FİKRƏt cahangirov


Modallığın struktur modelləri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/16
tarix06.12.2016
ölçüsü2,8 Kb.
#965
1   ...   8   9   10   11   12   13   14   15   16
2.5. Modallığın struktur modelləri. 
Biz modallığın müxtəlif təzahür formaları  və ifadə 
vasitələrini nəzərdən keçirdik. 
Modallıq nitqlə bağlı hadisədir. O, nitqin məzmununa 
qiymətverici münasibət ifadə edir. Burası da var ki, hər bir 
dil kateqoriyası kimi, modallıq da müvafiq dil vahidlərinin 
köməyi ilə reallaşır. Ancaq həmin vahidlərin (ifadə 
vasitələrinin) modallığın təmin olunmasında rolu eyni 
deyildir. Ona görə  də modallığın müxtəlif tiplərindən 
danışarkən onların həmin rolu nəzərə alınmalıdır. Biz 
aşağıda müxtəlif ifadə vasitələrinin rolunu nəzərə almaqla 
modallığın struktur modellərini müəyyən etməyə 
çalışacağıq. 
1. Modallığın fonetik ifadə vasitələri. Bura əsasən nidalar 
aiddir. Nidalar cümlədə ifadə olunan modal mənaya uyğun 
olaraq danışanın əhvali-ruhiyyəsini bildirən sözlərdir. Nidalar 
nitqin məzmununa emosional münasibəti iki cür ifadə 
edirlər: a)hər bir nida özü-özlüyündə müəyyən bir əhvali-
ruhiyyə bildirir; b)emosiyaların gərginliyindən, gücündən 
asılı olaraq nidalarda müəyyən fonetik dəyişiklik baş verir. 
Ya sait səs uzadılaraq tələffüz edilir, ya da samit səslərin 
bəziləri iki, üç və s. dəfə  təkrar edilməklə  tələffüz olunur. 

 
245
Emosional münasibətin təsiri ilə nidaların dəyişməsinin 
bir tipi də onların təkrar işlənməsidir. 
Bununla belə, nidalar modal mənalara heç nə  əlavə 
etmir. Onlar olsa-olsa danışanın nitqin məzmunu ilə 
əlaqədar olaraq keçirdiyi əhvali-ruhiyyəni büruzə verirlər. 
Modallığın fonetik ifadə vasitələrinin  əsas hissəyə 
münasibətini belə ifadə etmək olar:  
MM = MS 
> FV 
(MM – modal məna; MS – modallıq sahəsi; FV – fonetik 
vasitə) 
2. Modallığın leksik ifadə vasitələri. Bunlar morfologiyada 
modal sözlər, sintaksisdə isə ara sözlər adı ilə tanınan 
sözlərdir ki, mülahizənin ya bir ünsürünə, ya da bütövlükdə 
onun məzmununa modal münasibət bildirir. Buradan belə 
çıxır ki, eyni modal məna iki şəkildə ifadə olunur: a) modallıq 
sahəsi ilə; b) modal sözlə. Deyilənləri nəzərə alaraq onların 
münasibətini (struktur modelini) aşağıdakı kimi ifadə edə 
bilərik: 
MM = MS 
> < MS / AS 
(MS – modal söz; AS – ara söz) 
3. Modallığın qrammatik (morfoloci) ifadə vasitələri. Bura 
birinci növbədə modal fellər, xəbərlik kateqoriyasını  təmin 
edən fel şəkilləri, daha sonra hərəkətin baş verməsinin 
müxtəlif təmayüllərini bildirən fel şəkilləri (əmr,  şərt, arzu, 
ehtimal və s.) daxildir. 
4. Bunların mülahizədə rolu, birincisi, onların arasında 
duran modal mənalarla, ikincisi, müvafiq formaların bir-
birinə nisbətdə reallaşması ilə müəyyən olunur. Ancaq 
unutmaq lazım deyil ki, bura təklikdə morfologiyanın yox, 
həm də sintaksisin fəaliyyət sahəsidir. Ona görə  də bunlar 
qarşılıqlı əlaqədə nəzərdən keçirilməlidir. Bu sahədə dillərin 
fərdiyyəti daha bariz şəkildə özünü göstərir. 
Deyilənləri nəzərə almaqla, müvafiq modal mənanı bu cür 
formalaşdırmaq mümkündür: 
MM = SV + MV 
(SV – sintaktik vahid; MV – morfoloci vahid) 
Qeyd etməliyik ki, morfoloci və sintaktik ifadə vasitələrinin 
sərhədləri, hüdudları heç də 
dəqiq olaraq 
müəyyənləşdirilməmişdir. Sintaksisin qəlibləri müxtəlif 

 
246
morfoloci ifadə vasitələrinin işə  cəlb edilməsini tələb 
edirlər ki, bunlar da öz növbəsində  həmin qəliblərin 
tərtibində iştirak edirlər. 
5. Modallığın köməkçi ifadə vasitələri. Bura ədatlar aid 
edilə bilər.  Ədatlar artıq mövcud olan modal mənalara 
aiddirlər. Onlar öz iştirakları ilə  həmin mənalara daha artıq 
intensivlik gətirirlər.  Ədatların iştirakı ilə yaranan modal 
mənanı bu cür modelləşdirmək olar: 
MM = MS 
< Ə 
(Ə – ədat) 
Nidalarla  ədatların müqayisəsini davam etdirərək deyə 
bilərik ki, nidalar emosional təsir göstərən sözlərdir. 
Ədatlarsa həmin emosional gərginlik sahəsində  şəxsin 
təhriketmə, sövqetmə gücünü ifadə edir və birbaşa təhrik 
bildirən sözlərə aid olur. 
 

 
247
FƏSİL 3.  
 
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ 
MODALLIĞIN SEMANTİK TƏHLİLİ 
 
Modallıq kateqoriyasının bütün təzahür formalarının əsa-
sında dilin kommunikativ vəzifəsi dayanır. Bildiyimiz kimi, 
nitq fəaliyyətinin, ünsiyyətin əsas məqsədi dinləyiciyə, müra-
ciət olunana müəyyən bir fikir təqdim etmək, aşılamaq, onun 
həmin  şəxs tərəfindən başa düşülməsinə nail olmaqdır. Bu 
məqsədin baş tutması üçün nitq vahidi, cümlə asanlıqla 
qavranılan semantik və struktur tərkib hissələrinə malik 
olmalıdır. 
Modallıq kateqoriyasının təzahür formalarının sayı məsə-
ləsi dilçi mütəxəssislər tərəfindən ümumən qəbul 
edilməmişdir. Bu məsələ mübahisəli olduğu kimi, modallıq 
kateqoriyalarının işlənməsi də qeyri-bərabərdir. 
N.A.Slüsareva modallıq kateqoriyasının morfoloci 
zonasından danışarkən qeyd edir ki, bu onun tərkibi 
məsələsinə dirənir. Modallığın təyin edilməsi kimi, bu 
məsələ də hələlik həll edilməmiş qalır. 
N.A.Slüsareva göstərir ki, kateqoriyaları  təsnif edərkən 
müəyyən ümumi əsas vacibdir. Modallıq barəsində ümumi 
əsas modallığın danışanın dil vasitələri ilə öz danışığına 
münasibətini ifadə edən kateqoriya kimi təyin olunması, 
yəni, mülahizənin kommunikativ niyyətə müvafiq gələn 
hadisə kimi təqdim olunmasıdır [146, s.48-49]. 
Tədqiqatçı modallığı geniş  mənada başa düşür: ifadə 
ediləni təsdiq (iqraretmə), onun gerçək (real), mümkün olan, 
sual (maraq), şübhə, təəssüf, razılıq, inam, güman və s. 
doğuran kimi təqdim edilməsi [146, s.51-52]. 
Modallığa dair əlimizdə olan ən son əsərlərdən birində 
deyilir ki, danışanın mövqeyi açıq və ya gizli surətdə 
modallığın istənilən izahına daxil olur. Danışan modal 
kateqoriyaların hər birində aktuallaşmanın xüsusi 
aspektində çıxış edir [153, s.64]. 
Modallığın izah və  təyinində danışanın mövqeyinin 
nəzərə alınması  təzə  məsələ deyil. Ancaq bunu da yadda 

 
248
saxlamaq lazımdır ki, danışanın rəyində başqalarının da 
münasibəti öz əksini tapa bilir. 
Müəllif qeyd edir ki, məhz modallığa bağlanan “gerçəkliyə 
münasibət” bu münasibətin reallıq//irrealığın  əsas  əlamət-
lərində tapdığına işarə etməklə keyfiyyət müəyyənliyi 
qazanır. 
Burada linqvistik ədəbiyyatda ayırd edilən modal münasi-
bətlərin  əsas tipləri qeyd olunmuşdur. Dilçilik ənənəsində 
qrammatik, leksik və intonasiya kimi müxtəlif ifadə vasitələri 
olan cəmi 6 modal məna tipi müəyyənləşdirilmişdir: 
1. Mülahizənin məzmununun reallıq/qeyri-reallıq baxımın-
dan qiymətləndirilməsi. Bunlar felin şəkil və zaman 
formaları, eləcə də cümlənin bəzi ünsürləri ilə (bağlayıcılar, 
ədatlar və s.) ifadə olunur. 
2. Mülahizədə  əksini tapmış modal fel və başqa modal 
sözlərlə ifadə olunan şəraitin (situasiyanın) onun mümkün-
lüyü, zəruriliyi, arzulandığı baxımından qiymətləndirilməsi.  
3. Xəbər verilənin doğruluğuna danışanın  əminliyi 
dərəcəsinin danışan tərəfindən qiymətləndirilməsi. Bu, 
modal zərflər, daxiledici söz və tabeli mürəkkəb cümlələrlə 
ifadə olunur. Sonuncu halda budaq cümlə ilə ifadə 
olunmuşa baş cümlədə modal qiymət verilir. 
4. Mülahizənin məqsədcə  təyinatı yaxud kommunikativ 
funksiyası. Həmin  əlamətə görə cümlələr xəbərvermə ifadə 
edən nəqli cümlələr, sorğu ifadə edən sual cümlələri, təhrik 
bildirən  əmr cümlələri və arzu bildirən optativ cümlələrə 
bölünür. Bunların ifadə vasitələri aşağıdakılardır: morfoloci 
(fel  şəkilləri), sintaktik (cümlə konstruksiyaları), prosodik 
vasitələr(intonosiya).  
5. Cümlədə haqqında bəhs olunan mətləblər:  əlamətlər, 
hadisələr, aralarında obyektiv əlaqələrin olub-olmamasını 
əks etdirən təsdiq/inkar mənaları. Oppozisiyanın birinci üzvü 
olan təsdiq markalanmır (nişanlanmır), ikinci üzvsə 
qrammatik, sözdüzəltmə  və leksik vasitələrin köməyi ilə 
markalanır (nişanlanır).  
6. Mülahizənin məzmununun emosional və keyfiyyət 
cəhətindən qiymətləndirilməsi. Bunlar leksik vasitələrlə 
(yaxşı, pis, eyib, biabırçılıq, dəhşət), prosodik vasitələrlə 
(nida cümlələri), eləcə  də nidaların köməyi ilə ifadə olunur. 

 
249
Bundan başqa, həmin məna ya baş cümləsində 
qiymətləndirici modus olan tabeli mürəkkəb cümlələrlə, ya 
da tərkibində  təqdimedici söz və söz birləşmələri olan 
konstruksiyalarla təmsil olunur (xoşbəxtlikdən, 
bədbəxtlikdən və s.) [153, s.67-68]. 
Qeyd etməliyik ki, modallığın göstərilən tipləri və onlara 
isnad verilən terminlər yeganə linqvistik vasitələr deyildir. 
Dilçilik  ədəbiyyatında həmin terminlə yanaşı, “indikativ 
modallıq”, “güman modallığı”, “şübhə modallığı”, “sual 
modallığı”, “əmr (təhrik) modallığı”, “ehtimal modallığı”, 
“volyuntativ modallıq”, “şərt modallığı”, “inkar modallığı” kimi 
ifadə üsullarına da rast gəlirik. 
Aşağıda biz həmin modallıq tiplərinin bəzilərindən 
semantik aspektdə bəhs edəcəyik. 
Modallıq məsələsinin tədqiqi sahəsində diqqətəlayiq işlər-
dən biri də C.Sörl və D.Vandervenenin “Nitq aktlarının 
hesablanmasının  əsas anlayışları”  əsəridir. Burada nitq 
aktlarının müfəssəl təsnifatına rast gəlirik. Müəlliflər 
göstərirlər ki, illokutiv aktın məqsədi daxilən ona xas olan 
mətləbdir. Məsələn, iqrarın məqsədi işlərin necə olduğunu 
deməkdir.  Əmretmənin məqsədi kimi isə  nə isə etməyə 
məcbur etməkdir. Üzrxahlığın məqsədi bu və ya başqa 
hərəkətlə  əlaqədar olaraq danışanın peşmançılığını 
bildirməsidir [144, s.252]. 
C.Sörl və D.Vandervenen beş  əsas illokutiv məqsədin 
olduğunu qeyd edirlər: 1. Assertiv məqsəd(“işlər necədir?”). 
Danışan bunu nəzərdə tutur ki, təklif işlərin həqiqi 
vəziyyətini qeydə alır. 2. Komissiv məqsəd. Bu, danışanı nə 
isə etməyə borclu etməkdən ibarətdir. Danışan yalnız 
propozisional məzmunla təmsil olunan hərəkətləri həyata 
keçirməyi öz öhdəsinə götürür. 3. Direktiv məqsəd. Bu, 
kiminsə başqasını  nəyə isə  məcbur etməsi ilə bağlıdır. 
Danışan dinləyicini propozisional məzmunla təmsil olunan 
hərəkəti reallaşdırmağa təhrik etməyə çalışır. 4. Deklarativ 
məqsəd. Bu, verilmiş  tələffüz vasitəsilə xarici aləmi 
dəyişdirməkdən ibarətdir. Danışan həmin nitq aktını 
müvəffəqiyyətlə yerinə yetirməklə  işlərin propozisional 
məzmunla təmsil olunmuş vəziyyətinin baş tutmasına səbəb 
olur. 5. Ekspressiv məqsəd. Bu, hissləri və ya məramları 

 
250
ifadə etməkdən ibarətdir. Danışan öz tələffüzü ilə  işlərin 
propozisional məzmunla təmsil olunmuş  vəziyyətinin 
psixoloci məramını ifadə edir [144, s.252-253]. 
Həmin məqsədlərin dil vasitələri ilə ifadəsi aşağıdakı 
kimidir: 
Assertiv məqsəd performativ(icraetmə) və illokutiv 
fellərdə ifadəsini tapır:  iqrar etmək (təsdiq etmək), bəyan 
etmək (elan etmək), inandırmaq, irəlicədən xəbər vermək, 
xəbərdar etmək, nağıl etmək,  ərz etmək (məruzə etmək), 
bildirmək, məlumat vermək, etiraf etmək, ehtimal etmək, 
şahidlik etmək (şəhadət vermək), yada salmaq 
(xatırlatmaq), təsdiq etmək, sübut etmək, boynuna almaq, 
təxmin etmək, anlamaq (duymaq), qeyd etmək, fərz etmək, 
and içmək, təkid etmək. 
Komissivlərə  aşağıdakı fellər aid edilir: öhdəsinə 
götürmək, vəd etmək, hədələmək, razılaşmaq (razı olmaq), 
təntənəli vəd vermək, and içmək, zamin olmaq, söz vermək. 
Direktivlərə  aşağıdakı fellər aiddir: xahiş etmək, 
sərəncam vermək, tələb etmək,  əmr etmək, təklif etmək, 
ərizə verib xahiş etmək, təhrik etmək, sövq etmək, öz 
tərəfinə  çəkmək, yoldan çıxarmaq, yalvarıb-yaxarmaq, 
məsləhət görmək (tövsiyə etmək), təqdim etmək,  ərizə 
vermək. 
Deklarativ məqsədi ifadə edən fellər bunlardır:  elan 
etmək, təntənəli surətdə bildirmək, iddia etmək, icazə 
vermək, hökm çıxarmaq, viza qoymaq, kənarlaşdırmaq 
(rədd etmək), ad qoymaq, ad vermək, xeyir-dua vermək.  
Ekspressivlərə  aşağıdakı fellər aid edilir: üzr istəmək 
(üzrxahlıq etmək), təbrik etmək, təşəkkür etmək, tərifləmək, 
kompliment demək, yazığı  gəlmək, dərdinə  şərik çıxmaq, 
başsağlığı vermək, salamlamaq. 
Y.M.Volf belə hesab edir ki, modal mənaların təhlili çox 
müxtəlif olan modal sistemlərin mövcudluğuna dəlalət edir. 
O göstərir ki, əsas semantik struktura normanın məcburi bir 
ünsür kimi daxil olduğu modallıqlardan biri dəyərləndirmə 
(rəy) modallığıdır. Başqa bir növ “qəribəlik” modallığıdır. Bu, 
modal subyektinin nəzər nöqtəsindən norma və 
stereotiplərə göstərişlə əlaqədardır. 

 
251
Həmin modallığın iki mənası vardır: normativ hal-
vəziyyətə uyğunluq və ondan kənaraçıxma. Özü də norma 
və stereotiplərdən kənaraçıxmanın mənfi mənası 
markalanmış olur [79, s.179]. 
Beləliklə, - deyə Y.M.Volf bu barədə öz düşüncələrinə 
yekun vurur, - dəyərləndirmə (rəy) modallığı kimi, “qəribəlik” 
modallığı da şüurunda dünya haqqında müəyyən təsəvvür 
olan subyektlə bir sıra xüsusiyyətlərə malik olan obyekt 
arasındakı münasibəti əks etdirir ki, həmin obyekt barəsində 
subyektin müəyyən rəyi vardır. 
Tədqiqatçı bir çox elə sözlərin də olduğunu qeyd edir ki, 
onlar ayrı-ayrı obyektlərin xüsusiyyətlərində normadan 
kənaraçıxmanı yox, bütövlükdə qeyri-normal hadisə  və 
şəraitləri ifadə edir: süqut, iğtişaş, bərbadlıq. 
Y.M.Volf göstərir ki, modal struktur obyektlərinə 
istiqamətlənmiş “qəribəliy”in ifadəsi üçün şəraitlərin 
qavrayıcı subyektin nəzər nöqtəsindən “qəribə” kimi ifadə 
üsulları vardır:  qəribədir ki, təəccüblüdür ki, birdən, 
gözlənilmədən, qəflətən (qəfildən). 
“Qəribəlik” və  dəyərləndirmə (rəy) modallıqlarının 
qarşılıqlı nisbətinə  gəldikdə isə, müəllif bunları eynitipli 
hesab etməklə, subyektiv modallığa aid edir [79, s.186]. 
 
3.1. Təsdiq modallığı. 
Təsdiq modallığının  əsas xüsusiyyəti müəyyən obyekt 
barəsində hansısa hal, hərəkət, keyfiyyətin iqrar 
edilməsindən ibarətdir. Təsdiq modallığı  əsasən nəqli 
cümlələr  şəklində  təzahür edir. Onun əsas təşkilediciləri 
subyekt və predikatdır. Bu qəbildən olan cümlələrin xəbəri 
həm fel, həm də adlarla (isim, sifət, say, zərf,  əvəzlik, 
Azərbaycan dilində isə  hətta qoşmalı birləşmələrlə) ifadə 
edilir. 
Azərbaycan və ingilis dillərində  təsdiq modallığının  əsas 
ifadə vasitəsi felin xəbər şəklidir. İndi isə təsdiq modallığını 
konkret ifadə vasitələri üzrə nəzərdən keçirək. 
 
3.1.1. Feli xəbərlə ifadə olunan təsdiq modallığı. 
Təsdiq modallığı  əsasən felin indiki və keçmiş zaman 
formaları ilə ifadə olunur. Həmin formalardan biri hərəkətin, 

 
252
prosesin danışıq anında, o biri isə ondan qabaq baş 
verməsini bildirir. Buna müvafiq olaraq təsdiq modallığı ifadə 
olunan cümlələrdə  həmin fel formalarının bildirdiyi zamana 
uyğun gələn zaman zərfllikləri də  işlənir. Amma bu həmişə 
vacib olmur, hərəkətin baş verdiyi zaman nitq 
situasiyasından da aydın olur. Məsələn: 
I hear lions.“Mən aslan [səsi] eşidirəm” 
I see you. “Mən səni görürəm”. Müq. et: Səni də görürəm, 
onu da (İdiomatik ifadə). 
I see a huge star “Mən nəhəng bir ulduz görürəm”.  
I feel my guilty “Mən öz günahımı hiss edirəm (Mən 
özümü təqsirkar bilirəm). 
Beləliklə, biz görürük ki, təsdiq modallığının xüsusi ifadə 
vasitəsi yoxdur. O, xəbərlik kateqoriyasının göstəriciləri, felin 
zaman və şəxs şəkilçiləri vasitəsilə özünü büruzə verir. 
İndi isə felin xəbər  şəkli ilə formalaşan təsdiq modallıqlı 
cümlənin zaman zərflikləri ilə işlənməsinə fikir verək: 
I met him yesterday “Dünən mən onunla rastlaşdım”. 
The bear I shot yesterday was huge “Mənim dünən 
vurduğum ayı nəhəng idi”. 
Qeyd:  İngiliscə shot feli təsriflənən formadadır; Azərbay-
can dilində heyvanın ölçüsündən danışarkən onun boyunun 
uzun-qısalığına deyil, cəmdəyinin irilik-xırdalığına fikir 
verirlər. Bu cümlədəki nəhəng sözü həmin məqsədlə 
işlədilir. 
Feli xəbərin yer zərfliyi  şəklində  də konkretləşdirici üzvü 
ola bilir: 
I see silvery speck in the sky “Mən göydə gümüşü ləkə 
görürəm”. 
Eyni məqamda zaman-tərz bildirən zərf də işlənir: 
Very tall man often marry very short woman “Çox ucaboy 
kişilər çox vaxt çox qısaboy qadınlarla evlənirlər” Yaxud: 
Çox vaxt uzundraz kişilər bəstəboy qadınlarla evlənirlər”. 
Quite pretty girls become often spinters, whereas their 
entirely charmless friends marry attractive men and become 
happy wives and mothers “Gözəl -göyçək qızlar çox vaxt 
evdə qarıyırlar, onların, tamam çirkin (kifir) rəfiqələri isə 
cəzbedici kişilərə ərə gedib, xoşbəxt arvad və ana olurlar”. 

 
253
Təsdiq modallığı danışanın nitqində ifadə olunur, 
amma burada təkcə danışanın yox, dinləyənin, yaxud bir 
başqasının da nöqteyi-nəzəri öz əksini tapa bilir: Məsələn: 
I love you and you love me “Mən səni sevirəm, sən də 
məni” Müq. et: Mən  səni sevirəm, sən özgəsini [sevirsən] 
(Mahnı). 
I like tea, but you like coffee “Mən çayı xoşlayıram, sən 
isə qəhvəni”. 
İngilis dilində  təsdiq modallığının there is, there are kimi 
ifadə vasitələri də vardır: 
There is a house I see “Mən görən ev budur. Bu, mən 
görən evdir”. 
There is a snake bit me “Məni vuran(çalan) ilan budur. Bu 
məni vuran(çalan) ilandır”. 
There are two kinds of large cats living in Paraqway: the 
caguar and the puma “Paraqvayda yaşayan iki iri pişik növü 
vardır: yaquar və puma”. 
Təsdiq modallığının həqiqətə uyğunluğunun dərəcəsi 
danışanın hiss və duyğuları ilə bağlıdır. Məsələn, yuxarıda 
misal verdiyimiz ikinci şəxsi və ulduzu görməkdən bəhs 
edən cümlələrdə qavramanın vasitəsi gözdür. Aslan səsini 
eşitməkdən bəhs edən cümlədə isə belə bir vasitə  eşitmə 
orqanı olan qulaqdır. Həmçinin müq. et: 
We heard them come up the stairs “Biz onların pilləkəni 
(pilləkənlə) (necə) qalxdığını eşitdik”. 
Bir sıra hallarda müvafiq hiss orqanının adı çəkilmir, hiss 
(duyğu) bildirən fel (feel, hiss etmək) birbaşa danışana aid 
edilir. 
I feel that you are hostile “Mən hiss edirəm ki, siz mənə 
düşmənsiniz /. düşmən kimi yanaşırsınız / düşmən 
kəsilmisiniz)”. 
Bəzi hallarda təsdiq modallığı ictimai-sosial, siyasi 
meyarlara, motivlərə əsaslanır: 
Coffee and tea comes with the meal “Qəhvə  və çayı 
yeməklə birlikdə verirlər”. 
A citizen of the US who is not a naturalized is a person 
born in the US or a person born of US citizens “ABŞ-ın 
vətəndaşlıq hüququ olmayan vətəndaşı ya ABŞ-da anadan 
olmuş, ya da ABŞ vətəndaşlarından doğulmuş şəxslərdir”. 

 
254
Təsdiq modallığı inkar modallığı ilə qarşıladırma-
müqayisə yolu ilə ifadə olunur. Məsələn:  
Nobody can do that. But he did. “Bunu heç kəs eləyə 
bilməz. Amma o elədi”. 
Müəyyən proseslərin baş verməsi eyni şəxsə aid edilən 
əks mənalı mətləblər şəklində təqdim olunur: 
Did he try, but did he fail. “O bunu eləməyə can atdı, 
amma bu ona müyəssər olmadı”.  
Təsdiq modallığı  şəklində  təkcə real vəziyyət deyil, 
subyektiv, qeyri-real təəssürat da təqdim edilir: 
The patient reached the stage of seeing white mice 
“Xəstə elə bir həddə çatdı ki, gözünə  ağ siçanlar göründü 
(...gözləri alacalandı, onu qara basdı). 
The delivious patients saw the room spinning around him, 
but we know it wasn’t spinning “Sayıqlayan xəstənin gözünə 
görünürdü ki, otaq onun başına fırlanır (hərlənir), amma biz 
bilirik ki, bu belə deyil (otaq fırlanmır)”. 
Təsdiq modallığının mənbəyi təkcə danışanın  şəxsi 
təəssüratı yox, onun eşidib-bildiyi məlumat da ola bilər: 
The man she loved committed suicide “Onun [qızın] 
sevdiyi adam (sevgilisi) özünü öldürdü (intihar elədi)”. 
 
3.1.2. Predikatı adlarla ifadə edilən təsdiq modallığı. 
Predikat adlarla ifadə olunarkən təsdiq modallığı yenə 
şəxs göstəricilərinin köməyi ilə özünü təzahür etdirir. 
Predikatın semantik ifadəsi struktur formanın sayəsində 
modallığın ifadəsinə xidmət edir. Məsələn: 
Agnes is docile “Quzu sakitdir”. 
The snow is white “Qar ağdır”. 
Grass is green “Ot yaşıldır”. 
Humility is green “Təvazökarlıq (bir) məziyyətdir”. 
Qeyd etmək lazımdır ki, hər bir təsdiq modallığı 
gerçəklikdə əşya ilə onun əlamətləri arasında olan obyektiv 
münasibəti nəzərdə tutur. Amma həmin münasibət 
ünsiyyətin tələblərindən asılı olaraq tamamilə  məcazi,  şərti 
xarakter də daşıya bilər. Məsələn, “Sənə deyirlər: “Qatıq 
qaradır”, sən də de: “Qatıq qaradır” idiomatik ifadəsini 
götürək. Aydın məsələdir ki, təbii şəraitdə qatıq qara olmur. 
Amma  əşyaya obyektiv şəkildə xas olmayan əlamətin ona 

 
255
istinad verilməsi nitq anında tamamilə başqa bir effekt 
yaradır. Həmin idiomatik ifadədə  məqsəd müraciət edilənin 
qeyd-şərtsiz danışanın dediyini təsdiq etməyə razı 
salmaqdır. 
Təsdiq modallığı xas olan cümlədə subyekt və predikativ 
ifadəsi üçün hansı ad kateqoriyasından istifadə olunması 
müvafiq dildə müəyyən sözlərin olmasından da asılıdır. 
Məsələn, ingilis dilində  “A vixen is a female fox” cümləsini 
götürək.  Vixen “dişi tülkü”, “qancıq tülkü”, “tülkü qancığı” 
deməkdir. Amma Azərbaycan dilndə dişi tülkünü ifadə edən 
ayrıca leksik vahid olmadığından yuxarıdakı cümləni bu 
dildə adekvat şəkildə vermək mümkün deyildir. Həmin 
cümləyə  məzmunca yaxın olan mətləbi Azərbaycan dilində 
təxminən belə ifadə etmək olar: “Azərbaycan dilində 
tülkünün dişisinə “dişi tülkü”, ya da “qancıq tülkü” 
deyirlər(demək olar)”. Birinci halda mülahizə tavtoloci 
xarakter daşıyır(tülkünün dişisi - dişi tülkü); ikinci halda isə 
biz dilin özündə  təbii olaraq işlənməyən ifadə üsulundan 
istifadə etmiş oluruq. Ancaq bu zaman biz dildə mövcud 
olan dişi pişik, qancıq pişik və s. tipli ifadə üsullarından çıxış 
edirik. 
İngilis və Azərbaycan dillərində  təsdiq modallığının ifadə 
üsulları arasında fərq  əhəmiyyətli dərəcədə ola bilər. 
Məsələn, “birinci şəxsin” (mən) otaqda olmasının bu dillərdə 
necə ifadə olunmasına fikir verək. 
I am in the room “Mən otaqdayam”. 
Mətnin ingiliscə variantında predikativ xəbər qrupu 
vasitəsilə, azərbaycanca variantında isə söz-forma ilə ifadə 
olunmuşdur. Başqa sözlə desək, ingiliscə cümlədə  xəbər 
dörd sözdən, azərbaycanca cümlədə isə bir sözdən 
ibarətdir. Buna baxmayaraq, otaqdayam sözü ingiliscə 
cümlənin xəbər qrupundakı dörd sözün verdiyi bütün 
semantik və qrammatik məlumatı ehtiva edir. Daha bir 
misal: 
Love is a spenderid thing “Məhəbbət çoxcəhətli  şeydir 
(hissdir, duyğudur)”. 
Burada təsdiq modallığı  is a spenderid thing 
konstruksiyası ilə ifadə olunmuşdur. Həmin birləşmədə 
bazis söz spenderid olsa da, o, təklikdə təsdiq modallığının 

 
256
ifadəçisi deyildir. O özündən qabaqkı və sonrakı sözlərlə 
birlikdə modallığın ifadəsini təmin edir. 
Həmçinin müq. et: I’m an honest man, a man of principle 
“Mən bir namuslu adamam, prinsip adamıyam”. 
Beləliklə, biz görürük ki, təsdiq modallığı müəyyən 
semantik məzmunun dildə mövcud olan qrammatik 
vasitələrlə müəyyən subyektə “bənd olunma”sından 
ibarətdir. 
Predikatın adlarla ifadə olunmasının aşağıdakı tiplərini 
qeyd edə bilərik: 
1. Predikat ümumi isimlə ifadə olunur. 
He is a teacher of English “O, ingilis dili müəllimidir”. 
İngiliscə cümlədə  “is a teacher” tərkib hissəsi özündən 
sonrakı hissədən təcridolunmuş  şəkildə götürülə bilər. 
Həmin cümlənin azərbaycanca variantında isə bütövlükdə 
söz birləşməsi cümlənin xəbəri olub, subyektlə predikativlik 
münasibətindədir. 
İngiliscə cümlədə subyekt (he) və predikatın (teacher
ayrı-ayrı nitq hissələri ilə ifadə olunması (cümlənin 
azərbaycanca variantında da vəziyyət buna oxşardır) onlar 
arasında semantik nisbətdən danışmağı lüzumsuz edir. 
Həmçinin müq. et: He is a gentleman “O, nəcib, 
(ağayana) adamdır”. 
2. Predikat səciyyələndirici, əlamət bildirən sözlə (sifətlə) 
ifadə olunur: 
Sokrates is wise “Sokrat müdrikdir”. 
London is pretty “London gözəldir (qəşəngdir)” 
This stick is bent “Bu çubuq əyridir”. 
It is red “Bu qırmızıdır”. 
He is fool, although he does not look it “O axmaqdır, çox 
da ki, belə görünmür”. 
3. Predikat cümlə üzvü və ya başqa cümlələr hesabına 
genişlənə bilir. Məsələn: 
London is a great city “London böyük şəhərdir”. 
The cat is a clever beast “Pişik ağıllı heyvandır”. 
It is a house in which I was born “Bu mənim doğulduğum 
evdir (Bu o evdir ki, orada mən doğulmuşam”. 
Predikatın ifadə etdiyi məzmunun qətiliyi əlavə vasitələrin 
köməyi ilə artırıla da, azaldıla da bilir. Həmin vasitələrə nitq, 

 
257
hissetmə, təfəkkür felləri, modal sözlər, modal fellər, və s. 
aiddir. Məsələn: 
I see that he is a gentleman “Mən görürəm ki, o, nəcib 
adamdır”. 
I hear that Cohn is leaving “Mən eşidirəm ki, Con 
gedir(çıxıb gedir)”. 
Həmin misallarda əsas (budaq) cümlədə ifadə olunan 
mətləb baş cümlədə danışanın hissiyatına isnad etməklə 
təsdiqlənir. Başqa bir misal: 
He is an artist. He is really an artist. He is an artist 
indeed.  “O sənətkardır. O doğrudan sənətkardır. O əsil 
sənətkardır”. 
Burada birinci cümlədə ifadə olunmuş mülahizəyə ikinci 
və üçüncü cümlələrdə yeni vasitələrlə qüvvət verilir. (Bu 
barədə əlavə məlumat üçün bax: [56, s.81]. 
Predikat tək bir bazis sözlə ifadə olunduğu kimi, iki və 
daha artıq bazis sözlə də ifadə oluna bilir. 
Today is either Monday or Tuesday “Bu gün ya bazar 
ertəsi, ya da çərşənbə axşamıdır”. 
Gördüyümüz kimi həmin cümlədə predikatın yeganə 
olmaması müvafiq həftə günləri adlarından  əlavə, 
bölüşdürücü bağlayıcılarla da ifadə olunmuşdur. 
Burasını da qeyd etmək lazımdır ki, predikatın məzmun 
və ifadə planları bir-birinə müvafiq gəlməyə  də bilər. 
Məsələn, yuxarıdakı cümlədə 
məzmunca bir-birini 
təkzib(istisna) edən tərkib hissələri (Monday, Tuesday
bazar ertəsi, çərşənbə axşamı) ifadə baxımından 
birləşdirilmişdir. Amma biz bilirik ki, “bu gün” bazar 
ertəsidirsə, çərşənbə axşamı deyil və  ,əksinə, çərşənbə 
axşamıdırsa, bazar ertəsi deyil. 
Predikat ifadə planında markalanmamış (nişanlanmamış) 
da qala bilər, amma məzmun planına görə biz eyni 
morfoloci formada olan vahidin hansı  məqamda predikat, 
hansı  məqamda isə başqa üzv olduğunu müəyyənləşdirə 
bilərik. Məsələn: 
Gəlirdim kənddən, Səs gəldi bərkdən. Ağzı sümükdən, 
Saqqalı  ətdən (Tapmaca). Sən ağa, Mən ağa.  İnəkləri kim 
sağa?! (Məsəl).  Ər eldən, oğul beldən. Arada qardaş 
tapilmaz! (Məsəl). 

 
258
Y.N.Starikova predikatın semantik rolunun 
təsnifatından danışarkən qeyd edir ki, subyekt kimi, predikat 
da öz ifadəsini açıq-aşkar, bilavasitə  və gizli, bilvasitə 
formalarda tapır. Bu kateqoriyanın ifadəsi dairəsinə leksik, 
leksik-semantik, adlandırma, isimlə felin, isimlə sifətin, 
sözdüzəltmə 
əlaqələri, fellə 
əşyanın keyfiyyət 
xarakteristikasının əlaqəsi cəlb olunur [151, s.36]. 
Predikatın bilavasitə açıq-aşkar ifadəsi vasitələrinə 
predikasiyanın ikinci dairəsini  əmələ  gətirən məsdər, feli 
bağlama, feli sifət kimi qeyri-şəxsi fel formaları aiddir. Y. N. 
Starikova göstərir ki, ingilis dili cümləsindən ötrü hərəkət-
prosesin felin şəxsli və qeyri-şəxsli formaları ilə 
adlandırılması xarakterikdir. Fel özünün qrammatik (zaman, 
şəkil,  şəxs) mənalarını qeyri-şəxsli formalar üzərinə keçirir 
ki, bunlar da öz növbəsində cümlənin ucqar predikativ 
zonasını  əmələ  gətirir. Felin qeyri-şəxsli formaları ilə 
adlandırma feli şəxsli adlandırmadan təkcə semantik-
sintaktik planda yox, morfoloci və genetik planda da asılıdır 
[151, s.38]. 
Y.N.Starikova belə hesab edir ki, predikat adlandırması 
finit (təsriflənən) fellər və onların qeyri-finit (təsriflənməyən) 
formaları ilə  məhdudlaşmır. Bu nominasiyanın dairəsinə 
isimlər də, substansiyanın keyfiyyət xarakteristikasını, onun 
əlamətlərini, halını, hərəkətini, prosesi bildirən sifətlər də 
daxildir. 
Linqvistikanın müasir inkişafı dövründə predikativlik təkcə 
felliklə  əlaqələndirilmir. O, geniş, təyin olunan və  təyin 
edilənin əlaqələrini də ifadə etməyə qabil olan bəzi vasitələr 
üzərində dayanan kateqoriya kimi başa düşülür [151, s.35]. 
Y.N.Starikova  əlavə edir ki, predikativlik təkcə cümlə ilə 
bağlı deyil. O, subyekt-predikat münasibətlərini ifadə edə 
bilən hər bir vahidlər cütünə xasdır. 
Deməliyik ki, predikativlik kateqoriyası yalnız təsdiq 
modallığına nisbətdə  əhəmiyyətli kateqoriya deyil. O, dilin 
fundamental kateqoriyalarından olub, inkar, sual və s. 
modallıqlarla da əlaqədar olaraq fikrin bu və ya başqa 
şəkildə formalaşmasına xidmət edir. Bu barədə yalnız  əmr 
modallığı müəyyən məqamlarda istisna təşkil edir.  
 

 
259

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin