Naxçıvan: uydurmalar və tarixi həqiqətlər I ABŞ-ın San-Fransisko şəhərində rusca çıxan «Russkaya jizn» qəzeti 1987-ci il
noyabrın 10-da ABŞ erməniləri E. Kokosyan və L. Dunamalyanın «Naxçıvan
uğrunda hərəkatın mahiyyəti» məqaləsini dərc edir. San-Fransisko televiziyasının
«Rus xəbərləri» redaksiyasının direktoru həmyerlimiz Səlim Xatibzadə o
zamandan saxladığı həmin məqaləni 1993-cü ilin əvvələrində Los-Ancelos
şəhərindəki Azərbaycan cəmiyyətinə verir (S. Xatibzadə Azərbaycanın ilk
kinematoqrafçılarından olan Mirseyfəddin Girmanşahlının nəvəsidir. «Orera»
ansamblında işləyib, Vaqif Mustafazadə və Vaxtanq Kikabidze ilə birlikdə
Moskvada Kreml sarayında konsert təşkilində iştirak edib. 70-ci illərin
əvvəllərindən ABŞ-da yaşayır).
Los-Ancelos Azərbaycan cəmiyyətindən Şiraz Məmmədov məqaləni Bakıya
«Zerkalo» qəzetinə göndərir. Həmin məqalə Ş. Məmmədovun ön və son sözlərilə
1993-cü ilin əvvəlində «Zerkalo» da işıq üzü görür.
Beləliklə S, Xatibzadə, Ş.Məmmədov və «Zerkalo» qəzetinin sayəsində
erməni diasporunun Naxçıvan barəsində fitnə-fəsadlarından, geniş miqyaslı
təxribatlarından xəbər tutduq.
Mən o zaman «Naxçıvan uğrunda hərəkatın mahiyyəti» məqaləsinə «Xalq
qəzeti»ndə (23 mart 1993) «Növbəti hədəf: Naxçıvan» yazımla münasibət
bildirdim. Sonra «Naxçıvan» (aprel-may 1993) və «Respublika» qəzetlərində (25,
27, 30 aprel, 2 may 1997) məqalələrim çap edildi.
O vaxtlardan keçən müddət ərzində ermənilər Naxçıvan barəsində yeni
yalanlar uydurublar. Ona görə də həmin mövzuya yenidən müraciət etməyi lazım
bildim.
1926-cı ildə Cəlil Məmmədquluzadə «qatıq qaradır» deyənləri «dünyanın
şeytənət ustadları», «yerin-göyün provakasiya fazilləri», «dünyada fəsadatda vahid
yaranmışlar» adlandırmışdır. Bu qiymət heç bir qeyd-şərtsiz milli tariximizə, o
cümlədən Naxçıvan tarixinə qara yaxan erməni rəsmilərinə və müəlliflərinə,
onların moskvalı züytutanlarına aid edilə bilər.