ŞƏKİ FİLİali



Yüklə 4.76 Kb.
PDF просмотр
səhifə1/28
tarix06.12.2016
ölçüsü4.76 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   28

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTUNUN  
ŞƏKİ FİLİALI 
 
 
 
GÜLARƏ  ABDULLAYEVA 
 
 
MÜASİR  
AZƏRBAYCAN  DİLİ 
 
II hissə 
(Morfologiya, sintaksis) 
 
AMİ-nin “Xarici dil (ingilis dili) müəllimliyi” 
 ixtisası  üçün dərs vəsaiti 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
30.01. 2013-cü il tarixli 169  saylı 
əmri ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2013 
Gülarə  Abdullayeva 
 
 
2
İxtisas redaktoru:            Fikrət Xalıqov  
                             Filologiya elmləri doktoru, AMİ-nin Azərbaycan 
                             dilinin tədrisi metodikası kafedrasının müdiri 
                                                                                                                                                  
Rəyçilər:                          Sənubər Abdullayeva  
                            Filologiya elmləri doktoru,  professor 
                            BDU-nun Filologiya fakültəsinin 
                            Azərbaycan dilçiliyi kafedrasının müdiri    
                                                                                            
                            Reyhan Həbibli  
 
Filologiya üzrə fəlsəfə doktoru, BDU-nun 
 Filologiya 
fakültəsinin Azərbaycan dilçiliyi 
 kafedrasının dosenti 
 
                            Vaqif Qurbanov  
Pedaqogika üzrə  fəlsəfə doktoru, AMİ-nin             
Azərbaycan dili və onun tədrisi metodikası 
kafedrasının  dosenti 
 
Elşad Abışov  
Filologiya üzrə  fəlsəfə doktoru, AMİ-nin 
Azərbaycan dili və onun tədrisi metodikası 
kafedrasının dosenti 
 
Abdullayeva G. A. Müasir Azərbaycan dili. II hissə. AMİ-nin “Xarici dil (ingilis 
dili) müəllimliyi” ixtisası üçün dərs vəsaiti. Bakı, “Elm və təhsil”, 2013,  308 səh. 
 
 
Dərs vəsaitinin II hissəsində qrammatika sahəsi,  morfologiya və sintaksis 
şöbələri, bu şöbələrin tədqiqat obyektinə daxil olan bütün məsələlər: nitq hissələri, 
onlara aid olan kateqoriyalar, nitq hissələrinin quruluş xüsusiyyətləri, sintaktik 
əlaqələr, söz birləşməsi və cümlə  məsələləri, başqasının nitqinin ifadə üsulları 
proqram  əsasında geniş  şəkildə izah olunmuşdur. Vəsait hazırlanarkən Azərbaycan 
dilçiliyinin bu sahəyə aid yazılmış ən son mənbələrinə istinad edilmişdir. 
 
Vəsaitdən ali məktəblərin  bu fənn tədris edilən digər ixtisaslarının 
tələbələri, magistrlər, aspirantlar və müəllimlər də istifadə edə bilərlər. 
                              
2013
098
4702000000
N
 
грифли няшр
 
                       © 
«Елм вя тящсил», 2013
 
 

Müasir  Azərbaycan  dili 
 
 

                           
 Qrammatika. Qrammatik  
Mövzu № 1           kateqoriyalar.   Morfologiya və               
onun vahidləri.  Nitq hissələrinin təsnifi 
 
 
         
Mövzunun planı: 
 
1.
  Qrammatika. Qrammatik kateqoriyalar 
2.
  Morfologiya və onun tədqiqat obyekti 
3.
  Morfem və onun növləri 
4.
  Nitq hissələri və onların  təsnifi 
 
Qrammatika. 
Qrammatik kateqoriyalar 
 
 
            Hər bir dilin özünəməxsus fonetik sistemi, lüğət tərkibi 
və qrammatik quruluşu olur.  Bu sistemlər bir-biri ilə rabitəli, 
qanunauyğun  şəkildə  əlaqələnməklə dilin mövcudluğunu 
şərtləndirir. Dilin ən kiçik vahidi olan səslər birləşərək sözü 
əmələ gətirdiyi kimi, sözlərin də məna və qrammatik cəhətdən 
birləşməsi daha mürəkkəb dil vahidləri olan söz birləşmələrini 
və cümlələri yaradır. Dildə mövcud olan hər bir  vahid ayrıca 
bir dilçilik şöbəsində araşdırılır, öyrənilir. Fonetika səsləri, 
leksikologiya sözləri tədqiq edirdisə, sözlərin birləşməsi 
nəticəsində yaranan daha mürəkkəb dil vahidləri olan söz 
birləşmələri və cümlələr, həmçinin bu vahidlərin yaranması 
üçün sözlərin uğradığı  dəyişikliklər dilçiliyin ayrıca bir sahəsi 
olan qrammatikanın tədqiqat obyektini təşkil edir.  
            Qrammatika    sözü  iki  mənada: dilin qrammatik 
quruluşu və dilin qrammatik quruluşundan bəhs edən elm 
mənasında  başa düşülür. Dilin qrammatik quruluşu  dedikdə 
bütün qrammatik formaların, qrammatik kateqoriyaların  
məcmuyu  başa düşülür. Başqa sözlə, dilin qrammatik quruluşu 
Gülarə  Abdullayeva 
 
 
4
cümlədə sözlərin dəyişməsi və birləşməsi qaydalarının 
məcmuyudur.  
            Dilin  qrammatik  quruluşu üçün xarakterik olan 
aşağıdakı cəhətləri qeyd etmək olar: 
1.
  Dilin qrammatik quruluşu fikri maddi dil cildinə salan 
əsas vasitədir.  
2.
  Dildə olan bütün proseslər qrammatik quruluş vasitəsi 
ilə tənzimlənir.  
3.
  Qrammatik quruluş sadədən mürəkkəbə doğru inkişaf 
edir, zənginləşir. 
4.
  Başqa sahələrlə müqayisədə dilin qrammatik quruluşu 
sabit olur, çox az dəyişikliyə uğrayır. 
5.
  Qrammatik quruluş dilin milliliyinin, orijinallığının 
qorunub saxlanmasında əvəzsiz rol oynayır.  
Məlumdur ki, dilin lüğət tərkibində olan sözlər leksik və 
qrammatik mənaya malik olur. Sözün leksik mənası dedikdə 
onun təklikdə ifadə etdiyi məna, yəni müəyyən məfhum, 
anlayış ifadə etməsi başa düşülür. Qrammatik məna isə leksik 
məna ilə müqayisədə  ümumiləşmiş, mücərrəd məna olub, tək 
bir söz üçün yox,  söz qrupları üçün xarakterikdir. İltisaqi 
dillərdən olan Azərbaycan dilində qrammatik mənanın  əsas 
göstəricisi şəkilçilərdir. Lakin bununla yanaşı, bir sıra köməkçi 
vasitələrin: intonasiya, qoşma,  ədat, modal sözlərin də  
qrammatik mənanın ifadə olunmasında müəyyən rolu vardır. 
Qrammatik mənanın ifadə olunması üçün sözlər müəyyən 
qrammatik formaya düşür.  Məsələn, anam, anan, anası, 
anamız, ananız, anaları və s.  Sözün düşdüyü bu cür qrammatik 
formalar söz-forma adlanır.  
“Məzmun və forma planında bir-birinə qarşı duran 
qrammatik mənaların birliyi qrammatik kateqoriyaları 
yaradır”. (4, səh.17) 
            Qrammatik  kateqoriya  birüzvlü  ola  bilmir,  həmişə bir-
birinə qarşı duran tərəflərdən ibarət olur. Məsələn, isimlərdə 
kəmiyyət kateqoriyası ikiüzvlü (tək və  cəm isimlər),  hal 

Müasir  Azərbaycan  dili 
 
 

kateqoriyası altıüzvlü (ismin altı halı), fellərdə inkar və  təsir 
kateqoriyası ikiüzvlü (təsdiq və inkar; təsirli və təsirsiz), zaman 
kateqoriyası üçüzvlüdür (keçmiş, indiki, gələcək zamanlar).  
Qrammatik kateqoriyalar ayrı-ayrı nitq hissələri üçün 
xarakterik olub, onları bir-birindən fərqləndirir.  
            Dilimizdəki nitq hissələrinə xas olan qrammatik 
kateqoriyalar  əhatəsinə görə iki qrupa ayrılır: 1.Ümumi 
qrammatik kateqoriyalar; 2. Xüsusi qrammatik kateqoriyalar. 
            Ümumi  qrammatik  kateqoriyalar  dedikdə iki və daha 
çox nitq hissəsi üçün xarakterik olan kateqoriyalar başa 
düşülür. Dilimizdə    hal,  kəmiyyət, mənsubiyyət,  xəbərlik 
kateqoriyaları    ismə  məxsus olmaqla bərabər, isimləşə bilən 
digər nitq hissələrinə  də aid olduğundan ümumi qrammatik 
kateqoriyalar adlanır. 
            Xüsusi  qrammatik  kateqoriyalar  isə yalnız bir nitq 
hissəsi üçün xarakterik olur. Sifətin dərəcə kateqoriyası, eləcə 
də felə  məxsus bütün qrammatik kateqoriyalar  təkcə  həmin 
nitq hissəsinə aid olduğundan xüsusi qrammatik kateqoriyalar 
adlanır.  
            Qrammatikanın köməyi ilə  dilin qrammatik quruluşu
onun fonunda bütün qrammatik kateqoriyalar öyrənilir. 
            Qarşıya qoyduğu məqsəddən asılı olaraq qrammatikanın 
aşağıdakı növləri var: 
            Tarixi qrammatika- sözlərin, söz birləşmələri və 
cümlələrin  quruluşu, dəyişmə  və inkişafını tarixi aspektdə 
öyrənir. 
            Müqayisəli qrammatika- bir dilin dialekt və şivələri ilə 
ədəbi dil formasını müqayisəli şəkildə öyrənir. 
           Tarixi-müqayisəli qrammatikada- qohum dillərin 
qrammatik duruluşu tarixi aspektdə  və müqayisəli  şəkildə 
öyrənilir. 
           Təsviri-elmi qrammatikada- dilin hazırkı inkişaf 
vəziyyəti, müasir səviyyədə dilin qrammatik quruluşu elmi 
şəkildə öyrənilir. 
Gülarə  Abdullayeva 
 
 
6
           Dilin  qrammatik  quruluşunda iki əsas proses müşahidə 
olunur: 1.  Sözlərin cümlədə dəyişməsi, müxtəlif şəklə düşməsi 
prosesi,  2. Sözlərin cümlədə, cümlələrin mətndə əlaqələnməsi, 
birləşməsi prosesi. Bunlardan birincisi, yəni sözlərin dəyişməsi 
morfologiyanın,  sözlərin söz birləşməsi və cümlə, cümlələrin 
mətn  şəklində birləşməsi prosesi isə sintaksisin tədqiqat 
obyektini təşkil edir. Beləliklə, qrammatika özündə bir-biri ilə 
sıx əlaqədə olan iki dilçilik şöbəsini: morfologiya və sintaksisi 
birləşdirir. 
 
Morfologiya  
və onun tədqiqat obyekti 
 
           Morfologiya  termini  forma  (morfo - morphe)  və  
təlim   (loqos)  mənalarını bildirən iki yunan sözündən  əmələ 
gələrək, “morfem haqqında elm” hərfi mənasını ifadə  edir.   
Dilçilik  elmində  morfologiyanın mövzusunu  sözün  forması  
təşkil  edir. Morfologiyanın ilkin obyekti sözdür. 
 
Qrammatikanın bu şöbəsində bütün əməliyyatlar söz üzərində 
aparılır. Ümumən, söz dilçiliyin ilkin və  mərkəzi obyektidir. 
Söz dil və nitq hissələrinin hamısında əsasda dayanır,  leksik və 
qrammatik kateqoriyaların hamısı sözlə bağlı olub, onun 
əsasında meydana gəlir. Dilin elə bir sahəsi yoxdur ki, orada 
sözə toxunmadan, ona istinad etmədən keçinmək mümkün 
olsun. Ən kiçik dil vahidi hesab edilən fonem də söz daxilində 
öz keyfiyyətini üzə  çıxarır. Ona görə  də sözə dilçilik baxışı  
çoxtərəflidir.Vahid olan söz müxtəlif cəhətdən öyrənilir. 
Məsələn,  yazır  səs kompleksinə bir halda söz (lüğəvi vahid), 
bir halda fel (nitq hissəsi), bir halda xəbər (cümlə üzvü), başqa 
bir halda isə cümlə deyirik. Məlumdur  ki, söz  həm  də  
dilçiliyin  bir şöbəsi olan leksikologiya tərəfindən öyrənilir. 
Lakin tədqiqat obyekti eyni olsa da, qarşıya qoyulan məqsəd 
müxtəlif olduğundan, bu iki şöbədə   sözə  müxtəlif  cəhətdən  

Müasir  Azərbaycan  dili 
 
 

yanaşılır. Leksikologiya  sözü  dilin  lüğət  tərkibinin  vahidi  
kimi  əsasən  leksik-semantik  planda  tədqiq  edirsə,  
morfologiyada  söz, hər  şeydən  əvvəl dilin qrammatik 
quruluşunun, onun morfoloji sisteminin ümumi 
qanunauyğunluqlarını    aşkar  etmək  istiqamətində  öyrənilir.  
Məsələn,  qəşəng, gözəl, yaraşıqlı sözlərində  leksikologiya  
üçün  maraqlı  olan,   bu  sözlərin semantik  cəhətdən  yaxın 
olması,  eyni  anlayışı  ifadə  etməsidir. Morfologiyada   isə  bu  
sözlərin zahiri cəhəti, formal xüsusiyyətləri, qrammatik 
mənaları araşdırılır, onların  hər üçünün   əlamət   bildirərək adi 
dərəcəli sifət olması qeyd  edilir. 
Morfologiya,  leksikologiyadan  fərqli  olaraq,  sözün  
vahid  leksik  mənasını yox,  onun  (sözün)  geniş  qrammatik   
mənalarını  öyrənir.  O, bütün  nitq  hissələrini  əhatə  edir,  
onların oxşar və  fərqli cəhətlərini öyrənir. Bu baxımdan ayrı-
ayrı nitq hissələrinin öz daxili quruluşu da morfologiyanın 
tədqiqat obyektinə  daxildir. 
Morfologiyada sözün struktur əlamətləri, müxtəlif 
formaları öyrənilərkən  onun  leksik  mənasına  əhəmiyyət  
verilmir.  Onun  üçün başlıca  olaraq  ən  abstrakt  və  ümumi  
anlayışların  dildə  sistem  şəklində   mövcud   olan   ifadə   
formaları   və   onların   qrammatik  mənası  maraq   doğurur.   
Təsadüfi  deyildir  ki,  bəzən  semantik  cəhətdən  bir-birindən   
tamamilə    fərqlənən  sözlər qrammatik (morfoloji) 
xüsusiyyətlərinə görə  ümumi  bir  nöqtədə  birləşir:  məktəbdə,  
kitabda; baxır, gedir  sözləri leksik  məna  etibarilə  tamamilə  
bir-birindən  seçildiyi  halda,  konkret morfoloji  əlamətlərinə  
və    qrammatik    mənalarına  görə  eyniyyət təşkil edir. Evdə,  
işdə  sözlərinin  hər  ikisi  isimdir,  ümumi  isimdir,  təkdir,  
yerlik  haldadır.  Gəlir  və  oturur  sözlərininn  hər  ikisi  feldir,   
təsirsizdir,   indiki   zamandadır,   üçüncü   şəxsin   təkindədir.  
Bütün   bunlar   (hal,  cəmlik,  kəmiyyət,  zaman  anlayışları)  
leksik  mənaca  fərqli  olan  sözlər  arasında  ümumilik  və  
Gülarə  Abdullayeva 
 
 
8
qrammatik  məna  uyğunluğu  olmaqla   sözün   konkret   
semantikası   ilə  bilavasitə  əlaqədar  deyildir. 
Morfologiya  sözlərin  dəyişməsi,  düzəldilməsi  
qaydalarını öyrənir.  Sözlərin  dəyişməsi    hal,    mənsubiyyət,  
xəbərlik, kəmiyyət, zaman,  şəxs  kateqoriyaları,  felin  növləri,  
şəkilləri və s. üzrə olur. Morfologiyada sözlərin dəyişilməsi  
qaydaları öyrənildiyi kimi,  düzəldilməsi  üsulları  da  öyrənilir.  
Sözlərin  düzəldilməsi  qaydalarının  nitq hissələrinin  
qruplaşdırılmasında böyük əhəmiyyəti vardır. Morfologiyanın   
tədqiqat  obyektində    sözlərin  quruluşu   məsələsi      mühüm  
yerlərdən birini tutur. Qrammatik  cəhətdən  sözlər  quruluşuna  
görə  kök  və    şəkilçidən  ibarətdir.  Kök  sözün   müstəqil   
işlənə    bilən,  qrammatik  dəyişmələr  zamanı  sabit  qalan,  
ayrıca   leksik  mənaya   malik  olan  və   müəyyən   anlayış  
ifadə    edən  əsas  hissəsini  təşkil  edir. Deməli,  sözün  əsas  
hissəsi  dilçilik   elmində  kök, qeyri-əsas  hissəsi  isə  şəkilçi  
adlanır.  Sözün  kökü  şəkilçidən  yalnız  şəkli  əlamətlərinə  
görə  deyil,  eyni  zamanda,  məzmununa   görə  də  fərqlənir.  
Sən,  san,  inci,  un,  dan,  dən, daş  və  s.   kimi  dil   vahidləri  
eyni  şəkildə,  eyni  fonetik  tərkibdə  söz  kökü  olduqları  
kimi,   müxtəlif   köklərlə   birləşib   işləndikləri  zaman  şəkilçi 
də ola  bilir. Məsələn,  Siz  gəncləşirsiniz, tatix qocalır.         
(S.Vurğun) Vətənsiz 
də insan olan insan kimi 
yaşayarmı?(S.Vurğun) Un dəyirmanda  hasil  olur.  Hörümçək  
öz  torunu  hörürdü  və s. 
 
Morfem və onun növləri 
 
Morfologiya  şöbəsinin tədqiqat obyektinə daxil olan 
məsələlərdən biri də morfemdir. 
Sözün  ən kiçik mənalı hissəsinə morfem deyilir. 
Azərbaycan dilinin sözləri kök və budaq morfemdən ibarətdir. 
Kök morfem sözün müstəqil leksik mənaya malik olan 

Müasir  Azərbaycan  dili 
 
 

hissəsidir. Budaq morfemlər isə leksik mənadan məhrum olan, 
yalnız qrammatik mənaya malik olan  hissədir. Dilimizdə kök 
morfem sözün kökünə, budaq morfem isə  şəkilçiyə uyğun 
gəldiyindən, biz bundan sonra kök və  şəkilçi terminlərindən 
istifadə edəcəyik. Bəzi dilçilik kitablarında sözün kökü və 
şəkilçi uyğun olaraq sözün əsas və qeyri-əsas hissəsi də 
adlandırılmışdır.  
 Sözləri kök və  şəkilçiyə ayıraraq onları yalnız  şəkli 
əlamətinə görə bir-birindən fərqləndirmək mümkün deyildir. 
Onları söz tərkibində oynadığı rola və  məzmuna malik olub-
olmamalarına görə müəyyənləşdirmək olar. Sözün kökü ilə 
şəkilçisi arasında aşağıdakı fərqlər vardır: 
 a)  Kök  müstəqil mənaya malik olur. B)  Kök sözün əsasını 
təşkil edir. C) Sözün kökü şəkilçidən ayrıca işlənə bilər. Ç) Kök 
sabit qalır, dəyişmir. D) Bir söz kökü müxtəlif şəkilçi qəbul edə 
bilər. E) Azərbaycan dilinin öz söz köklərinin yalnız sonuna 
şəkilçi əlavə oluna bilir.  
“Sözün ayrıca işlənib müstəqil mənaya malik olan və 
dəyişməyən hissəsinə kök deyilir”.(1, səh. 7) 
 Şəkilçilər isə, köklərin tamamilə  əksinə olaraq, sözün 
əsasını  təşkil edə bilmir. Onlar kökdən ayrı  işlənmir, müstəqil 
mənaya malik olmur və söz kökünün tələbinə görə  dəyişir. 
Sözün ayrılıqda işlənməyən, müstəqil mənaya malik 
olmayan və söz köklərinə bitişdikdə onların ya şəklini, ya da 
şəkli ilə birlikdə  məzmununu dəyişən hissəsinə  şəkilçi 
deyilir”.(1 səh.7) 
  
Sözlərin hamısı eyni quruluşa malik olmur, yəni 
dilimizdə  işlənən sözlərin hamısı sadə söz köklərindən ibarət 
deyildir.  Əgər bütün sözlər sadə kökdən ibarət olsa idi, 
dilimizdəki sözdüzəldici  şəkilçilərin yaranmasına ehtiyac 
qalmazdı.  
Dilimizdə  işlənən sözlərin bəzisi bir kökdən, bəzisi bir 
köklə bir sözdüzəldici  şəkilçidən, bəzisi də iki və daha artıq 
sözün birləşməsindən ibarət olur. Odur ki, sözləri quruluşuna 
Gülarə  Abdullayeva 
 
 
10
görə 3 qismə ayırmaq olar: 1. Sadə sözlər. 2. Düzəltmə sözlər. 
3. Mürəkkəb sözlər. Məsələn, balıq, balıqçı, balıqqulağı. Bu 
misallarda balıq sözünü daha kiçik mənalı hissələrə bölmək 
mümkün deyil. Deməli, yalnız bir kökdən ibarət olan  sözlər 
sadə sözlərdir. 
Düzəltmə sözlər isə  kök və budaq morfemdən, yəni kök 
və  şəkilçidən ibarət olur. Balıq  sözü bir kökdən ibarət olduğu 
halda,  balıqçı sözü düzəltmə sözdür, çünki balıq sözünə    -çı 
şəkilçisini artırmaqla yaranmışdır. Beləliklə, tərkibində bir kök 
və sözdüzəldici şəkilçi olan sözlərə düzəltmə sözlər deyilir.  
Düzəltmə sözlərin müəyyənləşdirilməsində iki cəhəti 
əsas tutmaq lazımdır. Birincisi, köklə düzəltmə söz arasında 
üzvi bağlılıq olmalıdır, yəni yaranmış söz, yeni məna məhz 
kökdəki mənanın əsasında yaranır. İkincisi, söz o vaxt düzəltmə 
söz kimi götürülə bilər ki, onun kökü dilimizdə ayrıca işlənmiş 
olsun.  Ərəb dilindən dilimizə keçmiş  sədaqət,  şücaət  sözləri, 
eləcə  də, Azərbaycan dilinin öz sözlərindən olan barış, yarış, 
güləş, dağıntı sözləri məhz bu cəhətdən düzəltmə söz sayıla 
bilməz.  
Mürəkkəb sözlər həm sadə, həm də düzəltmə sözlərdən 
fərqlənir. Belə ki, mürəkkəb sözlər iki və daha artıq sözün 
birləşərək tamamilə yeni məna ifadə etməsi nəticəsində yaranır. 
Məsələn,  balıqqulağı sözünün tərkibində iki müstəqil söz 
vardır:  balıq, qulaq. Bu sözlərin hər ikisi təklikdə ayrı-ayrı 
mənalara malikdir. Bunlardan birincisi heyvan, ikincisi bədən 
üzvü  məzmununu ifadə edir. Lakin bu müxtəlif mənalara malik 
ayrı-ayrı sözlər birləşdiyi zaman tamamilə başqa bir mənaya 
malik yeni bir söz şəklini alır. Bu birləşmə  nəticəsində    məna 
tamamilə  dəyişir. Hər iki söz öz əvvəlki mənasını itirərək 
birlikdə  yeni bir məna ifadə edir. Nəticədə bu iki sözün 
birləşməsi nəticəsində yeni bir söz yaranır. Deməli, iki və daha 
artıq müstəqil söz birləşib  əvvəlki ayrı-ayrı  mənalar  əsasında 
yeni məna ifadə edən bir mürəkkəb söz əmələ gətirir.  

Müasir  Azərbaycan  dili 
 
 
11 
 
 
Şəkilçilər sözdən ayrı  işlənə bilmir. Onlar kökün ya 
əvvəlinə, ya ortasına, ya da sonuna əlavə edilərək işlənir. Söz 
kökünə əlavə edildikləri yerə görə onlar ön (prefiks), iç (infiks) 
və son (suffiks) şəkilçi  adı ilə 3 yerə bölünür. Azərbaycan 
dilinin öz sözlərində ön və iç şəkilçi yoxdur. Azərbaycan dili 
iltisaqi dillərdən olduğundan, dilimizdə    şəkilçilərin hamısı 
sözün yalnız sonuna əlavə olunur. Lakin dilimizə başqa 
dillərdən kifayət qədər söz daxil olmuş, həmin sözlərlə birlikdə 
ön  şəkilçilər də keçmişdir. Bu şəkilçilər dilimizdə o qədər 
sabitləşmişdir ki, bəzən onları öz şəkilçilərimizlə  əvəz etmək 
mümkün olmur. 
Azərbaycan dili şəkilçiləri ilə yanaşı olaraq, başqa 
dillərdən alınmış və ya keçmiş bir sıra sözlərdə son şəkilçilər də 
müasir dilimizdə  işlənməkdədir. Bu şəkilçiləri də dilimizin öz 
şəkilçiləri ilə əvəz etmək olmur. Məsələn, elmi, tarixi, kütləvi, 
marksist, materialist, marksizm, nümunəvi kimi sözlərdəki son 
şəkilçiləri  buna nümunə göstərmək olar. 
Dilimizdə işlənən şəkilçilər köklərdə əmələ gətirdikləri 
məzmun və  şəkil dəyişikliyinə görə, başqa sözlə, vəzifəsinə 
görə  də 2 növə ayrılır. 1. Sözdüzəldici, 2. Sözdəyişdirici 
şəkilçilər. 
Sözün 
quruluşca 
növləri 
Sadə sözlər 
Düzəltmə 
sözlər 
Mürəkkəb 
sözlər 
Yalnız bir 
kökdən ibarət 
olur 
Kök və 
sözdüzəldici 
şəkilçidən ibarət 
olur
İki və daha çox 
sözün 
birləşməsindən 
əmələ gəlir
Isti, ot, hava, 
torpaq, işıq 
Istilik, otlaq, 
havasız, işıqlı 
Istiot, 
əlüzyuyan, 
kəklikotu 
Gülarə  Abdullayeva 
 
 
12
Şəkilçilərin bir qismi kökə əlavə olunduqda onun yalnız 
formasını  deyil, eyni zamanda, məzmununu da dəyişib, ilk 
məna  əsasında yeni mənalı söz əmələ  gətirir. Belə  şəkilçilərə 
sözdüzəldici  şəkilçilər deyilir. Bu şəkilçilər dilin inkişafında, 
yəni lüğət tərkibinin zənginləşməsi prosesində əsas amillərdən 
biri hesab olunur. Bunlar ya bir nitq hissəsindən yeni bir nitq 
hissəsi  əmələ  gətirir, ya da eyni bir nitq hissəsindən- sadə 
köklərdən düzəltmə sözlər  əmələ  gətirir:   yazı, bərki, çalğı, 
qaçağan, qarlı və s. 
Bu misallardakı -ı, -ğı, -ağan, -lı şəkilçiləri qoşulduqları 
sözün yalnız formasında dəyişiklik  əmələ  gətirməmiş, onun 
məzmununu da tamamilə  dəyişmişdir. Həmin  şəkilçilər ya bir 
nitq hissəsindən başqa bir nitq hissəsi, ya da eyni nitq 
hissəsindən düzəltmə söz yaratmışdır, yəni  feldən isim (yazı, 
çalğı), sifət (qaçağan), isimdən sifət (qarlı), sifətdən fel (bərki)  
əmələ gətirmişdir. 
Müasir Azərbaycan dilində sözdüzəldici şəkilçilər sözün 
həm  əvvəlində, həm də sonunda işlənə bilir. Sözün əvvəlində 
yalnız başqa dillərdən keçmiş şəkilçilər, sözün sonunda isə həm 
Azərbaycan dilinin öz şəkilçiləri, həm də başqa dillərdən 
keçmiş şəkilçilər işlənir. Onu da qeyd etmək lazımdır ki, başqa 
dillərdən alınan  şəkilçilərin hamısı sözdüzəldici  şəkilçilərdir.  
Sözdəyişdirici şəkilçilər qrammatik kateqoriyaların, qrammatik 
kateqoriyalar isə qrammatik quruluşun əsasında dayandığından 
onlar heç vaxt alınma ola bilməz. Məhz sözdəyişdirici 
şəkilçiləri xarakterizə edən mühüm amillərdən biri onların milli 
olmasıdır.  
Sözdüzəldici şəkilçilər əlavə olunduqları nitq hissələrinə 
görə  də müxtəlif olur. Onların bir qismi yalnız isimlərə, bir 
qismi yalnız fellərə, bir qismi isə həm isim, həm sifət, həm say, 
həm də əvəzliklərə artırıla bilər. Misallara baxaq:  
1.
  1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə