Bu tamamlıqlar ismin təsirlik halı ilə ifadə olunur.
Təsirlik halın iki növü olduğu kimi, bu halla ifadə olunan
tamamlıqların da iki növü qeyd edilir:
1.Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar;
2.Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik
halda olan söz və birləşmələrlə ifadə olunur və fellərlə idarə
Müasir Azərbaycan dili
193
əlaqəsinə girdiklərindən cümlədəki yerləri sərbəst olur.
Məsələn, Parçanı mənim qonşumdan alıblar. (Ə.Haqverdiyev)
Onu mən vurmuşdum. (İ.Şıxlı) Zərnigar xanım bunların heç
birini görmürdü. (İ.Şıxlı) və s.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar bir
qayda olaraq, aid olduqları fellərin yanında gəlir. Məsələn,
O, papiros çıxartdı, kibritin alovu onun üzündə titrədi.
(İ.Əfəndiyev) İkisi də narıncı köynəyin üstündən mavi zanbağa
bənzər qalstuk bağlamışdı. (İ.Əfəndiyev) Onlar iki iynə
götürdülər.(İ.Şıxlı) və s.
Azərbaycan dilində xüsusi isimlər, şəxs əvəzlikləri,
kim sual əvəzliyi, substantivləşmiş işarə əvəzlikləri, yer
zərfləri, dakı
2
şəkilçili sifətlər, -dığı
4
şəkilçili feli sifətlər,
üçüncü növ təyini söz birləşmələri və s. müəyyən məfhum
ifadə edir və buna görə də vasitəsiz tamamlıq olarkən
həmişə hal şəkilçisi qəbul etməklə işlənir. Məsələn, Ani bir
qorxu içində hər şeyi unutdum. (İ.Şıxlı) A, qaynananız sizi
yaman çox istəyirmiş. (İ.Şıxlı) Hamısı ağıllı sözlər idi və
bunları mənim rəis olan ərim deyirdi. (İ.Əfəndiyev) və s.
Qeyri-müəyyən vasitəsiz tamamlıqlar adətən ümumi
isimlərlə, həmçinin ikinci növ təyini söz birləşmələri,
bəzən də heç nə əvəzliyi və s. ilə ifadə olunur. Məsələn,
Evinizdən məktub alırsanmı?(İ.Əfəndiyev) Qız arxası üstə
uzanıb kitab oxuyurdu. (N.Nərimanov) və s.
Vasitəsiz tamamlıqlar müəyyənlik bildirdikdə kimi?
nəyi? haranı? suallarından birinə, qeyri-müəyyənlik
bildirdikdə isə yalnız nə? sualına cavab verir.
Vasitəli tamamlıq. “Vasitəli tamamlıq hərəkətlə
birbaşa deyil, dolayı yolla əlaqələnən əşyanı, obyekti
bildirir”. (4, səh.129)
İş və hərəkət nəticəsində tamamlığın ifadə etdiyi
obyektə təsir birbaşa deyil, dolayı yolla olduğundan, belə
tamamlıqlarla xəbərin əlaqəsi zəif olur. Ona görə də vasitəli
Gülarə Abdullayeva
194
tamamlıqlar feli xəbərlə yanaşı, həm də ismi xəbərlə bağlı
olur.
Vasitəli tamamlıqlar ismin məkani-qrammatik halları
olan yönlük, yerlik, çıxışlıq hallı sözlər və birləşmələr, eləcə
də, qoşmalı söz və birləşmələrlə ifadə olunub əşya məzmunu
ifadə edir. Məsələn, Hamı təəccüblə onlara baxdı. (İ.Şıxlı)
Uşaqlar direktorla inspektora yol verdilər. (İ.Şıxlı) Petrov
pəncərədən boylandı. (İ.Şıxlı) Kişi ağzından qəlyanı çıxardı.
(İ.Şıxlı)
Vasitəli tamamlıq çox vaxt üçün ötrü, qarşı, ilə
qoşmaları ilə də işlənir. Məsələn, Atam üçün qəzet aldım.
Xəzər dənizi öz böyüklüyü ilə başqa qapalı dənizlərdən
fərqlənir. və s.
Qeyd. İsmin üç halı: yönlük, yerlik və çıxışlıq halı həm
tamamlığın, həm də yer zərfliyinin ifadə vasitələrinə daxildir. Bu
hallarda olan sözlərin hansı cümlə üzvü olduğunu müəyyən
etmək bəzən mübahisə doğurur. Bəzən bu cür sözlərə hər iki
cümlə üzvünün sualını vermək olur. Lakin nəzərə almaq
lazımdır ki, tamamlıq əşya məzmunu ifadə edərək, obyekt
bildirirsə, yer zərfliklərində yer, məkan məzmunu üstünlük təşkil
edir. Digər tərəfdən, belə hallarda sözün hansı cümlə üzvü
olduğunu müəyyənləşdirmək üçün onun əlaqələndiyi felə baxmaq
lazım gəlir. Əgər belə sözlər dinamik, hərəki fellə əlaqələnərsə,
hərəkətin icrası nəticəsində məkan dəyişikliyi baş verərsə, yer
zərfliyi, stabil fellərlə əlaqələnərsə və əksinə, işin icrası
nəticəsində heç bir məkan dəyişikliyi nəzərə çarpmazsa, onda
tamamlıq götürülməlidir. Məsələn, Uşaq ağacdan yıxıldı. və Uşaq
ağacdan baxırdı.- cümlələrindən birincisində ağacdan sözü yer
zərfliyi, ikincisində isə tamamlıqdır.
Digər cümlə üzvləri kimi tamamlıqlar da quruluşca iki
növə bölünür: 1.Sadə tamamlıqlar; 2. Mürəkkəb tamamlıqlar.
Sadə tamamlıqlar ayrı-ayrı sözlərlə (sadə, düzəltmə və
mürəkkəb sözlərlə) ifadə olunur. Məsələn, Ancaq səhərki
hadisə onu sarsıtmışdı. (İ.Şıxlı) Birtəhər çəkmələrini çıxardı.
(İ.Şıxlı) Bizim hamamlar bunlara oxşamaz. (Ə.Haqverdiyev)
Müasir Azərbaycan dili
195
Mürəkkəb tamamlıqlar sintaktik vahidlərlə - ismi
birləşmələrlə, məsdər tərkibləri və isimləşmiş feli sifət
tərkibləri ilə ifadə olunur. Məsələn, II növ təyini söz
birləşməsi ilə: Ehtiyatla arı yuvasını dağıtdı.
III növ təyini söz birləşməsi ilə: O darvazanın baş
tərəfinə vurulmuş elektrik çırağı onun üzünü işıqlandırmışdı.
(İ.Əfəndiyev) Murad Nəriman əminin zarafatına cavab
vermədi. (İ.Əfəndiyev) Nə üçün mənim məktubuma cavab
yazmadın? (İ.Əfəndiyev) Güləsər atasının altı deşilmiş çırağını
gözdən keçirdi. (İ. Şıxlı) Üçü evdədir, ikisini köçürmüşəm.
(İ.Şıxlı) Qafqazdan aldığım məktubun məzmununu oxuyuram.
Dünən qaçaqlardan biri atamın qonaqlığından danışırdı.
(N.Nərimanov) və s.
Feli isim birləşməsi ilə: Səhər günəşin doğmasını,
bahar çiçəklərinin açılmasını, isti yay axşamı dağlardan əsən
sərin yelləri sevinc və heyranlıqla qarşıladı. (İ.Əfəndiyev)
Məsdər tərkibi ilə: Gəmiçi Qoca həmişə kəndin
yeniyetmələri ilə zarafatlaşmağı sevərdi. (İ.Şıxlı) Bu adam
yetimlərə
qəyyum olmağı özünə peşə qayırmışdı.
(Ə.Haqverdiyev) Mənim buyruğuma əməl etməməyə cürəti
çatmaz. (N.Nərimanov)
Feli sifət tərkibi ilə: Yevlaxa gələnlərə faytonçular göz
verir, işıq verməyirlər. (Ə.Haqverdiyev) Hər gün Təhminə
xanımgilə getdiyini söyləyirdi. (M.S.Ordubadi)
Təyin, ifadə vasitələri və quruluşca növləri. Cümlədə
əşya məzmunlu üzvləri müztəlif cəhətdən izah edən,
aydınlaşdıran ikinci dərəcəli üzvə təyin deyilir.
Təyini digər ikinci dərəcəli üzvlərdən fərqləndirən
mühüm bir xüsusiyyət ondan ibarətdir ki, o, təkcə baş üzvləri
deyil, əşya məzmunlu ikinci dərəcəli üzv olan tamamlığı və
bəzi zərflikləri də izah edir, aydınlaşdırır.
Təyin sifət, say, isim, feli sifət və bəzi əvəzliklərlə,
həmşinin II və III növ təyini söz birləşmələri (bəzən də I növ)
Gülarə Abdullayeva
196
feli sifət tərkibləri ilə ifadə olunub necə? nə cür? nə
qədər? hansı? suallarından birinə cavab verir.
Sifətin cümlədə təhkim olunduğu sintaktik vəzifə təyin
olduğundan, hər cür quruluş və dərəcə xüsusiyyətinə malik
olan sifətlər təyin ola bilir. Məsələn, Sifətindəki ciddilik yox
oldu. (İ.Şıxlı) Sahildəki yulğun kolları, yaşıl otlar, hətta
çığırlar belə, şehə bulaşmışdı (İ.Şıxlı) Bədbəxt cavan hündür
çinar ağacının dibində məhzun və qəmgin oturub, bahar
buludu kimi göz yaşlarını axıdırdı.(C.Cabbarlı)
Feli sifət və feli sifət tərkibləri də sifətə bənzədiyindən
cümlədə təyin vəzifəsində çox işlənir. Məsələn, İslanmış
corabını talvarın üstünə tulladı.(İ.Şıxlı) Ata-babadan qalan
yurdumuzu düşmən əlindən qurtar. (N.Nərimanov) İnstitutda
professor olan və yaşına görə çox gənc görünən adam da
burada idi.(İ.Əfəndiyev)
Saylar da cümlədə təyin yerində işlənir və aid olduğu
üzvü miqdar və sıra cəhətdən izah edir. Məsələn, Beş qız
anasıyam, ikinci qızı köçürmüşəm. (İ.Şıxlı)
İşarə və təyini əvəzliklər, bəzi sual əvəzlikləri də təyin
olur: Elə kişidən nə desən çıxar. (İ.Şıxlı) Bu yaxşılığın əvəzini
mən verə bilməsəm də, xaliq verər. (İ.Şıxlı)
Hətta isimlər də atributivləşdikdə cümlədə təyin olur və
aid olduğu üzvü material, cins, milli mənsubluq və s. baxımdan
izah edir. Məsələn, Gəmiçi Qocanın beli lap əyilmişdi. (İ.Şıxlı)
Təyin cümlənin əşya məzmunlu bütün üzvlərinə aid
olur.
Təyin təyinolunanın geniş mənada əlamətini bildirir.
Bu əlamətin məzmununa görə təyinləri aşağıdakı kimi
qruplaşdırmaq olar:
1. Keyfiyyət təyinləri. Məsələn, Bu, yaxşı işə
bənzəməyir. (N.Nərimanov)
2. Müqayisə təyinləri. Məsələn, Düşmənlər dəli
deyillər, Xorasan kimi şəhəri əldən verələr. (N.Nərimanov)
Atanız kimi şah bu dünyaya az-az gələr. (N.Nərimanov)
Müasir Azərbaycan dili
197
3. Maddilik təyinləri. Məsələn, Saray vəziri Ədhəm
xan həmişəki kimi şahın qulluğunda idi. Nadirin dayısı Cavad
70 yaşında bir kişi idi. (N.Nərimanov)
4. Miqdar təyinləri. Məsələn, İki hiss Saranın
qəlbində çarpışırdı. (C.Cabbarlı)
5. Sıra təyinləri. Məsələn, Çörəkdən sonra Südabə
ikinci otağa keçdi. (İ.Əfəndiyev)
6. İşarə təyinləri. Məsələn, O yay çox gözəl keçdi.
(İ. Şıxlı) Yenə həmin ağsaqqal ortalığa çıxdı. (Ə.Haqverdiyev)
Sən mənimlə həmin çinar dibində əhd bağlamadınmı?
(C.Cabbarlı)
7. Hərəki əlamət təyinləri. Məsələn, Şirin-şirin ot
yeyən at qulaqlarını şəkləyib fınxırdı. (İ.Şıxlı) Tökülən
kitabları vərəqlədi.(İ.Əfəndiyev) Yağda qızardılmış soğan iyi
ətrafa yayıldı. (İ.Əfəndiyev) Sinəsinə tökülən ağ saqqalının
pərakəndə tüklərini səhər küləyi oynadırdı.(İ.Əfəndiyev) Ata-
babadan qalan yurdumuzu düşmən əlindən qurtar.
(N.Nərimanov)
8. Zaman təyinləri. Məsələn, Dünənki hadisə onu
bərk sarsıtmışdı. (İ.Şıxlı)
9. Məkan təyinləri. Məsələn, İçəridəki qadın əyilib
Südabənin qulağına nə isə pıçıldadı.(İ.Əfəndiyev) Bağçanın
ortasındakı hovuza dörd balıq buraxılmışdı. (C.Cabbarlı)
Təyinlər də quruluşca iki cür olur: sadə təyinlər və
mürəkkəb təyinlər. Sadə təyinlər ayrı-ayrı sözlərlə (sadə,
düzəltmə və mürəkkəb sözlərlə) ifadə olunur. Məsələn, Bu
geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da
var idi, indi də var. (İ.Əfəndiyev)
Mürəkkəb təyinlər sintaktik vahidlərlə (söz
birləşmələri ilə) ifadə olunur. Məsələn, Ay işığında ağaran
şosse ilə yoluma davam elədim. (İ.Əfəndiyev)
Qeyd etmək lazımdır ki, təyin təyin olunandan sonra
işləndikdə əlavəyə çevrilir.
Gülarə Abdullayeva
198
Belə əlavələr əksərən xüsusiləşdiyi halda, bəzən
xüsusiləşmir. Məsələn, Əsgər əmioğlu bizdən inciyib.
Əhməd yazıq bunları gözləmirdi. Bu misallarda əmioğlu,
yazıq sözlərini təyin kimi də işlətmək olar: Əmioğlu Əsgər
bizdən inciyib. Yazıq Əhməd bunları gözləmirdi.
Təyin cümlə üzvləri içərisində müstəqilliyi ən az olan
üzvdür. Təyinin aid olduğu üzv (təyinlənən) hallanar, cəmlənər,
müxtəlif şəkilçilər qəbul edərək dəyişər, lakin təyin bir qayda
olaraq sabit qalar, dəyişməz. Təyin təyinlənənə yanaşma yolu
ilə bağlanır, yanaşdığı üzvdən asılı vəziyyətə düşür və
morfoloji dəyişikliyə uğraya bilmir.
Bəzən təyindən əvvəl və sonra bir sözü işlənir və
bu söz təyinə aid olur. Əvvəl gəldikdə təyinin mənasına
qeyri-müəyyənlik, ümumilik çaları verir. Məsələn, Dəyişir
dünyanın köhnə mənası. Bir yeni aləmi o nişan verir
(S.Vurğun). Mələk hacının boş danışmasının qarşısını almaq
məqsədi ilə qabağına bir kürək dolusu pul atdı.
(Ə. Haqverdiyev) Bir sözü təyindən sonra gəldikdə təyinin
təyinlik dərəcəsini gücləndirir, özündən sonrakı sözə qeyri-
müəyyənlik mənası verir. Məsələn, Titrəyir alnında boranlı
bir qış (S.Vurğun). O, gənc, girdəsifət bir qız idi.
(C.Cabbarlı)
Zərflik, onun xarakterik əlamətləri və cümlədə yeri.
Zərfliklər hərəkət və ya əlamətin əlamətini bildirən
ikinci dərəcəli üzv olub, zənginliyi və rəhgarəngliyi ilə
cümlənin digər ikinci dərəcəli üzvlərindən fərqlənir.
Zərflik cümlədə əsasən feli xəbərə və bəzən də ismi
xəbərə aid olub, hərəkətin icrasının və ya əlamətin
meydana çıxmasının tərzini, yerini, zamanını, səbəbini,
məqsədini, miqdarını, dərəcəsini, şərtini və s. bildirir.
Zərflik daha çox zərf, feli bağlama, feli bağlama
tərkibləri, məkani hallarda olan isimlər, qoşmalı feli sifət
və məsdərlərlə ifadə olunur, cümlədə yeri sərbəstdir,
aktuallaşdırma zamanı daha çox cümlənin sonunda işlənir,
Müasir Azərbaycan dili
199
aid olduğu üzvlə əksərən yanaşma, bəzən idarə üsulu ilə
əlaqələnir, hərəkət və ya əlamət bildirən üzvü müxtəlif
cəhətdən izah edir.
Zərfliklər də quruluşca sadə və mürəkkəb olur.
Sadə zərfliklər nitq hissələri ilə (sadə, düzəltmə və
mürəkkəb sözlərlə) ifadə olunur. Məsələn, Eşitdim kitabxananı
bura köçürmüsünüz. (İ.Əfəndiyev) İkisi də maraqla mənə
baxdı. (İ.Əfəndiyev) Bunların həyata keçirilməsi üçün hələlik
subay qalmağım lazımdır. (İ.Əfəndiyev) Mən bu barədə xeyli
düşündüm. (İ.Əfəndiyev) və s.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə
olunur. Məsələn, Özbəklərlə dava edən vaxt qoca anasını
əzabla öldürüblər. (N.Nərimanov) Gürcü bəyi kürdlərin
müqabilinə göndərmək üçün çağırtdırmışam. (N.Nərimanov)
Gövhərtac özünü köməksiz gördüyü üçün divara yapışdı.
(Ə.Haqverdiyev) və s.
Zərfliklər də bir sözü ilə əlaqələnir. Bu söz
zərflikdən əvvəl işləndikdə zərfliyə aid olur. Məsələn, İkisi
də bir maraqla gözlərini mənə zillədi. (İ.Əfəndiyev)
Zərfliyin mənaca növləri. Zərfliklərin aşağıdakı
məna növləri vardır:
1. Tərz zərfliyi.
2. Yer zərfliyi.
3. Zaman zərfliyi.
4. Səbəb zərfliyi.
5. Məqsəd zərfliyi.
6. Kəmiyyət, ölçü, dərəcə zərfliyi.
7. Şərt zərfliyi.
8. Qarşılaşdırma zərfliyi.
Tərz zərflikləri hərəkətin icra tərzini, bildirərək
necə? nə cür? nə tərzdə? nə halda? nə vəziyyətdə? nə
şəkildə? və s. suallardan birinə cavab verir. Bu növ
zərfliklər tərz zərfləri, feli sifət və feli sifət tərkibləri, feli
bağlama və feli bağlama tərkibləri ilə qoşmalı isimlər,
Gülarə Abdullayeva
200
təyini söz birləşmələri, frazeoloji birləşmələr və s.-lə ifadə
olunur. Məsələn, Səhərə yaxın dalbadal iki güllə atıldı.(İ. Şıxlı)
Gündüz vəkillərlə acıqlı danışırdı. (Ə. Haqverdiyev) Gedib
qapıda duran fərraşa yavaşdan deyir. (N.Nərimanov) Oğlanlar
baca-baca gəzərdilər.(İ. Şıxlı) Pakizə qaça-qaça doqqaza çıxdı.
(İ. Şıxlı) və s.
Tərz zərflikləri quruluşca sadə və mürəkkəb olur. Sadəsi
bir leksik vahidlə ifadə olunur. Məsələn, Ona təsəlli vermək özü
də iyrənc görünürdü. (N.Nərimanov) Gülüşə-gülüşə evdən
çıxdılar. (İ.Şıxlı) və s.
Mürəkkəb tərz zərflikləri ismi və feli birləşmələrlə
ifadə olunur. Məsələn, O, gözlərini bağçaya zilləyərək susdu.
(İ.Əfəndiyev) Gənc çobanlar birlikdə qaranlıqda palçığı
şappıldada-şappıldada ağıla sarı yüyürdü. (İ.Əfəndiyev) və s.
Tərz zərflikləri həmçinin müqayisə və bənzətmə
bildirən kimi, təki, tək, qədər və s. qoşmaların qoşulduğu
sözlər və birləşmələrlə də ifadə olunur. Zərfliyin bu növü
müqayisə, bənzətmə mənasına malik olduğundan, obrazlılıq
keyfiyyətləri ilə seçilir və mühüm bədiilik vasitələri kimi
çıxış edir. Məsələn, Günəbaxan kimi günəşə bax sən, Kölgəyə
bürünər üz gizlənəndə. (Ə.Kərim) Bu dünyada əbədilik nə var
ki, ömür kimi hər şey gəldi-gedərmiş. (N.Kəsəmənli)
Tərz zərflikləri ikinci tərəfi halda, şəkildə, tərzdə,
vəziyyətdə və s. sözlərdən ibarət olan ismi və feli
birləşmələrlə ifadə olunduqda hərəkətin tərzini bildirməklə
yanaşı, subyektin özünün də hal-vəziyyətini bildirir.
Məsələn, Gündüz vəkillərlə acıqlı halda danışırdı.
(İ.Əfəndiyev)
Tərz zərflikləri frazeoloji vahidlərlə və necə? nə
cür? nə şəkildə? və s. kimi sual əvəzlikləri ilə də ifadə
olunur. Məsələn, Onu necə razı sala bildin? (İ.Əfəndiyev)
Tərz zərfliklərinin aşağıdakı məna növləri vardır:
1. İşin, hərəkətin icra tərzini bildirənlər. Məsələn,
Mənim təkidimi gözləmədən nəzərlərini Söyüdlü arxa dikərək
Müasir Azərbaycan dili
201
“Qarabağ maralı”nı oxudu. (İ.Əfəndiyev) O, gözlərini bağçaya
zilləyərək susdu. (İ.Əfəndiyev) Gedib qapıda duran fərraşa
yavaşdan deyir.(N.Nərimanov)
2. Hərəkətin keyfiyyətini bildirənlər. Məsələn,
Onun gözündə hər şey iyrənc görünürdü. (Ə.Haqverdiyev)
3. Müqayisə bildirənlər. Məsələn, O, baş
verəcəkləri duyurmuş kimi üzümə baxdı. (İ.Əfəndiyev)
4. İşin icra tərzini və subyektin hal -vəziyyətini
bildirənlər. Məsələn, Oğlanlar baca-baca gəzərdilər. (İ.Şıxlı)
Pakizə qaça-qaça doqqaza çıxdı. (İ.Şıxlı)
Yer zərfliyi. Yer zərflikləri hərəkətin icra yerini və
ya əşyanın yerləşdiyi sahəni, hərəkətin istiqamətini,
başlanğıc və çıxış nöqtəsini, varacağı son nöqtəni, hərəkətin
keçdiyi yolu bildirir. Bu zərfliklər harada? haraya?
haradan? harayacan? haraya qədər? haraya kimi?
haradan-haraya? haradan-haraya qədər? hara ilə?
suallarından birinə cavab verir. Məsələn, Gənc çobanlar
birlikdə qaranlıqda palçığı şappıldada-şappıldada ağıla sarı
yüyürdü. (İ.Əfəndiyev) Niyə sən məni oradan çıxartdın?
(Ə.Haqverdiyev) Bu günlərdə orada Hacı Zeynal adlı bir varlı
kişi vəfat eləyibdir. (Ə.Haqverdiyev) Hacı bir-iki addım irəli
getdi. (Ə.Haqverdiyev)
Yer zərfliyi aşağıdakı nitq hissələri və söz
birləşmələri ilə ifadə olunur:
1. Yönlük, yerlik və çıxışlıq hallarında olan yer
zərfləri ilə. Məsələn, Nadir önə keçir və bundan hamı
ürəklənir. (N.Nərimanov) Atası onun səsini eşidib içəriyə
daxil oldu. (Ə.Haqverdiyev)
2. Yönlük, yerlik və çıxışlıq halda olan yer bildirən
isimlərlə. Məsələn, Şuşada sərrac dükanı var
(Ə.Haqverdiyev) Həyətdə sakitlik idi. (İ.Şıxlı)
3. İsmi birləşmələrlə, o cümlədən ikinci tərəfi alt,
üst, yan, böyür, ara, iç, kənar və s. köməkçi adlardan
ibarət olan ismi birləşmələrlə. Məsələn, Arxın qırağında
Gülarə Abdullayeva
202
yarpız və yabanı qızılgül kolları bitmişdi. (İ.Əfəndiyev)
Qoymaram qeyri-millət İran torpağında baş qaldırsın.
(N.Nərimanov)
4. Hüdud, məsafə bildirən kimi, qədər, -dək, -can
2
-ca
2
qoşmalarının artırıldığı məkan mənalı sözlər və
birləşmələrlə. Məsələn, Şəhərə qədər heç birimiz dinib
danışmadıq. (İ.Əfəndiyev) Yol boyunca əlvan güllər əkilmişdi.
5. Birinci tərəfi çıxışlıq, ikinci tərəfi yönlük halda
olan (qoşmalı və qoşmasız) birləşmələrlə. Məsələn, Evdən
məktəbə qədər heç birimiz danışmadıq.
6. İlə (-la,-lə) qoşmalı məkan mənalı sözlər və
birləşmələrlə. Məsələn, Biz yenə dar cığırla irəliləyirdik
(İ.Əfəndiyev).
7. Haraya? harada? haradan? sual əvəzlikləri ilə.
Məsələn, Axı geçənin bu qaranlığında haraya gedəcəksən?
(İ.Şıxlı)
Dostları ilə paylaş: |