yiyəlik halda dayanmaq əsas söz tərəfindən idarə olunmaq demək deyil. Digər tərəfdən, bu birləşmə növünün tərəfləri arasına başqa bir sözün daxil ola bilməməsi də idarə əlaqəsinin olması fikrini şübhə altına alır. Tərəflər arasına söz daxil ola bilməmə tam yanaşma əlaqəsi üçün xarakterik olduğundan, buradayanaşma əlaqəsinin olması daha ağlabatandır. İkinci növ təyini söz birləşmələrinin bir sıra məna və
qrammatik xüsusiyyətləri var. Həmin xüsusiyyətlər bunlardır:
Gülarə Abdullayeva
150
1) Bu birləşmələr mənasına görə ümumilik,
mücərrəddlik bildirir. Buna görə də mürəkkəb idarə adları daha
çox bu birləşmələrlə ifadə olunur. Məsələn,icra hakimiyyəti, həmkarlar təşkilatı, qadınlar cəmiyyəti və s. 2) Bu birləşmələrin tərəflərinin ifadə vasitələri məhdud
olub, hər iki tərəfi əsasən isimlərlə ifadə olunur. Birinci tərəf
qeyri-müəyyən yiyəlik halda olduğundan ancaq ümumi
isimlərlə ifadə olunur, şəxs əvəzlikləri asılı tərəf ola bilmir,
buna görə də birləşmənin ikinci tərəfi birinci və ikinci şəxslərə
məxsus mənsubiyyət şəkilçiləri qəbul etmir. Nəticədə, ikinci
növ təyini söz birləşmələrinin tərəfləri arasında uzlaşma əlaqəsi
bütün şəxslər üzrə deyil, yalnız III şəxsin təki üzrə mövcud
olur.
3) Bu birləşmələrdə mürəkkəb isimlərə doğru bir
inkişaf meyli var. Mürəkkəb isimlərin bir çoxu bu birləşmələr
formasında olur. Məsələn, quşəppəyi, kəklikotu, dəvədabanı, ayaqqabı və s. Hazırda dilimizdə ikinci növ təyini söz birləşmələrinə
daxil olan bir sıra nümunələr vardır ki, onlar mənşəyinə görə
həqiqi ikinci növ təyini söz birləşməsi olmayıb, dilin inkişafı
prosesində deformasiyaya uğramaqla birinci növ təyini söz
birləşməsindən törəmişdir. Məsələn, Nizami müzeyi-Nizami adına muzey, Araz çayı-Araz adlanan çay, Xəzər dənizi-Xəzər adlanan dəniz və s. Belə birləşmələrin birinci tərəfi xüsusi
isimlərlə də ifadə olunur. Birinci tərəfi xüsusi isimlə ifadə
olunduqda, tərəflərin əlaqəsi həqiqi mənadan müəyyən
dərəcədə ayrılır, mücərrədləşir və birlikdə bir ad, bir məfhum
bildirməyə meyl göstərir.
4) İkinci növ təyini söz birləşmələrinin tərəfləri eyni
zamanda cəm şəkilçisi qəbul edə bilmir, bir tərəf cəmlənəndə o
biri tərəf tək olur. Məsələn, gözəllər gözəli, dünya gəncləri, yollar ayrıcı və s. 5) Bu birləşmələrin tərəfləri həmişə yanaşı işlənir və
onların arasına heç bir söz daxil ola bilmir.
Müasir Azərbaycan dili
151
7) İkinci növ təyini söz birləşməsinin tərəfləri cümlədə
bir-birindən ayrılmır və birlikdə cümlənin bir mürəkkəb üzvü
olur. Məsələn, Bilirəm, Alqazax uşağı qan çanağıdır. (İ.Şıxlı) və s.
Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi
yiyəlik hal şəkilçisi, ikinci tərəfi mənsubiyyət şəkilçiləri ilə
işlənir. Məsələn, dağın başı, evin qapısı, çəmənin ətri və s. Birinci tərəfi ismin yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçili təyini söz birləşmələrinə üçüncü növ təyini söz birləşmələri deyilir. Üçüncü növ təyini söz birləşmələri də qarşılıqlı tabelilik
əlaqəsi əsasında əmələ gəlib, birinci tərəfi ikinci tərəflə idarə,
ikinci tərəf isə birinci tərəflə uzlaşma əlaqəsinə girir. İkinci və
üçüncü növ təyini söz birləşmələri bir sıra oxşar və fərqli
xüsusiyyətlərə malikdir. Oxşar xüsusiyyətləri bunlardır:
1) Hər ikisi qarşılıqlı tabelilik əlaqəsi əsasında yaranır.
2) Hər ikisi ismi birləşmə növünə aiddir.
3) Hər ikisi cümlədə bir mürəkkəb üzv kimi çıxış edir.
4) Hər ikisinin əsas tərəfinin ifadə vasitəsi eynidir.
Fərqli cəhətlərə aşağıdakılar daxildir:
1) İkinci növdən fərqli olaraq, üçüncü növ təyini söz
birləşməsinin tərəfləri arasında idarə və uzlaşma əlaqəsi
mövcuddur.
2) Üçüncü növ təyini söz birləşməsinin mənasında bir
dəqiqlik, konkretlik, müəyyənlik olur.
3) Üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasına
istənilən qədər söz daxil ola bilir. Məsələn, Dağın havası- dağın insana xoş təsir edən təmiz havası və s. 4) İkinci növ təyini söz birləşmələrində uzlaşma əlaqəsi
yalnız üçüncü şəxsin təki üzrə olduğu halda, üçüncü növ təyini
söz birləşmələrində uzlaşma bütün şəxslər üzrə özünü göstərir.
Məsələn, mənim evim, sənin evin, onun evi, bizim evimiz, sizin eviniz, onların evləri. Gülarə Abdullayeva
152
5) Üçüncü növ təyini söz birləşməsinin tərəflərinin ifadə
vasitələri genişdir. İsimləşə bilən bütün nitq hissələri əsas və
asılı tərəf yerində dayana bilir.
6) Üçüncü növ təyini söz birləşməsinin tərəfləri eyni
zamanda cəmlənə bilir. Məsələn, şagirdlərin kitabları, onların dostları və s. Üçüncü növ təyini söz birləşmələri cümlənin bütün
üzvləri yerində işlənə bilir. Məsələn, Güllücə kəndinə çatanda kəndin əhalisi (mübtəda) yatmışdı. (S.S.Axundov) Cəlil ağa həyətə girəndə Şəfiqə qapının qabağında idi.(xəbər) (İ.Məlikzadə) Qırxıncı gün şahın iyirmi yaşlı cəsur oğlu (təyin) Məlikşah saraya daxil oldu. Rüstəm bəy nökərləri ilə məsləhət gördülər ki, bir qaranlıq geçədə gedib mənim atamın evini (tamamlıq) yandırsınlar və çölə çıxanı gülləbaran eləsinlər. (N.Vəzirov) Abbasqulu bəylə Xəlil qarın üstündə (yer zərfliyi) qoşa uzanmışdı. (F.Kərimzadə) Qeyri-təyini ismi birləşmələr. Qeyri-təyini ismi
birləşmələrin də əsas tərəfi isim və isimləşə bilən nitq hissələri
ilə ifadə olunur. Lakin formal xüsusiyyətlərinə görə onlar təyini
söz birləşmələrindən fərqləndiyindən, qeyri-təyini ismi
birləşmələr adı ilə qeyd olunur. Bu ismi birləşmələr dörd yerə
ayrılır:
I. Bu birləşmələrin bir qisminin əmələ gəlməsində heç
bir əlavə vasitədən istifadə edilmir. Bunların birinci tərəfi ismin
adlıq halında olur və həmişə substantiv xüsusiyyət daşıyır. Belə
birləşmələrin birinci tərəfinin mənsubiyyət şəkilçili sözlərlə
ifadəsi daha çox inkişaf etmişdir. İkinci tərəf əsasən sifətlə
ifadə olunur. Burada -lı 4 şəkilçili düzəltmə sifətlərdən daha tez-
tez istifadə edilir. Məsələn, gözləri yaşlı, əlləri qanlı, camalı solğun və s. Bu birləşmələrin məzmununu təyinlə təyin olunan
arasındakı əlaqə təşkil edir. Bunlar həm forma, həm də mənaca
birinci növ təyini söz birləşmələrinə yaxınlaşır, lakin onlar eyni
Müasir Azərbaycan dili
153
deyildir. Bu birləşmələr birinci növ təyini söz birləşmələri ilə
paralel surətdə işlənməkdədir. Onların iki növü vardır:
a) İkinci tərəf birinci tərəfin əlamətini bildirir. Bu,
həmin birləşmələr üçün əsas xüsusiyyətdir. Məsələn, Tribunada ağsaçlı bir qadın, sinəsi odlu bir ana... (B.Azəroğlu). b) Bu birləşmələrin az bir hissəsində isə birinci tərəf
ikinci tərəfi izah edir. Lakin birinci növ təyini söz
birləşmələrindən fərqli olaraq, bu birləşmələrdə birinci tərəf
həmişə atributiv deyil, substantiv isimlərlə ifadə olunur.
Məsələn, Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan. (S.Vurğun) II Birləşmələrin ikinci qrupu müəyyən şəkli əlamətlərə
malik olur. Bunlar da öz növbəsində dörd yerə ayrılır.
Bunlardan üçündə yalnız birinci tərəflər, dürdüncüsündə isə hər
iki tərəf hal şəkilçisi qəbul edir. Bunlar aşağıdakılardır:
1. Birinci tərəfi yönlük haldakı sözlə ifadə olunanlar.
Məsələn, İslama hörmət, anaya məhəbbət, gələcəyə inam, kiçiyə qayğı, xalqa müraciət, həyata yaraşıq və s. Belə
birləşmələrin tərəfləri arasında obyekt əlaqəsi mühüm yer tutur,
birinci tərəf ikinci tərəfin obyekti kimi özünü göstərir.
2. Birinci tərəfi ismin yerlik halındakı sözlə ifadə
olunanlar. Bu birləşmələrdə birinci tərəf ikinci tərəfi məkanca
izah edir. Bütövlükdə isə birləşmələr cümlədə hal- vəziyyət
birldirmək məqsədilə işlədilir. Məsələn,Səfər əlində süpürcə daxil olur. (C.Cabbarlı). Gözlərdə intiqam qılınclarda qan. Buludlar kişnədi, göylər ağladı. (S.Vurğun). 3. Birinci tərəfi ismin çıxışlıq halı ilə ifadə olunanlar.
Bu birləşmələrin birinci tərəfləri, əsasən isimlərlə, az-az
hallarda əvəzliklə və başqa substantiv sözlərlə, ikinci tərəfləri
isə sifətlə və ya isimlə ifadə olunur. Məsələn, dəmirdən qapı, daşdan divar, qəmdən azad, vətəndən uzaq,Qulu da Həsən kişinin yanında özünü aydan arı, sudan duru göstərməyə səy edirdi.(M.İbrahimov) və s. Göstərdiyimiz nümunələrin ikinci
tərəfi sifətlə ifadə olunmuşdur. Bu birləşmələrin digər bir
Gülarə Abdullayeva
154
hissəsində hər iki tərəf isimlə ifadə olunur. Məsələn,qızıldan kəmər, cəbhədən xəbər, dostdan ayrılıq və s. Birinci tərəfi
ismin yönlük, yerlik və çıxışlıq hallarında olan birləşmələrin
hamısında tərəflər arasında idarə əlaqəsi vardır, birinci tərəflər,
ikinci tərəflərə tabe olub, onların vasitəsilə idarə olunur. Bunlar
cümlədə hissələrə parçalanmır, bütövlükdə bir üzv kimi çıxış
edir.
4. Qeyri-təyini ismi birləşmələrin bir qismi hər iki tərəf
şəkilçi qəbul etməklə formalaşır. Bu birləşmələrin birinci tərəfi
ismin çıxışlıq, ikinci tərəfi isə yönlük halında olur və hər iki
tərəf substantiv xüsusiyyət daşıyır, bəzən eyni, bəzən də
müxtəlif leksik vahidlərdən yaranır. Məsələn, Başdan ayağadək geymiş qırmızı, Oxurdu türkülər o gürcü qızı (S.Vurğun). Ürəyimdə bir dünyanın gücü var kimi, Dənizlərdən dənizlərə üzüb keçirəm (S.Vurğun). I. İsmi birləşmələrin üçüncü qrupu qoşmaların iştirakı
ilə əmələ gəlir. Bu birləşmələrin birinci tərəfi həmişə substantiv
sözlərdən, əsasən isimlərdən, ikinci tərəfi isə ya isimdən, ya da
sifətdən ibarət olur. Məsələn, Əli kimi həkim, qar kimi ağ, quş kimi yüngül və s.
Qoşmaların iştirak etdiyi birləşmələrdə bəzən birinci
tərəf müəyyən hal şəkilçiləri də qəbul etmiş olur. Məsələn, sərhəddə doğru yürüş, uşaqdan ötrü dərman və s. Prof.
Q.
Ş. Kazımov “Müasir Azərbaycan dili” adlı
dərslikdə ismi birləşmələrin bu ənənəvi bölgüdən fərqli, yeni
əsasda təsnifini vermiş, tərəflər arasındakı sintaktik əlaqəni,
əsas tərəfin ifadə vasitəsini əsas götürməklə qruplaşdırmışdır.
Müəllif əsas tərəfin hansı nitq hissəsi ilə ifadə olunmasına görə
ismi birləşmələrin iki növünün olduğunu göstərərək yazır:
“
İsmi birləşmələrin bir qismi substantiv, bir qismi
atributiv model əsasında qurulur. Ona görə də ismi birləşmələri
iki qrupa ayırmaq olar:
a) ismi birləşmələrin əksər modellərində əsas tərəf
isimlərdən və isimləşmiş nirq hissələrindən ibarət olur; məs.:
Müasir Azərbaycan dili
155
daş divar, şüşə qab, yaşıl çəmən, xeyli adam, çiçəyin ətri, axan su, çağlayan bulaq, almanın qırmızısı, meyvənin yetişmişi, uşaqların bir neçəsi, cərgələrdən ikincisivə s.
Əsas tərəfi isimlər və ya isimləşmiş nitq hissələri ilə
ifadə olunan bu cür birləşmələr s u b s t a n t i v birləşmələr
adlanır.
Substantiv birləşmələrin asılı tərəfi isim, sifət, say,
əvəzlik, feli sifət və zərflə ifadə olunur.
b)ismi birləşmə modellərinin bir qismində əsas tərəf
sifətlərlə (sadə və ya –lı, -li, -lu, -lü; -ıq, -ik, -uq, ük və s.
şəkilçili düzəltmə sifətlərlə) ifadə olunur. Yuxarıdakı
birləşmələrdən fərqli olaraq, bu cür birləşmələr a t r i b u t i v
birləşmələr adlandırılır. Məsələn, durna gözlü, gözləri bağlı, qapısı örtülü, ağzı açıq, qolları kəsik, hamıya məlum, dağlardan uca və s. Bu cür birləşmələr cümlə daxilində
adverbiallaşa da bilir”. (4, səh. 42)
Müəllif ismi birləşmələri tərəflər arasında sintaktik
əlaqənin növünə görə aşağıdakı növlərə bölmüşdür:
1.Yanaşma əlaqəli ismi birləşmələr. Yanaşma əlaqəli
birrləşmələrə taxta qapı, rəngli şüşə, döyüşən igid, sabir kimi şair, Əhməd kimi müəllim, durna gözlü, yaşıl yarpaqlı tipli
birləşmələri daxil etmişdir.
2.Uzlaşma əlaqəli ismi birləşmələr. Bu birləşmə
növünə qeyri-təyini söz birləşmələrindən olub, birinci tərəfi
mənsubiyyət şəkilçisi qəbul etmiş birləşmələr daxil edilmişdir.
Məsələn, ağzı bağlı, gözləri yaşlı, üstü örtülü, qapısı açıq, çibi boş və s.
3.İdarə əlaqəli ismi birləşmələr. Bu növə daxil edilən
birləşmələr əsas tərəfi isim, sifət, saylarla ifadə olunub, asılı
tərəfi ismin üç halında-yönlük, yerlik, çıxışlıq hallarında tələb
edən birləşmələr daxil edilmişdir. Məsələn, vətənə məhəbbət, insana hörmət, gözlərdə yaş, keçmişdən xatirə, hamıdan gözəl, dağlardan uca və s.
Gülarə Abdullayeva
156
4.Qarşılıqlı tabelilik əlaqəsində olan ismi birləşmələr. Tərəflər arasında olan tabelilik üsullarına görə
bunlar da iki tipə ayrılmışdır:
a)I tip:yanaşma və uzlaşma əlaqəli ismi birləşmələr. Bu tipə II növ təyini söz birləşmələri daxil edilmişdir. Məsələn,
dağ çiçəyi, bulaq suyu, tut yarpağı, qapı çəftəsi və s.
b)II tip: idarə və uzlaşma əlaqəli ismi birləşmələr. Bu
tipə III növ təyini söz birləmələri daxil edilmişdir. Məsələn,
göyün ulduzu, almanın qırmızısı, uşaqların üçü, natiqin danışmağı və s.
Feli birləşmələr. Əsas tərəfi - tabeedici sözü fellərdən ibarət olan birləşmələrə feli birləşmələr deyilir. Məsələn, kitaba baxmaq, onları çağırmaq, evə gedəndə, orada görünən və s. Feli birləşmələrdə hərəkətlə ona aid olan müxtəlif
anlayışlar arasındakı əlaqələr əks olunduğundan bu
birləşmələrin məzmununu proseslə onun aydınlaşdırıcıları
arasındakı əlaqələr təşkil edir. Bu əlaqələri aşağıdakı kimi
qruplaşdırmaq olar:
1.Proseslə onun subyekti arasındakı əlaqə kimi.
Məsələn, payız gələndə, uşaq ağladıqca, müəllim danışarkən və s. 2.Proseslə onun obyekti arasındakı əlaqə kimi.
Məsələn, stəkanı sındırmaq, yazını yazan, evi təmizləmək və s.
3.Proseslə onun zamanı arasındakı əlaqə kimi.
Məsələn, axşam gəlmək, gələndə görmək, qışda getmək və s. 4.Proseslə onun məkanı arasındakı əlaqə kimi.
Məsələn, içəriyə keçmək, şəhərə gedəndə, kənddən qayıdanda və s.
5. Proseslə onun tərzi arasındakı əlaqə kimi. Məsələn, tez-tez yerimək, ucadan oxumaq, sürətlə getmək və s. 6.Proseslə onun kəmiyyəti arasındakı əlaqə kimi.
Məsələn, çox işləmək, az oxumaq, xeyli çalışmaq və s. 7.Proseslə onun səbəbi arasındakı əlaqə kimi. Məsələn, istidən tərləmək, soyuqdan donmaq, qorxudan titrəmək və s.
Müasir Azərbaycan dili
157
8.Proseslə onun məqsədi arasındakı əlaqə kimi.
Məsələn, oxumaq üçün çalışmaq, işləməyə hazırlaşmaq, öyrənməyə səy göstərmək və s. Azərbaycan dilində feli birləşmələr felin üç
təsriflənməyən formasının: felibağlama, feli sifət və məsdərin
ətrafına söz toplaması yolu ilə yaranır. Bu birləşmələrin asılı
tərəfləri müxtəlif nitq hissələri ilə ifadə oluna bilər. Birinci,
yəni asılı tərəfin ifadəsinə görə feli birləşmələrin üç növü
vardır:
1. Ad + fel formalı feli birləşmələr. Bu birləşmələrin
birinci tərəfləri adlarla ifadə olunur. Məsələn,dərs oxumaq, bunu götürmək, ona inanmaq, birinciləri salamlamaq, həyətə baxmaq, ev tikmək və s. 2. Fel + fel formalı feli birləşmələr. Məsələn, susub durmaq, gələndə görmək, oxuya-oxuya gəzmək, yeyərkən danışmaq və s. 3. Zərf + fel formalı feli birləşmələr. Məsələn, tez-tez getmək, sevinclə danışmaq, geriyə çəkilmək, irəliyə hücum etmək və s. Söz birləşmələri içərisində adlarla fellərin
birləşməsindən əmələ gələnlər həm forma variantlarının, həm
də məna növlərinin çoxluğuna görə feli birləşmələr arasında
çoxluq təşkil edir. Buna görə də feli birləşmələr bu əsasda
öyrənilir. Bu qrupdan olan birləşmələrin birinci tərəfi əsasən
isim, əvəzlik, substantivləşmiş sifət, substantivləşmiş sayla ifadə olunur, ikinci tərəflərində isə felin təsriflənməyən
formalarından biridurur. Məsələn, evdən gəlmək, bizə baxan, qocalara hörmət etmək, birincilərlə tanış olmaq və s.
Adlarla fellərdən əmələ gələn feli birləşmələri aşağıdakı
növlərə ayırmaq olar:
1.
Adlıq hallı feli birləşmələr. Məsələn,payız gələndə, sən danışanda və s.
2. Təsirlik hallı feli birləşmələr. Məsələn, hədiyyə alanda, yazını yazmaq və s.
Gülarə Abdullayeva
158
3. Yönlük hallı feli birləşmələr. Məsələn, şəhərə gələndə, filmə baxanda və s.
4. Yerlik hallı feli birləşmələr. Məsələn, şəhərdə yaşamaq, divanda uzanmaq və s. 5. Çıxışlıq hallı feli birləşmələr. Məsələn, dərsdən gələndə, işdən qayıdanda və s.
Adlıq hallı feli birləşmələrin ikinci tərəfi daha çox feli
bağlamalardan ibarət olur. Məsələn, sən danışanda, o gələrkən, Əli oxuduqca və s. Lakin feli bağlamaların hamısı adlıq halla
əlaqələnərək birləşmə yarada bilmir. Bu baxımdan feli
bağlamaları iki qrupa bölmək olar:
1. Adlıq hallı feli birləşmə yarada bilən feli
bağlamalar. Bu feli bağlamalar -andə (-əndə), -dıqda 4 , -dıqca 4 , -ınca 4 , -arkən 2 , -ar- maz 2 , -madən 2 , a–a 2 , və s. şəkilçiləri ilə
əmələ gəlir və adlıq hallı feli birləşmələrin yaranmasında
mühüm rol oynayır. Məsələn, Arif gələndə, uşaq ağladıqca, yaz gəlincə, müəllim danışarkən, qonaq gəlməmiş, yaz gələr- gəlməz, səhər açılmadan və s. 2. -ıb 4 , -araq 2 şəkilçiləri ilə əmələ gələn feli
bağlamalar və -mış 4 şəkilçisinin keçmək, qalmaq, ötmək sözlərinə qoşulması ilə əmələ gələn feli bağlamalar adlıq hallı
feli birləşmə yarada bilmir. Adlıq hallı feli birləşmələrin əmələ gəlməsində -an 2 və bir sıra
hallarda -dığı 4 və -mış 4 şəkilçili feli sifətlər də müəyyən rol
oynayır. Məsələn, mən oxuyan (kitab),sən soruşduğun (sual), usta tikmiş (ev) Qeyd:
Adlıq hallı feli birləşmə əmələ gətirən feli bağlama şəkilçisi olan -mış, -miş inkarlıq əlaməti olan -ma 2 şəkilçisindən sonra artırılır. Məsələn,mən gəlməmiş, sən yazmamış. Təsirlik hallı feli birləşmələr. Bu birləşmələrin birinci
tərəfi ismin təsirlik halında olan hər hansı bir sözlə ifadə
olunub, təsriflənməyən fel formasında nəzərdə tutulan hərəkətin
təsir göstərdiyi müstəqil obyekti ifadə edir. Məsələn, həyəti süpürmək, yazı yazmaq, mahnı bəstələmək, ağacları suvarmaq,
Müasir Azərbaycan dili
159
kitab oxumaq və s. Təsirlik halın iki növü olduğu kimi, bu
qəbildən olan feli birləşmələr də iki yerə bölünür: asılı tərəfi
müəyyən təsirlik halda olanlar, asılı tərəfi qeyri-müəyyən
təsirlik halda olanlar. Məsələn, kitabı oxuyan, məsələni həll etmək; kitab oxuyan, məsələ həll etmək və s.
Yönlük hallı feli birləşmələr. Bu birləşmələr yönlük
hallı söz + təsriflənməyən fel qaydasında qurulur. Bu cür
birləşmələrin mənasını hərəkətlə onun istiqaməti arasındakı
əlaqə təşkil edir. Birləşmələrin birinci tərəfləri hərəkətin
istiqamətini bildirir. Məsələn, şəhərə getmək, dənizə baxmaq, ağaca çıxan, dağa qalxanda və s.Yönlük hallı feli birləşmələrin
tərəfləri arasında əsasən obyekt əlaqəsi olur. Azərbaycan
dilində bəzi fellər eyni məna əlaqəsi ilə həm təsirlik halı, həm
də yönlük halı tələb edə bilir. Məsələn, atı minmək – ata minmək, dağı qalxmaq – dağa qalxmaq, işi başlamaq – işə başlamaq və s.
Yerlik hallı feli birləşmələr. Bu birləşmələrin asılı
tərəfi (tabe sözü) ismin yerlik halında olur. Məsələn, şəhərdə yaşayan, kitabda yazılan, yazda cücərən və s.
Bu birləşmələrin ikinci tərəfi leksik mənasından asılı
olmayaraq, bütün fellərlə ifadə oluna bilir. Yerlik hallı feli
birləşmələrin tərəfləri arasında aşağıdakı məna əlaqələri özünü
göstərir:
1. Obyekt əlaqəsi. Yerlik hallı feli birləşmələrin birinci
tərəfin ifadə etdiyi məkan sahəsi kiçildikcə, onun əhatəsi
daraldıqca, məkan mənasından obyektə doğru meyl əmələ gəlir
və bu, məkan çalarlığına malik olan obyektə çevrilir. Məsələn, kitabda yazılan, filmdə gördüyüm, əlində tutduğu və s.