Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə11/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   7   8   9   10   11   12   13   14   ...   352
CƏLAL ƏLİRZA OĞLU ƏLİYEV


11 
1970-ci illərdən başlayaraq akademik Cəlal Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə 
buğdanın seleksiyası sahəsində kəskin dönüş yarandı. İlk növbədə institutda geriliyin aradan 
qaldırılması üçün uzun bir dövrü əhatə edən hərtərəfli, elmi əsaslı kompleks seleksiya proqramı 
hazırlandı. Bu proqramın əsas məqsədi ilk növbədə Azərbaycan Respublikasının müxtəlif 
aqroekoloji şəraitinə uyğun, quraqlığa, duza, yüksək temperatura, soyuğa, şaxtaya, xəstəlik və 
zərərvericilərə və yatmaya kompleks davamlı, kənd təsərrüfatı istehsalının tələblərini ödəyən 
intensiv tipli, daha yüksək məhsuldar və keyfiyyətli dənli taxıl sortlarının yaradılmasının nəzəri 
əsaslarının və təcrübi üsullarının işlənib hazırlanmasından ibarət idi. Bu işə bitkilərin fiziologiyası, 
biokimya, texnologiya, genetika, seleksiya, entomologiya və fitopatologiya sahəsində çalışan 
mütəxəssislər yaxından cəlb edildi. 
Kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, keçən əsrin yetmişinci illərində 
taxılçılığın intensiv üsullarla becərilməsinə başladıqdan sonra yeni qısa boylu, tezyetişən, yüksək 
məhsuldar və keyfiyyətli buğda sortlarına tələbat artdı. Həmin illərdə Azərbaycana bir çox 
ölkələrdən gətirilən qısa boylu buğda sortları yerli şəraitə uyğunlaşmadığından xəstəliklərə 
tutulurdu. Bu zaman müxtəlif institutlarda, seleksiya mərkəzlərində, bölgə təcrübə bazalarında 
intensiv seleksiya işləri aparılırdı. Lakin yüksək məhsuldar, keyfiyyətli, xəstəliklərə və mühitin 
əlverişsiz amillərinə davamlı buğda sortlarının yaradılması nəzəri tədqiqatlar aparmaqla seçmə 
üçün yeni metodların və yüksək ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac duyulurdu.1970-
ci illərə qədər respublikada əkinçilik sahəsində müəyyən kadrlar hazırlansa da, elmi-tədqiqat işləri 
aparılsa da, taxıl istehsalını artırmaq, əkinçiliyin digər problemlərini həll etmək mümkün 
olmamışdır. Həmin dövrdə kadr hazırlığı, texniki təminat və elmi-tədqiqat işlərində dönüş 
yaratmadan, kənd təsərrüfatında böhran keçirən respublikada çətinlikləri aradan qaldırmaq 
mümkün deyildi. Ölkənin misilsiz milli sərvəti hesab olunan elmi-texniki potensialın yaradılması 
kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində olduqca zəruri idi. Bu zərurəti akademik 
C.Ə.Əliyev elmi uzaqgörənliyi, təbii fitri istedadı və yüksək intuisiyası ilə hələ xeyli əvvəllər hiss 
etmişdi. Zəngin təcrübəyə, böyük elmi zəkaya malik olan akademik çox gözəl bilirdi ki, yüksək 
istedadlı gəncləri elmi işə yaxından cəlb etməklə, elmi əsaslara istinad etməklə, kənd təsərrüfatı 
istehsalının səmərəliliyinin artırılmasına nail olmaq mümkündür.Uzaqgörən, müdrik akademik 
biologiya, kənd təsərrüfatı və s. üzrə fundamental və tətbiqi sahədə tədqiqat aparmağa qabil 
kadrların hazırlanmasını ilkin vəzifələrdən biri kimi qarşıya məqsəd qoydu. Bu məqsədə 1972-ci 
ildən başlayaraq müxtəlif elmi sahələr üzrə yüksək ixtisaslı kadrlar: bioloqlar, kimyaçılar, 
aqronomlar, fiziklər, riyaziyyatçılar, mühəndislər instituta cəlb edilərək keçmiş ittifaqın müvafiq 
elmi mərkəzlərinə əvvəlcə 2 illik ixtisasartırma kurslarına, sonra isə məqsədli aspiranturaya 
göndərilirdi.Akademik C.Əliyevin misilsiz xidmətidir ki, 80 nəfərdən artıq elmi işçi keçmiş SSRİ-
nin nüfuzlu elmi mərkəzlərində biofizika, biokimya, biotexnologiya, torpaq fizikası, aqrokimya, 
molekulyar biologiya, genetika, molekulyar genetika, bitkilərin fiziologiyası, aqroekosistemin 
riyazi modelləşdirilməsi, fotosintetik proseslərin riyazi modelləşdirilməsi, radiobiologiya, texniki 
kibernetika və informasiya nəzəriyyəsi, fitopatologiya, xəstəliyə qarşı bitkilərin immuniteti, 
quraqlığa davamlılıq üzrə seleksiya, elektron hesablama maşınlarının tətbiqi ilə təcrübi 
göstəricilərin riyazi işlənməsi və s. sahələr üzrə uzunmüddətli ixtisasartırma kursları 
keçmişlər.Bunun məntiqi nəticəsidir ki, məqsədli aspirantura da daxil olmaqla Əkinçilik 
İnstitutunda 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlandı. Onlardan 255 nəfəri dissertasiya 
işlərini müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşlər. 
Akademik Сəlal Əliyevin bilavasitə elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı 
tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb 
edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunmuş və müasir kadr potensialı 
formalaşdırılmışdır. Alimin rəhbərliyi ilə 100-ə yaxın fəlsəfə doktoru və elmlər doktoru 
hazırlanmışdır. Onun bir çox tələbələri MDB-yə daxil olan, eləcə də ABŞ, Almaniya, Fransa, 
Kanada, Avstraliya, Yaponiya, İsveç, İsrail, Birləşmiş Krallıq, Cənubi Koreya və başqa ölkələrə 
dəvət olunmuş və hal-hazırda orada müvəffəqiyyətlə çalışırlar. Akademik C.Əliyevin dünyanın 
aparıcı elm mərkəzləri ilə apardığı danışıqlar nəticəsində Əkinçilik İnstitutunun bir çox elmi 
işçiləri dəfələrlə CIMMYT, ICARDA, IPGRI, ICRISAT, ICBA və s. beynəlxalq təşkilatların 


12 
maliyyə dəstəyi ilə kənd təsərrüfatının müxtəlif prioritet istiqamətləri üzrə beynəlxalq 
ixtisasartırma kurslarında təhsil almışlar. Təsadüfi deyildir ki, akademik C.Əliyev və onun 
hazırladığı kadrlar 1993-cü ildə bioloji məhsuldarlıq proseslərinin molekulyar əsaslarının 
öyrənilməsində böyük nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 qrantına layiq görülmüşlər. 
Geniş və əhatəli seleksiya proqramı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda akademik Cəlal 
Əliyevin rəhbərliyi ilə yetmişinci illərdən həyata keçirilməyə başlandı. İlk növbədə bu məqsədlə 
baş qərargahı Meksikada yerləşən Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq 
Seleksiya Mərkəzinin (CIMMYT) və keçmiş Sovetlər birliyinə daxil olan, buğdanın seleksiyası ilə 
məşğul olan institutların hesabına müxtəlif morfofizioloji əlamətlərə malik zəngin buğda 
genofondu-gen bankı yaradıldı. Bu genofond fotosintez əlamətlərinin nəslə keçirilməsi və 
irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və başlıcası, 
məqsədyönlü seleksiyanın kompleks əlamətlərə əsasən həyata keçirilməsi üçün istifadə olunmağa 
başlanmışdır. Bununla da C.Əliyevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə olaraq buğdanın 
seleksiyasının elmi əsaslandırılmış proqramının həyata keçirilməsinin əsası qoyulmuşdur. Bir 
sözlə, hələ ötən əsrin sonunda qısaboylu intensiv tipli buğda sortlarının məhsuldarlığının 
artırılmasına görə akademik C.Əliyevin nəzəri və təcrübi tədqiqatlarının nəticəsində əsil “Yaşıl 
inqilab” baş vermiş və bu bütün dünyada əks-sədaya səbəb olmuşdur. Buğdanın seleksiyasında 
əsaslı nailiyyətlərin əldə olunması üçün nəzəri tədqiqatların aparılmasının vacibliyini qabaqcadan 
görən akademik C.Əliyev bu istiqamətdə tədqiqatları hələ keçən əsrin 70-ci illərindən aparmağa 
başlamışdır. Buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla bunu arzu olunan 
istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparılmışdır. Bununla da Azərbaycanda 
biologiya sahəsində tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen 
biotexnologiyasının inkişafının əsası akademik C.Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi 
ilə aparılan molekulyar tədqiqatlar əsasında uyğun fermentlərin vasitəsi ilə buğda bitkisinin genom 
kitabxanası yaradılmış, sintez olunmuş plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində 
davamlılıq geni daşıyan bitki regenerantları alınmışdır. Bunun əsasında gen mühəndisliyindən 
istifadə etməklə yad genlərin köçürülməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin klonal çoxalma 
sxemi işlənib hazırlanmışdır. O daima əldə etdiyi elmi nailiyyətləri dünyanın müxtəlif ölkələrinin 
və Beynəlxalq mərkəzlərin aparıcı mütəxəssislərinin iştirakı ilə tarla şəraitində müzakirəsinə 
xüsusi diqqət yetirmişdir. 
Akademik Cəlal Əliyev uzun müddət aparılmış nəzəri və eksperimental tədqiqatlarla 
fototənəffüs hadisəsinin əhəmiyyətinin aydınlaşdırılmasına nail olmuşdur. Bu ideya, uzun illər 
tarla şəraitində müxtəlif bitki genotipləri üzərində aparılan məqsədyönlü və çoxşaxəli tədqiqatların 
nəticələrinə əsaslanmışdır. Bunun üçün ilk növbədə 10 min buğda genotipini, xəstəliklərə və 
mühitin qeyri əlverişli amillərinə (quraqlığa, torpaq şoranlığına və s.) davamlı yüksək məhsuldar 
sortları özündə ehtiva edən zəngin buğda genofondu yaradıldı. Müəyyən olundu ki, yüksək 
məhsuldar (7-9t/ha) buğda genotiplərinə yüksək fotosintez intensivliyi ilə yanaşı yüksək 
fototənəffüs ölçüləri də xasdır. Orta və aşağı məhsuldarlıqlı (3t/ha) genotiplərdə isə əksinə həm 
CO
2
assimilyasiyası, həm də fototənəffüsün intensivliyi kiçik qiymətlərə malik olmuşlar.
Aydınlaşdırıldı ki, müxtəlif məhsuldarlıqlı genotiplərdə həqiqi fotosintezin fototənəffüsə olan 
nisbəti orta hesabla 3:1-dir. Beləliklə, akademik C.Əliyev fotonəffüsün israfçılığının əksinə olaraq 
40 il ərzində tarla şəraitində yetişdirilən və məhsuldarlığına görə təzadlı olan buğda 
genotiplərindən istifadə edərək, qaz mübadiləsinin intensivliyi, karbon metabolizmi və RBFK/O 
fermentinin aktivliyinə dair aparılmış müxtəlif istiqamətli tədqiqatlarla sübut etmişdir ki
fototənəffüs təkamüldə formalaşmış olan həyat əhəmiyyətli metabolik prosesdir. O, tədqiqatlarda 
alınan nəticələrə əasalanaraq bitkilərdə məhsuldarlığın artırılması üçün fototənəffüsü müxtəlif 
yollarla zəiflədilməsinin əsassız olduğunu bir daha sübut etmişdir. Fotosintez və fototənəffüsün 
əsas fermentlərininfosfoenolpiruvatkarboksilaza və fosfoqlükalatfosfatazanın tam şəkildə 
nukleotid və aminturşu ardıcıllığı təyin edildi.
Akademik C.Əliyevin əldə etdiyi bu nailiyyətləri, eləcə də Əkinçilik ET İnstitutunda bu 
əsasda yaradılan buğda sortları və onların respublikada geniş əkin sahəsinə malik olmasını 2011 və 
2013-cü illərdə Bakıda keçirilən və “Davamlı İnkişaf üçün fotosintez tədqiqatları”na həsr olunmuş 


13 
beynəlxalq konfransda təmsil olunan 40-dan artıq xarici ölkənin elm adamları tərəfindən yüksək 
dəyərləndirildi. Onlar akademik Cəlal Əliyevin uzun müddət fotosintez, xüsusən də fototənəffüs 
sahələrində əldə olunan nailiyyətlərini yüksək qiymətləndirərək bildirmişlər ki, professor Cəlal 
Əliyevin bu illər ərzində əldə etdiyi bu nailiyyətlərdən yalnız Azərbaycan xalqı deyil, bütövlükdə 
dünya elmi də bəhrələnəcək.
Artıq keçən əsrin 80-ci illərinin əvvəllərində aparılan nəzəri və praktiki tədqiqatlar 
nəticəsində akademik C.Ə.Əliyev tərəfindən “İdeal buğda” bitkisinin modeli hazırlamış və onun 
testləri əsasında seleksiya materiallarının seçilməsi ilə qiymətli formalar yaradılmışdır. Bu model 
özündə fotosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin morfofizioloji və aqronomik 
xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin amilləri ilə 
birlikdə öyrənilməsini ehtiva etmiş və bu əsasda yüksək məhsuldarlığı sərtləndirən prinsiplər 
müəyyən edilmişdir. Bütün bunların nəticəsində artıq 1980-ci illərdə bir çox qiymətli buğda 
hibridləri yaradıldı, respublikamızın müxtəlif regionlarında yerləşən bölgə təcrübə stansiyalarında 
ekoloji sınaqlardan keçirildi və onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları seçilərək 
Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına (SNSMDK) təqdim 
olundu. Aparılan ekoloji sınaqlar və SNSMDK-nin nəticələri əsasında rayonlaşdırılmış Mirbəşir 
50, Qaraqılçlq 2, Vüqar, Şiraslan 23, Tərtər, Bərəkətli 95, Əlincə 84 bərk, Mirbəşir 128, Əkinçi 84, 
Qiymətli 2/17 yumşaq buğda sortları tezliklə respublikada geniş əkin sahəsi tutmağa başladı. Hələ, 
1988-ci ildə bərk buğda proqramının məntiqi nəticəsi kimi akademik C.Əliyevin yaratmış olduğu 
məşhur Qaraqılçıq 2 bərk buğda sortu Azərbaycanda rayonlaşmaq üçün təsdiq olunmuş və tezliklə 
keçmiş Sovetlər Birliyinin Dövlət Sortsınağı Komissiyası yüksək məhsuldarlığına görə bu sortun 
Özbəkistan və Türkmənistan respublikalarında da rayonlaşmasına qərar vermişlər. Respublikada 
taxılın orta məhsuldarlığının iki dəfə artaraq 2,5-2,6 t/ha çatmasında məhz bu sortların əkin 
sahələrinin tez bir zamanda genişlənməsinin də böyük rolu olmuşdur. Bunun üçün Əkinçilik 
İnstitutunun respublikanın hər bir bölgəsini əhatə edən təcrübə stansiyalarında yaradılmış yüksək 
məhsuldar taxıl sortlarının toxumçuluq sistemi sürətlə inkişaf etdirildi. Hər bir bölgə üçün işlənib 
hazırlanmış elmi əsaslandırılmış becərmə texnologiyasının tətbiqi göstərdi ki, intensiv tipli bu 
sortlardan optimal şəraitdə hektardan 7-8 ton dən məhsulu almaq mümkündür. İnstitutda 
yaradılmış sortların əksəriyyəti məhz bu modelin testləri əsasında həyata vəsiqə almışdır. 
Yaradılmış bu testlər qısa müddətdə minlərlə nümunələrin, ilkin seleksiya materiallarını 
qiymətləndirməyə imkan verdi. Odur ki, C.Əliyevin seleksiya proqramı çoxcəhətli və hərtərəflidir. 
O daima işləyən, təkrar olunmaz və dinamik inkişafda olan və bir-birini tamamlayan bir 
mexanizmdir. Bunu artıq dayandırmaq və ya zəiflətmək mümkün deyildir. Buna 80-ci illərin 
axırlarında, 90-cı illərin əvvəllərində bir çox ciddi cəhdlər olmuş, Əkinçilik İnstitutunun rəhbərliyi 
dəyişdirilmiş, seleksiyaçı alimlər başqa işə keçirilmiş, elmi işlərin aparılmasına lazımi şərait 
yaradılmamışdır. Məhz o, ağır illərdə akademik C.Əliyev hər cür təqib və təzyiqlərə baxmayaraq 
Əkinçilik İnstitutunda başladığı seleksiya proqramını həyata keçirmək üçün alimləri öz ətrafında 
sıx birləşdirərək, onları ruhdan düşməyə qoymamışdır. Respublikamızın taxıla olan tələbatına və o, 
illərdə süni surətdə yaradılmış blokadanı yaxşı başa düşən Cəlal müəllim tezliklə taxıl istehsalını 
artırmaq üçün proqramlar hazırlayıb dövlət rəhbərliyinə göndərmişdi. Çox təəssüflər ki, o zaman 
belə mühüm, vacib işi həyata keçirmək üçün müsbət cavab ala bilməmişdi. Çətinliklərə 
baxmayaraq həmin illər seleksiya işləri nəticəsində respublikada yüksək məhsul vermək 
potensialına malik olan “Mirbəşir 50”, “Tərtər” və “Vüqar” bərk buğda sortları rayonlaşmış və 
seleksiya nailiyyətlərinin Dövlət reystrinə daxil edilmişdir. 
Ancaq mürəkkəb torpaq-iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun buğda 
sortlarının yaradılması zəruriyyəti qarşıda dururdu. Bu tip sortlar yüksək məhsuldar, quraqlığa, 
şaxtaya, xəstəlik və zərərvericilərə davamlı, şoran və şorəkət torpaqlarda də nisbətən yüksək 
məhsul vermək qabiliyyətinə malik olmalı idi. Məhz akademik C.Əliyevin son otuz ildə seleksiya 
proqramında inkişaf etdirdiyi istiqamətlərdən biri də bu olmuşdur. Bunun üçün hibrid nəsillərin 
alınmasında yerli buğda sortlarından istifadə olunmasına böyük üstünlük verildi. Xalq seleksiyası 
yolu ilə yaeadılmış «Qaraqılçıq», «Qırmızı buğda», «Sarı buğda», «Ağ buğda», «Şərq» və başqa 
Azərbaycanda uzun müddət əkilən, təbii seçmə nəticəsində yeni şəraitə uyğunlaşan davamlı buğda 


14 
genotipləri yeni intensiv sortlarla hibridləşdirilərək yeni hibrid nəsillər yaradıldı. Bunlardan 
perspektivli hesab olunan formaların ekstremal amillərə davamlılığının Əkinçilik İnstitutunda 
fəaliyyət göstərən fitotronda süni iqlim kameralarında öyrənilməsi tezliklə onların tarla şəraitində 
sınaqdan keçirilməsinə imkan yaratdı. Artıq bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində alınmış 
quraqlığa davamlı «Bərəkətli 95» bərk buğda sortu ilə yanaşı «Qobustan», «Ruzi 84», «Qızıl 
buğda», «Günəşli» yumşaq buğda sortlarının əkin sahəsi respublikanın quraq dəmyə regionlarında 
artmaqdadır. Bu tipli bir çox hibrid formaların tarla şəraitində suvarma rejimindən asılı olaraq 
fizioloji xüsusiyyətlərinin öyrənilməsi yeni quraqlığa davamlı hibridlərin seçilməsinə zəmin 
yaratdı.
Əkinçilik İnstitutunda aparılan seleksiya proqramının yeni istiqamətlərindən biri də 
buğdanın seleksiyası üzrə dünyada məhşur olan CIMMYT və Quraq Bölgələrdə Beynəlxalq 
Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi (ICARDA) ilə aparılan birgə tədqiqatlardır. Akademik 
həmin təşkilatlarla birgə əməkdaşlıq üçün müraciət etdikdən sonra 1995-ci ildən başlayaraq 
CIMMYT və ICARDA-nın mərkəzi Asiya və Cənubi Qafqaz üzrə əlaqələndiriciləri bir qayda 
olaraq Azərbaycanda səfərdə olurlar. Əkinçilik İnstitutunda və onun müxtəlif bölgələrdə yerləşən 
təcrübə bazalarında aparılan seleksiya işləri ilə tanışlıqdan sonra, onlar burada seleksiya işlərinin 
beynəlxalq səviyyədə aparılmasının şahidi olmuşlar. Akademik C.Əliyevin mütərəqqi seleksiya 
proqramı, xüsusən də bərk buğdanın seleksiyası istiqamətində aparılan tədqiqatlar ölkədə səfərdə 
olan beynəlxalq nümayəndə heyətlərini hər dəfə heyran etmişdir. Azərbaycanda taxıl sortlarının 
seleksiyasının yüksək səviyyəsi CIMMYT-in rəhbərliyində böyük maraq doğurduğundan birgə 
əməkdaşlıq haqqında protokol 1996-cı ildə imzalanmışdır. Elə həmin dövrdən başlayaraq 
mütəmadi qaydada hər il iki mindən artıq müxtəlif təyinatlı və bioloji xüsusiyyətli buğda sort və 
hibridləri CIMMYT və ICARDA təşkilatlarından Azərbaycana göndərilməyə başlanılmışdır. 
Onlar akademik C.Əliyevin rəhbərliyi ilə ayrı-ayrı bölgələrdə öyrənilmiş və yeni yerli hibrid 
nəsillərin yaradılmasında istifadə olunmuşdur.
Onun son illərdə müntəzəm olaraq institutun bölgələrdəki təcrübə bazalarında seleksiya 
materiallarını qiymətləndirməsi, istehsalat üçün sortların seçilməsi istiqamətində apardığı 
məqsədyönlü işlər artıq öz bəhrəsini vermişdir. SNSMDK-nın qərarı ilə rayonlaşmış və yüksək 
arxitektonikaya malik Əzəmətli 95, Qobustan, Nurlu 99, Ruzi 84, Aran, Tale 38, Qırmızı gül1, 
Qızıl buğda, Zirvə 85, Fatimə, Günəşli, Şəfəq 2 yumşaq buğda sortlarının sürətlə istehsalata 
tətbiq olunması respublikanın taxıl istehsalının daha da artırılmasına səbəb olmuşdur. Eyni 
zamanda perspektivli olan Ləyaqətli 80, Yeganə, Pirşahin 1, Pərvin yumşaq buğda sortları 
SNSMDK-da sınaqdadır. C.Əliyevin bu sortlarının əsas müsbət cəhətləri əkin səviyyəsində 
sünbüllərinin bir bərabərdə paylanması, yarpaqlarının qısa və ensiz olub, gövdəyə nisbətən şaquli 
yerləşdiyindən vegetasiya müddətində uzun müddət fotosintetik fəaliyyətdə olmasıdır. Artıq 
respublikada geniş əkin sahəsi tutan bu buğda sortlarının optimal becərmə şəraitində 
məhsuldarlığı hektara 6-8 ton təşkil edir. 
C.Əliyevin tədqiqat prioritetlərinə ağır ekoloji vəziyyət, o cümlədən kənd təsərüfatı 
bitkilərində toplanan radioaktiv parçalanma məhsulları olan radionuklidlərlə torpağın 
çirklənməsi ilə əlaqədar 1970-ci ildən uzunömürlü nuklidlərin torpaq-bitki örtüyündə paylanma 
qanunauyğunluqlarının öyrənilməsi də daxildir. Bu elementlərin torpaq-bitki sistemində 
miqrasiya tsiklinin analizi əsasında Azərbaycanın torpaq-bitki örtüyündə stronsium-90 və 
sezium-137-nin dövranının ümumi biogeokimyəvi xəritəsi verilmiş, bitkilərin mümkün 
çirklənmə proqnozları müəyyən olunmuş və bu hallarda kənd təsərrüfatında həyata keçirilməsi 
zəruri olan praktiki təkliflər işlənib hazırlanmış, başqa sözlə,radiasiya təhlükəsizliyi tədbirlərinin 
əsaslandırılması üçün istifadə olunan bütün işlər görülmüşdür. 
Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunan 600-
dən artıq elmi əsərdə, o cümlədən 25-dən artıq monoqrafiya və kitabda öz əksini tapmışdır. 
Müxtəlif ixtiralarına görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin məhsuludur. O, 
iştirakçısı olduğu mötəbər simpozium, konfrans və forumlardakı dolğun çıxışları ilə Azərbaycan 
elmini layiqincə təmsil etmişdir. 


15 
Dünyanın bir çox ölkələrinin beynəlxalq təşkilatları, mütəxəssisləri və ölkədə çalışan 
tanınmış elm xadimləri əldə olunan nailiyyətlərlə tanış olduqdan sonra etiraf etmişlər ki, 
Azərbaycanda akademik Cəlal Əliyevin rəhbərliyi ilə buğda tədqiqatları üzrə dünyada güclü bir 
seleksiya mərkəzi yaranmışdır. Nəzəri tədqiqatlara əsaslanan, daima təkmilləşən və dünya elmi 
ilə müntəzəm olaraq inteqrasiyada olan bu mərkəz daima dinamik inkişaf yolundadır. Yaradılmış 
elmi baza, zəngin taxıl genofondu, elmi əsaslanldırılmış selekisya proqramı bu mərkəzin əsas 
hərəkətverici qüvvəsidir.
Rusiya, Ukrayna, Belorus Kənd Təsərrüfatı Elmləri Akademiyalarının və nüfuzlu elmi 
şuraların üzvü olmuş Cəlal Əliyev, o cümlədən bir sıra beynəlxalq və milli cəmiyyətlərin, o 
cümlədən Bitkilərin Molekulyar Biologiyası üzrə Beynəlxalq Cəmiyyətin (1994), Amerika Bitki 
Bioloqları Cəmiyyətinin (1994), Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (1995), 
Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin (1997), Hüceyrə Stresi üzrə Beynəlxalq Cəmiyyətin 
(1998) üzvü olmuşdur. Eyni zamanda YUNESKO yanında «Bioetika, elmi bilikilərin və 
texnologiyaların etikası» Milli Komitəsinin (1999) və Azərbaycan Biokimyaçılar və Molekulyar 
Bioloqlar Cəmiyyətinin (1999) sədri olmuşdur. Cəlal Əliyev həmçinin 1994-cü ildən etibərən 
Azərbaycanda «Biologiya Elminin Yeni Sahələrinin İnkişafı» Fondunun (BEYSİF) prezidenti, 
Bitki Genetik Ehtiyatları üzrə Rəhbər Komitənin sədri və Genetik Ehtiyatlar üzrə Milli 
Proqramın rəhbəri (1996), Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Birliyin 
səlahiyyətli nümayəndəsi (2004) olmuşdur.
Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü 
məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Ölkəmizdə XX əsrin axırlarında 
сərəyan edən mürəkkəb iсtimai-siyasi proseslərdə o, əsil vətəndaş mövqeyi tutmuş, milli 
mənafelərin müdafiəsi işinə sanballı töhfələr vermişdir. Сəlal Əliyevin 1995-2015-ci illərdə 
ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olmuşdur. Milli 
Məclisin deputatı olan akademik C.Əliyev parlamentdə təhsillə, elmlə və kənd təsərrüfatı ilə 
bağlı məsələlərin müzakirələrində fəal iştirak etmiş və həmişə də öz prinsipiallığı ilə 
fərqlənmişdir. 
Akademik Cəlal Əliyev elm qarşısında böyük xidmətlərinə görə 2 dəfə «Qırmızı əmək 
bayrağı» (1978, 1986), Müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı-«İstiqlal» (1998) 
və «Şərəf» (2013) ordenləri ilə təltif olunmuşdur.
Dünya şöhrətli alimin yaratdığı elmi məktəb, buğda sortları, zəngin buğda genofondu, 
yazdığı qiymətli elmi əsərlər Azərbaycan xalqının Milli sərvətidir. Xalqımız bilməlidir ki, 
Akademik Cəlal Əliyevin yaratdığı məktəb və onun təmsilçiləri ölkənin ərzaq təhlükəsizliyinin 
təmin edilməsi naminə bundan sonra da əzmlə çalışacaqdır. O, yaşadığı bu illər ərzində elmin 
çətin, lakin şərəfli yollarında böyük dünya elminə nə töhfə veribsə, doğma ölkəmiz, xalqımız, 
millətimiz, insanların xoş güzaranı naminə etmişdir. Biz görkəmli alim, tanınmış ictimai xadim 
akademik Cəlal Əliyevin biologiya elminin digər sahələrində eldə etdiyi nailiyyətlərin gələcək 
nəsillərə irs qalacağına qəlbən inanırıq. Bu irsi yaşatmaq, onu qoruyub gələcək nəsillərə olduğu 
kimi çatdırmaq yaratdığı elmi məktəbin hər bir üzvünün, Azərbaycan xalqını müstəqil və 
qüdrətli bir dövlət kimi görmək istəyən hər bir vətən övladının müqəddəs borcu olmalıdır.
Görkəmli alim, tanınmış ictimai xadim Cəlal Əlirza oğlu Əliyevin əziz xatirəsi qəlbimizdə 
hər zaman yaşayacaqdır. Allah rəhmət eləsin!

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin