VII İctimai-siyasi nitq. Məhkəmə nədir. Akademik natiqlik, ictimai-məişət natiqliyi.
İctimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf etmişdir. İctimai-siyasi hadisələrlə
kütlə qarşısında, eləcə də radio və televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq.
Respublikamızın prezidenti cənab İlham Əliyevin ölkənin daxili və xarici vəziyyəti, ölkə
daxilində gedən ictimai, ictimai-siyasi hadisələrə həsr olunmuş çıxışları siyasi natiqliyin dəyərli
nümunələridir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə qiymət verir, onu
düzgün yola istiqamətləndirir.
Nitq forma və məzmununa görə müxtəlif olur. Bunların geniş yayılmış formalarından biri
məhkəmə natiqliyidir. Bu, nitqin başqa bir formasıdır. Bura prokuror, vəkil, müttəhim və xalq
hakiminin nitqi daxildir. Həmin nitq formalarından bir qismi (prokuror və məhkəmənin nitqi)
ittihamedici, digəri isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur.
İttihamçı yüksək səviyyədə mədəni nitqə sahib olmalıdır. O, səlis və aydın danışmağı
bacarmalıdır. Bu nitq faktlara, obyektivliyə, ədalətə, qanunun aliliyinə əsaslandığı təqdirdə
təsirli və inandırıcı olur.
Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə,
qanunun aliliyinə riayət etməlidir.
Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ eradan əvvəl qədim quldarlıq dövləti
olan Yunanıstanda natiqlik sənətinin bu növünə böyük əhəmiyyət verilmişdir. Məşhur Solon
qanunlarının müəyyən maddəsi öz şəxsi mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq
söyləməyi hər bir afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda. eləcə də Roma
Respublikasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, Sisey, Siseron
Afinada məhkəmə natiqi kimi şöhrət qazanmışdır.
XIXəsrin ikinci yarısında nitqin bu növünün gözəl nümunələrinə Qərbi Avropanın bir sıra
ölkələrində, həm də Rusiyada rast gəlinir. Rusiyada dövrün qabaqcıl ziyalıları yazıçılar, alimlər
məşhur vəkillərin, ittihamçıların, bəzən də müttəhimlərin nitqini dinləmək üçün məhkəmə
salonlarına gəlirdilər. Azərbaycanda da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə
salonlarında alovlu nitqlər söyləyən, insanların hüquqlarını müdafiə etməyi bacaran vəkillərin
nitqi ictimaiyyət tərəfindən həmişə qiymətləndirilmişdir.
Akademik natiqlik. Akademiya və elmi müəssisələr sistemində, beynəlxalq konfrans və s.
edilən məruzələr, çıxışlar və s. akademik natiqliyə aid edilir. Elmi nitq məntiqiliyi, ardıcıllığı,
ümumiləşdirilməsi və s. ilə digər nitq növlərindən fərqlənir.
Nitqin bu növü yaradıcı əhəmiyyət kəsb edir. Yaradıcı alimlər, insanlar və b. öz
tədqiqatlarından alınmış nəticələri həm yazılı (məqalələr, əsərlər, monoqrafiyalar şəklində), həm
də şifahi yolla başqalarına çatdırırlar. Bu nitq o zaman yararlı sayıla bilər ki, insanlar onu başa
düşsünlər, dinləyicilər tərəfindən qəbul olunsun.
İctimai-məişət natiqliyi nitqin geniş istifadə olunan növlərindən biridir. İnsanlar həyatda
müxtəlif münasibətlə ( yubileylərdə, toylarda, ad günlərində, stol arxasında və s.) başqalarının
qarşısında çıxış etməli, nitq söyləməli olurlar. Məişət zəmnində söylənilən bu nitqlər
digərlərindən müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Burada haqqında danışılan adamlar
yalnız təriflənir, obrazlı ifadələrə, təmtəraqlı cümlələrə daha çox üstünlük verilir.
Natiqliyin bu növündən yubiley tədbirləri, şənliklər keçirilən zaman istifadə olunur.
Yubileylər əsasən iki formada aparılır. Birincisi görkəmli adamların, əlamətdar tarixi günlərin
qeyd olunması; ikincisi isə kiçik kollektivlərdə, ailədə dostlarla keçirilən yubiley şənlikləri.
Yubileylərin forması, keçirilmə şəraiti fərqli olduğu kimi orada söylənilən nitqlər, çıxışların
ifadə tərzi də müxtəlif olur.
Birincidə bu tədbir, adətən ciddi planda aparılır. Əvvəlcə bir nəfər (müəssisənin rəhbəri və ya
mötəbər adamlardan biri) giriş nitqi söyləyir. Bu nitq nizamlı olur. Replikalara, zarafatlara yol
verilmir. İkinci tədbirdə isə zərif-duzlu atmacalara, incə yumora geniş yer verilir.
Məişət nitqinin çox geniş yayılmş forması toy mərasimlərində tamada-masabəyinin nitqidir.
Müxtəlif peşə sahibi olub, həm də tamada kimi fəaliyyət göstərən bu natiqlərin nitqini məclis
əhli maraqla dinləyir, ondan həzz alırlar. Ona görə də toy salonlarında dilimizi yaxşı bilən, onun
ifadə vasitələrindən məqamına görə istifadə etməyi bacaran natiqlər çıxış etməlidirlər.
Məişət nitqinin digər forması hüzn mərasimlərində söylənilən vida nitqidir. Bu nitq həcmcə
qısa və yığcam olur, çox vaxt almır. Monoton ifadə tərzi bu nitqin əsas əlamətidir.
Hal-hazırda yas mərasimlərində ictimaiyyətin bütün təbəqələrindən olan adamlar iştirak
edirlər. Belə məclisləri aparanlar (bunlar daha çox din xadimləri olurlar) söhbət açdıqları
mövzular, ifadə tərzi, şərh üsulu, nitq və s. ilə adamları cəlb etməyi bacarmalıdırlar.
|