Susma, ürək…
187
YUXUMA GİRMƏ
Mən daha yatmıram o arzularla,
Ey canan dediyim, yuxuma girmə.
O dünyam, bu dünyam bəxtim, iqbalım,
Din-iman dediyim, yuxuma girmə.
Ey bahar ətirli çiçək bildiyim,
Tər-qönçə bildiyim, ləçək bildiyim,
Qəlbimə, könlümə göyçək bildiyim,
Pir-loğman dediyim, yuxuma girmə.
Yadların əlinə verdin qılıncı,
Məni də özüntək etdin zarıncı.
Yuxulayıb dəyişdirmə balıncı,
Canda can dediyim, yuxuma girmə.
Gözündə kiçildi günəş varlığı,
Sevdin yarasatək hey qaranlığı.
İtirdin istəyi, mehribanlığı,
Ey güman dediyim, yuxuma girmə.
Şiruyəyəm, qasırğa var, tufan var,
Bizim aramızda bir okean var,
Elə sanma görüşməyə güman var,
Şah-Xaqan dediyim, yuxuma girmə.
|