Asılmış Adam gözünü necə böyütdüsə, Juel Azinin qəzavü‐
qədərini danışmaqdan vaz keçdi:
‐ Adını dəyişdi‐taleyini dəyişdi!‐ Fiona öpüşdüyümüzdən
şübhələnib yanımızı kəsdirənəcən kartdan gözünü çəkmədi.
***
Evə qayıdanda dilim dinc durmadı, anasının gözünün
qabağında Kelvinin qızla öpüşməsinin, üstəlik, məqsədi kimsəyə
örtülü qalmadan onu öz otağına aparmasının “in this country”də
nə qədər normal sayıldığını soruşdum. Fiona dilimi ağzımda
yandırdı, seks qapalı, sevişmək eyib deyilmiş... Axı nə ehtiyac var
pərdə saxlamağa, palaza bürünməyə?‐ mənə od qoydu.
Juel yalan‐gerçək aşnası olduğunu demişdi. Kelvin yaşda
oğlu olan ananın öz məşuqu ilə harada görüşdüyünü soruşdum.
Fiona Kelvinin yaşının, ümumiyyətlə, mövcudluğunun Juelə
59
əngəl törətmədiyini bildirdi. “İn this country”də istənilən kişini
Juel evinə sala, onunla yata bilər, belə hallarda Kelvin uzaqbaşı öz
kompüterində mina axtarmalıdır. Bəs sizin ölkənizdə necədir?‐
qadında seksə bir maraq vardı, gəl görəsən!
“Qeyrət” sözünün ingliscə sərrast qarşılığını tapmadım,
Azin də kara gəlmədi,‐ bu da mənim ingiliscə yaxşı bilənim‐
yanımda gəzdirdiyim lüğətdə belə söz yerli‐dibli yoxuydu.
Nisbətən yaxın mənada işlənən “şərəf” sözündən yararlanaraq
cavab verdim:
‐ “İn that country”də, yəni Azərbaycanda ana‐bacı şərəfi
çox prinsipial məsələdir. Şərəfli oğlan anasını yataqda yad kişiylə
tutarsa, hər ikisini bıçaqlamalıdır.
Fiona qulaqlarını çəkdi. Dəqiqləşdirici suallarla tərcümə
xətasına yol vermədiyimə əmin oldu və o andan hər ikimizdən
qorxmağa başladı. Yataq otağının qapısını həmişə aralı saxlayıb
mətbəxi gözdən qoymayan ev sahibəsi gecə uzanmazdan qabaq
cəftəni saldı. Bizi potensial qatil hesab edirdi.
***
Juel və Mayra Azərbaycan mətbəxinə qonaq olmaq
istəyirdilər. Azin badımcan, bibər və pomidor dolması bişirməyə,
mən kabab çəkməyə söz vermişdim. Üzümüzə gələn axırıncı
bazarıydı, qarşıdakı həftənin dördüncü günü ABŞ‐ı tərk
edəcəkdik. Doğrusu, ortaya girən qonaqlıq söhbəti qanımızı
qaraltmışdı. Bizim başqa planımız vardı. Amerikada sevgi
yaşamadan Azərbaycana qayıtmaq istəmirdik. Qayıtsaq, hər şey
cəhənnəmə, ömrümün axırınacan Azinin dilindən düşməzdim.
İndidən məzələnirdi:
‐ Ay geridəqalmış, bəlkə “Bakir” təxəllüsü götürəsən, Bakir
Barses, yaraşır ha, özüm ölüm, gedərsən qabağa...
Özü qalmışdı qabağının hayına. Vətəndaş Diplomatiyası
Şurasında Canessa adlı canı candan usandıran canan çalışırdı.
Oğlanından təzəcə ayrılmışdı. Qrupumuzdakı bütün oğlanların
60
iştahından keçirdi, qabağa durmağa ürək eləyən yoxuydu. Azin
Fionanın diskoteka seçimi ümidlərimizi puça çıxaranda
Canessanın elektron poçtuna çiçək yollamışdı. Aldığı karta öz
rəsmini cavab göndərmişdi qız. Bal geyimində çəkilmiş şəkildə
balıydı canıyanmış, uzun ayaqları, açıq sinəsi, belinə çatan sarışın
saçları və mavi gözləriylə birlikdə Azinin qarmağına keçən
balığıydı. Balığı bişirmişdi Azin. Qız tovlamaqda üzü ağıydı. Öz
işini düzüb‐qoşmuş, sağ olsun, mənim də qayğıma qalmışdı.
Canessanın
boynuna
rəqs
müəlliməsini
mənə
calamağı
qoymuşdu. Oğlan dostu olsa da, girəvəsinə keçəndə vaxtını
başqalarıyla şən keçirməkdən imtina etməyən Canessanın rəqs
müəlliməsi sazıydı, deyilənə görə. Canessanın işi bizi tanış
etməkdi, sazı sinəmə basmaq mənim fərasətimə qalırdı. İngiliscə
şeir yazammasam da, çulumu sudan çıxardırdım, özümə “Bakir”
təxəllüsü götürəcək qədər fərsiz olmazdım, ona bir şey
qoşacaqdım...
Azin Canessa ilə ilişgisini Fionanın Kəsə xəbərləməsindən
qorxurdu. Qızın gül kimi işi, maaşı vardı, işgüzar reputasiyasını
korlamaq insafsızlıqdı. Durumumuzdan ucundan‐qulağından hali
olan Canessa tədbirini tökmüşdü, dalımızca rəqs müəlliməsini
göndərməklə eşqbazlığını palazın altında saxlayacaqdı. Balboa
parkında gəzişəcək, axşam gecə klubuna gedəcəkdik. Dalına
baxacaqdıq. Hansı dalına çevirsən, beş abbası bir manatdır...
Cümə günü ofisdən evə dönəndə Fiona supermarketə
girdi. Bazarlıq edib qayıtdı. Bizi qonaqların bazar günü
gələcəyindən agah elədi. Dostum “when” (haçan) sualındakı saiti
uzadaraq Fionaya tarixi təkrarlatmaq istəyəndə, təsdiqləyici
cavabı mən verdim: “bazar günü, Azin Şakir! ‐ mənə “Bakir”
təxəllüsü verən ovçuya əlindən çıxan şikara görə “Şakir” deyərlər,
deməzlər?
Fionanın hər üzünə bələd idik artıq, banket bazara təyin
olsa da, qonaqları bəhanə edib bizi şənbə günü də evdən çıxmağa,
qızlarla görüşməyə qoymayacağını təxmin edirdik. Çıxmayan
61
candan ümid üzülməz, çıqqılı da olsa, işıq yeri vardı və o kiçik
ehtimal hər ikimizi toxtadanda qara xəbərin biri də gəldi:
‐
Sabah cənab Mateo evində qonaqlıq verəcək...
Cənab
Mateo
şirkətdə
çalışırdı,
xanım
Lorena
hüquqşünasıydı. Hər ikisinin arabası vardı. Tez‐tez zəngləşir,
işdən macal tapanda mesajlaşırdılar. Vətəndaş nigahıyla birgə
yaşamışdılar uzun sürə. İlkin emosiyaları, ehtirasları sovrulanda
aralarındakı bağın üzülməzliyini anlamışdılar. Evlənib xoşbəxt
olmamışdılar, xoşbəxt olub evlənmişdilər. Şad, xürrəm ömür
sürürdülər. Bazarlığı birgə edər, yeməyi köməkli hazırlayardılar.
Süfrəni yığışdırmaq və qabları yumaq ərin boynunaydı. Evin
səliqə‐səhmanı ilə xanım məşğul olurdu. Selena adlı madar
qızlarının ən sevimli oyunu nanə yarpaqları əsdirmək idi, hər nazı
çəkilir, ağzından çıxan göydə hazır olurdu. Bir dəfə Selena
evlərinin qabağında oynamaq istədi, atasıyla birgə saatlarca onu
gözlədik. Eyni cəhdi bizim uşaqlar etsəydi, qonağın yanında
biabır olmuş ata başına qapaz salmışdı. Mateo özünü biabır olmuş
saymadı, qızının qulağını burmadı, üstünə acıqlanmadı, əksinə,
cocuğun şıltaqlığından aldığı ləzzətə bizi də qoşdu. Qapaz nədi,
danlaq nədi, hirs nədi bilmirdi o uşaq. Qulağı “səni görüm
təpəndən vurul” qarğışı eşitməmişdi. Dörd yaşı təzəcə tamam
olmuşdu. Həftədə dörd kərə üzgüçülük məşğələsinə gedirdi. Onu
məşğələyə bir dəfə atası, bir dəfə anası aparırdı. Necə üzdüyünü,
bacarıqlarını necə artırdığını həm ata, həm də ananın görməsi,
tərifləməsi uşağın psixologiyasına müsbət təsir edirdi. Bir dəfə
maşına yığıb bizi də qızın üzməyinə baxmağa apardılar.
Anası qızcığazı suya doğmuşdu. Adını “külmə” qoydum.
Külmələr hovuzda çoxuydu. Aralarında dörd aylıq uşaqlar da
vardı. Dörd aylıq çağalar suda çabalayaraq mübarizə aparmağı
öyrənirdilər. Yaxalarından göz muncuğu‐zad asmamışdılar.
Ağlımız bizim yekəldikcə həyat bacarığı olaraq yaltaqlıq öyrənən
uşaqlara getmədi, onlar gözə‐nəzərə gəlmirdilər.
62
Gözə‐nəzərə gəlməyən o uşaqlar açdılar gözümüzü. Ey
dili‐qafillər,‐ suyu bulandırdılar‐ Azərbaycanda Gənclər və İdman
Nazirliyinə ehtiyac yoxdur! Belə bir qurumu saxlamaq büdcəni
havaya sovurmaqdır!‐ qrup bu qənaətə gələndə Azin Kürəçi
Mateogildə qonaq qalan Ziya müəllimə zarafat elədi:
‐ Deyəsən, işinizi itirəcəksiniz. Obyektivlik naminə
qayıdıb nazirliyin bağlanmasını təklif eləməlisiniz. Təklif qəbul
olunsa, iş yeriniz ləğv olunacaq; sözünüzə baxmasalar, nazirliyi
bağlatdırmaq istədiyinizə görə əmrinizi verəcəklər!
Ziya müəllim təmkinli adamıydı, tövrünü pozmadı:
‐ Niyə elə deyirəm? Hərifəm? Deyəcəm ki, bizim ABŞ‐a
çatmağımıza hələ çox var!
‐ Bravo, Ziya müəllim‐ mən qışqırdım‐ “Külmə”nin
üzməyini görəndən bəri mən ABŞ‐a heç zaman çatmayacağımızı
düşünürəm. Görərsiniz, bü gün‐sabah bir afrika mənşəli
amerikan‐ onlara zənci demək olmaz‐ prezident seçiləcək “in this
country”də!
Qaradan artıq rəng yoxdu. Bizi qarabaqara izləyən
mərdimazar peyda olmaqla yenidən “nə etməli” sualı yaratmışdı.
Kəs DeStefano təlimatda belə qonaqlıqların verilə biləcəyini
demiş, orada iştirakın məcburi olmadığını bildirmişdi. “İstəməyən
gəlməz, şəhəri gəzər, evdə qalar, yatar, kəsəsi, özü bilər
neyləyər...” Kəsin dediklərini xatırladaraq Azinə getməməyi təklif
etdim. Dabbaqda gönünə bələdiydim, ölərdi, “Şakir” ləqəbini
götürməzdi. Sözüm ağlına batdı. Şövqlə Kəsdən sitat gətirərək
sabahkı tədbirə getmək niyyətimiz olmadığını və günü ayrı cür
planlaşdırdığımızı Fionanın qabağına qoydu. Kəsdən gətirilən
sitata başımızın ağası etiraz edə bilmədi. Planlarımızla
maraqlandı. Azin təzə tapdığı tanışının bizi restorana dəvət
etdiyini haqq‐hesaba basdı. Söz arası ona birbaşa Kəsdən icazə ala
biləcəyimizi də eşitdirdi. Kəsə ağız açmağa ehtiyac görmədi, təzə
tapılan tanışı soruşdu. Azin o irəli supermarketdə tanış olduğu
satıcı qızla görüşəcəyini bəhanə elədi. Amerikada teşt, tiyan,
63
qazan, vedrə qalmadı, hamısını isti su ilə doldurub arvadın başına
əmdərdilər. Özündən çıxartmadığı qanun qalmadı. Yekun sözü o
oldu ki, biz “in this country”də sabah qalacağıqsa, mütləq cənab
Mateogilə gedəcəyik. Mübahisə etməyin mənası yoxuydu. Səhərin
açılmasını gözləmək, Kəsə zəng etmək, onu işə qarışdırıb bazar
günü tezdənə qədər aradan çıxmaq lazımıydı, sağlıq olsa.
Başımızı Canessanın rəfiqəsini Kəsin tanıması ağrıda bilərdi, əgər
Azinin tanışıyla özü söhbət etmək istəsə‐ buna tam ixtiyarı vardı‐
arzumuz ürəyimizdə qalacaqdı. “Axşamın xeyrindən sabahın şəri
yaxşıdır”‐ o boyda atalarımız varkən özümüzdən amerika kəşf
edəsi deyildik, səbbini səhər almaq ümidi ilə Fionanın yerinə qor
doldurmaq istəmədik daha.
Fiona elədiyi bazarlığı ortalığa tökdü. Azinin bişirəcəyi
dolmaya cəmi bir ədəd bibər, bir ədəd pomidor və bir ədəd də
qartımış badımcan almışdı. Ət, ümumiyyətlə, almamışdı, iki kilo
sümüksüz toyuq çəkdirmişdi. Mən də elə sümüksüz toyuq
ətindən kabab qoyacaqdım. Fionaya badımcan, pomidor və istiot
dolmasının reseptini qırxıncı dəfə başa saldıq, ev sahibəsi
dediklərimizi yalnız özünə sərf edən anda başa düşdüyündən onu
bişirəsi olmadıq. Hər addımımıza qəmiş olan, özünü ağıllı, işbilən
göstərmək istəyən Fionanın, fürsət düşmüşkən, aşının suyunu
verdik, axı ona çox demişdik ki, bazarlığı birgə edək, pulunu isə
özümüz verək...
Səhərin şəri şər olmadı, zırıltı, zıppıltı oldu. Fiona üz‐
gözünü elə turşutdu ki, ona “sabahın xeyir” deməyə cürətimiz
çatmadı. Ev sahibəsi vacib zəng gözlədiyindən Kəsi araya
bilmədik. Burnumuzdan ehtiras tökülə‐tökülə cənab Mateogilə
getdik. Sənə mələməmiş quzu kəsim, Kəs!
Kəs xahişimizi yerə salmadı, kəsmik yediyindən kəsik‐
kəsik danışaraq Azinə Balboa parkına necə gedəcəyini izah elədi.
Kəsin ürək‐dirəyindən cuşa gəlib, ikimiz də kəskin nəzərlərlə
Fionaya baxdıq. Fiona kəsilə‐kəsilə qalmışdı. Azin böyük
64
günahdan yaxa qurtarmışcasına sevinirdi. Elə şikarı əldən
buraxmaq günahıydı, gerçəkdən günahıydı.
Şənbə günü evə qayıtmadı, heç bazar günü də gəlmədi,
bazar ertəsi ofisdə görüşdük. Macəralarından qısaca danışdı.
Canessa onu Sakit okeanın sahilindəki fənər qülləsinə baxmağa
aparmış, orada öpüşmüşdülər. Axşam “Qaz Lampası”na gəlmiş,
diskotekada əylənmişdilər. Bazar günü vəhşi çimərliyə‐ insanların
anadangəlmə lüt çimdiyi plyaja getmişdilər.
Demə “yerin məlum”, qardaş, demə, dərdimi təzələmə,
qaysağını qopartma yaramın, toxun acdan nə xəbəri? Canessa
sənin qucağında qıvrılanda mən acından gəbərirdim, Mateonun
evindən gələli dilimə daşdan yumşaq heç nə dəyməmişdi. Fiona
səndən giley edir, mən ağzından vururdum. Elşadın qonaqlığa
gəlmədiyini, fotomanyak Akifin məclisdən tez getdiyini
xatırladaraq səndə günah görmürdüm. Ay balam, Amerika “özün
bilərsən” cəmiyyəti deyilmi? Başqalarının mülkiyyətinə, həyatına,
azadlığına toxunmayan aydan arı, sudan duru sayılmırmı? Mən
evi yıxılmış, daha doğrusu, evi heç olmamış nə qoyub, nə
axtarıram, elə bil Fionanı təzə tanıyıram, o qadın olmadı, qayda
oldu, qayda olmadı, qada oldu canıma, qadan alım. Yır‐yığış edir,
paltar yuyurdu. Bir təhər toyuq ətini soyuducudan cıxartdırıb
buzunu açdım, qolumu çırmayıb basdırma elədim, görüm onu
dərin basdırsınlar... Kambocalı mühacirlərdən aldığı balaca şişlərə
nə qədər ət çəkəcəyimi dəqiqləşdirdim, neçə şiş kabab çıxacağını
hesabladım, manqalın setkasını götürüb qırağa qoydum, içinin
külünü təmizlədim. Kül başıma! Başını ağrıtmayım, uzatmayım,
Fiona setkanı qaytarıb manqalın üstünə qoydu. Yanğın‐filan
bəhanədir, iradə yeridirdi, ürək sındırırdı, bel qırırdı, beli qırılmış
məni ələ salırdı. Bunu görürdüm, lap aydın görürdüm, gördükcə
təpəmə cin çıxırdı, şişə çəkdiyim ətlərə təpəmdən baxanda ağzı
sulanırdı. Sən onda Canessanın can ətini şişə çəkirdin, şişmə,
qulaq as, məndən yumağa kirli pal‐paltar istədi, yadıma iylənmiş
corablarım düşdü. Görmüşdün, Bakıdan Çin malı olan yay
65
ayaqqabısı almışdım, ilk dəfə ABŞ‐a yola düşəndə geyinmişdim.
Yaxşı getmədi, özümə başqa ayaqqabı aldım. Çin malının
tərlətdiyi corabları torbaya yığmış, şkafa tullamışdım axı, yumağa
onları verdim. Fiona torbanın ağzını açanda “oxxay” çəkəcəkdim.
Oxxayı o çəkdi, canım sənə desin, mənim kəsafətli corablarıma
hələ mahnı da qoşdu. Özünü tülkülüyə qoymuşdumu, verdiyi
işgəncənin qabağında onu alçaltmaq istədiyimi anlayır, kefini kök
göstərirdimi? Bəh‐bəh, gör nə deyirdi, qardaş, nələr deyirdi:
Çoxdandır kişi corabları yumuram,
Mən corabı yuyulmayan kişi axtarıram!
Qoy onun corabının iyi lap pis olsun,
Təki burnuma kişi iyi gəlsin...
Kişi, mənim burnuma Fionanın maşında yeməyə qoymadığı
kökələrin iyi gəlirdi, soyuducuda hələ dururdu. İstəyənin bir üzü
qara, verməyənin iki! Belə duyğulu anları əldən buraxardımmı?
Mahnısını oxuya‐oxuya gedib kökənin birini, yalnız birini gətirdi.
Onu loxmalayıb dərhal uddum, oğraşdı yalan deyən, belə iştahla
Təpəgöz kündə yemir nağıllarda, Bamsı Beyrək midilənir Banu
Çiçəyin toyunda. Qeyri‐ixtiyari üzümə gələn təbəssümlə birini də
istədim, narazı‐narazı baxdı: “bəsdir, ağ eləmə, tezliklə qonaqlar
gələcək.” Saat dörddə gəldi qonaqlar. Qapıdan birinci Juel və
Mayra girdi. Juel mənə bir ucu qəmə qələm, Mayra sənə
medalyonunda “Ənx” simvolu‐
olan gümüş boyunbağı gətirmişdi, al, as boynundan. Boynum
bükülmüşdü, təşəkkür yerinə üzlərinə gülsəm də, aclıq məni
əldən salmışdı. Dişimi dişimə tutub Mayradan ABŞ‐da dəmir
torsuz manqal qalamağın qadağan olub‐olmadığını soruşdum.
Bilirsən,‐ dedi‐ ABŞ‐da iki dövlət var, biri mərkəzi, biri federal,
heç hansı belə qanun çıxartmayıb... Açdım sandığı, tökdüm
pambığı, ABŞ yox ey, Fiona çıxardıb, Fiona... Əlində əlacı olsa,
66
ABŞ‐da bir avtoritar rejim qurar ki, bizimkilər şükürlü olar.
Yəhudi qadınlar çox anlayışlıydılar, Fionanın şəxsi və milli
qürurumu tapdaladığını başa düşürdülər. Ev sahibəsi stola
yaxınlaşanda dəmir toru manqaldan götürməyi xahiş etdilər.
Fiona daş atdı, başını tutdu: “bura mənim evimdir. Qərarları mən
verirəm! Bu sən, bu sənin evin, bu manqalın, bu da şişin, sox
gözünə! Qonaqlardan biri şişləri manqalda dəmir torun üstünə
düzdü, orada barbeküfason bişirdi. Kabablıq doğranmış, şişə
çəkilmiş ət dəmir torda yaxşı bişərmi heç? Yeyənlər təsəlli
verdilər: “çox dadlıdır, çox dadlıdır!..” Yalan deyirdilər gözlərinin
içinəcən, basdırma barbekü şit çıxmışdı. Əti duzlamamışdım,
acığa düşüb kabab tikələrinə sonda duz səpildiyinin üstünü
vurmamışdım. Amma yaxşıca vurdum, qardaş, hətta məclisdən
razılıq alıb tost dedim. Sağlığını görüm, sağlığı belə qurtardı
qağan:
‐ Hamınızı Azərbaycana kabab yeməyə dəvət edirəm!
GİZLİ ATƏŞ
Qulpunun biri sınmışdı, üstündə çoxlu çatlar vardı.
Səthinə Üçbaşlı Əsa çəkilmişdi. Küp çox qədim idi. Kürəçi küpə
uzun‐uzadı baxdı. Hiss elədi ki, keşiş küpə kilsədəki bütün
xaçlardan, şamdanlardan və ikonalardan daha çox can yandırır.
Keşişin küpə canıyananlığını duyması bayaqdan bəri başında
dolaşan suala Azinin marağını daha da artırdı. Görəsən, içində nə
vardı? Keşişdən soruşmağın saqıncası yoxuydu, hər halda.
Zahirən digər qonaqlarla maraqlanan və onlara kilsədəki
əşyaların tarixi barədə bilgi verən keşişin də gözü Azində idi.
Yaxasını sülhpərvərlərin suallarından bir təhər qurtarıb ona sarı
gəldi:
‐ Gördüyün əşya çox qədimdir. Yaşı min ildən artıqdır. Onu
qorumağı özümüzə xüsusi borc bilirik. Rəvayətə görə, bir yağsatan
67
oğlunun əmanətidir, kilsənin keşişlərindən hansısa onu cadulayıb,
sahibi gəlmədən küpü açan adamı, başqa sözlə, əmanətə xəyanət
edəni Tanrının böyük cəzası gözləyir. Görürsən, küpün ağzı bağlıdır,
içində nə olduğunu bilən yoxdur dünyada. Hərə öz ehtimalını irəli
sürür. Edilən gümanlardan hansının həqiqət olduğunu söyləmək
mümkün deyil. Təkcə onu deyə bilərəm ki, kilsənin bütün keşişləri
onun sirrini bilmək istəyiblər, qapağını qaldırmağa gələcək adamı
gözləyiblər, məyus olublar və sirri açacaq adamın deyəcəyi məxfi
sözü öz xələfinə söyləyərək dünyadan köçüblər.
‐ Siz parolu bilirsiniz?‐ Azin maraqlandı.
‐ Əlbəttə,‐ keşiş çox qədim sirr bilən seçilmiş adam ədası
ilə danışığına ara verdi‐ amma onu söyləməyə ixtiyarım yoxdur.
Sirri açmaq Tanrının cəzasını qazanmaq deməkdir!
‐ Əgər qapağı qaldıracaq adam min il öncə ölmüş
yağsatanın oğlunun sirrini bilirsə, deməli, onun başqa əlamətləri
də olacaq, eləmi?
‐ Bax, bu sualı gözləyirdim, dostum! Bəli, olmalıdır! Mənə
elə gəlir o adam indi dünyamızdadır. Onun varlığını hiss edirəm.
Qəlbimdə inam var ki, min illərdir qapağı açılmağa müntəzir
küpün ağzından dibinə boylanan, onun sirrinin açılmasına
şahidlik edən keşiş məhz mən olacam...
***
“İnternational alert” beynəlxalq təşkilatdır. Əsas məqsədi
dünyadakı münaqişələrin həllinə yardım etmək, savaşan xalqların
nümayəndələrindən sülh elçiləri hazırlayaraq barışa nail
olmaqdır. Bu məqsədlə Qafqazda‐ Dağlıq Qarabağ, Abxaziya,
Osetiya kimi qanlı problemləri olan regionda intensiv işləyir, qana
susamış xalqların vətəndaş cəmiyyəti liderlərini görüşdürməklə
Azərbaycan, Ermənistan və Gürcüstanda sülhü təbliğ edir. Azin
Kürəçi Ermənistanın Sisyan rayonuna məhz həmin təşkilatın
layihəsi çərçivəsində gəlib çıxmışdı. Sabah məktəblilərlə görüş
olmalı, məruzəçilər Azərbaycana düşmən gözü ilə baxan erməni
68
gənclərinin
başına
şübhə
toxumu
səpməliydilər.
QHT
nümayəndələri günorta məşhur Şəki şəlaləsinin yaxınlığında, göy
çəmənliyə salınmış kilimlərin üstündə bardaş quraraq yaxşıca
nahar eləmişdilər. Namnazik yuxaları, üzlü keçi pendirini, quzu
kababını, çaydan torla tutulmuş qızıl balıqların qızartmasını
Arakel kirvənin samballı qonaq–qaralara saxladığı armud arağı ilə
həzm‐rabedən keçirən didişən Qafqaz xalqlarının barışsevər
nümayəndələrinin kefi əməlli‐başlı açılmışdı. Elə bu vaxt
haradansa bir dəstə aşıq gəlib çıxmışdı. Kamança, zurna, balaban,
nağara çalğıçılarından və xanəndədən ibarət olan dəstə məclis
əhlini ayağa qaldırmış, hər kəs qol götürüb oynamışdı. Edilxanı,
əslən Laçının Kamallı kəndindən olub Bərdədə yaşayan kamança
ustasını soruşmuşdu erməni həmkarı Azindən. Hələ sağ
olduğunu eşidəndə əməlli‐başlı sevinmişdi. Laçının Qaragöl
yaylağında, İşıqlı dağın ətəyində baş vermiş hadisəni danışmışdı.
Qulaq verənlər, xüsusən də “İnternational alert”in əcnəbi
ekspertləri söhbətə böyük maraq göstərmişdilər.
Bir gün Qaragöldə iki toy varmış. Biri erməni toyuymuş,
biri türk. Ermənilərin keflənmiş sovxoz sədri Edilxanın dalınca
adam göndərir. Soruşurlar ki, ara, kamança çalanımız var,
Edilxanı neyləyirsən? Deyir, işiniz yoxdur, gedin çağırın. Edilxan
məclisdən izn alıb gəlir. Sovxoz sədri Edilxandan Laçın toylarında
söylədiyi “Anamla söhbət” düzməcəsini səsləndirməyi xahiş edir.
O gündən Edilxanın düzməcəsi ermənilər arasında da məşhur
olur. Edilxanın şəxsən özü düzüb‐qoşduğu və kamanla müşayiət
etdiyi o gülməli, ironik düzməcəni azərbaycanlı həmkarının
adından ifa etdi erməni çalğıçı. Əl çalıb Sisyanın tarixinə “Qara
Kilsə” adını əlavə edən məşhur məbədə gəldilər.
Kilsə qara daşlardan tikilmişdi. Daşların zəhmi adamı
basır, basdığını kəsmirdi, əlini‐qolunu kəndirləyib bir quyuya
salırdı. Azingilin məhləsində haçansa bir quyu vardı, yadına
güclə gəlirdi, yadına güclə gələn quyuya gözdən oğurlanıb çox
əyilmişdi, gözü dərinliyə işlədikcə qaralmışdı, həmin dərinlik
69
xatırladığı ilk qaranlıq idi, zülmətdən qorxmamağı o zamandan
öyrənmişdi, çünki gecələri quyunun dibində görmüşdü, quyunun
dibində axşam olsa da, su aydınlıqdır, aydınlıq yerin bir üzündə
okeandır, bir üzündə quyu suyu, sanki Qarakilsənin daşlarını
quyu suyuna çəkmişdilər, bəlkə də onları suyu çəkilmiş quyudan
bircə‐bircə çıxartmışdılar, daşların quyunun qaranlığınamı,
aydınlığınamı atılmasına fikir vermədən bir məbəd qaraltmışdılar,
məbəd qara verirdi, qaradinməz və qısqanc görkəmiylə elə bil
Allahdan nəyisə gizlədirdi, saxladığı sirr zərif məxluqa sevgisini
cilovlaya bilməyən rahiblər kimi üzünü xudavəndi‐aləmin
yanında qara edirdi.
Qara Kilsənin həyətində qonaqları keşiş Xorenyan
qarşılamışdı. Gümrah və hiyləgər idi. Hərdən baməzəlik edir,
zarafata salıb tərs suallardan yayınırdı. Keşiş Xorenyanın Azin
Kürəçiyə atmacası müxtəlif görüşlər zamanı şən ovqat yaratmaq
üçün gülməyə meylli olan vətəndaş cəmiyyəti fəallarının dodağını
qaçırtmışdı.
‐ Məzhəb haqqı, yaxşısını sən edirsən, bir yerə tez gedəndə
sağı göstər, gecikəndə solu...
Hər kəs keşişin sözünə gülmüş, məntiqinə və müşahidə
qabiliyyətinə “əhsən” demişdi. Azin Kürəçi hər iki qoluna saat
taxardı. Sol qolundakı saat geri qalar, sağdakı qabağa qaçardı.
‐ Onun başı saatdan yaxşı işləyir!‐ sülhpərvərlərdən kimsə
Azini öydü, keşiş alt dodağını qabağa uzadaraq diqqət göstərdi,
amma pəjmürdələşmiş sifətini dəyişə bilmədi. Nədənsə o əhvalat
keşişi dalğınlaşdırmış, içinə varavurd salmışdı. Gərginliyi keşişin
ağrımayan başına buz bağlamaqdan qorxmasıyla izah olundu.
Xüsusi xidmət orqanlarının sülh missionerlərinin görüşlərini
izlədiyini və ehtiyyatsız sözün baş ağrıtdığını bilməyən yox idi
nümayəndələrin arasında. Zəndlərində yanılırdılar, keşişi
düşündürən tamam başqa məsələydi.
70
Müqəddəs ata hansısa iztirabverici fikri başından
qovmaqdan daha çox, ona qəti şəkildə inanmaq həvəsiylə macal
tapıb əlindəki vizit kartı yenidən nəzərdən keçirdi.
Azin Nadir oğlu Kürəçi... tonqal_sonmez@yahoo.com... Bu
ad və soyad keşişdə Azinin şəcərəsinə, e‐mail adresi təhtəlşüuruna
və dünyagörüşünə dərin maraq yaradırdı. Azin Nadir oğlu
Kürəçi... tonqal_sonmez@yahoo.com... Keşiş düşündükcə həyacan
keçirir, talenin üzünə güldüyünə inanır, tez‐tez xaç çəkir, eyni
zamanda, vizit kartın sahibinə qarşı yaranan xüsusi marağını
gizlətmək
istəyirdi.
Azin
Nadir
oğlu
Kürəçi...
tonqal_sonmez@yahoo.com... Kartdakı isim və elektron ünvan ona
min illərin sirrini açmağa nə qədər yaxın olduğunu anladırdı.
Çağdaş Azərbaycanda geniş yayılmamış adı oğluna qoyan atanın
Xürrəmlər hərəkatından xəbəri, Babana dərin sevgisi olmalıydı.
Azin xürrəmlər hərəkatının bacarıqlı sərkərdəsinin adıydı. Xilafət
qoşunlarının Bəz qalasına hücumuna sərkərdəlik edən Afşin
danışıqlar zamanı Azini girov istəmiş, Baban tələbi yerinə
yetirməmişdi.
Məsələ təkcə adda deyildi, Azinin soyadı da keşişdə
şübhələr yaradırdı. “Kürəçi” soyadı Azinin dədə‐baba sənətindən
xəbər verirdi. Əgər onun babaları kürəçiliklə məşğul idilərsə,
deməli, oda yaxın olublar, gizli ibadətə, islam ölkəsində,
müsəlman əyalətində hər kəsdən xəbərsiz alova sitayiş etməyə
imkan qazanıblar. Üstəlik, Azinin oda olan genetik sevgisi onun e‐
mail adresində də üzə çıxırdı. O, özünü tonqal, həm də sönməyən
tonqal sayırdı iç aləmində. Sönməyən tonqal onun ideal
“mən”idir. Keşiş Xorenyan ölü yerindən banan oğurlayan
mollaların tayı deyildi, bilgili adamıydı, fəlsəfəyə, tarixə,
psixologiyaya aid onlarla kitab oxumuşdu. İnsanların real və ideal
“mən”lərə malik olduqlarını və virtual aləmdə öz ideal
“mən”lərini ifadə etməyə meyl göstərdiklərini bilirdi. Atasının
ona küpün sirri ilə bağlı dediklərini də birər‐birər yaddaşına həkk
eləmişdi. Atası əmanət sahibinin əlində “Ənx” simvolu gələcəyini
71
söyləmişdi. Azinin boynundakı medalyonda həmin işarə keşişin
gözünü deşirdi. Nəyin bahasına olursa‐olsun, Xorenyan axşam
Azini evində qonaq saxlamaq, saqqızını oğurlamaq istəyirdi.
Gözlərini Azinə zillədi:
‐ Axşam bizdə qalarsanmı?
Azin özündə deyildi, diqqətlə küpə baxırdı. Yalnız keşişin
ikinci sualına “hə, qalaram, mütləq qalaram” cavabını verdi.
Xəyalı onu yenidən uzaqlara apardı. Nənəsi uşaq vaxtı onu
sevəndə “balam yekələcək, yeri bilinməyən küpü tapacaq”
deyərdi. Babası Bayram kişi gözlərini dünyaya yumanda Azinə
küpü tapmağı vəsiyyət etmişdi. O, babasına “hansı küpü” sualını
vermiş, “atan bilir” cavabını almışdı. Kişini torpağa tapşırıb
qayıdanda Azin atasını yanlamış, atası küp‐müp yeri bilmədiyinə
and içmiş, qocanın vəsiyyətini ölümqabağı sayıqlama saymışdı.
Daha bənd olmamışdı.
On dörd yaşında qəribə yuxu görmüş, nə vaxtsa küp
tapacağına inanmışdı. O, əksər vaxt eyni yuxu görərdi. Hər dəfə
ayaqqabılarını itirər, uzun‐uzadı axtarar, ancaq tapmazdı. Bir dəfə
yenə ayaqqabılarını itirmişdi röyasında, onu axtara‐axtara çayın
qırağında boş küpə rast gəlmişdi. Baxmışdı ki, çaydan qızıl suyu
axır. Tapdığı küpün ağzını çaya tutmuşdu. Elə bu dəm atası onu
səsləmiş, küpü doldurmağa qoymamışdı. Azin sonralar “bir küp
qızıl sahibi olacaqdım, imkan vermədin ağ günə çıxaq”‐ deyərək
onu yuxudan inəyə ot gətirməyə oyadan atasına sataşardı.
Oğlanın yuxusu kənddə‐kəsəkdə məşhur olmuşdu, el danışıb
gülərdi, bircə Nadir kişinin özünün dodağı qaçmazdı. Görünür,
kişinin saxladığı sirr vardı və atasının hansısa gizli sirrə vaqif
olduğunun fərqinə indi Qara kilsədə, Babəki ələ verən Səhl
Sumbatın yurdunda varırdı Azin.
Axşam Azin keşiş Xorenyangildə qaldı. Tsitsernavanklı
Asya‐ keşiş arvadını belə təqdim etmişdi‐ yaxşı süfrə açdı.
Dolmanın bükülməsinə, armud arağının çəkilməsinə söz ola
bilməzdi. Sözarası arvadını tərifləyə‐tərifləyə keşiş Azinə İsanın
72
doğuluşundan danışdı. Kişi ilə təmasda olmayan qadının hamilə
qalacağına Azin şübhə edirdi. O, Məryəmin bakirəliyinə inanmasa
da, İsanı əsl və son peygəmbər sayırdı. İsa gerçək sevgi adamıydı
Azinin nəzərində. O, yasaq sevgilərin möhtəşəmliyini düşünür və
yasaq sevgidən dünyaya gələn İsanın çiləsinə hörmət edirdi. Keşiş
gəncin düşüncələrini çox diqqətlə dinlədi, dinlədikcə onun nə
qədər azad, sevgi dolu adam olduğunu yəqin etdi. Azinin özünü
tapmadığına,
haqsızlıqla
barışmadığına,
barışmazlıqdan
qaynaqlanan mübarizliyinə, çevik zəka sahibi olduğuna inandı.
Onu Məryəmin bakirəliyinə etdiyi şübhələrdən qurtarmağa
çalışdı. Keşiş öz inamı, Azin öz şübhəsi ilə girdi yatağa.
Tsitsernavanklı Asya yenə yaxşı süfrə açmış, süfrəyə
yumurta soyutması, beçə balı, çiyə qoymuşdu. Keşiş səhər
yeməyini həvəslə yeyir və danışırdı. Yuxudan bütün iztirablarına
son qoyaraq oyanması ovqatının şuxluğundan bəlliydi:
‐ Küpün sahibi Babandır. Bəz qalasını tərk edən Baban
Sünikə, bizim Şəki kəndinə, Səhl Sumbatın xanəsinə pənah gətirir
və burada ələ keçir.
Keşişin Səhlin satqınlığını ustalıqla ört‐basdır eləməsi
Azinin dodağını qaçırdı. Xorenyan həmsöhbətinin təbəssümünü
istehza yox, diplomatik danışıq məharətinə verilmiş qiymət hesab
etdi. Ağzını doldurmuş Azinin sözünü kəsməsinə imkan vermədi:
‐ Xürrəmlər Babanın ruhunun yeni bədənə daxil olacağına
inanır, onun dünyaya gəlişini gözləyirmişlər. Küpü kilsəyə qoyan
xürrəm canlanan Babanın Şəkiyə gələcəyinə əmin imiş. Onu
əmanətin yalnız canlanmış Babana veriləcəyinə arxayın salıblar.
Baban özünü xüsusi sözlə tanıdacaq. O sözü bilən adamlardan
biri mənəm, o biri atam. Mənə elə gəlir ki, sirri saxlayan üçüncü
adam sənin atandır və mən indi o möhtəşəm sözü bilən dördüncü
şəxslə danışıram...
‐ Yox, əşi!‐ Azinin həmsöhbətinə ilk reaksiyası belə oldu.
Onun sifətinə baxdı. Qeyri‐ciddilik sezmədi. Keşiş onu dolamır,
ələ salmırdı. Təmkinlə cavab verdi:
73
‐
Mən
gizli
söz‐zad
bilmirəm!
Yalanı
yoxdur,
danışdıqlarınız tarixi və mistik baxımdan maraqlıdır, amma
adamınızı düz tapmamısınız, mənim mistikadan başım çıxmır,
xürrəm‐filan da deyiləm. Düzdür, özümü ciddi, hətta qeyri‐ciddi
müsəlman saymıram, cəhənnəm qorxusu, cənnət arzusu canımda
yerli‐dibli olmayıb. Canımı qoymağa yer tapmıram, ruhun
bədəndən‐bədənə keçib‐keçməməsini da özümə dərd eləsəm,
gərək halıma ağlamağa ağı deyən axtaram. Əvvəlki həyatımda
Babək olduğumu eşitsə, bişmiş toyuğun gülməyi gələr.
Dediklərinizi zarafat saya, gülə bilərəm ancaq.
‐ Amma mən inanıram‐ keşiş donquldandı. Səhərdən niyə
qəfəsə dil qoymadığının səbəbi bəlli oldu:
‐ Səndə yalnız Babana xas olan əlamət gördüm, onu bu
səhər müşahidə etdim. Sən yatmışdın, yorğandan çölə çıxan
qolundakı tüklərin dibindən qan sızırdı. Rəvayətə görə, Baban
yeniyetməlik çağında naxır otarırmış, mal‐qaranı kölgəyə verib,
çəmənlikdə yatıbmış. Yemək gətirən anası onu oyatmaq istəyəndə
bədənindəki tüklərin dibindən qan çıxdığını görür və oğlunun
qeyri‐adi, müqəddəs yük daşıyacaq adam olduğuna inanır.
‐ Hə, məndə belə hal olub. Bir dəfə yuxu görürdüm, o gün
yuxudan oyananda aparıb atama göstərmişdim qolumdakı tük
yerlərindən çıxan qanı. Əgər sən də görmüsənsə, deməli, ikinci
dəfədir. Dədəm qolumdan üç dəfə qan sızacağına inanardı. Bizim
atalar üçdən deyiblər!
Azin yuxusunu xatırladı. Qızıl axan çayın ağzına tutduğu
küp yadına düşəndə ürpəndi, tükləri biz‐biz oldu. Onun
ürpəndiyini keşiş lap yaxşı başa düşdü. Çox israr etdi, Azindən söz
qopara bilmədi. Məktəblilərlə görüşə az qalmışdı. Keşişin köhnə
“Niva”sına oturub tərpəndilər. Yol boyu keşiş “sirri hələ sən
bilməsən də, atan bilir, yüz faiz bilir”‐ deyə təkrarlayır, Azindən
“görəsən sənə niyə deməyib” sualına cavab soruşaraq
təəssüflənirdi. “Niva”nı saxlayanda müqəddəs ata Azini başa saldı:
74
‐ Sənin bədənində üzə çıxmış əlamətlərə biz xristianlar
“stiqma” deyirik. Bir xaçpərəstin bədənində İsanın çarmıxdakı
yaralarının üzə çıxması üçün onun kilsə xadimi olması şərt deyil,
indiki inancların və düşüncələrin də sənin Babanın ağrılarını
yaşamağına mane olmur. Sən yaralısan! Əgər yalan deyirəmsə,
saatlarını aç və biləklərində anadangəlmə çapıqlar olmadığını
mənə sübut et! Şübhə etmirəm ki, o çapıqların necə əmələ
gəlməsini həkimlər sənə izah edə bilməyiblər. Stiqmatikləri
ilahimi seçir, yoxsa yaralar vəcdə gələn dindarın bədənində
özlüyündənmi yaranır? Nə teoloqlar baş çıxarır, nə təbiblər,
yaralar həkim müdaxiləsi ilə sağalmır və virus götürmür. Hə, bir
də səni qan aparanda, onu yoxlat, çox zaman stiqmatiklərin
yaralarından axan qan həmin adamın, belə deyək, öz qanıyla eyni
qrupdan olmur!
Keşiş məktəbin həyətində Azini “İnternational alert”ə
təhvil verib döndü. Kilsənin qapısından içəri girəndə Ermənistan
Milli Təhlükəsizlik Nazirliyindən zəng vurub Azin haqda bilgi
toplamağa cəhd etdilər. “Müqəddəs Məryəmin gerçəkdən bakirə
olub‐olmadığını soruşdu”‐ keşiş məzələndi. Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşları müqəddəs Məryəmin bakirəliyi haqda
keşişin moizəsini dinləməyə həvəs göstərmədilər. Keşiş küpün
yanına gəldi. Əlini onun yüz illər boyunca cadar‐cadar olmuş
səthinə sürtdü, ağzını qulağına əyib pıçıldadı:
‐ Sənin sirrin açılacaq, mütləq açılacaq!
“Məktəblilərlə görüş maraqlı keçdi. Sualların çoxu Dağlıq
Qarabağın, ermənilərin “Artsax” dediyi ərazinin gələcək aqibətini,
düşmən qonşuların birgə yaşamının mümkünlüyünə olan
şübhələri əhatə edirdi. Ömründə azərbaycanlı görməmiş
şagirdlərdən biri Azərbaycan türklərinin bioloji tələbatları ilə
maraqlandı: “Uşaqların qanını una qataraq xəmir yoğurduğunuz
və o xəmirdən çörək bişirdiyiniz düzdürmü?” Bu, səfeh şayiə olsa
da, ksenofobiyanın gələcək nəsillərə ötürülməsinə şərait yaradır”‐
75
görüşdən çıxan Azin “Azadlıq” radiosunun müxbirinə məktəbin
həyətində müsahibə verirdi.
Şagirdlər Azinə yaxınlaşıb şəkil çəkdirmək istədilər. Elə bu
zaman layihənin rəhbəri, əslən bolqar olan və Londonda yaşayan
Elenora təzə xəbəri duyurdu:
‐ Qrafikdə dəyişiklik edilib! Gecə Sisyanda qalacağıq!
Azin eşitdiyi xəbərə sevinərək çığırdı:
‐ Mən yenə keşiş Xorenyangildə qalacam!
Onun çığırtısı qəfil qopan hay‐küydə eşidilməz oldu.
Anidən, bircə göz qırpımında peyda olan Artsax müharibəsi
əlilləri “İnternational alert”in kəndə gətirdiyi sülhsevərləri daşa
basdılar. Daşlardan birisi, özü də irisi Azinin başını yardı. O, yerə
yıxıldı. Ayılanda Sisyanın mərkəzi xəstəxanasında gördü özünü.
Başına tikiş qoymuşdular. Haradansa keşiş Xorenyan da özünü
yetirmişdi. Baxışları toqquşdu. Azin dodağının altında nə isə
pıçıldadı. Onun pıçıltısını yalnız keşiş gördü, eşitdi və başa
düşdü:
‐ ƏSL YOLÇU OLMAYANLAR BİZİ TƏRK ETSİNLƏR!
Keşiş anladı ki, daş həm də Azinin beynini silkələyib və
küpün açılmasına lazım olan parolu yadına salıb. O, xaç çəkdi və
hər kəsi otaqdan çıxartdı. Özünə gəlmiş Azinə yaxınlaşıb əlindən
tutdu, eyni cümləni təkrar etdi. Azin dillənmədi. Özünü ölmüş
bilən insanların keçdiyi qaranlıq tuneli xatırladı. Bu sözü ona
tunelin lap o biri başında söyləmişdilər. O da “İŞIĞA
Dostları ilə paylaş: |