Həmcins tamamlıqlar. Həmcins tamamlıqlar
isimlərlə, həmçinin digər substantivləşmiş nitq hissələri və
söz birləşmələri ilə ifadə olunub, tabelilik əlaqəsi ilə eyni
bir xəbərə aid olur.
Həmcins tamamlıqların iki növü var: həmcins
vasitəsiz tamamlıqlar və həmcins vasitəli tamamlıqlar.
Həmcins vasitəsiz tamamlıqlar təsirli feli xəbərlə
əlaqələnir. Məsələn, Deyirəm ki, o boyu, buxunu qaytar geri, Deyirəm ki, varını, yoxunu qaytar geri! (Ə.Kərim) Acını, şirini seçə bilmədim. (N.Kəsəmənli) Bu xoşbəxtliyi, bəxtəvərliyi hamı görürdü. (Ə.Hacızadə) O, Cahandar ağanın bir də qayıdacağını, onun evinə basqın edəcəyini, evi gülləyə basacağını gözlədi. (İ.Şıxlı) Həmcins vasitəli tamamlıqlar ismin yönlük, yerlik,
çıxışlıq halında olan, habelə qoşmalı sözlər və birləşmələrlə
işlənir. Məsələn, Göytanrı, Günəştanrı nura, şəfəqə boyandı. (Ə.Cəfərzadə) Gecənin düşməsinə, ətrafın sıx qaranlıqlaşmasına səbrlə baxırdı. (Ə.Cəfərzadə) Həmcins təyinlər. Həmcins təyinlərin hər biri təyin
etdiyi sözlə eyni münasibətdə olur. Həmcins təyinlər də
bir-biri ilə tabesizlik əlaqəsilə bağlanır. Məsələn, Onun üzü qırmızı, yaşıl mamırla boyanmışdı. (C.Əlibəyov) O, gənc, girdəsifət bir qız idi. (C.Cabbarlı) Dilsiz və sağır göylər onun halını duymaz. (H.Cavid) Cümlədə eyni sözə aid təyinlər əşyanı müxtəlif
cəhətdən izah etdikdə onunla eyni münasibətdə olmur və
həmcins hesab edilmir.
Həmcins zərfliklər. Həmcins zərfliklər, əsasən, eyni
və bəzən də müxtəlif ifadə vasitələrinə malik olub, biri
digərinə tabesizlik əlaqəsi ilə bağlanır. Məsələn, Ey çılğın küləklər, nəşəniz daşarkən, Bağların sehrindən mey sorub coşarkən, Nalqıran dağları atlayıb aşarkən, Məni də alınız, uçayım dağlara. (M.Müşfiq) Keç bu dağdan, bu arandan, Astaradan, Lənkərandan. (S.Vurğun)
Müasir Azərbaycan dili
213
Cümlədə həmcins üzvlərə aid ümumiləşdirici sözlər və birləşmələr ola bilir. Ümumiləşdirici sözlər və
birləşmələr həmcins üzvlərin hamısının mənasını ifadə edir,
onları bir cins məfhumu altında birləşdirir və həmcins üzvlərlə
eyni qrammatik formada olur, eyni vəzifə daşıyır.
Ümumiləşdirici sözlər həmcins üzvlərdən həm əvvəl, həm
də sonra, bəzən də emosionallığı artırmaq məqsədilə hər
iki tərəfdə işlədilir. Əvvəl işləndikdə həmcins üzvlərlə
ümumiləşdirici söz arasında aydınlaşdırma əlaqəsi olur,
sadalama üçün imkan yaranır və sadalanan həmcins üzvlər
ümumiləşdirici sözün mənasını aydınlaşdırır, dəqiqləşdirir,
buna görə də yazıda ümumiləşdirici hissədən sonra qoşa nöqtə, tire (bəzən vergül) qoyulur. Ümumləşdirici sözlər və
birləşmələr həmcins üzvlərdən sonra işləndikdə yazıda
onlardan əvvəl tire (bəzən vergül) qoyulur və bu zaman
həmcins üzvlərlə verilən təfərrüatı ümumiləşdirir. Məsələn,
Burda hər şey- çardağın altında qaralan ocaq daşları da, dirəkdən asılı qalmış yovşan süpürgələri də, tozlanmış pəncərənin dalında görünən mis dolça da mənə anamı xatırladırdı. (İ.Hüseynov) İraq və Hindistan qapılarına qədər bütün fars, Mazandaran, Gilan, Azərbaycan, Bağdad - hamısı mənin torpaqlarımdır. (M.İsmayılov) Ümumiləşdirici sözlər fellərə nisbətən adlarla ifadə
olunan üzvlərə daha çox aid olur.
Cümlə üzvlərinin xüsusiləşməsi. Cümlədə digər üzvlərdən aydın fasilə ilə ayrılan və xüsusi intonasiya ilə nəzərə çatdırılan üzvlər xüsusiləşən üzvlər adlanır. Xüsusiləşmələr cümlə üzvləri içərisində mühüm yer tutur.
Dilimizdə bütün cümlə üzvləri xüsusiləşə bilir. Lakin
tamamlığın və zərfliyin xüsusiləşməsinə daha çox rast gəlmək
olur.
Nitq prosesində bu və ya digər üzvün xüsusiləşməsi
həmin üzvü mənaca aktuallaşdırmaq, daha artıq nəzərə
çarpdırmaq istəyi ilə bağlıdır. Xüsusiləşmiş üzvlərin
Gülarə Abdullayeva
214
köməyi ilə dil vasitəsindən az istifadə edilməklə daha çox
informasiya vermək mümkün olur.
Xüsusiləşmə müxtəlif şəraitdə müxtəlif vasitələrlə
əmələ gəlir. İntonasiya, fasilə, vurğu, söz sırası və s. ilə yanaşı,
xüsusiləşməni əmələ gətirən bir sıra leksik- qrammatik
vasitələr də vardır. Həmin vasitələrin bir qismi cümlənin
xüsusiləşən üzvünə qoşulmaqla onu cümlənin qalan
hissəsindən fasilə ilə ayırır. Bu qrupa başqa, özgə, qeyri, savayı, sonra, kimi, haqda, baxmayaraq, əlavə, əvəzinə, asılı olaraq, yanaşı olaraq, fərqli olaraq və s. kimi
qoşmalar və qoşmalaşmaqda olan sözlər daxildir. Məsələn,
Özü də nə etdiyini bilmədiyi halda, qarşısındakı cihazları qurdaladı. (İ.Əfəndiyev) Surxay namuslu bir adam kimi hərəkət etməsinə baxmayaraq, onu başa düşən az tapıldı. (İ.Əfəndiyev) Mən o zaman kənardan baxıb göz yaşı tökməkdən başqa bir şey edə bilmədim.(Ə.Hacızadə) Gəlinlər əmr almış kimi, yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş örtüklərini gözlərinin üstünə çəkdilər. (İ.Şıxlı) Qırx səkkiz yaşı olduğu halda, saçlarında bir dənə də ağ tük yoxdu. (İ.Əfəndiyev) O, köynəyini soyunmaq əvəzinə, pencəyini geyib düymələrini də bağladı.(İ.Əfəndiyev) Xüsusiləşməni əmələ gətirən ikinci qrup leksik-
qrammatik vasitələr xüsusən, xüsusilə, o cümlədən, özü də, hətta, illa da (illah da) və s. modal sözlərdən,
bağlayıcılardan ibarətdir. Belə cümlələrdə əvvəl ümumini
bildirən cümlə üzvü işlənir, sonra onun bir hissəsi
xüsusiləşdirilir. Bu vasitələr xüsusiləşən üzvdən əvvəl
işlənir, onu aydın fasilə ilə özündən əvvəlki hissədən
ayırır. Xüsusiləşmənin bu növünün yeri ümumini bildirən
üzvdən asılı olduğu üçün bunlar cümlənin ya daxilində, ya
da sonunda işlənir. Məsələn, Dayımın hər işdə bəxti gətirsə də, övladda, xüsusən oğlanda bəxti gətirmədi. (F.Kərimzadə) Onun özünə hərdən, ələlxüsus son iki-üç ildə elə gəlirdi ki, heç zitomirdə olmayıb. (Y.Səmədoğlu)Düzdür, hərdən, xüsusən də
Müasir Azərbaycan dili
215
son zamanlar Ziyad xanın ürəyindən bir qorxu da gəlib keçirdi.(Elçin) O zamanlar, xüsusən Bakı şəraitində bu məsələ çox xarakterik idi. (S. Rüstəmxanlı) və s.
Xüsusiləşmənin bu növü dəqiqləşdirici xüsusiləşmiş
üzvlər adlandırılır.
Xüsusiləşmənin bir neçə tipi vardır. Ən çox işlənən
xüsusiləşmə tipi feli tərkiblərin xüsusi qrammatik şəraitə
düşüb xüsusiləşməsidir. Məsələn, Sinfi düşmənimizin öz mənfur planlarını həyata keçirmək üçün dəridən-qabıqdan çıxmasına baxmayaraq, onu məğlubiyyətə uğradacağıq. (F.Kərimzadə) Yayın son ayları olduğu halda, təbiətin bu yerlərə biçdiyi don hələ də öz yaşıllığını saxlamışdı. (F.Kərimzadə) Dünya üzündə hər şey dəyişdiyi kimi, zəmanə də dəyişirdi. (S. Rəhimov) Dilimizdə bütün cümlə üzvləri xüsusiləşə bilir. Lakin
onların hamısı eyni dərəcədə xüsusiləşmir. Bunlardan
bəzilərinin xüsusiləşməsinə tez-tez, bəzilərininkinə isə gec-
gec rast gəlirik. Ən az hallarda xüsusiləşən xəbər, mübtəda
və təyindir. Qeyd etdiyimiz kimi, ən çox zərflik və tamamlığın
xüsusiləşməsinə rast gəlinir.
Əlavələrin bir qismi də aid olduğu üzvdən aydın fasilə
və xüsusi intonasiya ilə ayrılaraq xüsusiləşir və belə əlavələr
xüsusiləşən əlavələr adlanır. Məsələn, Məmləkət əhlinin onları- rumluları görməyə gözü yox idi. (F.Kərimzadə) Sabit Mayılov tüfəngi kötüyə çırpıb ortadan iki parçaladı, onu- Zəlimxanı isə ayaqlarının altına saldı. (İ.Hüseynov) Əlavə sözlər və əlavə cümlələr. Bəzən danışan şəxs
işlətdiyi cümlədəki bir sözün, ifadənin, birləşmənin mənası
ilə bağlı əlavə məlumat vermək, onu izah edib
aydınlaşdırmaq istəyir. Buna görə də cümləyə əlavə
sözlər, birləşmələr, bəzən də cümlələr daxil edir. Əlavə
adlandırılan bu cür sözlər, birləşmələr və cümlələr izah
edib aydınlaşdırdığı üzvdən sonra işlənir. Məsələn,
Gülarə Abdullayeva
216
Sevdiyim qız bütün dünyanın ən gözəl qızı - odlar gəlinidir. (C.Cabbarlı) Asılı olduğu üzvdən sonra gəlib, onu müxtəlif cəhətdən izah edib aydınlaşdıran sözlərə, birləşmələrə əlavə deyilir. Əlavələrin aid olduğu üzv əlavəli üzv adlanır.
Əlavələrin bir qismi xüsusi intonasiya ilə tələffüz edilir
və əlavəli üzvdən aydın fasilə ilə ayrılır və xüsusiləşir.
Bir qismi isə belə fasilə ilə ayrılmır və xüsusiləşmir.
Məsələn, Keşikçinin axırıncı sözləri əziz sevgilisini- İnci müəlliməni yadına salmışdı. (V.Babanlı) Xəlil yüzbaşı hamısını dustaq edir. (M.F.Axundzadə)- cümlələrindən
birincisində İnci müəlliməni xüsusiləşən, ikincidəki yüzbaşı isə
xüsusiləşməyən əlavədir.
Bu cəhətlərinə görə əlavələr iki yerə bölünür: xüsusiləşən əlavələr, xüsusiləşməyən əlavələr.
Xüsusiləşən əlavələrdə əlavə ilə əlavəli üzv arasında
durğu, fasilə olur. Eyni zamanda, onlardan qabaq, yəni bağlayıcısının işlədilməsi mümkündür.
Cümlədə əlavə əlavəli üzvdən asılı vəziyyətdə olur.
Bu cəhətinə və aid olduğu üzvü izah edib aydınlaşdırmasına
görə əlavə təyinə bənzəyir. Lakin aşağıdakı xüsusiyyətlər onları
bir-birindən fərqləndirir:
1.Təyin bir qayda olaraq necə? nə cür? hansı? suallarına cavab verdiyi halda, əlavə hansı üzvə aiddirsə, onun
suallarına cavab verir.
2. Təyin ancaq əşya məzmunlu üzvlərlə əlaqələndiyi
halda, əlavə feli xəbərlə də əlaqələnə bilir.
3. Təyinlənən müxtəlif şəkilçilər qəbul edib dəyişsə də,
təyin heç bir şəkli əlamət qəbul etmir, sabit qalır, əlavə isə aid
olduğu üzvün bütün şəkli əlamətlərini qəbul edir.
4. Təyinlənəni atsaq, təyin öz təyinlik məzmununu
itirər, məhv olar, əşyavilik xüsusiyyəti qazanar, lakin əlavəli
Müasir Azərbaycan dili
217
üzvü atsaq struktur baxımdan cümləyə heç bir xələl gəlməz,
sadəcə semantikada bir az zəifləmə müşahidə olunar.
5. Təyinlə təyinlənən arasına mənaca bərabərlik işarəsi
qoymaq olmaz, lakin əlavə ilə əlavəli üzv eyni bir məfhumun
müxtəlif vasitələrlə ifadəçiləridir.
6. Təyin aid olduğu üzvdən əvvəl, əlavə isə sonra
işlənir.
7. Təyin təyinlənənlə yanaşma əlaqəsində olduğu halda,
əlavə əlavəli üzlə tabesizlik yolu ilə bağlanır və onların
arasında yəni bağlayıcısı da işlənir.
Cümlədə təyinin yerini dəyişməklə onu xüsusiləşməyən
əlavəyə çevirmək mümkündür. Məsələn, Yazıq (təyin) Əhməd sevgilisinin başına fırfıra kimi dolanırdı; Əhməd yazıq(əlavə) sevgilisinin başına fırfıra kimi dolanırdı. Dilimizdə bütün cümlə üzvlərinin əlavəsi olur. Hətta az
hallarda təyinin də əlavəsinə rast gəlinir.
Mübtədanın əlavəsi: İnstitutun təzə katibəsi - az bir zamanda kollektivin hərmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni heç belə görməmişdi.(Ə.Hacızadə) Tamamlığın əlavəsi: Alverçilər onu - köhnə müştərini mehribanlıqla qarşıladılar. (İ.Şıxlı) Təyinin əlavəsi: İndi o, dördüncü, yəni sonuncu məktubu yazırdı. Zərfliyin əlavəsi: Kəbədən o tərəfdə - Məkkə səmtində “Məhşər dərəsi” deyilən böyük dərə vardı. (İ.Hüseynov) Xəbərin əlavəsi: Ədilə gözlərini sirkin girdə meydançasına zilləmişdi, amma mən hiss edirdim ki, bütün fikri-zikri bizim yanımızdadı, yəni Qocanın yanındadı. (Elçin) Bunlardan əlavə, dilimizdəfeli sifət, feli bağlama
və məsdər tərkiblərinin daxilində, xitablarda da əlavələr
işlənə bilər. Məsələn, Məmləkət əhlinin onları – rumluları görməyə gözü yox idi. (F.Kərimzadə) Fəzlin alim və şair müridlərinin – rəmzi qılınc bahadırlarının hökmdarlara, Gülarə Abdullayeva
218
hakimlərə elm öyrətməyi təklif etdikləri İbrahimə çoxdan məlum idi. (İ.Hüseynov) Gəl, ey sevimli yaz – dəli gəncliyim, Günəşin eşqiylə çağlasın sular. (M.Müşfiq) Bunlar, əksərən şimali Afrika ölkələrindən – Misirdən, Hindistandan köçüb qazanc dalınca gələnlər idi. (O.Salamzadə) Xüsusiləşən əlavələr quruluşcaiki cürdür:
1.Müxtəsər əlavələr; 2.Geniş əlavələr. Müxtəsər əlavələr yalnız bir cümlə üzvünə uyğun
gəlir. (Yəni biz onu cümlə üzvü hesab etsəydik, bir cümlə üzvü
kimi götürülərdi.)
Geniş əlavələr isə iki və ya ikidən çox üzvdən
ibarət olur. Məsələn, Bürkülü gecələrdə bəzən elə burada – palıdın çətiri altındakı taxta çarpayıda yatırdı. (İ.Məlikzadə)- cümləsində əlavə formal olaraq iki üzvə:təyin (palıdın çətiri altındakı taxta) və yer zərfliyinə (çarpayıda) uyğun
gəldiyindən, geniş əlavədir. Xüsusiləşməyən əlavələr əsas üzvdən fasilə ilə
ayrılmır. Məsələn, Şəxsən mən Qəşəm bu xarabalığa ziddəm, gözəllik tərəfdarıyam (S.Rəhimov) Əlavə cümlələr.Bəzən nitq prosesində əlavə
cümlələrdən də istifadə edilir. Belə cümlələr cümlənin hər hansı
bir üzvü ilə və ya ümumi məzmunu ilə bağlı əlavə məlumatı
ifadə edir. Məsələn, Bir gün – onda hələ müharibənin ilk ayları idi – məhəlləyə belə bir xəbər yayıldı ki, Ziba xalanın, doğrudan da, Qavrıl adında oğlu varmış. (Elçin) Bəli, bəlkə cinayət işi qaldırılsa – mən bilirəm, bu mümkün deyil – professor bu işdə özünü təmizə çıxara bilər. (Ə. Hacızadə)
Müasir Azərbaycan dili
219
Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədə olmayan sözlər Xitablar, məna xüsusiyyətləri, işlənmə yeri və quruluşu. Nitq prosesində bəzən elə söz və birləşmələrdən də
istifadə edilir ki, onlar fikrin formalaşmasında yardımçı olsalar
da, cümlənin üzvləri ilə yalnız məna cəhətdən əlaqələnir,
qrammatik cəhətdən əlaqələnə bilmir, buna görə də cümlə üzvü
olmaq imkanını itirir. Qrammatik cəhətdən cümlə üzvləri ilə
bağlı olmayan belə sözlər, cümlə üzvlərindən fərqli olaraq,
cümlənin əmələ gəlməsində bilavasitə iştirak etmir və onlar
heç bir suala cavab vermir. Qrammatik cəhətdən cümlə
üzvləri ilə əlaqədar olmayan sözlər 2 qrupa ayrılır:
1. Xitablar; 2. Ara sözlər.
Cümlədə müraciət məqsədi ilə işlədilən sözlər xitab adlanır. Xitabın əsas xüsusiyyətləri: müxtəlif şəxslərə,
şəxsləndirilən əşyalara, mücərrəd varlıqlara müraciət
məqsədilə işlədilir, isimlərlə (isimləşmiş sözlərlə) və ismi
birləşmələrlə ifadə olunur, xüsusi intonasiya ilə tələffüz
edilir, aid olduğu cümlənin üzvlərindən xüsusi fasilə ilə,
yazıda isə vergüllə ayrılır. Xitab ismin adlıq halında olur və
heç bir suala cavab vermir. Xitab cümlə üzvləri ilə
qrammatik əlaqədə olmadığından cümlədə yeri sərbəstdir. Məsələn,Ey Hüseyn Arif, dilində Dilqəm, Nə sehrli həyat, nə sirli aləm. (H.Arif) Sevgilim, qolunu boynuma dola.. (S.Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal! (M.Araz) Xitablar da quruluşca sadə və mürəkkəb olur.
Bunlara müxtəsər və genişlənmiş xitablar da deyilir. Bir
sözdən ibarət olan xitablar sadə xitab adlanır. Məsələn,
Dostlar, badələri qaldırın, içək. (S.Vurğun). Gülarə Abdullayeva
220
Mürəkkəb xitablar söz birləşmələri şəklində olur. Məsələn,Gözəl Vətən, mənan dərin, Beşiyisən gözəllərin. (S.Vurğun). Xitab müxtəlif əşya və varlıqlara müraciətlə işlədilə
bilər. Bu cəhətdən onları üç növə ayırmaq olar:
1. İnsana müraciət bildirənlər. Məsələn, Dilbəra, mən səndən ayrı təndə canı neylərəm? (İ.Nəsimi) Oğul, nədir etdiyin bəs bu haqq-say üçün? (Ə.Kərim) Ay hacı, vallah, bilmirəm, nə eləyək? (C.Məmmədquluzadə) Çoban, salamat qal, sağ- salamat qal. (M. Araz) 2. Başqa canlılara müraciət bildirənlər. Məsələn, Yenə də sürünü nizamla düzüb, Baş alıb gedirsən hayana, ceyran? Eli tutub səsin yenə, A bəxtəvər ana bülbül! (R.Rza) 3. Cansız əşyalara və mücərrəd anlayışlara müraciət
bildirənlər.Məsələn,Ağrı, yaxın gəlmə, girmə araya, Get, yoxdur ölümdən çəkinəcəyim. (Ə. Kərim) Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla! Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl! Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla! (C.Cabbarlı) Müasir Azərbaycan dilində xitablar tez-tez nidalarla
işlədilir. Belə halda xitablar nidalarla yanaşı müəyyən
hissi halları da ifadə edir. Nida xitaba xüsusi intonasiya
verir. Məsələn,Ah, Fətəli, şahdan uzaq olmaq bilmirsinizmi nə xoşbəxtlikdir?(Ç.Hüseynov) Ah, ana, təqsirin hamısı məndədir. (M.İsmayılov) İfadəni qüvvətləndirmək, nitqin təsir qüvvəsini
artırmaq üçün xitablar müxtəlif şəkildə təkrarlanır. Məsələn, Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan! (S.Vurğun) Təbrizim, Təbrizim, aman, Təbrizim, Yox olsun başından duman, Təbrizim.(S.Rüstəm) Qeyd etdiyimiz kimi, xitab cümlənin əvvəlində,
ortasında, axırında işlənə bilir və yerinin müxtəlifliyinə
baxmayaraq, eyni məzmuna malik olur. Məsələn, Bahar, istəklimsən başdan-binadan, Ən gözəl qızısan sən təbiətin.
Müasir Azərbaycan dili
221
(S. Vurğun)Gəl, ey boranlı qış, səpələn, ey qar, Geyin ağ kürkünü, sən ey ixtiyar! (M.Müşfiq) Bu yerləri necə görürsən, dədəm? (Ə.Cəfərzadə) Xitab cümlənin daxilində işləndikdə, adətən hər iki
tərəfdən vergüllə ayrılır. Məsələn, Hardasan, ey qəlbimin bir dənəsi, hardasan? (M.Araz) Cümlənin sonunda işlənən xitabdan əvvəl vergül
qoyulur, xitabdan sonra isə intonasiyadan asılı olaraq nöqtə
(üç nöqtə), sual və nida işarələrindən biri qoyula bilər.
Məsələn, Yox olsun başından duman, Təbrizim! (S.Rüstəm) Şöhrətin yayılıb hər yana, ceyran! (S.Vurğun) Xitablar bir sıra xüsusiyyətlərinə görə mübtədaya
bənzəyir. Mübtəda kimi xitablar da adlıq halda olan isim,
ismi birləşmələrlə ifadə olunur, mübtəda kimi xitab
vəzifəsində işlənmək üçün bir sıra başqa nitq hissələri
işlənməli olur. Hətta bir sıra hallarda bir cümlə daxilində
intonasiya və fasilənin köməyi ilə xitabla mübtədanı bir-
biri ilə əvəz etmək olur. Məsələn, Əli, kitabı gətirdi –
cümləsində durğu işarəsindən, intonasiyadan asılı olaraq Əli xitab və mübtəda kimi qəbul edilə bilər. Belə hallara
baxmayaraq, mübtəda ilə xitabların mühüm fərqləri vardır:
- Mübtəda cümlənin baş üzvüdür, xitab cümlə üzvü
sayılmır.
- Mübtəda aid olduğu cümlənin üzvləri ilə məna və
qrammatik cəhətdən bağlı olur, xitablar cümlə üzvləri ilə
yalnız məna cəhətdən əlaqələnir.
- Mübtəda hər cür nitq hissələri və söz birləşmələri
ilə ifadə oluna bilir, xitabların isə ifadə imkanları
məhduddur.
- Mübtəda adi intonasiya ilə, xitablar xüsusi
müraciət intonasiyası ilə tələffüz edilir.
- Mübtədadan fərqli olaraq, xitab aid olduğu
cümlənin üzvlərindən aydın fasilə ilə ayrılır.
Gülarə Abdullayeva
222
- Mübtəda adətən cümlənin əvvəlində işlənir, xitabın
cümlədə yeri sərbəstdir.
- Yazıda mübtədadan sonra bu və ya digər durğu
işarəsinə ehtiyac olmur, xitabdan sonra intonasiyadan asılı
olaraq vergül və ya nida işarəsi qoyulur.
- Mübtəda bütün şəxslərdə ola bilir və onun
forması ilə məzmunu arasında fərq olmur. Amma xitab
formaca III, məzmunca II şəxsi ifadə edir.
Ara sözlər.Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirir və heç bir suala cavab vermir. Məsələn, Guya ki, burnuna bir iy dəymişdir. (M.İbrahimov) Deyəsən, mənim dediklərimi qulaqardına vurursan. (İ.Şıxlı) Oğlum, yəqin ki, yorğanı həmişəki kimi üstündən atıb. (F.Kərimzadə) və s.
Ara sözlərin bir qismi müstəqil mənasını tamamilə
itirərək əsas nitq hissələrindən tamamilə uzaqlaşan, heç bir
məna ifadə etməyən, yalnız fikrə münasibət bildirən söz
(beləliklə, əlbəttə, nəhayət, təəssüf, heyf, yəqin, bəlkə, həqiqətən, sanki və s.) və digər qismi həm ara söz, həm də
cümlə üzvü kimi (görünür, demək, deməli, doğrudur, şübhəsiz, deyəsən, deyirlər, mənə görə, sənə görə, məlumdur və s.) işlənir. Morfoloji tiplərinə görə ara sözləri 2 növə ayırmaq
olar: 1) ismi ara sözlər, 2) feli ara sözlər.
İsmi ara sözlərə doğrusu, doğrudur, yaxşı, yaxşı ki, birincisi, ikincisi, axırda, məncə, səncə, bizcə və s. aiddir. Feli
ara sözlər isə fellə əlaqədar olur. Məsələn, deyək, görürsən ki, deyirlər, tutaq ki, deməli, görünür, deyəsən və s.
Bu növə daxil olan ara sözlərin əksəriyyəti felin
təsriflənən formalarında olur və ayrı-ayrı şəxslərə görə
dəyişir. Ona görə də belə ara sözlər ancaq xəbərdən ibarət
olan cümlələri xatırladır, lakin bu sözlər əsl leksik
mənalarını itirdiyinə görə, onlar ancaq ara sözlər adlanır.
Müasir Azərbaycan dili
223
1. I şəxsin tək və cəminə uyğun gələnlər: deyirəm ki, deyək ki, tutaq ki və s.
2. II şəxsin tək və cəminə uyğun gələnlər: görürsən ki, inan, inanın və s.
3. III şəxsin tək və cəminə uyğun gələnlər: deyir, deyirlər və s.
Ara sözlərin bir hissəsi də söz birləşmələri şəklində
ifadə olunur.Məsələn, aydın məsələdir, hər şeydən əvvəl, bunun qarşısında, bununla bərabər, həmişə olduğu kimi, yeri gəlmişkən deyək ki, qısa desək, belə çıxır ki, sadəcə olaraq və s.