Yaşik YA!
CƏRGƏ
Quşbaşı qar yağırdı. Quşa dönmüşdüm. Qurtulurdum
artıq. “Qumbara” kafesində oturmuşduq. Baş leytenant Qubalı,
baş leytenant Quliyev, gizir Qubadov, gizir Qurbanov və gizir
Qunduzovla birgə ordudan tərxis olunmağım haqqında müdafiə
14
nazirinin verdiyi əmri yuyurduq. Gecə bölüyə cavabdeh qalmış
gizir Qulamov günortadan evə getmişdi. Bölük komandiri,
kapitan Quluncovun hərbi hissədə işi vardı, avtomatların
qundağını rənglədirdi. Müftə yeməyi əldən buraxmazdı, özünü
yetirəcək, divardakı yarıçılpaq estrada ulduzlarına baxa‐baxa
Natadan danışacaqdı. Rusiyada hərbi məktəbdə oxuduğu illərdə
məşuqəsi Nata ilə yaşadığı intim həyatın bütün detallarını
bilirdik, min dəfə eşitmişdik, minbirinci gecənin nağılına qulaq
asmağa həvəsim olmadığından, yubanmağı ürəyimcəydi. Həm də
ona görə ürəyimcəydi ki, onun Natayla macəralarını gizirlərin
içində danışması baş leytenant Qubalının NATO zabiti şərəfinə
xələl gətirirdi. Natadan söz düşəndə Qubalı göz‐qaşını
oynadacaq, stolda zabit‐gizir ayrıseçkiliyi yaranacaqdı. Hərçənd
bizim bölükdəki gizirlərdən biri, lap dəqiqi, Qurbanov hərbi
hissədəki yeganə qadın zabitlə evlənmişdi. Söz‐sözə gələndə
“mən evdə zabit... əstəğfürullah” deyərək arxasını yerə vermirdi.
Baxmayaraq ki, gizir Qurbanovun qonşuluğunda yaşayan hərbi
qulluqçular leytenant xanımın gecələr verdiyi “farağat”
komandasından səksəkəyə düşmüşdülər. Zabitənin o komandanı
kimə, yoxsa nəyə verməsi hərbi hissədə əsas lağlağı
mövzularındanıydı. Gecələr yalnız farağat komandasının verilib,
“azad” komandasının verilməməsi də məsxərəyə qoyulardı.
Bayağı lağlağılar, məsxərələr eşitməyəcəkdim daha. İki həftədir
yolunu gözlədiyim göyçək əmr hərbi hissəyə günortaya yaxın
yetişmişdi. Vaxt itirmədən təhvil‐təslimə başlamış, axşamacan
qaiməni əksər rəislərə imzalatmışdım. Kazarmada kürkümü
çıxardıb gün nöbvətçisinə vermiş, günlüyümü qonşu bölükdəki
ehtiyyatdan çağırılmış leytenanta, toqqamı dembellərdən birinə
bağışlamışdım. Çəkməmi və formamı gizir Qurbanov istəmişdi.
Əlimə pul gələcəyini bildiyindən hərbi şəhərcikdəki
kafenin Qubadlıdan qaçqın düşmüş sahibi “Quşbaz” Niyaz qulağı
bizdə ola‐ola oğluna göstəriş verir, masaya bir ucdan quzu əti,
qutab, kotlet, salat, spirtli və spirtsiz içkilər göndərirdi. Gizir
15
Qurbanov, adəti üzrə, ilk qədəhdən keflənmişdi. Qunduzov arağı
çappa stəkanla içsə də, üzündə sərxoşluq əlaməti gözə dəymirdi.
Can qardaş‐ ləzgi idi‐ fal‐fal doğranaraq üstünə nar sıxılmış
soğana əl uzadana göz ağardır, Niyazın tərifləyə‐tərifləyə masaya
yolladığı soyutma tikələri, kotletləri içəri ötürürdü. Baş leytenant
Qubalı hər qədəhin dalınca siqaret alışdırır, bir‐iki qullab vuraraq
quyruğunu qaldırıb belinin tirinə qoyur, bizi tüstüyə verirdi.
Quliyev tez‐tez xəyala dalırdı. Həmişə bəxtindən gileylənən və
özündən şübhəli olan gənc zabit canımı qurtarmağıma qibtə edir,
mənə bəxtəvərçilik verirdi. Gizir olmasına baxmayaraq,
hörmətinə görə kiçik zabitlərlə bir tutulan Qubadov hissəyə
gəldiyim ilk günləri xatırlayır, tabor komandirinin tapşırığıyla
cavabdehlik prosesini, günün nizam qaydalarını öyrənmək üçün
onunla növbədə qaldığım gün məni xamlayaraq cərgəyə
qoyduğunu, bölüklə birgə otuzdurub‐qaldırdığını danışır,
gülürdük. Ertəsi gün əhvalat bütün tabora yayılmışdı, tabor
komandiri, mayor Aranlının da qulağına çatmışdı, zabitlə
məzələnmək gizir Qubadova baha başa gəlmişdi, cavabdeh
saxlanıb evə buraxılmamışdı. Həmin gün tabor komandiri öz
yanına çağıraraq boyumu yerdən çıxartmış, yaxşı zabit olacağımı
təxmin etməklə qoltuğumu qarpızlandırmışdı. Yola‐yolağaya
bələd olanda mən özüm də Qubadovdan acığımı çıxmışdım, giziri
qarovulda normadan artıq yatmağa qoymamış, əlinə nizamnamə
verib şəxsi heyətə oxutmuşdum. Yalanın, kələyin norma olduğu o
mühitdə dürüstlüyünü xeyli dərəcədə qoruyub saxladığından
yoldaşlığımız tutmuşdu.
Hə, Fateh Mirzə, ‐ gizir Qubadov sağlıq dedi:
‐ Cərgədə heç kimin yeri boş qalmır, amma dolmur da....
Zarafat edirəm, ‐ o, yerində qurcalanıb ciddiləşdi‐ biz orduya
təkcə canımızı yox, həm də adımızı qoyub gedirik. Bəzilərinin
gözündə sən orduya leytenant gəlib, leytenant getdin; mənim
nəzərimdə kişi kimi gəlib, kişi kimi gedənlərdən oldun”‐ sözünün
16
o biri ucu tağım komandirini, rütbə üçün sinov gedən baş
leytenant Qubalını tuturdu.
Qədəhlərimizi
boşaltdıq.
Niyaz
dayı
ortalığa
öz
hesabından təzə araq qoydu, bizə qoşularaq sağlığıma badə
qaldırdı.
“Ay bləd, bölük kef edir, heç gör rota komandirini
gözləyən varmı?”‐ arxası qapıya oturmuşdum, içəri girən kapitan
Quluncovun üzünü görmədim, səsini eşitdim:
‐ Bləd, gedən tağım komandiri nə slujbada quyruq ələ
verdi, nə də drujbada, görək təzə tağım komandiri kollektivə necə
girəcək? Deyəsən, qayınanası çox istəyir, yeməyin üstünə gəlib
çıxıb...”
Yerimə gələn tağım komandirini görmək, kadr yoxsa
ehtiyyatdan çağırılmış zabit olduğunu bilmək marağıyla dala
baxdım. Ay bləd, qurudum qaldım. Kor‐kor, gör‐gör, qarşımda
Azin Kürəçi durmuşdu.
Bizim tanış çıxmağımız, qonşu kəndlərdən olmağımız,
hətta paralel siniflərdə oxumağımız maraqlı təsadüf sayılaraq
stolda çox danışıldı. Təzə tağım komandiri kollektivə girəndə
süfrədə liderliyi ələ alaraq kapitan Quluncovun quluncunu əlüstü
sındırdı.
Biz kafedən çıxanda artıq gec idi. Şəhərcikdə məskunlaşan
qaçqın taksi sürücüləri NBM‐in qabağında müştəri gözləməyib
evlərinə dağılmışdılar. Cib telefonuna zəng edərək Adışirin dayını
çağırdım. Adışirin dayı ilə sözüm‐söhbətim tuturdu, o olan yerdə
başqasının maşınına minməzdim. Maşına dörd nəfər oturduq.
Kapitan Quluncov tabor üzrə cavabdeh qaldığından bizimlə
getmədi, bizimlə gedən digər hərbi qulluqçular yaxınlıqdakı
qəsəbədə düşdülər. Fürsəti fövtə vermədim:
‐ Qağa, sən hara, buralar hara?
Başına
gələnləri
uzatmadı.
Parlament
seçkilərində
“Azadlıq” blokunun 94 saylı Bərdə seçki dairəsindən deputatlığa
namizədi olmuş, səsvermədə qalib gəlmişdi. İqtidar, türkün sözü,
17
onun əlinə deputat mandatı əvəzinə çağırış vərəqəsi vermişdi.
İstehza etməyə haqqı vardı, əlbəttə. İqtidarın başını ağrıdan
jurnalistləri, siyasətçiləri, QHT fəallarını orduya yollaması birinci
hal deyildi. Özü də onların çoxunu ön cəbhəyə, səngərə salırdılar,
adətən. Görünür, Azini arxa cəbhəyə, paytaxtın yaxınlığında
yerləşən hərbi hissəyə göndərməklə iqtidar öz rəqiblərinin
reytinqini qaldırmaq, cəfakeş və qəhrəman obrazlarını yaratmaq
istəməmiş, əksinə, ordunun “cəzaçəkmə müəssisəsi” olmadığını
sərgiləməyə cəhd göstərmişdi.
Azini tapdım. Birlikdə tabor komandirinin tərbiyəvi işlər
üzrə müavini, mayor Nadir Hüseynovun yanına getdik. Hərbi
hissə komandirinin cərgədə “zampolit Quseynov” çağırdığı bu
zabit ağıllı, güclü və insansevər adamıydı. Onun sağlığına içəndə
həmişə rus yazıçısı Anton Çexovdan sitat gətirərdim:
“insansevərlik istedaddır!” Gətirdiyim sitatı belə izah edərdim ki,
talant insana uğur qazanmağa, insansevərlik cəmiyyətə faydalı
olmağa kömək edir. Mayor Hüseynov faydalı adam idi. Çox
kasıbın balasını qorumuşdu, umacaqsız‐filansız düzü əyrinin
ayağına verməmişdi. Qurdalasan, onun yolunda ölümə gedən,
heç olmazsa, bir əsgər çıxardı cərgədən. Mənə də çox köməyi
dəymişdi. Aradakı yaş, rütbə, mövqe fərqini qırağa qoyub
dostlaşmışdıq. Hərdən evinə aparar, qonaqlıq verərdi. Özü içməsə
də, daim soyuducuda meyvə arağı saxlayardı. Mənim meyvə
arağından vuraraq bala‐bala sərxoş olmağımı seyr edər, yüzü
adlayıb fəlsəfədən, ədəbiyyatdan, sivil dünyadan danışmağıma
ləzzətlə qulaq asar, söhbət Azərbaycandan düşəndə başını
bulayardı. O, başını bulayaraq yalana və yenilgiyə etiraz edirdi.
Yalana və yenilgiyə nifrət etmək bizim ortaq cəhətimiziydi. Mayor
Hüseynov Qarabağ uğrunda döyüşmüş, yaralanmış, qar altında
qalmış, ölümdən təsadüfən xilas edilmişdi. Hərbi sahədə təhsil
almasa da, yenilgini içinə sindirmədiyindən ordudan getməmişdi.
Orduda qalmasına peşman deyildi, peşman olmasa da, məmnun
da sayılmazdı, səbirsizliklə istefaya çıxacağı günü gözləyirdi.
18
Mayor Hüseynovun kazarmadakı otağının açarı çox
zaman məndə olardı. Hərbi hissədə gecələyəndə otaqdakı stulları
yan‐yana düzər, üstünə uzanıb gözümün çimirini alardım. İçəri
tək girəndə heç zaman qapını döyməz, hərbi subardinasiya
qaydalarına ancaq yanımda adam olanda əməl edərdim. Ənənəni
ilk dəfə pozub qapını taqqıldatmadan açdım, “gələn mənə çox
yaxın adamdır” mesajını verdim.
Tabor komandirinin müavini zabitlərin konspektlərini
yoxlayırdı. Məni mülki geyimdə birinci dəfə görməsə də,
məzələnməyə ipucu tapmaq niyyəti ilə üst‐başımı xeyli süzdü:
‐ Bəs qalstuk niyə vurmamısan, Fateh Mirzə?
‐ Mənə qalstuk hədiyyə edəcəyinizi eşitdim, qəsdən
taxmadım ki, fikrinizi dəyişməyəsiniz!
‐ Məndən olsa heç qalstuk taxmarsan, şair hara, qalstuk
hara?! Sənə dəbilqə düşür, bəlkə onda başını salamat aparasan
gora...
‐ Qoy o dəbilqə Azin Kürəçiyə qalsın, təki onun başına bir
iş gəlməsin burada.
“Zampolit” sərraf adamıydı, quşu qanadından, adamı
gözündən tanıyardı, bir yana baxanda, Azini ona tərifləməyim,
yerli‐yataqlı təqdim etməyim artığıydı, Kürəçi orduda baş
çıxaracaq, barmaqla göstərilən zabitlərdən olacaqdı. Buna şəkk
eləmirdim, sadəcə, ürəyim durmurdu. Uşaqlıq dostumun orduya
mümkün qədər tez uyğunlaşmasını arzulayırdım. Mayor
Hüseynovla dostlaşarsa, özünü hərbi hissədə tənha, adamlardan
uzaq hiss etməyəcəyini düşünürdüm. O acını mən yaşamışdım.
İnsanın bütün keyfiyyətlərinin heçə sayılıb, sadəcə, saya gələn,
sıraya düzülən, cərgəyə qoyulan varlığa dönüşünün nə qədər
çətin olduğunu bilirdim. Ürəyimə dammışdı ki, mayor
Hüseynovun qulluq etdiyi tabora təsadüfən salmayıblar Azini.
Əgər başına bir iş gəlməsini istəmirdilərsə, onu professional
şəkildə xətadan‐bəladan qoruyacaq zabit məhz mayor Hüseynov
idi; ortaya ayrı niyyət çıxsa, tabor komandirinin müavinini Azinin
19
gözünə qatacaq, belə demək mümkündürsə, qurunun oduna
yandıracaqdılar. Təmizliyi, peşəkarlığı və ötkəmliyi ona qarşı
çoxlarında, o cümlədən üst düzeydəki zabitlərdə bəzən qıcıq
yaradırdı. Bunu yaxşı başa düşən mayor Hüseynov siyirməsindən
“tağım komandirləri ilə fərdi söhbət dəftəri”ni çıxartdı, mənə
uzadaraq son tapşırığını verdi: “yoldaş zabitlə bağlı qeydlər
apar!” Fərdi söhbət dəftərinin belə tez yada düşməsi o demək idi
ki, mayor Hüseynova Azin Kürəçi haqqında hələ söz deyilməyib,
deyilərsə, onda işini ehtiyyatlı tutan zabit başını aşağı salmayacaq.
Mayor məzuniyyətdə, yaxud hospitalda olanda vəzifəsini
daxili
əmrlə
mən
icra
edərdim,
işinin
incəliklərini
mənimsəmişdim.
Dəftəri
alaraq
Azin
Kürəciylə
“dərin
məzmun”lu fərdi söhbət apardım, ona düşmən tapdağı altında
qalmış Qarabağdan, əsir düşmüş qız‐gəlinlərdən, silahlı
qüvvələrin səbirsizliklə Ali Baş Komandanın döyüş əmrini
gözlədiyindən, ordu quruculuğunun günbəgün genişləndiyindən
danışdım, yeni tağım komandirini içdiyi hərbi anda sadiq zabit
kimi xarakterizə etdim. Andıra qalaydı onun içdiyi and...
Azin Kürəçi rütbə almamışdan qabaq and yerinə BDU‐nun
hərbi hazırlıq kafedrasının müəllimləri ilə sərin NZS pivəsi
içmişdi. Üstündə pivə almağa qara quruş olmadığından
yataqxanaya gəlmiş, məndən borc istəmişdi. Onun hərbi and
əvəzinə bir balon pivə içməsini gözümlə gördüyümdən söhbətin o
hissəsini xüsusi pafosla yazdım və dəftəri əvvəlcə Azinə, sonra
mayor Hüseynova verdim. İmzalama mərasimi bitəndə mayor
Hüseynov Azinə xırdalamağa başladı:
‐ Yoldaş leytenant, mən o adama dəstək verərəm ki,
verilən tapşırığı icra eləyəndə çətinliklərlə qarşılaşsın. O adamı
himayə edərəm ki, zəif, aciz, sadəlövh olsun, başına qapaz vurub,
çörəyini əlindən almasınlar. O adamın hörmətini saxlayaram ki,
vicdanlı və mərd olsun. Mən sənə hörmətlə yanaşacağımı hiss
edirəm. Sənə dəstək vermək mənim vəzifə borcumdur. Sən zəif
adam deyilsən, qazılsa, sənə elə gen quyu qazılacaq ki, məni,
20
yaxud tabor komandiri Aranlını da içinə yumalaya bilsinlər.
Dünyanın istənilən ölkəsinin ordusunda iki cür nizam var. Bu
nizamın birini yazılmış qanunlar yaradır, digərini yazılmamış.
Qorxaqlar yazılmış qanunlara tabe olur, səfehlər yazılmamışlara.
Ruslar haqlı deyirlər, nizamnamə doqma deyil. Bir zabitin
ordunun yazılmamış qanunlarına, o cümlədən insaniyətə məhəl
qoymayıb, dünyaya nizamnamə tələblərindən baxması ona şərəf
qazandırmaz. Nizamnamənin tələblərini kobudcasına pozmaq da
baha başa gəlir. Sənə dörd maddə söyləyəcəm, onlar bütün
yazılmış və yazılmamış hərbi qanunlardan səni qoruyacaq:
Həqiqəti gör, amma danışma! Nə qabaqda get, nə arxaya qal!
Cərgəyə gecikmə! İlk zərbəni sən vurma!
Otağının açarını əlimdən alıb Azinə verdi. Yeni tağım
komandirinə günorta fasiləsi zamanı orada dincələ, gecə hərbi
hissədə qalası olsa, stulların üstündə yata biləcəyini söylədi.
Otaqdan çıxanda mayor Hüseynovun maddələrini Azinə izah
elədim:
‐ Burada vurulmaqdan qorxmaq yolverilməzdir. Əl
qaldırmağa meylli olanlar özlərindən zəif olanları təpə‐qapaz
edirlər. Əgər elə bir parabeyinlə münaqişədən qaça bilməsən, onu
özünün güclü olduğun müstəviyə çək. Əzələsinə arxayın olanlar
hüquqlarına güvənənlərin qabağından yeyirlər. Qorxduqları
adamı şantaj eləməkdən çəkinmirlər, yeri gələndə. Düzülüşlərə
gecikmədin, cərgəyə vaxtlı‐vaxtında durdun, üzərinə diqqət
cəmləmədinsə, başını salamat qurtaracaqsan buradan...
Kazarmanın qabağında ayrıldıq. Azin əşya anbarından
uniforma almağa getdi, mən ştaba təhvil‐təslim qaiməsinə axırıncı
qolları çəkdirməyə girdim. İncəvara, lazım olan adamların
hamısını yerində tapdım, qaiməni imzalatdım, sonuncu qol
dalınca hərbi hissə komandirinin yanına qalxdım. Komandir
mülki həyatımda mənə uğurlar dilədi:
‐ Deyirlər, yerinə gələn tağım komandiri qohumundur...
21
‐ Xeyr, yoldaş polkovnik,‐ komandir əslində polkovnik‐
leytenant olsa da, hərbi hissənin zabit və gizirləri rütbəsini bir
pillə qaldırmaqla ona kompliment deyərdilər‐ qohumum deyil,
qonşu kənddəndir, çoxdan tanıyıram, savadlı və mübariz
oğlandır.
‐ Deyirsən yəni müxalifətin adamıdır?‐ komandir üzgörə
məndən söz alırdı.
‐ Mən biləni, o heç bir siyasi partiyanın üzvü deyil, hərbi
xidmətə gələnə qədər QHT sədri olub. Sadəcə, “Azadlıq” bloku
cəmiyyətdə tanınan və hörmət bəslənən demokratik fikirli gənc
kimi son parlament seçkilərində onun namizədliyini dəstəkləyib.
‐
Sən yerlinə ordunun siyasətdən kənarda durduğunu izah
edərsən. Onun mülki həyatındakı siyasi baxışlarının mənə dəxli
yoxdur, hərbi hissə komandiri olaraq mən ondan yaxşı xidmət
tələb edəcəm. Görüm vaxt tapsam, çağırıb özünə də deyərəm.
Komandir köhnə qurduydu. Daim quyruğu paçasında gəzir
və məhz qurnazlığı sayəsində paytaxtın həndəvərində yerləşən
hərbi hissəyə illərdir komandirlik edirdi. Barmağımı dişlədim,
dişinin altında nə isə vardı onun, görəsən, nə idi komandiri
quyruqda qoyan? Cavabı çox gözləyəsi olmadım. O, masasının
üzərindəki qəzeti mənə itələdi:
‐ Yazılanlar düzdür???
Qəzetdəki kiçik məqaləni o qədər hövsələsiz oxudum ki,
nəşrin adına da fikir vermədim. Məqalədə yazılırdı: “Azin Kürəçi
universitetdə “boz kardinal”ın oğlu ilə birgə təhsil alıb. O zaman
tələbə yoldaşının evinə get‐gəl edib və atasının hörmətini qazanıb.
Görünür, onu müxalifət liderinə çevirmək istəyir iqtidar. Kürəçini
hərbi xidmətə yollamaqda məqsəd odur ki, orduda olmaması
gələcəkdə ona irad tutulmasın. Əgər hökumət onu cəzalandırmaq
istəsəydi, ön cəbhəyə göndərərdi. Göndərməyibsə, deməli, onu
qoruyan məmur var.”
İnformasiya başdan‐ayağa yalanıydı, Azin Kürəçinin tələbə
yoldaşları arasında nəinki “boz kardinal”in oğlu, heç hansısa icra
22
başçısının qızı da yoxuydu. Zəhləm getmiş komandiri dolamaq,
yazılan dezinformasiyaya inandırmaq, qarşıdakı ilyarımda Azinin
xırda‐para məsələlərdə “günah keçisi” elan edilməsinə yol
verməmək qərarına gəldim:
‐
Yoldaş polkovnik, Sizə bir söz deyəcəm, amma çox xahiş
edirəm, bunu məndən eşitməmiş olasınız‐ komandirin çuğullara
güvəndiyini bilirdim.
‐
Narahat olma, ikimiz də cayıl oğlanıq!
‐
Bilirsiniz, yoldaş polkovnik, yerlim olduğuna görə düz
çıxmır deməyim...
‐
De, de! Yerlin guya çox bilir qədrini...
‐
Bilirsiniz, yoldaş polkovnik, Azin Kürəçi “boz kardinal”ın
adamı olmaqdan əlavə, həm də general Quzanlınskinin qızını
sevir. Ailələr yaxınlarda quda olacaqlar.
‐
Dogrudan?‐
Müdafiə
Nazirliyinin
yüksək
çinli
qulluqçusunun adını eşidən polkovnik qulaqlarını şəklədi.
‐
Amma çox xahiş edirəm...
‐
Bir daş altda, bir daş üstdə!‐ sözümü kəsdi.
Mən artıq mülki vətəndaş idim, hərbi hissəyə birdəfəlik
“əlvida” deyirdim. Azin xidmətə sabahdan başlayacaqdı. Belə
günü qeyd eləməyə dəyərdi. Özümüzü “Qumbara” kafesinə
verdik. “Quşbaz” Niyazın yanından lül dəm çıxanda tabor
komandiri İlkin Aranlı ilə qabaqlaşdıq.
Mayor Aranlı öz sahəsi üzrə bilikli kadr idi. Hərbi
taktikanı dərindən bilir, toplanışlarda həmişə yüksək bal yığaraq
hissənin üzünü ağardırdı. Mülkidən gələn zabitlərdən ağılla
yararlanar, taborun səviyyəsini qaldırardı. Dediyinə görə,
istənilən qərarı verəndə gözünün qabağına şərəf məhkəməsi
gəlirdi. Avtomil xidmət rəisi kimi yaltaq, üzlü və çoxüzlü
“çiynində paqon gəzdirənlər”in quyruğunu bulaya‐bulaya şərəf
məhkəmələrinin keçirildiyi kluba girməsini, söz alıb ona moizə
oxumasını
özünə
sığışdırmırdı.
Özünü
başqa
tabor
komandirlərinə tay tutmaz, tabeçiliyindəki zabit‐gizirlərin
23
boğazına “Quşbaz” Niyazın kafesində şərik olmaz, mobil
telefonunu həftədə bir kərə dəyişməzdi. Aranlının “Siemens”
markalı telefonu o qədər köhnəlmişdi ki, birdən zəng çalardı,
birdən yox. Həmişə nasaz olan “Jiquli”sini hərbi şəhərcikdəki
evinin qabağında saxlayar, məhz maşınını düzəltdirmək ümidi ilə
oynadığı “Ailə sevinci” lotereyasına pul düşməməsini Allahın
əlinin pis yerdə olmasına bağlayardı. Bizi görəndə lopa bığları
tərpəndi, mənə göz vurub Azinə xox gəldi:
‐ Qudurasan qurbağa, mən bunu kepka dalınca
göndərmişəm, bu da gəlib mülki vətəndaşla “ətirlənir” Niyazın
xosmasında...
‐ Qoy içsin, sabahdan kefi istəyəndə ətirlənə bilməyəcək‐
araq içməyə “ətirlənmək” deyən Aranlıya öz jarqonu ilə cavab
verdim.
‐ Qusmağı da var ha, içməyin... Əşi, əsas məsələ
“ətir”lənmək deyil, hərdən yola vermək olar belə şeyləri‐ Azinə öz
“qızıl maddə”sini başa saldı:
‐Mənə heç vaxt kəf gəlmə!
***
Hərbi xidmətdən qayıtdığım iki ay idi. Yuxudan oyansam
da, yatağımdan qalxmamışdım. Arabir zəngləşdiyim Azinə mesaj
yazdım: “Altda bizim canımız çıxır, dözürük; evyıxanlığa,
əliəyriliyə
fürsət
gəzirik;
hamımız
xoflanırıq
ilgəhdən;
jandarmalar kəlləmizi qoparır; lal, maymaq, nadan oluruq; ölürük
paxıllıqdan, ruhumuz sevinmir, şərə tapınırıq; utanmır üzümüz,
vəhşiləşirik; yaltaqlanırıq zalımlara...” Çox keçməmiş cavab gəldi:
“Hacı Zeynalabdin Tağıyev qəsəbəsində patrul rəisiyəm. Qaydaları
pozan hərbi qulluqçuların qarşısını kəsəsiyəm. Düzünü bilmək
istəyirsənsə, məni qaydaların pozulması yox, yazılması narahat edir...”
Yataqda uzanmağa səbrim çatmadı, əynimi geyinib Tağıyev
qəsəbəsinə, leytenant Kürəçinin patrul xidmətində olduğu parka
getdim.
24
Azin öz köhnə hərbi mundirində gəzməyi xoşlayan yaşlı
rus proporşiki söhbətə çəkmiş, çənəsinin altına salıb nostalji
hisslərini oyatmışdı. O, ağzının suyunu sıçrada‐sıçrada keçirdiyi
gözəl günlərdən danışırdı. Həftəsonları düzənlənən rəqs
axşamlarından, qadınlarla macəralarından, o zamankı qayda‐
qanundan,
səliqə‐sahmandan,
proporşiklərin
gül
kimi
yaşamasından ağız dolusu dəm vururdu. Parkdan azca aralıda
təzə tikilən villaların hündür hasarlara alınmasını anlamırdı, başa
düşmürdü heç cür.
Patrul rəisi qoca proporşiki haqsız saymır, ona qıy verirdi.
Azərbaycanda insanların özlərini gizləmək, qapatmaq meyllərinin
getdikcə
gücləndiyindən,
adamların
yad
baxışlardan
qorxduğundan, sərbəst yaşaya, sərbəst gəzə, sərbəst əylənə
bilmədiyindən təngə gəldiyini deyir, restoranlarda müştərilərin
kabinetdə yeyib‐içməsinə, oturuşunu, yeyişini, gülüşünü, lap elə
öpüşünü başqalarından gizlətməsinə qarşı çıxır, həmsöhbətini
qızışdırırdı. “Düz deyir dyadya Qubin, “birdən görərlər, pis
baxarlar” əndişəsi imkan vermir camaat xoş gün görə. Elə
deyilmi, Fateh?‐ verdiyi sualı ürəkdən təsdiqləyib onu sabiq
proporşikdən araladım.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində əvvəllər rus
hərbçiləri yaşayıb. Cavanlıqlarının parlaq keçdiyi dodaqlarındakı
boyadan bilinən tək‐tük babulyalardan və gödək, seyrək taxtalarla
çəpərlənmiş xudmani evlərdən özgə qəsəbədə rus izləri qalmayıb.
Heykəllər adamlardan çoxdur parkda. Vladimir İliç Leninin
ağacların arasındakı büstünə süpürgə çəkən olmayıb. Lenindən o
tərəfdəki abidə 20 yanvar şəhidlərinə qoyulub, yan‐yörəsinə
çiçəklər əkilib. Dörd addım aralıda qəsəbəyə adı verilmiş neft
milyonçusu Hacı Zeynalabdin Tağıyevə daş yonulub. Başqa bir
heykəl yerli camaatın Ulu Öndərə sevgisini əks etdirir. Sevgi
qarşılıqsız deyil: “Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin dünyada
özünəməxsus yeri vardır!”
25
Patrulların nahar fasiləsi çatmışdı. Parkdan çıxmağı təklif
etdim. Bazarın tinindəki Nuh əyyamından qalma qəlyanaltının
pəncərəsində bir şüşəni üzərinə “Xaş” yazılmış karton kağız əvəz
edirdi. Qəsəbənin ən təmiz iaşə obyektinin yay bərkidilmiş
qapısından ehtiyyatlı olduq. Stol və stullar qırıqdı, qənd qablarına
atılmış konfetlərin kağızında əl qalınlıqda kir vardı. Piştaxtanın
küncündəki göstərməyən, ancaq səsi çıxan köhnə sovet
televizoruna “radio” demək daha düzüydü. Protez dişli xidmətçi
ağlına verəndə qablamasını dəsmala büküb cibinə qoyur, ürəyi
istəyəndə cibindən çıxardıb ağzına salırdı; deyəsən, qəlyanaltının
sahibi də elə özüydü. Daimi müştərisi ilə qabaq‐qabağa çay içirdi.
Söhbətlərindən belə çıxırdı ki, müştəri cavanlıqda hərbçi olub,
ətrafdakı hissələrin birində proporşiklik edib. Proporşik qabaqkı
komandirlərin şəxsi heyətə etdiyi zülmlərdən, “kombriq”dən,
“kombat”dan, “zampolit”dən it kimi qorxmağın vacibliyindən və
evinə
daşıdığı
kartof
taylarından,
dondurulmuş
balıq
yeşiklərindən, yağ qutularından danışırdı. Hövsələm bir tikə oldu:
‐ Kim bilir, bəlkə bizim bu proporşik elə bayaqkı rusla eyni
hərbi hissədə xidmət eləyib. Rus xatirələrində əyləncəni yaşadır,
azərbaycanlı zülmü. Bayaq çənəsini qızışdırdığın komandirlərdən
eşitdiyi təriflərlə, verilən ödüllərlə öyünür, gözümüzün
qabağındakı yiyəsi olduğu söyüşlər, aldığı cəzalarla. Sarı halal
qazancı ilə təşkil olunan rəqs gecələrində əylənəndə, qara
oğurluğunun
üstünün
açılmasından
qorxaraq
yuxusunu
qarışdırırmış. Onların ikisi də eyni məbləğdə məvacib alıblar.
Nədən parkda hava alan gözü tox, vicdanlı və səmərəli yaşayıb,
hüyüşdə boğulan tamahkarlıq, oğurluq və ziyanvericilik
etməkdən özünü saxlaya bilməyib?
‐ Ay geridəqalmış,‐ səmimi münasibətdə olduğu adamlara
həmişə belə xitab edərdi, ‐ bizim xalq əsrlər boyu əsarətdə
yaşayıb, özünü vətəninin sahibi hiss etməyib çox zaman. Sahibkar
özünə ziyan vurmur, nökər isə ağadan oğurlamağa çalışır.
Vərdişini tərgidə bilmir nökərlər...
26
‐Axı, məsəl var, ağanın malı gedər, nökərin canı?
‐ Nökərin canına dua oxuyanda demirlər ha...
‐ Ya nökərin canı, ya əsgərin canı, kimdir bizə dua
oxuyan!‐ o biri patrullar da dilləndi.
Əsgərlərdən biri Alqayıt Abışov, digəri Əli Ələsgərov idi.
Alqayıt millətçiydi, laçınlıydı, məcburi köçkün düşərək
“Qurtuluş” şəhərciyində məskunlaşmış xalasının qızını sevirdi,
əsgərliyini çəkib evlənəcəkdi. Əli dindarıydı. Ən böyük arzusu bir
səhər yuxudan oyananda başının üstündə baş leytenant Qubalını
görməməkdi. Hərbi təhsilini Türkiyədə almış Qubalı “əsgərin
Allahı komandiridir” deyə‐deyə Ələsgərovun gününü göy əskiyə
bükmüşdü. Gənc tağım komandiri istəsə şalbana tutmağa da irad
tapardı, anda qala, Ələsgərov tağımın dirəklərindən deyildi.
Xaş qazanı qızdı. Dırnaqlar dişə gəldi. Ələsgərov
“bismillah” deyərək əlini çörəyə uzadanda azyaşlı oğlunun başını
tumarlaya‐tumarlaya içəri yeni müştəri girdi. Oğlan çox
sevimliydi, ağıllı cocuğa bənzəyirdi. Atanın saçı dağınıq, sifəti
tüklü, geyimi nimdaşdı, əziyyət çəkən və içən adam olması dərhal
sezilirdi. Qablamadiş kişi onların qabağına bir qab yemək və
“çubuş” qoydu. Ata‐bala çörəklərini bir kasa xaşa batırıb
yeyirdilər. Ata araqdan az‐az süzür, stəkanı balasının burnuna
vuraraq gələcəyimizin sağlığına içirdi. İçdikcə itə dönürdü‐ çubuş
coşur, zingildəyir, hürür, hürə‐hürə köpək olurdu. Oğlunu
gözləyən it həyatı sərxoş köpəyi hönkürtdü:
‐ Mən başıma haranın daşını salım, dərsə göndərə
bilmədim küçüyü, yekəlib mənim tayım olacaq...
O bir kasa xaş və “çubuş” ata ilə balanın ilk birgə qazancı
idi. Yemək Azinin boğazında qaldı:
‐ Kimin vecinədir bu uşaqlar? Bir yandan valideynlərin
güzəranı, bir yandan təhsil sisteminin yarıtmazlığı onları erkən
yaşlarından əməyə sövq edir. Döyülürlər, söyülürlər, ac qalırlar,
pis yola düşürlər, öz uşaqlıqlarını yaşamadıqlarından psixopata
27
çevrilirlər. Dinəndə hamı özünə onunla bəraət qazandırır ki,
keçdiyimiz paza balalarımızın xatirinə dözürük...
‐ Sən niyə qələbəni qoruya bilmədin, Azin Kürəçi?‐
bilmədən aşırtdığım sarımsaqla birgə hirsimi deputatlığa
namizəd olmuş patrul rəisinin üstünə tökdüm‐ rayona hərbi
komissarlıqda qeydiyyata düşməyə gedəndə təhsil aldığımız orta
məktəbə uğradım. Ana dili və ədəbiyyat müəlliməmlə görüşmək
istəyirdim. Dərs dediyi sinfin qapısını döydüm. Şagirdlər seyrək
idi, birindən savayı, hamısı oğlanıydı. Müəllimə dərsə
davamiyyətdən şikayətləndi. “Oğlanlar dana saxlayırlar,‐ başa
saldı‐ rayondakı topdansatış mərkəzlərində hamballıq edirlər,
qızlar ərə gediblər. Sovet hakimiyyəti illərində Azərbaycanda
formalaşan məktəb ənənələri məhv olur. Kimin ağzı nəydi o
zamanlar şagird qızı ərə versin? Bəlkə, ölkənin hansısa dağ
rayonunda hərdən erkən nigaha rast gəlmək olardı, Bərdədə əsla!
Problemin kökünü başa düşməyənlər günahı müstəqillikdə
görürlər. İşə bax, gərdişə bax, Azin, tənəffüslərdə mənə “Azadlıq”
qəzetini oxutduran müəllimə, tutalım, Cəfər Cabbarlının “Od
gəlini” pyesini keçməyə qız şagird tapmır. Hansısa nadürüst
Urusetdən beş‐on manatla gəlib qapısına inək bağladığı, altına
maşın qoyduğu kimi, yatağına bir məktəbli qız salır; hər gün o
qızın ruhunu, gələcəyini zorlayır, ondan arvad düzəldir. İstismar
olunan bədənlərindən, zorlanmış ruhlarından doğulan uşaqları o
arvadlar nə cür tərbiyə edəcək, azad fərd, ləyaqətli vətəndaş
böyüdəcəklər?
‐ Orta əsrlərə dönürük. Orta əsrlərin əlamətləri getdikcə
çoxalır Azərbaycanda‐ hasarlar, təhkimçilik, din...
***
“N” saylı hərbi hissəyə məxsus qapalı şəhərcikdəkı evlərin
çoxuna qaçqınlar yığışıb. Qışının soyuğu sərt, yayının istisi kəskin
olan Kül qəsəbəsində yerləşən şəhərcikdə hərbiçilər yüngülvari
sivilləşib, sivillər azacıq hərbiləşib. Qəsəbənin kəsməyən küləyi
28
saatları qabağına qatıb qovur, adamları hızlandırır, sözləri
tələsdirir elə bil. Saatlar, adamlar, sözlər yeyinləşir. Əqrəblər
itələşir, addımlar itiləşir, adamlar itidilləşirlər. Müddətli hərbi
qulluqçular, müvəqqəti məcburi köçkünlər, köçəri zabit‐gizirlər
özlərini daimi sakin saymırlar burada. Əsgərlər, gizirlər və
zabitlər qaçqın qızların ürəyini qıraraq tərk edirlər şəhərciyi.
Hərbiçilər ürəklərini qırıblar, işğal altındakı torpaqları geri
qaytaracaq qəhrəmanlar sevmək romantikasından məhrum
ediblər qaçqın qızları. Ürəklərində qubarlayan yurd sevgisi bir
əsgərin, bir gizirin, bir zabitin həsrətinə qarışıb, dalınca
ağlayanda, göz yaşı kimi şəhərciyin yayda tozanaq, qışda palçıq
olan qumsal torpağına töküb. Hərbçilər çirkli çəkmələriylə o
torpaqları ayaqlayaraq qaçqın qızların göz yaşlarının cücərməsinə
imkan verməyiblər. Uniformalar və rütbələr öz cazibəsini itirib
köçkün qızların nəzərində. “Vətənʺ və “igid” anlayışlarının hərəsi
gözlərində bir damla yaşa dönüb, yanaqlarına diyirlənib, yerə
düşərək şoranlaşıb, şitləşib. Əsgərə inanmaq, gizirə üz vermək,
zabitlə görüşmək yasağa çevrilib o şəhərcikdə. Qəhrəmanlığa
inamını itirmiş ərgən qızlar gözünü Rusiyaya hamballığa, göy
satmağa gedən qohum oğlanlara dikiblər. Örkənin gəlib
doğanaqdan keçəcəyi, onlara elçi göndərəcəyi, toy çaldıracağı
günü gözləyirlər. Sevgiyə yadırğayıblar tamam. Sevgiyə
yadırğamış o qızların biri də göyərçin qanadlarının üzərində
yaşayan Şərafət idi. Şərafətin göyərçin qanadlarının üzərində
yaşamasını təkcə leytenant Qaytaranov duymuşdu. Ondan savayı
heç kim fərqinə varmamışdı qızın göyərçin qanadlarının üzərində
yaşadığını.
Quşlara
quşu
qonanlar
binanın
zirzəmisinə
baxmışdılar, Şərafətə bənd olanlar eyvana boylanmışdılar. Quşları
quşqulandırmayan,
quralları
qurcalandırmayan
bir
sevgi
yaşanırdı hərbi şəhərcikdə...
Qulac‐qulac saçları, qap‐qara gözləri, şirin və cingiltili
səsi, cazibədar ayaqları vardı. İlıq havalarda qırmızı idman
forması geyinər, qardaşının təzəcə ayaq açan oğlunu şəhərcikdə
29
gəzdirərdi. Şəhərcikdəki məktəbdə coğrafiya dərsi deyirdi.
Qaçqın idilər. Tabor komandirinin maddi‐texniki təchizat üzrə
müavini kapitan Qusarlının qonşuluğunda yaşayırdılar.
Ha fikirləşdi, onunla başqa cür ünsiyyət qurmağa yol
tapmadı. Əlacsız qalıb kapitan Qusarlının ağzını aradı. Ondan
münasib yolla qızın nömrəsini tapmağı xahiş etdi. Axşam kapitan
Qusarlı zəng edərək arvadından aldığı nömrəni ona verdi. O gecə
Şərafətə ilk mesajını yazdı leytenant Qaytaranov...
Hər gün ona bir neçə ismarıc yazır, axşamlar evə gələndə
internetə girir, web‐mesaj yollayırdı. Bir gün gələn zəng
telefonunun ekranına Şərafətin adını yazdı. Şərafət yazdığı gözəl
SMS‐lərə görə zabitə təşəkkür etdi və kimliyi ilə maraqlandı.
Demədi. “Yazdıqlarım gerçəkdən xoşuna gəlibsə, görüşək, məni
lap yaxından tanı”‐ gənc zabit vurulduğu qızı qəhvə içməyə dəvət
etdi.
Şərafət o saat tanıdı leytenantı. Mesajların Qaytaranovdan
gəldiyinə inanacan iki fincan qəhvə içdi. Zabitdən adlarına xələl
gətirəcək hərəkətlərə yol verməməyi xahiş etdi. “Lazım olsa,
özüm xəbər edərəm”‐ deyə hərdənbir görüşməyə razılıq verdi.
Həftədə bir dəfə ancaq görüşürdülər. Görüşəndə “Vətən”
kinoteatrına gedir, bir‐birinə sarılır, öpüşürdülər. Bir gün evə
dəvət etdi. Şərafət nəm‐nüm eləsə də, Qaytaranovun təklifini yerə
salmadı: “lazım olsa, gələrəm...”
Bazar günü idi. Verilən “farağat” komandasına yuxudan
dik atıldım. Televizorda “Cərgə” hərbi‐vətənpərvərlik proqramı
gedirdi. Hərbi çəkməsinin quncundan çılpaq ayaqları görsənən
qısa yubkalı jurnalist “Pafos” quşunu gözündən vuran
əsgərlərimizi tərifləyirdi. O qızdan yaman kəsirdim. Əlimə keçsə,
hərbi xidmətdə onun ucbatından başıma gələn oyunların heyfini
çıxardım. Oxay, leytenant Qaytaranovun bu dörd otaqlı
mənzilində nə çıxardım o heyflərin üstünə...
Axşam möhkəm içmişdik, evə qayıda bilməmiş, yıxılıb
Qaytaranovgildə yatmışdım. Məni sürüyüb yataqdan yerə saldı.
30
“Dur, cəhənnəmə ol, qonağım gələcək”‐ eşitmişdim ki, qonaq
qonağı istəməz, ev yiyəsi heç birini, paxmel olduğumdan atalar
sözünün niyə yarıyacan düz çıxdığını başa düşmədim.
Tör‐tökünük mənzilə baxanda yır‐yığışdan canımı yaxşı
qurtardığıma sevindim. Başım uğuldaya‐uğuldaya əkildim. Liftin
qabağında qarşıma çıxan qulac saçlı qızı görəndə ayıldım. Hə,
Barses‐ öz‐özümə dedim‐ bax, bu qulac saçlı qız leytenant
Qaytaranovun mənzilini yaxşıca silib‐süpürəcək, yatağının
ağlarını dəyişəcək, hamama keçib yuyunacaq, üzündəki
kosmetikanı silərək otağa qayıdacaq. Divanda yanaşı oturacaqlar.
Leytenant Qaytaranov qızın əllərindən tutacaq, saçlarını
oxşayacaq. Onu özünə sıxaraq dodaqlarından öpəcək. Çox
öpüşəcəklər. Saatlarla bir‐birlərinin ciyərlərindən nəfəs alacaqlar
və qucaqlaşıb yatacaqlar...
Leytenant Qaytaranovu tərxis olunandan sonra gördüm
birdə. Gözaydınlığı verdim. Ordudan sağ‐salamat qayıtmasını
qeyd eləmək bəhanəsiylə gedib “İnqilab” küçəsindəki “Tonqal”
restoranında oturduq. Təbrik və təşəkkür sağlıqlarını deməyə
qoymadı. “Məni çox istəyirsənsə, bu hekayəni qələmə al”‐dedi:
‐ “Bu günə gəlib çıxmağımda ən böyük rol Şərafətin olub.
Cazibəsinə salmaqla, özünü sevdirməklə ruhumu azad saxlayıb,
qəlbimi sıxılmağa qoymayıb. Gözlərini xəyalımda canlandırmaqla
qapalı mühitin nizamlarından, qorxularından, harizmalarından
qorunmuşam. Əlindən gəlir yazmaq, qaçqın qızın sevgisini
əbədiləşdir!”‐ hərbi xidmətdən qayıdanlar öz məhəbbətlərini
əfsanələşdirməyə meylli olurlar, onun da həmin mərəzə
tutulmağından şübhələndim, gümanım havada qaldı:
‐ Səhər düzülüşü yenicə yekunlaşmışdı. SMS gəldi. Şərafət
vacib işi olduğunu yazırdı. Nəyin bahasına olursa‐olsun, günorta
onunla görüşməyimi xahiş edirdi. Zampolitin yardımıyla hərbi
hissə komandirindən icazə alıb evə getdim. Onu gözləməyə
başladım. Qapını açıq qoyduğumdan birbaşa içəri girdi.
31
Problemini soruşdum. “Ərə getmək istəyirəm!”‐ cavabı məni
güldürdü:
‐ Tapdım! Axşam sənə elçi gəlmişdilər. Valideynlərin
deyirlər ki, “istədiyin oğlanın adamları tezliklə qapıya gəlməsə,
səni verəcəyik!..”
‐ Mən sənə bəhanə deməyə gəlməmişəm!
‐ Bəs nəyə gəlmisən, xeyir‐dua almağa? Qoy çırağı gətirim,
səni başına fırlayım...
‐ Gətir!– zarafat elədi və lütlənərək yatağa uzandı.
Bakirə deyildi...
Səhər onu qaçırmaq istəyən vardı. Əgər kömək etsəm,
Şərafət ərə gedəcək, xoşbəxt olacaqdı. Məndən başqa kimsəyə öz
sirrini etibar etmir, ürək qızdırmırdı. Onu ginekoloqa apardım,
həkimlər əməliyyatla bakirəliyini bərpa etdilər. Evlərinə yola
salanda mənə qızlığını itirməsindən danışdı.
Dörd ay əsirlikdə qalıbmış, bakirəliyini də on dörd yaşında
başına gələn o faciə zamanı itiribmiş. Zifaf gecəsini çox sakit
xatırlayırdı artıq:
‐ Bizim kəndimiz Ermənistanla sərhəddə idi. Ermənilər ilk
hücumu bizim kəndə eləmişdilər. Vəziyyət ağır olduğundan
çoxları canını götürüb qaçmışdı kənddən, biz də çıxmışdıq, qonşu
kənddə, dayımgildə olurduq. Həmin gün evimizi yığışdırmağa
gəlmişdim. Kəndə hücum edən düşmən əsgərləri məni tutdular.
Əllərimi və ayaqlarımı bağlayıb Ermənistana apardılar. Çuvalı
hərbi hissənin həyətində BTR‐dən yerə atdılar. Dillərini bilməsəm
də, başa düşürdüm ki, quduzlar məni zorlamaq istəyirlər, lakin
qənimətin ilk sahibini müəyyənləşdirə bilmirlər. Onlardan biri
hirslə qolumdan tutaraq məni özünə tərəf dartdı, aparıb qaranlıq
zirzəmiyə saldı, ağzımı qıfıllayaraq getdi. İki gün ac qaldım orada.
Qapı açılanda aclıqdan və qorxudan gözüm tor görürdü. Kimsə
üzümə baxıb gülümsünürdü. Həminkiydi. Küncə sıxıldım.
Çəkməsinin ucuyla ayağa qaldıraraq məni özüylə apardı. Gecə
yarısı bir kənd evinə çatdıq. İtələyib tövləyə saldı. Üstümə atılıb
32
zorladı. Sübhəcən dincəlmədi. Camaat yuxudan oyananda
valideynlərini çağırdı.
Dörd ay həmən tövlədə yatdım. Axşamacan qabaqlarında
qul işləyirdim. Döyməsələr də, hər gün söyür, danlayırdılar.
Yeməyi onlarla birlikdə yeyirdim. Yavaş‐yavaş ermənicə
öyrəndim. Armenin qardaşının əsir düşdüyündən, məni evlərinə
onunla dəyişməyə gətirdiyindən xəbər tutdum.
Məni Armenin qardaşı ilə yox, başqa əsirlə dəyişdilər.
Qırmızı xaç dalımca gələndə Armen qəhərlənmişdi. Qardaşının
sağ olmadığını bilirmiş. Qulaqlara qurğuşun, döyüş yoldaşları
qardaşının meyitini çıxarda bilməyiblərmiş güllənin altından.
Armen valideynlərinə qardaşının öldüyünü yox, əsir düşdüyünü
söyləyib, əsiri isə evlərinə ümid yaratmaq xatirinə gətirib. O,
valideynlərində yaratdığı ümidi zorlayaraq qardaşının qısasını
alırdı. Mən isə onu xilaskar sayır, sevirdim.
‐ Sevirdin?‐ bayaqdan nəfəsini içinə çəkərək qızı dinləyən
zabit özünü saxlaya bilmədi.
‐ Bəli, sevirdim! Məni əsgərlərin kütləvi şəkildə
zorlamasından, döyməsindən, ac və hamilə qalmaqdan qurtarmış
Armendən çox razıydım. Həm də sənə oxşayırdı...
Leytenant
Qaytaranovla
sevişəndə
Şərafət
erməni
hərbiçisini düşünürmüş, sən demə...”‐ Azin kağıza çıxartdığım
hekayəsini oxuyub özümə qaytardı və dalğınlaşdı:
‐ Əladır, özüm ölüm, “Quşbaz” Niyazın saxladığı
göyərçinlərin quğultusu gəldi qulağıma.
‐ Xoşuna gəldisə, apar mayor Huseynov da oxusun...
‐ Hospitaldadır!..
***
Gecə Əli zəng vurdu. Dembellərin sabah tərxis olunacağını
və evlərinə yola düşməzdən öncə avtovağzala yaxın bir yerdə
ziyafət təşkil edəcəklərini bildirdi. Bölükdən leytenant Kürəçini və
33
gizir Qubadovu dəvət etmişdilər, sağ olsunlar, məni də
unutmamış, öz aralarında görmək istəmişdilər.
Tərxis olunan əsgərlərdən kimisi çoxdan həsrətini çəkdiyi
mülki paltar geymiş, kimisi də hərbi formasının qırağına ağ zehlər
tikmişdi. Özlərini yoldan keçən qızlara göstərir, göz‐qaş edirdilər.
Hərbi hissədə daim üst‐başı kirli gəzən əsgər Cabbarov formasını
hamıdan çox ağ parça ilə bəzəmiş, qabaq dişlərini mırıq qoyan
DŞK‐nın lüləsini gözə soxaraq dayanacaqda özünə qumral saçlı
civi tutmuşdu. Deyilənə görə, elə gözəli Cabbarov xəyalına hətta
postda kəfləmə atanda da gətirə bilməzmiş.
Əsgər Cabbarovun dərd‐başı qaravula çıxmaq idi. Hər dəfə
növbədən qayıdanda üzü gülərdi. Vətənin keşiyində ayıq‐sayıq
dura‐dura “O şimdi asger” şarkısını oxuyan türk pop ulduzu
Tuğba Əkinçiylə canı istədiyini edərdi. Hər posta gedəndə
qumqumasını ağzınacan su ilə doldurar, sabun götürərdi. Gizir
Qubadov itin sözünü deyərdi əsgərə. İndi Cabbarovla gizir
Qubadov qabaqda yanaşı gedir, münasib kafe axtarırdılar. Azin
hələ gəlib çıxmamışdı, yoldaydı. Mən Əliylə söhbət edirdim. Əli
Azinin ona göstərdiyi qayğıdan danışırdı:
‐ Günorta idi. Qüsl alaraq kluba namaz qılmağa getdim. Ulu
Öndərin guşəsində namaza başladım. Birinci rükətdə əsgər
Cabbarov xəbər gətirdi:
‐ Bölük komandiri cərgəni düzüb, səni sıraya çağırır!
Namazdan qalxmadım. Bir azdan kapitan Quluncov özünü
yetirdi, var gücü ilə dümbəyimə təpik vurdu:
‐ Bləd, sən bura əsgərliyə gəlmisən, ya mollalığa?
Aparıb məni cərgəyə qoydu. Əsgərlər hadisəni nahar
fasiləsindən kazarmaya qayıdan leytenant Kürəçiyə danışdılar.
Söhbətin arxasını bölüyün mirzəsi Səlimov‐ yeri gəlmişkən,
o, bölük komandirinin çuğulu idi‐ davam etdirdi:
‐ Mən tağım komandirlərinin konspektlərini yazırdım.
Onların söhbətini axıracan eşitdim. Leytenant Kürəçi bölük
komandirinə dedi ki, insanların inancını təhqir etmək olmaz.
34
Əsgər ibadət etməlidir, etməli deyil? Bu, tamam ayrı söhbətin
mövzusudur. Azərbaycanda “alternativ hərbi xidmət haqqında”
qanun qəbul olunmalı, dindarlar döyüş hazırlığına cəlb
edilməməlidirlər. Madam belə qanunumuz yoxdur, o zaman
komandir özü dindar əsgərlə dil tapmalıdır, ona nə zaman Allaha,
nə zaman vətənə xidmət edəcəyini başa salmalıdır. Məndən olsa,
sən Ələsgərovu çağırıb üzr istəyərsən, iş böyüsə, başın ağrıyar,
qurumsaqlara yem olarsan... ”
“Leytenant
Kürəçi
kapitan
Quluncova
nətəhər
qulaqburması vermişdisə, məni çağırıb üzr istədi”‐ Ələsgərov
kafirdən daha çox zırrama olan bölük komandirinin üzr
istəməsinə hələ də inana bilmirdi. O qədər yaxşı adamın ürəyində
Allah xofu olmamasına təəssüf edirdi. Heyrət içində mənə bir
əhvalat danışdı:
‐ Bir gün poliqona getmişdik. Gecə idi. Zabit‐gizirlər
içmişdilər. Leytenant Kürəçi də keflənmişdi. Kənara çəkilib
sevdiyi qıza mesaj yazırdı. Mesajını yazıb qurtardı, məni yanına
çağırdı: “bilirsən, şərab içməməklə hansı həzzdən məhrum
olmusan? İnsan şərab içəndə Tanrını özündə tapır, dağıdır,
qoruyur, yaradır... Bax, mən indi yer üzünə çox gözəl mesajlar
göndərdim...” Etiraz eləmək, öz dəlillərimi söyləmək istədim.
İmkan vermədi. Mənim hərbi hissədə ən çox nəyə nifrət etdiyimlə
maraqlandı. Cərgədən gileyləndim.
‐ Sən məndən yaxşı bilərsən, əsgərlər daha nələrə nifrət
edirlər?‐ komandir məndən soruşdu.
‐ Məlum, səhərin gözü açılmamış “qalx” komandası
verilməsi çoxlarının yuxusuna haram qatır.
Cavabımla razılaşdığını başı ilə təsdiqləyərək:
‐ Səncə, niyə insanlar hərbi mühitdə yalançı, riyakar,
kələkbaz olurlar?
‐ Mənə elə gəlir ki, əsas səbəb insanların hərbi mühitdə öz
iradəsinə sahib olmaması, komandalarla idarə edilməsidir. Hər
şeyi komandanlıq həll edir, sistem yuxarıdan aşağı idarə olunur...
35
“Düz deyirsən, yuxarıdan aşağı idarə olunan sistemlər cəza
prinsipinə istinad edir. Cəzalanmaq qorxusu həmişə kütləvi yalan
yaradır”‐ deyə leytenant Kürəçi hərbi nizamla biz dindarların ən
böyük dəlillərindən olan ilahi düzəni müqayisə etdi:
‐ Bu dünyada hər şeydən şübhələnmək lazımdır. Allahın
varlığına da, yoxluğuna da. Allahın varlığına inanıb bir həqiqətlə
yaşamaq olar, inanmayıb başqa gerçəklərlə. Özün çox gözəl
bilirsən, baş leytenant Quliyev mənəvi böhran keçirir. Hərbi mühit
günbəgün onun mənliyini sındırır, arzularını puça çıxardır.
Quliyevin
fərqlənməyə,
sevilməyə,
dəyərləndirilməyə,
dəstəklənməyə ehtiyacı var. Belə zamanda sən ona din təbliğ
edirsən, guya ona cənnətin yolunu göstərirsən. Baş leytenant
Quliyevin durumuna bir də mənim gözümlə bax. Quliyev dindar
olmamışdan öncə, gündə dörd dəfə hərbi hissədə düzülüşə çıxırdı,
indi beş vaxt da Allahın cərgəsinə durur. Hərbi nizam onu
“düşünmə, dinlə, əməl elə” quralı ilə yaşadır, azadlığa can atmasını
əngəlləyir, qulluq tələb edir. Eyni şeyləri inandırdığın din də borc
bilir ona. Azmı görmüsən kapitan Quluncovun sırada görmədiyi
əsgərə necə qəzəbləndiyini, hikkəylə üstünə cumduğunu, qubbağa
salmaq eşqiylə raport dalınca raport yazdığını? Niyə belə edir
kapitan Quluncov? Kapitan Quluncov sırada olmayan, cərgəyə
durmayan adamlardan qorxur. Aqressiv davranışı ilə, əslində,
özünü müdafiə edir, öz qorxaqlığını pərdələyir.
‐ Bəs sən necə düşünürsən?– Əlidən soruşdum.
‐ Mən dünyanı Allahsız təsəvvür etmədiyimdən onun
dedikləri haqda heç düşünmədim, doğrusu. Bircə ona
təəssüflənirəm ki, belə yaxşı adama‐ əlini gələn zabitə sarı uzatdı‐
cənnətdə yer olmayacaq.
‐ Ay yoldaş leytenant, gəl çıx da, bayaqdan qurdun qulağını
burub uladırıq. Tərs kimi rəngi də bozdur ulatdığımız qurdun, bu
dəqiqə Alqayıt bizi aparıb Altay dağlarına çıxardacaq ‐ Azinə
səsləndim.
36
Heç şübhəsiz, yoldaş leytenant söhbətinin üstünə çıxan
adamlara “qurd de, qulağını bur” deyildiyini bilirdi:
‐ Qulağı burulan qurd olmaqdandırsa, qurbanlıq qoyun
olmaq yaxşıdır!..
‐ Harası yaxşıdır ey, bizim kənddə qəssab İbişin başını hara
gəldi tutaraq üzdüyü biçarə heyvanlarla, Məkkədə kəsilən quzu
arasında fərq qoymur qurban olduğum. Yenə birini cənnətin,
birini cəhənnəmin odunda qızartsaydı, kabablarının tamında fərq
olardı, heç olmasa.
Ofisant kababları gətirdi. Ələsgərovdan başqa hamıya araq
süzdü. Köhnə tağım komandirləri olaraq məclisi mən açdım və
təkilf gözləmədən tamadalığı öz boynuma götürdüm. Açılışdan
sonra ilk sözü Azinə verdim. Azin möhtəşəm sağlıq dedi:
‐ Hə, ay geridəqalmışlar... Demək, gedirsiniz... Düzü,
həyatının ən çılğın dövründə gənclərin zorla orduya aparılmasını
mən düzgün saymıram. Məcburi hərbi qulluğu “vətənə xidmət”
adlandıraraq öyənləri riyakar hesab edirəm. İnsan özünə,
toplumuna, vətəninə və dünyasına xidmət etməlidir, mən razı. Bu
xidmət insanın ən yaxşı bacardığı şəkildə, sahədə və əlbəttə,
könüllü olmalıdır. Mən kütləvi yalana qoşulub Sizi vətən
qarşısındakı müqəddəs borcunuzdan çıxmağınız münasibəti ilə
təbrik etmirəm, onun borcdan çox, töycü, biyar olduğunu hər
biriniz gözəl başa düşürsünüz. Qulluq etdiyiniz dönəmdə çox
haqsızlıqla,
qəddarlıqla,
şərəfsizliklə
qarşılaşmış,
hərbi
qaydalardan cana doymuş, azadlığınızı sıxışdıran nizam‐
intizamdan tədirgin olmusunuz. İçinizdə vətənə qarşı etiraz
yaranıb,
“vətən
belə
olmamalıdır”,
“vətən
mənə
belə
yanaşmamalıdır” nidaları qopub. Mən sizə vətənə etirazınızı
qorumağı, inkişaf etdirməyi, onu böyük üsyana çevirməyinizi
arzu edirəm. Gəlin içək vətənə etirazımızın sağlığına!
***
37
Avtobusla Ayna Sultanova heykəlinin yanına gəldik.
Oradan parkın içindəki “Büllur” kafesinə‐ zarafatla “Hayd Park”
adlandırdığımız məkana getmək, çay içmək istəyirdik. Yolu
qabağımızca adlayan gülməşəkərlərə laqeyd qala bilmədim, həm
onlara, həm də Azinə sataşdım:
‐ Bəriki əsl millət vəkilinə layiq gözəldir...
‐ O birisi də lap ilham pərisidir‐ dostum atmacamı cavabsız
qoymadı.
Sən canın, işə bax, Azin, deyirəm bu fani dünyada... Sözüm
ağzımda qaldı. Yolun o tayında dayanan “Lexus” siqnal verdi.
Qızlar arabanın sürücüsünə əl elədilər. Azin, görürsən, deyirəm
bu fani dünyada... Dalını gətirə bilmədim. Sürücü başını
pəncərədən çıxardaraq ilham pərisinə qışqırdı: “Aazz, harda
qalmısan, gəl çıx da bəə...” Deyirəm bu fani dünyada... Yox ey, nə
yerlibazlıq, deyirəm bu fani dünyada... “Büllur” kafesinin
özünəməxsus yeri vardır!
Zeytun ağacının altında oturduq. Əlimi yelləyib çay sifariş
etdim. Bayaqkı qonaqlıqda Azin Kürəçi bir söz qaçırmışdı
ağzından, işğal altındakı torpaqları geri qaytarmağın yolunu
cihadda görən Ələsgərova Dağlıq Qarabağı xaosun xilas edəcəyini
söyləmişdi. O söhbəti təzədən açdım. Mənim “Lexus və Zeytun
ağacı”nı oxuyub‐oxumadığımla maraqlandı. Başımı buladım.
Adını çəkdiyi kitabı mütləq tapıb oxumağımı məsləhət gördü:
‐ Kitabın yazarı “New York Times” qəzetinin müxbiri
Tomas Freydməndir. Müəllif Yaponiyaya ezam olunur, orada
“Lexus” avtomobil zavoduna baş çəkir. Zavodda işləyən
adamların və robotların cəminin dörd yüzü keçmədiyini,
fəhlələrin yalnızca keyfiyyətə göz qoyduğunu görür. Müxbirin
gözünün qabağına vaxtilə yaşadığı Beyrutda və Qüdsdə
insanların zeytun ağacının üstündə qırğına çıxmaları gəlir... Bəli,
“Lexus”un
Azərbaycanın
və
Ermənistanın
birgə
dövlət
büdcəsindən daha çox sərmayayə sahib olduğu çağda biz zeytun
ağacının davasını döyürük. Bu savaş Qarabağın kimin olmasını,
38
kimdə olmasını və kimə qismət olacağını hərləmədən hər iki
xalqın inkişafına böyük zərbə vurur. Tomas Freydmən “Lexus və
Zeytun ağacı” kitabında iddia edir ki, kürəsəlləşmə soyuq savaşın
yerinə keçmiş yeni sistemdir. Çox pakizə, bəs nədən Azərbaycan
və Ermənistan o sistemə daxil ola bilmir? Çünkü Qarabağ
münaqişəsinin timsalında “Soyuq Savaş” bitməyib. Olduqca
strateji region sayılan Qafqazda etnik qarşıdurmalar yaratmaqla
Rusiya kürəsəlləşməyə dirəniş göstərir. Quzey qonşumuz suyu
yenidən öz bostanına axıtmaq iddiasıyla dəhnənin başında
türklərlə erməniləri bir‐birinə qırdırır. Topxanadakı cır armud
ağacının altında kimin yatması Qərbin vecinə deyil, onlara vacib
olan barışa nail olmaq və Rusiyanın əlinin dalını Qafqazda yerə
qoymaqdır. Dünyanın indiki düzəni və o düzəndəki mövcud
tarazlıqlar elədir ki, nə Qərb Rusiyanın dirənişini qıra bilir, nə də
Rusiya Qərbi bölgədən geri itələməyi bacarır. Deməli, bölgəyə
yeni düzən lazımdır, düzən isə xaosdan yaranır. Cəmiyyəti xaosa
daha tez yuvarlanan, sabitliyə daha erkən son qoyan, toplum
olaraq təlatümlərdən birinci keçən, indiki miskin halından
uzaqlaşmağa canında təpər tapan xalqın olacaq Qarabağ. Ay
geridə qalmış, düzdür, zeytun xeyirli ağacdır, fəqət bu ağaca
kimin sahib olduğunu birdəfəlik bildirən razılaşma yoxdursa, o
zaman başqalarını onun altından qovmağa və ya məhv etməyə
zərurət yaranır. Uzağa getmə, ermənilər bizi həm Ermənistandan,
həm də Qarabağdan qaçaq salıb, biz də qisas duyğusu ilə alışıb
yanır, onları qabağımıza qatıb qovmağı arzulayırıq. Bax, bu
məqamda zeytun ağacları bizi dünyadan geri qoyur, de‐
kürəsəlləşdirir, “Lexus” isə adamları eşşəkdən düşürüb arabaya
otuzdurur, tərkinə iki gözəl qız mindirir, kefə aparır.
‐ Sənin dediklərini bayaq başını “Lexus”un pəncərəsindən
çıxardıb qızlara acıqlanan eloğlumuz eşitsə, qeyzə gəlib yerə
düşər və yaxandan yapışıb soruşar:
‐ Əgər sabitlik olmasaydı, mən bu “Lexus”u necə sürərdim?
İki göyçək qızı yanıma alıb restoranlarda kef edə bilərdimmi?
39
‐ “Lexus” sürmək imtiyaz və şans deyil, haqqdır!
‐ Axı onun da haqqıdır!
‐ Ədalətli rəqabətin mövcud olduğu ortamda insanlar öz
bacarığı və zəhməti ilə pul qazanırlar. Gəl köməkləşək, mənim
yaxamdan tutan o eloğlumuzun kürəyini yerə vuraq, sinəsinə
çöküb altındakı arabanın hansı pulla aldığını soruşaq. Məlum
olacaq ki, onun valideynləri, yaxın qohumları, bəlkə elə şəxsən
özü ölkəni çapıb‐talayan məmurlardan biridir, yaxud o
məmurlardan hansınınsa qəbilə‐tayfa münasibətləri zəminində
himayə etdiyi adamdır. Həmin iş adamı, ədalətli rəqabət
mühitində, sərbəst bazarda böyük biznesmen olmaq nədir, heç
kiçik ticarət idarə edə bilməz. “Lexus” o iqtisadi sistemin məhsulu
və markasıdır ki, orada iki əsas suala vicdanlı cavab tapılıb.
Dövlət ondan “mən neyləyim” sualına cavab soruşan vətəndaşa
tam sərbəstlik verir, get, bacardığın işin qulpundan yapış, pul
qazan! “Necə edim” sualı ortaya çıxanda isə şərtləri açıqlayır:
“başqalarının həyatına, azadlığına və mülkiyyətinə təhlükə
törətmə, bildiyini elə!”
‐ Məgər onlar da öz bildiyini etmirlər?
‐ Onlar quldurdurlar! O quldur mənim yaxamdan tutmaqla,
əngimə yumruq ilişdirməklə deyir ki, sən sakit otur, sabitlik
pozulmasın, mən ölkəni talayım, “Lexus”da gəzim, qəsrlərdə
yaşayım; sən dilini dinməz yerinə qoy, mən gözəl qızlarla əylənim.
Çünkü talan bitsə, ölkədə sərbəst piyasa yaransa, sənin də
“Lexus”un olsa, o qızlar da “Lexus” sürsə, onda məni niyə
əzizləsinlər ki? Qulağın məndə olsun, təkrar etməyəcəm, “Lexus”
Azərbaycanda iki iş görür, bir tərəfdə rejimi möhkəmlədir, sabitliyi
bərkidir, o biri tərəfdə xaosu şiddətləndirir. Başa düş, hər düzənsizlik
bir düzən yaratdığı kimi, hər düzən də bir düzənsizlik yaradır.
‐ Hanı axı o düzənsizlik, qağa? Məgər görmürsən
avtoritarizm getdikcə möhkəmlənir?..
‐ Fikir ver, addımbaşı Azərbaycanda tükürpədən skandallar
baş verir. Nazirlər həbs edilir, icra başçıları döyülür, polis rəisləri
40
güllələnir, deputatlar rayondan qovulur, insanlar lokal aksiyalar
keçirərək öz haqlarını tələb edirlər. Sabitlik təbii şəkildə öz
xaosunu yaradır, buna mane olmaq mümkün deyil.
‐ Xaos Dağlıq Qarabağın aqibətinə necə təsir göstərəcək?
‐ Çində qanadlarını yellədən bir kəpənək, ABŞ‐da fırtınaya
səbəb olursa, küləyin ağacdan qoparıb yerə saldığı portağal da
gün gələcək Azərbaycanda və Ermənistanda məxməri inqilab
yaradacaq, hər iki ölkəni demokratikləşdirəcək. Almaniya Fransa
ilə orta əsrlərdə yüz illərlə müharibə aparmışdı, hətta ötən yüzildə
Hitler
fransızların
torpaqlarını
tutmuşdu.
Yüzillərin
düşmənçiliyinə demokratiyanın inkişafı son qoydu, onları etnik
qarşudurmadan uzaqlaşdırıb, ortaq dəyərləri və maraqları
müdafiə etməyə sürüklədi. Baltikyanı ölkələr məhz inteqrasiya və
qarşılıqlı əməkdaşlıq sayəsində Avropa Birliyi ailəsində yerlərini
möhkəmlədirlər.
‐ Xaos nəzəriyyəsindəki “Kəpənək effekti”nə inansaq, belə
çıxır ki, ATƏT‐in vasitəçiliyi ilə aparılan danışıqları uğurlu
sonluqla bitməyə qoymayan əsgər Cabbarovun postda kəfləmə
atmasıymış...
***
Hərbi hissədə Əzrayılı it yerinə qoyan yoxuydu, əksinə,
Cəbrayılın adı gələndə əsgərləri titrətmə tutar, gizirlərin dodağı
uçuqlayar, zabitlərin dili‐ağızı quruyardı. Soyadı Əmrullayev,
ləqəbi “Kobra”, rütbəsi polkovnik idi Cəbrayılın. “Kobra”nın
kəsdiyi başa sorğu‐sual olmazdı, qabağına çıxanı haupvaxta
göndərərdi. Yoxladığı qaravulun rəisi naryaddan çıxarılar,
naryaddan çıxarılan zabitin paqonu rütbəyə həsrət qalardı.
Deyilənə görə, hərbi hissəyə nə vaxtsa təlim görmüş it
veriblərmiş, “Kobra” o köpəyə də həbs elan edibmiş.
Polkovnik Əmrullayev təkcə cəza vermirdi, həm də mükafat
və rütbə paylayırdı. Təqvimin hər ayına az qala iki dəfə düşən
bayram günlərində hərbi hissəyə gəlir, komandanlığın salam və
41
təbriklərini şəxsi heyətə çatdırır, döyüş və humanitar hazırlıqda
fərqlənənləri ödülləndirirdi. Nədənsə, ödüllənənlər həp eyni
adamlar, həmin adamlar aşağılara zülm, yuxarılara yaltaqlıq
edənlər olardı. Onların ümumi cəhəti hərbidə “qoyan”ın hörmət
qazanmasına inam idi. Avtomobil xidmət rəisi onun ləqəbini də
“qoymaq” feliylə əlaqələndirirdi. Guya, Qarabağ müharibəsi
zamanı Cəbrayıl Əmrullayev qoburasında əqrəb gəzdirir, onu əsir
tutduğu ermənilərin canına buraxırmış. İddia edirdi ki, qobura
tər‐təmiz türk sözüdür və “qoy bura”‐ əlini dalına atardı‐
deməkdir. Avtomobil xidmət rəisi qələt edirdi. Polkovnik ilana
oxşayırdı. Şəxsi heyət o ilanabənzər varlıqdan qorxurdu və o
qorxu pərəstişə çevrilmişdi. “Kobra”dan qorxmayan, qorxusu
pərəstişə çevrilməyən tək‐tük adamlardan biri mayor Aranlıydı.
Azin Kürəçi məzuniyyətdə olanda mayor Aranlı “Kobra”nın
dişinə keçmiş, işi şərəf məhkəməsinəcən uzanmışdı.
“Kobra”nın mayor Aranlıyla ləj düşməsinə səbəb Azinin
məzuniyyətə buraxılması olmuşdu. Azin hər iki qoluna saat
taxardı. “Kobra” ondan sağ qolundakı saatı açmağı tələb etmiş,
sözü yerə düşmüşdü. “Kobra” leytenanta həbs vermiş, tabor
komandiri zabitini haupvaxta yollamamışdı. Qaravula göndərmiş,
naryaddan qayıdanda məzuniyyətə çıxartmışdı. “Kobra” bir
qırağa yazmışdı mayor Aranlının hərəkətini.
Avtomobil xidmət rəisi dalını bulaya‐bulaya klubun
qabağına çatdı, siqaret yandıraraq o yan‐bu yana var gəl elədi,
yarıyacan çəkdiyi papirosu yerə atdı, içəri keçdi. İçəridə mayor
Aranlının məhkəməsi qurulmuşdu.
‐ Yoldaş zabitlər,‐ polkovnik Əmrullayev mətləbə gendən
gəldi‐ indi o illər deyil ki, hərə əlinə bir avtomat ala, hərbi forma
geyinə, özünə rütbə verə. Ulu Öndərin ikinci dəfə hakimiyyətə
qayıdışı ölkəmizdə ordu quruculuğunu genişləndirdi. Onun
layiqli varisi, cənab Ali Baş Komandanın əmrinə müntəzir silahlı
qüvvələrimiz gündən‐günə güclənir. Şəxsi heyətə göstərilən
böyük qayğı və diqqət bizdən‐ hər bir zabitdən yüksək fiziki
42
hazırlıq tələb edir. Sizi yoxlayan zaman mayor Aranlı “alətə”
komandasını yerinə yetirmədi. Ona mayor rütbəsi çoxdur. Aranlı
aşağı vəzifəyə keçirilməlidir!
Tabor komandiri kürsüyə çıxdı və paqonlarını tribunaya
qoydu:
‐ Mənə ağıl, təsəlli, baş sağlığı verməyin! Mən rütbəmə də,
vəzifəmə də bir dəqiqəlik sükut elan edirəm! Bu zalda mənə cəza
verməyə mənəvi haqqı olan adam yoxdur!
Zala nəzər saldı. Mayor Aranlıya əmr verəndə əlini
qoyduğu yeri “Kobra”nın üzə vurmağa ürək eləyən olmadı.
Susdular. Susmayan bircə quyruğunu bulaya‐bulaya kluba girən
avtomobil xidmət rəisi oldu:
‐ Yoldaş zabitlər, mənim təklifim var, mayor Aranlının
rütbəsinə dəyməyək, onu düşmənin üstünə göndərək.
Orta məktəbdə sinif yoldaşım olmuş Anar Gədəbəydə
xidmət eləmişdi. Anar and içirdi ki, onların müdafiə etdiyi
ərazidə keçilməz yal varmış. Yaldan bir yol keçən eşşək ikinci dəfə
ora çatanda özünü dərəyə atar, intihar edərmiş. Mayor Aranlını
eşşəkləri həyatdan küsdürən yala göndərmişdilər.
Aranlı orada əsgərlərə meşə qırmağı, kərpic kəsməyi
qadağan eləmişdi, bədəninə yara‐xora darışanları hospitala
yollamış, yüngülvari azarlayanları gətizdirdiyi əlaclarla,‐ yeri
gələndə, çatmayan dərmanları cibinin puluyla alaraq‐ sağaltmışdı.
Ermənistan prezidenti Köçəryanın atəşkəs xəttinə baxış
keçirməsinin sutkası tamam olmamış onun yalın o üzündəki
postları güllə atmadan ələ keçirməsi xüsusi mükafata layiq
görülmüşdü. Əməliyyat “Kəf” adlanırmış...
***
Ailəsi Laçın rayonunun Qarıqışlaq kəndindən qaçqın
düşəndə Alqayıtın dörd yaşı təzəcə tamam olubmuş. Laçının adı
gələndə gözlərinin qabağında heç nə canlanmasa da, böyüklərin
söhbətindən kəndlərinin hər dağına, qayasına, kahasına,
43
yarğanına, dərəsinə bələd idi, bütün məhəllələri tanıyır, bütün
evlərin yerini bilirdi. Onun öz yurduna bələdçiliyi fransız
yazarlarının əsərlərini oxuya‐oxuya Paris küçələrini tanımağa
bənzəyirdi. Dayısı “Babalı” Muxtar elələrinin Qarıqışlaqdan
danışmasına gülərdi. Ağ qayanın başından qartalların uçuşuna
baxmayanı, barmağını Sona bulağında on sayanacan saxlamayanı,
rəhmətlik İbiş müəllimin tut arağından yüz qram içməyəni, Göy
düzdən bir xorum ot biçməyəni, şalvarını çırmalayıb çaydan
keçməyəni, selin yaratdığı gölməçələrdən qızıl balıq tutmayanı,
Şiralının kahasında yatmayanı, Nəcəfalıların bağında ayağına
tikan batmayanı, örüşdə dürmək yeməyəni, təəccüblənəndə
“dinmə, ədə” deməyəni Qarıqışlaqdan saymazdı. Alqayıtın
yataqda elədiyi toy hara, Qarıqışlaqda iki gün davam edən el
şənlikləri hara?
Azinin tərxis olunmasına dörd ay qalmışdı, mənim
qonşuluqdan tutduğum maşınla Kürün qırağına toya gəlmişdik.
Ortadan çıxmırdıq. Muxtar kişi “Dəsmalgötürdü” rəqsini
mükəmməl ifa elədi. Oyunu Azinin xoşuna gəldiyindən kişini
ortadan çıxmağa qoymadı. “Qaçaq Nəbi” havasını çaldırıb
qollarını yana aça‐aça onunla oynadı. Azin oynağan idi. Onun
toyda, mağarda sümükləri yananacan rəqs eləməsini çox
görmüşdüm. Amma heç harada belə qol qaldırmamışdı... Rəqsin
tamamında kişi ondan dədəsinin qaçaq olub‐olmadığını soruşdu.
Azin başını buladı. “Ay bala,‐ yol göstərdi‐ get soyunu‐kökünü
araşdır, dədəndən‐babandan hansısa qaçaq çıxacaq...”
Gecə toy qurtaranda bəylə şampan içdik və onu gərdəyə
yola saldıq. Gərdək qışda mal‐qaraya verməyə ot‐ələf yığılan
damda qurulmuşdu. Ailənin yaşadığı iki otaqlı daxalda Alqayıtın
Rusiyadan gəlmiş qardaş‐bacısı yatacağından evlənənlərin
qismətinə “göydələn” düşmüşdü. Bəy ağac budaqlarından təzə
düzəldilmiş nərdivanla eşqin mehrabına qalxdı. Nərdivanın
qıraqlarına qırmızı lent bağlanmışdı.
44
Alqayıtın qohumu “Babalı” Muxtargildə qaldıq. Muxtar
dayı yaddaşını qurdalayıb bizə Laçından, Qarıqışlaqdan, yaxşı
vaxtlarından, indiki gün‐güzəranından danışdı, o irəli qırılan
çomağını göstərdi.
Qarıqışlağın alma‐armud bağlarından birinə “Göy düz”
deyərmişlər, qoruqçusu “Babalı” Muxtar imiş. O çomağın
qorxusundan uşaq‐muşaq hərlənə bilməzmiş “Göy düz”ə. O
günlərdən söz düşəndə cavanlar “ay Muxtar dayı, kənddə
olsaydıq, qoyardınmı bağdan alma yığaq” soruşar, köhnə qoruqçu
dirsəyini göstərərmiş. Ta bu yaxınlara qədər. Çomaq qırılan
günün səhəri yenə sorğu‐suala tutublar, Muxtar dayı kövrəlib:
“niyə qoymazdım, ay bala, qoyardım, göylük eləməzdim,
yediyinizdən yeyərdiniz, yemədiyinizi cibinizə, qoynunuza yığıb
aparardınız...”
Kürün ilan mələşənində cavan həmkəndlilərinin illərcə
qəlbini qıran Muxtar dayının qoruduğu, bəlkə də Muxtar dayını
qoruyan hiss yoxa çıxmışdı. “Deyərəm, dilimdən tutar, kəndə
qayıdanda bağın altını‐üstünə çevirər cüvəllağılar”‐ özünə həmişə
belə haqq qazandıran qoruqçunun geriyə dönməyə, əslində
irəliyə‐ “Göy düz”ə addımlamağa əsası qalmamışdı. Həsrət
qoruqçuluğa üstün gəlmişdi. Fikirləşmişdi ki, bəlkə qıymazlığıdır
onu ev‐eşiyinə həsrət saxlayan? Bəlkə cavanların “Göy düz”də
yeyəcəyi almaların, armudların savabı uzadacaq ömrünü
Qarıqışlaq qayıdana qədər?! Çayın qırağındakı, məktəbin
böyründəki, xəstəxananın dalındakı, poçtun qabağındakı bağda
bitən almalar söhbət edə‐edə Muxtar dayının da eyninə
düşmüşdü. “Böyük oğlum Urusetdən ismarıc yollayıb, and içir,
burada “Göy düz”ün almasından bir dişdəm aldım, dadını o saat
tanıdım...”‐ Muxtar dayının ağzı sulandı:
‐ “Göy düz”ün almaları o saat tanınar, bala, ətrindən,
dadından‐tamından doymaq olmur. Bu dünyanın heç harasında
təbiət Qarıqışlaqda olduğu qədər gözəl deyil. Sənin məndə andın
yoxdur, balalarımın ölmüşü, bütün gözəlliklərini o kənddə
45
cəmləyib təbiət. Qarıqışlaqda daimi gurultu var. Çayın şır‐şırı
qulağına nəğmə oxuyur adamın. “Ağ qaya” əzəmətidir o kəndin.
Ucu‐bucağı bəlli olmayan meşəsi, xınalı, kəkotulu, qantəpərli
dağları,
bum‐buz
bulaqları,
günün‐günorta
çağı
qalın
geyinməyəni yorğan‐döşəyə salan yaylaqları var. İndi qulağı
səsdə qalmışıq Kürün qırağında...
“Bura yataqdır. Burada çox, amma çox şey dəyişib öz
yatağından çıxandan”– filosofluq eləməyimə imkan vermədi
Azin. Yuxu gözündən tökülürdü:
‐
Sakit dur, yataq, gecdir...
Dostları ilə paylaş: |