Haqverdiyev) Nə qədər canım sağdır, müsəlmanların başından bir tük çəkilməsinə razı olmayacam. (M.S.Ordubadi) Nə qədər ara sakitdir, bu işi qurtarmalıyıq. (H.Abbaszadə) Qeyd. Nə qədər, nə qədər ki bağlayıcı sözləri həm zaman, həm də kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlələrin Gülarə Abdullayeva
284
yaranmasında iştirak edir. Kəmiyyət budaq cümləsində işlənərkən baş cümlədə o qədər, o qədər də qarşılıq bildirən sözlər işlənir və ya təsəvvür edilir. Məsələn, Nə qədər istəyirsən, o qədər götür. Zaman budaq cümləsində işlənəndə isə baş cümləyə qarşılıq söz kimi o müddətə, o müddətdə sözlərini artırmaq olar. Məsələn, Nə qədər mən sağam, (o müddətdə) heç kim sənə bir söz deyə bilməz. – cümləsini sadələşdirsək, Mən sağ olan müddətdə heç kim sənə bir söz deyə bilməz. 6. Budaq cümlə baş cümləyə haçan, haçan ki, nə zaman, nə zaman ki, havaxt, nə vaxt, nə vaxt ki və s. bağlayıcı
sözlərlə bağlanır. Məsələn,Nə zaman ki oğlunun getdiyi dörd il oldu, Məktubları kəsildi, gəlmədi, tətil oldu. (Ə.Kərim) 7. Budaq cümlə baş cümləyə -mı
4
şəkilçisi ilə
bağlanır. Məsələn, Kəndə təzə bir müəllimə gəldimi, mən təsadüfən bir qadınla danışdımmı, həftələrlə evimizdən dava- dalaş qurtarmır. (İ.Əfəndiyev) 8. Budaq cümlə baş cümləyə yalnız intonasiya ilə
bağlanır. Məsələn, Havalar isindi, gündüzlər kənddə heç kimi tapmazsan. Yer budaq cümləsi. Zərflik budaq cümlələrindən
biri də yer budaq cümləsidir. Yer budaq cümləsi baş
cümlədəki hərəkət və ya əlamətin yerini bildirir və yer
zərfliyinin suallarından birinə cavab verir. Məsələn,Harda aş, orda baş. (Məsəl) Bu günlər İmran hara gedirdisə, orada Şahnazla rastlaşırdı. (İ.Şıxlı) Hər iki nümunədə budaq cümlə baş cümlədən əvvəl
gəlmiş və ona harda, hara bağlayıcı sözləri ilə bağlanmışdır.
İkinci nümunədə budaq cümlənin sonuna -sə şəkilçisi də
artırılmışdır. Baş cümlələrdə orda, orada qarşılıq bildirən
sözləri işlənmişdir. Qarşılıq bildirən söz işlənməyə də bilər,
lakin təsəvvür edilməlidir. Məsələn, Tahir hara göz gəzdirdisə, (orada) nəhəng neft buruqları göründü. (M.Hüseyn) Qeyd etmək lazımdır ki, belə hallarda baş cümlədə
işlənən qarşılıq bildirən söz ora, o yer sözlərindən ibarət olur.
Müasir Azərbaycan dili
285
Lakin bu sözlər həmişə deyil, yalnız üç halda– yönlük, yerlik
və çıxışlıq hallarında olduqda yer budaq cümləsi əmələ
gətirir, qalan hallarda başqa budaq cümlələrin: mübtəda,
tamamlıq, xəbər budaq cümlələrinin yaranmasına səbəb olur.
Məsələn,Hardan işıq gəlsə, ora güllə atəşinə tutulurdu. (mübtəda budaq cümləsi), Hardan işıq gəlsə, oranı güllə atəşinə tuturdu. (tamamlıq budaq cümləsi). Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə,
dilimizdə yer budaq cümləsinin də iki tipi vardır. I tip. Budaq cümlə baş cümlədən sonra işlənərək
ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə oraya, orada, oradan, o yerə, o yerdə, o yerdən, həmin yerə, həmin yerdə, həmin yerdən kimi qəlib sözlər işlənir. Məsələn,O yerlərdə suyun şaqqıltısından durmaq olmur ki, orda qar əriyir. Dilimizdə yer budaq cümləsinin bu tipi olduqca az
işlənir. II tip. Budaq cümlə əvvəl, baş cümlə sonra işlənir
və budaq cümlə baş cümləyə hara (ki), haranın (ki), haraya (ki), harada (ki), haradan (ki), o yerə ki, o yerdə ki, o yerdən ki, bir yer ki, bir yerə ki, bir yerdə ki, bir yerdən ki kimi bağlayıcı
sözlərlə bağlanır. Bağlayıcı sözdən sonra ki ədatı, budaq
cümlənin sonunda -sa, -sə, şəkilçisi ola da bilər, olmaya
da. Məsələn, İtiyini harda itirmisən, orda axtar. (M.Süleymanlı) Sən məni hara çağırımışdınsa, ora gedirəm. (Ə.Mustafayev) O yerdə ki təmizlik var, orda xəstəlik olmaz. (M.Hüseyn) Bir evdə ki könül ağlar, toy-düyündən söz açılmaz. (B.Vahabzadə) Yer budaq cümləsinin bu tipində baş cümlədə qarşılıq
bildirən söz işlənməyə də bilər, lakin təsəvvür edilməlidir.
Məsələn, İndi mən haraya istəsəm, (oraya) çapacağam (İ. Şıxlı) Kəmiyyət budaq cümləsi. Kəmiyyət budaq cümləsi
baş cümlədəki hərəkət və ya əlamətin kəmiyyətini bildirir. Məsələn, Ona nə qədər qayğışeşliklə yanaşsaq, bir o qədər yaxşıdır. (H.Abbaszadə) Gülarə Abdullayeva
286
Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə,
kəmiyyət budaq cümləsinin də dilimizdə iki tipi vardır.
I tip. Budaq cümlə baş cümlədən sonra işlənərək
ona ki bağlayıcısı ilə bağlanır. Baş cümlədə budaq
cümlənin o qədər, o kəmiyyətdə, o miqdarda kimi qəlib
sözü, yerliyi işlənir və budaq cümlə vasitəsilə izah edilir.
Məsələn, İndi Bayramın həyəcanı o qədər artdı ki, az qala özünü itirib görüşü təxirə salacaqdı. (M.Hüseyn) Prof. Q.Ş.Kazımov dilimizdə kəmiyyət və dərəcə
budaq cümləli tabeli mürəkkəb cümlələrin həm quruluşuna,
bağlayıcı vasitələrinə, həm də qrammatik semantikasına
görə bir-birinə çox oxşar olduğunu qeyd edərək onları
aşağıdakı kimi fərqləndirir: “Dərəcə budaq cümləsi baş
cümlədə əlamətin dərəcəsini bildirir, buna görə də sifət və
zərflə ifadə olunan üzvlərə aid olur. Kəmiyyət budaq
cümləsi isə baş cümlədə əşya bildirən üzvün
kəmiyyətini bildirir. Məsələn, Həyətin içi o qədər qaranlıq idi ki, evlər çətin seçilirdi. (Mir Cəlal). Bu
cümlədə o qədər sözü sifətlə ifadə olunmuş qaranlıq idi xəbərinə aiddir və əlamətin dərəcəsini bildirir. O qədər qoyun – quzu, o qədər mal –qara, o qədər at vardır ki, saymaqla qurtarmaq olmazdı. (Ə.Vəliyev). Burada o qədər sözü qoyun –quzu, mal – qara, at sözlərinə aiddir
və əşyanın kəmiyyətini bildirir. Birinci misalda o qədər sözünü elə sözü ilə, ikinci misalda o miqdarda sözü ilə
də əvəz etmək olar. Ona görə də birinci cümlə dərəcə, ikinci
cümlə kəmiyyət budaq cümləli tabeli mürəkkəb cümlədir”.
(6, səh. 380-381)