40
keçdiyini
bildirir, ədəbiyyatın ali vəzifəsi kimi millətin həyatını, onun nicatı üçün
zəruri olan ideya və düşüncələri təsvir etməyin vacibliyini vurğulamaqla söz
sənətinin qarşısında duran yeni vəzifələri dərindən anlayan tənqidçi kimi çıxış edirdi:
“Təsviri-cismanini surətgərlərə buraqınız də, millətinizin amalını, əfkarını, əxlaqını
təsvir ediniz. Zira mənəvi surətgərə artıq ehtiyacımız var”
[151, s.181-182].
Həmin yazısında Q.Şərifzadə yeni mərhələdə ədiblərin qarşısında duran
vəzifələrdən bəhs edərkən romantik şair Məhəmməd Hadinin ilk dəfə “Füyuzat”
jurnalının 1906-cı ilin noyabrında çıxmış 1-ci sayında, sonra isə şairin “Firdovsi-
ilhamat” kitabında (1908) nəşr olunmuş “Qələmə” adlı şeirindən bəzi misraları da
xatırlatmışdır. Görünür ki, Q.Şərifzadə M.Hadi yaradıcılığını da yaxından izləmişdir.
Dövrün M.Şahtaxtlı, C.Məmmədquluzadə, H.Cavid, M.Ə.Sabir və digər tanınmış
ziyalıları ilə məktublaşmaları da Q.Şərifzadənin ədəbi proses ilə sıx əlaqəsindən, ötən
əsrin əvvəllərində Naxçıvanda ədəbi tənqidin təşəkkülündə yaxından iştirakından
soraq verir.
Tədqiqat göstərir ki, XX əsrin əvvəlləri Naxçıvan
mühitində ədəbi tənqidlə
məşğul olanlar ədəbiyyatın ali məramını, qarşısında duran müasir vəzifələri dərindən
dərk etmiş, onun həm mövzu, ideya, məzmun, həm də bədiilik baxımından
kamilliyini vacib saymışlar. Bəzən polemikalar sərtləşib bir az əndazədən çıxsa da,
əksər hallarda Naxçıvan ədəbi mühitinin nümayəndələri tənqidin inkişaf naminə
olduğunu qəbul etmişlər. Məsələn, naxçıvanlı gənc nasir Əli Səbrinin 1913-cü ildə
çapdan çıxmış “Solğun çiçək” romanı haqqında “İqbal” qəzetində irihəcmli resenziya
dərc etdirən tənqidçi Seyid Hüseyn Kazımoğlu əsər barədə bəzi iradlarını da
yazmışdı. Əli Səbri isə qəzetin 13 oktyabr 1913-cü il tarixli sayında
dərc etdirdiyi
məktubda tənqidçinin iradlarından məmnun qaldığını və ona təşəkkürünü bildirmişdi
[239, s.480-481].
Belə davranış yazıçı-tənqidçi münasibətləri tarixində örnək
hallardandır.
Aparılan təhlillər göstərir ki, ötən əsrin əvvəllərində Naxçıvanda ədəbi tənqid
özünün təşəkkül mərhələsini keçirmiş, M.T.Sidqi, M.Şahtaxtlı, C.Məmmədquluzadə,
E.Sultanov, M.S.Ordubadi, H.Cavid, Q.Şərifzadə, Ə.Qəmküsar
və digər ədiblər bu
prosesdə fəal rol oynamışlar.