I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir, budaq
cümlə baş cümləyə ya yalnız intonasiya, ya da intonasiya və ki bağlayıcısı ilə bağlanır. Məsələn, Açıqca məlum oldu ki, yazı- pozu bilirsən. (V.Babanlı) Bu yəqindir ki, var sevimli səsin. (M.Ə.Sabir) Baş cümlədə mübtədanın olub-olmamasına görə I tipin
özünü də iki növə ayırmaq olar:
1. Baş cümlədə mübtəda olmur, buraxılır, buraxılmış
mübtədanın məzmunu budaq cümlə vasitəsilə çatdırılır.
Məsələn, Qatar yola çıxan günlərdən bəri idi ki, ayağı yerə dəyirdi. (M.Oruc) Sonra məlum olurdu ki, müdir müavini dəyişik salıb. (Elçin) O düz bir ay idi ki, yollarda idi. (İ.Şıxlı) Belə cümlələrdə baş cümlənin xəbəri elə gəldi, elə çıxır, belə çıxır, fikrindən keşdi, könlündən keçdi, ağlına gəldi, ağlından keçdi, ürəyindən keçdi, yadına düşdü kimi frazeoloji
vahidlərlə də ifadə oluna bilər: Ona elə gəldi ki, üzünə zillənən gözlərdə bir yırtıcı sehrkarlıq var. (İ.Şıxlı) Allahyaraelə gəldi ki, Mələk onun yanındadır. (İ.Şıxlı) Arada ağlına gəldi ki, Xəzangülün oyanmağını gözləməsin. (Ə.Hacızadə) 2. Baş cümlədə mübtədanın o (da), bu (da), orası, burası, eləsi, beləsi, elələri, belələri, o cəhət, bu cəhət, bir cəhət, o şey, bu şey, o məsələ, bu məsələ sözlərindən ibarət
yerliyi, qəlibi işlənir. Baş cümlədən sonra budaq cümlə gələrək
Gülarə Abdullayeva
268
həmin sözlərin mənasını izah edir, aydınlaşdırır: Yoxsa indi də bu qalıb ki, qız uşaqları da oğlanlar kimi çıxıb çölü-bacanı gəzələr? (C.Məmmədquluzadə) O da aşkardır ki, bacısını elə- belə görməyə gəlməyib. (F.Kərimzadə) Burası yaxşıdır ki, bəxtin kəsib, komsomol olmamısan. (M.İbrahimov) II tip. Budaq cümlə baş cümlədən əvvəl işlənir.
Budaq cümlədə kim (ki), nə (ki), hər kim (ki), hər kəs (ki), hər nə (ki) və s.bağlayıcı sözlərindən biri, baş cümlədə isə ona
qarşılıq olan və adlıq halda duran o, bu əvəzliyi iştirak edir.
Budaq cümlə ümumilik, baş cümlə isə konkretlik bildirir.
Budaq cümlədə işlənən bağlayıcı sözlər ismin müxtəlif
hallarında ola bilər. Bu, budaq cümlənin formalaşmasına heç
bir təsir etmir, lakin baş cümlədəki əvəzliklə ifadə olunan
qarşılıq bildirən söz mütləq adlıq halda olmalıdır. Məsələn, Kim vətənini sevirsə, o, xalqın sevimlisidir. (M.S.Ordubadi) Hər kəs bağa tez çatsa, qızıl bayrağı o götürəcək. (M.S.Ordubadi) Bəzən baş cümlədə qarşılıq bildirən söz işlənməyə də
bilər, lakin təsəvvür edilməlidir. Məsələn, Kimi əcəl hərləyirsə, (o) qabağa çıxsın. (İ.Şıxlı) Kim bu dünyada sıxıntı çəksə, (o) elə axirətdə də əzab içində qıvrılacaq. (İ.Şıxlı) Kim qanunu pozsa, (o) cəzalanacaq. (İ.Şıxlı) Dəstimdə nə var, (o) getdi əldən. (Xətai) Belə cümlələri sadələşdirdikdə baş cümlədəki qarşılıq
bildirən söz atılır (əgər cümlədə işlənmişdirsə), budaq cümlə
tərkib şəklində onun yerinə keçir, mübtəda vəzifəsini icra edir: Hər kəs bağa tez çatsa, qızıl bayrağı o götürəcək. - Qızıl bayrağı bağa tez çatan götürəcək. Kimi əcəl hərləyirsə, qabağa çıxsın. – Əcəl hərləyən qabağa çıxsın. Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr. Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzliyi ilə ifadə
olunan xəbərini izah edib aydınlaşdırır. Xəbərin baş
cümlədən doğan sualına budaq cümlə cavab verir. Məsələn,
Müasir Azərbaycan dili
269
Xeyri bu oldu ki, onların yerini dürüst öyrəndi. (F.Kərimzadə) İki sözünün biri bu idi ki, əmim yaxşı adamdır. (M.Hüseyn) Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə
xəbər budaq cümləsinin dilimizdə iki tipi var.
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir. Budaq
cümlə baş cümləyə ya yalnız intonasiya, ya da intonasiya və ki bağlayıcısı ilə bağlanır. Məsələn, İgid odur, atdan düşə, atlana, İgid odur, hər zəhmətə qatlana. (Atalar sözü) Xəbər budaq cümləsini digər budaq cümlə növlərindən
fərqləndirən mühüm bir xüsusiyyət odur ki, bu cümlələrin baş
cümləsində xəbər heç vaxt buraxıla bilməz. Baş cümlədə
həmişə o, bu, elə, belə, ora, bura və s. tipli əvəzliklərlə,
əvəzliyin müxtəlif sözlərlə birləşməsi ilə ifadə olunan xəbər
işlənir. İşarə əvəzlikləri konkret heç bir məna ifadə
etmədiyindən, onların işarə etdiyi məzmun budaq cümlə
vasitəsilə açılır. Məsələn, Mənim təklifim belədir ki, Samirənin səmimi ərizəsi nəzərə alınsın. (M.Hüseyn) Ancaq xahişimiz bundan ibarətdir ki, nahar və şam yeməklərini hər gün öz evimizdə yeyəsiniz. (M.S.Ordubadi) Məsələ burasındadır ki, o hələ də Buzbulaqda qalır. (Ə.Əylisli) Xəbər budaq cümləsinin bu tipində baş cümlədə xəbərin
yerliyi – qəlibi rəngarəng formalarla ifadə oluna bilər. Bunlar
aşağıdakılardır: 1. Baş cümlənin xəbəri budur, odur, bu idi, o idi, bu imiş, o imiş sözləri ilə ifadə olunur, cümlənin
məzmununu ya indiki, ya da keçmiş zamanla bağlayır.
Məsələn, Mehmanın arzusu bu idi ki, gec-tez yenə də oxumağa qayıtsın. (S.Rəhimov) Ağıllı adam odur ki, hər şeydə orta vəziyyəti özünə adət etsin. (A.Bakıxanov) 2. Baş cümlənin xəbəri belədir, elədir, belə idi, elə idi, belə imiş, elə imiş sözləri ilə ifadə olunur. Belə
cümlələr dilimizdə nisbətən az işlənir. Məsələn, Siz şəhərlilərin gümanı belədir ki, kənd yerində avamlar yaşayır. (M.İbrahimov) Ancaq quzeylilərin yeri elədir ki, onlar köndələn Gülarə Abdullayeva
270
çaydan birbaş özlərinə arx apara bilmirlər. (İ.Əfəndiyev) Beləydi qayda bizdə, qız doğanda analar, Baxıb qara geyərdi su üstündə sonalar. (S.Vurğun) 3. Baş cümlənin xəbəri ora, bura, orası, burası, onda, bundasözləri ilə ifadə olunur. Məsələn, Qəribə burası idi ki, heç kəs onunla açıq danışmaq istəmirdi. (İ.Şıxlı) Xoşbəxtlik buradadır ki, Ella da Amanı istəyir. (M.Süleymanlı) Qorxum ondandır ki, ömrün qışında, Bahar çiçəkləri üzə gülməsin. (B.Vahabzadə) 4. Baş cümlənin xəbəri o, bu əvəzliyinə üçün, ötrü, görə qoşmalarının qoşulması ilə ifadə olunur. Məsələn,
Ağlamağı ona görə idi ki, bütün planları alt-üst olmuşdu. (İ.Məlikzadə) 5. O, bu işarə əvəzlikləri demək, ibarətsözləri ilə
birləşərək baş cümlənin xəbəri olur. Məsələn, Bu o deməkdir ki, artıq zirehli döyüş paltarını soyundurmuşuq. (F. Kərimzadə) Bu o deməkdir ki, siz işinizi düzgün təşkil etmisiniz. (T.Hüseynov) 6.O, bu, orada, belə və s. işarə əvəzlikləri olmaq sözü ilə birləşərək baş cümlənin xəbəri olur. Məsələn, Mənim borcum bu oldu ki, gələcəyi deyim sana. (S.Vurğun) 7. Baş cümlənin xəbəri o, bu, elə, belə, haman sözlərinin şey, vaxt, kəs tipli sözlərlə yanaşma yolu ilə
birləşməsi şəklində ifadə olunur, ümumi şəxs, ümumi əşya,
ümumi zaman və s. bildirir və budaq cümlə vasitəsilə
aydınlaşdırılır. Məsələn, Xoşbəxt o kəsdir ki, valideynlərinin haqq-sayını itirmir. II tip. Xəbər budaq cümləsinin II tipində budaq
cümlə baş cümlədən əvvəl işlənir və ona kim, hər kim, hər kəs, nə, hər nə, necə, harada, nə qədərvəs. bağlayıcı
sözlərlə bağlanır. Baş cümlədə qarşılıq bildirən söz kimi o, bu, elə, belə, ora, bura, o cür, bu cür, orada, burada sözləri
xəbər yerində işlənir. Budaq cümlənin xəbərində -sa, -sə şəkilçisi və ya bağlayıcı sözdə ki ədatı işlənə də bilər,
Müasir Azərbaycan dili
271
işlənməyə də. Məsələn, Ürəyində hansı oğlanı tutubsa, odur. (İ.Şıxlı) Tərbiyəçi necədir, o da elədir. (İ.Hüseynov) Bəzən baş cümlədə qarşılıq bildirən söz yiyəlik
halda olub söz birləşməsinin birinci tərəfi kimi çıxış edir,
birləşmənin ikinci tərəfi əksər halda özü sözündən ibarət
olur. Məsələn,Hər kim yüz il yaşamasa, Günah onun özündədir. (O.Sarıvəlli). Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr. Tamamlıq budaq cümləsi baş cümlənin buraxılan və ya qəlib
söz şəklində təsəvvür edilən tamamlığını izah edib
aydınlaşdırır. Tamamlıq budaq cümləsi dilimizdə digər budaq
cümlə növləri ilə müqayisədə daha çox işlənir. Tamamlıq
budaq cümləsi baş cümlənin əsasən feli xəbərini
tamamlamağa xidmət edir və tamamlığın suallarına cavab
verir. Məsələn, Niyə qoymursan, bu dinsizləri qovum getsin? (İ.Şıxlı) Axı deyirlər, çox adam bu yolla varlanıb? (İ.Şıxlı) Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə
tamamlıq budaq cümləsinin dilimizdə iki tipi vardır:
I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra gəlir, budaq
cümlə baş cümləyə ya yalnız intonasiya, ya da intonasiya və ki bağlayıcısı ilə bağlanır. Məsələn, Sənə onu da başa saldım ki, hər şey hökumətin hesabına olacaq. (İ.Şıxlı) Amma bilmirəm, bir-birinizi başa düşə biləcəksinizmi?(İ.Şıxlı) Hər iki cümlədə baş cümlə əvvəl, tamamlıq budaq
cümləsi isə sonra işlənmişdir. Birinci cümlə ki bağlayıcısının,
ikinci cümlə isə yalnız intonasiyanın köməyi ilə qurulmuşdur.
Baş cümlədə tamamlığın yerliyi, qəlibinin olub-
olmamasına görə bu tipin özünü də iki növə bölə bilərik:
a) Tamamlıq budaq cümləsinin baş cümləsində
tamamlığın yerliyi, qəlibi olmur, baş cümlə tamamlığı
buraxılmış yarımçıq cümlə şəklində olur. Tamamlığın baş
cümlədən doğan sualına budaq cümlə cavab verir. Məsələn,
Niyə qoymursan, bu dinsizləri qovaq? (İ.Şıxlı) O başa düşdü Gülarə Abdullayeva
272
ki, Şahnigarın ölümündə Cahandar ağanın əli var. (İ.Şıxlı) Şamxal hiss etdi ki, Güləsərin başı hərlənir. (İ.Şıxlı) b) Belə cümlələrin bir qisminin baş cümləsində isə
qəlib söz olur və baş cümlədə aşağıdakı qəlib sözlərdən
istifadə olunur:
1. Bu, o işarə əvəzlikləri substantivləşərək ismin
müxtəlif hallarında baş cümlənin tamamlığı vəzifəsində
işlənir və həmin sözlərin məzmunu budaq cümlənin verdiyi
yeni informasiya ilə açılır. Məsələn, Təkcə onu fikirləşirdi ki, görəsən bu arvad kimdir belə, bu qədər danışır. (Elçin). Bunu bilmək lazımdır ki, bu şəxs xırda adam deyil. (C.Məmmədquluzadə). 2. Orası, burası sözləri baş cümlədə qəlib söz -
tamamlıq vəzifəsində işlənir. Məsələn,Orasını da deyim ki, qəfəsdə kəklik saxladığımı nə atam, nə də anam bilirdi. (Ə.Vəliyev). 3. Eləsi, beləsi, elələri, belələri sözləri baş cümlədə
qəlib söz – tamamlıq vəzifəsində işlənir. Məsələn,Elələrini seçib götürmək lazımdır ki, bir müddət saxlamaq mümkün olsun. 4. Baş cümlədə o cəhət, bu cəhət, o məsələ, bu məsələ, o şey, bu şey, bir şeysözləri qəlib söz – tamamlıq
vəzifəsində işlənir. Məsələn, Hamı bir şeyi yaxşı bilirdi ki, hava açılır, müharibə yavaş-yavaş başa çatır. (M.S.Ordubadi) Bir şeyi də anladı ki, ağası bu saat əlinə keçəni parçalamağa hazırdır. (İ.Şıxlı) I tipə daxil olan tamamlıq budaq cümlələrində baş
cümlənin xəbəri daha çox nitq, təfəkkür, görmə, eşitmə
proseslərini ifadə edən fellərdən ibarət olur. Məsələn, Mən hiss edirdim ki, o məndən tamamilə başqa bir şey gözləyir. (M.Hüseyn) Salatın duymuşdu ki, atası tutduğu işə peşmandır. (İ.Şıxlı) Xəlil anladı ki, bu baxışları qəbir evinə qədər unuda bilməyəcək. (İ.Məlikzadə)
Müasir Azərbaycan dili
273
II tip. Bu tipdə budaq cümlə baş cümlədən əvvəl
işlənir və baş cümləyə kim, hər kim, hər kəs, nə, hərnə və s. bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə tamamlıq
vəzifəsində qarşılıq bildirən o sözü, az hallarda isə bu sözü
işlənir. Məsələn, Onların ağsaqqalı nə desə, ona tabe olurlar. (İ.Şıxlı) Allah səni nə arzulayırsansa, ona çatdırsın. (İ.Şıxlı) Qarşılıq bildirən söz olmadıqda onu baş cümlənin
ümumi məzmunu əsasında sual verib müəyyənləşdirmək
olur. Məsələn, Nə soruşsanız, (onu) söylərəm. (C.Cabbarlı) Baş cümlədə hamısı, heç biri sözləri olduqda,
qarşılıq bildirən söz yiyəlik halda təsəvvür edilir. Məsələn, Nə ki qeyd etmişdilər, hamısını yerinə yetirdi. (Ç.Hüseynov) Bizim tayfadan kim varsa, hamısına xəbər elə. (İ.Şıxlı) O şey ki, o məsələ ki, o cəhət ki və s. sözlər də
budaq cümlədə bağlayıcı söz kimi çıxış edir. Məsələn, O şey ki təkcə sənə aiddir, (onu) mən bilirəm. (M.İbrahimov). Cümlənin ikinci dərəcəli üzvü olan tamamlıq
vasitəsiz və vasitəli olduğu kimi, tamamlıq budaq
cümlələrinin bir hissəsi vasitəsiz, bir qismi isə vasitəli
tamamlığın suallarına cavab verir. Məsələn, Mən hiss edirdim ki, (nəyi?) o, məndən tamamilə başqa bir söz gözləyir. (M.Hüseyn) Mən bu saat sizə sübut edərdim ki, (nəyi?) mən sizin atanız deyiləm. (N.Vəzirov) Xəlil anladı ki, (nəyi?) bu baxışları qəbir evinə qədər unuda bilməyəcək. (İ.Məlikzadə) Vasitəli tamamlığın suallarına cavab verən tamamlıq
budaq cümlələri baş cümlənin feli xəbəri ilə yanaşı, ismi
xəbərinə də aid ola bilir. Məsələn, Mən inanmıram ki, (nəyə?) Orxan da, sən də bu boyda səhv eləmiş olasınız. (Ə.Hacızadə) Biz əminik ki, (nəyə?) bu hadisələr sənin təbinə daha mühüm təkanlar verəcəkdir. (M.S.Ordubadi). Tamamlıq budaq cümləsi baş cümlənin məsdər, feli
bağlama və feli sifətlə ifadə olunan başqa üzvlərinə: mübtəda,
tamamlıq, zərflik, təyininə də aid ola bilir.
Gülarə Abdullayeva
274
Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr. Təyin budaq cümləsi baş cümlənin əşya məzmunlu hər hansı
üzvünü izah edir, aydınlaşdırır. Ya baş cümlədə təyin olmur,
təyinin baş cümlədən doğan sualına budaq cümlə cavab verir,
ya da baş cümlədə təyinin əvəzliklə ifadə olunmuş yerliyi,
qəlibi olur, budaq cümlə vasitəsilə izah edilir, aydınlaşdırılır.
Məsələn, Adam var, başına səpəsən güllər, Adam var, gözünə çəkəsən millər. (Aş.Ələsgər) Elə yerə qoy ki, it-pişik çıxa bilməsin. (İ.Şıxlı) Birinci cümlədə baş cümlədə (Adam var,...) təyin
buraxılmışdır, təyinin baş cümlədən doğan (necə adam?) sualına budaq cümlə cavab verir. İkinci cümlədə isə təyinin
yerliyi, qəlibi var: elə sözü. Lakin bu söz mənanı tam aça
bilmədiyindən, budaq cümlə tələb olunur və budaq cümlə
təyinin vəzifəsini icra edir.
Təyin budaq cümləli tabeli mürəkkəb cümlələrin
belə bir xüsusiyyəti də var ki, baş cümlədə təyinlənən söz
müəyyən bir sözlə və ya bir şəkilçi ilə budaq cümlədə
xatırladılır. Məsələn, Doğrudan da, hacı gözləri ilə elə bir adam axtarırdı ki, çamadanları ona apartdırsın. (C.Cabbarlı) – cümləsində baş cümlənin təyinlənəni (adam) budaq cümlədə
əvəzliklə (ona) xatırladılmışdır. Baş və budaq cümlənin yerinə, bağlayıcı vasitələrə görə
dilimizdə təyin budaq cümləsinin aşağıdakı tipləri vardır: I tip. Baş cümlə əvvəl, budaq cümlə sonra işlənir.
Budaq cümlə baş cümləyə ya yalnız intonasiya, ya da
intonasiya və ki bağlayıcısı ilə bağlanır. Məsələn, Kəndimizdə elə adam varmı ki, heç torpağı olmasın? (İ.Şıxlı) Söz var, kəsdirər başı, Söz var, kəsər cavaşı. (Xətai) Verilmiş cümlələrin hər ikisində baş cümlə əvvəl,
budaq cümlə sonra işlənmişdir. Əvvəlki cümlə ki bağlayıcısı,
sonuncu isə intonasiya ilə qurulmuşdur. Cümlələrdən
birincinin baş cümləsində elə əvəzliyi təyinin yerliyi, qəlibi
olub, budaq cümlə vasitəsi ilə izah edilir. İkinci nümunədə isə
Müasir Azərbaycan dili
275
iki təyin budaq cümləsi işlənmiş və hər birinin baş cümləsi
təyini buraxılmış yarımçıq cümlə şəklindədir. Buraxılmış
təyinin məzmunu budaq cümlə vasitəsi ilə aydınlaşır.
Təyin budaq cümləsinin bu tipi dilimizdə daha çox
işlənir. Baş cümlədə budaq cümlənin yerliyinin - qəlibinin
olub- olmamasına görə bu tipin özünü də 2 yerə ayırmaq
olar:
a) Baş cümlə təyini biraxılmış yarımçıq cümlə
şəklində olur. Baş cümlədəki təyinlənən məntiqi vurğu ilə
tələffüz edilir. Təyinin baş cümlədən doğan sualı budaq cümlə
vasitəsi ilə cavablandırılır. Məsələn, Dərd var ki, bənzəmir heç hansı dərdə. (B.Vahabzadə) İnsan var ki, ömrü qaynar, mübarizəli. (R.Rza) Zaman var, xəyalı çəkir zirvəyə, Zaman var, məhv edir, eşqi, niyyəti, Zaman var, insanı qaldırır göyə, Zaman var, məhv edir insaniyyəti. (B.Vahabzadə) b) Baş cümlədə təyinin yerliyi, göstəricisi, qəlibi işlənir
və budaq cümlə həmin sözü izah edib aydınlaşdırır. Bu
halda baş cümlədə işlənən qəlib sözlər aşağıdakılardan
ibarət ola bilər: 1.Elə, elə bir, belə, belə bir, o cür, bu cür sözləri
baş cümlədə qəlib söz – təyin vəzifəsində işlənir və budaq
cümlə vasitəsilə izah edilir. Məsələn, Dünyada elə şeylər var ki, onlar pulun hökmünə tabe deyillər. (M.İbrahimov) Bəzən elə adamlar olur ki, onların tarixini yazmaq üçün bütün bir xalğın, bir ölkənin....tarixini yazmaq lazım gəlir. (C.Cabbarlı) Həyat elə bir hikmətdir ki, idrakın təxəyyülü onu asanlıqla qavraya bilmir. (Anar) İsmayıl elə bir pöhrədir ki, o böyüyüb qol-budaq atanda kölgəsi bütün ölkəni tutacaq. (F.Kərimzadə) 2. Bəzən baş cümlədə qəlib sözün bir hissəsi işlənmir,
yalnız bir sözü işlənir. Məsələn, Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm. (C.Cabbarlı) Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərəm. (C.Cabbarlı) 3.O, bu sözləri baş cümlədə qəlib söz- təyin
vəzifəsində işlənir və budaq cümlə vasitəsilə izah edilir.
Gülarə Abdullayeva
276
Məsələn, Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər. (C.Məmmədquluzadə) Ar olsun o millətə ki, onun içindən yüksək əməllər naminə ölümə hazır olan oğullar və qızlar tapılmayacaq. (M.İbrahimov) 3.Həmin, həmin o, bəzən də haman, haman o sözləri baş cümlədə qəlib söz – təyin vəzifəsində işlənir.
Məsələn, Bu həmin çadır idi ki, onun içində Əbu Səid Sara Xatunla Şeyx Heydəri qəbul eləmişdi. (F.Kərimzadə) II tip. Təyin budaq cümləsinin ikinci tipində budaq
cümlə baş cümlədən əvvəl gələrək ona hansı, kim, nə, necə və s. bağlayıcı sözlərlə bağlanır. Baş cümlədə qarşılıq bildirən
o, bu sözləri təyin vəzifəsində olur. Məsələn, Hansı ürəkdə xəbislik, kin-küdurət, ləkə, naqislik var, o insanlar özlərindən küssün. (F.Kərimzadə) Bağlayıcı sözlər bəzən ki ədatı ilə birlikdə işlənə bilir
və ya budaq cümlənin sonunda -sa, -sə şəkilçisi olur. Məsələn,
Mən onun noxtasından tutub hansı tərəfə dartsam, o tərəfə də gedəsidir. (F.Kərimzadə) Hansı biletə əl uzadırdımsa, o biletin cavabı o saat beynimdə hazır olurdu. (Ə.Əylisli) Təyin budaq cümləsinin ikinci tipi dildə nisbətən az
işlənir. Bu cür təyin budaq cümlələri mübtəda, tamamlıq və
xəbər budaq cümlələri hesabına azalır. Çox zaman yığcamlıq
üçün baş cümlədə təyin vəzifəsində işlədilən qarşılıq
bildirən o, bu sözlərini substantivləşdirərək (həmin sözlər
məntiqi vurğu altına düşmədikdə) işlədirik. Nəticədə budaq
cümlənin növü dəyişərək, mübtəda, xəbər və tamamlıq budaq
cümləsinə çevrilir. Məsələn, Hansı kitabı istəyirsən, o kitabı götür.- əvəzinə, Hansı kitabı istəyirsən, onu götür.- dedikdə,
təyin budaq cümləsi tamamlıq budaq cümləsi ilə əvəz
olunur. Buna görə də təyin budaq cümləsinin bu tipində
baş cümlədə qarşılıq bildirən söz mütləq işlənməlidir.
Dilimizdə bəzən elə təyin budaq cümlələri də işlənir ki,
formal olaraq bu iki tipin heç birinə uyğun gəlmir. Belə
cümlələrdə baş cümlənin təyinlənənindən əvvəl o, bu, bir
Müasir Azərbaycan dili
277
sözləri, sonra ki ədatı işlənir, baş cümlə kəsilərək budaq cümlə
davam edir, daha sonra baş cümlənin qalan hissəsi işlənir. Belə
cümlələrdə budaq cümlə, sanki baş cümlənin arasında yerləşir.
Məsələn, Bir şam ki haqdan yana, heç bad ilə sönməz. (Ə.Nicat) O torpağı ki qoruya bilmədin, onu əkib-becərməyə dəyməz. (Anar) Bir xalq ki öz mənşəyini, keçmişini bilməyə, onun axırı necə olar? (B.Vahabzadə) O dərdi ki mən içimdə çəkirəm, ona dağ da davam gətirməz. (M.İbrahgimov) O sahil ki sizi aparmaq istəyirəm, qızıl qumla örtülmüşdür. (C.Əlibəyov) O sözləri ki mən sənə deməliyəm, sən mənə deyirsən. (M.İbrahimov) Ə. Z. Abdullayev belə cümlələri təyin budaq cümləsinin
xüsusi bir tipi kimi qiymətləndirmiş, ümumilikdə təyin budaq
cümləsinin üç tipi olduğunu göstərmişdir. (3, səh. 240-243)