Tabesiz mürəkkəb cümlənin komponentlərini
əlaqələndirən başlıca vasitələrə intonasiya və tabesizlik
bağlayıcıları daxildir. Lakin bunlardan başqa, komponentlərdə
sözlərin sırası, işarə əvəzlikləri və mənsubiyyət şəkilçiləri,
komponentlər üçün ortaq elementlər və zaman uyuşmaları
kimi vasitələr də tabesiz mürəkkəb cümlənin təşkilinə
xidmət edir. Son vaxtlar bağlayıcılar tabesiz mürəkkəb cümlələrin
qurulmasında o qədər intensiv işlənir ki, əksərən bu cümlələrin
öyrənilməsinə bağlayıcılı tabesiz mürəkkəb cümlələrdən
başlayır, hətta bəzən onu bağlayıcılara görə təsnif edirlər. Lakin
bağlayıcının iştirakına görə təsnifat aparmaq düzgün deyil.
Çünki eyni bağlayıcı müxtəlif məna əlaqələrinin yaranmasında
iştirak edir. Tabesiz mürəkkəb cümlələr tərəflərin ifadə etdiyi
məna əlaqəsinə görə təsnif edilir. Beləliklə, tabesiz mürəkkəb
cümlələrin komponentləri arasında birləşdirmə, səbəb-
nəticə, aydınlaşdırma, qarşılaşdırma, bölüşdürmə, qoşulma
kimi qrammatik məna əlaqələri mövcuddur.
Komponentlərin sırası. Tabesiz mürəkkəb
cümlələrin qurulmasında komponentlərin sıralanmasının çox
Gülarə Abdullayeva
246
böyük rolu vardır. Məlum olduğu kimi, danışan şəxs öz
fikirlərini müəyyən məntiqi ardıcıllıqla tərtib edir və o
qayda ilə də başqalarına bildirir. Tabesiz mürəkkəb
cümlənin komponentlərinin qarşılıqlı əlaqəsi əsasında ifadə
edilən müxtəlif mənalar məhz möhkəm sıra sayəsində
meydana çıxır. Möhkəm sıra olmasa, birləşdirmə, səbəb-
nəticə, aydınlaşdırma, qarşılaşdırma, qoşulma və s. kimi
mənalarını yaratmaq və ifadə etmək olmaz.
Bütün bunlarla yanaşı, komponentlərin tərtibi zamanı
çox vaxt sonrakılarda təkrardan qaçmaq və yığcamlıq
xatirinə ya işarə əvəzliyi, ya da mənsubiyyət şəkilçisi
işlənmiş olur və bunlar da komponentlərin yerini dəyişməyi
mümkünsüz edir. Yaxud hər hansı komponentdən müəyyən
elementlər ixtisar olunur, bu elementlər yalnız bir
komponentdə saxlanılır. Belə vəziyyətdə də yerdəyişmə
mümkün olmur.
Tərəflərin paralelliyi tərəfləri əlaqələndirən mühüm
vasitələrdəndir. Belə vasitələr sırasında o, bu, onda, orada tipli əvəzlikləri xüsusi qeyd etmək olar. Məsələn,
Avtomobil mənimki deyil, onu bizə hökumət vermişdir. (C.Cabbarlı) Raya bolşeviklərin lehinə işləmək istəyirdi, lakin ona imkan verilmirdi.(M.S.Ordubadi) Tabesiz mürəkkəb cümlənin tərkib hissələrinin
əlaqələndirilməsində mənsubiyyət şəkilçilərinin mühüm rolu
var. Mənsubiyyət şəkilçiləri ilə bir neçə komponenti
əvvəlkinə bağlamaq mümkündür. Məsələn, Başqalarının səni tərifləməsi ilə istedadlı olduğunu zənn etmə, bəlkə məqsədləri vardır və bu təriflə öz müddəalarını pərdələmək istəyirlər. (A.Bakıxanov) Dövlətin yoxdur, amma qoçaqlığın var. (M.F.Axundzadə) Bütün bu qeyd edilənlərin (ortaq üzvlərin, tərkib
hissələrin paralelliyinin, əvəzliklərin, mənsubiyyət
şəkilçilərinin və s.) tabesiz mürəkkəb cümlələrin tərtibində
Müasir Azərbaycan dili
247
mühüm rolu vardır. Lakin tərkib hissələri əlaqələndirən
əsas vasitələr intonasiya və tabesizlik bağlayıcılarıdır.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri
bağlayıcıların iştirakı olmadan əlaqələndikdə bağlayıcısız
tabesiz mürəkkəb cümlələr əmələ gəlir. Məsələn, Səhər hava tamam açıldı, gün çıxdı.(H.Abbaszadə) Kosanın başına yeni iş açıldı, həqiqi savaş başladı. (S.Rəhimov) Bu cür cümlələr
şifahi nitqdə intonasiyanın köməyi ilə qurulur.
İntonasiya mürəkkəb cümlənin tərkib hissələrini
əlaqələndirən ilk və ən qədim vasitədir. İntonasiya indi də
şifahi nitqdə böyük rola malikdir. Mürəkkəb cümlənin tərkib
hissələrini əlaqələndirmək üçün başqa vasitələr olduqda da
şifahi nitqdə intonasiyadan istifadə edilir. Lakin heç bir
başqa vasitə olmadıqda intonasiyanın üzərinə daha çox yük
düşür. Məsələn, Çölə yüyürdü, darvazanın ağzında dəvə durmuşdu. (İ.Hüseynov) Sizə aman gətiririk, bizim son yorğanımızı üstümüzdən, son parça çörəyimizi boğazımızdan alıb aparırlar. (C.Cabbarlı) İntonasiya ilə qurulmuş bu cümlələrin tərkib
hissələri arasına uyğun olaraq və, çünki bağlayıcılarını da
artırmaq olar.
Tərkib hissələri bağlayıcıların iştirakı ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlandırılır. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini
əlaqələndirən bağlayıcılar həmcins üzvlər arasında işlənən
tabesizlik bağlayıcılarıdır. Tabesiz mürəkkəb cümlələrin
tərkib hissələrini əlaqələndirən həmin bağlayıcı qrupları
aşağıdakılardır:
1. Birləşdirmə, iştirak.ş inkarlıq bağlayıcıları:və, həm, həm də, da, də, nə, nə də və s. Məsələn, O, qəzetlərdə oxuduğu xəbərdən müharibə dəhşətinin həqiqətini hiss edir və bu hiss onun əsəblərini getdikcə gərginləşdirirdi. Gülarə Abdullayeva
248
(İ.Əfəndiyev) Həm mən qurtararam, həm sənin cibin dolar.(M.İbrahimov) Bu bağlayıcılar birləşdirmə, səbəb- nəticə əlaqəli
tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirir.
2. Qarşılaşdırma bağlayıcıları:amma, ancaq, lakin, fəqət, halbuki, yoxsa, isə və s. Məsələn, Bunu mən çox gözəl bilirəm, ancaq anam bilməz. (B.Bayramov) Baba qollarını ata- ata yenə danışmaq istədi, lakin öskürək onu boğdu. (Y.V.Çəmənzəminli) Mən bilmirəm, allah qoymurdu biz acından ölək, yoxsa biz ölmək istəmirdik. (C.Əlibəyov) Bu bağlayıcılar qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb
cümlələrin qurulmasında iştirak edir.
3. Aydınlaşdırma bağlayıcıları:yəni, məsələn və s. Evdə adam yoxuymuş, yəni böyüklərdən heç kim yoxuymuş. (Ə.Cəfərzadə) Aydınlaşdırma bağlayıcıları nisbətən az işlənir və
aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərəflərini
əlaqələndirir.
4. Bölüşdürmə bağlayıcıları:ya, ya da, gah, gah da, gah da ki və s. Məsələn,Gah iri damcılar çadırları səsləndirir, xal-xal naxışlayır, gah da çiskin yağış asta-asta yağır, şeh kimi yatırdı. (B.Bayramov) Bu bağlayıcılar bölüşdürmə əlaqəli tabesiz mürəkkəb
cümlələrin tərkib hissələrini əlaqələndirir. Onu da qeyd edək
ki, bu bağlayıcılar olmadan bölüşdürmə əlaqəli tabesiz
mürəkkəb cümlələr qurula bilməz. Belə cümlələrdə bağlayıcını
ixtisar etsək, məna əlaqəsi dəyişər, birləşdirmə əlaqəsi
formalaşar.
5. Qoşulma bağlayıcıları:özü də, həm də və s.
Məsələn, Bütün imanıyla qəbul edirdi, özü də unudurdu ki, bu o xırdaca hörüklü toppuş Zərrintacın özüdür. (Ə.Cəfərzadə) Bu bağlayıcılar qoşulma əlaqəli tabesiz mürəkəb
cümlələrin komponentləri arasında işlədilir.
Müasir Azərbaycan dili
249
Zaman uyuşmaları. Tabesiz mürəkkəb cümlənin
komponentləri arasında əksərən zaman uyuşması olur ki, bu
da onların əlaqələnməsinə xidmət edir. Belə ki, əvvəlki
komponentdə hansı zaman və ya şəkil iştirak edirsə,
sonrakı da ona uyğunlaşır. Məsələn, Mahmud arağı görəndə yüngülcə köksünü ötürdü, elə bil ürəyi qalxdı.(Y.Səmədoğlu) Səhər hava tamam açıldı, gün çıxdı.(H.Abbaszadə)Son vaxtlar əmim arvadı mənə çox iş tapşırırdı, mən nə isə bundan razı qalırdım. (B.Bayramov) Tabesiz mürəkkəb cümlələrdə ortaq elementlər. Tabesiz mürəkkəb cümlənin bir mühüm əlaməti də bəzən
tərkib hissələrin hamısına aid ortaqlı söz və birləşmələrin
işlənməsidir. Bu xüsusiyyət ikinci dərəcəli üzvlərdən
tamamlıq və zərfliyə aiddir. Ortaq tamamlığa aid: Bunu mən çox gözəl bilirəm, ancaq anam bilməz. (B.Bayramov)
Ortaq zərfliyə aid:
a) ortaq yer zəfliyinə aid: Həmin sinif otağında əvvəllər hərbi dərs keçilirdi, divardan cürbəcür tüfəng, tapança sxemləri asılmışdı, bir küncdə əleyhqazlar yığılmışdı, boş güllə gilizləri əyani dərs vəsaiti kimi pəncərənin taxta surahısına düzülmüşdü. (Elçin) b) ortaq zaman zərfliyinə aid: Həmin küləkli-yağışlı günün gecəsi göydə qəribə bir təmizlik var idi, göy başdan- başa ulduzla dolmuşdu...(Elçin) c) ortaq tərz zərfliyinə aid: Bu qayda ilə sirlər yayılar, hamı hiddətlənər, iclasda olanlar bir-birindən gümana düşərdilər. (S.Rəhimov) və s. Cümlə üzvləri ilə yanaşı, xitablar və ara sözlər də
ortaqlı olmaqla tərkib hissələri əlaqələndirir. Məsələn,
Nəhayət, iyirmi igidin iyirmisi də cilovlanmış qulunların çılpaq belinə sıçradı, nağaraların gurultusu yazı düzünü bürüdü. (Əbülhəsən) Gülarə Abdullayeva
250
Yuxarıda qeyd etdiyimiz əlaqə vasitələri
komponentlər arasında tək-tək deyil, bir neçəsi birlikdə
müxtəlif şəkildə işlənir. Eyni cümlədə intonasiya, söz sırası
həmişə olur. Bunlarla yanaşı olaraq digər vasitələr də işlənə
bilər. Məsələn, Öz ailəmdə belə kimsə məni anlamır, kimsə məni başa düşmür. – cümləsində intonasiya, söz sırası, zaman
uyuşması, sözlərin paralelliyi komponentləri əlaqələndirən
vasitələr kimi çıxış etmişdir.
Tabesiz mürəkkəb cümlələrdə məna əlaqəsi Quruluş xüsusiyyətlərinə, bağlayıcı və intonasiyanın
xarakterinə görə tabesiz mürəkkəb cümlələrin tərkib
hissələri arasında bir sıra məna əlaqələri vardır. Bunlar
aşağıdakılardır:
1. Birləşdirmə əlaqəsi; 2. Səbəb- nəticə əlaqəsi; 3. Aydınlaşdırma əlaqəsi; 4. Qarşılaşdırma əlaqəsi; 5. Bölüşdürmə əlaqəsi; 6. Qoşulma əlaqəsi; Bu əlaqələrin bir qismi həm intonasiyanın, həm də
bağlayıcıların iştirakı ilə yaranır, aydınlaşdırma əlaqəsi
əksərən bağlayıcısız olur.
Birləşdirmə əlaqəsi. Birləşdirmə əlaqəli tabesiz
mürəkkəb cümlələrdə tərkib hissələrdə iş və hadisələr
sadalanır, həmin hadisələrin hamısının ya eyni zaman ərzində
icrası nəzərdə tutulur, ya da iş və hadisələr ardıcıl şəkildə
həyata keçir. Ona görə də bu cür cümlələrdə iki qrammatik
məna münasibəti müşahidə olunur: eynizamanlı birləşdirmə, ardıcılzamanlı birləşdirmə. Məktəb
dərsliyində eynizamanlı birləşdirmə zaman əlaqəsi,
Müasir Azərbaycan dili
251
ardıcılzamanlı birləşdirmə isəardıcıllıq əlaqəsi adlandırılır.
Tabesiz mürəkkəb cümlələrin bir qismində eynicinsli
müxtəlif fakt və hadisələr sadalanır, onların eyni zaman
ərzində, vahid zaman daxilində baş verdiyi ifadə olunur. Məsələn, Yaralı köhlənlər kişnəyir, güllələr vıyıldayır, bəylər bağırır, yollara sarı gilizlər axır, qan sızırdı. (C.Bərgüşad) Tərkib hissələrin hamısına aid ortaqlı zaman zərfliyi
olduqda cümlənin zaman əlaqəli olduğu daha asan
müəyyənləşir. Məsələn, Əriyir yaz günü quzeydəki qar, Gəzir dağ döşünü gəlinlər, qızlar, Hər bulaq başında bir qeybət olur. (S.Vurğun) Komponentləri zaman əlaqəsi üzrə
birləşdirməkdə mənsubiyyət şəkilçilərinin mühüm rolu
vardır. Çox zaman birinci komponentdə işlənən ismi
birləşmənin sonrakı komponentlərdə yalnız mənsubiyyət
şəkilçili ikinci tərəfi saxlanılır. Məsələn, Üzünü soyuq daşa sürtdü, ürəyindən Yadullanın da beləcə soyuduğu keçdi. (F.Kərimzadə) Eynizamanlı birləşdirmə əlaqəsində əksərən tərkib
hissələrin xəbərləri feli xəbərlərdən ibarət olur və həmin
xəbərlər eyni zaman şəkilçiləri ilə formalaşır. Məsələn, Mən ağzımı açanda anam da açardı, mən udqunanda anam da udardı. (İ.Hüseynov) Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələr açıq
sıralı cümlələrdir, sadalama yolu ilə qurulur, buna görə də
iki tərkib hissədən ibarət olduğu kimi, üç-dörd və daha
çox tərkib hissədən də ibarət ola bilir. Məsələn, Kəndin mötəbər adamları mütəkkəyə dirsəklənib dincəlir, cavanlar atlarını çapıb əyri yollarla ötüşür, qız-gəlin bulaqlardan su gətirib çay tədarükünə başlayırdı. (İ.Şıxlı) Göründüyü kimi, bu cür cümlələr əksərən intonasiya
ilə qurulur. Lakin tərkib hissələri əlaqələndirmək üçün və, həm, həm də, da, də, nə, nə dəbirləşdirmə
bağlayıcılarından da istifadə edilir. Və bağlayıcısı sonuncu
tərkib hissədən əvvəl, həm, həm də, nə, nə də bağlayıcıları
Gülarə Abdullayeva
252
tərkib hissələrin əvvəlində işlənir. Məsələn, Həm mən qurtararam, həm sənin cibin dolar, həm də günahsız qalarsan. (M.İbrahimov) Ardıcılzamanlı birləşdirmə əlaqəli tabesiz mürəkkəb
cümlələrdə həmcins fakt və hadisələr sadalanır və onların
cümlədəki düzülüşünə müvafiq ardıcıllıqla baş verdiyi ifadə
olunur. Məsələn, Vaqif danışarkən onun nitqini tərcüman taxtın yanında oturmuş polkovnik Burnaşova tərcümə edir, o da Vaqifi diqqətlə süzərək, başını təsdiqedici bir tərzdə tərpədirdi. (Y. V.Çəmənzəminli) Ardıcılzamanlı birləşdirmədə tərkib hissələr əksər
halda intonasiya ilə, bəzən də və bağlayıcısı vasitəsilə
əlaqələnir. Eynizamanlı birləşdirmədən fərqli olaraq, bu cür
cümlələrin tərkib hissələri arasında digər birləşdirmə
bağlayıcıları (həm, həm də, da, də, nə, nə də) işlənmir, çünki
həmin bağlayıcıların qrammatik mənasında eynizamanlılıq
mövcuddur.
Birləşdirmə əlaqəsinin bu növü də açıq sıralı olur,
sadalama yolu ilə qurulur, ona görə də iki tərkib hissədən
ibarət olduğu kimi, daha çox tərkib hissədən də ibarət ola
bilir.
Eynizamanlı birləşdirmə əlaqəli tabesiz mürəkkəb
cümlələrdə komponentlərin yerini dəyişmək də olar və bu
zaman mənaya heç bir xələl gəlmir. Ardıcılzamanlı birləşdirmə
əlaqəli cümlələrdə isə belə yerdəyişmə mümkün olmur.
Səbəb-nəticə əlaqəsi. Səbəb-nəticə əlaqəli tabesiz
mürəkkəb cümlələr iki tərkib hissədən ibarət olur. Birinci
tərkib səbəbi, ikincisi həmin səbəbdən doğan nəticəni
bildirir. Məsələn, O, qəzetlərdə oxuduğu xəbərlərdən müharibə dəhşətinin həqiqətini hiss edir və bu hiss onun əsəblərini gərginləşdirirdi. (İ.Əfəndiyev) Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr
qapalı sıralı olur, buna görə də iki sadə cümlənin
birləşməsi şəklində formalaşır. Lakin bəzən tərkib
Müasir Azərbaycan dili
253
hissələrdən biri həmcins və ya paralel olur. Məsələn, Namus bəyə güc gəldi, qan başına vurdu, gözü kəlləsinə çıxdı. (Mir Cəlal). Bu cümlədə ikinci komponent paraleldir.
Tabesiz mürəkkəb cümlənin bu növünün də tərkib
hissələrinin xəbərləri əksərən felin eyni zamanında olur.
Məsələn, Kosanın başına iş açıldı, həqiqi savaş başladı. (S.Rəhimov) Bəzən tərkib hissələrin xəbərləri müxtəlif zamanda
da ola bilir. Məsələn, Hirslənmişəm, əllərim əsir. Səbəb-nəticə əlaqəli cümlələrdə tərkib hissələr
əksərən intonasiya ilə əlaqələnir, lakin bəzən tərkib
hissələri əlaqələndirmək üçün və bağlayıcısından da
istifadə edilir. Məsələn, Mən heç cürə özümü saxlaya bilmədim və gözlərim doldu. (Elçin) Qeyd. Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələrlə səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr bir-birinə çox oxşayır. Onların hər ikisində komponentlərdə sadalanan iş, hərəkətin icra edilməsində bir ardıcıllıq var. Hər ikisində birinci komponent səbəbi, ikinci komponent isə bu səbəbdən doğan nəticəni bildirir. Lakin buna baxmayaraq, bu iki məna növünü bir-birindən aşağıdakı cəhətə görə fərqləndirmək olar: Ardıcılzamanlı birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə işin ardıcıllıqla icrası əsas mənadır, səbəb-nəticə mənası isə əlavə. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə səbəb-nəticə məna çaları əsas mənadır, işin ardıcıl icrası isə əlavə. Bundan başqa, ardıcılzamanlı birləşdirmə əlaqəli cümlələrdə birinci cümlədəki səbəbdən ikinci cümlədəki nəticə şüurlu şəkildə icra edilir, bu nəticə yaranmaya da bilər. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə isə nəticə heç kəsdən asılı olmayaraq, kortəbii surətdə baş verir. Bu nəticənin qarşısını almaq və ya ləngitmək mümkün deyil. Məsələn, Axşam oldu, göylər qaraldı. Axşam oldu evlərdə elektrik lampaları yandırdılar.- cümlələrindən birincisi səbəb-nəticə, ikincisi isə ardıcılzamanlı birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlədir. Gülarə Abdullayeva
254
Aydınlaşdırma əlaqəsi. Aydinlaşdirma əlaqəli
tabesiz mürəkkəb cümlələr də qapalı sıralı olur. Buna görə
iki komponentdən, yəni iki tərkib hissədən ibarət olur.
Tərkib hissələrdən biri ümumilik bildirir, digəri onu izah
edib aydınlaşdırır. Aydınlaşdıran tərkib hissə əksər halda
ümumilik bildirən hissəyə intonasiya ilə bağlanır. Məsələn, Onun gözləri yenə qorxudan böyümüşdü: gözünə sataşan nə vardısa, hamısı şübhəli görünürdü. (C.Bərgüşad) Atlar tüz-tez büdrəyirdi; axşamkı sel çığırları yuyub daşların üstünü açmışdı.(C.Bərgüşad) Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr
əsasən intonasiyanın köməyi ilə qurulur. Belə cümlələrdə
aydınlaşdıran hissəni ümumilik bildirən hissəyə bağlamaq
üçün az hallarda yəni bağlayıcısından istifadə edilir.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərəflər
bəzən paralel də ola bilir. Aydınlaşdıran hissə bir cümlədən
ibarət olduğu kimi, sadalama üsulu ilə qurulan birləşdirmə
əlaqəli cümlələrdən də ibarət ola bilər. Məsələn, Ələm fikrini ha cəmlədi, yaddaşına ha güc verdi, xeyri olmadı: nə göy gurultusunu eşidə bildi, nə at ayaqlarının tappıltısı, nə də Yaşılxan dədənin harayı eşidildi. (İ.Məlikzadə) Gözəl eyvanda oturub cehiz xurçununu közəyirdi; öküz neştər buynuzu ilə onu bir neçə yerdən dağıtmışdı. (C.Bərgüşad) Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr iki
üsulla sintez-analiz və analiz-sintez üsulu ilə qurulur. Sintez -
analiz üsulunda əvvəl ümumilik bildirən, sonra
aydınlaşdıran tərkib hissə işlənir. Yazıda ümumilik bildirən
hissədən sonra iki nöqtə (bəzən də vergül, nöqtəli vergül
və ya tire) qoyulur. Dilimizdə sintez-analiz üsulundan daha
çox istifadə edilir. Məsələn, Arvadlar çardaqların altında məşğul idilər: kimi biçinçiləri doyurmaq üçün ayran verir, kimi inək sağır, kimi boş süfrəsini sərir, gözlərini bir nöqtəyə zilləyib dururdu. (Mir Cəlal)
Müasir Azərbaycan dili
255
Analiz-sintez üsulunda isə əvvəl aydınlaşdıran, sonra
ümumilik bildirən hissə gəlir. Bu cür cümlələrdən nisbətən
az istifadə olunur. Yazı zamanı belə cümlələrdə ümumilik
bildirən hissədən əvvəl tire qoyulur. Məsələn,Kimi qum ələyir, kimi su daşıyır, kimi əhəng və sement gətirir –hərə bir iş görürdü. (İ.Məlikzadə). Qarşılaşdırma əlaqəsi. Qarşılaşdırma əlaqəli tabesiz
mürəkkəb cümlələrin tərkib hissələrində ifadə olunan iş və
hadisələr bir-biri ilə qarşılaşdırılır. Bu hadisələr ya bir-biri ilə
ziddiyyət təşkil edir, yaxud da sadəcə olaraq müqayisə
edilir və fərqləndirilir. Tabesiz mürəkkəb cümlənin bu
növü də qapalı sıralı olub, iki tərkib hissədən ibarət olur. Məsələn, Manafa çox varlı demək olmazdı, amma dəvəsi də vardı, atı da, eşşəyi də .(O Sarıvəlli) Güclə qol çəkə bilirdi, amma o,biclikdə şeytana papış tikərdi. (İ.Əfəndiyev) Qoluna toxunan Baba Sakit onu çəkib aparırdı, amma ayaqları getsə də, bu məsum mənzərədən ayrıla bilmirdi. (İ.Əfəndiyev) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin
tərkib hissələri qarşılaşdırma intonasiyası, amma, ancaq, lakin, fəqət qarşılaşdırma bağlayıcıları və antonim sözlərin
köməyi ilə əlaqələnir. Məsələn,Bağlayıcılı cümlələrdə
olduğu kimi, qarşılaşdırma əlaqəsinin bağlayıcısız növündə
də tərkib hissələrdə çox zaman antonim söz və ifadələr
olur. Məsələn, Niyə hamı irəliyə getdi, sən geridə qaldın? (Ə.Vəliyev). Mütaliə azalmış, fikrim çoxalmışdır. (Ə.Vəliyev). Ələm bu işə qol qoyub, amma Vələd tərs öküz kimi yola gəlmir. (İ.Məlikzadə) Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin
tərkib hissələri arasında iki cür qarşılaşdırma olur: 1)ziddiyyətli qarşılaşdırma; 2) müqayisəli–fərqləndirici
qarşılaşdırma. Ziddiyyətli qarşılaşdırmada tərkib hissələrdəki iş
və hadisələr bir-biri ilə tam ziddiyyət təşkil edir. Məsələn, Şəkil çəkmək asandır, həyat yaratmaq çətin. (C.Cabbarlı) Özü görünmür, amma bu onun səsidir.(Elçin) Gülarə Abdullayeva
256
Fərqləndirici qarşılaşdırmada isə tərkib hissələrdə
sadalanan iş, hərəkət, hadisə, hökm sadəcə olaraq bir-biri ilə
qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir. Məsələn, Uşaqlı ev bazardır, uşaqsız ev məzar. (Atalar sözü)