İPF-B19 Proqram mühəndisliyinin əsasları və layihələndirmə 4 kredit (60 saat) Proqram mühəndisliyi – istifadəçi və kliyentin tələblərini ödəyən, proqram
sisteminin effektiv qurulması məqsədilə istifadə olunan bilik və təcrübədir, baxılan
proqramın nəzəriyyəsini izah edən bir elmdir. Bu fəndən, hazırlanmaqda olan
kiçik sistemlərdən başlayaraq ən böyük sistemlərə qədər istifadə edilə bilər. Bu
fənn proqram sisteminin həyat dövrünün bütün mərhələlərini öyrənir. Buraya
proqrama tələbatların analizi, proqramların spesifik xüsusiyyətlərinin müəyyən
edilməsi, layihələndirilməsi, qurulması, testləşdirilməsi, istismarı və müşayiəti
mərhələləri daxildir.
İPF-B24 Verilənlərin strukturu və VBİS - 6 kredit (90saat )
Verilənlər bazası – verilənlərın toplanması və kompüterin köməyi ilə işlənib
hazırlanması üçün sistemləşdirilmiş verilənlər yığımının təqdim edilməsi və
təşkilinin obyektiv formasıdır. Bu fənn vasitəsilə tələbələr verilən - informasiya
vahidi ilə, bir-biri ilə qarşılıqlı əlaqələndirilmiş, eyni prinsiplərlə və vasitələrlə
təsvir olunan, saxlanan və idarə olunan verilənlər bazası, həmçinin Microsoft
Access 2010 VBİS-ilə tanış olacaq, onlarda Delphi mühitində baza yaratmaq
bacarıqları formalaşdırılacaq.
İPF-B12 Alqoritmin analizi və hazırlanma üsulları - 8 kredit (105 saat)
Alqoritmlər və bu anlayışla bağlı nəzəriyyələr nəinki riyaziyyatda, həmçinin
kibernetikada, fizikada, hətta qeyri-dəqiq elm sahələrinin problemlərinin
araşdırılmasında müvəffəqiyyətlə istifadə olunur. Bu fənnin tədrisində
alqoritmlərin qurulması üsulları, alqoritmin realizasiyasında maşın yaddaşının
istifadəsi, rekursiv funksiyaların hesablanması üsulları və analizi, alqoritmlərin
effektivliyinin və mürəkkəbliyinin analizi, nizamlama və axtarış üsulları üzrə
mühüm mövzular öz əksini tapmışdır. Fənnin əsas məqsədi tələbələrə müxtəlif
məsələlərin həllini yerinə yetirməyə imkan verən alqoritmlərin qurulması
vərdişlərini, həmçinin alqoritmlərin effektivliyinin və mürəkkəbliyinin analizini
həyata keçirmək üsullarını aşılamaqdan ibarətdir.