Cümlənin təsnif prinsipləri
Dilimizdə cümlələr ayrı-ayrı cəhətlər nəzərə alınmaqla,
müxtəlif prinsiplər əsasında təsnif edilir. Bunların bir qismi
ümumi xarakter daşıdığı halda, bir qismi cümlələrin müəyyən
hissəsinə şamil edilir. Məsələn, məqsədə görə bölgü bütün
cümlələrə aid edilirsə, baş və ikinci dərəcəli üzvlərin iştirak
edib-etməməsinə görə bölgü yalnız sadə, bağlayıcı vasitələrə
görə bölgü isə yalnız mürəkkəb cümlələrə aid edilir.
Ümumiyyətlə, dilimizdə mövcud olan cümlələr, birinci
növbədə məntiqi-sintaktik üzvlənmə imkanlarına görə təsnif
edilə bilər. Bu cəhət nəzərə alınmaqla dilimizdəki bütün
cümlələr üzvlənən və üzvlənməyən cümlələr olmaqla iki böyük
qrupa ayrılır. Üzvlənən cümlələr fikrin əsas ifadə vasitəçisi
kimi çıxış edib, nitqimizin əsasını təşkil edir. Biz dillə bağlı
bütün faktları məhz bu cür cümlələr üzərində araşdırırıq.
Üzvlənməyən cümlələr isə dilimizdə müəyyən məqamlarda
işlənsə də, üzvlənən cümlələr olmadan öz əhəmiyyətini itirir.
Çünki bu cümlələr əsasən dialoqlarda işlədilir, söylənilən hər
hansı bir fikrə cavab məzmununu ifadə edir. Məsələn, Bəyəm
o, qardaşımın tayıdı?- Qətiyyən.(İ.Əfəndiyev)
Gülarə Abdullayeva
172
Məqsəd və intonasiyaya görə cümlənin növləri.
Nitqimizi təşkil edən cümlələr bir-birindən fərqlənən
müxtəlif məqsədlərlə işlədilir. Hər hansı iş, hal-hərəkət
haqqında məlumat vermə, məlumat əldə etmə, işin icrasına
qarşı tərəfi təhrik etmə məqsədindən asılı olaraq cümlələr fərqli
intonasiya ilə tələffüz edilir. Cümlələrdəki məqsəddən asılı
olaraq onların deyiliş xüsusiyyətləri, intonasiyası da
dəyişir. Məsələn, Güllə hansı tərəfdən atıldı? Dəqiq deyə
bilmərəm.(İ.Əfəndiyev). Bu cümlələrin deyilişində bir-
birindən fərqli intonasiyadan istifadə olunur. Məqsəd və
intonasiyaya görə cümlələr 4 növə bölünür.
1. Nəqli cümlə.
2. Sual cümləsi.
3. Əmr cümləsi.
4. Nida cümləsi.
Nəqli cümlələrdə müəyyən bir hadisə, əşya, əlamət
və s. haqqında məlumat verilir. Həm də məlumat adi
təsviri yolla verilir, nəql olunur. Burada müəyyən bir fikir
ya təsdiq, ya da inkar edilir. Hökmlər, adətən, belə
cümlələrlə ifadə edilir. Məsələn, Nurunun bacısı bu sözləri
deyib, Sərvinazdan ayrıldı. Sərvinazı təkrar qəhər götürdü.
(İ.Əfəndiyev)
Nəqli cümlələr üçün söz sırası xarakterikdir.
Azərbaycan dilinin cümlə quruluşuna uyğun olaraq bu
cümlələrdə, adətən mübtəda və ya mübtəda zonası əvvəl,
xəbər və ya xəbər zonası isə cümlənin sonunda işlənir. (Şeir
dilində istisnalar ola bilər.) Məsələn, Mənim plovum Adilin
xoşuna gələrdi. Mən bu qısa söhbət zamanı Adilin buldozerçi
ilə mülayim söhbətindəki gərginliyi hiss edirdim.(İ.Əfəndiyev)
və s.
Nəqli cümlələrdə intonasiya cümlənin əvvəlində
tədricən yüksəlir, sona doğru zəifləyir, xəbərdən əvvəl məntiqi
vurğulu üzv xüsusi olaraq tələffüz olunur. Cümlənin sonunda
bitmə intonasiyası və fasilə fikrin tamamlandığını bildirir.
Müasir Azərbaycan dili
173
Nəqli cümlələr ismi və feli xəbərli olmaqla iki növə
ayrılır. İsmi xəbərli nəqli cümlələr hökm bildirir və bu
cümlələrdə xəbər adlarla, məsdər, feli sifət və zərflərlə,
ismi birləşmələrlə ifadə olunur. Məsələn, Onun qonaqlardan
sonra yenə bir işi var idi. Dükanın mayası da Molla
Cəfərqulunundur. Bu, yuxudur. Gülbadamın məqsədi ancaq
namusunu saxlamaq, təmiz qalmaq, zəhərli ilandan özünü xilas
etməkdi. (N.Nərimanov) Eyvaz dayının camaat arasında
getdikcə çox hörmət qazanmasının bir səbəbi də qardaşı oğlu
Surxayın rayonda çox mühüm vəzifədə olması idi.
(İ.Əfəndiyev)
Feli xəbərli nəqli cümlələrin xəbəri isə daha çox
felin xəbər forması ilə ifadə olunur. Məsələn, Qaranlıqdan
Ərşadın səsi gələn tərəfə bir güllə atıldı. İtlər atlıları dövrəyə
alıb qəzəblə hürürdülər. (İ.Əfəndiyev)
Nəqli cümlələr təsdiq və inkar olur. İnkarı nə - nə
də bağlayıcısı, deyil sözü və - ma
2
şəkilçisi ilə yaranır.
Məsələn, Gecə düşərgənin ətrafında iri tonqallar qaladılar.
Gözətçilərin sayı artırıldı.(F.Kərimzadə)- cümlələri təsdiq, Nə
bihuşdarı vermişdilər, nə də qışqırığını eşitmişdilər.
(F.Kərimzadə) Molla Tutunun belə düşüncələri əbəs deyildi.
(N.Nərimanov) Hökumətin işinə əl aparmaq olmaz.
(İ.Əfəndiyev)-cümlələri isə inkar bildirən nəqli cümlələrdir .
Nəqli cümlələr dilin ən kütləvi ünsiyyət vasitəsi
hesab olunur, başqa cümlə növlərinə nisbətən daha çox
işlədilir. Epik xüsusiyyət daşıyan bütün əsərlərdə ( roman,
povest, hekayə, poema və s.), çıxışlar, məktub və protokollarda,
məqalələrdə və s. nəqli cümlələr əsas yer tutur.
Nəqli cümlələr daha çox cümlə növlərini əhatə
edir. Belə ki, nəqli cümlələr təktərkibli və cüttərkibli
cümlələrin bütün növlərində ola bilər, onlar müxtəsər və
geniş ola bilər. Tabesiz və tabeli mürəkkəb cümlələrin
tərkib hissələri çox vaxt nəqli cümlələrdən ibarət olur.
Gülarə Abdullayeva
174
Sual cümləsi. Müəyyən bir məlumat almaq,
məlumatı dəqiqləşdirmək məqsədilə işlədilən cümlələrə
sual cümləsi deyilir. Sual cümlələri sual məqsədi ilə
işlədilir. Sual cümləsi vasitəsilə başqasından müəyyən bir
məsələ öyrənilir, müəyyənləşdirilir, informasiya
zənginləşdirilir. Məsələn, Qərib yoldaş bu rayondandır?
(İ.Əfəndiyev) Sən Muradı çoxdan tanıyırsan? (İ.Əfəndiyev) və
s.
Sual cümlələrinin özlərinəməxsus xüsusi sual
intonasiyası olur. Bu intonasiya başqa vasitələr olmadıqda
daha qabarıq hiss olunur. Sual cümləsini yaradan başqa
vasitələr olduqda bir qədər zəif nəzərə çarpır.
Sual cümlələri müxtəlif yollarla əmələ gəlir. Bu
cəhətdən onlar üç növə bölünür.
1. Sual intonasiyası ilə əmələ gələn sual cümlələri.
2. Sual ədatları ilə əmələ gələn sual cümlələri.
3. Sual əvəzlikləri ilə əmələ gələn sual cümlələri.
Sual intonasiyası ilə əmələ gələn sual cümlələrində
sual intonasiyasından başqa, sual bildirməyə xidmət edən
heç bir qrammatik vasitə iştirak etmir. Ona görə də bu
tipli sual cümlələrinin vahid və yeganə əlaməti sual
intonasiyasından ibarətdir. Bu cür sual cümlələri heç bir
formal əlamətə görə nəqli cümlələrdən fərqlənmir. Onları
fərqləndirən yeganə
əlamət intonasiyadır. Məsələn,
Körpüsalanlar konsert verirlər? Qərib yoldaş bu rayondandır?
(İ.Əfəndiyev).-cümlələrini şifahi nitqdə nəqli cümlələrdən
yalnız intonasiya, yazıda isə durğu işarəsi, yəni sual işarəsi
fərqləndirir. Bu tip sual cümlələrində məntiqi vurğunun
hansı söz üzərinə düşməsindən asılı olmayaraq, xəbərin son
hissəsi uzadılır və buradan da sual intonasiyası yaranmış
olur. Belə cümlələrə tələb olunan cavab cümləsi söz-cümlə
şəklində də qurula bilir: Körpusalanlar konsert verirlər:-Bəli.
Sual cümlələrinin bir qismi - mı
4
sual ədatının iştirakı
ilə əmələ gəlir. Belə sual cümlələrində həmin ədat bir
Müasir Azərbaycan dili
175
qədər qüvvətli tələffüz edilir. Məsələn, Adil, çay
qoyummu?(İ.Əfəndiyev) Adam da öz balasını yad qızından
ötəri ayağının altına salıb çığnayardımı? (İ.Şıxlı) Sən
xasiyyətimi bilmirdinmi, elə uşaqlıqdan deyib-gülməyi
sevmirdimmi? ( İ.Şıxlı) və s. Bu növ cümlələrdə xüsusi
intonasiyadan istifadə edilmir, xəbərlərin son hissəsini
uzatmağa da ehtiyac olmur.
-mı
4
ədatı sual cümlələrinin daha çox xəbərləri ilə
işlənir. Belə cümlələrin sual cümləsi kimi formalaşması
daha çox xəbərlə bağlı olur. Lakin bu sual ədatı cümlənin
başqa üzvləri ilə də əlaqələnərək sual cümlələri əmələ
gətirə bilir. Məsələn, Söylə sənmi xor baxırsan mənim şeir
dilimə? (S.Vurğun)- cümləsində mübtəda ilə, Demirsənmi
bacım aranda istidən bişər? (İ.Şıxlı)-cümləsində xəbərlə,
Ürəkdənmi söylədi o bu sözləri görən? (B.Vahabzadə) –
cümləsində zərfliklə işlənmişdir. Həmin ədat əsasən məntiqi
vurğulu sözə artırılaraq sual məzmunu ilə bərabər mənanın
daha qabarıq nəzərə çatdırılmasına da şərait yaradır.
Bundan başqa, dilimizdə bir sıra ədatlar da vardır ki,
onlar da sual cümlələrinin yaranmasında mühüm rola malikdir.
Belə ədatlara yoxsa, bəlkə, axı, məgər, bəs, ki sözlərini misal
göstərmək olar. Məsələn, Yoxsa sözlərimdən incidin, ay qardaş,
niyə qaşqabağını turşutdun? (İ.Şıxlı) Dərdimi bilmirsən, oğul,
məgər sən? (N.Xəzri) Ayağı çarıqlı kiçik bir ölkə, Böyük
Firdövsilər yaratdı bəlkə?(S.Vurğun)
Sual əvəzlikləri ilə əmələ gələn sual cümlələri.
Sual cümlələrinin bir qismi sual əvəzliklərinin iştirakı ilə
əmələ gəlir. Məsələn, Gecə vaxtı kim mənim qabağıma gəmi
gətirəcək? (İ.Şıxlı) Nə üçün belə məhzunsan? Halın niyə
pərişandır? (C.Cabbarlı)
Sual cümlələrinin bu növündə müxtəlif cümlə
üzvlərinin ifadə etdiyi məzmun məlum olmur, danışan şəxs
məlum olmayan həmin əşya və hadisələri, hal və
hərəkətləri, əlamətləri və s. meydana çıxartmaq üçün
Gülarə Abdullayeva
176
onların yerində sual əvəzliklərindən istifadə edir. Sual
əvəzlikləri ilə əmələ gələn sual cümlələrində məntiqi
vurğu, əsasən sual bildirən sözlərin üzərinə düşür. Məsələn,
Bir bivəfa ki, məni atıb gedir, mən nə səbəbə ona məhəbbət
bağlamalıyam? (C.Cabbarlı) Siz hara gedəcəksiniz? Murad,
bacıqızı hansı qohumlardandır? (İ.Əfəndiyev) və s. Əvvəlki
sual cümlələrindən fərqli olaraq, bu cür cümlələrdə cavab
cümləsi söz-cümlə şəklində formalaşa bilmir, əksinə, elə cavab
cümləsi tələb olunur ki, həmin cümlədə sual əvəzliyinin yerində
yeni informasiya verəcək bir üzv işlənsin. Adətən, belə
cümlələrin cavab cümləsi yalnız yeni məlumat ifadə edən
üzvdən ibarət yarımçıq cümlə şəklində qurulur: Siz hara
gedəcəksiniz? - Şəhərə.
Dilimizdə elə cümlələr də vardır ki, onlardan cavab
almaq məqsədi ilə deyil, fikri daha ifadəli şəkildə çatdırmaq,
obrazlılıq yaratmaq üçün istifadə edilir. Belə sual bədii sual
adlanır. Bu cür cümlələrə bədii əsərlərin dilində çox rast gəlinir.
Məsələn, Yenə də sürünü nizamla düzüb, Baş alıb gedirsən
hayana, ceyran? (S.Vurğun) Kim çəkir gənc yaşında, Geçə
beşik başında körpələrin nazını? ? (S.Vurğun)
Əmr cümləsi. Əmr, xahiş, təkid, tələb, məsləhət,
nəsihət, çağırış və s. bildirən cümlələrə əmr cümləsi
deyilir. Məsələn, Deynən, mənə bir belə əziyyət verməsinlər.
Oradan al, buraya gətir. (Ə. Haqverdiyev)
Əmr cümlələri qəti əmr mənası ifadə etməklə
yanaşı, onunla bağlı olan başqa mənalar da -xahiş, öyüd,
nəsihət, tələb, hətta istək, arzu və s. ifadə edə bilir. Bu
isə əmr cümlələrinin məna və işlənmə dairəsini
genişləndirir. Bu cümlələrin müxtəlif mənaları içərisində
sözün həqiqi mənasında əmr ifadə etmək əsas olduğundan
və bu cəhət daha qabarıq şəkildə özünü göstərdiyindən
həmin cümlələr əmr cümləsi adı ilə qeyd edilir. Məsələn,
Firuzə, mənə bir az kağız ver. (C.Cabbarlı) Sən uşaqlarla get,
bütün kişiləri buraya çağır. (C.Cabbarlı) Bu misallarda qəti
Müasir Azərbaycan dili
177
əmr mənası vardır. Lakin dilimizdə elə cümlələr də vardır ki,
istək, arzu məzmunu ifadə edir. Belə cümlələrdə mənanı daha
qabarıq ifadə etmək üçün ədatlardan istifadə edilir. Məsələn, Ey
bivəfa, barı bir neçə kəlmə sözünə qulaq ver.(C Cabbarlı) Kaş
ki o sözlər mənim çıxmayaydı dilimdən. (S.Rüstəm)
Əmr cümlələrinin bir hissəsi də xahiş, rica,
müraciət bildirir. Məsələn, Qərənfil, bəsdir. (İ.Əfəndiyev)
Dur, bir az uzan, Adil, yəqin ki, yorğunsan. (İ.Əfəndiyev)
Ovçu, insaf elə, keçmə bu düzdən, O çöllər qızını ayırma
bizdən. (S.Vurğun)
Əmr cümlələri öyüd, nəsihət, məsləhət, təskinlik də
bildirir. Məsələn, Get düşmənin qabağında igid tərpən,
vüqarla, Tüfəngini təmiz saxla, atını da tumarla. (S.Vurğun)
Əmr cümlələrində bəzən xitabların iştirakı vacib olur.
Məsələn, A kişi, ağlını başına yığ.(İ.Şıxlı) Qulu, dayan.
(İ.Əfəndiyev)
Əmr cümlələrində bu müxtəlif məna fərqlərini
vermək üçün heç bir formal əlamətdən istifadə edilmir. Bu
mənalar əmr cümləsinin işləndiyi şəraitlə, mətnlə,
münasibətlə bağlı olaraq meydana çıxır və həmin cəhətlərlə
də müəyyənləşdirilir. Buna görə də bu növ cümlələrdən
ədəbi dilimizin bütün sahələrində, eləcə də adi danışıqda
geniş istifadə edilir.
Əmr cümləsinin formalaşmasında intonasiyanın
mühüm rolu vardır. Lakin bundan başqa, felin əmr forması,
əmr ədatları və əmr hökmündə işlədilən digər fel formaları
da belə cümlələrin qurulmasında müəyyən əhəmiyyətə
malikdir. Əmr cümlələrinin xəbəri əksərən felin əmr
formasında olur. Məsələn, Amerika, yaxşı dinlə bu qatarın ilk
səsini. (S.Vurğun) Get, atı yəhərlə. (İ.Şıxlı) Bu zaman xəbər
I şəxs tək və cəmdə olduqda arzu, istək, çağırış; II
şəxs tək və cəmdə olduqda əmr, təkid; III şəxsdə
məsləhət, nəsihət, təklif mənaları ifadə olunur. Əmr
cümlələrində əmr, təkid, tələb mənaları olduqda cümlə
Gülarə Abdullayeva
178
nisbətən yüksək tonla, x ahiş, məsləhət, nəsihət mənaları
olduqda aşağı tonla tələffüz edilir.
Dilimizdə vacib, xəbər şəklində olan fellər, hətta
məsdər də əmr cümləsinin xəbəri yerində işlənə bilir. Məsələn,
Verilən tapşırığı vaxtında yerinə yetirməli. Gedirsən, məktubu
poçta təhvil verirsən. (C.Məmmədquluzadə)
Əmr cümləsi felin əmr forması ilə əmr ədatlarının
birgə işlənməsi yolu ilə daha çox formalaşır. Məsələn, Qoy
gülsün hər zaman Vətən torpağı, Çiçəyi solmasın, gülü
solmasın. (R.Kərimli)
Əmr cümlələri məsdərlərin köməyi ilə də formalaşır.
Nida cümləsi. Söylənilən fikrə hissi münasibət
bildirən cümlələrə nida cümləsi deyilir.
Nida cümlələri, əslində, cümlənin məqsədə görə ayrıca
növü olmayıb, nəqli, sual, əmr cümlələrinin hər biri yüksək
hiss-həyəcanla deyildikdə yaranır və hiss, həyəcan bildirən
cümlə növü kimi qeyd edilir . Məsələn, Ay haray, köməyə
gəlin, taxtabənd uçuldu, adamlar qaldı altında!
(C.Cabbarlı). Yaşar, Toğrul, Nüsrət... Buraya gəlin
tutmuşam! (C.Cabbarlı).
Nida cümlələri nəqli cümlələrin, eləcə də sual və
əmr cümlələrinin əsasında yaranır. Bu cümlə növləri
müəyyən şəraitdə, yeni xüsusiyyətlər kəsb edərək nida
cümləsinə çevrilə bilir. Məsələn, Görüm səni qara gələsən,
ay zəmanə! Vah, bu imiş dərsi-üsuli-cədid?! Yox, yox, oğul,
məktəbi-şeytandı bu! (M.Ə.Sabir)
Nida cümlələri həm danışanın emosional duyğu və
həyəcanlarını, həm də onun başqa şəxs və əşyalara olan
emosional əqli münasibətlərini ifadə edə bilir.
Nida cümlələrinin formalaşmasında intonasiya mühüm
rol oynayır. Əvvəl haqqında danışılan hər bir cümlə növü
intonasiya vasitəsi ilə şadlıq, sevinc, qəzəb, nifrət, təəccüb,
heyrət, istehza, təəssüf və s. kimi hisslər ifadə etməklə nida
cümləsinə çevrilir. Məsələn, Baxın, baxın, yaxşı baxın, diqqətlə
Müasir Azərbaycan dili
179
baxın! Sizin tarix kitabında bu, qanla yazılmış bir səhifədir!
Bizdən sonra gələnlər bu kitabı vərəqləyib bu səhifəni görəndə
bir ağızdan deyəcəklər: Tfu sizin üzünüzə!
(C.Məmmədquluzadə)
Nida cümlələrinin qurulmasında çox vaxt nidalar da
iştirak edir. Məsələn, Ah, yenə Sitarə xatirə düşdü!
(C.Cabbarlı) Aman, Mənsur, məni hicr odunda yandırma!
(C.Cabbarlı).
Nida cümlələrinin formalaşmasında xitablar, sözlərin
təkrarı, ellipsis, bağlayıcı sözlər, nisbi əvəzliklər, sual
əvəzlikləri və s. də müəyyən qədər rol oynayır. Məsələn,
Oğul, nədir etdiyin bəs bu haqq-say üçün?! Qaytar onun
ömrünə neçə gecə, neçə gün! Qaytar onun saçının qaralığını
geri! Qaytar o dilindəki şirin-şirin sözləri! (Ə.Kərim)
Nida cümlələri də quruluş etibarı ilə sadə və
mürəkkəb, həmçinin cüttərkibli və təktərkibli, müxtəsər və
geniş, bütöv və yarımçıq ola bilər. Hətta üzvlənməyən cümlələr
də yüksək hiss-həyəcan bildirməklə nida cümləsinə çevrilə
bilər. Məsələn , Paho! Maşallah! və s.
Nida cümlələrindən bədii dildə, xüsusən yüksək
pafoslu, romantik əsərlərdə, şeirlərdə, dram əsərlərində çox,
adi təsviri xarakter daşıyan əsərlərdə roman, povest və
hekayələrdə nisbətən az işlədilir.
Cümlənin quruluşca növləri. Cümlələrin təsnifində
ikinci əsas meyar quruluşa görə aparılan bölgüdür. Bu
baxımdan cümlələr sadə və mürəkkəb olmaqla iki böyük qrupa
ayrılır. Sadə cümlələr bir, mürəkkəb cümlələr isə iki və daha
çox predikativ mərkəzə malik olur. Predikativ mərkəz dedikdə
bir-biri ilə əlaqədə olan mübtəda və xəbər nəzərdə tutulur.
Qrammatik əsas termini də eyni mənanı daşıyır. Sadə
cümlələrdə bir sadə fikir ifadə olunursa, mürəkkəb cümlələr
bizi əhatə edən obyektiv aləmlə bağlı daha mürəkkəb əlaqə və
münasibətləri əks etdirir. Məsələn, İstəyirəm nəzərinizə
çatdırım. Bu hadisələrin səbəbkarı kimdir? –cümlələri ayrı-
Gülarə Abdullayeva
180
ayrılıqda sadə cümlələrdir. Birinci cümlə məqsədə görə nəqli,
ikincisi isə sual cümləsidir. Lakin onlar birləşərək bir məqsədə
xidmət edən cümlə kimi - nəqli cümlə kimi formalaşıb,
tamamilə yeni bir məzmun kəsb edir: İstəyirəm nəzərinizə
çatdırım ki, bu hadisələrin səbəbkarı kimdir.
Sadə və mürəkkəb cümlələrin hər birinin özünəməxsus
təsnif prinsipləri var. Sadə cümlələr baş və ikinci dərəcəli
üzvlərin iştirakına, fikrin ifadəsi üçün lazım olan üzvlərin
buraxılıb-buraxılmamasına görə təsnif olunur, müxtəlif növlərə
bölünür. Mürəkkəb cümlələr də onu təşkil edən tərkib hissələri
arasındakı əlaqənin növünə, tərəflərin bir-birindən asılılıq
dərəcəsinə görə tabesiz və tabeli mürəkkəb cümlələr olmaqla
qruplaşdırılır, həmin cümlələrin hər biri də daxili növlərə
bölünür.
Cümlə üzvü anlayışı.
Cümlənin baş üzvləri
Cümlənin digər üzvləri ilə məna və qrammatik
cəhətdən bağlı olub, bir sintaktik suala cavab verən söz və ya
söz birləşməsinə cümlə üzvü deyilir. Azərbaycan dilindəki bəzi
cümlə növləri (söz-cümlələr, vokativ cümlələr və s.) nəzərə
alınmazsa, bizim bütün cümlələrimiz asanlıqla tərkib hissələrə
ayrılır və üzvlənir. Lakin tarixən cümlə üzvlərini
müəyyənləşdirmək işi çətin olmuş, müxtəlif alimlər cümlə
üzvlərinə müxtəlif ölçü ilə, müxtəlif meyarla yanaşmışlar.
Məsələn, Avropa alimlərindən Paul və Şleyxer məntiqi vurğu
hansı üzvün üzərinə düşərsə, onu da baş üzv kimi götürməyi
məsləhət görmüşlər. Tarixən bizim dilçiliyimizdə də cümlə
üzvlərinə bu cür müxtəlif yanaşma halları olmuşdur. Məsələn,
XIX əsrin ortalarında prof. M. Kazım bəy mübtəda və xəbərlə
bərabər, tamamlığı da baş üzv hesab edirdi. Ə. Vəzirov zərfliyi
cümlə üzvləri sırasına daxil etmirdi. Məhəmməd Əfşar nitq
Müasir Azərbaycan dili
181
hissələri ilə cümlə üzvlərini qarışdırırdı. 1947-ci ildə
Ə.Dəmirçizadə cümlə üzvlərinin yeni təsnifini vermiş, yalnız
xəbəri baş üzv hesab etmiş, mübtədanı aydınlaşdıran,
konkretləşdirən üzv adlandırmışdır. Ə.Dəmirçizadə də
Ə.Vəzirov kimi, zərfliyi cümlə üzvü hesab etmir, onun yükünü
tamamlıq və təyin arasında paylayırdı. Ümumiyyətlə,
Ə.Dəmirçizadə cümlə üzvlərini iki qrupa ayırırdı: əsas üzvlər,
əlavə üzvlər. O, əlavə üzvlər dedikdə ara sözləri, xitabları,
bağlayıcı və nidaları nəzərdə tuturdu. Bütün bu münasibətlərə
baxmayaraq, hazırda cümlə üzvləri iki qrupa ayrılır: baş üzvlər,
ikinci dərəcəli üzvlər.
Sözün,
söz
birləşməsinin cümlə üzvü olması üçün onun
cümlənin digər üzvləri ilə yanaşma, idarə, uzlaşma
əlaqələrindən biri ilə əlaqələnməsi vacibdir. Lakin cümlədə elə
sözlər və birləşmələr olur ki, onlar cümlənin üzvləri ilə belə
əlaqədə ola bilmir. Məsələn, Vaxtsız əcəl, Məndən uzaq dolan,
dur, Qürbət eldə can vermərəm ölümə. (S.Vurğun) Həqiqətən,
müəllim cismani ağa, ruhani atadır. (N.Tusi) - cümlələrində
vaxtsız əcəl və həqiqətən sözləri aid olduğu cümlə üzvləri ilə
yalnız mənaca bağlanır. Birincisi müraciət, digəri münasibət
bildirir. Sintaktik əlaqədə olmadığı üçün bunlar cümlə üzvü
hesab edilmir.
Sözün, söz birləşməsinin cümlə üzvü olması üçün
onların sintaktik suala cavab verməsi də vacibdir. Lakin
sintaktik sualla morfoloji sualı eyniləşdirmək olmaz. Nitq
hissələri təbiətən təhkim olunduğu sintaktik vəzifədə işləndikdə
onların morfoloji və sintaktik sualları uyğun gəlir. Müəllim
uşaqlara evi göstərdi.-cümləsində müəllim-mübtəda , uşaqlara
və evi isimləri isə tamamlıq vəzifəsindədir. Ona görə də bu
sözlərin morfoloji və sintaktik sualları eynidir. Lakin nitq
hissəsi təhkim olunduğu vəzifədə deyil, başqa vəzifədə
işləndikdə onun morfoloji və sintaktik sualları fərqlənir. Palçıq
küçələrdə heç kim görünmürdü.–cümləsində isə nə? sualına
cavab verən palçıq isminin cümlədəki sintaktik sualı necə?
Gülarə Abdullayeva
182
olacaqdır: Necə küçələr?- palçıq küçələr. Bunlardan əlavə, söz
birləşmələrinin tərəfləri ayrılıqda morfoloji suala cavab verdiyi
halda, tərəflər birlikdə bir sintaktik suala cavab verir. Məsələn,
Qırmızı kərpicdən tikilmiş evə Nazlı özüylə hərarət gətirirdi,
səs-küy gətirirdi. (İ.Məlikzadə)-cümləsində qırmızı kərpicdən
tikilmiş birləşməsinin tərəfləri ayrı-ayrı suala cavab verdiyi
halda, cümlə üzvü kimi tərəflər birlikdə bir suala cavab verir:
hansı evə?-qırmızı kərpicdən tikilmiş evə.
Lakin bunu da nəzərə almalıyıq ki, cümlə üzvlərinə
həmişə sual vermək də mümkün olmur. Var, yox, gərək, lazım
sözləri ilə ifadə olunmuş cümlə üzvlərinə sual vermək mümkün
olmur. Məsələn, Atalıydı, analıydı uşaqlar, Bizim evdə biri
vardı, biri yox . (N.Kəsəmənli) və s.
Cümlə üzvləri ona görə baş və ikinci dərəcəli üzvlərə
ayrılır ki, onların hamısı cümlə üçün eyni qiymətə malik deyil.
Baş üzvlər cümlənin qrammatik əsasını, onun bel sütununu
təşkil edir. İkinci dərəcəli üzvlər isə baş üzvləri müxtəlif
cəhətdən izah edir, aydınlaşdırır və tamamlayır.
Dostları ilə paylaş: |